Qonaq Kitabı
II Hissə

Dostlar çaylarını içib durdular. Günəş batmaq üzrə idi. Hələ qaranlıq düşməmişdi. Onlar Xiyaban bazarçasından keçəndə dükançılar çıraq yandırıb alver edirdilər. Şərifzadə dostlarından qabaqda gedirdi. Onlar küçə hamamının yanına təzəcə çatmışdılar ki, iki güllə atıldı. Güllənin açılmasıyla Şərifzadənin: “Namərdlər” deyə üzüquylu yıxılmağı bir oldu. Badamçı ilə Gənceyi onu təlaşla qucaqladılar.

Xiyabani məşrutə elan olunan gündən cibində gəzdirdiyi tapançanı çıxarıb özünü hamamın tininə verdi. Bu zaman qatil hamamın arxa divarından küçəyə tullanmaq istədi. Xiyabani onu tanıdı. Bu sallaq Abbasəli idi, məhəllə qoçularından sayılırdı.

Cənazəni əncümənə gətirdilər. İki saat çəkmədi ki, Abbasəlini tutub gətirdilər.

Abbasəli etiraf etdi ki, “İslamiyyə” əncüməninin üzvü Dəbirhəzrət ona dörd yüz tümən verib, Şərifzadəni öldürməyə göndərmişdir. Abbasəlinin yoldaşlarını, Dəbirhəzrətin əlaltısını tuta bilmədilər.

O gecənin səhəri Şərifzadənin vurulduğu yerdən dar ağacı quruldu.

Boynuna ilgək keçirilmiş Abbasəlini külək bir yarpaq kimi tərpədirdi...

13.

Xiyabani qayibi mərkəzə üzv seçiləndən sonra mədrəsəni başqa bir alimə tapşırıb özü təbliğat-təşviqat işilə məşğul olmağa başladı. Qafqazdan gələn mücahidlərin yerbəyer olunması bilavasitə ona tapşırılmışdı. Gələnlər ən əvvəl Səttar xanın evinə gedir, sənədlərini təqdim edir, sonra kiçik dəstələrə bölünürdülər.

Xiyabanini təcili surətdə Səttar xanın evinə çağırdılar. O, bu gün Kərimxan məscidindəki mitinqdə çıxış etməli idi. Polad qapaqlı saatını çıxarıb baxdı. “Hələ üç saat var” – deyə tapançasını taxçadan götürüb, onu çağırmağa gələn mücahidlə yola düşdü.

Səttar xan, Bağır xan və Hacı Əzim[4] pəncərə qabağında oturub danışırdılar. İçəridə çoxlu qonaq da vardı.

Xiyabaninin otağa daxil olması ilə Səttar xanın danışması bir oldu:

– Ağaları, təzə gələnləri yerbəyer etmək lazımdır. Bu da onların siyahısı! – deyə əlindəki kağızı Xiyabaniyə uzatdı. – Bunlar İran inqilabına kömək etmək üçün Bakı və Tiflisdən gələn gənclərin bir dəstəsinin siyahısıdır.

Xiyabani siyahını alıb geri dönmək istəyəndə Səttar xan ona özü ilə Bağır xanın arasındakı boş yeri göstərdi:

– Yol gəlmişsiniz... Əvvəl bir stəkan çay için, sonra o işlə məşğul olarsınız.

Xiyabani oturdu. Gözünü əyləşənlərin üzərində dolandırdı. Oturanların birisinin siması ona çox tanış gəldi. Lakin onu harada gördüyünü dərhal xatırlaya bilmədi. Siyahıda qeyd olunmuş adların birinin üstündə dayandı. Həmin adı bir də oxudu, sonra bayaq diqqətini cəlb etmiş qarayanız oğlana baxmağa başladı. Xiyabaninin bu çalpapaq oğlana diqqət yetirməsi Səttar xanın və Bağır xanın nəzərindən qaçmadı. Xiyabani çayını içib qurtarana kimi bu mənalı baxışma davam etdi.

Xiyabani getmək istəyəndə qonaqlar da onunla bərabər qalxdılar. Axund qabaqda, qonaqlar da onun arxasınca gedirdi. Həyət qapısının ağzında Xiyabani dayandı. Mücahidlər də ayaq saxladılar:

– Cəlil oğlu Novruz keçsin qabağa! – deyə Xiyabani səsləndi. Hamıdan dalda gələn çalpapaq oğlan irəli keçdi. – Xiyabani bir daha ona baxdı. – Bağışlayın, sizin əsliniz xamnəli deyil?

