Qonaq Kitabı
MƏXFİ

Həyasızcasına yalan.

Bundan sonra da bu adamlar partiya intizamından danışacaqlar.

Bu əsl dağıntı, əxlaqsızlıqdır, partiya intizamı deyildir.

Yeri gəlmişkən, MK Siyasi Bürosunun iclasında yol. Leninin yanında və ayrıca yol. Stalinə mən demişdim:

"Bütün bədbəxtlik ondan irəli gəlir ki, bu "möhkəm kommunistlərin" etdiklərini mən özümə rəva görmürəm".

Mən elə bu iclasda Siyasi Bürodan xahiş etdim ki, onlara qarşı açıq döyüşə girməyə mənə icazə versə, onların izi-tozu da qalmaz.

Bir qədər əvvəl dediyim kimi, mənə rədd cavabı verdilər.

Sərkis Şərq məsələsinə həmişə istehza ilə yanaşırdı. Ən biabırçı bu idi ki, o, Şərq məsələsini milli məsələyə çevirmişdi və bunu tutuquşu kimi onun ardınca pərəstişkar Ruhulla Axundov təkrar edirdi, həmin o şəxs ki, çevrilişdən üç ay sonra Musabəyova (hazırda ASSR Xalq Komissarları Sovetinin sədri) öz kürəkəninin, yəni Həmid Sultanovun hərəkətinin qarşısını bir qədər almağı məsləhət görmüşdü, belə ki, Axundovun fikrincə, o, hissə qapılır və millətin mənafeyinə xəyanət edir (bunu mənə yol. Musabəyov bildirmişdi).

Sərkis və onun məsləkdaşları bax belə adamlardır.

Nəhayət, Sərkis gedir, onun yerini isə layiqli yoldaşı Mirzoyan tutur.

Adama belə gəlirdi ki, həmkarlar ittifaqlarının sədri kimi şərəfli bir vəzifə tutan və peşəkar işçi olan yol. Mirzoyan əgər həqiqətən öz işini sevirdisə, gərək BEKA-nın katibi olmayaydı. Lakin burada iş sevgidə deyil, başqa bir şeydədir...

Yol. Mirzoyan konfransa qədər BEKA-nın katibi vəzifəsinin icraçısı seçilir.

O konfrans keçirir və konfransın onu BEKA-ya üzv, sonra isə BEKA-nın katibi seçməsinə nail olur.

O, məqsədinə nail olur.

Onun işinin daxili məzmunu Sərkisin işindən əsla fərqlənmir, lakin o (dar düşüncəli adam olsa da) hiyləgərlik işlədir.

O görür ki, onun həmkarlar ittifaqları sədrliyindən BEKA-nın katibi vəzifəsinə keçməsi çox gözə çarpır, o özünü iki qrupun birləşdirilməsi tərəfdarı elan edir, yəni hiyləyə əl atır və ətrafdakıların gözünə kül üfurür.

Bütün bundan göründüyü kimi, BEKA artıq irs kimi Mirzoyana çatır.

Bir dəfə o, partiya qurultayında rəsmi surətdə bildirmişdi ki, indi qruplar yoxdur və BEKA katibi olarkən hamısını məlv etmişdir. Lakin bu belədirmi?

Bu yaxnlarda, demək olar ki, bütün rayonların müsəlman fəhlələrinin nümayəndələri mənə Mirzoyandan şikayət etmişdilər ki, o müsəlman fəhlələrinə münasibətdə cinayətkar siyasət yürüdür. Onlar mənə bildirdilər: "Əgər Siz hüquqlarımızı müdafiə etməsəniz, biz öz partiya kitabçalarımızı qaytaracağıq". Mən onları sakitləşdirib dedim: partiya intizamının tələb etdiyi kimi hərəkət etmək lazımdır. Siz gərək Mərkəzi Komitəyə müraciət edib sizin nümayəndələrlə birgə yığıncaq keçirilməsini tələb edəsiniz. Bu yığıncaqda siz BEKA-nın işi, yəni Mirzoyan haqqında öz fikrinizi ətraflı izah edə bilərsiniz. Nümayəndələr mənimlə və EMKA ilə danışıqlar aparmaq üçün öz sıralarından qocaman gizli partiya işçiləri olan Molla Babanı və Ələkbəri seçdilər. Mirzoyan bundan xəbər tutub guya başqa hərəkətləri üçün bu fəhlələrin partiyadan xaric edilməsi haqqında məsələ qoyur. Lakin onları nəinki partiyadan, hətta ittifaqdan da qovurlar; beləliklə, bir mütəxəssis kimi öz vəzifələrini vicdanla yerinə yetirən fəhlələr küçəyə atılırlar. Küçəyə atılmış, ailə basmış fəhlə Ələkbər Mirzoyanın yanına gəlir və təəccüblə soruşur: siz məni partiyadan qova bilərdiniz, lakin nə əsasla məni ittifaqdan qovur, məni və ailəmi bir tikə çörəkdən məhrum edirsiniz. Mirzoyan o qədər axmaq idi ki, dözməyib işarə etdi ki, sən Nərimanovun tərəfdarısan. Molla Baba adlı başqa fəhlə belə bir şikayətlə Mərkəzi Komitənin katibi Xanbudaqova müraciət etdikdə, o da həmin şeyi demişdi.

