Qonaq Kitabı
HEKAYƏTİ-XIRSİ-QULDURBASAN

T a r v e r d i. Mən ki, demədim geriləyirəm.

Z a l x a. Mən bu saatda Pərzad ilə görüşdüm. Hamı işi qulağına pıçıldadım. Necə sevindi, necə sevindi!.. Dedi ki, indi allaha şükür, dəxi deməzlər ki, Tarverdi qorxaqdır. Bundan sonra mən utanmanam deyim ki, onu sevirəm. Bu vaxtadək tamam qızlar mənə tənə edirdi, hər birisini görəndə başımı aşağı salırdım.

N a m a z. Aşkar zaddır ki, bizim qızlarımız heç bir oğlanı sevməzlər ki, adam soymamış, yol kəsməmiş ola, elə birisi bu Zalxa! Axır bu da gözəl sayılırdı!

Z a l x a. Allahı sevirsən, ətimizi tökmə, az danış!

N a m a z. Vallah, doğru deyirəm, elə birisi bu Zalxa! Məgər mənə əvvəldən gələrdi, əgər quldurluğa əl qoymasaydım? Arvad, belədirmi?

Z a l x a. Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eyləyib danışmaq sənə qalıbdır?

T a r v e r d i. Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə heç bir yaraq yoxdur. Bilmirəm necə edim. Yaraq üçün evə getsəm atam duyacaqdır.

N a m a z. Evə niyə gedirsən! Mənim qılıncımı, tüfəngimi, tapancamı götür, xancal da ki, öz belində var. Qoy mən səni geyindirim, yaraqlandırım. (Başlayır yaraqları onun üstünə taxmağa).

T a r v e r d i. Dəxi başqa nə götürüm?

N a m a z. Olan, bəsdir, bular ilə bir qoşun qırmaq olar, dəxi artıq nəyinə gərəkdir?

Z a l x a.  Vay  aman, Tarverdi, necə heybətli oldun? Səni görən kimi adamlar qaçacaqlar.


Bu halda Vəli və Oruc daxil olurlar.

 

O r u c. Biz də hazırıq.

T a r v e r d i. Gedəkmi?

N a m a z. Gedin, gedin, uğurunuz xeyir olsun! Əlidolu qayıdasınız!

Z a l x a.  Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul-qız görəsən! Oğlanların da sənin kimi qoçaq olsun!

T a r v e r d i. Qəm eləmə, olacaqlar, şəksiz olacaqlar. YA saf adımı batırram, ya adam soymamış qayıtmayacağam!

 

Gedirlər.

 

N a m a z. Zalxa, bilirsənmi, mən şərtləşdim ki, Tarverdi hər nə gətirsə, yarısın mənə versin.

Z a l x a. Tarverdi yəni bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə? Sən niyə belə xam xəyal olursan? Şək yoxdur ki, onun qol-qıçın əzib yola salacaqlar.

N a m a z.  Xeyr, kim bilir, olur ki, uğuruna bir xeyir gələ. Qorxaq həmişə özündən qorxağa   rast   gələr.  Axırda iş necə qurtarsa, bizim xeyrimizdir; bir tərəfdən at, bir tərəfdən də pul!  (Gedir əlin ovuşdura-ovuşdura).

 

Pərdə salınır.

 

 

 

İKİNCİ  MƏCLİS

 

Vaqe olur Şəmsəddin  mahalında, dərənin içində ki,  bir tərəfində təpə dəxi zahirdir.

