Qonaq Kitabı
QAZILIQ QOCA OĞLU YEGNƏK

O da atını döndərib, geri döndü.

Beləliklə, igirmi dörd

Sancaq bəyi zəbun oldu.

Burda Yegnək, taza igid,

Ulu Tanrıya sığındı,

O zavalsız haqqı öydü:

– Ucalardan ucasan,

Kimsə bilməz necəsən,

Əziz Tanrı!

Sən atadan olmadın,

Sən anadan doğmadın,

Kimsə rizqin yemədin,

Kimsəyə güc etmədin,

Hamı yerdə əhədsən

Allah-i Səmədsən.

Adəmə, sən tac verdin,

Şeytana lənət qıldın, 

Bir suçdan ötrü

Dərgahından qovdun.

Nimrud göyə ox atdı,

Qarnı yarıq balığı

Oxuna qarşı tutdun.

Ululuqda həddin yox,

Sənin boyun-qəddin yox,

Ya cism ilə cəddin yox.

Vurduğunu ulatmayan, ulu Tanrı! 

Basdığını bəlirtməyən, bəlli Tanrı!

Götürdügün göylərə yetişdirdin, 

Qarqıdığını qəhr edən, qəhhar[1] Tanrı! 

Mədəd səndən!

Qara donlu kafərlərə at təpərəm, 

İşimi sən onar! – Dedi.

Dayanmayıb at saldı,

Yellər kimi yetişdi,

Yapışqan tək yapışdı,

Kafər təkurun çiyninə

Qılınc vurdu, geyimini, keçimini

Doğrayıb altı barmaq

Dərinlikdə yer eylədi.

Qara qanı şoruldadı,

Qara ayğır dərisindən

Çəkmələri qanla doldu,

Qara başı bükülü qaldı,

Durmayıb qalaya qaçdı.

Yegnək ardından yetişdi,

Hasar qapısı önündə

Qara polad qılıncı ilə

Ənsəsinə tutub çaldı,

Qara başın bir top kimi,

Yerə saldı, dönüb ləşkərə qayıtdı.

Zəbun kafər, atasını

Salı verdi, çıxıb gəldi,

Belə dedi: – Bəy igidlər,

Bu kafəri kim öldürdü?

Qaytabanın mayasını

Yüklü qoydum, nər doğmuş,

Maya doğmuş, onu bilsəm.

Ağılımın qoyununu

Yüklü qoydum, qoç doğdu,

Qoyun doğdu, onu bilsəm.

Ala gözlü, ağca üzlü

Həlalımı yüklü qoydum,

Oğul doğdu, ya qız doğdu,

Onu bilsəm, mərə, bəylər,

Yaradanın eşqinə, xəbər mənə!  

Yegnək burada söyləmiş 

Görək xanım nə söyləmiş:

– Qaytabanın mayasını

Yüklü qoydun, nər oldu.

Ağ ayılda qoyununu yüklü qoydun,

Qoç oldu, ala gözlü ağca üzlü

Həlalını yüklü qoydun, aslan oldu. 

Ata-oğul görüşdülər,

Ondan qalan bəylər hamı

Görüşdülər, bir ağızdan

Hasara yürüş etdilər,

Hər nə var yağmaladılar.

Yegnək ilə bəy babası

Gizli-gizli yaxa tutub

Sarmaşdılar, iki həsrət

Bir-biriylə bölüşdülər.

İssiz yerin qurdu kimi,

Ulaşdılar, haqq Tanrıya

Şükür qılıb, qalaçanın

Kilisasın viran edib,

Yerinə məçid yapdılar.

Əziz Tanrının adına

Xutbə oxudub,

Quşun ala qanlısını,

Qumaşın ən yaxşısını,

Qız-gəlinin göyçəgini,

Doqquzlama çərxab-çuxa,

Xanlar xanı Bayındıra

Beşdən bir çıxıb,

Qalanını döyüşçülər

Arasında bölüşdülər,

Geri dönüb evlərinə qayıtdılar.

Dədəm Qorqud çıxıb gəldi

Boy boyladı, söy söylədi,

Bu dastan “Oğuznamə”

Bəy Yegnəkin olsun, dedi.

Yum verəyin, yerli qara dağlarınız

Yıxılmasın! Kölgəlicə ağaclarız,

Kəsilməsin! Ağ saqqallı baban yeri

Uçmaq olsun! Ağ birçəkli anan yeri

Behişt olsun! Son nəfəsdə Tanrı sizi

Pak imandan ayırmasın!

Ağ alında beşcə kəlmə

Dua qıldıq, qəbul olsun!

Günahsızı adı gözəl Məhəmməd Mustafaya,

 Bağışlasın!



[1] Q ə h h a r – qəhr edən.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info