Qonaq Kitabı
II Hissə

– İstiqlalı olmayan bir xalqın, demək olar, heç nəyi yoxdur! İran xalqı ultimatumu rədd etməklə öz dövlətinə tapşırır ki, 1907-ci il rus və ingilis arasında bağlanan əhdnamənin ləğv olunduğunu bütün dünyaya elan etsin. Özlərini başqa xalqın dostu kimi göstərən ingilislər on ildən çoxdur ki, bu lənətə gəlmiş əhdnamə vasitəsilə İran xalqını bədbəxt ediblər. Məhv olsun xaricilərin qulu olan hökumət başçıları!

Mitinq qurtardı.

Tehran azadxahlarından Ağayi Mötəmittüccar Xiyabaniyə təklif etdi ki, bu gecəni öz evinə getməyib, onlarda qalsın. Xiyabani gülümsədi:

– Məni tutmaq onlara o zaman lazım idi ki, bu mitinq olmayaydı. Mitinq təşkil olundu. Biz də öz vəzifəmizə əməl edib camaata çatdırmalı sözlərimizi dedik. Onlar bizi tutsalar, özlərini daha artıq rüsvay etmiş olarlar. 

16.

Məclis və mitinqdəki çıxışından sonra Xiyabani Tehranda qala bilməzdi. O, müvəqqəti də olsa, müqəddəs ziyarətgahlar olan şəhərlərin birinə köçməli idi ki, hökumət əli ilə yaxalanmasın. Iran şəhərlərindən ikisi: Məşhəd və Qum bu şəraitə uyğun idi. Buna görə də dostları onu bir neçə mücahidin mühafizəsi altında Məşhədə yola saldı. Bu zaman Azərbaycanda vəziyyət daha da mürəkkəbləşmişdi. – Çar generalları Azərbaycan azadxahlarına divan tuturdu.

Məşrutəçilərin qanına susayan Hacı Səmədxanlar hər yana soxulub fədai, mücahid və azadxah axtarırdılar. Dostları Xiyabani üçün Məşhədə ziyarətə gələn zəvvarlarla tez-tez məktub göndərib hələlik Təbrizə qayıtmamasını məsləhət görürdülər. Məşhəddə yaşadığı müddətdə onu daim qızıl günbəzli müqəddəs məzarın kitabxanasında görmək olardı...

Bir gün axşam evə qayıdarkən bir təbrizli ona yanaşıb məktub uzatdı:

– Bunu Hacı Məhəmməd ağa verib ki, sizə çatdırım.

Xiyabani az da olsa, Təbriz hadisələrini ondan öyrənə bildi. Sonra Hacı Məhəmmədağa Gənceyinin məktubunu açıb oxudu: Məktubda çar generallarının əlində kəskin alətə çevrilən və azadxahlara min cür işgəncələr verən Hacı Səmədxanın bir ay əvvəl xəstələnib, öz ağaları tərəfindən Kislovodskiyə göndərildiyi bildirilirdi. Sonra yazılmışdı: “...Onun yerinə gələn şahzadə Imamqulu Mirzə (bir ayağı bu dünyada, bir ayağı o dünyada olan bu qoca) həbsdə olan mücahidləri zəmanətlə buraxır. O sənin haqqında da təminat veribdir. Indi Bakı – Tiflis – Culfa yolu ilə Təbrizə qayıtmaq olar. Bakı və Tiflisdə olan dostlara bizdən də salam yetirərsən. Qoy hamı qayıtsın. Məktub gətirən öz adamlarımızdandır. Onunla cavab yaza bilərsən”.

Məktubu oxuduqdan sonra bir müddət gözlərini yerə zilləyib fikrə getdi.

Bir anlığa olsa da o, Tehranı, məclisi, oradakı vəkilləri, apardığı mübarizəni, ultimatum haqqında çıxışından sonrakı mitinqi, hökumətin onu tutmaq üçün verdiyi əmri, azadxah yoldaşlarının israrı və məsləhəti əsasında ailəsini də götürüb Tehrandan qaçdığı günləri, yollarda çəkdiyi əzab-əziyyət xəyalında canlandı.

– Sən gələndə Təbrizin valisi kim idi?

– Şahzadə Imamqulu Mirzə.

– Bəs nə əcəb o vaxtlar sənə dəyib-dolaşan olmayıb?

– Mən şəhərdə deyildim. Rus Culfasına qaçmışdım.

– Orada nə iş görürdün?

– Çayçı dükanı açmışdım. Tez-tez Məhəmmədağa Şahtaxtılı, Məmməd Səid Ordubadi və komisyonçu Məşədi Əli Nuru ilə görüşürdük.

– Sən necə məsləhət görürsən, Təbrizə qayıdım?

– Əlbəttə ki, yavaş-yavaş toplaşmaq lazımdır. Sizin kimilərin orada olması çox vacibdir.

– Sən nə vaxt qayıdırsan?

– Sabah inşallah!

– Ağayi Gənceyiyə və Badamçıya deyərsən ki, bir neçə gündən sonra Dağıstana gedəcəyəm. Oradan da Təbrizə qayıdacağam.

