Qonaq Kitabı
II Hissə

– Bir söz demədi?

– Qızı təriflədi. Dedi ki, paho, bu kimindir? Necə də qəşəng uşaqdır...

– Deyinən evim yıxılıb də!.. Bəs dili qurumuş maşallah-zad demədi?

Hampo gördü ki, əgər desə ki, maşallah demədi, öz işi pis olacaq.

– Deyəsən dedi. Usta da tapşırdı ki, apar Siranuş bacın bir üzərrik yandırsın, inşallah bir şey olmaz. O, qızı tərifləyəndə mən o saat tumanının ağından bərk-bərk burdum..

– Yaxşı, yaxşı, axmaqlama, kəs səsini! – Siranuş uşağı alıb tez mətbəxə apardı. Bir azdan üzərriyin tüstüsü nəfəs borusuna dolan uşaq bərkdən öskürməyə başlayanda Siranuş öz-özünə deyindi:

– Yaxşı evimi yıxdı bu maymaq, evimi,.. Balacığazım ikicə dəqiqənin bəlasına gəldi. Bura bax, uşağın gözləri gör necə yaşardı, gözün çıxsın sənin! Görüm gözünə şiş batsın, ay Hüseynqulu!

Boğazı tüstüdən acıyan uşaq ağlayıb-öskürəndən sonra bir-iki dəfə də asqırdı.

– Siranuş, ay Siranuş!..

– Zəhrimar Siranuş! Bir bura gəl...

Bu çağırışın xeyir olmadığını duyan Arakelin qolları sustaldı. Çəkici qabağındakı qarğaburun zindana söykəyib, alnının tərini silərək, yerindən qalxdı. Gözucu bu hadisəni seyr edən Hamponun da əli əsdi. Öz-özünü danladı: “Bütün təqsirlər məndədir. Ay Allah, sən hər şeyə qadirsən. Bu səfər uşağa gələn dərd-bəla

qoy mənim bu canıma gəlsin!”

Arakel hövlnak içəri girdi:

– Yenə nə var, nə olub?

– Uşağın halı yaxşı deyil. Gədə gətirəndən öskürür, ağlayır, hıçqırır, gözünün suyunu axıdır.

– Kefi yaxşıdır, gülür bu ki!..

Atasını görən uşaq gülür, özünü onun qucağına atmaq istəyirdi.

– Sən ona baxma, indi üzərrik salanda görəydin, bağrın çatlardı.

– Yaxşı, indi mən nə etməliyəm?

– Heç nə,o gicə de, hərdənbir həyətə də baxsın; mən uşağı aparıram Nərgiz xalanın yanına – ağıl ağıldan ötkün olar.

Arakel “Yaxşı” deyib başını buladı.

Şəhərdə həkim yox idi. Belə hadisələr baş verəndə camaat enliqaşlılara müraciət edərdi. Maku müsəlman qadınlarının enliqaşlısı Kəblə Zəhra, erməni qadınlarınınkı Nərgiz qarı idi. Siranuş gələndə Nərgiz həyətdə qazan qurub, araq çəkirdi.

– Bərəkətli olsun, Nərgiz xala!

– Bıy, xoş gəldin, bala, Allah səni Nərgiz xalan üçün yetirib. Qazanın suyunu dəyişdirəcəkdim, təkəm. – Uşağa tərəf baxdı. – Mənim nəvəmin kefi necədir? Ağız, bu uşağa nə olub? Mənim gözümə birtəhər gəlir!

Siranuş bir söz danışmadan uşağı yerə qoyub, ocağın yanından boş satılnan böyrü üstə uzadılmış kuzəni götürüb həyət qapısına tərəf getmək istəyəndə uşaq onun dalınca ağladı.

– Ay qız, səndən söz soruşdum, axı? Bu uşaq bizə gələndə yerdə-göydə durmazdı, indi nə olub ona?

Siranuş qazanın suyunu dəyişdirəndən sonra Hüseynqulu bəyin qızı nəzərlədiyini danışdı. O danışdıqca Nərgiz də başı ilə təsdiq edirdi. Siranuş sözünü qurtarıb, məsləhətə gəldiyini bildirəndə Nərgiz dedi:

– Burada bir elə qorxulu iş yoxdur. Bu cür işlərin çarəsi təsəddüqdür. İlin də əsil vaxtıdır. Bir oğlaq Arakelə heç nə eləməz. Gələn bazar camaat Qozluya gedəcək, bir oğlaq apar, Qozluda yeddi kərə uşaqın başına dolandır, sonra kəs, bir az özünüz yeyin, qalanını da paylayın.

