Qonaq Kitabı
MƏXFİ

Bunu deyərkən mən nəzərdə tutmuşdum ki, BEKA əsas işə hərtərəfli yanaşmaq iqtidarında deyildir.

Mən gələcəyi düşündüyüm bir zamanda, dirijor çubuğu ile seçilən BEKA-nın tərkibi ancaq indiki, yəni hakimiyyəti necə bölüşdürmək və Azərbaycan miqyasında işin gedişinə necə təsir göstərmək haqqında düşünürdü.

Adamlar lap solluq oyunu oynayırdılar.

Azərbaycanın birinci Sovetlər qurultayında [Azərbaycanın birinci Sovetlər qurultayı 1921-ci ilin mayında keçirilmişdir.] baş verəni mən heç vaxt yadımdan çıxarmaram.

Qurultayın rəyasət heyəti (Stasova və Serqo yoldaşlar onun tərkibinə daxil idilər) mənim qısa məruzəmlə qənaətlənməyib, əlavə məruzəçi haqqında təklif qəbul etdi.

Mənim məruzəm qısa oldu, çünki mən burada həmin qruplar arasında çox çəkişmələrə toxunmurdum.

Etiraf edirəm ki, mən bunu qəsdən etmişdim, çünki qurultay ərəfəsində nümayəndələrin əksəriyyəti mənə bildirmişdi ki, onlar Qarayev və M.D.Hüseynov kimi şəxslərin Azərbaycanın taleyini idarə etməsinə yol verməyəcəklər.

Mən isə bilirdim ki, Qarayevin və Hüseynovun arxasında "sol" qrup durur. Mən başa düşdüm ki, iş birinci qurultayın pozulmasına gətirib çıxara bilər. Mən həmin nümayəndələrə qəti bildirdim ki, buna yol verməyəcəyəm və birinci qurultay dinc şəraitdə keçməlidir.

Onda nümayəndələr onların fəaliyyətini tənqid etməyə icazə verməyi məndən xahiş etdilər.

Mən cavab verdim ki, tənqid edə bilərsiniz, lakin mən onları müdafiə edəcəyəm, çünki ümumi vəziyyətimiz həyatımızda parçalanma olmamasını tələb edir.

Beləliklə... "sol qrup" əlavə məruzəçi kimi ən hazırlıqlı marksisti, hər halda bu qrup arasında o belə bir adam sayılırdı, yol. Lominadzeni irəli sürdü.

Özünün uzun nitqində o iki məsələyə toxundu:

1) Məruzəmdə mənim ixtilaflara toxunmadığım barədə danışdı.

2) Azərbaycan kəndlərində inqilab baş verməmişdir, bu inqilabı etmək zəruridir, yəni bütün bəy malikanələrini yandırmaq və bununla da kəndlilərə inqilabın baş verdiyini hiss etmək imkanı vermək.

Birinci sual üzrə mən cavab verdim ki, bunu qurultayda əksəriyyətin əhvali-ruhiyyəsini nəzərə alıb qəsdən etmişəm. İkinci suala mən təəccüblə elə sualla da cavab verdim: "Nə üçün yol. Lominadze məhz bu yolla Azərbaycan kəndlərində inqilab etmək istəyir".

O mənə eynilə belə cavab verdi:

"Çünki Rusiyada belə edilmişdir".

Mən buna etiraz etdim ki, Rusiyada bu, mülkədarları yuvalarından qovmaq məqsədilə edilmişdi, lakin Azərbaycanda bəy və mülkədarların yuvaları çoxdan boşdur, çünki bu yuvaların sahibləri çevrilişin elə birinci günü qaçmışdılar. Kasıb kəndliyə yaxşı olmazmı ki, deyək o, bəyin malikanəsinə köçsün, çünki indi o bu malikanənin sahibidir. Mənim fıkrimcə, bu daha yaxşı təsəvvür oyadar və malikanələr salamat qalar.

Mənim etirazlarımdan sonra, bütün səylərə baxmayaraq müzakirə aparmaq mümkün olmadı: Qarayevi və Hüseynovu danışmağa qoymurdular.

Hüseynov büzüşdü və mənə nə isə kəkələməyə başladı.

Mən onu sakitləşdirdim.

Vəziyyətdən çıxmaq üçün beş dəqiqə qabaq yol. Lominadzenin mənə qarşı çıxış etməyə təhrik edənləri müdafiə etməyə məcbur oldum.

