Qonaq Kitabı
II Hissə

1.

İki yüz dəvədən ibarət bir karvan arandan yaylağa ağır-ağır hərəkət edirdi. Hər yeddi dəvənin ofsarı bir nəfərin əlində idi. Yarıyatmış, yarıoyaq yol gedən dəvəçilər dəvələrin ayağı yöndəmsiz yerə düşəndə diksinir, gözlərnni açırdılar.

Baharın axır ayının qızmar günəşi boyun-boğazlarını, üzlərini yandırmasın deyə müsafirlərdən çoxu papaqlarının altından başlarına yekə dəsmal salmışdılar. Onlar dəvələrin üstündə yel dəyən budaq kimi yırğalanırdılar. Qırmızı fəsinin üstünə yaşıl parça sarıyıb, ağ atını gah karvanın arxasınca, gah da qabağındaca sürən çavuş hərdənbir: “Və-bər, həbibi xuda, xətm əmbiya səlavat!”[1] – deyə-deyə böyük bir orkestrin yeganə solisti kimi hicaz oxuya-oxuya bələdçilik edirdi.

Gül-çiçəklə bəzənmiş dağ yolları Xoy şəhərinə gələn müsafirlərə ruh verirdi. Çavuşun ardınca gedən bir nəfər kəcavənin sağında oturan uzunsaqqal kişi ilə danışması qocanın varlı-karlı və nüfuzlu şəxs olduğunu bildirirdi. O, Təbriz müdərrisi Hacı Pişnamaz ağa idi. Kəcavənin o biri tərəfində oturan qadın onun arvadı Hacı Səriyyə xanım idi.

Qocalar, bir övlad – heç olmasa bir kor qız üçün dəfələrlə ata, qatıra, dəvəyə minib, Kəbəyə, on dörd məsum ziyarətinə getmişdilər. Nədənsə indiyədək Allah dərgahında onların iltiması qəbul olunmamışdı.

Yoldan bir az kənarda, zümrüd kimi yaşıl döşdə bir sürü otlayırdı. Bu qədər adamdan, dəvələrdən qorxmayıb, sürüdən ayrılaraq karvana tərəf güllə kimi gələn bir itlə iki balasını görən qadının dərdi təzələndi:

– Pərvərdikara, ilan yerisin, balaları da dalınca. Amma – mən... Səd şükür cəlalına! Bu itincən də olmadım?!

Qadının sözlərini eşidən qoca yenə də ona təskinlik verdi.

– Səbir elə, xanım. Allah məsləhətidir. Bu fani dünyanın işi belədir, hərə bir cür müsibətə giriftardır.

Yol nə qədər uzun olsa, karvan nə qadər ağır getsə də, tez-tez bir-birini əvəz edən ürəkaçan mənzərələr yolu qısaltmış, Ərəbistanın qumlu düzənlərindən çəkdikləri əzabı onlara unutdurmuşdu.

Nəhayət, dağlıq yol qurtardı, müsafirlər geniş bir düzənliyə yetişdilər. Ətrafdakı mənzərə karvan əhlini lərzəyə salan kimi oldu. Düzü dünyanı su qutub, yolu bağlamışdı.

– Deyəsən güclü yağış olub.

– Bəli, ağa elədir ki, var. Bəs biz oradan necə keçəcəyik?

– Keçə bilməsək, bu tərəfdə oturarıq – deyə Hacı Pişnamaz arvadına cavab verdi.

Onlar suyun kənarına yetişdilər.

– Ora baxın, bir adam huşsuz düşüb qalıb!.. Çavuş irəliyə işarə etdi. – Özü də zənən xeylağıdır!..

Qadını xilas etmək üçün nə çavuş, nə sarban, nə də dəvəçilərdən biri yerindən tərpənmədi. Hacı Pişnamaz ağa arvadına dedi:

– Deyəsən, qarı, Allah ərzimizi eşidib, duamız müstəcəb olur.

– Necə bəyəm, Hacı ağa!

– O qız xeylağı kim olur-olsun, onu övlad kimi özümüzlə Təbrizə aparmalıyıq.

