Qonaq Kitabı
YAXŞI ARXA

 

Günlərin bir günündə,

Qalın meşə içində

Bir ac tülkü olurdu,

Acından qovrulurdu.

Qalmayırdı dağ, dərə,

Baş çəkirdi hər yerə.

Bir yerdə ov bilsəydi,

Ya uzaqdan görsəydi,

Quyruğunu diklərdi,

Güllə kimi gedərdi.

Görsə ağacda bir quş,

Başından oynardı huş.

Istəyərdi yavaşca

Dırmaşsın o ağaca.

Ancaq dişi batmazdı,

Əli quşa çatmazdı.

Altdan yuxarı yan-yan

Baxırdı heyran-heyran.

Qımıldasaydı yarpaq,

Başın kola soxaraq,

Yavaşca şönküyərdi,

O səsi dinləyədi.

Hərdən bir şey umardı,

Gözlərini yumardı

Görərdi: kök cücələr,

Fərə, xoruzbeçələr

Qarşısında dənlənir,

Cikkildəşir, səslənir.

Açarkən tez gözünü,

Görərdi tək özünü.

Durub mırıldanardı,

Alışardı-yanardı.

Gəzərdi boş-boşuna,

Çıxardı dağ başına.

Dolaşardı o dağı,

Seyr edərdi uzağı.

Dəyməzdi ov gözünə,

Çıxırdı çöl düzünə.

Həm ac, həm yorğun-arğın.

Nəşəsiz, həm də darğın

Axşamadək gəzərdi,

Yorulardı, bezərdi.

Hər kol-kosa çatardı,

Qıvrılardı, yatardı.

Bir gün o çox düşündü,

Qoca qəlbi döyündü.

Dərin bir fikrə getdi,

Bir baxınız nə etdi?

Ağlına gəldi birdən

Dedi ki: “Axmağam mən,

Hazır bu qonşuluqda,

Çinarda, bu yavuqda,

Bala çıxarmış leylək.

Bir hiylə qurmaq gərək.

Alıb bir-bir balasın

Yeyim, qoy tusun yasın”.

Getdi, tapdı bir mişar,

Dedi: “Axtaran tapar...”

Əlin qoydu belinə,

Gəldi çinar dibinə

Dedi: - A leylək baba,

Köç bu ağacdan daha!

Bu çöl, yamac, bu orman

Mənə qalmış tamdan.

Bu gün üç gündür acam,

Bir loğmaya möhtacam.

Gəldim, kəsim çinarı,

Aparım, satım barı...

Əl apardı mişara,

Çəkdi onu çinara.

Ağac başında leylək

Bu sözləri eşitcək

Başladı yalvarmağa.

Dedi: - A tülkü ağa,

Rəhm elə gəl, ay aman!

Kəsmə çinarı, dayan!

Gəl yuvamı dağıtma,

Göz yaşımı axıtma.

Balalarım lüməkdir.

Qanadları gödəkdir.

Ağac başından yerə

Düşsələr birdən-birə

Tələf olarlar, gözüm.

Mən buna necə dözüm?

Tülkü dedi: - Yox, olmaz,

Bir dəqiqə yaramaz.

Əl apardı mişara,

Çəkdi onu çinara...

Leylək birdən bağırdı,

Gözündən yaş yağdırdı.

Dedi: - Aman, tələsmə,

Dayan, çinarı kəsmə!

Üç balamdan birisin,

Ən böyüyün, irisin

Verrəm sənə, götür əl

Tülkü baba, rəhmə gəl.

Tülkü ağa şöngədi,

Qulağını diklədi,

Dedi: - Daha neyləyək,

At aşağı a leylək!

Leylək dayandı bir az,

(Ana balaya qıymaz).

Qıymadı balasına,

Ağladı yana-yana.

Varmadı onun əli,

Baxdı ona kədərli.

Gördü tülkü gözləyir,

Onu yerdən səsləyir.

Leylək dedi: - Ay aman!

Işim oldu nə yaman!

O yazıq dərdli ana,

Ürəyi yana-yana

Dimdiyini uzatdı,

Bir balasını atdı.

Tülkü qapdı havada.

Parçaladı orada,

Çəkdi balta dişinə,

Yedi getdi işinə.

 

*        *        *



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info