– Bəli, xamnəliyəm.

– Cəlil əmi sağdırmı?

– Xeyr, – deyə Novruz maraqlandı. – Siz onu haradan tanıyırsınız?

– Deyəsən məni tanıya bilməmisən? – Xiyabani gülümsədi. – Yadına salım: sən uşaq olanda əlində bir toyuğu sallaya-sallaya Şeyx Dərviş ocağına gedəndə kimə rast gəlmişdin?

Xiyabaninin sözü qurtarmamışdı ki, gənc özünü onun üstünə atdı:

– Vay, sənə qurban olum, Ağa Məhəmməd!

Xiyabani də onu dönə-dönə öpdü. Novruz Xiyabaninin kim olduğunu, ona necə yaxşılıqlar etdiyini, ölümdən qurtardığını öz yoldaşlarına danışdı.

Mücahidləri yerbəyer edəndən sonra Xiyabani Novruzu da götürüb Kərimxan məscidinə gəldi. Məscid ağzına kimi adamla dolmuşdu. Novruz qapı ağzında dayanıb divara söykəndi. Xiyabani minbərə tərəf getdi. Bu vaxt Badamçı Iranın geri qalmasının səbəblərindən danışırdı. Camaat Məhəmmədəli şahın adı çəkildikcə qışqırırdı:

– Məhv olsun şahlıq!..

Badamçıdan sonra Xiyabani çıxış etdi. O, kiçik bir girişdən sonra dedi:

– Mən bayaq Sərdari-Millinin yanındaydım. Bu gecə Rastabazarı talamaq istəyən Şahsevən də Qaradağ atlılarından bir neçəsini mücahidlər tutub Sərdarın yanına gətirmişdilər. Mən onlardan soruşdum ki, axı, peyğəmbər özgələrin malına göz dikməyi haram buyurub, məgər siz müsəlman deyilsiniz ki, özgə malını talan edirsiniz? Onların cavabı bu oldu ki, Allah lənət eləsin müsəlmanların malına əl vurana!.. Neçə gün əvvəl müctəhid ağa özü buyurdu ki, Təbriz camaatı yoldan azıb, babı olubdur. Onların malı da, namusu da sizə halaldır.

Xiyabani bu kiçik xəbəri söyləyəndən sonra əlavə etdi:

– Indi mən sizdən soruşuram: siz babısınızmı?

Minbərə yaxın oturanlardan bir neçəsi qızışdı:

– Onların öz ata-babaları babıdır!..

– Bax, bizim dünənə kimi naibi-imam bildiyimiz adamlar bu fitnə-fəsadı törədiblər.

– O fitnə törədən kimdirsə, adını deyin, biz də bilək? – Birisi Xiyabaniyə müraciət etdi.

Bir başqası yerindən səsləndi:

– Hacı Mir Kərim Imam Cümədən başqa kim ola bilər?!

Dörd-beş kişi başına vura-vura, hay-küylə məscidə daxil oldu. Bütün səs-səda kəsildi. Onların ən yaşlısı qırmızı saqqallı kişi ağlaya-ağlaya irəli yeridi:

– Mənə bir dürüst baxın: yetmiş beş yaşım var. Bu gecə bilmirəm, şahsevəndir, bilmirəm qaradağlıdır, hansıdır, evimə soxulub var-yoxumu talan etdilər. Haray saldım... Səsə çıxan dedi ki, Allaha şükür elə özünü öldürməyiblər.

Məscidin aşağısında oturanlardan biri dedi:

– İndi ki, bu işləri edən Mir Kərimağadır, biz də gedib onun mülkünü odlayaq!..

Kimdisə aşağıdan qışqırdı:

– Ağa doğru buyurur, bu işlərin hamısı o köpək oğlu Nizamül-Üləmanın fitnəsidir.

Qapı qabağında duran silahlılardan üçü ona havadar çıxdı.

– Ağa doğru buyurur. Bu fitvanı verən Nizamül-Üləmadır.

