Qonaq Kitabı
II Hissə

Siranuşdan əvvəl Arakel yuxudan ayıldı. Dünənki hadisələr yadına düşdü. Qızı qucağından düşürdüyünü xatirinə gətirən kimi dönüb beşiyə baxdı. Şuşanikin rəngi ağarmış, burnundan axan qan balıncın üstündə vurulan qurban qanı boyda yumurlanmışdı. Uşaq bərk zarıyırdı. Bu, Arakeli bərk qorxutdu:

– Siranuş, ay Siranuş! – deyə arvadını səslədi.

– Axşam uşaq qoymayıb yatam. Indi də sən qoymazsan, – deyə Siranuş kal səslə cavab verdi.

– Dur, gör bu uşaq nə üçün belə zarıyır?

Siranuş tez dikəlib yerində oturdu:

– Yazıq bala, sənə nə oldu?

Siranuş gözünün yaşını silib, cəld ayağa qalxdı. Arakel də yerindən durdu. Bu dəfə ikisi birlikdə uşağı Nərgiz xalanın yanına gətirdilər. O, məsləhət gördü ki, Nuşu xanımın yanına gedin. Nuşu xanım da Nərgiz qarı kimi pul almazdı. O, adının dillərdə deyilməsini, camaatın ona pənah gətirməsini, onunla məsləhətləşməsini hər şeydən üstün tutardı.

...Arakel ilə Siranuş həyətdən içəri girəndə Nuşu xanım pillələrin üstündə oturub qəlyan çəkirdi. Qulluqçular həyətin bir tərəfində qurudulan buğdanı dəyirmanlıq eləyirdilər. Arakellə Siranuş elə ayaq üstəcə əhvalatı ona danışdılar. Nərgiz qarının verdiyi məsləhətlərin hamısını Nuşu xanım düzgün hesab edəndən sonra, uşaqda olan kəsif qanların rədd olunmasını məsləhət bildi. Bunun üçün də ata-ananı həcəmətçi Bacıxanımın yanına göndərdi.

Qapıya Bacıxanımın böyük oğlu Abdulla gəldi.

– Bacıxanımı görmək istəyirəm.

– Çuqlu Əbiş bəyin oğlu Əzizin gözləri ağrıyırdı, anamı qan almağa aparıblar. Işiniz varsa, at aparın, gətirin.

Doğrudur, Arakelin özünün atı yox idi. Lakin o, hər kəsdən istəsəydi, müzayiqə etməzdi. Siranuşun fikri belə idi ki, Arakel özü gedib Bacıxanımı gətirsin.

Onlar məhəllənin başına yetişəndə Xaçatur müəllim dayanıb kimisə gözləyirdi. Xaçaturu Maku sərdarı Iravandan gətirtmişdi. Öz uşaqlarına rus dilində

dərs oxutdururdu. O, bu şəhərə gələn gündən Arakeli çardağından kənarda görməmişdi. Indi onun arvadı ilə bərabər gəldiyini görüb, təəccüblə soruşdu:

– Xeyir ola, ay Arakel, belə səhər-səhər haradan gəlirsiz?

– Xeyir deyil, ay müəllim! – Arakel müəllimi divarın kölgəsinə çəkdi və əhvalatı ona danışdı.

Müəllim başını buladı:

– A kişi, dəli olmusan? Həcəmət nədir? Qozludərə nədir? Bəxtin üzdədir ki, mənə rast gəldin. Yoxsa uşağı əldən verəcəkdin. Dön, dön, mənimlə bu saat şəhərə

gedək. – Arakel gözlərini Xaçatur müəllimin üzünə dikdi. – Sərdarın kiçik qızı üç gün bundan əvvəl xəstələnmişdi. Iravandan bir rus həkimi gəlib. Gedək uşağı ona göstərək. Qoy dava-dərman verib sağaltsın.

– Buy, sənə qurban olum, müəllim, doğru deyirsən, yoxsa bizi ələ salırsan?

Müəllim onları birtəhər başa saldı ki, doğru deyir.