Həmin günün səhəri Arakel bir oğlaq alıb, çardağın altında dirəyə bağladı.

Hampo oturub nal döyür, bəzən də dayanıb oğlağın dartınıb mələməsinə baxır, bu işlərin hamısında özünü günahkar görürdü. “Bəxtim olsaydı, mənim də atam-anam qalardı; yetimliklə böyüməz, Siranuş bacının da bu ağır sözlərini eşitməzdim. Məni də əlində qızılquş, yanında tula, şikara gedən xanların birinin, elə lap kasıbının, o Əsədulla xanın oğlu eləsəydi, nə olardı?! Niyə naldöyən elədi?” Hampoya nə oldusa, tez fikrinin cilovunu çəkdi. “Keşiş deyir ki, ən yaxşı adam xaçpərəstdir. Xaçpərəstlərdən başqa qalan millətlərdən olan xanların hamısı cəhənnəmdə yanacaq. Yox, yox, canım, xan oğlu olub cəhənnəmə gedincə, beş günlük dünyanı nal döyməklə də keçirmək olar!” deyə o, oğlağın yazıq-yazıq mələməsinə baxdı. “O köpək oğlu uşağı gözə gətirməsəydi, mən də bu heyvanın qanına bais olmazdım. Allah elə əzəl gündən Hamponu dərd-bəla ilə əkiz yaradıb... Nalını döy, Allahına şükür elə. Oğlaq da nə qədər istəyir, qoy mələsin...”

– Axşamın xeyir, Arakel qonşu! – deyə Qara kişi qatırları çardağın qabağında saxladı: – Axı, bu heyvanlar qarayalındır, nə zaman gətirim?

– Bazar ertəsi, ay Qara. Ancaq mənim də sənə bir işim düşüb ha!

– Xeyir ola, ay Arakel qonşu?

– Xeyirliyə-xeyirdir. Uşaqlar bazar günü Qozluya getmək istəyirlər.

– Gözüm üstə... neçə nəfərdirlər?

– Üç nəfərik.

– Bazar günü, sabah azanı vaxtı hazır olun, oğlan qatırları gətirər, – deyən Qara xudahafizləşib getdi.

Şənbə gününün gecəsi Arakellə Siranuş və Hampo yata bilmədilər. Ən adi bir çıqqıltı onların qulağına gah qapının döyülməsi, gah mal ayağının səsi, gah da zınqırov səsi kimi gəldi.

Səhər işıqlanmamışdı ki, bu balaca məhəllədo böyük bir hərəkət başlandı. At kişnəməsi, ulaq anqırtısı, adamların səsi bir-birinə qarışdı. Qaranın oğlu da dörd qatırla Arakelin qapısında dayanmışdı. Siranuşun axşamdan hazırladığı iki çuval qab-qaşıq, samovar, kilim və sairə bir-birinə çatılıb hazır qoyulmuşdu.

Arakel çox zəhmətdən, dava-dalaşdan sonra Siranuşu ilk dəfə qatıra mindirə bildi.

Yuxudan yarımçıq duran uşaq Hamponun qucağında bar-bar bağırırdı. Arakel özü yük çatılan qatıra minib, uşağı da qucağına aldı. Hampo ayağını aşırmaya bənd edib, palanın üstünə sıçramaq istəyirdi ki, Arakelin səsi gəldi:

– Siranuş, o şüşəni götürdün, ya qaldı taxçada?

– Onu sən götürməliydin ki, – deyə arvad sağ əli ilə bərk-bərk palandan yapışaraq, cibindən çıxardığı bir açarı Hampoya tərəf uzatdı. – Ala, qaç, taxçadakı şüşəni gətir.

Hampo həyətə qayıdaraq otağa tərəf qaçdı. Qaranlıqda çox zəhmətlə qapını açandan sonra bilmədi ki, hansı taxçadan, hansı şüşəni götürüb aparmalıdır. Taxçaların hamısında qutu da vardı, şüşə də.