 

B a y r a m (yalqız). A kişi, ov da ələ düşmür; nə bir ceyran var, nə bir turac; bir dovşan da barı rast gəlmir ki, bir tüfəng atam. Ürəyim darıxır. Nə yaman bəxtim var imiş, mənim! Tutalım ki, Pərzad məni sevir, əlindən nə gələcək? Əmisinin əmrindən çıxamı biləcək, tamam obanın öhdəsindən gələmi  biləcək? Qız   tayfasının xahişinə məgər bizlərdə qulaqmı asarlar? Ümid yoxdur, iqbalım   gətirməyəcək. Zalxa etdiyi vədini bitirməyə cürət edə bilməyəcək. Namaz bir tamahkar, şeytanfikir adamdır. Heç vaxtda Tarverdi kimi dövlətli adamı ələ salmaq istəməyəcək. Pərvərdigara, necə edim, bu dərdə necə tablaşım. Nə tövr səbr edim, necə adam tutum, necə bu qüssədən dincələ bilim? Ax, nə xışıltı səsi gəlir?! Gərək ki, bu kolun dalısındadır. Canavar olacaq, gedim bəlkə güllə ilə vura bilim, elə bilim ki, Tarverdinin böyrəyinə güllə vururam. (Gedir).

 

Bir az sonra Tarverdi yoldaşları ilə yetişib, bellərini əyib, sinə-sinə o yana-bu yana baxırlar.

 

T a r v e r d i. Tss... tss... ehtiyatlı olun, gərək ki, yoldan gələn var!

O r u c. Var, var. At ayağının tappıltısı gəlir. Vəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq!

T a r v e r d i. Dayanın, dayanın! Belə bilirəm ki, tüfəng atmasat yaxşıdır.

V ə l i. Necə tüfəng atmasaq yaxşıdır? Onda necə soymaq olar? Sonra gərək əliboş obaya qayıdaq, tamam xalqı üstümüzə güldürək!

T a r v e r d i. Nə səbəbə xalq üstümüzə güləcək? Deyərik ki, yola çıxdıq, çox gözətlədik, heç kəsə rast gəlmədik.

V ə l i. Buna heç kəs inanmaz. Mən bunu edə bilmənəm.

T a r v e r d i. Edə bilməzsən, bəs mən də köməksiz fəqir-füqəranın üstünə tökülə bilmənəm! Mən belə günah işə qoşulmayacağam! Adamda rəhm, mürüvvət yaxşı şeydir. Doğrusu budur ki, mən qayıdacağam. Mən qalmıram, gedirəm!

V ə l i. Yavaş, əzizim, çox gec başa düşübsən. Allaha and olsun, əgər ayaq geri qoyasan, şeytanını çəkib qarnını tüstü ilə doldurram. Sarsaq balası, sarsaq özün yalvarıb bizi bura gətirmisən, indi bizi qoyub getmək istəyirsən?

T a r v e r d i. Mən ki, sizi qoyub getmək istəmirəm. Mən sizin xeyriniz üçün deyirəm ki, geri dönək; bəlkə yol adamı bizdən çox oldular, bəlkə bizim kimi qoçaq adamlar oldular; tükümüzü töküb qol-qanadımızı qırarlar.

V ə l i. Quşdan qorxan darı əkməz. İndi bu fikirləri eləmək vaxtı deyil! Yoldan ötənləri gərək əyliyək. Sən də bizim ilə gərək bir yerdə olasan; yoxsa, görərsən! İstirsən sabah aləmi bizə güldürəsən? Ayaq geri qoysan, bütün tüfəngi sənə boşaldacağam. (Tüfəngi ona sarı çevirir).

T a r v e r d i. Allahu əkbər, bizə qorxaq deməsinlər deyin, gərək özümüzü bəlaya salaq?! A qardaş, bircə qulaq as mənə, gör nə deyirəm; sən qoçaqlığı lap qələt anlayırsan, heç bilirsənmi qoçaqlıq, igidlik nədir? İgidlərin başçısı Koroğlu deyibdir ki, igidlik ondur, doqquzu qaçmaqdır, birisi heç gözə görünməmək. Mən deyirəm ki, bu iki işin hansına əməl edirsiniz edin.

V ə l i. Bəsdir, çox vəz vermə! Görürsənmi, yuxarıda bir zad qaralır? O, yoldan gələn olacaqdır.

