Qonaq Kitabı
MƏXFİ

Bu da qeyri-normal qarşılıqı münasibətlər yaradır.

Və bu zaman Mərkəzin cahanşümul istilaçı siyasətindən danışmağa başlayırlar.

Bu, velikorus xalqının xüsusi hüquqları haqqında danışılması üçün bir daha əsas verir.

Əslinə qalanda, axı Mərkəz özünün bu kimi hərəkətlərinə haqq qazandırmalıdır; özü də indi, bizim kommunizmdən çox-çox uzaqlaşdığımız bir vaxtda.

Ya hər şeyi götürün, ucqarların tikintisini elə aparın ki, onlar Mərkəzlə təbii olaraq birləşmək üçün düzgün inkişaf etsinlər.

Ya da əgər qeyd edilmiş səbəblərə görə bunu edə bilmirsinizsə, bunu etməyi yerli işçilərə etibar edin.

Bütün Sovet respublikalarının fəhlə qüvvələrini birləşdirmək, bu qüvvənin təsiri altında bütün respublikalarda bütün işləri həyata keçirmək zəruridir, lakin bu hələ yerli orqanları simasızlaşdırmaq, onların müstəqilliyini əllərindən almaq demək deyildir.

Dəmir yollarını, deməli, dəmir yol qüvvələrini (şübhəsiz, fəhlə) birləşdirmək, bu bizim proletar inqilabımızın tələbidir, lakin müstəqil respublikanın müəyyən ərazidə dəmir yoluna olan nüfuzunu elə əlindən almaq ki, həmin respublika məlum yükü öz ərazisində bir məntəqədən başqa bir məntəqəyə göndərmək üçün mərkəzi orqanın icazəsi olmadan müstəqil aparmaq hüququna malik olmasın - bu artıq Sovet hakimiyyətinin hər cür prinsipinə ziddir.

Bütün bu ziddiyyətlər milli məsələni yaradır və dərinləşdirir.

Ən acınacaqlısı isə odur ki, partiyamız özü də hiss etmədən bu məsələyə cəlb olunur, öz təmizliyini, qərəzsizliyini və daxili birliyini itirir.

Sovet respublikasının məlum hüquqlarını əlindən alan məlum layihənin sovet qaydasında iddia ediləcəyini qabaqcadan bilərək bu layihə axırıncı tərəfindən partiya qaydasında tətbiq edilir.

Bu o deməkdir ki: - danışıqsız layihəni qəbul və tətbiq et.

Bizim partiya kristal təmizliyi ilə seçilməlidir və onun qərarlarına biz dərin hörmət hissi bəsləməliyik; lakin biz buna, müqəddəslər müqəddəsi yaratmağa can atırıqmı.

Yol. Lenin sonuncu partiya qurultayında (RKP(b) XI qurultayı nəzərdə tutulur (1922-ci ilin mart-apreli) nəhayət, məhz hər cür məsələləri partiyaya keçirmək, yəni partiyanı nüfuzdan salaraq haqqında söz açanda min dəfə haqlı idi.

Lakin təəssüf ki, bizdə RKP MK-nın çoxlu məsul katibləri və müvəkkilləri vardır ki, onlar xüsusi həvəslə elə məsələləri partiya orqanlarından keçirirlər ki, həmin məsələlərin həlli sistematik olaraq partiyanın təməlini sarsıdır.

Şübhəsiz, əgər partiyanın roluna belə münasibət daha da güclənərsə, onda təbii olaraq ucqar respublikalarda mərkəzi komitələrin tərkibi və RKP MK özünün tərkibi haqqında məsələ ortaya çıxar.

