Qonaq Kitabı
II Hissə

Bu ağır xəbər Xiyabanini bərk sarsıtdı:

– Üç gün dərs olmayacaq...

Xiyabani çox fikirli idi. Bilmək istəyirdi ki, tələbəsi nə səbəbə belə bir axmaq iş tutmuşdur.

...Yəhyanın nişanlısı Sərvinazgil Yaxcal dərbəndində, balaca bir həyətdə yaşayırdı. Qızın anası iki ay əvvəl vəfat etmişdi. Atası Kərim kişi sərrac (yəhərqayıran) idi.

Üç gün əvvəl atası Sərvinazı bibisinə qoşaraq, toy paltarı kəsdirmək üçün Əmir bazarındakı tanış bir bəzzazın yanına göndərmişdi.

Sərvinazla bibisi dükanda parçalara baxanda iki ifritə (qarı) onlara yaxınlaşdı. Bunlar zahirdə parça almaq istəsələr də, əslində başqa məqsəd güdürdülər. Söhbət əsnasında Sərvinazın bibisindən onların Yaxcal dərbəndində yaşadıqlarını öyrənə bildilər.

Sərvinazla bibisi qapılarından bir az o tərəfdə dayanan karetaya əhəmiyyət vermədən içəri keçdilər. O qədər keçmədi ki, bibi “Əti ocağın üstə qoyum, gəlirəm” – deyib öz evinə getdi.

Qız qapını bağlayıb evə dönəndə günəş xeyli əyilmişdi. Atasının evə qayıtmasına az qalırdı. Aldığı parçaları sandığın üstünə atıb, qara çadrasını da onların yanına tullayandan sonra şam tədarükünə başlayırdı ki, qapı döyüldü: “Bu ya atamdır, ya da ki, bibicanım...” deyə Sərvinaz qaçıb qapını açdı. Bu zaman iki kişi içəri soxulub, onun ağzını dəsmalla bağladı və qızı bir anda qapıya yaxınlaşan karetaya basaraq, balaca bir quzunu dişinə alıb qaçıran canavar kimi gözdən itdilər.

Kərim kişi dərbəndə daxil olanda qızını götürüb qaçan kareta ilə üzbəüz gəlmişdi. Ata yeganə balasının bu karetada şikar olduğunu bilsəydi, yəqin ki, haray salıb onu xilas edə bilərdi. Lakin o, hər gündəki kimi sabah üçün aldığı bazarlığı dəsmalda yelləyə-yelləyə dərbəndə çatanda qapını açıq görüb şəkkə düşdü. Pəncərənin qabağına gəlib harayladı:

– Səroş, ay Səroş!..

Cavab gəlmədi. Kişi dörd pilləni iki addıma qalxıb özünü dəhlizə yetirdi. Otağa daxil olanda qızının çadrasını, toy paltarı ilə aldığı şeyləri bir yerdə görüncə ürəyi bir az toxdadı. Əlindəki bağlamanı pəncərənin qabağına qoyub həyətə getdi: “Yəqin mətbəxdədir” – deyə sarı bürünc aftafanı ləyənin üstündən götürüb doldurmaq üçün su anbarına sarı yönəldi. Suyu doldurub qayıdandan sonra yenə də qızını səslədi:

– Səroş, Səroş!..

Cavab eşitməyincə hövlnak evi axtarmağa başladı.

Birdən “Olmaya bayaq burdan gedən kareta elə mənim Sərvinazımı qaçırıb?!” – deyə dəhşətli bir fikir başından keçdi.

Axı, iki həftə olmazdı ki, dükan qonşuları qız oğurlayanlar barədə ona da danışmışdılar.

Kərim kişi təkrarən evi, qonşuda gümanı gələn yerləri axtarsa da, Sərvinazı görə bilmədi. Bacısıgilə qaçdı. Oradan da ümidi kəsiləndən sonra birbaş mədrəsəyə gedərək, qardaşı oğlu Yəhyanı tapdı.

Onlar birlikdə evə qayıdıb, qonşuları axtarmağa başladılar.

Bir qapıda qonşunun on yaşlı oğlu onlara xəbər verdi ki, məktəbdən gələndə qapıda bir kareta gördüm. Maraqlanıb dayandım. Bir də onu gördüm ki, iki papağı nişanlı kişi Sərvinaz bacını güclə sürüyüb karetaya basdılar, kareta da getdi.