Axşam Arakel uşağı şəhərdən qaytarıb gətirəndən sonra kağıza bükülmüş bir neçə həbi arvadına verib dedi:

– Həkim buyurdu ki, uşaq ağır xəstədir. Amma bir o qədər qorxusu yoxdur. Ona çox hərəkət eləmək yaramaz. Bu həblərin hər birini üç yerə bölüb, çay qaşığında isladacaqsan, gündə üç kərə uşağın boğazına tökəcəksən. Bir də həkim deyirdi ki, uşağı yaxşı yedirtmək lazımdır.

7.  

Hüseynqulu bəyin əmlakı yox idi. Maku xanlarından Hacı Əmirin yanında mirzə işləyirdi. Başqa bəylərin əksinə olaraq, Hüseynqulu bəy heç də kəmhövsələ deyildi. Ədəb-ərkan gözləməyi xoşlardı. Onun oğlu Rəşid Arakelin qızı Şuşanikdən dörd-beş yaş böyük idi. Oxuyurdu. Qonşu oğlan Nişan Badalyan yay tətilinə gələndən-gələnə öz evlərində erməni uşaqlarına həm erməni dilində, həm də rus dilində dərs deyirdi. Açıq fikirli müsəlmanlardan da bir neçəsi öz uşağını onun yanına göndərirdi.

Siranuş Hüseynqulu bəyin arvadı Canı xanıma həddindən artıq hörmət bəsləyirdi. Canı xanım da onun xatirin əziz tutardı. Bir sözlə, onlar xeyir-şərdə bir-birini unutmazdılar. Siranuşun şirin söhbətləri Canı xanıma xoş gələrdi. Uzun qış gecələrində Canı xanım adam göndərib onu çağırtdırardı. Hüseynqulu bəy şəbnişinlikdən gəlcək, kürsüdə oturar, nağıl deyər, söhbət edər, şəbçərə yeyərdilər. Onların söhbəti bir-birinə xoş gəldiyi kimi, Rəşidlə Şuşanikin də yoldaşlığı bir-birilə tuturdu. Şuşanik Azərbaycan dilini təmiz bilirdi. Bu da Canı xanıma xoş gəlirdi. Rəşidin erməni dilində yazıb-oxuması belə olmuşdu.

...Yaz axşamlarının birində Canı xanım Rəşidin əlindən yapışıb Siranuşgilə gələndə Siranuş həyət-bacanı süpürüb sulamış, evin qabağındakı taxtın üstünə palaz salaraq Arakellə oturmuşdu. Divardan asılmış fanar taxtın üstünü zəif işıqlandırırdı. Balaca bürünc samovar taxtın bir tərəfində cızhacızla qaynayırdı. Şuşanik orada yox idi. Arakel kişi Canı xanımı görcək, hörmət əlaməti olaraq ayağa qalxdı.

– Sən də Hüseynqulu bəy kimi şəbnişinliyə gedəcəksən? Əyləş, əyləş!.. – deyib onu yerində oturtdu. – Bəs qız hanı?

Tez ayağa qalxıb, qonağın altına döşəkçə salmaq istəyən Siranuş cavab verdi:

– Qız usta Yaqubgilə gedib. Onun qızıyla bir yerdə dərs hazırlayır.

– Nə dərs, ay Siranuş?

– Qızı bu ildən Nişanın yanına qoymuşuq. O, Qafqazda rusca-ermənicə oxuyur. Deyirəm mənim kimi olmasın – bisavad. Deyirlər, Yerevanda bütün erməni arvadları dərs oxuyur.

– Bəs demirdilər ki, Nişan tələbədir, Iravanda oxuyur?

– Düzdür. Ancaq tətilə gələndə iki-üç ay buradakı uşaqlara dərs deyir. Müsəlmanlardan da gələn olur.

– Kimlərdən?

– Biri Hacı Əkbərin kiçik oğlu, o biri Hacı Əhmədin qardaşı, üçüncü də mirzə Qəhrəmanın yetimi.

Ata-ananın bir dənəsi olan Rəşid anasının ətəyini dartdı:

– Məni də, ana, ora – dərsə...