– Indi ki, Allah belə istəyib, nə deyirəm, ağa, mən razı... – Qadının sevincindən gözləri doldu.

Hacı Pişnamaz sarbanı çağırdı:

– Baxın, ölmüyübsə, gətirin bizim kəcavəyə.

Sarbanın əmri ilə dörd adam oraya yüyürdü.

Bu, bir qız idi, qorxudan gözlərini bir anlığa açıb təzədən yumdu. Onu Hacı Xanımın yanında uzandırdılar. Karvan yeddi ağaclıqda olan Ağbulaq kəndinə qayıqdı. Günorta vaxtı qız gözlərini açdı. Ailələrinə və tayfalarına üz verən bədbəxtliyi danışandan sonra onun Paşa bəy Pezikinin qızı Dürdanə olduğunu bildilər.

Çoxlu kişi, qadın və uşaq cənazəsi tapıb dəfn etdilər. Bahar xanımın da cəsədi tapılmışdı. Onun boynunda olan qızılları gətirib verəndə qızın təzədən ürəyi getdi.

Paşa bəyin cənazəsi tapılmamışdı. Dürdanə tez-tez ayılıb özündən gedirdi. Anasının nişanələrinə baxdıqca halı daha da xarablaşırdı. Son dəfə gözlərini açanda başını Hacı Xanımın dizi üstündə gördü. Qadın ağlayır, Allaha yalvarır, ona şəfa diləyirdi. Hacı Xanımla Pişnamaz ağa onu özlərinin yeganə övladı kimi sevəcəklərinə, atasını axtarıb tapacaqlarına qızı inandırandan sonra, Dürdanə yavaş-yavaş özünə gəlməyə başladı.

Xoy şəhərinə yetişməyə beş ağac qalmış pişvaza çıxanların başı açıldı. Məşhur məqbərə seyidləri iki boş fayton göndərmişdilər. Onların birində Dürdanə ilə Hacı Xanım, digərində Hacı Pişnamaz ağa ilə başqa bir Hacı oturdu. Dürdanə ilk dəfə idi ki, faytona minirdi. Hələ Ağbulaqda ikən Hacı Xanım yeddi arşın qara parça alıb, bir çadra tikmiş, naməhrəmlərdən gizlənməyi Dürdanəyə tapşırmışdı. Ancaq bu dağlar gözəli, elat qızı heç cür çadraya bürünməyi bacarmırdı. Bir də görürdün ki, yadından çıxarıb, Hacı Pişnamaz ağa ilə üzüaçıq danışır.

Kəcavədən düşüb faytona minmək Hacı Xanıma Dürdanədən artıq xoş gəldi. Üzünü bürümək yenə Dürdanənin yadından çıxmışdı. Bu dəfə Hacı özü faytona yaxınlaşmalı oldu:

– Qızım, hərçənd ki, adəti tərk etmək çətindir, ancaq bilməlisən ki, bundan bu yana şəhərdir. Şəhər dağın başı deyil. Orada qadınlar üzlərini örtür, naməhrəmlərdən gizlənirlər.

Vilayətdən gələnləri qarşılamağa çıxanların sayı-hesabı yox idi.

Dürdanə Hacı Xanıma tərəf əyilib soruşdu:

– Ay xanım, görəsən bu qədər camaatın börkünü (papağını) kim tikir?

Hacı Xanım çadranın altından gülüb dedi ki, bir gün səni Təbrizdəki börkçü bazarına aparram, bilərsən...

2.

Pişnamaz ağanın Təbrizdəki bağlı-bağçalı həyəti, ikimərtəbəli evi, bəzəkli otaqları, böyük çil-çıraqları, kitab dolabları Dürdanəyə qəribə göründü. Ən qəribəsi isə bu idi ki, düz üç ay Hacı Səriyyə xanımın görüşünə gəlib-getdilər. Dürdanə fikir-xəyalat eləməsin deyə, Hacı Xanım onu da özü ilə bazdidlərə (qonaqlıqlara) aparırdı.