Lakin Kirovun və Mirzoyanın şəxsində EMKA-nın, BEKA-nın bu narazılıqların səbəblərini aydınlaşdırmaq üçün belə müşavirənin çağırılmasına nə üçün etiraz etməsi indiyə kimi həm mənim üçün və həm də fəhlələr üçün anlaşılmaz olaraq qalır. Mirzoyan tərəfindən belə bir terrorçu akt məhz onu göstərir ki, bu adamın vicdanı təmiz deyil. Məgər bu onu göstərirmi ki, Mirzoyanın bildirdiyi kimi, partiyada qruplar yoxdur. Nə qədər ki BEKA irs kimi mirzoyanlara çatır, bu qruplar olacaqdır.

Bütün bunlardan görünür ki, burada məlum plan üzrə fəaliyyət göstərirlər.

Bu plan kimindir və necə plandır?

Bütün bunların müəllifi, onlardan daha ağıllı olduğu üçün, Mikoyan sayılır.

Qeyd etdiyim kimi, o bir dəfə demişdi:

"Biz Nərimanovu elə əhatə edəcəyik ki, o bizim təsirimiz altında olsun".

Bunu etmək üçün BEKA-nı öz əllərinə almaq lazım idi.

BEKA isə Azərbaycanda hər şey deməkdir.

Bakı, güclü proletar mərkəzi kimi, hökmən amirlik edən mərkəz olmalıdır.

BEKA işçiləri bölüşdürürdü, BEKA-nın arxasında nüfuzlu fəhlə konfransı var idi, BEKA MK işinin gedişinə qüvvətli təsir göslərirdi, çünki axırıncı həmişə işçiləri BEKA-dan götürürdü, nəhayət, BEKA həmişə öz üzvlərini MK-ya daxil edirdi və burada məsələlər həmişə BEKA üzvlərinin təsiri altında keçirilirdi.

Mikoyanın ən qatı düşməni mən idim, lakin onu mənim iştirakım olmadan çıxartdılar.

Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a.

Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Hələlik bunu mötərizədə saxlayıram, çünki əminəm ki, bu mötərizələr nəticədə özləri açılacaqlar. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm:

Bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrdə təyin edilməsini dayandırmaq vacibdir.

Zaqafqaziyanın keçmişi, ümumiyyətlə və xüsusilə 18-ci ildə Bakıda bizim işimiz bu məsələ üzərində düşünməyə məcbur edirdi.

Mən burada açıq deməliyəm:

Hər yerdə, bütün iclaslarda mənim çıxışımdan sonra müsəlmanlar qrupla mənə yaxınlaşıb deyirdilər:

Bizi hara istəyirsən apar, nə istəyirsən elə, biz sənə inanırıq, biz ailəmizin xoşbəxtliyini sənin ixtiyarına veririk, ancaq 18-ci il hadisələri təkrar baş verməsin...