Canı xanım ehtiyatla Arakeldən soruşdu:

– Yəni urusu oxumağın bir faydası var?

– Pah, Canı xanım, faydasıolm'asa heç xanlar bu qədər xərc çəkib, uşaqlarını Fitilbörkə[2], Iravana, Tiflisə, Bakıya göndərərlər?

– Onda gərək mən də Hüseynqulu bəyə deyəm ki, Rəşidi də Nişanın yanına aparsın.

...Bir gün dərsdən çıxanda nə təhər oldusa, Şuşaniklə tüfəngsaz Yaqubun qızı savaşdı. O, Şuşanikdən böyük olduğundan onu dalanın bucağına sıxışdırdı. Rəşid onları ayırmaq istəyəndə Bəzzaz Hətəmin oğlu elə bildi ki, Rəşid usta Yaqubun qızını vurur; Rəşidin boynundan yapışıb bu tərəfə tullamaq istəyəndə Rəşid dartınıb onun əlindən çıxdı. Oğlan Rəşiddən böyük idi və dərs oxuyan uşaqların içində özünü qoluzorlu aparırdı. Lakin Rəşid ondan qorxub çəkinmədi, əksinə, irəliləyib başı ilə oğlanın qarnından elə vurdu ki, bir xeyli o, qarnını tutub çömbəldi. Bunu görüncə, qızlar o saat bir-birindən əl çəkdilər. Rəşid Şuşaniklə bərabər dalandan küçəyə çıxdı. Uşaqlar Bəzzaz Hətəmin hər vaxt özünü öyən oğluna yer-yerdən baxıb güldülər.

Hətəmin oğlanlarının həmişə əziyyət verdikləri uşaqların çoxu bu gündən sonra Rəşidin tərəfinə keçdi.

Bu təsadüfi hadisə təkcə Rəşidlə Şuşanikin deyil, Canı xanımla Siranuşun dostluğunu bir az da bərkitdi.

...Uşaqlar get-gedə böyüyürdülər. Şuşanik on yeddi yaşına, Rəşid iyirmi bir yaşına çatanda bir sıra maneələr ortaya çıxdı, onların bir-biri ilə görüşüb danışmasını çətinləşdirdi.

Bir-birilə ünsiyyət tapan bu iki uşaq gənclik aləminə qədəm qoyandan bəri, uşaqlıq münasibəti öz yerini pak və müqəddəs bir duyğuya vermişdi.

Bu müqəddəs duyğunun adı məhəbbət idi!

Gecə ilə gündüz bir-birini izlədiyi kimi, eşq ilə dərd-bəla da, sevinclə qəm-qüssə də bir-biri ilə əkizdir. Əsli ilə Kərəmin eşqi ona görə nakam oldu ki, arada məzhəb və din ixtilafı vardı. Əgər Kərəmin atası xaçpərəst olsaydı, keşiş öz qızını ona yalvara-yalvara verməyə hazır olardı. Indi də Məryəmdən, Isadan artıq Nərgiz qarıya, Qozlu ocağına inanan Siranuş, yaxud əri xaçpərəst Arakel öz qızları Şuşanikin Rəşidə ərə getməsinə, təbii ki, razı olmayacaqdılar. Bir tərəfdən keşiş Vasil, o biri tərəfdən qonum-qonşular Çin səddi kimi maneə yaradırdılar. Lakin həd-hüdud bilməyən, din-məzhəb tanımayan, əvvəlcə insanın gözündə təzahür edən, sonra ürəyində yurd-yuva salan eşq bu iki gənci gətirib elə bir yerə çıxarmışdı ki, daha geri çəkilməyə yol yox idi. Uşaqlar böyüdükcə, bu qarşısıalınmaz duyğu da onlarla böyümüş, heç özləri də bilmədən eşq bəlasına giriftar olmuşdular.

Gənclər dildə bir birini sevdiklərini açıb deməsələr də, hər dəfə görüşəndə ürəklərindəki sevgi hissini də gizlədə bilmirdilər.