Hacı Xanımla Pişnamaz ağanın Dürdanəyə məhəbbəti gündən-günə artdığı kimi, Dürdanə də tədricən onlara alışır, onları sevməyə başlayırdı.

Hacı Pişnamaz ağa yenə də mədrəsədə dərs deyir, gündə iki kərə camaat namazında hazır olur, minlərlə adam onun arxasında səcdəyə gedirdi.

Lakin Təbriz xanımlarının çoxu Dürdanəni qulluqçu bilib Hacı Xanımın onu bu qədər əzizləməsinə heyrət edirdilər. Bir gün Hacı Xanım hamamda Dürdanənin başını yuyanda kisəçi Həcərlə o biri arvadlar şaqqanaq çəkib güldülər. Kimdisə fısıldaya-fısıldaya deyinirdi:

– Adam öz qarnından çıxanı bu qədər əzizləmir, bu, qulluqçuya gör nə ürəyiyananlıq eləyir?!

Qızına qulluqçu deyilməsi Hacı Xanıma bərk toxunsa da, heç kimə bir söz demədi.

Ay dolandı, il dolandı, yenə də zilhiccə ayı gəldi.

Hacı Xanım mərsiyəxan çağırmışdı. Bu günün fəzilətindən danışdılar, sonra müsibətdən oxudular. Qadınlar, eləcə də anasını, atasını, el-obasının faciəsini xatırlayan Dürdanə də doyunca ağladı. Mərsiyəxan gedəndən sonra Hacı Xanım gəlib molla oturan səndəldə əyləşdi. O, çox iri bir çadraya bürünmüşdü. Ağ parçadan tikilmiş iri çadrasını əba kimi özünə bürmələdi, üzünü qonaqlara tutdu:

– Hörmətli bacılarım, bilin ki, Allah-taalanın mənə və Pişnamaz ağaya rəhmi gəlib, bu qızı (Dürdanəni göstərdi) bizə bağışlayıb.

Qadınlar mat-məətqəl qalıb, birdən hönkürtü ilə ağlaşdılar. Hacı Xanım səndəldən düşüb yerdə oturdu və yaxasını açaraq Dürdanəni yanına çağırdı.

– Gəl, keç mənim yaxamdan, bu xanımlar da görsün!

Gözlərinin yaşını saxlaya bilməyən Dürdanə çadrasını yığışdırıb, Hacı Xanımın dediyini yerinə yetirdi. Hacı Xanımla qız ikisi də bir köynəyin içində oturdu.

– Otur, qızım, – deyə başqa bir qadın Dürdanəni təzədən oturmağa dəvət etdi.

Dürdanəni dartıb xanımın köynəyindən çıxartdılar.

– Allah ruzusunu bol eləsin! – deyə hamı əlini yuxarı qaldırdı.

Qalanlar qıza səadət arzulayıb şərbət içdilər.

Qonaqları həyət qapısınacan: “Nəvə, nəticə sahibi olasınız” – deyə-deyə müşayiət edən Hacı Xanım o gün oqədər sevinmişdi ki, ayaq üstə dura bilməyib yerə uzandı.

Dürdanə artıq Hacı Xanımın doğma qızı hesab olunurdu...

Axşam Hacı Xanım ərinə əhvalatı danışdı. O da şad oldu. Indi qızı oxutmaq lazım idi. Ərlə arvad molla Minanı gətirdib, qızı evdə oxutdurmağı qərara aldılar.

Günlər, aylar, illər gəlib keçdi. Dürdanə əməlli-başlı şəhər qızı olmuşdu.

Bu gün Şeyxin arvadı, qızı və onun yaşyarımlıq oğlu Hacı Xanımgilə qonaq gəldi. Uşaq Dürdanəyə o qədər xoş gəlmişdi ki, qonaqlar gedənə kimi onu qucağından yerə qoymadı. Bunu gözdən qoymayan Hacı Xanım elə bil ki, yatmışdı, oyandı: “Mənim də belə şirin nəvəm olsa, evimiz daha da günəşli olar” deyə axşam yenə də ərilə danışmalı oldu.