Bəs, 18-ci ildə [Söhbət Bakıda baş vermiş 20 mart-1 aprel hadisələrindən gedir. Martın 29-da qızıl qvardiyaçılar dəstəsi Bakı Soveti İcraiyyə Komitəsinin əmrinə əsasən Lənkərana yola düşməli olan Vəhşi diviziya kimi tanınmış I tatar polkunu tərk-silah etməyə cəhd göstərmişdi. Başlanmış atışma sürətli, lakin amansız döyüş üçün qığılcım rolunu oynadı. Müsəlman milli şurasının dəstələri və daşnak dəstələrindən ibarət olan Bakı Sovetinin birləşmiş qüvvələri arasında baş vermiş bu döyüşdə 20 mindən artıq adam iştirak etmişdi. Bakı Sovetinin birləşmiş qüvvələri döyüşlərin qurtarması ilə kifayətlənməyib silahsız azərbaycanlıları öldürməyə başlamışdılar. Bunun davamı olaraq daşnak partiyası tərəfındən müdafiə edilən Bakı Soveti Icraiyyə Komitəsinin bolşevik rəhbərliyinin tətbiq etdiyi repressiya tədbirləri Sovet hakimiyyətinin nüfuzunu yerli əhalinin gözündə əhəmiyyətli dərəcədə aşağı salmış oldu.] nə baş vermişdi?

18-ci il haqqında mən başqa yerdə və başqa vaxt ətraflı danışacağam. Bununla belə, 18-ci ildə nə baş verdiyi haqqında qısaca deyəcəyəm:

N.Nərimanovun (özü haqqında üçüncü şəxs kimi danışır) özü sonralar bu hadisələri belə təsvir edirdi:

"Vətəndaş müharibəsi ərəfəsində mənim mənzilimdə müsəlman kommunistlərin yığıncağı keçilirdi ki, mərhum yol. Şaumyan da bura dəvət edilmişdi.

Yaranmış vəziyyət haqqında məsələnin uzun sürən müzakirəsindən sonra, mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər.

Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni hərbi milli hissəsi yerləşirdi.

Yol. Şaumyan bu dəlillə razılaşdı.

Lakin iki saatdan sonra biz deyil, müsavatçılar tərəfindən vətəndaş müharibəsi başlandı.

Qüvvəmizin zəifliyini nəzərə alaraq, çətin dəqiqədə yol. Şaumyan erməni hissəsinin Sovet hakimiyyətini müdafıə etməsinə razılıq verdi.

O biri gün saat 12-yə qədər vətəndaş müharibəsi düzgün aparılırdı, lakin saat 12-dən mənə məlumatlar çatmağa başlayır ki, müharibə milli qırğın şəkli alır.

Burada olduqca çoxlu xarakterik səhnələr var ki, mən onlar haqqında susuram.

Nəhayət, müsəlmanların deputatlar heyəti yanıma gəlir və özlərini məğlub edilmiş hesab edərək müharibəni dayandırmağı xahiş edir.

Mən dərhal yol. Caparidzeyə zəng edirəm.

O, deputatlar göndərməyə söz verir.

Bu vaxt daşnaklar mənim mənzilimə basqın edirlər.

Mən qaçıb gizlənirəm.

Mənim qardaşımı tutub aparırlar. Bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə "Sovet hakimiyyətinin müdafiəçiləri" olan daşnaklardan xilas edir.

Bundan sonra Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir. Nəticədə daşnaklar, yəni "Sovet hakimiyyətinin müdafiəçiləri" əliuşaqlı müsəlman qadınlarını əsir edirlər... Burada bizim müdafıəçilərimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir.

Bu haqda susmaq daha yaxşıdır.

Lakin Alyoşa Caparidzenin çox nəcib ürəyi bu haqda susmamışdı.

Caparidze ilə mənim aramda nə kimi söhbət olmuşdur, mən bunların hamısının üzərindən keçirəm.

Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi.

Bax, bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir.

Bütün bunlar məni ilk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək barəsində danışmağa məcbur edirdi.

Bununla belə, lap əvvəldən bu günə kimi BEKA elə bil qəsdən Mikoyan, Sərkis və Mirzoyan tərəfindən tutulur.

Axırıncı, yəni Mirzoyan, artıq daha cəsarətlə fəaliyyət göstərir.

Mən təkrar edirəm - bu eynilə göstərildiyi kimi, müəyyən edilmiş plandır.

Lakin çoxları bunu başa düşmürdülər. Bunu hazırda AKP MK katibi olan yol. Kirov da başa düşmür, bu adama Mirzoyanla əlbir fəaliyyət göstərmək təlqin edilmişdi.

Hətta əgər Kirova təlqin edilməsəydi də, o bu kampaniyanın təsiri altına düşərdi, çünki bu kampaniyanın fəaliyyəti onun daxili aləmini məmnun edir.