T a r v e r d i (əyilib baxır). Doğrudan gələn var. Görəsən kimdir? Vallah gəlir! Bilirsinizmi, siz qabağa gedin, mən sizin dalınızı saxlıyım.

V ə l i. Bəli, sənə çox ümid bağlamaq olar. Oruc, qabağa gedək görək, kimdir gələn. Ey, Tarverdi, vallah əgər qaçasan, obanın içində də haqqına fikir çəkərəm, özün bil!

 

Tarverdi və sonra nemsə F o k.

 

T a r v e r d i. Di gör, sevgililiyin axırı belə olar! Heç fikrimdən keçərdi ki, quldur olacağam, yol kəsəcəyəm, aləmə zəlzələ, vəlvələ salacağam? Pərvərdigara, sevgi nə yaman; olurmuş?

F o k. Mən çox yaxşı elədim ki, arabadan düşdüm, bir az piyada yeridim, çiçək dərdim. Nə yaxşı çiçəkdir, nə gözəl qoxusu var. Bunu Mariya Adamovnaya peşkəş edəcəyəm. (Qəflətən  gözü Tarverdiyə  sataşıb) Ax, dədəm vay! Bu kimdir? Vay  aman! Allah, sən saxla!

T a r v e r d i. Heç bilmirəm nə qayırırlar; orda arabanın atını əyliyiblər; kuçer[ii] qaçıb özün kolluğa saldı. Barakallah, qoçaqlarım, necə iş gördük! (Qəflətən gözü Foka sataşıb). Ey  vay, tarı! Yaman yerdə gün axşam oldu! Bu kimdir görəsən?

F o k. Ey  vay, bu quldur olacaqdır! Yəqin məni öldürəcək! (Başlayır titrəməyə).

T a r v e r d i. Ey, yəqin bu adam da quldurluğa çıxıbdır, çiynində tüfəngi də var. Vay aman, atsa mənim işim xarabdır. (O da başlayır titrəməyə).

F o k. Ax, Mariya Adamovna, Mariya Adamovna. Sən hardasan!

T a r v e r d i. Yaxşı Pərzadı aldıq, yaxşı toy elədik, farağat, rahat durducağımız yerdə özümüzə iş qayırdıq!

F o k. Allah, necə heybətlidir!

T a r v e r d i. Allah, tüfəngi necə uzundur! Heç bir belə uzun tüfəng görməmişəm.

F o k. Yaxşısı odur ki, bir tərəfə qaçam!

T a r v e r d i. Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi, mənə düzəldib atdı. Vaxt ikən bir tərəfə yayınım.

 

Hər ikisi birdən qaçırlar. Qəflətən bir -birilə toqquşurlar. Hər ikisi kisəsini çıxarıb bir - birinə uzadır.

 

T a r v e r d i. Vallah, mənim var-yoxum budur, al, məndən əl çək!

F o k. Vallah bundan artıq  tamam səfərimdə bir zad qazanmamışam; al, məni burax!

T a r v e r d i.  Allahı sevirsən, məni qoy obaya qayıdım.

F o k. Amandır, məni öldürmə, yazığam!

T a r v e r d i. Bəs sən quldur deyilsən?

F o k. Mən bir fəqir nemsəyəm. Sən kimsən?

T a r v e r d i.  Mən   kiməm? Qurumsaq! Görmürsən ki, mən qulduram! Mənim kolluğun içində iki yüz yoldaşım yatır! Siz neçəsiniz?

F o k. Mən bircəyəm!

T a r v e r d i. Di bəs tez qaç, yoxsa bu saatda səni öldürrəm!

F o k. Doğrumu deyirsən ki, sən yalqız deyilsən?

T a r v e r d i. Eşitmirsən ki, mənim yoldaşlarımın qalmaqalı gəlir?

F o k. Ax, tarı, tamam var -yoxum qarət olacaq! Ax, Mariya! Adamovna! Mariya Adamovna! Bu necə bədbəxtlik idi üz verdi. Biz bundan sonra necə edəcəyik? (Ağlayır).

