Qonaq Kitabı
YAXŞI ARXA

Dərdə, qəmə büründü,

Dərin-dərin düşündü.

Sonra dedi: - A, yassar,

Səni bir öyrədən var.

Turşutdu o, üzünü,

Dolandırdı gözünü,

Ürəyi yana-yana,

Baxdı o yan-bu yana.

Birdən gördü qarğanı,

Qaynadı, coşdu qanı,

Dedi: “Aha, bu qarğa,

Olmuş leyləyə darğa,

Yoxsa bir şey qanmazdı,

Hiyləni anlamazdı”.

Sonra yenə şöngədi,

Qulağını diklədi,

Dedi: - A, yassar qarğa,

Paxıl, gözüdar qarğa,

Bu nə cürətdir etdin,

Bu leyləyi öyrətdin?

Nə qalmış idi sənə?

Yamanlıq etdin mənə.

Olsun iki gözün kor,

Indi bircə dayan dur,

Bir gün üzüb başını,

Bişirərəm aşını.

Qalxdı suyu süzülmüş,

Ağzı, gözü büzülmüş,

Meşə ilə gedirdi,

Mırıldanıb deyirdi:

“Ay paxıl, şeytan qarğa,

Səbr et, bir dayan, qarğa,

Sənə qurum bir kələk,

Aləmə olsun örnək”.

 

*        *        *

 

Günəş üfüqdə söndü,

Yavaş-yavaş büründü

Çən, dumana çöl, çayır,

Yamac-dərə, dağ, bayır.

Yuxu zamanı gəldi,

Qurdlar, quşlar çəkildi.

Bulud altından yalnız

Göz qırpırdı ay, ulduz,

Yox səs-səmir bir yerdə,

Ancaq boş dərələrdə

Sular çağlar, gülümsər,

Sıra dağlar səs verər...

Bir hiylə qursun, deyə

Tülkü girdi meşəyə.

Uzandı ac və qorğun,

Əhvalı xeyli pozğun.

Qarnı quruldayırdı,

Durub mırıldayırdı.

Yuxu girməz gözünə,

Deyinir öz-özünə:

“Fələk, bu qanlı səhər,

Açılmayacaq məgər?”

Gözləyirdi bir fürsət,

Hər dəqiqə, bir saət

Bir il keçirdi ona,

Qalmışdı yana-yana.

Uzun gecəni oyaq

Başa vurdu, bir sayaq

Dan yeri ağarcağın

Tülkü ağa ac, yorğun

Silkələdi özünü,

Açdı iki gözünü.

Bir əsnədi, gərnəşdi,

Ürəyini qəm deşdi.

Durdu, çıxdı o, koldan,

Qalmamışdı onda can.

Dərs verməyçin qarğaya

Gəldi birbaş tarlaya...

Bir az baxdı, dayandı,

Birdən yerə uzandı.

Ölülüyə özünü

Qoyub, yumdu gözünü...

Göyün üzündə yalnız

Var idi bircə ulduz...

 

*        *        *

 

Doğdu günəş, yayıldı,

Dağlar, daşlar ayıldı,

Sular, dağlar, bayırlar,

Səhralar, həm çayırlar,

Hər yan rəngə boyandı,

Şux təbiət oyandı.

Açır əlvan çiçəklər,

Uçuşur kəpənəklər.

Quşlar atılır, düşür,

Cəh-cəh vurur, ötüşür.

Səfa içində hər yan...

Yalnız tülkü, bağrı qan,

Qarğacığı tutmağa

Çalışır tülkü ağa...

Uca palıd başında,

Qarıldayırkən qarğa,

Gördü uzanıb tülkü,

Əsla tərpənmir tülkü.

Üzü, gözü büzüşmüş,

Yerə ölü tək düşmüş...

“Bax, bu hiylədir!” – deyə

Qarğa güldü tülküyə.

Dedi: - Ay uzunqulaq,

Məni sanırsan axmaq?

Şeytan kimi yatırsan,

Mənə yalan satırsan?

Elə bildin duymuram,

Yox, hiylənə uymaram.

Tülkü çıxarmadı səs,

Almayırdı heç nəfəs.

Qarğa baxdı bir müddət,

Qəlbində yandı həsrət.

Dedi ki: “Bu hiyləgər

Ölmüş olsaydı əgər,

Səhər, günorta, axşam

Mən də edərdim bayram.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info