Həqiqətən, görəsən, hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya vardırmı? Mən təsdiq edirəm: belə bir partiya yoxdur və mirzoyanlar öz iyrənc siyasətlərindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl çəkməyənə qədər də olmayacaqdır. Bütün bunları yerində yoxlamaq asandır, lakin indiki BEKA tərkibinin köməyi ilə deyil, ümumiyyətlə, bilavasitə fəhlələrlə və xüsusən də müsəlman fəhlələrlə birlikdə yoxlamaq lazımdır. Lakin bunu elə təşkil etmək lazımdır ki, hər bir fəhlə verdiyi ifadəyə görə sabahısı gün Mirzoyan tərəfindən işdən qovulmayacağını bilsin. Mən burada Mirzoyanın fıkrincə, mənim tərəfdarlarım olan və buna görə də partiyadan və ittifaqdan xaric edilən iki fəhlənin ifadəsini nəzərinizə çatdırıram. Lakin Siyasi Büro müsəlman fəhlələri və hətta rus fəhlələri qarşısında onlardan kimin mənə qarşı olduğu sualını qoysaydı maraqlı olardı. Bu zaman yalan və həqiqət öz yerini tapardı. Bəs, kəndlilər nə deyirlər? Onlar kimin arxasınca gedirlər? Bütün bunları yoxlamaq maraqlı olardı. Mirzoyanlar, şübhəsiz, millətçi əhval-ruhiyyəli rus fəhlələrinin bir qisminin fıkrinə istinad edə bilərlər... Məhz belələrindən də partiya təşkil olunmuşdur. Müsəlman fəhlələrin sayı (partiya üzvü olan) süni surətdə azaldılır. Mirzoyan diskusklubda hətta demişdi: fars fəhlələrindən partiyaya qəbul etmək lazım deyil, - bu qəribə deyilmi. Sərkis Azərbaycanın sovetləşdirilməsindən sonra, gizli fəaliyyət göstərən fəhlələri - 500 nəfər farsı - partiyadan qovmuş, Mirzoyan isə indi fars fəhlələrini partiyaya qəbul etmək istəmir.

Mən bildirirəm ki, partiya günbəgün deyil, saatbasaat parçalanır; işçilər, hətta məsul işçilər ciddi partiya işi ilə məşğul olmaq əvəzinə, bir-birindən xəbərçilik etməklə məşğuldurlar.

Mərkəzin yerli işçilərə inanmaması yerlilərin Mərkəzə inanmamasına gətirib çıxarır.

Hər yerdə işə laqeyd münasibət gözə çarpır; bir il bundan əvvəl hər bir vicdanlı işçini əsəbiləşdirən şey, indi qulaqardına vurulur.

"Biz kütləyə daha yalan deyə bilmərik", bu işçilərin dilindən bax bunu eşidəcəksiniz.

Azərbaycanda bütün bunlarla yanaşı, rus və müsəlman fəhlələr arasında antoqonizm də başlanmışdır.

Bu hər şeydən betərdir, belə ki, güclü proletar Mərkəz zəifləyir.

Bundan düşmənlərimiz, xüsusən müsavatçılar və ittihadçılar istifadə edirlər, bu da "solluq oyunu oynayan" yoldaşların işinin nəticəsidir.

Mən təkrar edirəm: lap əvvəldən mənim şüarım belə idi:

müsəlman fəhlələrini inadla hazırlamaq, yəni iki məqsədə nail olmaq üçün onların inkişaf səviyyəsini təxminən rus fəhlələrinin inkişafı səviyyəsinə çatdırmaq.

Birincisi, bununla biz hal-hazırda müsəlman və rus fəhlələri arasında mövcud olan antaqonizmi aradan qaldırardıq.

İkincisi: gələcəkdə İranda və Türkiyədə qurulacaq Sovet hakimiyyəti üçün işçi kadrlar hazırlayardıq.

Lakin nəinki mənim şüarıma, hətta siyasi Büronun məlum qərarlarına da solluq oyunu oynayanlar tərəfindən əhəmiyyət verilmir.

Hətta iş o yerə gəlib çatmışdır ki, məktəbdə rus dili dərslərinin sayının türk dili dərslərinin azaldılması hesabına artırmaq haqqında mətbuatda açıq çıxışlar edilir.