T a r v e r d i. Yoldaşlarım yaxınlaşırlar, di itil cəhənnəmə, tez qaç, yoxsa bu saatda qarnını tüstü ilə doldurram!

F o k. Ax, allahı sevirsən, dayan, bu saatda qaçım. (Başlayır qaçmağa).

T a r v e r d i (yalqız). Necə qorxutdum! Mənim kimi zalım olarmı? Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan  bağrı çatlardı.

 

Bu halda Vəli və Oruc arabaya qoşulan atı cilovundan çəkirlər, arabada iki sandıq var.

 

T a r v e r d i. Ay  uşaqlar, hamısı qaçdılarmı?

V ə l i. Xatircəm ol, hamısı qaçdılar!

T a r v e r d i (gülə-gülə). Necə qorxaq imişlər. Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? Arabada nə şey var?

V ə l i. Arabada iki böyük sandıq var ki, heç tərpətmək olmaz. Sən, Tarverdi, tez oları sındır, içinin şeyin bir yerə yığ. Mən, Oruc gedək, arabanın atlarının birinə güllə dəyib, iki yaxşısı kolluğa qaçdı, tutaq gətirək, şeyləri yükləyək  aparaq.

T a r v e r d i. Çox yaxşı, siz gedib atları qaytarın, mən bu saatda sandıqları sındırıb, şeyləri bir yerə yığaram; amma tez qayıdın, burada çox dayanmaq olmaz, qorxuram üstümə adam tökülə, əlimdən nahaq qan çıxa.

V ə l i. Axmaq danışma, sarsaq! Sən bir toyuq öldürə bilməzsən. Tək özün qaçma; adam öldürməyini sənə bağışladıq!

O r u c.  Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç!

T a r v e r d i. Baş üstə.

 

Vəli, Oruc cəld uzaqlaşırlar.

 

T a r v e r d i (yalqız). Genə mən yalqız qaldım. Zərəri yoxdur. Kimdən qorxacağam? Mal yiyələrini qaçırmışıq. A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. Pərzad elə yaşı olduqca tafta tuman-köynək geysin. Qurumsaq Namaz yarısını indi məndən istəyəcək. Qələt eləyir! Nə qayırıbdır ki, yarısını ona verim! Bəlkə sandıqların içindəki tirmə şaldır ya padşahlıq puludur? Tez bir baxım, görüm nə var? (Yavuqlaşır sandıqlara). Sandıqda deyəsən bir zad tərpənir. (Sandığın qapağın qalxızır, birdən bir meymun sandıqdan dişqarı sıçrayır). Allahu əkbər, bu nədir? Sandıqda meymun nə qayırır? Belə də sövdəgər malı olurmu? Belə zibil ilə alış-veriş edən sövdəgərlər də dünyada varmış? (Meymun ona dişin qıcıdır). Ax, köpək oğlunun malı, nə mənə dişin qıcıdırsan? (Meymun onun təqlidin gətirir). Bax, bax, mənim təqlidimi gətirir! Yaxşı oldu, bunu Pərzada peşkəş aparram. Qoy bunu görsün, sevinsin. Necə tutum? Ey, meymun, qorxma, yaxın gəl! Gözəl meymun, yaxın gəl! (Yeriyir meymuna sarı; meymun qabağından tullanır). Bax, bax, köpək oğlunun malı, az qalmışdı mənə toxuna! Yavaş, mən gör necə səni tuturam! (Qaçır meymunun dalısınca; meymun qabağından o yana-bu yana tullanır; sonra ağaca çıxır; başlayır onun təqlidini gətirməyə). Bax, bax, fikri budur ki, mən onun dalısınca ağaca çıxam. Necə şeytan meymundur! Of, qəribə yoruldum, bu necə sarsaq sövdəgər imiş ki, meymunu arabaya qoyub gəzdirir? Mən elə bildim, bu evi yıxılmış ağıllı-başlı mal aparır satmağa, üstünə düşüb soyduq. Mən nə bilim ki, o belə nadürüst imiş ki, bizim oxumuzu boşa çıxartdı. Necə ürəyim darıxır! Amma əliboş evə qayıtmaq olmaz. Görüm o birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var. Qapağı da nə yekədir? (Qapağın sındırır) Ax, pərvərdigara, nə xırıltı gəlir! (Qapağı qalxızır, bir ayı çıxıb, onu süpürrəyir). Ey  vay, ayı! Ay Namaz! Ay Zalxa! Ay Pərzad! Evim yıxıldı! Ay haray, ay aman! Kömək edin, ay  allahı se-vən, dadıma yetişin! Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam! Tövbə olsun, tövbə, tövbə! Of, allah, sən qurtar! Allah, sən dada yetiş! Heç vaxt belə yola dəxi getmənəm.