– Dağıstana niyə, ağa Şeyx? – deyə qasid təəccüblə soruşdu.

Qardaşım və əmim orada olur. Uşaqlarım hələ indiyə kimi əmilərini görməyiblər.

Burada yadına mərhum anası düşdü. Axı o da oğlu Hüseyni görməyə can atırdı, ancaq ona bu görüş qismət olmadı...

17.

Şeyxin Aşqabada gələcəyi oradakı iranlılara teleqrafla xəbər verilmişdi. Aşqabad vağzalı xeyli pişvazçı ilə dolmuşdu.

Günəş təzəcə çıxmışdı ki, Şeyxlə səfər yoldaşları Aşqabada çatdı. Görüş çox səmimi oldu. Hamı Şeyxi evinə aparmaq istəyirdi.

Xiyabani Aşqabadda qaldığı iki gündə az da olsa, türkmən qardaşlarının həyatı ilə tanış oldu. Sonra Bakıya getmək məqsədilə Krasnovodskiyə gəldi. Burada da iki gün qaldıqdan sonra Bakıya yola düşdü.

Bakıda daha məhəbbətlə qarşılandı.

Oradan Petrovskiyə (Mahaçqalaya) getdi. Iki aya yaxın qardaşı və əmisigildə qaldı. O, bir an da olsun mütaliədən ayrılmır, Təbrizlə məktublaşmanı dayandırmırdı...

Xiyabaninin böyük qardaşı Hüseyn bir neçə gün idi ki, Pyatiqorskiyə getmişdi. Bu gün o, Mahaçqalaya qayıdacaqdı. Xiyabani onu vağzalda gözləyirdi. Nəhayət, fit səsi eşidildi. Hamı perrona çıxdı. Nəzərlər lokomotivin səsi gələn tərəfə çevrildi. Bir az sonra qatar gəlib dayandı. İki qardaş qucaqlaşıb öpüşəndə Hüseyn Xiyabaninin qulağına dedi:

– Məhəmməd, sənə xoş bir xəbər deyəcəyəm. Ancaq qulaq as, yadıma bir rəvayət düşdü. Deyir: Fil xəstələnmişdi, özü öz ayağı ilə gora getdi. Məşrutənin qatı düşməni, azadxahları buzda donduran, onlara min cür əzab verməkdən zövq alan çar Rusiyasının Irandakı nümayəndəsi marağalı Hacı Səməd xan xəstələnib müalicə üçün Kislovodskiyə göndərilmişdi. Demə, bu hərzə köpək “Narzan” mehmanxanasında olanda da ona-buna hürürmüş. Deyirlər ki, Minvodda Mariya adlı bir gözəl xörəkpaylayanla eşqbazlıq edirmiş.

Bir gün Hacı Səməd xan Mariyanın işlədiyi “Gürzal” restoranına gəlir. Stolların birində oturur. Nökəri Xanzada da ondan beş-altı masa kənarda əyləşir.

Elə bu vaxt restorana iki gənc daxil olur, keçib nökərə yaxın masada əyləşirlər. Başlarındakı dəri papaqdan, əyinlərindəki çərkəzi libas, gümüş vəznə, gümüş kəmər və gümüş qəmələrindən tiflisli, yaxud bakılı olduqları bilinən bu cavanlar bir şüşə limonad, iki pors dondurma istəyirlər. Onlardan biri Mariyadan soruşur:

– Bu sallaqbığ kişi kimdir?

– Deyəsən iranlıdır, – deyə Mariya uzaqlaşır. Onda həmin adamlar nökərdən soruşurlar ki, bəlkə siz tanıyırsınız, bu bığıbəy kimdir?

Nökər deyir:

– Bu, şücaidövlə Hacı Səməd xan Marağalıdır...

Ucaboy, çatmaqaşlı oğlan yoldaşına deyir:

– Bu oğraşı göydə axtarırdıq, yerdə əlimizə düşüb! – Təkrarən nökərə deyirlər. – Iran camaatını asıb-kəsən qurumsaq budurmu?

Nökər onlara acıqlanır:

– Niyə başınızdan yekə danışırsınız, yoxsa ölümünüz çatıb?

– Paho, qarışqaya qəhmər çıxdı, onun da bir qıçı yox! – deyə gənclər durub gülə-gülə küçəyə çıxırlar.

Onlar Kislovodskiyə qayıdırlar. Nökər restoranda gördüyü adamları burada da görəndə lap zəhri yarılır. Mehmanxanada əhvalatı Hacı Səməd xana danışır.

Elə birinci gecədən Hacı Səməd xanın halı xarablaşır. Ümumiyyətlə, zalım adamlar həddindən artıq qorxaq olurlar. Nə qədər ki, iş başındadırlar, özlərini şücaətli bir aslan kimi göstərirlər. Elə ki, işdən götürülürlər, dərhal batinləri üzə çıxır, dovşan kimi qorxaq olduqları məlum olur. Bizim xan da belərindən idi. Ömrü boyu gördüyü vəhşiyanə işlər bir kino lenti kimi gözlərinin qarşısından keçdikcə özü də öz günahlarını bağışlaya bilmirdi. Əhvalı getdikcə xarablaşmağa başlasa da, özünü o yerə qoymayıb, polisə xəbər vermədi.