Onlardan biri tüfəngini silkələdi:

– Daaş, ölməmişux ki! Bəs bunları biz it qorumaqçın götürmuşux! Bu saat o köpəyin cavabını verərux! – deyib qeyzlə məsciddən çıxanda, o birilər də onun dalısınca getdilər.

Ilk dəfə danışan dedi:

– Ay camaat, mən nizamnamə dedim. Nizamül-Üləma demədim, – o var gücü ilə bağırdı. Lakin onun sözünü yenə də Nizamül-Üləma kimi başa düşdülər. Fikrini izah etmək istəyən bu adamın son sözləri bomba kimi partladı. Sanki zəlzələ oldu və ya gözlənilməyən başqa bir fəlakət baş verdi. Adamlar bir-birinə qarışdılar. Camaatın qabağını almaq mümkün deyildi. Məsciddə bir neçə ağsaqqal, Xiyabani, Badamçı və Novruzdan başqa qalan olmadı. Xiyabani qalanlara müraciət

lə dedi:

– Biz də gedək. Meşə çaqqalsız olmaz. Kiminsə ev-eşiyini dağıdarlar, bu, məşrutə üçün böyük ləkə olar.

O, dərhal yerindən tərpəndi. Novruz onunla güclə ayaqlaşırdı. Onlar Nizamül-Üləmanın evinə çatanda dörd adam böyük bir xalını dartışdırırdı. Onlardan biri deyirdi:

– Gədə, köpək oğlu, içəridə xalı azdu. Gedin siz də özünüzçün götürün da! Elə gərək bu olsun?

– Yox, mən səndən qabaq görmüşəm, – deyə o biri çığırdı. Mənimdi ki var!..

– Ağayi Xiyabani, məşrutə budursa, bir şey deyilmiş. – Bu, evi yıxılan, dağılan Nizamül-Üləmanın səsi idi, Xiyabaniyə yalvar-yaxar edirdi. – Altımdan xalımı çəkirlər.

Xiyabani ona cavab verməzdən qabaq irəli keçib, həmin xalının üstünə çıxdı:

– Itilin buradan, əliəyrilər! Məşrutə talançılığa yol verməyəcəkdir. Novruz, qapının ağzını kəs, heç kimi buradan bir şey çıxarmağa qoyma! Artıq danışanı yerindəcə gəbərt!

Bu vaxt birisi əlində samovar göründü. Qapıdan aralanmaq istəyəndə Novruz qışqırdı:

– Adə, samovarı qaytar, yoxsa vuraram!..

– İtil cəhənnəmə! – Novruzun tüfəngi açıldı. – Vay, ayağım, – deyə o, samovarı yerə buraxdı. Bunu görəndə xalı aparmaq istəyənlərin rəngi də qorxudan ağardı.

Xiyabani bir də onlara təpindi.

– Sizə demirəm xalını qaytarın yerinə?!.

Onlar xalını buraxıb qaçdılar.

Xiyabani ilə Novruz xalını sürüyüb qapıdan içəri salanda bir adamın çuval dolusu mis qab-qacağı apardığını gördülər. O, Xiyabaninin tapşırıq və hədəsinə baxmayaraq yoluna davam etdi:

– Qaytarmıram! Niyə qaytarım, axı? Sizin də gücünüz elə kasıb-küsuba çatır! Bəs onlar niyə dükanları dağıdır? Onlar eləsin, biz durub baxaq?!

– Onlar pis adamdırlar, oğurluq, soyğunçuluq edir, biz də etməliyik?

Deyəsən Xiyabaninin sözləri onun beyninə batdı. Dayandı. Fikirləşdi. Geri qayıdıb çuvalı həyətə qoyanda hələ də evdə mal bağlamaqla məşğul olanlar vardı. Onu görüncə, talançıların əlləri soyudu, qayıtdılar. Həyətdən çıxanı Novruzla mücahidlər axtarır, sonra buraxırdı.

14.