– Biz, bu qızı nə vaxtacan subay saxlayacağıq? Axı şərən biz günah elirux.

Kişi də diksinən kimi oldu:

– Düz deyirsən, Hacı Xanım, bu işdə Allah özü bizi bağsışlasın...

– Sənin tələbələrindən bir yaxşısına versək, necə olar? – deyə Hacı Xanım öz fikrini bildirdi.

– Başqa yerdən istəyən yoxsa, mən sabah gələcəyinə ümid bağladığım bir oğlanı bura göndərərəm. Gəlsin, mənim kitablarımın içindən bir kitab seçib götürsün. Qoy qız onu görsün.

– Oğlan kimdir, Hacı ağa?

– Bir yaxşı kişinin oğludur. Tələbələrimin içində ondan zirəngi, səxavətlisi yoxdur. O, təkcə fiqh-üsul deyil, başqa elmləri da öyrənir, böyük-böyük alimlər ondan çox razılıq edirlər. Qız oğlanı, oğlan qızı xoşlasa, ikisi də xoşbəxt olar.

– Qız oğlanı necə görəcək? Mən ona necə deyim ki, üzünü aç, oğlana göstər?

Hacı Pişnamaz ağa güldü:

– Təki qız onu bəyənsin, qalanı asandır.

– Axı, necə asandır?

– Bir gün oğlanı çağırıb nəzər siğəsi oxuyaram, qıza da icazə verərik ki, Məhəmməd peyğəmbərin qanununa görə üzünü ondan gizlətməsin, oğlanla söhbət

eləsin.

Həmin günün səhəri Pişnamaz ağa mədrəsəyə gedəndən bir saat sonra qapı döyüldü. Bazarlıq gətirən hambal, Hacının qulluğa göndərdiyi tələbələr qızı görməsin deyə hər vaxt Hacı Xanım qapıya gedərdi. Əgər təsadüfən Dürdanə getsəydi, onda Hacı Xanım qıza tapşırıq verərdi: “Çadranı bürün, üzünü tut, soruş, sonra qapını aç”.

Bu gün qapı döyüləndə Hacı Xanım pəncərə qabağında oturub sulu qəlyan çəkir, Dürdanə isə çit çadranın uclarını belinə bağlayıb, hovuzda əllərini yuyurdu. Qapının səsini eşidəndə Hacı Xanım oturduğu yerdən dilləndi:

– Ay qız, gör kimdir!..

Dürdanə cəld qapıya getdi. Daha yadına düşmədi ki, çadranın uclarını açıb üzünü gələn adamdan gizlətsin.

– Qapı döyən, kimsən? – deyə qız ahəstə və məlahətli bir səslə soruşdu.

Ömründə bir qızı doğru-düzgün görə bilməyən, onunla kəlmə kəsməyən oğlanı belə ahəngdar və cingiltili səs ahənruba kimi özünə cəzb etdi:

– Məni Hacı ağa göndərib... evdə bir kitab var, onu aparacağam. – Oğlan titrək səslə cavab verdi.

Elat qızı ehtiyat hiss etmədən qapını açıb kənara çəkildi. Gözündə qalın şüşəli eynək olan bu gənci haradasa gördüyünü dərhal xatırlaya bilmədi. Gənc içəri daxil oldu. “Adam da adama bu qədər oxşayar?!” – deyə öz-özünə pıçıldadı. Onun duruxduğunu qız görsə də nə pıçıldadığını eşitmədi. Çünki o da ildırım vurmuş adamlar knmi yerindəcə quruyub qalmışdı. Dürdanə birdən “Vay” edərək utandığından özünü qapının dalına atdı. “Biabır oldum. Üzüm açıq, yad oğlan...” Oğlanı da fikir apardı. “Ona nə oldu?..” Hər ikisinin üzündə tər damcıları muncuqlanmışdı. Məhəmməd nə edəcəyini unutmuş kimi idi. Qızın pıçıltısı eşidildi.

– Kitablar evdə, dolabdadır, buyurun içəri.