– Bəs Sərvinaz bir söz demirdi?

– Yox, səsi çıxmırdı, onların əlindən qurtarmaq üçün dartınırdı.

Uşağın dedikləri məsələni aydınlaşdırdı. Kimsə məsləhət gördü ki, Kələntərə şikayət etsinlər...

...Kələntər, həyətində sıx kölgə salmış qarağacın altında oturmuşdu. Altı-yeddi nəfər fərraş və bir neçə şikayətçi də ayaq üstə dayanmışdı.

Kərim kişi dərdini ağlaya-ağlaya danışdı. O danışdıqca Kələntər başını aşağı dikib gülümsəyir, kim bilə nələr fikirləşirdi.

– Ürəyini sıxma, ay Kərim, bu iş təkcə sənin başına gəlməyib ki... Bu, beşinci hadisədir ki, bizim şəhərdə baş verir. Get, xatircəm ol, sənin qızına heç zad olmaz. Bal deyil ki, barmaqlayalar. Uzaq başı, iki gün saxlayıb buraxacaqlar. Əgər iki günə kimi gəlib çıxmasa, yenə bura dəyərsən.

Bu iki günü ata ilə Yəhyanın nə cür keçirdiyindən heç kəsin xəbəri olmadı.

Yəhya müəlliminə yazdığı məktubda əhvalatı belə şərh etmişdi.

“...Hələ qonşu oğlanın şəhadətini eşidəndə bildim ki, mənim namusumu bada verənlər – kareta sahibləri, zahirdə əhalinin namusunu qoruyan, əslində isə namussuzların özləridir.

Əvvəllər bir toyuğun başını kəsməyən mən indi bütün bu şəhərə od vurub yandırsam, zərrəcə uf demərəm. Indi məndə belə fikir oyanmışdır ki, “ədalət” sözünün özü də əsası olmayan bir birləşmədir. Bu kəlmə məhz mənimkimilərin intiqam hissini öldürmək, qəzəbini azaltmaq, hirsini soyutmaq üçün yaranmışdır!

Doğrudan da əgər belə bir nemət varsa, bəs hanı?!

Mən xoşbəxt olacağıma əmin idim. Təəssüf ki, Sərvinazın özünü intihar etməsi həyatı gözümdə heçə endirdi. Mən indi yaşamasam yaxşıdır...

Kələntərin dediyi kimi də olmuşdu: qızı iki gün sonra gətirib darvazaya buraxmışdılar.

Bunu görüncə bədbəxt əmim mənim dalımca qaçmışdı. Heç bilmirəm özümü evə nə cür yetirdim.

Mən həyətə yetişəndə Sərvinaz divara söykənib gözlərini yerə dikmişdi. Köhnə qara çadrası ayağının altına düşmüşdü. O, məst adamlar kimi idi. Zəif, güclə eşidilən bir səslə dedi:

– Mənə yaxın gəlmə!

– Neçün?

– Murdarlanarsan!

– Sən haraya getmişdin ki?

– Getməmişdim, zorla aparmışdılar!

– Səni harada saxlayırdılar?

– O kişinin evində.

– Hansı kişinin?

– Nə bilim?

– Bəs kim olduğunu öyrənmədin?

– Hamı ona vəlahəzrət deyib baş əyirdi.

– Kim idi o baş əyənlər?

– Orada olan başı nişanlı nökərlər, qulluqçular... Mən yaramaz oldum, mən ləkəli oldum. Yenə də çox şadam ki, heç olmasa bu axır nəfəsimdə səni görə bildim. Səni başıma gələn fəlakətdən xəbərdar edə bildim...

Özlərini itirmiş əmimlə bibim bu işə quruyub qalmışdılar.

Mən Sərvinaza yaxınlaşdım. Onu qucağıma alıb evə aparmaq istədim. Lakin qız məni itələdi:

– Zəhmət çəkmə, hamısı hədərdir. Keç dur qabağımda, qoy axır dəqiqələrimdə sənə baxım!..

– Sənə nə olubdur? – Dəlicəsinə qışqırdım.