Axşam yeməyindən sonra Novruz öz sərgüzəştini danışmağa başladı:

– Sizdən ayrılıb Bakıya gələndən sonra atamın tanışlarını tapıb, işə düzəldim. Burada çalışan fəhlələrin çoxu Irandangəlmə idi. Onlar Sabunçu-Suraxanı mədənlərində işləyirdilər. Birtəhər keçinirdik. Əyin-başımızı düzəltdik. Mərhum anam onda hələ sağ idi. Ona puldan-paradan göndərirdim. Atamın dediyinə görə, Bakıdakı ərbablar, Zonquldağdakılardan insaflıdırlar. Buna baxmayaraq, fəhlə hər yerdə yaman gündədir. Xəstəlandimi – həkimi, dava-dərmanı tapılmır. Mənzil dərdi xüsusilə ağırdır. Fəhlələrin qazandıqlarının çoxu mənzil kirəsinə verilir. Dözüb, dözüb, axır, tətil etdik, işə çıxmadıq. Qırmızı bayraq götürüb küçələrə axışdıq. Bizim dildə, rus dilində, erməni və gürcü dilində danışanlar oldu. Hamı donluğun artırılmasını tələb edirdi. Di gəl ki, dövlət işə qarışıb, xozeyinlərin tərəfini saxladı. Atlı kazaklar tökülüb fəhləni gülləyə tutdular. Çox adam qırıldı. Atam da onda vuruldu. Daha mən dayana bilmədim. Bir kazakın başından daşla vurub tüfəngini qaçırtdım. Fəhlə böyükləri məni orada qoymadılar. Tiflisə göndərdilər. Mən Adilxanovun gön zavodunda işləməli oldum. Tiflisdə məni bəzən iclaslara da aparırdılar. Iki-üç dəfə meşəyə aparıb tüfəng atmağı da öyrətdilər. Bu ağır günlərdə isə çağırıb Irana yolladılar...

15.  

Iranın məşrutə hərəkatı dan ulduzutək Şərq aləminin oyandığını bildirirdi. Bu da Böyük Britaniyanı və çar hökumətini narahat edirdi.

Iranda azadlıq cəbhəsinin başında Azərbaycan dururdu.

Bəli, Azərbaycanda Səttar xan hərəkatı olmasaydı, Iranda məşrutə olmazdı. Məşrutə hərəkatının qalib gəlməsini görən ingilislər beynəlxalq rüsvayçılıqla qarşılaşmasınlar deyə, onu çar Rusiyasının əlilə boğmağa çalışırdılar. Nəticədə heç bir əsas və səbəb olmadan çar qoşunları Azərbaycana, Gilana keçib, azadxahları tutmağa və dardan asdırmağa başladı. Inqilabda kişilər, qadınlar, gənclər kimi uşaqlar da canlarını fəda etdilər. Səməd xan azadxahları buzlu suda dondurub, quduz itlərə boğduranda Səttar xanın qardaşı oğlanları rus konsulxanasına pənah gətirdilər.

“Bunların nəslini yer üzündən kəsmək lazımdır!” – deyən konsul uşaqları Hacı Səməd xana təhvil verdi. O da hər ikisini asdırdı.

Belə bir zamanda çar hökuməti Iranın zəif məşrutə dövlətinə üç maddədən ibarət bir ultimatum verdi. Ultimatumda deyilirdi:

“Birinci. Iran dövləti Amerikadan gətirdiyi müstəşarlardan Şüster Ləkfuru dərhal ölkədən çıxarsın.

İkinci, Iran dövləti ingilis və Rusiya ilə məsləhət etmədən başqa dövlətlərin təəbəsindən heç kimi qulluğa götürməsin.

Üçüncü, Ənzəli və Rəştə gələn rus ordusunun xərcləri ödənilsin”.

Cavab vermək üçün Iran dövlətinə qırx səkkiz saat vaxt verilmişdi. Əks təqdirdə rus qoşunları Qəzvinə, oradan da paytaxta tərəf hərəkət edəcəkdilər. Bu iş baş tutsaydı ingilislər həm maddi, həm də mənəvi cəhətdən mənfəət götürəcəkdi (həm öz rəqibləri sayılan Rusiya imperatoruna qarşı iranlılarda nifrət oyanacaqdı, həm də məşrutəni və əsasən İranın istiqlalını aradan götürmək üçün yollar açılırdı).

Bu xəbər yayılan kimi Iran şəhərləri bir-birinə dəydi. Çar hökumətinin ultimatumu hər yerdə qəzəblə qarşılandı. İngilislərə də bu lazım idi ki, onlar xalqın yadından çıxsın...