Mən bütün bunları öz fəaliyyətimin səciyyəvi cəhəti kimi misal gətirirəm və [çünki] 1) bəylərin hazır, boş malikanələrinə od vurmağı – təkcə ona görə ki, Rusiyada belə etmişdilər – təklif edərək necə solluq oyunu oynamalarını sübut etmək, 2) Azərbaycanda sabit vəziyyəti saxlamaq üçün, mən həmişə, MK-nın iclaslarında öz düşmənlərimin fəaliyyətini tənqid etdiyim halda, böyük rəsmi və qeyri-rəsmi yığıncaqlarda onları müdafiə etmişəm.

Əgər bu adamlarda mərdlik varsa, onlar özləri bunu təsdiq edə bilərlər.

Bununla yanaşı, qarşı tərəfin Şatunovskaya, Artak və başqaları kimi müəyyən casusları var idi ki, partiya və qeyri-partiya yığıncaqlarında mənim adım onların dillərindən düşmürdü.

Mənim məsləkdaşlarım çox vaxt hərəkətimdən qəzəblənirdilər, onlar açıq döyüşə girməyi məndən tələb edirdilər; mən cavab verirdim ki, bizim vəziyyətimiz buna imkan vermir. Onlar solluq oyunu oynayırlar, lakin mənim gələcəkdə böyük planım vardır.

Biz var-qüvvəmizlə çalışmalıyıq ki, həyatımızda pozğunluq olmasın, heç olmazsa bununla Sovet Rusiyasının vəziyyətini bir qədər yüngülləşdirək. Sovet Rusiyasız biz elə sabah mövcudluğumuza son qoyarıq, buna görə də bizim bütün səylərimiz Sovet Rusiyasının müntəzəm neft almasına yönəldilməlidir.

Mən solluq oyunu oynayanları və Mərkəzin nümayəndəsi Serqonu da mərdliyə çağırıram ki, desinlər bizim şüarımız bu olmamışdırmı.

Bəlkə dartayçı müsəlman fəhlələrin tətilini yadlarına salsınlar.

Onları sakitləşdirib işləməyə kim məcbur etdi?

Hüseynov, Sərkis və ya onların Şatunovskaya kimi casusları müsəlman fəhlələrin yığıncağına məhz "Sovet Rusiyası neftsiz məhv olar, onunla birlikdə isə biz məhv olarıq" şüarıyla çıxmağa cəhd edə bilərdilərmi.

Özümü belə aparmağım nəticəsində həmfıkirlərimin bir qismi məni "sol" qrupa münasibətdə zəiflik göstərməkdə ittiham edərək məndən üz döndərdilər.

Onlar açıq döyüş və ya bu qrupun fəaliyyəti barədə mərkəzə məlumat verməyi tələb edirdilər.

Mən artıq demişdim ki, birincini mən siyasi mülahizəyə görə rədd edirdim, ikinci məsələ üzrə isə məndən asılı olan hər şeyi edirdim. Mən bir neçə dəfə yol. Leninə, yol. Stalinə yazmışdım, şəxsi görüşlərim zamanı demişdim. Nəhayət, yol. Stalin gələndən sonra o, məsul yoldaşların yığıncağında, xüsusilə AKP MK iclasında, Azərbaycanda bizim siyasətimiz və taktikamız haqqında mərkəzin fıkrini olduğu kimi qeyd etmişdi. Bununla belə, bir cəhət xarakterik idi: öz nitqini qurtardıqdan sonra yol. Stalin Qarayevdən qısa bir məktub aldı:

"Deməli, qoca haqlıdır" (yəni mən).

Stalin cavab verdi:

"Əgər o bunu demişdirsə, onda o, haqlıdır".

RKP Siyasi Bürosunda mənim məruzəmdən sonra AKP-nin xüsusi direktivləri tərtib olundu.

Yeri gəlmişkən, deməliyəm ki, Siyasi Büronun iclasında yol. Lenin mənim fıkrimi soruşduqda mən dedim:

"Ya mənə bir qrupla açıq döyüşə girməyə icazə verin, onda onu tez məhv edərəm, ya da qoy RKP MK ona solluq oyunu oynamağı qadağan etsin".

Birincini o qəti rədd etdi: ikinci təklif üzərində dayanaraq, məsələni məşhur direktivlərin tərtib edildiyi komissiyaya verməyi təklif etdi.