Ümumiyyətlə, demək lazımdır: "sollar" mənim Genuya konfransında olmağımdan istifadə edərək hərəkətə gəlmiş və daha həyasız olmuşlar. Genuyadan qayıtdıqdan sonra, millətçi təmayül və türk dili dərslərinin sayını ixtisar etmək haqqında açıq fitnəkar məqalələr mənim diqqətimi cəlb etmişdi.

Zehinləri sakitləşdirmək üçün mən "Bakinski raboçi"də "Bəzi yoldaşlara cavab" başlığı altında məqalə çap etdirməyə məcbur oldum.

Lakin səciyyəvi budur ki:

"Bakinski raboçi" və "Kommunist" qəzetlərinin redaksiyası (axırıncı türk dilindədir), birincisinin redaktoru Lipşits, ikincisinin isə Ruhulla Axundov, mənim məqaləmdən sonra bildirirlər ki, bu səpkidə - yəni türk dili dərslərinin sayının azaldılması və rus dili dərslərinin artırılması haqqında məqalələr bu qəzetlərin səhifələrində olmamış və olmayacaqdır.

Ertəsi gün yol. Zeynallının (bu qəzetin redaktoru) türk dilində çıxan "Trud" qəzeti (əvvəllər bəzi mülahizələrə görə o da solluq oyunu oynamışdır) ifşaedici məqalələr buraxıb, "Bakinski raboçi" və "Kommunist"in hansı nömrələrində mənim məqaləm üçün material ola biləcək məsələyə toxunulduğunu qeyd etmişdi.

Ertəsi gün cəsarətlə öz səhvlərini boynuna almaq əvəzinə, Ruhulla Axundov məqaləsinə görə yol. Zeynallıya şəxsi töhmət verir, bundan əlavə, həmin Zeynallı BEKA-dan rəsmi töhmət və xəbərdarlıq alır.

Bir neçə gündən sonra "Trud" qəzeti bağlandı və öz məqaləsi ilə iki partiya orqanının məsul redaktorlarının iç üzünü cəsarətlə və yerində açan yol. Zeynallı vəzifəsindən kənar edilir...

Yolumuz hayanadır?

İki məsul mətbuat orqanı - partiyanın dili, fəhlə və kəndli kütlələrinin dili, yalançıların, "sol" kampaniya üzvlərinin əlindədir.

Bu azmış kimi BEKA katibi Mirzoyan Zaqafqaziya Diyar Komitəsinə teleqram vuraraq bildirir ki, Nərimanovun məqaləsindən sonra onlar, yəni "sollar" özlərini sarsılmış hiss edirlər və guya məqalə əsassız yazılmışdır. Zaqafqaziya Diyar Komitəsi teleqram vurub məndən materiallar tələb edir.

Mən Tiflisə gəlib Zaqafqaziya Diyar Komitəsinin katibinə bildirdim ki, məndə material vardır və istənilən vaxt təqdim edə bilərəm.

Mən Zaqafqaziya Diyar Komitəsinin plenumunu gözləyirdim; mən çox istəyirdim ki, "sol qrup" özü plenumda bu məsələni qaldırsın. Çox güman ki, mənim sənədlərlə onların yalanını və murdarlığını sübut etmək niyyətimdən xəbər tutub susdular və mənim məqaləm haqqında bir kəlmə də danışmadılar. Məgər sonuncu Azərbaycan Sovetlər qurultayında seçkilər bu sollar tərəfindən yalansız keçmişdir.

Partiya qaydası ilə XKS sədri yol. Musabəyovu seçmək təklifi elan edildikdə yerlərdən səslər eşidildi: "Bəs, Nərimanov?"

Onlara cavab verdilər ki, Nərimanov İttifaq Sovetinin sədri seçilmişdir.