Məhəmməd həyətə keçib, evə tərəf addımladı. Pəncərə qabağında oturan Hacı Xanım Məhəmmədə müştəri gözü ilə baxırdı. Oğlanın təzim edib, ədəb-ərkanla salam verməsi, qızı görəndə utanması, bir sözlə, özünü həyalı aparması xanımın çox xoşuna gəldi.

Oğlan gedən kimi Dürdanəni yanına çağırdı.

– Sənə bir söz demək istəyirəm, qızım.

Dürdanənin ürəyinə damdı ki, bu adi sözə oxşamır... Hər nəsə, kitab almağa gələn oğlan barədə olacaq...

Qızın xəyalı Ələnd dağlarının ətəklərinə uçdu. Evləri, elatları yadına düşdü. Bir vaxt onlarda qonaq qalan qəşəng oğlanı xatırladı. O bu oğlana necə də oxşayırdı!

Dürdanə onu yamanca xoşlamışdı. Sonra o dəhşətli gecə qızı sarsıtdı. Qəlbinin dərinliyində ildırımlar çaxdı, mələşən qoyun-quzuların səsini eşitdi, leysan yuyub apardığı çadırları, fəryad edən anası, arvadını, qızını haralayan atasını, bədqədəm elçiləri, daha nələri, nələri xatırlayıb köks ötürdü. Özü də hiss etmədən gözlərindən yaş axmağa başladı. Çadrası köməyinə çatdı, tez gözlərini sildi, Hacı Xanım onun ağladığını görmədi.

– Qızım, o gün Şeyxin nəvəsini gördün?

– Bəli, Hacı Xanım, Allah saxlasın, göyçək uşaqdı, lap təzə doğulan quzulara oxşayırdı.

– Elə mən də, Hacı Pişnamaz ağa da onu deyirik: yaman sevməli uşaqdı. Axı biz də arzulayırıq ki, elə bir uşağımız olsun, nəvəmiz olsun. – Dürdanə mətləbi anlayıb, başını aşağı saldı. Hacı xanım sözünə davam etdi. – Bax, belə bir oğlana getsən, həm Allahın əmri, peyğəmbərin şəriətini yerinə yetirmiş olarsan, həm də bizim muradımız hasil olar. – Dürdanə dinmədi, üzü rəngdən-rəngə düşdü. – Mənə de görüm, səni o oğlana versək, gedərsənmi?

Dürdanə neçə il qabaq doğma anası Bahar xanıma verdiyi cavabı Hacı Xanıma da verdi:

– Mən bilmirəm, ixtiyar sizindir. Başımı ha tərəfə kəssəniz, qanım da o tərəfə axacaq... – deyib otaqdan çıxdı və öz otağına yüyürdü.

3 .

Hacı Xanımla Pişnamaz ağa arzularına çatmışdılar. Onlar Dürdanənin toyunu, ilk və ikinci övladını görə bildilər. Vəsiyyətlərinə görə Dürdanə onların yeganə varisi oldu.

Qız, ömrünün nübarları olan iki qızı ilə əyləndikcə, ərinin nəvazişlərini gördükcə, keçmiş günləri unutmağa başlasa da, hərdənbir köhnə xatirələr yenə baş qaldırırdı.

Dürdanə sədaqətli bir övlad kimi hər cümə axşamı valideynləri üçün yasin oxuyur, Hacı Xanım isə tapşırırdı. Qızı hər şeydən çox darıxdıran atasının taleyi idi. Onun meyidi tapılmamışdı, ölüb-qaldısı bəlli deyildi. Elə bil qəlbi ona deyirdi ki, qorxma, atan səlamətdir. Bu fikirlər qəlbini yandırıb-yaxdıqca qız tez-tez ağlayırdı.

4.

Paşa bəy sudan çıxan kimi gözləri qaraldı, başı gicəldi, ayaqları sözünə baxmadı, arxası üstə yerə yıxıldı...