Bu direktivlərlə yol. Molotov məxsusi olaraq Bakıya gəlmiş, məsul yoldaşların iclasında çıxış edib direktivlərin əhəmiyyətini onlara izah etmişdi.

Məni zəif fəaliyyət göstərməkdə ittiham etmək düzgün deyil. Bəzi gənc yoldaşların fıtnəkarlıqlarına uymamaq üçün mən öz vəzifəmi çox yaxşı başa düşürdüm, sonralar bu yoldaşlar vəzifələrini itirmək qorxusu üzündən, məndən uzaqlaşmışdılar, mən onları alverçi kommunistlər adlandırardım.

Bunun əvəzində mənimlə 1906 və 1911-ci illərdən stajı olan sınanmış yoldaşlar və bütün müsəlman fəhlələr qaldılar. Kəndlilər haqqında hələ danışmıram.

Lakin "sol" qrupa haqq qazandırmaq lazımdır, bu qrup gözdən pərdə asmaq üçün həmişə deyirdi:

"Bizim yol. Nərimanova qarşı heç bir pis niyyətimiz yoxdur, lakin onun ətrafındakılar dözülməzdirlər".

Qəribə burasıdır ki, bu bəzi "ətrafdakılar" gedəndən sonra, onlar birbaşa sol qrupun qolları arasına düşdülər.

Yeri gəlmişkən, mənim ətrafımdakılardan biri B.Şahtaxtinski idi. Mən onun oğurluğunun üstünü açdıqdan sonra birbaşa Serqonun ağuşuna düşdü, yalnız ona görə ki, məndən xəbərçilik edirdi. Mən sədr Xanbudaqovu EFKA-dan əxlaqsızlığına görə qovmuşdum, o isə Mərkəzi Komitənin katibi seçilmiş və indi də bu vəzifədə kef çəkir... Buna bənzər misalları çox gətirmək olardı.

Əgər buna qalarsa, biz hələ aşağıdakıları da qeyd edə bilərik:

Mirzə Davud Hüseynov Azərbaycanda olarkən, Zaqafqaziya respublikalarının birləşməsi ideyasını müdafiə edirdi, lakin Moskvada o və onun məsləkdaşı Ruhulla Axundov Siyasi Bürodakı məruzələrində birləşməyə qarşı çıxış etmişdilər. Yığıncaqların birində Serqo Orconikidze buna görə onları qatı millətçi adlandırmış və çox sərt danlamışdı, lakin indi yol. Serqoya özünün gürcü və azərbaycanlı düşmənlərilə mübarizə aparmaq üçün qüvvələr lazımdır, buna görə o, M.D.Hüseynovu Zaqafqaziya XKS sədrinin müavini vəzifəsinə, ikincisini – Ruhulla Axundovu isə (19-cu ildən keçmiş eseri) Zaqafqaziya vilayət komitəsi üzvlüyünə irəli sürməyi yalnız ona görə lazım bildi ki, bu tiplər mənə qarşı fəaliyyət göstərirdilər.

Qəribə deyilmi?

12-ci qurultaya [RK(b)P XII qurultayı 1923-cü il aprelin 17-25-də Moskvada keçirilmişdi. Qurultay milli məsələlərə dair qərarda dünya xalqlanın milli-azadq hərəkatı üçün RK(b)P-nin milli siyasətinin bir nümunə kimi əhəmiyyətini göstərmişdi. Bununla əlaqədar olaraq qurultay SSRİ xalqları arasında təsərrüfat və mədəni bərabərsizliyin aradan qaldılmasının zəruriliyini qeyd etmişdi. Qurultay milli məyə dair qətnamədə hakim millətçilik şovinizmi və yerli millətçiliklə qəti mübarizə aparmaq zəruriyyətini qeyd etmişdi.] mən Azərbaycandan seçilməmişəm və yalnız Siyasi Büronun qərarına əsasən məşvərətçi səsə malik idim, həlledici səslə isə Azərbaycandan Qasımov Yusif, keçmiş müsavatçı (müəllim) oturmuşdu.

Qəribə deyilmi: Muxtar Hacıyev (1902-ci il) və Qədirli (1911-ci il) kimi sınanmış yoldaşlar AKP Mərkəzi Komitəsinə düşməmiş, keçmiş eser və menşeviklər isə hətta katib sifətilə seçilmişdilər.