Elə o dəqiqə onların agentləri bu qərarla razı olmayanları dilə tutub sakitləşdirməyə başladılar ki, indi yol. Nərimanov hər üç respublikanın başçısı sayılır.

Məgər bu, yalan deyil?

Və nə üçün işi bu dərəcəyə çatdırırdılar ki, işdə kütlələr bu yalandan xəbər tutsunlar.

Tiflisdə yaşayarkən guya ali hakimiyyət kimi çox tez-tez mənə ASSR Xalq Komıssarları Sovetindən və onun ayrı-ayrı üzvlərindən şikayətlə müraciət edirdilər, lakin mən hər dəfə izah etməli olurdum ki, bəzi məsələlərə toxunmağa mənim haqqım yoxdur və i.a.

Bu halda mən ya gərək özümü dartıb üç respublikanın başçısı kimi göstərməli və amansız yalan danışmalı, yəni vəd verib, lakin heç bir iş görməməli, ya da olduğunu deməliyəm.

Və qurultay nümayəndəsi - "bizim aramızda yol. Nərimanov olmadığı üçün, özümüzü yetim sayırıq" dedikdə ona da belə izah etmək lazım idi.

Şahidlər deyirdilər ki, o hələ çox şey demək istəyirdi, lakin onu danışmağa qoymadılar...

Hökumət başında oturanların bacarıqsızlığı üzündən "Şaxsey-Vaxsey" matəm günləri zamanı qızıl əsgərlərin güllələrindən zərər çəkmiş fars fəhlələrini də danışmağa qoymadılar.

Sollar sevindilər:

Nərimanov yoxdur, beləliklə, bu il EMKA-da matəm günləri zamanı yürüşlərin qadağan edilməsi haqqında məsələ qaldırmaq olar.

Keçən il bu məsələ EMKA-da ayırd edilmişdi. Mən qəti olaraq repressiya əleyhinə idim, lakin bununla belə, biz məscidləri gəzib qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə işgəncə verməsinlər.

Bir nəticəsi oldumu?

Qəti surətdə bildirirəm ki, nəticəsi oldu.

Ən "sol" yoldaşın, Qarayevin yanında, məsciddə çox nüfuzlu bir molla bu günlərdə küçələrdə özlərinə işgəncə verənlərin hərəkətlərini möhkəm tənqid etməyə başladı.

Lakin buna baxmayaraq bu il özlərinə işgəncə verənlər oldu.

Nə qədər ki bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır.

Min illərdir ki, bədbəxt, avam müsəlman kütləsi (şiə məzhəbli) Məhəmmədin ən sevimli nəvəsi imam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq əsl dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətlərini bildirirlər.

Bu, öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir.

Yeri gəlmişkən, burada qeyd etmək lazımdır ki, fars fəhlələrinin iclaslarından birində Azərbaycan Respublikasının başçısı Ağamalıoğlu Hüseyni qorxaq kimi xarakterizə etmişdi ki, buna görə fəhlələr onu məzəmmət etmişdilər.

Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsl vəziyyətini bildirmir və bununla da partiya üzvlərini aldadır, onları fəhlə-kəndli respublikasında qızıl əsgər güllələrindən qanı tökülən fəhlələrə qarşı silahlandırır.

Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn tabe olsun və öz vicdanını qızıla satsın deyə Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi: həlak oldu.

Ağamalıoğlu və Musabəyov yoldaşların tarixi belə başa düşməsi nə kimi nəticələr verdi?

Kirov və Mirzoyan onlara heç kimə qəti surətdə heç bir narahatlıq gətirməyən matəm yürüşünü bu il qadağan etmək olarmı sorğusu ilə müraciət etdikdə onlar dedilər: "Olar".

Nəticədə - əsgərlər və Balaxanıdan olan fars fəhlələri arasında silahlı toqquşma.

Musabəyov həlak olmuş fəhlələrin ailələrində olmuş və son dərəcə əsəbi fəhlə kütləsinin əhatəsində bildirmişdi: "Buna kim icazə vermişdir, mən təhqiqat təyin edəcəyəm və müqəssirlər cəzalarına çatacaqlar..."