Bu kampaniyanın fəaliyyəti isə məhz Azərbaycanın simasızlaşdırılmasına yönəlmişdir. Bir tərəfdən kommunizm bayrağı altında daşnaklar öz işlərini görür, digər tərəfdən keçmiş eserlər tədriclə və inadla Sovet hakimiyyətini içəridən dağıdırlar.

Əgər bu vaxt Hüseynov, Qarayev, Ruhulla Axundov və bu cəhdləri şüurlu surətdə müdafıə edən başqaları Azərbaycanın fəhlə və kəndliləri qarşısında cavab verməli olsalar, məhz bu nöqteyi-nəzərdən cavab verməlidirlər. Onlar isə müdafıə etmiş və indi də müdafıə edirdilər, çünki öz keçmişlərindən qorxurlar. Məgər bunların hamısını yoxlamaq çətindir?

Mən isə yenə də öz əsas məqsədimi irəli sürürdüm: Azərbaycandan Şərq üçün nümunəvi Sovet Respublikası yaratmaq və bununla da Şərqin məzlum xalqlarını tez bir zamanda öz tərəfimizə cəlb etmək, azadlıq hərəkatını alovlandırmaq və bu yolla Avropa kapitalizmini öz iqtisadi bazasından məhrum etmək, Avropa fəhlələrinin həyatındakı böhranı dərinləşdirmək, tezləşdirmək və beləliklə də Avropada arzu etdiyimiz inqilabı sürətləndirmək.

Öz qarşıma qoyub həll etmək istədiyim başlıca vəzifə bundan ibarətdir.

İranda Mikoyanla Sultanzadənin birgə kommunist inqilabı olmasaydı; əgər məni ancaq özlərinin bugünkü vəziyyətini düşünən xəbis qəlbli adamlar əhatə etməsəydi, əgər Mərkəz mənə etibar etsəydi, bu çox asan olardı. Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edir.

Serqo isə o xəbis qəlbli adamlara daha çox etibar edirdi, onlar da öz vəziyyətlərini qorumaq və möhkəmləndirmək üçün onun qarşısında nökərlik edir və Azərbaycanda milli təmayül haqqında çığırırdılar. Bu isə yol. Serqonun çox xoşuna gəlirdi.

Mərkəz baş aça bilmirdi ki, nə üçün mən, 20 il bundan əvvəl öz romanımda beynəlmiləlçiliyi təbliğ etdiyim halda, o zaman ən çətin anda müsəlmanlar arasında hər cür dini inkar etdiyim halda, indi mənim milli təmayülüm olmalıdır, dünənki daşnak və ya müsavatçı isə beynəlmiləlçi olmalıdır.

Burada məsələni belə qoymaq lazımdır:

ya həqiqətən Mərkəz bu məsələdən baş aça bilmir, ya da o ucqar respublikaların daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu "beynəlmiləlçiləri" irəli çəkir, müdafiə edir...

Onsuz da bir qədər sonra Mərkəz bu suallara cavab verməli olacaqdır, belə ki, bütün bu müddət ərzində ucqar respublikaların həyatından olan zəngin materialı inkar etmək çətindir.

Biz partiyamızın intizamı ilə qüvvətliyik, lakin intizamı Şərqdə az-çox məşhur olan partiya üzvlərinin şəxsiyyətsizləşdirilməsinə yönəltmək bizim Şərq siyasətimizin məhv olması deməkdir.

Əgər birinci məsələ, yəni Mərkəzin öz üzvlərinin yararlı olub-olmamasını ayırd edə bilməməsi, bu anlaşılmazlıqların səbəbidirsə, bunun eybi yoxdur, lakin əksər çoxluğu müsəlman kommunistlər olan ucqar respublikaların nə vaxtsa Sovet Rusiyası üçün zərərli ola biləcəyi fikrini birdəfəlik başdan atmaq lazımdır.

Müsəlman zəhmətkeş kütlələri rus çarlarının siyasətindən cana gəlmişlər, indi onlar çarizmin, demokratizmin və Sovet hakimiyyətinin nə demək olduğunu çox gözəl başa düşürlər. Zəhmətkeşlərin özlərinin hakimiyyəti.