 

...Tehrandakı məclisə Xiyabani gec gəlmişdi. Tamaşaçıların, müxbirlərin yeri də dolmuşdu. Vəzirlər gəlib öz yerlərində oturdular. Üzlərdə gədər və qəzəb ifadəsi vardı. Ağır bir sükutdan sonra məclis rəisinin səsi eşidildi:

– Ağalar, özünüz bildiyiniz kimi, bu gün biz İran xalqı üçün dözülməz olan bir məsələni həll etmək məcburiyyətindəyik. Mənim ağalardan bircə xahişim var: hissiyyata qapılmadan, məsələni dərindən düşünərək müzakirədə hərə öz rəyini söyləsin. Birinci sözü xarici işlər naziri Əşrəf Vüsuquddövlə cənablarına verirəm. Buyurun, həzrət Əşrəf.

Əlində lülələnmiş kağız tutmuş nazir tam bir sükut və aramlıqla tribunaya yeridiyi zaman tehranlı vəkillərdən biri söz atdı:

– Yengəsi gülüm olanın, başına külüm olar!

Vüsuquddövlə bu atmacanı sanki eşitmədi, eyni təmkinlə xitabət kürsüsünə çıxıb əvvəlcə məclisi gözdən keçirdi (müəyyən adamların gəlib-gəlməməsini yoxlayırdı). O, nümayəndələri dürüst gözdən keçirəndən sonra dedi:

– Təəssüflə qeyd etməliyəm ki, arada əmələ gələn bəzi sui-təfahümlər nəticəsində şimal qonşumuz bizdən inciyərək üç maddədən ibarət ultimatum verib və cavab üçün qırx səkkiz saat vaxt təyin edib. Onun da on saatı keçmişdir.

O, əlindəki lülə kağızı açaraq, ultimatumun mətnini oxudu və öz yerinə dönmək istəyəndə:

– Sual verən vardırmı? – deyə məclis rəisinin səsi eşidildi.

– Var, var!.. – Azərbaycan vəkillərindən biri dilləndi. Xarici işlər naziri geri qayıdıb, suala müntəzir halda dayandı. Həmin adam oturduğu yerdən qalxıb soruşdu: – Bu haqda dövlət bir qərara gəlibdirmi? Gəlibdirsə, o qərar nədən ibarətdir?

Xarici işlər naziri tam arxayınlıqla cavab verdi:

– Bəli, dövlətimiz ultimatumu qəbul etməyi qərara alıb, çünki bundan başqa çarəmiz yoxdur.

Xiyabani özünü saxlaya bilmədi:

– Doğrudanmı dövlət belə qərara gəlibdir?

– Bəli, bəli. Ərz elədim ki, bundan başqa çarəmiz yoxdur. Ev bizim, sirr bizim: rus imperatorluğuna zidd getmək, məncə, ağılsızlıq olardı. Onu da deyim ki, əgər üçüncü maddəni, yəni qoşunun xərci məsələsini yarıya endirə bilsək, çox böyük iş görmüş olarıq!..

Tehran azadxahlarından Süleyman Mirzə yerindən qalxdı:

– Bir sual da mənim var.

Vüsuquddövlə pərt olmuş halda:

– Buyurun, Vala həzrət, – dedi, – eşidirəm sizi.

– Həzrət Əşrəf bilirmi ki, dövlətin çıxardığı bu qərarı məclis qəbul etməsə, necə olar?

– Bunun cavabı çox sadədir, dövlət belə bir qərarı hələ qabaqcadan qəbul etmişdir. O zaman Vala həzrət Naibüssəltənə[5] Nasirrülmülk öz qanuni haqqından istifadə edib, müvəqqəti olaraq, məclisi bağladacaqdır. Güman edirəm, bu haqda Vala həzrət nəzmiyyə rəisinə rəsmi surətdə əmr də vermişdir.

O, çox laqeydliklə bu sözləri deyib yerinə keçdi. Onun bu hərəkəti göstərirdi ki, həqiqətən dövlət ultimatumu qəbul etmişdir. Indi xarici işlər nazirinin məclisdə çıxış etməsi quru rəsmiyyətdən başqa bir şey deyildi.

Vəkillərin sükutundan istifadə etmək istəyən Vüsuquddövlə məclis rəisinə müraciət edərək oturduğu yerdən danışdı:

– Mənə belə gəlir ki, məsələni müzakirəyə qoymaq yox, səsə qoymaq düzgün olardı. Buna görə də təklif edirəm ki, ağaların bu sükutunu onların razılığı hesab edək.