Bəli, yalnız vəzifələrindən ötrü kommunizm ideyasını yaymaq istəyənləri cəzalandırmaq lazım idi. Lakin MK-nın birinci qərarının əvəzinə yeni qərar çıxarmaq nəyə lazım idi, yəni toqquşmadan sonra: yürüşə mane olmamaq.

Ən biabırçı isə bu idi:

Fəhlə-kəndli respublikasında fəhlələri İran şahının nümayəndəsi, konsul sakitləşdirməyə başlayıb istehza ilə fəhlələrə deyirdi:

"Nə etmək olar?" Siz, İran təbəələri, başqa dövlətdə yaşayırsınız, burada sizin dini mərasimlərinizin icrası qanunla qadağan edilmişdir. Mən sizdən xahiş edirəm, dağılışın". Və fəhlələr dağılışdılar.

Nərimanovun Azərbaycandan getməsi "sol" qrup üçün çox böyük sevincdir. Nərimanovun qışqırmış olduğu və qışqırdığı xüsusi şəraitdən biri də budur, lakin solluq oyunu oynayanlar əvvəllər də, indi də bunu başa düşürlər.

Burada Mərkəzin nümayəndəsi Kirov da başını itirdi. Dinə qarşı materialist kimi çıxış etmək bir şeydir, bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə tətbiq etmək başqa şey.

Və o məsul katib, Mərkəzin nümayəndəsi kimi cavab verməli olacaqdır.

Çox güman ki, onun ilhamvericisi olan yol. Serqo da cavab verməli olacaqdır, belə ki, Kirov axırıncısız heç bir şey etmir.

Bütün bu işlər onların, yəni Kirov və Serqonun, Mərkəzə bu barədə necə məlumat verməsindən asılıdır.

Bu aydın şəkildə onu göstərir ki, Serqo və Myasnikovun başçılığı ilə Zaqafqaziya Diyar Komitəsində fraksiya geniş fəaliyyət göstərir: yol. Kirovu baş vermiş hadisəyə görə pis vəziyyətdə qoymaq istəmirlər. Yeri gəlmişkən, onlar Sovet respublikalarının birləşməyi haqqında Mərkəzə doğrumu məlumat vermişlər?

Maraqlıdır ki, bununla əlaqədar olaraq mənim Zaqafqaziya Diyar Komitəsinə verdiyim məlumat indiyədək nəzərdən keçirilməmiş qalır...

Burdan Gürcüstan Mərkəzi Komitəsi əhvalatı ortaya çıxır.

Axı, sözün həqiqi mənasında, Gürcüstan EMKA-nın köhnə tərkibini millətçilikdə günahlandırmaq gülüncdür. Köhnə tərkibin bütün günahı onda idi ki, o düz və tamamilə aydın şəkildə Serqo, Kirov və Myasnikova demişdi ki, onlar özlərinin yanlış məlumatları ilə Mərkəzi aldadırlar. Bu kompaniya birləşdirmə məsələsinin Mərkəz tərəfindən qəti həllinə qədər həmişə Zaqafqaziya respublikalarının RSFSR-ə tam birləşməsi haqqında danışırdı və bu layihə ilə də o, Moskvaya getmişdi.

Lakin o tamam başqa qərarla qayıtmışdı. Lakin Serqo birləşdirmə haqqında yol. Leninin layihəsini öz layihəsi kimi qələmə verdikdə, EMKA-nın köhnə tərkibindən olan gürcü yoldaşlar ona dedilər: "Siz yalan danışırsınız, bu sizin layihə deyil. Siz Mərkəzə səhv məlumat verirsiniz". Və savaşma başladı. Serqo, Kirov və Myasnikov cəsarətli olsaydılar deyərdilər: biz belə fikirləşirdik, lakin sillə yedik. Və heç bir şey də olmazdı, belə ki, yol. Leninin Sovet respublikalarının bərabər hüquqlarla birləşməsi gürcü yoldaşlar tərəfindən sözsüz qəbul edilmişdi.