Deməli, məndən uzaqlaşdıqdan sonra onlar "təmizlənmişdilər".

Yox, bu yalandır, məsələ ətrafındakılarda deyil, Nərimanovun özündə idi, o, Azərbaycanda Sovet hakimiyyətini içəridən dağıdanlara və özlərinin bütün taktikası ilə Azərbaycanı simasızlaşdırmaq istəyənlərə qarşı şiddətli müqavimət göstərə bilirdi.

Hər şeydən əvvəl "sol" qrup öz sıralarını kommunist adına layiq olmayan üzvlərdən təmizləsəydi, bu, daha yaxşı olardı.

Təmizləmə vaxtı bu qrupun çox böyük və görkəmli üzvləri çoxlu qiymətli şeylərin mənimsənilməsində ittiham olunurdular (brilyant, qızıl və i.a), lakin elə "sol" qrupun əmrilə də xalq malının bütün bu qarətçiləri çirkabdan təmiz çıxdılar.

Çətin ki, bəzi yoldaşların kommunist vicdanı bu cəhətdən təmiz olsun.

Kim cürət edib deyər ki, bu təmizləmə fraksiyaçı deyildi...

Və hələ məlum deyil ki, məsul yoldaş İsmayılovun qatili nə vaxta qədər naməlum qalacaqdır. Vatsekin şəxsində AKP-nin nəzarət komissiyası bu işə çox soyuqqanlı yanaşmışdı, hərçənd qatil ona məlum idi...

Beləliklə, təkrar edirəm, məsələ Nərimanovun ətrafındakılarda deyil, onun özündədir.

Bunu deməyə mərdlik lazımdır, belə ki, bunun öz tarixi vardır.

Deyirlər ki, Azərbaycanda çevrilişə qədər yol. Mikoyan daim təkrar edirdi ki, mən tezliklə Bakıya gəlməliyəm. Buna ürəkdən inanıram. Bəli, o, hakimiyyətə can atan başqa cür edə də bilməzdi.

O bilirdi ki, mənim Azərbaycanda necə nüfuzum vardır.

Və bu təsadüfi deyil.

Mənim bütün 25 illik siyasi-ədəbi-ictimai işim canlı şahidlərin gözləri qarşısında keçmişdi.

Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərqdə hamı mənim 25 il ərzində Şərqdəki ətalət və köləliklə apardığım mübarizəni yaxşı bilir.

Mən ilk dəfə türk dilində "Bahadır və Sona" ["Bahadır və Sona" romanı XIX əsrin sonu demokratik realist Azərbaycan ədəbiyyatının ən yaxşı əsərlərindən biridir. Birinci hissə 1896-cı ildə, ikinci hissə isə 1899-cu ildə çap edilmişdir. Əsərin qəhrəmanları Bahadır -azərbaycanlı, Sona - ermənidir. Onlar cəhalət, dini ehkamlar və milli düşmənçiliklə qeyri-bərabər mübarizədə həlak olurlar. Müəllif xalqlar arasında dostluğun və qardaşlıgın carçısı kimi çıxış edir.] romanında 20 il bundan əvvəl kilsənin dövlətdən ayrılması barədə danışmışam, ilk dəfə millətlərin məhv edilməsini və erməni Sonanın türk Bahadırla bir canda qovuşmasını təbliğ etmişəm.

Mən "Nadir Şah" [İlk dəfə 1899-cu ildə nəşr edilmişdir. Pyesin tamaşası uzun müddət qadağan edilmişdi. Sovet hakimiyyəti illərində "Nadir şah" bir neçə dəfə çap olunmuşdur.] tarixi faciəmdə, çarın şəxsiyyətini heçə endirirəm və göstərirəm ki, çar qara camaatın hesab etməyə öyrəşdiyi kimi də müqəddəs deyil, əgər o ölkəni idarə edə bilmirsə, onu ayaq altında əzmək olar.

Mən birinci olaraq Qafqazın o zamankı allahı, 1906-cı ildə türk müəllimlərinin qurultayını siyasi cəhətdən simasızlaşdırmaq istəyən iri kapitalist Tağıyevlə açıq amansız müharibəyə başladım.

İran inqilabının tarixi onun əsas ilhamvericisinin məhz kim olduğu haqqında özünün son sözünü deyəcəkdir.