– Tiryək yemişəm! – deyib müvazinətini saxlaya bilmədi. Yerə yıxılanda onu qucaqlayıb otağa gətirdim.

Heyhat! O gözəl arzular bir kasa su kimi calanmışdı. Mən daha orada dayana bilməyib, öz hücrəmə qaçdım. Nə olursa-olsun, özümü o məsum qıza, zavallı məxluqa çatdırmalı idim.

Dünyadan o qədər zəhləm gedirdi ki, heç bu məktubları yazmaq istəmirdim. Lakin müəllimim və yoldaşlarım mənim macəramdan xəbərdar olsunlar deyə, başıma gələn qəziyyəmi yazmağı üstün tutdum.

Qardaşlar! Şəraitə baxın. Mənə “Xəsərətt-dünya vəl axirə”[3] deməyin. Öz namusunuzun keşiyində olun!..”

Xiyabani məktubu oxuyub qurtardı. Eşidənlər bu faciəni törədənlərə lənət yağdırdılar.

Cənazələri bir-birinin yanında basdırdılar; hər ikisinin başdaşısında “Nakam” sözünü də əlavə etlilər.

O gündən də Xiyabaninin moizələri açıq təbliğat xarakteri aldı.

Dinləyiciləri çoxaldıqca, vəliəhd sarayı üçün də təhlükəli vəziyyət yaranırdı.

 

11.

Xiyabaninin arxasında hər gün mindən çox adam namaz qılardı. Elə buna görə də o, mədrəsədən çıxdığı zaman tələbələrin çoxu ardınca gedərdi. O, hər gün camaatın namaz qıldığı Kərimxan məscidinə çatanda ardınca gələnlərin sayı bir neçə yüzə çatırdı. İrəlicədən gəlib məsciddə oturanlar da olurdu. Azan-iqamə oxunub qurtaran kimi axund cərgələrdə duran adamların qabağına keçərək, eynəyini çıxarıb qabına qoyar, balaca əmmaməsinin bir ucunu açar, onu təhtəlhənək edərək boynundan sallardı. Təkbirçinin ucadan dediyi: “Allahü əkbər” sözü ilə bərabər o da namaza başlardı.

Bu gün birinci rükət qurtarar-qurtarmaz müridlərdən biri məscidə daxil olub, birbaş Xiyabaninin yanına getdi: O, əlində tutduğu vərəqəni Xiyabaniyə təqdim etcək, keçib cərgədə dayandı. Arxa cərgədə duran möminlərdən biri mızıltı ilə deyindi:

– Heç namaz üstündə də adama məktub verərlər?

Yoldaşı onu üsulluca dürtmələdi:

– Görəsən nə hadisə baş verib ki, namazın qurtarmasını gözləmədi.

Vərəqəni ötəri oxuyan Xiyabani gülümsünüb, dərhal minbərə tərəf yeridi. Üçünçü pilləyə çatanda arxa cərgədəkilər onu gördülər. Xiyabaninin namazı yarımçıq qoymasını hərə bir yana yozdu. Lakin onun müraciətlə dediyi sözlər camaatın narahatlığına son qoydu:

– Ay qardaşlar, sevinə bilərsiniz... axır ki, gözlədiyimiz gün gəlib çatdı:

Aşağıdan cır bir səs eşidildi:

– Yəqin İmam Əcəlüllahi-Fərəcə zühur edibdir.

Xiyabani bu sözü deyənə dedi:

– Yox, əzizim, imam zühur eləməyib. Lakin ona oxşar bir iş olubdur. Əlahəzrət Müzəffərəddin şah millətə məşrutə veribdir.

– Nəmənə olubdur?

– Məşrutə...

– O nə olan şeydir, oğlan?

Xiyabani camaatı nikarançılıqdan qurtardı:

– Məşrutə insan arzularına açılan bir cığırdır. Namazdan sonra dağılışmayın, hamımız təzəcə açılan əncümənə gedəcəyik. Bundan sonra hər kəs namazını öz evində qılacaqdır. Biz əncüməndə məşrutə haqqında danışacağıq. Məşrutənin nə olduğunu bilmək üçün siz onu öyrənməlisiniz. Hələlik sizə bunu deyə bilərəm ki, biz də Şeyx Səlim və Siqqətül İslam kimi məşrutənin tərəfdarı olub, onu müdafiə edəcəyik.