Kefi gələndən-gələnə sulu qəlyan çəkən Arakelin qəlyan şüşəsini götürüb öz-özünə: “Kişidə ruh var, orada qəlyan çəkməyin ayrı ləzzəti var!” – deyə otağı bağladı, qaçıb özünü mallara çatdırdı.

– Usta, buyurun, bu da şüşə! – deyəndə Arakel özündən çıxdı:

– Ay axmaq, məgər mən bu şüşəni istəyirdim?! Axşam Nərgiz xalagildən aldığın şüşəni götür, gəl!

Bu dəfə Hampo araq şüşəsini götürüb gələndə öz-özünə deyirdi: “Hərif oğlağın sac qovurmasını araqsız yemək istəmir!”

Qozluda yaşlı qoz ağaclarının qalın kölgəsində insana ruh verən bir sərinlik vardı. Baş başa çatıb budaqları bir-birinə geyişmiş ağacların dibindən axan sərin bulaqların suyu büllurdan saf, buzdan soyuq idi...

Hamponun kələfçəsi burada çox yaman qarışdı. Onsuz da Arakelin köçü bir az yubanmışdı. Onlar yetişən zaman o birilər yerlərin yaxşısını tutub, qurbanlarını kəsmiş, samovarlar pıq-pıq pıqqıldayırdı. Yuxarıda, lap bulağın gözündə Setonun kamançası yaralı maral kimi inildəyirdi. Onlardan bir az bu tərəfdə Bəzzaz Saqqulunun dörd oğlunun kəsdiyi qoçun əti paylanırdı. Aram tar çalır, Kor Hüseyn Qarabağ şikəstəsi oxuyurdu:

“Gedən getmə, dayan, dur,

Sözüm sənə bəyandır.

Gəlişinə mən qurban,

Gedişin nə yamandır!”

 

Səs elə məlahətli idi ki, gedib-gələni əyləndirir, “əhsən”, “afərin” deməyə məcbur edirdi. Kababın tüstüsü xoş qoxulu bir duman kimi Qozluya yayılmışdı.

Çoxdan at-qatır minməyən Arakellə Hamponun ayaqları keyimişdi. Qatırçı oğlu qabağa düşüb oğlağın əl-ayağını açdı. Yol gələn heyvan ayaq üstə dura bilmədi.

– Niyə dayandın, götür qurbanı kəs də! – Arakel Hampoya göstəriş verdi: Hampo gözlərini döydü. – Gözəlağa çox gözəl idi, vurdu çiçək də çıxartdı. Gədə, çox düz-əməlli idin, qatıra minmək səni daha da maymaqlaşdırdı. Sənə demirəm, qurbanı kəs!

– Mən?

– Yox, bəs mən?

– Niyə, onu məgər mən yaratmışam ki, öldürüm?!

Siranuş qaşlarını dartdı:

– Axmaqlama, sənə dedilər dur kəs, dur kəs!

– Birdən ikiyə bir adam mənim heyvan kəsdiyimi görüb? Başımı da kəssələr, mən baş kəsmərəm.

Siranuş lap hirsləndi:

– Onda heç ətindən də yeməyəcəksən!

– Nə vaxt yesəm, onda deyinərsiniz...

Həyatında bu, ilk dəfə idi ki, Hampo Arakellə Siranuşun buyruğuna əməl etmirdi.

Onlar bu mübahisədə ikən Karo öz dəstəsindən ayrılıb, Arakelgilə tərəf gəldi. Əlində iki boşqab tutmuşdu. Birində beş balaca stəkan araq, o birində isə bir şiş kabab vardı. Kabab soyumasın deyə, lavaşa bükmüşdülər.

– Buyurun, bunları içək, Arakelcan, sənin, sənin ailənin və o balaca Şuşanikin sağlığına – deyə Karo dodaqlarını marçıldatdı.

– Çox sağ ol, Karocan! Dostluqdan əskik olmayasan.

Araqları içdilər. Stəkanların ikisi dolu qaldı. Nə Siranuş, nə də qatırçının oğlu içmədi. Ömründə ikinci kərə araq içən Hampo ağzını uzun müddət bürüşdürdü, yerə tüpürdü. Karonun təkidi ilə kabablardan da birini yedi: “Bu lap zəhərmarmış ki! Bunu niyə içirlər? Hayıf deyil şərab!” Karo qalan iki stəkanın birini Arakelə, o birini zorla Hampoya verdi.

