Qonaq Kitabı
YAXŞI ARXA

 

Keçdi bir üç gün daha,

Qudurdu tülkü ağa.

Birbaşa, durdu, yenə

Gəldi çinar dibinə.

Dedi: - A leylək baba,

Köç bu ağacdan daha!

Yenə üç gündür acam,

Bir loğmaya möhtacam.

Həyatım olmuş acı,

Kəsməliyəm ağacı.

Əl ağardı mişara,

Çəkdi onu çinara.

Leylək bağırdı: - Aman!

Kəsmə ağacı dayan!

Gözümün ağ-qarası,

Ürəyimin parası,

Iki balam qaldı, bax,

Olsun başıma torpaq...

Daşmı mənim ürəyim,

Anayam, var diləyim.

Qıymaram onlara mən

Bəsdir, insaf elə sən,

Qoy bir böyüsün onlar,

Bir qol-qanad açsınlar,

O zaman al mişarı,

Kəs dibindən çinarı.

Tülkü dedi: - Yox, olmaz!

Bir dəqiqə yaramaz!

Kəsmək üçün çinarı

Götürdü tez mişarı.

Leylək dedi: - Tələsmə,

Dayan, çinarı kəsmə!

Od tutdu yana-yana,

Ürəyi döndü qana;

Bir balasını yenə

Alaraq dimdiyinə,

Öpdü iki gözündən,

Dimdiyindən, üzündən,

Atdı tülküyə sarı,

Dedi: - Al, rədd ol barı!

Tülkü qapdı havada,

Parçaladı orada.

Çəkdi balta dişinə,

Yedi, getdi işinə.

Qonşu ağacda qarğa

Qonmuşdu bir budağa,

Bu hiyləni o qandı,

Leyləyə qəlbi yandı,

Dedi: - A leylək sənin,

Qara daşdır ürəyin.

Bax gör, bir neyləyirsən?

Öz balanı verirsən

Acgöz, murdar tülküyə,

Dəb salırsan ölkəyə.

Bu sözləri eşitcək,

Hönkürtü vurdu leylək,

Dedi: - Neyliyim, qardaş?

Düşsün başıma bir daş!

De görüm, hansı ana

Qıyar öz balasına?

Işim düşmüşdü dara,

Tapmadım başqa çara.

Əlindəki mişarı

Görmədinmi? Çinarı

O insafsız kəsirdi,

Canım zağ-zağ əsirdi...

Qarğa dedi: - Ay axmaq,

Sadədilliyi burax!

Pis olar yoxsa halın,

Yox şüurun, kamalın.

Uzunboy, uzunboğaz,

Xeyrə, şərə yaramaz.

Ayaqların bir arşın.

Ondan uzundur başın.

Ağlın ancaq gödəkdir,

Adın hacıleyləkdir.

Yox o boyun faydası,

Hər işin var qaydası

Hiylə gəlir o sənə,

Inanırsan düşmənə.

Olsa min bir mişarı,

Kəsə bilməz çinarı.

Sənə gəlir o, kələk,

Burax, qoy kəssin görək...

Leylək dedi: - Ay oğul,

Bunu bilmirdim, sağ ol!

Saldın məni sən başa,

Sağ ol, qarğa çox yaşa!..

 

*        *        *

 

Keçdi bir üç gün, yenə

Haman çinar dibinə

Tülkü buyurdu gəldi,

Lovğa-lovğa çöməldi,

Dedi: - A leylək baba,

Köç bu ağacdan daha!

Leylək cavab vermədi,

Ona baş endirmədi.

Kəsmək üçün çinarı

Tülkü aldı mişarı.

- Köç bu ağacdan, - dedi, -

Məni bu aclıq yedi.

Gərək kəsilsin çinar.

Buna bir sözünmü var?

Tülkü dartdı özünü,

Bitirməmiş sözünü,

Leylək boynun uzatdı,

Tüklərini qabartdı,

Dedi: - Rədd ol, hiyləgər!

Lovğalanma bu qədər.

Bəsdir, bu hiyləyə sən

Sinəmə dağ çəkmisən...

Anlamışam işini.

Nə qıcıyıb dişini

Gəc baxırsan üzümə?

Get, görünmə gözümə!

Tülkünü heyrət aldı,

Yerində donub qaldı



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info