Sonralar Xiyabani əncümən yerləşən binaya yaxınlaşanda arxasınca gələnlərin sayı daha da çoxalmışdı.

O, Səttar xan, Bağır xan, Əli Müsyö və Əliağa Davaçını da burada görüb, onların müəyyən bir siyasi partiyaya rəhbərlik etdiyini hiss etmişdi.

Şeyx Səlim ilə Siqqətül Islam ona öz yanlarında yer verdilər. Elə bu vaxt başçılarının xahişi ilə Şeyx Səlim oturduqları zalın pəncərəsinin qabağına gəlib, həyətə və damlarda oturan camaata xitabən nitq söyləməyə başladı.

Şeyx Səlim ilə Siqqətül Islam çox məharətli natiqlər idi. Ikisi də istədiyi qədər nitq söyləməyi, hadisələrə günün tələbi ilə yanaşmağı bacarırdı. Lakin Şeyx Səlimin bu günkü nitqi nədənsə heç kimə təsir etmirdi. Camaat bir-birinin üzünə baxır, başlarını bulamaqla bir şey başa düşmədiklərini bildirirdilər. Bunu duyan natiq dərhal sözünü dəyişdirməli oldu. Qurandan gətirdiyi ayələri bir tərəfə buraxıb, sadə dildə dedi:

– Ay mənim ayağıyalın, əliqabarlı qardaşlarım! Məşrutə olandan sonra daha buğdaları anbara vurub, dərinizi soyan olmayacaq. Ucuzluq olacaq. Hər iş ədalətlə görüləcək. Zülm aradan qalxacaq. Onun yerində məhəbbət və dostluq bərqərar olacaqdır.

Xalq azacıq nəfəsini dərdi. Şeyx Səlim oturanların üz-gözündə təbəssüm görüb, nitqinə davam etdi:

– Bəli, elə ki, məşrutə oldu, qurd qoyunla otlayacaq, gəliriniz çoxalacaq, yaşayışınız yaxşılaşacaqdır.

Camaat yer-yerdən səsləndi:

Yaşasın məşrutə!

Saqqalı döşünə dəyən, ucaboy, enlikürək bir kişi qışqırdı:

– Bundan sonra bir adam istəyirəm ki, saqqalına ülgüc vurdursun!

Bu sözlə özünün guya məşrutəni dərk etdiyini bildirdi.

Həmin axşam bütün şəhərdə çıraqbanlıq oldu. Bazar dükan bəzənmişdi, müştərilər şirniyə, çaya, şərbətə qonaq olurdular.

Hacı Mehdinin böyük həyəti də əlvan fanarlarla işıqlanmışdı. Dəstə-dəstə gələn adamlar bir-birini təbrik edir, ağızlarını şirin edib gedirdilər.

Xiyabani burada çıxış elədi. Onun danışdığı sözlər təsirli, irəli sürdüyü təkliflər çox ağıllı idi:

– Gözlənilməyən bu böyük neməti saxlamaq çox çətindir. Biz bu gün İran əhalisini məşrutəyə tərəfdar görürüksə, sabah bu, bəlkə də belə qalmayacaq. Biz bilirik ki, bu quruluş köhnə quruluşdan bərk-bərk tutanların xeyrinə olmayacaqdır. Köhnə quruluşdan xeyir görənlər, bunu hiss edən kimi ona zidd çıxacaq, yenə də geriyə dönmək istəyəcəklər. Buradan da toqquşma başlanacaqdır. Həmin toqquşmada məşrutənin – azadlığın əhəmiyyətini bilənlər ona sədaqətli qalacaqlar. Vaxtdan istifadə edərək camaatı başa salmalıyıq...

O gecədən başlayaraq, Xiyabani ilə bərabər Şərifzadə, Mirzə Cavad, Mirzə Hüseyn, Şeyx Səlim də camaat arasında çıxış edərək, məşrutə və azadlığın nə demək olduğunu xalqa başa salmağa başladılar.