Axı, əgər deyirlərsə:

"Nərimanov nüfuza malikdir, ya da onu tanıyırlar, ona inanırlar", deməli, bunu deməyə əllərində əsas vardır.

Bu, asanlıqla qazanılmış populyarlığın nəticəsi deyil, uzun sürən, inadlı, əzablı mübarizənin nəticəsidir.

Sözsüz ki, başını itirmiş Müsavat hökuməti kommunistləri xəlvətdən güllələməyə başlayanda bu müsibətdən yaxa qurtarmaq üçün yol. Mikoyana belə çətin bir anda mən lazım idim.

Lakin sonra?

Çevriliş baş verdikdən sonra, bu aydın hiss olunmağa başladı, həm də Mikoyan dedi:

"Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin..."

Axı, həmin o Mikoyan 18-ci ildə məni kommunizm haqqında mühazirə oxumaq üçün fəhlə rayonlarına dəvət edirdi, indi məni şübhə altına alır.

Mən təsdiq edirəm ki, "Bahadır və Sona" romanım yol. Mikoyan hələ daşnak olarkən artıq müvəffəqiyyət qazanmışdı.

Onda nə üçün 20 il keçdikdən sonra mən millətçi olmalıyam, yol. Mikoyan isə beynəlmiləlçi. Beləliklə Mikoyan Bakı Komitəsinin şəxsində müxalifət yaradır ki, mənim fəaliyyətim millətçi təmayül olmasın.

BEKA-nın katibi sifətilə fəhlə qüvvəsini bölüşdürməyə və "solluq oyunu oynamağa" başlayır.

Fəhlələrin xoşuna gəlmək üçün birinci hücum komissarlara yönəldilir, guya onlar "avtomobillərdə gəzməkdən başqa bir şey bilmirlər".

Onun ikinci addımı: "varlıların" əmlakını fəhlələrin xeyrinə müsadirə etmək oldu.

Mən görürdüm ki, Müsavat hökumətinin qovulmasında bütün əhali iştirak edirdi. Buna görə, müsadirəni çox ehtiyatla keçirmək lazımdır, yəni o iri burjuaziyaya aid olmalıdır. Orta sinfi əsəbiləşdirmək lazım deyil.

O, iri və xırda burjuaziyaya ayırmadan tam müsadirə keçirməyi tələb edirdi.

Mübarizə uzun müddət davam etdi.

Nəhayət, Mikoyan Mərkəz tərəfindən geri çağırılır.

Bunun səbəbi məlum deyildi. İranda onun "kommunist inqilabı", yaxud başqa səbəb var idi.

(Onun kommunist inqilabı haqqında biz İran inqilabının tarixində bəhs edəcəyik).

Maraqlı burasındadır ki, Mikoyandan sonra Sərkis nəyin bahasına olursa-olsun BEKA-nın katibi olmaq istəyir, o istədiyinə nail olub Mikoyanın xəttini davam etdirir və hər şeydən əvvəl müsadirə haqqında məsələ qaldırır.

Mən konkret təklif irəli sürdüm.

Qabaqcadan burjuaziyanın siyahısı və dəqiq ünvanlarını tərtib etmək və bu məlumatlara əsasən müsadirə keçirmək.

Günlərin bir günü evlərin nömrələrinə görə müsadirə başlayır.

Qeyd etmək lazımdır ki, çevrilişdən sonra burjuaziyanın bir çox evlərində fəhlələr, sovet qulluqçuları və kommunistlər yerləşirdilər.

Beləliklə, bir çox kommunistlər, sovet qulluqçuları, kasıblar və hətta fəhlələr də qarət edilmişdi.

Öz evlərində deyil, kiçik mənzillərdə yerləşən burjuaziyanın əksəriyyəti isə müsadirədən yaxa qurtarmışdı.

Bu, plansız əsil qarət idi.

Nəticədə fəhlələr nə əldə etdilər?

Fəhlələrin bir qismi nimdaş pal-paltar, bir qismi isə heç bir şey almadı.

Bu düşünülməmiş müsadirənin təşkilatçılarını iclaslarda fəhlələrin özləri dəfələrlə məzəmmət etmişdilər.

