Qonaq Kitabı
QAZILIQ QOCA OĞLU YEGNƏK

 

Nə hicran, nə vüsal qanardım sənsiz, 

Sən məni qumrutək gətdin fəryada. 

Nə alışıb, nə də yanardım sənsiz, 

Sən məni salıbsan bu yanar oda.

 

“Sən” dedikdə, ancaq, tək sən deyilsən, 

Dünyada milyonlar, milyonlar “Sən” var. 

”Sən”lər hamı qalxıb birləşməyincən, 

Gör necə keçəcək mənə ruzigar.

 

“Sən”lər şad olanda, “Sən”lər güləndə, 

Mən də şad oluram, mən də gülürəm. 

”Sən”lər güllələnib, “Sən”lər öləndə, 

Mən də güllələnib, mən də ölürəm.

 

“Sən” şeytan olarkən mən də şeytanam, 

Fitnələr qoparıb od yağdıraram.  

Fəlakətdir, gərək yananla yanam, 

Yandıranla da ki, mən yandırıram.

 

Hər şeytan ölərkən mən də ölürəm, 

Ancaq ölümümə tez qatlaşıram. 

Çün bu ölməklərlə təmizləşirəm, 

Nahaq ölümlərdən rahatlaşıram.

 

Özümü biləndən halım yamandır, 

Vah, nə çətinliklə keçir günlərim. 

Çəkdigim bəlalar kimə əyandır, 

Özümü sarsıdır, öz nisgillərim.

 

Bir çox “Ənbiya”lar məni aldatdı, 

Dedilər, işlərim səhman tapacaq. 

Hər yerindən duran öz yükün çatdı, 

Mənim hesabıma yazdırdı, ancaq.

 

Öz-özümü yaxşı tanımamışam, 

Nə edim çoxluğum qanmazdır hələ! 

Cahillər əlində əsir qalmışam, 

Yetim uşaq kimi baxıram ələ.

 

Az-maz adamlar da ansalar məni, 

Tam gücüm-qüvvətim çoxluqlardadır.

Çoxluq basır boğur düz düşünəni, 

Hələlik işlərim bu mədardadır.

 

Qurulmuş belədir, işdə, nə etmək, 

Əzəl gündən gücü elə vermişəm.  

Məni anlayanlar güc tapsın gərək, 

Yoxsa-yox, vəryanı selə vermişəm.

 

Sən də çox öyünmə, tanıdın məni, 

Get çalış, özünə güc-qüdrət qazan. 

Çoxluqsuz mən tuta bilmərəm səni, 

Qüdrətin olmasa məğlub olarsan.

 

Səndən qabaqda da çoxlar tapıldı,

Anladı, düşündü, tanıdı məni.

Axır ənsələri saca yapıldı,

Saqın, belə qada tutmasın səni!

 

Bildin hara çəkdi “Mənsur”un işi?

Yazıq “Nəimi”ni daşa basdılar.  

Qatır quyruğunda süründü ləşi, 

“Nəsimi” soyuldu dırnaqdan başa.

 

Mənə qavuşanlar, məni tapanlar, 

Biri siyahçalda, birisi darda.  

Ayrılıq dərdindən sızıldayanlar, 

Çoxluqlar mənə yad, mən çoxluqlarda.

 

Məni sevənlərin taleyi budur, 

Yazıq yar mən ilən, mən əğyar ilən.  

Bu dərd aşıqları yaxır sarsıdır, 

Birlikdə ayrılıq, vüsalda hicran.

 

Neydə sızıldayan bütün nalələr, 

Bu dərtdən, bu qəmdən, bu ələmdəndir.  

Sazlarda səslənən həzin nəğmələr, 

Bu ayrılıqdandır, bu matəmdəndir.

 

Budur məcnunları çöllərə salan, 

“Moləvi” bu qəmdən coşur, çağlayır. 

Budur Fərhadların canını alan, 

”Hafiz” də bu dərdi deyir, ağlayır:

 

“Dimdigində gözəl bir gül yarpağı, 

Bülbülü ağlayıb zarıldar gördüm.  

Sordum nə matəmdir bu vüsal çağı 

Dedi: – Yar cəmalın parıldar gördüm”.

 

Yarın sözlərindən, yarın işindən, 

Dərdə-qəmə doldum, fəryada gəldim. 

Amansız zamanın şum gərdişindən, 

Qayıdıb insana imdada gəldim.

 

Güvənib, axtarıb tapdığım yarı, 

Min kərə özümdən natəvan gördüm.  

Haqqa sığınaraq nahaqdan sarı, 

Haqqı da özümtək bağrı qan gördüm.

 

“Xəyyam”ın bir sözü düşdü yadıma, 

Gördüm yenə dərddə, dərd düngünlüdür:

“Qara günün çərxə həvalə qılma, 

Fələk səndən min yol qara günlüdür”.

 

* * *

Sənə sığınıram, yenə də sənə,  

Sənə, ey varlığın sırdaşı insan!  

Mədəd diləyirəm, mədəd qıl mənə, 

Ağıla gəl, əl çək, qudurqanlıqdan.

 

Allahlığı ilə, tam qüdrətilə,

Tanrı da əlində, əsirdir, əsir.

Düz yoluna qayıt, gəl kərəm eylə, 

Haqq da işdə səndən yardım diləyir.

 

Sən haqqın əlisən, görər gözüsən, 

Qoyma, qoyma sönsün yanar ocağın.  

Danışan dilisən, haqqın özüsən, 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info