Gündəlik mitinqlər camaat namazının yerini tutmuşdu. Xiyabani ilə Şərifzadə Kərimxan məscidinə təhkim olunmuşdular. Hər gün onlar burada minbərə çıxaraq məşrutədən danışır, camaatın verdiiyi suallara cavab verirdilər. Onlar gecələr məşrutə cəbhəsinin başçıları ilə bir yerə yığışıb məclis və əncümən vəkilləri haqqında fikir mübadiləsi edərdilər. İşlər yaxşı gedirdi. Feodal, xan, bəy, fərraş, çubuq-fələqqədən başqa heç nə görməyən bir ölkədə az müddətdə ədliyyə, maliyyə, nəzmiyyə, əncümən, maarif, poçt-teleqraf, yol idarələri işə başladı. Mütəşəkkil halda olmasa da, bu idarələrin əmələ gəlməsi ilə yanaşı, zidd qüvvələr də yaranırdı. Gün o gün oldu ki, həm əncümən, həm də məclis vəkilləri seçilib qurtardı. Xiyabani də, yoldaşları da Təbriz əhalətinin əncüməninə vəkil seçildi. “Acı körpü” başında böyük bir mərasim oldu. Təbrizin əhalisi Tehrana gedəcək birinci dövrə vəkillərini yola salırdı.

Bu mərasim o qədər təntənəli, təsirli və səmimi keçdi ki, yüzlərlə adam şadlığından ağladı. Burada millət adından danışan ilk adam Xiyabani oldu:

– Siz xatircəm ola bilərsiniz, əziz qardaşlar, xalqımızın mənafeyini orada müdafiə edəcəyik. Sizin verdiyiniz əməlləri yerinə yetirəcək, azadlıq uğrunda son damla qanımıza qədər vuruşacayıq. Biz yaxşı bilirik ki, bizi yarı yolda qoyub qaçanlar da olacaq... Lakin xalqın mənafeyini müdafiə etməyənlər xalq cəzasından qurtara bilməyəcəklər!

12.

– Mən hələ o zaman demişdim ki, bizi yarı yolda qoyub qaçanlar çox olacaqdır. – Xiyabani minbərdən xalqa müraciətlə deyirdi. – Bir zaman vardı. Mir Haşım Dəvəçi hamıdan çox döşünə döyürdü. Elə ki, Müzəffərəddin şah vəfat etdi, vəliəhd Məhəmmədəli Mirzə taxta çıxdı; onda Mir Haşım bizdən ayrılaraq Dəvəçi məhəlləsində “İslamiyyə” adında əncümən təşkil etdi. Əhalini zülm altında saxlamağa çalışan müftəxorlar və həqiqi məşrutədən uzaqlaşanlar bizdən ayrılıb onun başına yığışdılar. Bu iş elə belə də olmalı idi. Dünənə kimi irəlidə hay-həşir salan Mir Haşım indi evdən bayıra çıxanda onu əlli nəfər silahlı müşayiət edir. Adam öldürür, ev yandırır, bazarı talan edir. Bu gün səhər Tehrandan aldığımız bir

teleqrafda xəbər verirlər ki, yeni şah məşrutəyə xain çıxıb, məclisi topa tutdurub. Azərbaycan vəkillərindən Mirzə İbrahim ağa da öldürülənlərin içindədir. Tehranın ən məşhur azadxah natiqlərindən “Suri-İsrafil” və “Həblilmətin” ruznaməsinin müdirləri Məlikül Mütəkəllimi və Mirzə Cahangiri faciəli surətdə öldürüblər.

Məhəmmədəli şah millətə, məclisə, məşrutəyə xəyanət etməyəcəyinə and içmişdi. O, Quranın hörmətini də ayaqlar altına saldı.

Camaat arasından bir səs ucaldı: “Məhv olsun Məhəmmədəli şah!” Qarma-qarışıq səslər gəldi.

– Mən də deyirəm məhv olsun belə şah!..