Bir azdan gecənin ayazı, soyuq gülək onu ayıldanda başına gələn fəlakəti birdən-birə dərk edə bilmədi. Bədəninə üşütmə gəldi, bütün vücudu lərzəyə düşdü: “Allah, özün mənə dözüm ver!” Paşa bəyi ağlamaq tutdu. Onun hönkürtüsü ulduzlu gecənin sükutunu pozdu. Ağladıqca özündə yüngüllük duyurdu, elə bil yanaqlarında cığırlar açan göz yaşları qəlbindəki acı-ağrını yuyub aparırdı. Huşu özünə gəldikdə, məyusluq azalır, qəlbində ümid baş qaldırırdı: “Bəlkə məni qurtaran Allah onların da dadına çatıb?”

Paşa bəy ayağa qalxdı, böyük təpələrin arxasından boylanan Ələnd dağlarına sarı üz tutub getməyə başladı. Axşamçağı kiçik bir dərənin ağzında yerləşən Kəsyan kəndinə çatdı. Kəndxuda onu dərhal tanıdı, Paşa bəyə əlindən gələn hörməti etdi.

Ertəsi gün səhər kəndxuda Paşa bəyə at vermək istəyəndə o, etiraz etdi.

– Mən çay kənarı ilə axtarış apara-apara gedəcəyəm, oralardan at keçməz.

Paşa bəy gəlib öz yurduna çatdı. Gördüyü mənzərədən onun nə hala düşdüyünü təsvir etmək çox çətindir. Kişinin başına hava gələnə oxşadı. Bir müddət yerində quruyub qaldı. Haçandan-haçana özünə gələndə uşaq kimi hönkürməyə başladı.

...Paşa bəy arvadını, qızını tapmaq məqsədilə yola düzəldi. O, çölləri gəzir, kəndlərə baş çəkir. meşələrə girib-çıxır, lakin onun sorağına hay verən olmurdu.

5.

Arazın əlli kilometr qərbində yerləşən Maku şəhərinə yerli əhali Qala adı vermişdir. Yəqin ki, bu da oranın möhkəm və alınmaz olduğuna işarədir. Bu kiçik şəhər Şərqdən Qozbəli dağı, cənubdan başı az qala kəhkəşana toxunan Səbət dağı, şimaldan isə Sarıqaya ilə əhatə olunmuşdur. Sarıqayanın ucalığı üçyüz, uzunluğu isə min metrdən çoxdur. Sarıqaya (bu nəhəng daş baş tərəfdən o qədər əyilib ki, onun altındakı əlvan rənglərlə bəzənmiş binaları nə qar, nə də yağış tutmur. Sarıqayanın tən ortasında tikilmiş qalın divarlar şəhərə varid olan hər müsafiri təəccübləndirməyə bilməz. Elə adam olmaz ki, qayanın dibindəki bu nəhəng binaları görüb heyrətlənməsin.

Arakelin nalbəndxanası evinin dalındakı çardaqdan ibarət idi. Bədəncə sağlam olan bu adamın başındakı quzu dərisinə oxşar mahud papaq onun özündən xeyli yaşlı idi. Uzun illər günəş, qar, yağış, toz-torpaq altında qalan papaq əsil rəngini itirmişdi. Lakin üzdən saralsa da, dib tərəfdən hələ də qara idi. Arakelin dirsəkləri yamaqlı, rəngi bozarmış çuxasının da tarixçəsi var idi. Dediyinə görə, otuz il əvvəl İshaq paşa Yarımqaya müharibəsi zamanı Arakelin mərhum atası Xaçaturu qoşun atlarını nallamaq üçün aparmış və yaxşı xidmətlərinə görə paşa öz çuxasını əynindən çıxarıb, ona bağışlamışdı.

Arakelin qırx yaşı ancaq olardı. Ətraf mahalların adamları bu ustanı yaxşı tanıyırdı. Nə cür bəd at olurdusa, ustanın əlində yumşalıb mülayimləşirdi. At nədir, lap meşədən tutulmuş fili də o, itaətə gətirərdi.