Xiyabani yerindən qalxdı:

– Elə deyil, ağayi-vəzir! Elə deyil! Bu sükut razılıq yox, etiraz əlamətidir. – Rəisdən icazə almadan xitabət kürsüsünə tərəf yeridi. Sədrin yanından keçəndə: – Çox üzr istəyirəm, ağayi-rəis, mənim danışmağıma yəqin ki, etiraz etmirsiniz, – deyə ayaq saxlayıb onun cavabını gözlədi.

– Buyurun, buyurun, ağayi Xiyabani, – deyə sədr icazə versə də, görkəmindən pərt olduğu anlaşılırdı.

Xiyabaninin adəti belə idi ki, hər dəfə nitq söyləməyə başlayanda əvvəlcə eynəyini çıxarıb silər, təzədən gözünə taxıb hər tərəfi nəzərdən keçirəndən sonra danışmağa başlayardı. Bu dəfə də elə etdi.

– Ağalar və hörmətli nümayəndələr! Mənə belə gəlir ki, bu adi iş və ya bir maddənin müzakirəsi deyil ki, onun haqqında danışıq aparılsın. Şimal qonşumuz bizdən, suverenliyimizlə bir yerə sığmayan, azadlığımıza zidd olan şeylər tələb edir. Bizə deyirlər ki, Iran dövləti əgər bir qulluqçu da tutmaq istəsə, onlardan icazə almalıdır. Mən isə deyirəm: biz həmişə müstəqil olmuşuq, indi də müstəqil olacağıq! Mən cəsarətlə deyirəm ki, biz onların təklifini rədd edirik! Bu tələb Iran istiqlaliyyətini məhv edir və aramızda olan əhdnamələrə ziddir. – Xiyabani sinəsini

arıdıb ahəngini dəyişdi. – Mənə belə gəlir ki, bu işdə hörmətli nazirlərimiz bizim camaatla həmrəy olacaqlar.

Onun çıxışı məclisə qəribə bir çaxnaşma saldı. Elə bil arı yuvasına çöp uzatdılar. Ağız deyəni qulaq eşitmirdi. Belə çıxışı gözləməyən nazirlərin rəngi qaçmışdı.

– Ağalar, sakit! Ağalar, sakit! – deyə məclisin rəisi onları sakitləşdirməyə cəhd etdi.

Ara bir azca sakitləşmişdi ki, Tufarqanlı söz aldı. Onun xitabət kürsüsünə tərəf getdiyini görən vəkillər səslərini kəsdilər. O da Xiyabaninin dediklərini təsdiq etdi:

– Ölkənin istiqlalı elə bir şey deyil ki, mənim və sənin olsun. Biz onu əldən verə bilmərik. Bu, bizdən sonra gələnlərin də haqqıdır. Buna görə də nə biz, nə də başqaları belə bir əsas məsələyə əl vura bilməzlər. Biz müstəqil bir dövlət olduğumuz halda, heç kəsin işimizə qarışmasına razı ola bilmərik.

...Məclis heç bir qərar qəbul etmədən dağılışdı.

Bərk yağış yağırdı. Süleyman Mirzə qapının ağzında dayanıb Xiyabanini gözləyirdi.

Meydanda müştəri gözləyən faytonlardan birinə oturub yola düşdülər.

– Sabah məclisi bağlasalar, nə edək?

– Mən güman eləmirəm ki, belə iş görsünlər. Əgər görsələr, mitinq çağırmalı, xalqın etiraz sədasını bütün dünyanın qulağına çatdırmalıyıq! – Xiyabani qətiyyətlə fikrini bildirdi.

Sabah səhər tezdən Tehranın üstüörtülü bazarlarında, meydanlarında, karvansaralarında, küçələrində carçılar car çəkib, camaatı məclis qabağında olacaq mitinqə dəvət edəndə Tehranın nəzmiyyə rəisi Müsyö Yefrimin adamları məclisin qapısında durub oraya kimsəni buraxmadı. Mitinqdə şeyx saat yarım danışdı. O, çar dövlətinin verdiyi ultimatumun mahiyyətini, vəzirlərin buna qarşı münasibətini izah edəndən sonra dedi:



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info