– Bunu da için mənim sağlığıma:

Arakel stəkanı qaldırdı.

– Bunu Karonun özünün və ailəsinin sağlığına! – deyib arağı başına çəkdi, Hampoya işarə elədi ki, o da içsin.

Siranuş çuvaldakı şeyləri çıxarıb, yerbəyer eləyirdi.

– Bir dənə də Nərgiz xalanın arağından içək, görək o nə cürdür? – Arakel gedib dünən axşam Nərgiz qarıdan aldıqları arağı gətirdi. Adama bir dənə özləri üçün, yarım stəkan da Hampo üçün tökdü.

Qatırçının oğlu qatırlarının palanını alıb, ota buraxdı. Əl-ayağının keyi açılan oğlaq da xoşuna gələn otları xırpaxırpla yeməyə başladı.

– Ay Karo, sən Allah, bu oğlağı sən kəs – deyən Arakel oğlağı yerində görmədi. – Adə, bəs bu çər dəymiş necə oldu, ay gic? – Bu dəfə Hamponu silkələdi.

Kimsə yuxarıdan qışqırdı:

– Oğlaq budur ey, reyhan axtarır.

Bu sözə çox adam güldü.

– Vay səni, deyirlər, keçi şeytan olur, doğru imiş!

Hampo oğlağı tutmaq üçün yüyürdü. Arağın istisi təzə-təzə canına yayılan Hampo tövşüyür, oğlağa çata bilmirdi. Cəllad əlindən qaçan bir məhbus kimi canını Hamponun əlindən qurtarmaq istəyən heyvan bütün gücü ilə qaçırdı. Hampo çox yüyürdü. Axır ki, onu tutdu. Acığından oğlağın qarnına bir-iki dürtmə vurdu. O vurduqca oğlaq: “Məəə-məəə” eləyib fəryad çəkirdi. Hampo heyvanın dal ayaqlarından yapışıb sürüyə-sürüyə gətirmək istədi. Lakin ayaqlarını yerə dirəyib, müqavimət göstərən heyvanı bu cür aparmaq asan deyildi. Hampo onu boynuna almalı oldu.

İki stəkan araq, bir qarışqanı incitmək istəməyən, ümumən quzu xasiyyətli Hamponu lap vəhşiyə döndərmişdi. O, heyvanı elə bərkdən yerə vurdu ki, Arakel özünü saxlaya bilmədi:

– Adə, bir insafın olsun!.. Adam da heyvanın başına bu oyunu gətirər?!

Bir az bundan qabaq heyvanın başını kəsməkdən boyun qaçıran Hampo indi buna könüllü surətdə hazır olduğunu bildirdi. Oğlağın qulağından yapışıb əvvəlcə Şuşanikin dövrəsinə yeddi kərə dolandırdı, sonra da yerə yıxıb başını kəsdi.

Xoş saatlar, fərəhli dəqiqələr zahirən ziyarətə, əslində isə ziyafətə gələnlər üçün bu gün ən qısa günlərdən biri oldu. Dərəni bürüyən qalın kölgə get-gedə genişləndi, günəş öz sarı saçaqlarını yığışdırıb getməyə tələsəndə köçhaköç başlandı. On beş dəqiqə çəkmədi ki, ziyarətçilər şəhərə doğru yollandılar. Bayaqkı səs-küy yatdı. Dərə boşaldı. Qoz ağaclarının altı ilə axan çeşmələrin zümzüməsindən və yaxın kəndlərdən gələn itlərin səsindən başqa bir şey eşidilmirdi. Səhərki ayıq başlar dumanlanmış, altmış-yetmiş dərəcə Maku arağı həya, hörməti itirmişdi. Hər ağızdan bir avaz çıxırdı.

Qızı qucağına alıb, qatırın üstündə güclə duran Arakel qışqırdı:

– Ay gədə, hardasan?!

Zökəm tutmuş kimi burnunda danışan Hampo cavab verdi:

– Burdayam, usta can! Nə buyurursunuz?