Bu fikri qəti surətdə başdan atmaq lazımdır və kim istəyirsə rahat yata bilər, həm də əmin olsun ki, keçmiş və indiki Rusiyanın ərazisində yaşayan müsəlmanların zəhmətkeş kütləsi Sovet hakimiyyəti tərəfdarıdır.

Lakin onlarda milli təmayül vardırmı.

Yol. Stalinə məruzələrimdən birində mən deyirəm: əgər sabah Avropada proletar inqilabı alovlansa və hər yerdə hakimiyyət fəhlələrin əlinə keçsə, bununla belə, biz sənayemizi bərpa etmək üçün havayı olaraq hər şey əldə edəcəyimizə ümid ola bilmərik, yəni hələ uzun müddət belə bir vəziyyət olmayacaq ki, bu zaman biz deyə bilək:

"Bizimki – Sizinkidir, Sizinki isə – Bizimki".

Avropa kapitalizmi, Avropa sənayesi başqa dövlətlərin hesabına inkişaf edirdi.

Çətin ki, ingilis fəhlə hökuməti Hindistanda istismarçı siyasətindən əl çəksin.

Bir halda ki, belə bir siyasət, sözün yaxşı mənasında iqtisadi asılılıq siyasəti mövcud olacaqdır, lakin daha dəqiq desək, bu bir xalqın başqa bir xalq üzərində iqtisadi əsarət siyasəti olacaqdır, deyə bilərikmi, əgər belə demək mümkünsə, biz dərhal beynəlmiləlçi mühit yaradacağıq.

Sovet Rusiyası ilə Sovet Almaniyası arasında olan qarşılıqlı münasibətlərdə də eyni ilə bu cür olacaqdır. Eyni vəziyyət Sovet Rusiyası və ucqar respublikalar arasında baş verir.

Gözəl nitqlər söyləmək olar, lakin gözəl iş görmək çətindir.

Lakin Azərbaycan məhz gözəl iş görmüşdür.

Sovet Azərbaycanı özü könüllü olaraq neftin Sovet Rusiyası zəhmətkeşlərinə mənsub olduğunu elan etmişdi, lakin Sovet respublikasında başda "kral" Serebrovski olmaqla "monarxiya" yaratmaq nəyə lazım idi, o indiyə qədər elə bilir ki, azərbaycanlılar aypara və ulduzla aldadır.

Yox, hər bir fəhlə və kəndliyə neftin Sovet Rusiyası üçün nə demək olduğu izah edilmişdir.

Azərbaycan birinci il nəinki neft verir, hətta öz dövlət kassasından fəhlələrin məvacibini də ödəyirdi.

Bundan da artıq beynəlmiləl nə ola bilər?

Mən israr edirəm ki, mənimlə məhrəmanə söhbət zamanı azərbaycanlılardan kimsənin Azərbaycanın ən gəlirli mənbədən məhrum olması haqqında öz narazılığını bildirməsi halı olmamışdır, lakin Serebrovskinin Sovet Azərbaycanını tanımaq istəməməsi barəsində çoxlu söz-söhbət olmuş və indi də vardır.

Bax, budur milli təmayülü yaradan.

Xəstəxana üçün cərrah həkim lazımdır. İki namizəd vardır: yəhudi Belenki, bitərəf, birillik stajı olan, Azərbaycanda tamamilə yeni adam və türk Tahşinski, beşillik stajı olan, yerli əhalinin yaxşı tanıdığı adam.

Hər ikisi 8 səs qazanır.

Nəyə görəsə Bakı İcrakomu Belenkini təyin etmək istəyir.

Ona görə ki, Belenkinin qardaşı - BEKA-nın üzvüdür, BEKA isə İcrakomun sədri yol. Krılova Belenkini təyin etməyi əmr edir. Mənim müdaxilə etməyim, nəhayət, Belenkiyə öz qardaşını yerləşdirməyə imkan vermir.

Əgər indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə nəzər salınarsa, onda qərəzsiz müşahidəçi dəhşətə gəlir. Yerli müsəlman mühəndislər və ümumiyyətlə, ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur.

Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə, istər-istəməz bütün bunları törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə ittiham və i.a. eşitməyə məcbur olursan.

