Qonaq Kitabı
HEKAYƏTİ-XIRSİ-QULDURBASAN

D i v a n b ə y i. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib)

B a y r a m. Bəli, budur, başına dönüm!

T a r v e r d i. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir, dinc adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər, quldurluğa getdim.

D i v a n b ə y i. Axmaq, sənə qorxaq deyəndə nə olacaq idi ki, özünü xataya saldın?

T a r v e r d i. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mənim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq eləməsən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim.

D i v a n b ə y i. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdliklə təqsirini iqrar elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş eləmə! Kamalov, qızdan soruş ki, bu oğlanların hansına getmək istirsən?

 

Dilmanc qızdan soruşur.

 

P ə r z a d (dilmanca). Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürrəm!

D i l m a n c (divanbəyiyə). Qız Tarverdini sevmir.

D i v a n b ə y i. Bəs məlumdur ki, Bayrama getmək istir. Məşədi Qurban, əl çək bu qızdan, qoy getsin Bayrama! Görükür ki, qoçaq oğlandır. Mən də onu özümə yasavul edərəm, sizin də vecinizə gələr.

M ə ş ə d i   Q u r b a n. A başına dönüm, istəmədim, əl çəkdim, təki mənim oğlumu xatadan qurtar.

D i v a n b ə y i. Cənab Fok, razısanmı bu işi sülh ilə qurtarasan?

F o k. Necə sülh ilə, ağa?

D i v a n b ə y i. Yəni pul alıb bu adamdan əl çəkəsən.

F o k. Pul alıb əl çəkəm? Baş üstə, ağa divanbəyi, pul almağa razıyam. Çox razıyam!

D i v a n b ə y i (Məşədi Qurbana). Məşədi, sənin oğlun təqsirlidir. Mən eləyə bilmənəm ki, bu işi örtəm, basıram. Amma bu nemsəni sən razı edəndən sonra mən bir bəhanə gətirib, ümənayi-dövlətdən təvəqqə edəcəyəm ki, Tarverdini bağışlasınlar. Bişək bağışlanar!

T a r v e r d i. Ağa, nə bəhanə göstərəcəksiniz?

D i v a n b ə y i. Yazacağam ki, axmaqlığın ucundan bu iş səndən baş veribdir.

T a r v e r d i (baş əyib). Bəli, ağa, elədir, başına dönüm!

D i v a n b ə y i. Ey camaat, sizdən ötrü indi ibrət olsun! Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsiniz! Sizə eybdir yaman işlərə qoşulmaq. Bəsdir oğurluğa, tülkülüyə həris olmaq! Heç bilirsinizmi ki, rus dövləti sizə nə yaxşılıqlar edir və sizi nə bəlalardan saxlayır? Lazımdır ki, böyüyünüzü tanıyıb həmişə əmrinə itaət edəsiniz.

 

Tamam oldu.



[i] İstinad: (Tacik sözü burada, tayfa, xalq mənasında deyil, qorxaq, aciz, bacarıqsız adam mənasında   işlədilir.)

 

[ii] istinad: ( arabaçı, araba sürən.)



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info