Nəhayət, təşkilatçıların özləri böyük səhvə yol verdikləri haqqında danışmağa başladılar. Bu səhvlər bütün Azərbaycan boyu təkrar edilirdi. Bütün bunlara göz yummaq olmazdı, təftiş təyin edildi. Nəticədə şeylərin düzgün bölüşdürülməməsi, təşkilatçıların hər şeydən qabaq özlərini yaddan çıxarmaması, əsas ilhamverici yol. Sərkisin himayədarlığı altında şeylərin itməsi və i.a. haqqında bir cild iş tərtib edilmiş oldu.

Bu barədə çox yazmaq olardı, lakin adamların fəhlələr arasında ucuz populyarlıq axtarmasını göstərmək üçün mən hələlik bununla kifayətlənəcəyəm.

Səciyyəvidir ki, ciddi, şüurlu fəhlələr kasıbların da qarət olunmasını bildikdə, onlar müsadirə olunmuş şeyləri götürməkdən imtina etdilər.

Sərkis kimi heç kim fəhlələrin mənəviyyatını belə pozmamışdı, Mirzoyan kimi heç kim partiyanı belə dağıtmamışdı.

Mikoyan fəhlələri öz tərəfınə çəkməklə məşğul olmurdu, lakin Sərkis üçün bu adi hal idi. Onun müsəlman fəhlələr içərisindən müəyyən "ələ alınmış adamları" [N.Nərimanovun RK(b)P MK-ya təqdim etdiyi məlumatla əlaqədar Yaroslavski, Şkiryatov, Petrovski komissiyasının yoxlanışının yekunlarına həsr olunmuş yığıncaqda "ələ alınmış fəhlələr" N.Nərimanovu partiyadan xaric etmək haqqında yerlərindən qışqırır və onu millətçilikdə günahlandırırdılar. Lakin Y.Yaroslavski və G.Orconikidze belə təklifə qarşı çıxış etdilər.] var idi ki, onlar hər yerdə qışqırıb Sərkisin əməllərinə haqq qazandırırdılar.

Bu müsadirə haqqında fars və türk qəzetləri yazmağa başladı və onlar qeyd edirdilər ki, bolşeviklər müsəlman qadınlardan zorla tumanlarını (yubkalarını) alıb, əldən-ələ ötürürdülər (bu isə qadının namusuna toxunmaq demək idi) və s.

Sərkis "möhkəm", lakin stajsız kommunist kimi məşhur idi. O zaman Ermənistanın belə kommunistlərə böyük ehtiyacı var idi. Belə ki, o vaxt Ermənistan hökumətinə rəhbərlik edənlər "zəif' kommunistlər idilər.

Mən ona Ermənistana getməyi inadla təklif edirdim, lakin o razı olmurdu.

Burası da var ki, Ermənistanda işləyən erməni yoldaşlar da onu rədd etmişdilər.

Nəhayət, RKP MK onu Moskvaya geri çağırır.

Bu "ciddi" kommunistin necə oyun çıxarmasına tamaşa etmək lazım idi.

Guya başqa məsələlərlə əlaqədar yığıncaqlar keçirilir, bu yığıncaqlarda isə öyrədilmiş agentlər onun Bakıda saxlanılması barədə məsələ qaldırırdılar. Müsəlman fəhlələrdən hər yerdə öz keçmişi ilə məşhur olan Hacı Baba çıxış edirdi.

(Mənim yanımda Az.MİK-nın sədri Hacıbəyov bu fəhləni rüşvətxorluqda ittiham etmişdi).

O özünü təmizə çıxarmaq üçün heç bir söz deyə bilməmişdi.

Yeri gəlmişkən, bu fəhlə bir dəfə ona kostyum vermək üçün mənə xahişlə müraciət etmişdi, lakin məndən heç bir şey almayıb Sərkisin yanına getmiş və o, fəhlənin xahişini yerinə yetirmişdi.

Mən qəsdən bu fəhlə üzərində dayanıram, çünki o indi də yol. Mirzoyanın əlində çox itaətkar bir vasitədir.

Beləliklə, yol. Sərkis müxtəlif bəhanələrlə Bakıda oturub yığıncaqlar keçirməkdə davam edirdi, bu yığıncaqlarda RKP MK qərarı amansız tənqid atəşinə tutulurdu.

Nəhayət, RKP-nin bəzi üzvləri bundan xəbər tutur və onun çıxıb getməsini qəti surətdə tələb edirlər.

Burada başqa yeni bir komediya: M.D.Hüseynov Sərkisin vaqonunu açmağı əmr edir və şayiə yayır ki, guya fəhlələr yığılıb onun vaqonunu açıblar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info