Genuyaya getməmişdən qabaq, bir gün yol. Stalin mənə dedi: "Serqo korlanıb". Yox, o korlanmayıb, onun dövlət ağlını həddən artıq qiymətləndirərək onu korlayıblar. O inqilabın bütün xilasını vuruşmada görür. O öz düşmənlərini məhv etmək üçün Zaqafqaziya kommunist təşkilatlarının sonuncu qurultayında nə kimi üsullara əl atmamışdı. Bütün bunlar haqqında danışmaq ayıbdır.

18-ci ildən başlayaraq mənim məsləkdaşlarımla birgə səyim, bütün inqilabi Şərqi Sovet Rusiyası ətrafında və yanında toplamağa və bu günədək Yer kürəsinin o biri yarısında milyonlarla insanların başlarına gətirilən müsibətə bir zərbə ilə son qoymağa yönəldilmişdi. Yer kürəsinin yarıdan çoxunda əhalinin köləliyi, Yer kürəsinin kiçik hissəsində yaşayan əhalinin rifahı üçün şüurlu surətdə müdafiə edilir və bizim beşillik çağırışımıza baxmayaraq burda çoxmilyonlu fəhlə sinfi daha azsaylı istismarçıların zülmü altında inləyirdi və inləməkdə davam edir.

Mən təkrar edirəm.

Mən məsələyə materialist kimi yanaşırdım. Qərbin Şərqdən iqtisadi asılılığı məni belə bir şüar irəli sürməyə məcbur edirdi:

Şərqdən keçək Qərbə.

Həm ucqar respublikalarda bizim taktika məsələlərində, həmçinin Azərbaycanda və Əfqanıstanda, İranda və Türkiyədə bizim siyasətə münasibətdə, mən Şərq məsələsi haqqında danışdıqda, məhz yuxarıda adı çəkilən məqsədi nəzərdə tuturdum.

Hətta Moskvada 20-ci ildə tatar kommunistlərinin ikinci qurultayında mən demişdim: "Panislamist hərəkatı yoxdur, lakin əgər müvəqqəti hal kimi yaranmış olsa, biz gərək Qərbi Avropada kapital hökmranlığını məhv etmək üçün ondan da istifadə edək.

Lakin bu hərəkata bizim rəhbərliyimiz ona görə zəruridir ki, bu hərəkat öz məqsədinə nail olduqdan sonra inqilabımızın inkişafına mane olmasın".

Mən nədənsə inanırdım ki, Rusiya proletariatı bunun öhdəsindən gələ bilər və gəlməlidir.

Lakin bizim sonrakı fəaliyyətimiz qəti olaraq ümidimi kəsdi və get-gedə məni inandırır ki, Şərqin köləlikdən azad edilməsi kimi böyük vəzifə bizdən uzaqlaşır, daha doğru desək: biz ondan uzaqlaşırıq...

Türkiyədə azadlıq hərəkatının nəticəsi məhz buna sübutdur.

Əgər biz Rotşteynin əli ilə İranda azadlıq hərəkatını məhv etməsəydik, indi Antantanın başına nə gələcəkdi.

Axı aydındı: əgər biz bütün bunları düzgün nəzərə alıb, İranda və Türkiyədə azadlıq hərəkatına real, qəti siyasətlə rəhbərlik etsəydik indi mübaliğəsiz deyə bilərdik: biz Atlantaya hökmlə diktə edərdik. İki ən mühüm məntəqə - körfəzlər və Hindistana açılan qapılar birbaşa bizim nüfuzumuz altında olardı... Bax bu o Şərq məsələsidir ki, mən həmişə onun barəsində danışmışam.

