Qonaq Kitabı
QAZILIQ QOCA OĞLU YEGNƏK

Çal çaxmağı, yandır hikmət çırağın.

 

Yandır, qoy zülmətin bağrı deşilsin, 

Qaçsın, dağılışsın dəli şeytanlar.  

Qoy, uçurumlardan yollar seçilsin,

Öz yolunu tapsın azğın insanlar.

 

Tanıdın özüvə gəl, kərəm eylə, 

Haqq ilən gedəlim haqqın yoluna.  

Bir özüvə bax, utan, şərm eylə, 

Gücün güc olmasın şeytan qoluna.

 

Silkinək nixvətdən kin-kədurətdən, 

Öpüşək, görüşək bir bağır olaq.  

Yaxamız qurtarsın bu fəlakətdən, 

Damlalıqdan çıxaq dənizə dolaq.

 

“El gücü, sel gücü” demiş atalar, 

İnsanlar birləşsə, dünya cənnətdir.

Nə aclıq, nə ölüm, nə dəhşət qalar,

Bu nə qırhaqırdır, bu nə vəhşətdir?

 

Hayıfdır bu geniş, bu gözəl dünya, 

Darala insana cəhənnəm ola.

Dərilə ayrıla gül qonça-qonça 

Açmamış sarala, açmamış sola.

 

Hayıfdır qurşunlar şan-şan eyləyə, 

Nazlı cavanların gül bədənlərin.

Arzu dünyaların viran eyləyə,

Yaxılıb yıxılan binalar təkin.

 

Hayıfdır qocaman ana gözləri 

Hey yollara baxa, qanlı yaş tökə.

Bombalar, raketlər abidələri

Yandıra, uçura, dağıda, sökə.

 

Cavan gəlinlərin dodaqlarında,

Analıq gülüşü quruya, dona.

Körpələrin ana qucaqlarında

Parlaq gözlərinə torpaq, toz qona.

 

Gəl, insan evladı, verək əl-ələ, 

Sıxıram əlivi qardaş əli tək.

Ürəklərimizlə, əllərimizlə,

İnsanlıq adına abidə tikək.

 

Birlikdə insanlıq boyların çalaq, 

Vallahi, haqqın da gözü bizdədir.  

Qardaşım, “Vurğun”dan söz də borc alaq: 

”Səadət çırağı əlimizdədir”.

 

Həqiqətin sirrin aradım ancaq 

”Panteizm” deyil, dərin düşünək.  

Yeni bir incidir. Silək parladaq, 

Bu işdə oxucum gəl mədədləşək.

 

Aşıq, dədəm aşıq, köklə sazını, 

Alışdı bağrımız, boy-boyla bizə.  

Quş tək qanadlandır xoş avazını, 

Sərin yellər əsdir ürəgimizə.

 

“Nəfəs haqqdan gəlir” – demiş, atalar, 

Nəfəslən, nəfəsin haqqa yüksəlsin.  

Məhəbbət laçının yuvadan çıxar, 

Uçsun, havalarda pərvaza gəlsin.

 

Sən haqq aşığısan, haqqdır köməgin, 

Zəxmə vur tellərə tir-tir titrəsin.  

Sazınla çırpındır haqqın ürəgin, 

Qoy qafil olanlar haqqı dinləsin.

 

İnsan hünərlərin boylayan boylar, 

Sanma boş sözlərdir, yalan-palandır.  

Bu həmasələrdən iyidlik qopar,

Odu ürəkləri işıqlandırar.

 

Eşqin-məhəbbətin tərənnümündə, 

Ürəklər pərisi pərəstiş olur. 

Şirin nəğmələrin hər bir temində, 

Haqqın gözəlligi tərənnüm olur.

 

Həmasələrdəki hər nazlı dilbər, 

Haqqın-insanlığın cilvəgahıdır.  

Fitnə baxışlarla gəlhagəl eylər 

Vurğun ürəklərin qibləgahıdır.

 

Qalxıb qurşanaraq hər çətin işə, 

Dumanlı dağları basıb keçənlər. 

Adı-sanı düşüb dillərə-dişə, 

Haqq əlindən alıb badə içənlər.

 

Doğru yoldan qıraq qədəm qoymayan, 

Haqq ikən, nahaqqa təslim olmayan, 

Comərdlikdən, iyidlikdən, doymayan, 

”Qorqud Dədə” gəlib boyun boylayan.

 

Dönməz qəhrəmanlar dəmir dayaq tək.

Daşğın dalqalara sinə gərirlər.

Tufanlar qopsa da sönməz mayaq tək, 

Həyat gəmisinə yol göstərirlər.

 

Kəmal arzusu ilə vurnuxan insan, 

Gələcək simasın onlarda görür.  

Odur maraqlanır qoçaqlıqlardan, 

Odur mərd iyidi hamılar öyür.

 

Nə qədər didərgin, azğın olsa da, 

İnsanlar haqsevər yaranıb zatən.  

Ürəklər aranıb araşdırılsa, 

Hamılar iyrənir yaramaz işdən.

 

Bu bir xoş xəbərdir, xoş əlamətdir, 

İnsan xeyrə tərəf yovuşmaq üçün, 

Məşəqqət məşqdir, həm riyazətdir,

Gedib həqiqətə qovuşmaq üçün.

 

Dostluq olmayanda düşmanlıq olur.

Sular bulanırlar durulmaq üçün.  

Çaxnaşma törənir, viranlıq olur, 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info