Gecəyarıdan keçmişdi ki, qışqırıb yuxudan oyandı. Gördüyü yuxu doğrudan da çox dəhşətli idi. Göz işlədikcə uzanan qumlaq bir düzəngahda tək-tənha dayanıb kimisə, nəyisə gözləyirdi. Əlində tutduğu tiyə qılıncın ucunu çəkməsinin üstünə qoymuşdu. Kürəyinə atdığı qalxan birdən-birə ağırlaşdı. Başını arxaya döndərəndə sifəti belinə dolanan dirək yoğunluğunda ilanın atəş püskürən açıq ağzına dəydi. Bütün gücü ilə qışqırdı...

Yan otaqda yatan nökəri bu qışqırtıya ayılıb, dərhal ağasının yanına qaçdı. Bu vaxt mehmanxana qulluqçusu da özünü yetirdi.

Hacı Səməd xan qalxıb təxtixabda otursa da, hələ də özünə gəlməmişdi. Ancaq “həkim, həkim!” deyə özünü toxdatmağa çalışırdı. Nökəri görən kimi həyəcanla danışmağa başladı:

– Yaman dəhşətli yuxu görürdüm. Min canım olsa biri buradan salamat qurtarmaz. Tez həkim dalınca qaç. Yoxsa sabahı görə bilməyəcəyəm.

– Qurban, axı onlardan qorxuram.

– Nədən qorxursan, köpək oğlu? Səni yeməyəcəklər ki, onların işi mənimlədir.

– Qurban, tək səninlə deyil, məni də hədələyirdilər. Burası var ki, mən qorxaq deyiləm. Sizi tək qoyub getmək istəmirəm. Mehmanxana işçilərindən birini həkim dalınca göndərərəm.

Nökərinin bu hərəkəti Hacı Səməd xana daha pis təsir elədi. Ağız-burnunu büzüşdürürdü.

– Yaxşı, yaxşı, qorxaq oğlu qorxaq, get göndər.

Mehmanxananın dəftərxanası birinci mərtəbədə idi. Nökər mehmanxana müdirinə müraciət edib, həkimin dalınca adam göndərməsini xahiş edib qayıdanda

həmin iki nəfərə pillələrdə rast gəldi. Onlar tələsə-tələsə yuxarıdan düşürdülər. Nökərə bir söz deməsələr də, onun rəngi ağardı, bədəninə qorxu çökdü, özünü itirdi. Alnını soyuq tər basdı: “yəqin ki, yazıq qocanın işini bitiriblər” – deyə öz-özünə düşündü. Tələsik pillələri qalxdı.

O, ağasının otağında dəhşətli bir mənzərə ilə qarşılaşdı: xan arxası üstə düşmüş, boynu əyilmiş, açıq gözləri ölü qoyun gözləri kimi bozarmışdı. Ağzından axan qan balıncı qızartmışdı.

Nökər zəngi basdı. Çox çəkmədi ki, otaq adamla doldu. Polis işə qarışdı. Xanın otağında tapılan bir kiçik kağızda təkcə bu söz yazılmışdı: “İntiqam!”

Etibarı ləkələnməsin deyə polis bu kağızı üzə çıxarmadı. Xanın ürək xəstəliyindən vəfat etdiyi qeydə alındı. Həkim tərəfindən qanuni dəfninə icazə verildi.

O vaxt Kislovodskidə çoxlu iranlı, bakılı və tiflisli dükançı vardı. Lakin xanı dəfn etmək üçün şəhərdə bir adam tapılmadı. Onun meyidi üç gün yerdə qaldı. Nəhayət, iylənmiş cəsədi dörd hambal və bir qaradovoy gəlib mehmanxanadan apardı.

18.

Rus Culfası vağzalında Xiyabanini təkcə Məhəmməd ağa Şahtaxtılı qarşıladı. Nə Məmməd Səid Ordubadi vardı, nə də Əli Nuri – hər ikisini tutub Saritsinə sürgün etmişdilər.

Nəhayət, Xiyabani Iran Culfasından dəmir yolu ilə Təbrizə tərəf hərəkət etdi.

Evlərində dostlarının məsləhəti ilə bir qutu Rusiya konfeti götürərək, Şahzadə Imamqulu Mirzənin görüşünə getdi. O da Şeyxi hörmətlə qarşılayıb yenə də öz işini (müdərrisliyini) davam etdirməyi ona məsləhət bildi.

 



[1] Ey Allahın dostu, peyğəmbərlərin axırıncısına rəhmət olsun.

[2] İndiki Leninqrad şəhəri

[3] Şəriətə görə intihar edən adamlar hər iki dünyada peşmandırlar (Red.)

[4] Səttar xanın böyük qardaşı (redaktorun qeydi)

[5] Şahın köməkçisi (qəyyumu)



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info