Xiyabani sözünə davam etdi:

– Biz əvvəl dediyimiz kimi, bir damcı qanımız qalanacan məşrutəyə tərəfdar olacağıq. Bəli, əsil kişilik, mərdlik bundan sonra bilinəcəkdir! Hələlik üzə çıxan bir məsələ varsa, o da Seyid Haşımın başçılıq etdiyi “İslamiyyə”nin feilidir. O, Təbrizin qeyrətli əhalisinə meydan oxuyur. Şahsevən, Qaradağ, Maku kürdlərini toplayıb, əhalini istibdada boyun əyməyə sürükləmək istəyir. Məhəmmədəli Mirzənin əmri ilə mərəndli Şücanizam öz atlı-piyadası ilə gəlib Surxabda yerbəyer oldu. Eşitdiyimizə görə, qaradağlı Rəhim xanın oğlu da böyük qüvvə toplayıb Təbrizə tərəf hərəkət eləyir. Biz də əlimizi-əlimizin üstünə qoyub oturmamalıyıq. İndiyə kimi məşrutənin və azadlığın necə böyük bir nemət olduğunu öyrənirdiksə, bundan sonra onu müdafiə etmək haqqında düşünməliyik. Xarici ölkələrdə yaşayan iranlılar bütün varlığı ilə bizə kömək etməyə hazır olduqlarını da xəbər veriblər. Bakıdan göndərilən səkkiz yüz onaçılan tüfənk almışıq. Lazım olsa yüzlərlə adam da gələ bilər. Bununla onu demək istəyirəm ki, azadlığımızı müdafiə etmək üçün arxamız, köməyimiz var. Az da olsa, biz bu beş-altı ayda məşrutəni tanıdıq. Lakin bundan sonra bütün cəhdlərimiz onu saxlamaq barədə olacaqdır.

– Əziz qardaşlar, məşrutə bizim haqqımızdır! Yaşasın məşrutə!

Hamı bir səslə: “Yaşasın məşrutə!” dedi.

Xiyabanidən sonra Şərifzadə danışmağa başladı.

Şərifzadə ucaboy, gözəl-göyçək bir cavan idi. O, seyidlər ailəsinə mənsub olduğu üçün başına balaca göy əmmamə qoyurdu. Qara birçəklərinin ucu əmmaməsinin altından görünürdü. O da Xiyabani kimi dərin məlumatlı idi. Nəcəfdə təhsil alıb qayıdandan sonra müəllimliklə məşğul idi. Onun fikrincə, ən əvvəl əhalini qəflətdə saxlayan mollaları məhv etmək lazımdır. Lakin Xiyabani, Şeyx Səlim, Siqqətül Islam kimi alim azadxahlar onunla razılaşmır, bu gün üçün daha vacib işlərdən yapışmağı məsləhət bilirdilər.

Şərifzadənin bugünkü nitqi Xiyabaninin nitqi ilə vəhdət təşkil etsə də, daha kəskin idi. Elə buna görə də daha təsirli oldu.

Günortadan xeyli keçmiş Xiyabani Şərifzadəni evlərinə, nahara apardı.

Süfrədə onlardan başqa iki adam da oturmuşdu. Bunlardan biri Xiyabaninin uşaqlıq dostu və silahdaşı Badamçı, digəri isə şəhərin məşhur taciri, tərəqqipərvər Hacı Məhəmməd Gənceyi idi.

Nahardan sonra Hacı Məhəmməd dedi:

– Bu gün Mir Haşım Dəvəçilinin ünvanına Tehrandan on min tümən barat gəlmişdi.

– Kimin öhdəsinə? – deyə Şərifzadə soruşdu.

– Bizim hücrə qonşumuz Hacı Abbas Duzduzanlının. Min tümən çatışmırdı, almayınca getmədilər. Kişi gəlib bizdən əlborcu alıb verdi.

– Məsələ məlum oldu. Yəqin onu Məhəmmədəli Mirzə göndəribdir. Bu pul şəksiz əncüməni dağıtmağa sərf olunacaqdır, – deyə Badamçı öz fikrini bildirdi.

Qapı çıqqıldadı. Xiyabani qalxıb külfətin sarı məcməyidə gətirdiyi dörd stəkan çayı alıb hərəyə birini verdi. Özü yerə otura-otura təəssüflə dedi:

– İş vuruşmağa çatacaqdır.

Şərifzadə dedi:

– Qan tökülmədən əldə edilən məşrutənin nə qiyməti, nə də ömrü olmaz. Vuruşmalar inqilabın binövrə daşıdır. Min illərlə kök salmış bir quruluşu yenisi ilə əvəz etmək çox da asan deyil.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info