Dünənə kimi bir yerdə oxuyub-gəzişdiyi qızla nadir hallarda görüşməsi Rəşidi çox düşündürürdü.

Rəşid bəzzaz oğlu Matosun Şuşaniki istədiyini bir dostundan eşitmişdi. Bu vaxtacan Şuşanikə qəlbini açmadığına yaman peşman olmuşdu.

Rəşid iki pəncərəsi erməni məhəlləsinə baxan otaqda gəzib-dolanır, gözlərini Arakelin qapısından çəkmirdi. “Atası evdə deyil, anası da evdə olmasaydı, elə bu saat gedib, sözlərimi açıq-aşkar deyərdim. Nə olur-olsun, əgər rədd eləsə, deməli, qətlimə fərman verilib. Bu cür səksəkə ilə yaşamaqdansa, ölmək yaxşıdır”. O bu fikirlərlə götür-qoy etdiyi zaman Siranuş çıxıb küçə ilə aşağı getdi. Şuşanik həyət qapısını bağlayıb, divarın dalında dayanaraq gözlərini Rəşid olan otağa dikdi. Demə, qız da Rəşidi görüb danışmaq qərarına gəlibmiş.

Siranuşun getməsi, qızın qapı dalından onlara sarı baxması Rəşidə cəsarət verdi. Cəld otaqdan çıxıb, çardaq altında at nallamaqla məşğul olan Arakelin arxasından keçib məhəlləyə daxil oldu. Arakel eşitməsin deyə qapını iki dəfə ehmalca döydü. Şuşanik yavaş səslə soruşdu:

– Kimsən?

– Mənəm, Şuşanik, qapını aç!

Rəşidin səsini eşidəndə qız əvvəlcə qulaqlarına inanmadı. Sonra qapını açıb oğlanı içəri çağırdı.

Rəşid həyətə girən kimi soruşdu:

– Bəlkə yaxşı düşmədi? Mən elə səni görməyə gəldim.

Neçə vaxtdan bəri qıza demək istədiyi bütün sözlər yadından çıxdı. Onun bu halı qızı etirafa məcbur etdi:

– Elə mən də səni görmək istəyirdim.

– Bilsəm ki, bu söz doğrudur, özümü dünyanın ən xoşbəxti hesab edərəm.

Şadlığından gözləri yaşaran Şuşanikin də dili topuq vurdu:

– Rəşid, doğrudan deyirsən, yoxsa?..

– And içə bilərəm.

Qızın üz-gözündə təbəssüm əmələ gəldi.

– Sən and içsən də, içməsən də mən inanıram. Axı, mən özüm də səni... – Qız utanaraq sözünün dalısını deməyib qaçdı.

– Bəs hara qaçırsan, bir dayan, görüm...

– Daha nə dayanım, iş qurtardı. Öldü var, döndü yoxdur!

– Bəs bəzzaz oğlunun elçi göndərməsi?

– Onu sənə kim xəbər verdi?

– Bir Allah bəndəsi.

– Onda həmin Allah bəndəsinə de ki, məni doğrasalar da ona getmərəm. – Qız son sözünü də dedi: – Bütün dünya yığılsa, bizi bir daha ayıra bilməzlər!

8.

Xiyabani məsciddən çıxıb evinə gəlirdi. Onun arxasınca yenə çoxlu adam addımlayırdı. Bu, onun müridləri idi. O zamankı tacirlərə məxsus libas geyinmiş iki ziyalı ona yaxınlaşmaq istəyirdi. Ancaq möminlər macal vermirdilər. Onlardan biri gödəkboylu, o biri isə ucaboylu arıq adamdı. Möminlər onları tanımasalar da, Xiyabani özü bu iki nəfəri yaxşı tanıyırdı. Biri Rastabazarda aptekxanası olan Əliağa Davaçı, ikincisi isə şəhərin varlı tacirlərindən sayılan Əli Müsyö idi.

Xiyabani dayanıb onlarla salamlaşdı. Onun bu adamlara qarşı hörmətini görən möminlər təəccübləndilər. Əli Müsyö Xiyabani ilə əl tutub dostunu ona təqdim etdi və çox mühüm bir məsələ üçün onun yanına gəlmək istədiklərini bildirdi.