Lakin bunun üçün özümüzdə milli məsələni həll etmək zəruri idi. Çox təəssüf ki, bu məsələ bizdə indiyə qədər hələ elə həll olunmamışdı ki, Şərq məzlumlarının diqqətini özünə cəlb etsin.

12-ci qurultay tərəfındən milli məsələnin həlli bizi sakit edə bilərmi? Ucqar respublikalarda bu qərarı kim həyata keçirəcək? Bu məsələ üzərində düşünmək zəruridir. Mən bildirirəm: 12-ci qurultayın qərarını o adamlar həyata keçirə bilərlər ki, onlar inqilabın ilk günlərindən heç kimdən qorxmayaraq cəsarətlə bu barədə qışqırırdılar, solluq oyunu oynayanlar isə bu məsələni korlayacaqlar, çünki onlar Mərkəzin qərarının səmimiliyinə ürəkdən inanmırlar. Onlar indiyə kimi fikirləşirdilər və fıkirləşirlər ki, bütün bu kimi qərarları gözdən pərdə asmaq üçün, effekt üçün qəbul edirlər. Əlbəttə, bu işçilərə qarşı münasibətdə 12-ci partiya qurultayının qərarları nə dərəcədə ciddi həyata keçirəcəyini göstərmək və bununla Şərq məsələsinə öz münasibətini bildirmək Mərkəzin işidir.

Hələ ki, kommunizm quruluşuna tərəfdar idik. Avropada təbliğatımız güclü idi, lakin NEP (YİS) siyasəti elan edildiyi gündən bu qüvvə xeyli zəifləmişdir. Bizim vəziyyətimiz Avropa fəhləsini qorxuya salır və o belə bir sual qarşısında dayanır: yeni quruluşda onun vəziyyəti yaxşılaşacaqmı? Biz isə Şərqdə real, qəti siyasətimizlə elə bir vəziyyət yarada bilərdik ki, bu vəziyyətdə fəhlə sinfi tərəddüd etməsin.

Hazırda fransız jandarmeriyasının tapdağı altında əzilən Almaniya fəhlələrini dözməyə məcbur edən bu tərəddüdlər deyilmi?

Sözümün sonunda demək istəyirəm: mən və mənim məsləkdaşlarım tamamilə səmimi və şüurlu surətdə Sovet hakimiyyətini ideallaşdırmağa və bu yolla Şərqdə yeni idarə forması verməyə və beləliklə Şərqin Avropa kapitalı zülmündən azad olması üçün ən doğru yol açmağa və bununla da bu kapitalın məhvini sürətləndirməyə cəhd göstərirdik.

Bu cəhdlər zamanı biz, hər şeydən əvvəl, inqilabi dövrün səhvləri kimi Sovet Rusiyasının səhvlərinə haqq qazandıraraq, daha dinc şəraitdə xüsusi şəraiti olan ucqarlarda bu səhvlərə yol verməməyə çalışırdıq.

Biz xalqların azadlığı haqqında çağırışımızın səmimiliyinə inanırdıq və tezliklə daha az mədəniyyətli xalqların daha çox mədəniyyətli xalq olan velikoruslarla qovuşması üçün, beləliklə inqilabı qüvvətləndirmək və inkişaf etdirməkdən ötrü biz təbii yollar axtarırdıq. Bu cəhdlər zamanı biz rus şovinistləri və vəzifəpərəstləri ilə, ucuz populyarlıq gözləyən məsuliyyətsiz şəxslərlə, bu və ya başqa yolla Mərkəz qarşısında ad qazanmaq arzusunda olan fırıldaqçılarla və şüurlu surətdə partiyamıza soxulmuş, partiyamızı tez bir zamanda parçalamaq üçün şüurlu surətdə solluq oyunu oynayan, bizə düşmən olan partiya üzvləri ilə qarşılaşırdıq. Bu, düz yol idi.