– O “Sarı gəlin”i bir də oxu! – deyə Arakel özü mızıldamağa başladı:

“Qoy anan ölsün, Sarı gəlin,

Öldüm aman...”

 

Hampo da sulu qəlyan kimi quruldayan səsini onun səsinə qatdı:

“Qoy nənən ölsün, Sarı gəlin, Sarı gəlin...”

O tərəfdən Arşaqın səsi gəldi:

– Sağ ol, ay Arakel...

6.

Bu gün səhərdən evdə kim nə eləyirdi, Siranuşun kefi açılmırdı. Elə bil o, fəna bir hadisə baş verəcəyini duymuşdu. Ürəyi çox tutqundu. Nə oğlağı qızın başına dolandıranda, nə qurban kəsiləndə, nə onun qanına barmağını batırıb qızın alnına vuranda, nə nahar yeyəndə, nə Seto keflənib kamançasını dilə gətirəndə, nə qadınlar yallı gedəndə, nə də Karo ilə Saqonun böyük oğlu Stepan savaşanda ürəyi açılmırdı ki, açılmırdı.

Qatırçının oğlu əvvəlcə Siranuşu düşürdü. Arakelə kömək etmək istəyəndə dəmirçi öyündü:

– Mən özüm düşərəm, mənə kömək lazım deyil!

– Uşağı mənə ver, sonra düş, – deyə Siranuş Arakelin yanına gəlmək istəyəndə qatır dalını ona tərəf çevirdi. Məst olmasına baxmayaraq, hələ səhər ocağa gedəndə qatırçıoğlunun xəbərdarlığı yadına düşdü:

– Gəlmə, gəlmə, qatır vurağandır! – deyə Arakel Siranuşu qatırın şallağından qurtardı. Amma özü düşəndə nə cür oldusa, uşağı qucağından yerə saldı. Uşaq bərkdən qışqırdı. Yaxşı ki, yer yumşaq idi, qız əzilməmişdi. Siranuş yenə qarğışa başladı:

– Gözünə şiş batsın, ay bədnəzər! – deyib uşağı qucağına götürdü.

Səhəri Siranuş uşağı Nərgiz qarının yanına apardı.

Nərgiz qarı həyətdəki yekə taxtın üstünə saldığı qalın, enli yun döşəyin üstündə bardaş qurub oturmuşdu. Kəblə Zəhranın ona bağışladığı həsir yelpiklə özünü yelləyirdi. Taxtın dörd tərəfi sulanıb süpürülmüşdü. Qapının açılması qarının nəzərini cəlb etdi. Siranuşu görən kimi:

– Nəzirin qəbul olsun, qızım, gəl otur, – deyib ona yanında yer göstərdi.

– Ay Nərgiz xala, bu uşaq dərd-bəladan göz açmır axı!

– Yenə nə olub ona?

Siranuş əhvalatı olduğu kimi danışdı. O danışdıqca Nərgiz də başını bulayırdı.

– Get, mənə dua elə. Bu günkü nəzir olmasaydı, qatırdan yıxılan uşağın beyni burnundan gələrdi. Qaldı ki, onun qusması, bu yıxılmaqdan deyil. Yəqin bu gün uşağı sahibsiz buraxıbsan. Burnunda çöp qalıb.

Siranuş fikrə getdi: “Nə bilici arvaddır. Lap qeybdən xəbər verir. Axı, mən uşağı orda oturtmuşdum otların içində”

– Bəs indi mən nə etməliyəm, hə?

– Heç nə, indi püflərəm, gedər.

Uşaq Nərgizin qap-qara sifətindən qorxub, ona yaxınlaşmırdı. Siranuş bir əlilə Şuşanikin əllərini, o biri əli ilə közlərini tutmuşdu. Nərgiz uşağın balaca burnunu bütün gücü ilə püfləyirdi.

Evə gələndən sonra Nərgizin qorxusundanmı, bihallıqdanmı, nədənsə uşaq bir neçə saat dincəldi. Bu, Siranuşu sevindirdi.

Xoruzlar səs-səsə verib banlayır, ulduzlar bir-birinin dalınca gözdən itir, bir rəsədxana kimi kainatı öz üstünə toplayan Maku dərəsi yavaş-yavaş işıqlanırdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info