– Mən nə vaxt, hara istəsəniz, sizinlə söhbətə hazıram, – deyə Xiyabani cavab verdi.

– Bu axşam şam yeməyinə bizə buyursanız, çox məmnun olarıq, – deyə Əli Müsyö onun vədəsini aldı.

Əli Müsyönun böyük zalında özü ilə Əliağa Davaçıdan başqa dörd nəfər də oturmuşdu, hamısının libasından ziyalı təbəqəsinə mənsub olduqları bəlli idi. Onlar İran xalqının fəlakətdə yaşamasından, dövlət idarələrinin hakimlərinin zülmündən, Qacar sülaləsinin özbaşınalığından danışırdılar. Bu vaxt ev sahibinin böyük oğlu Xiyabaninin gəldiyini onlara xəbər verdi. Bayaqdan ağız-ağıza verib danışanlar söhbəti kəsib hörmətlə ayağa durdular. Yaşda hamısından cavan olsa da, Xiyabanini yuxarı başa keçirtdilər. Çay içildi, şam yeyilib süfrə yığışılandan sonra Xiyabani ev sahibindən bura nə üçün çağırıldığının səbəbini soruşdu. Əli Müsyödən əvvəl Əli ağa Davaçı dilləndi:

– İcazə versəydiniz, mən kiçik bir müqəddimə ilə əsil mətləbimizi deyər və bizi maraqlandıran məsələləri sizdən soruşardıq. Bizim sizdən gizlədiyimiz, başqaları kimi, dəstəmaz, namaz və təharət məsələsi deyil, bunları elə anadan olan gündən eşidirik. Sizə zəhmət verməkdən məqsədimiz xalqın dərdinə bir çarə tapmaqdır. Axı, millət, vətən qarət olub əldən gedir. Sizin kimi cavan alimlər, nüfuz, bilik və məntiq sahibləri, şirinzəban natiqlər millətin qayğısına qalmasa, yəqin ki, gələcəkdə işlər daha da pis olar.

– Sizcə, mən və ya mənim kimilər nə edə bilərlər? – Bu sözdən sonra Xiyabani eynəyini çıxarıb dəsmalı ilə silməyə başladı.

– Müsəlmanların, xüsusən biz iranlıların taleyi sizin kimi alim və ruhanilərə bağlıdır. Öl desəniz – ölərik, qal desəniz – qalarıq. Milləti soğan kimi soyanın, fəlakətdən fəlakətə sürükləyənin kim olduğunu hamımız çox yaxşı bilirik. Zalımdan intiqam almağın yolunu sizin kimi başbilənlər göstərməlidir. Əgər cahad elan etsəniz, hamı sizin dalınızca gələr, zalımın da, zülmün də kökü birdəfəlik kəsilər.

Əli Müsyönün bu sözlərinə Xiyabani başını bulayıb güldü.

– Sizcə, ikinci bir jozeyit məzalimi yaradaq?

– Jozeyit məzalimi nədir? – Məclisdəkilərdən biri soruşdu.

– Ruhaniyyət hökmranlığı! Ölkənin taleyini, adamların bütün var-yoxunu, namusunu bir ovuc şöhrət və şəhvət düşgünlərinin, nadan və cahilin, adlarını ruhani qoyan yırtıcıların əlinə tapşırmaq.

Xiyabanini qatı ruhani və dindar bilən məclisdəkilər eşitdiklərinə inana bilmirdilər. Hər gün arxasında minlərlə adamın namaz qıldığı bir şəxsin öz silkinə qarşı bu cür ağır ittihamı məclisdəkilərin qəlbində həm heyrət, həm də ümid yaratdı. Təkcə məclisdəkilərin yox, ona etibar eləyən, ondan ümid gözləyən adamların gözlərinə baxdıqca Xiyabaninin də qəlbində gələcəyə böyük inam yaranırdı:

– Siz elə bilməyin ki, xalqın bu fəlakətli əhvalı təkcə sizi düşündürür. Şəxsən mən hamıdan çox narahatam. Ancaq nə etməli ki, yara yetişməmiş, onu deşmək olmaz!