Mən neft məhsullarından Azərbaycanın xeyrinə faizli ayırmalara dair düz bir il yol.Serebrovski ilə mübarizə aparmışam, işi Siyasi Büroya qədər çatdırmışam, Siyasi Büro bu ayırmanı [Sosial və mədəni tədbirləri həyata keçirmək üçün respublikanın xeyrinə neft məhsullarından ayırmalar nəzərdə tutulur. Bu qərar AK(b)P Siyasi Bürosunun iclasında qəbul edilmişdi.] yerinə yetirməyi qərarla yol. Serebrovskiyə bir vəzifə olaraq tapşırmışdı. Nə üçün yol. Serebrovski indiyə qədər bunu lazımınca yerinə yetirmir. Nə üçün respublika EMKA-sı bu qərarın icrasına nəzarət etmir. Ona görə ki, Kirov, Mirzoyan yoldaşlar və onların kampaniyası işə saymaz münasibət bəsləyirlər. Buna diqqət yetirmək üçün, əgər belə demək mümkünsə, gərək həqiqətən beynəlmiləl qəlbə malik olasan. Azərbaycanda kəndlilərin cəhalət bataqlığında boğulması onların əsla vecinə deyil. Bəs, MİK-in sədri Ağamalıoğlu, Xalq Komissarları Sovetinin sədri Musabəyov kimi məsul müsəlman işçilər nə iş görürlər.

Bəli, bu bədbəxtlər bu vəzifələrə irəli ona görə çəkilmişlər ki, sussunlar...

Bu, Azərbaycanda onun marağı haqqında daha söz-sohbət olmasın deyə mənim namizədliyimi SSRİ MİK sədrliyinə göstərən Serqo Orconikidzeyə də yaxşı məlumdur. Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi, işə belə münasibət, şübhəsiz ki, milli antaqonizmi genişləndirir.

Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə, əleyhdarlarımın dili ilə desək "millətçi" adını qazanmışam.

Müqabil tərəfin millətçilik təmayülü olduqca, bu tərəfin də millətçilik təmayülü olacaqdır.

Bunu iki, üç, dörd ilə aradan qaldırmaq mümkün deyil, çünki Nikolay və onun iyrənc həyata keçirmə üsulları zamanı böyük dövlətçi xalqın siyasəti ucqarların yaddaşına həkk olmuşdu.

Yaralar həddən artıq dərin və təzədir.

Rus işçilərinin təkəbbürlü hissləri də beləcə təzədir.

Beləliklə, ucqarlarda milli təmayül Mərkəzin özü və ya onun işçiləri tərəfindən yaradılır.

Yerli mənafeyin müdafiəsi Mərkəz müvəkkillərinin dilində milli təmayül, lakin ucqar respublikaların zərərinə Sovet Rusiyasının müdafiəsi həmin dildə beynəlmiləl akt adlandırılır.

Hal-hazırda əgər Sovet Rusiyası layiqli adamlara malik olsaydı, onların köməyilə Mərkəzin səmərəli layihələrini həyata keçirə bilərdi ki, əlbəttə, onda heç kim buna etiraz etməzdi: canlı qüvvələrin səmərəli bölüşdürülməsi enerjinin daha az sərf edilməsinə və əmək məhsuldarlığının artmasına səbəb olardı.

Birincisi bu.

İkincisi:

Əgər Mərkəz o qədər qüvvətli və varlı olsaydı ki, ucqarları bütün zəruri şeylərlə təchiz etsin, bu halda Mərkəzin hakimiyyəti ələ keçirməsi cəhdinə ucqarlarda da müqavimət göstərilməzdi.

Lakin beşillik təcrübə aşağıdakıları göstərir:

Mərkəzdən olan işçilər hazırlıqlı olmadıqları üçün ya işi korlayır, ya da həmin respublikada öz vəziyyətlərini möhkəmləndirmək üçün "milli təmayül" uydururlar və işlə deyil, xəbər gəzdirməklə mnəşğul olurlar, "solların" mənşəyi də buradan başlayır.

Çox əfsuslar olsun ki, bu, Mərkəz tərəfindən təqdir edilir.

Beləliklə, işimiz üçün fəlakətli olan yerli işçilərlə mərkəzçilər arasında süni surətdə mübarizə yaradılır.

İkinci hadisə göstərir ki, Mərkəz müəyyən sahəni özünə tabe edərək nəinki heç bir şey vermir, hətta həmin respublikanın axırıncı tikəsini belə, əlindən alır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info