 

Ayı onun üzün cırıb yıxır  yerə, sıçrayır  belinə,  başlayır övkələməyə, boğmağa. Bu halda  Bayram təpənin üstündə zahir olur.

 

B a y r a m. Nə səs gəlir? Yəqin ayı adam boğur.

T a r v e r d i (qaim səslə). Ay  allahı sevən, kömək elə, məni qurtar!!

 

B a yr a m tüfəngi üzünə götürüb ayını nişana edir, atır. Tufəng boşalanda güllə ayını Tarverdinin üstündən tullayır. Ayı tez qalxıb tüstü sarı yüyürür, girir kola, gözdən itir.

 

T a r v e r d i (yerdə yıxılmış). Ay allah, görəsən güllə mənə dəymədi ki? Xeyr, inşallah dəyməyibdir. Durum qaçım. (Tez qalxıb qaçır).

B a y r a m (enib, arabaya yaxın gəlir). Bu nə arabadır? Bu ayı, bu adam bura hardan düşmüşdür? Mən belə bilirəm ki, ayını yaraladım, qan iz salıbdır. Ayı görəsən hara getdi? Bəs o qurtardığım adam necə oldu?

 

Bu halda divanbəyi, kazaklar və dilmanc hazır olurlar.

 

D i v a n b ə y i. Genə quldurluğa başlayıblar. Ay  kazaklar, ikiniz bu yerlərə baxın, ikiniz atları tutun! O qalanınız bu qoçağı bağlasın!

B a y r a m. Məni bağlasınlar! Allahı sevirsən, belə buyurma, mənim nə təqsirim var?!

D i v a n b ə y i. Necə təqsirin yoxdur? Bəs bu sınmış sandıqlar, soyulmuş araba, tüfəng atılmaq təqsir deyil? Nə vaxtadək zakona müxalifət edəcəksiniz, ümənayi-dövlətin əmrindən çıxacaqsınız? Nə qədər ağlınız və fikriniz az olsa da, barı başa düşün ki, rus dövləti sizi ləzgidən və qaçaqlardan mühafizat edir. Barı bu işin şükranəsinə nizama tabe olun,  əgərçi heç nizamı və zabitəni anlamırsınız? Eh, səninlə danışmağın nə faydası var? Hanı sənin yoldaşların?

B a y r a m. Mənim heç yoldaşım yoxdur!

D i v a n b ə y i. Bu arabanın atları hanı?

B a y r a m. Bilmirəm.

D i v a n b ə y i. Köhnə peşənizdir: bilmirəm, görməmişəm! Sən belə xəyal edirsən ki, "bilmirəm" deməklə canını qurtaracaqsan?

B a y r a m. Ağa, bir sözümə qulaq as! Mən bu yaxınlıqda ov gəzirdim. Gördüm ki, bir çığırtı gəlir, yalvarır, kömək istəyir. Yüyürdüm yaxına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. Mən bundan başqa bir zad etməmişəm.



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info