– Yaranı yetişdirmək üçün məlhəm lazımdır! – deyə Əli ağa Davaçı söz atdı.

– O da doğrudur. Ancaq məlhəmin özü də hazır olmalıdır: onu hazırlamaq üçün də dava-dərman gərəkdir.

– Siz deyəndir, ağayi Xiyabani, dava-dərman lazımdır, gəlin, tapaq da, – Gənceyi də söhbətə qoşuldu. – Yara-xora dərmanı olsa, Əli ağa Davaçıdan alarux. Lakin bizi düşündürən dərdin məlhəmi ancaq sizdə, sizin kimi vətən xadimlərinin əlindədir.

Xiyabani bir xeyli fikrə getdi.

– Tək əldən səs çıxmaz, deyiblər. Düzünü bilmək istəsəniz, mən lap cavan vaxtımdan bütün qüvvəmi öz xalqımın səadəti, azadlığı yolunda sərf etməyə söz vermişəm. Ticarəti buraxıb ruhaniyyətə də elə bu məqsəd üçün qoşulmuşam. Hərtərəfli məlumatım olsun deyə xaricdən xeyli ədəbiyyat gətirdib oxumuşam. Rusyətdə olduğum zaman qabaqcıl adamlar ilə görüşüb danışmışam. Xalqıma, vətənimə məhəbbətim sonsuzdur. Hüdudsuzdur. Lakin bu müqəddəs arzu və amala nail olmaq işində təkcə ruhaniyyət və ədəbiyyatla kifayətlənmək olmaz! Təbliğatla yanaşı, təşviqat da, təşkilati iş də lazımdır. Vətənpərvər gəncləri bir yerə cəm edib, onları bir mərkəzdə birləşdirmək lazımdır. Mütərəqqi millətlərdə həmişə belə olub.

Xiyabaninin bu sözləri məclisdəkiləri hərəkətə gətirdi. Onlar yerbəyerdən danışıb, gələcək barədə xeyli götür-qoy etdilər. Əməli təkliflər, xeyirli tədbirlər hazırladılar.

O axşamdan başlayaraq Xiyabaninnn moizələri, nitqləri, yeni sözlərlə zənginləşdi. Çox çəkmədi ki, Xiyabaninin moizə üsulu məktəb təsiri buraxmağa başladı.

Bu məclisdə gördüyümüz adamlar da tarixdə “Mərkəzeğeyb” adı ilə məşhur olan cəmiyyətin təməl daşını qoydular.

9.

Mədrəsənin minarəsindən baxanda şəhər adamın qarşısında qələmkar süfrə kimi açılırdı. Üstüörtülü bazarların gümbəzi, dükanları düzüm-düzüm qurulan gecə çadırlarını xatırladırdı. Küçələrdə dolaşan adamlar yuvasına qış ərzağı daşıyan atlı qarışqalar kimi bazarlara girib-çıxırdılar.

Səhərdən bəri kölgəsi qonşu karvansaraya qədər uzanan minarə kirpi kimi ayaqlarını qarnına yığmışdı.

Adama elə gəlirdi ki, günəş düz minarənin üstündə dayanıb. Kim bilir, bəlkə azançının xoş sədasına valeh olub. Bəlkə də elə bu vaxt mədrəsənin kiçik həyətindən keçib minarəyə yaxınlaşan cavan oğlanın bir az sonrakı faciəsinin şahidi olmaq üçün belə edib.

Cavan oğlan minarənin içərisinə məftil kimi burulub qalxan pillələrlə yuxarı dırmanırdı. O, bəzən əlini minarəyə söykəyib fikrə gedir, bir anlığa doğuldğu Yam kəndini xəyalında canlandırırdı.

Mərənd şəhərindən yeddi kilometr yuxarıda Meşovdağın ətəyində yerləşən bu kənd öz sağlam ab-havası ilə tanındığı kimi, sağlam vücudlu, gözəl-göyçək simalı, mütənasib qamətli adamları ilə də məşhur idi.

