Qonaq Kitabı
QAZILIQ QOCA OĞLU YEGNƏK

Yeni avadanlıq qurulmaq üçün.

 

İştə ummaqlıqdan doğur hər küsü, 

Məhəbbət olmasa, küdurət olmaz.  

Silinir, durulur könül güzgüsü.

Ayrılıq olmasa, vəslət doğrulmaz. 

 

* * *

Yaranlar hey…

Xan oğlu Xan Bayandır,

Bir gün yerdən durmuş idi,

Ağ evlərin qara yerin

Üzərində qurmuş idi.

Ala seyvan göy üzünə

Aşınmışdı, 

Min bir yerdə ipək xalça 

Döşənmişdi.

İç Oğuzun ərənləri 

Söhbətinə yığılmışdı, 

Yemə-içmə başlanmışdı.

 

Qazılıq Qoca deyərlər,

Bir kişi vardı, xanlar xanı

Bayandırın vəziri idi.

Al şərabın itisindən

Qantarıban başı qızdı,

Qaba dizi üstə çökdü,

Xanlar xanı Bayındırdan

Axın üçün izn istədi.

Bayındır xan dəstur verdi:

– Hər bir yana istəsən var!

Qazılıq Qoca hər bir işə

Girib-çıxmış, işdə pişmiş,

Bacarıqlı, təcrübəli,

İşə yarar adam idi.

Bütün yarar qocaların

Yanına salıb

Yadağ  ilə, yarağ  ilə

Yola girdi.

Dağlar aşdı, çaylar keçdi,

Dərə-təpə yollar yürütdü,

Ta günlərin bir günündə

Qara dəniz sahilində

“Düzmurd” adlı bir qalaya

Gəldi, çatdı, ora qondu.

Sən demə ki, o qalanın

Arşın oğlu Dirək adlı

Təkuru var. O təkurun

Altmış arşın qamətidir.

Altmış batman gürz salar

Qatı, möhkəm yay çəkərdi.

Qazılıq Qoca çatar-çatmaz

Təbilləri çaldıraraq

Cəngə girdi.

Dirək təkur, qalasından

Dışara çıxıb, meydan açdı,

Ər dilədi.

Qazılıq Qoca onu görcək

Yel tək yetdi,

Yeləm kimi yapışaraq

O kafərin ənsəsinə

Qılınc çaldı, zərrə qədər

Kəsənmədi.

Dirək təkur növbət tapıb,

Altmış batman gürzu ilə

Qazılıq Qoca təpəsindən aşağıya

Tutub çaldı. Dünya başına

Dar gəldi. Alca qanı

Düdük kimi şoruldadı.

Qoca bəyi qarmalayıb

Qala içrə apardılar.

Bunu görən igidləri,

Üz çevirib qaçdılar.

Qazlıq Qoca on altı il

Dirək təkur qalasında

Dustaq oldu. Sonra,

Əmən deyərlərdi, altı kərə

O hasara hücum edib alanmadı.

Məgər, dostlar, Qazlıq Qoca

Tutulanda Yegnək adlı

Bir yaşında oğlu vardı.

Zaman keçdi on beş yaşa

Gəlib çatdı. Cılasın bir

İgid oldu. Babasın

Öldü bilirdi, yasaq edib

Tutulduğun oğlandan

Gizlədirdilər.

Məgər günlərin birində

Bəylər ilən qonuşarkən,

Qaragünə oğlu ilə

Uyuşmayıb sözləşdilər

Budağ aydır: – Burda nədən

Yalan yerə öyünürsən,

Hünərin var, ər dilərsən,

Get, babanı qurtargilən.

On altı ildir dustaqdadır.

Yegnək bunu eşidincə

Ürəyi yerindən oynadı,

Qaraca bağrı sarsıldı.

Bayındır xan huzuruna

Varıb gəldi, ağ üzünü

Yerə qoyub belə dedi:

– Alan sabah səfa yerdə

Tikiləndə, ağ ban evli,

Ətləs ilə yapılanda,

Göy seyvanlı, tavla-tavla

Çəkiləndə şahbaz atlı,

Çağırıban dad verəndə,

Bol çavuşlu, yayxananda,

Yağ tökülən bol nemətli,

Qalmış igid arxası,

Bizə miskin umudu,

Türküstanın dirəgi,

Tülü quşun yavrusu,

Qaraçuğun qaplanı,

Amit soyunun aslanı,

Dövlətli xan, mədəd səndən!

Mənə ləşkər verib

Babamın dustaq olduğu

O qalaya göndər məni!



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info