Bu ünsürlər bizi millətçilikdə, müxtəlif təmayüllərdə, səbatsızlıqda, separatizmdə və i.a. günahlandırırdılar. Çox təəssüf ki, Mərkəz bu ünsürlərin sözünü eşitmiş və indi də eşidir. Bizim yeganə çıxış yolumuz qalır: ya taktikamızı düzgün saymağı və nəticədə bizə tam etimad göstərilməsini tələb etmək, ya da səhnədən çəkilmək, yəni məsul vəzifələr tutmayıb kütlələr arasında mədəniyyətçilər sifətilə işləmək. Bu bizi mənəvi cəhətdən tamamilə təmin edəcəkdir. Bir çox mülahizələrə görə biz birincidən, yəni taktikamızı düzgün saymağı tələb etməkdən əl çəkməli olacağıq. İkincisi qalır ki, mən Azərbaycana münasibətdə bunu həyata keçirmişəm.

Mən hələ 1922-ci ilin iyun ayında RKP MK-ya aşağıdakı məzmunda teleqram göndərmişdim:

"Mən Moskvada olarkən yol. Stalin vəziyyət birtərəfli işıqlandırılmasın deyə Azərbaycanda işlərin vəziyyəti ilə tanış olduqdan sonra öz fıkrimi RKP MK-ya bildirməyi mənə təklif etmişdi.

Yol. Kirovun Moskvada olduğunu və onun vəziyyəti birtərəfli işıqlandıracağını nəzərə alaraq Zaqafqaziya Diyar Komitəsinin katibindən xahiş edirəm ki, mənim fikrim haqqında da məlumat versin.

Azərbaycanın sonuncu partiya qurultayında, hər iki qrupun (sol və sağ) qrupların buraxılması haqqında təntənəli bəyanatından sonra "sol" qrup Bakı Komitəsinin himayəsi altında bu qrupa qarşı fəaliyyət göstərənlərlə amansız mübarizə aparmağa başladı.

Mən İttifaq Sovetinin üzvü təyin edilib və beləliklə Tiflisə köçməyimlə əlaqədar olaraq, "sol" qrup daha sərbəst fəaliyyət göstərməyə başladı.

Mən tərkibi tamamilə düşmənlərimdən ibarət olan AzMK-nın (AK(b)P MK) qərarına təsir göstərə bilmirəm.

Məni Azərbaycandan uzaqlaşdırdıqdan sonra, bu qrup məsləkdaşlarıma amansız divan tutmağa başladı.

Bir qismini siyasi cəhətdən öldürdü, başqalarını partiyadan xaric etmək qorxusu altında tamamilə simasızlaşdırdı, digərlərini isə gizli iş şəraitinə keçməyə məcbur etdi.

İndi sağ qrup yoxdur və Azərbaycanın bütün taleyi Mirzoyan başda olmaqla "sol" qrupun əlindədir.

Azərbaycanda vəziyyətin ağası olan "sol" qrup əvvəllər edə bilmədiklərini indi inadla həyata keçirir.

Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində yaxın gələcəkdə ikinci Türküstan yaradılacaqdır.

Partiya parçalanır, xəbərçilik sistemi genişlənir.

Müsəlman fəhlə və kəndlilər ən yaxşı halda partiyadan çıxmağa cəhd edir, bəd ayaqda müsavatçılar və ittihadçıların təsiri altına düşürlər.

Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində təhlükəli millətlərarası antaqonizm inkişaf edir.

Əgər RKP MK bütün bunları normal hal hesab edir və Şərq siyasətindən əl çəkirsə, mənim buna qarşı heç bir etirazım yoxdur, lakin bildirirəm ki, "bu andan Azərbaycanda vəziyyətə cavab vermirəm və bütün məsuliyyət bu qrupun və onun əməllərini müdafiə edənlərin üzərinə düşür".

Bu teleqramın göndərildiyi gündən 8 ay keçib və mən bildirirəm ki, Azərbaycanda vəziyyət bu vaxt ərzində daha da pisləşmişdir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info