Haqqında danışdığımız gənc bir neçə ay əvvəl bu şəhərə varid olub. Talibiyyə mədrəsəsində təhsili-elmə başlayandan bəri kəndlilərə məxsus namusla həyatını qoruyub saxlaya bilmişdi. Lakin üç gün əvvəl başına gələn bir hadisə onu dəhşətli bir qərara gətirmişdi.

O, şəhərdə yaşayan əmisinin qızı ilə görüşüb danışmış, hələ desək onu sevmişdi də. Əmi də xeyiri qapıdan çıxarmasın deyə, qızını ata-ananın bir dənəsi olan qardaşı oğluna vermişdi. Iki ay əvvəl oğlanın ata-anası gəlib, şirni içmiş, üzük-nişan taxıbgetmişdi.

Səfalı Yam kəndindən gəlib, mədrəsənin hücrəsində tək-tənha qapanıb qalmaq gənci bezikdirmişdi. Elə buna görə də tezliklə toy edib qayınatası evinə köçmək xəyalına düşmüşdü.

Minarənin pillələri də həyatın pillələri kimi burum-burum idi. O, hər pillədə dayanaraq keçirdiyi tənhalığın acısını düşünür, təmiz havanı, buzdan soyuq bulaqları, ləkəsiz, boyasız insanları xəyalında canlandırır. Uşaqlığın şadlıq gətirən dövrünü xatırladıqca keçirdiyi günlər kino lenti kimi qarşısında açılır, vaxtilə şəhər həyatına can atdığı üçün təəccüblənirdi. Birdən: “Ya qismət!” – deyə qəti addımlarla minarə pillələri ilə yuxarı dırmaşdı.

10.

Hacı Pişnamaz rəhmətə gedəndən sonra Xiyabani həm məsciddə namaz qılır, həm də dərs deyirdi. Son vaxtlar onun dərsində nəinki “Talibiyyə” mədrəsəsinin tələbələri, hətta çox uzaq mədrəsələrin də müdavimləri, habelə əsnaflar, maarifpərvərlər, xarici tacirlər də iştirak edirdilər.

Alimlərin çoxu Xiyabaninin dərs üsulunu yeni vəz, yeni moizə məktəbi adlandırırdı. Buna görə də ona xüsusi rəğbət bəsləyirdilər.

O, dinləyicilərinə daim eşitmədikləri sözlər deyir, fikirlər aşılayır, onları qəhrəmanlığa, mərdanəliyə, düzlüyə, haqq və azadlik yolunda mübarizəyə çağırırdı.

İşi rövnəq tapdıqca, tərəfdarları çoxaldıqca, o, daha incə mətləblərə əl atırdı. Cəhalət və fanatizm bataqlığında batıb qalanlara onun fikirləri xoş gəlməsə də, moizədən ayrıla bilmirdilər.

Bir hadisə Xiyabaniyə daha möhkəm təkan verdi ki, tutduğu yolda daha qəti qədəmlər atsın.

Mədrəsə ağzına kimi dolmuşdu. Dərs hələ başlanmamışdı ki, Xiyabani dövrəsinə göz gəzdirib xatirini istədiyi Yəhyanı görmədi.

Tələbələrdən biri xəbər verdi ki, bu günlərdə toy edəcək, ona görə başı qarışıqdır.

Xiyabani oğlu qədər sevdiyi, utancaq, lakin zirəng, yaxşı oxuyan tələbəsinin evlənməsinə ürəkdən sevindi. Dərsin şirin yerində məscid həyətindən qarma-qarışıq səslər eşidildi. Kimdisə bərkdən qışqırdı:

– Bir adam minarədən özünü atdı!

Tappıltını və həyətdəki qışqırtını Xiyabani də eşitcək qalxdı:

– Bir görün, bu nədir belə?

Qapıya yaxın oturanlardan bir neçəsi həyətə cumdu...

Xəbər çox bəd idi. Yəhya özünü minarədən atmışdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info