Arakelin çardağı qonşusu Hüseynqulu bəyin həyət qapısı ilə üzbəüz idi. Buna görə də Hüseynqulu bəy bəzən evindən çıxanda Arakelin kefini soruşmamış, adamlarına lazımi göstərişləri verməzdi. Arakel şagirdi Hampo ilə bu çardaqda olardı. Qışın soyuğunda onlar balaca bir manqalda kömür qızardıb, ağac sandığın içinə qoyar, sandığın üstünə bir at çulu atıb ondan kürsü kimi istifadə edirdilər. Arakel özü dalını divara söykəyib oturar, Hampo da onun qənşərində əyləşib özünü qızdırardı.

Arakelin cavan arvadı Siranuş da özü kimi çalışqan, işgüzar idi. Onun toxuduğu ipək çorablar, necə deyərlər, bir üzüyə yerləşərdi.

Qızları Şuşanikin bir yaşı təzəcə tamam olmuşdu. Havalar xoş olanda Hampo onu qucağına alıb çardağa çıxardar, nallatmaq üçün gətirilən atlara mindirib oynadar, onunla da bir az nal döyməkdən dincələr, ən başlıcası isə ustanın arvadı Siranuşu özündən razı salardı. Hampo hər dəfə uşağı eşiyə çıxaranda Siranuş bərk-bərk tapşırardı:

– Bax, sənə tapşırıram, uşağın başına bir iş gəlsə, əlimdən qurtarmazsan ha! Elə ki, gördün Hüseynqulu bəy gəlir, uşağı tez içəri, evə qaçırt, yoxsa gözə gələr.

– Siranuş bacıya bax ha! Mən özüm bilmirəm ki, Hüseynqulu bəy bədnəzərdir? Onun gözü hansı uşağa dəysə, ox ilanı kimi onu çalar. Qardaşı oğlu Rəşid də deyir ki...

– Ay gədə, başından yekə qələt eləmə! Onu Hüseynqulu bəyin düşmənləri çıxarıbdı. Rəşid Hüseynqulu bəyin öz oğludur. Qardaşı oğlunun adı Əmoşdur. Amma burası var ki, zalım oğlunun gözləri daşa dəysə, daşı çatladar!

Bu gün Hampo uşağı eşiyə çıxaranda Hüseynqulu bəy çardağın altında durub Arakelə nə isə deyirdi. Qapının şıqqıltısı ilə Hüseynqulu bəyin dönüb uşağı görməsi bir oldu. Arakel o saat Hampoya göz ağartdı. Lakin iş-işdən keçmiş, Hüseynqulu bəy uşağı görmüşdü:

– Hampo, bu kimdir? – deyə Hüseynqulu bəy uşağa dolu gözlə baxanda Hamponun rəngi kağız kimi ağardı.

Arakel dili ilə dodağının arasında üç kərə bədnəzərə lənət oxudu. Hüseynqulu bəy hələ bir addım çardağın altından aralanmamışdı ki, Arakel deyinməyə başladı:

– Axmağın biri axmaq, sənə nə deyiblər?! Qaçırt uşağı içəri, Siranuşa da de ki, qoy üzərrik yandırsın.

Hamponun rəngi qaçmışdı. O bilmirdi ki, xanıma Hüseynqulu bəyin uşağı gördüyünü və Arakelin üzərrik yandırmaq sifarişini nə cür xəbər versin. Arakeldən daha çox o, Siranuşdan qorxardı. Arakel onu məzəmmət etsə də, söyüb döyməzdi. Amma Siranuş çox əzazil idi. Bir gün Hampo qatıq qabını əlindən saldığı üçün onun başına elə bir qapaz vurmuşdu ki, ağrısı hələ də getməmişdi.

Hamponun tez dönməsini, rəng verib, rəng almasını görən Siranuş şəkkə düşdü:

– Nə olub, ədə? Niyə uşağı tez qaytardın? Olmaya o köpək oğlu uşağı görüb?!

– Siranuş bacı, sən deyən o qədər də yaxşı görmədi...

– Bəs necə gördü? – deyə Siranuş Hamponun ağzını əydi.

– Siranuş bacı, sən elə bilirsən ki, mən uşağı küçəyə çıxarandan sonra o gəldi? Demə, köpək orada imiş... Qapı tıqqıldayan kimi oğru pişik tək dönüb dik baxdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info