Qonaq Kitabı
HEKAYƏTİ-XIRSİ-QULDURBASAN

D i v a n b ə y i. Di bəs niyə yoldaşlarını demirsən?

B a y r a m. Axır mən deyirəm ki, yoldaşlarım yoxdur!

D i v a n b ə y i. Var imiş, səni qoyub qaçıblar!

B a y r a m. Heç vaxt elə iş quldurluq ilə düz gəlməz. Ağa, quldur çarəsi üzülənədək yoldaşlarını buraxıb getməz. Yol kəsəndən sonra bir -birlərindən ayrılmazlar. Bir də, siz bunu hardan biləcəksiniz? Siz, yəqin ki, heç quldurluğa getməyibsiniz!

D i v a n b ə y i. Amma mən çox quldur tutmuşam, əgərçi quldurluğa getməmişəm; bilirəm ki,  doğru deyirsən.

B a y r a m. Ağa, əgər mən təqsirli olsaydım, bizim adətə görə, döyüşməmiş tutulmazdım.

D i v a n b ə y i. Doğru deyirsən, bəs kimdir təqsirli?

B a y r a m. Dürüst bilmirəm: əgər bilsəydim, demək çox çətin olardı.

D i v a n b ə y i. Niyə?

B a y r a m. Ondan ötrü ki, adam necə tay-tuşunu ələ verə bilər?

D i v a n b ə y i. Bəs yalqız sən bədbəxt olacaqsan? Mənim sənə yazığım gəlir, amma çarə yoxdur. Bir ərzin, sözün vardırmı?

B a y r a m. Ağa, bir ərzim var, əgər qəbul edəsiniz.

D i v a n b ə y i. De görüm nədir?

B a y r a m. Bilmirəm cürət edimmi?

D i v a n b ə y i. Niyə cürət edə bilmirsən? De görüm?

B a y r a m. Ağa, mən istirəm ki, əgər izin verərsiniz, halallaşam.

D i v a n b ə y i. Atan ilə?

B a y r a m (qısılmış). Xeyr.

D i v a n b ə y i.Qohumlarınla?

B a y r a m. Xeyr, amma əgər mümkün olmasa, ixtiyar sizindir.

D i v a n b ə y i (üzün kənara tutub). Bu fəqirin görəsən dərdi nədir? (Sonra Bayrama mütəvəcceh olub). Söz ver ki, hərgiz qaçmasan, rüsxət verrəm.

B a y r a m.  Allaha and olsun ki, heç vaxt qaçmanam!

D i v a n b ə y i. Ey, yasavul Kərim! Aç bunun qollarını, yanında otur ki, qaçmasın. Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb quldurları axtarmaq üçün binagüzarlıq edəm və lazımdır ki, nemsə Fok özü də hazır olsun!

D i l m a n c. Bəli, ağa, gedək!

 

Çıxıb gedirlər, sonra Bayram Kərimə.

 

B a y r a m. Divanbəyi əcəb adam imiş. Amma bilmir ki, mən səninlə köhnə dostam.

K ə r i m. Yəni bunu deməkdən qərəzin nədir? İstirsən ki, mən səni boşlayam qaçasan?

B a y r a m. Xeyr, mən divanbəyiyə söz vermişəm, heç yerə qaçmanam. Ayrı mətləbim var.

K ə r i m. Mətləbin nədir?

B a y r a m. Təvəqqə edirəm ki, tez bir Zalxanın yanına özünü salıb mənim əhvalatımı deyəsən.

K ə r i m. Namaz arvadı Zalxanın yanına?

B a y r a m. Bəli.

K ə r i m. Əhvalatı ona söyləyim?

B a y r a m. Bəli.

K ə r i m. Dəxi başqa söz?

B a y r a m. Başqa bir söz yoxdur.

K ə r i m. Yaxşı gedirəm (Üzün kənara tutub). Qəribə adamdır. Qaçsa qaçar ey! (Gedir).

B a y r a m (yalqız). Ay allah, Zalxa anlayacaqdırmı? Mətləbi başa düşəcəkdirmi? Bir də Pərzadın üzünü görəcəyəmmi? Zalxa hiyləgər arvaddır. Ona bel bağlamaq olarmı? Oh, allah, kərəminə şükür! Pərzad gəlir.

 

Bu halda P ə r z a d  içəri girir. Z a l x a uzaqdan pusur.

 

B a y r a m. Ax, mənim maralım, mənim ceyranım! Bu sənsənmi gəlibsən! Qoy bir səni bağrıma basım! A başına dönüm, qoy bir doyunca səni görüm. İndi ki, səni gördüm, tamam dərd-qəmim yadımdan çıxdı. A qadan alım, niyə ağlayırsan? A gözümün işığı, mənim sarıdan yoxsa qorxursan? Qorxma, haq aşkar olar, mən qurtarram.

P ə r z a d. Sən qurtaranadək iş işdən keçər. Niyə sən tutulubsan? Niyə sənə təqsirsiz bu müsibət üz veribdir?

B a y r a m. Mənim başqa təqsirim yoxdur. Özgəyə quyu qazan özü düşər. Mən özgiyə quyu qazdım, özüm düşdüm. İndi sən istirsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? Tarverdini nişan verim?

P ə r z a d. Nişan ver, mən ondan cana doymuşam!

B a y r a m. Heç dərd eləmə! Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm.

P ə r z a d. Ax, Bayram, mənim dəxi bəxtəvər olmağım getdi. Qara gün çox yaxınlaşıbdır.

B a y r a m. Bu nə deməkdir? Pərzad, nə söyləyirsən? Niyə ağlayırsan? De görüm, səni tarı, necə qara gün yaxınlaşıbdır?

P ə r z a d. İş işdən keçibdir. Toy tədarükü hazır olubdur. Əmimin buyruğunu mənə bildiriblər. Bir gündən sonra mənim toyum başlanacaq.

B a y r a m (çığırıb). Səni Tarverdiyə verirlər? Allah, divan elə! Pərvərdigara, bu necə işdir?! Bu zalım məni hər tərəfdən bədbəxt edəcək. Vallah, ya onu öldürrəm, ya özüm ölümə gedərəm!

P ə r z a d. Mən də, şübhəsiz, öləcəyəm; mən heç vaxt Tarverdiyə arvad olmanam.

 

Bu halda Pərzadın qayınanası və başqa tərəkəmələr daxil olurlar.

 

S o n a (Pərzadın qayınanası). A qız, ay utanmaz, sənin burada nə işin var? Sən bu yad yerə, yad adam yanına niyə gəlibsən?! Çıx çölə, cönnəmərg olmuş! Çölə çıx!

 

Bu halda K ə r i m yetişib.

 

K ə r i m. Ay arvad, kəs səsin, heç vaxt qoymanam ki, sən o qızı burdan çıxardasan. O, Tarverdini sevmir, güclə onu heç vaxt ona verə bilməzsiniz. Qız Bayramındır!

M ə ş ə d i   Q u r b a n. Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? O mənim qardaşım qızıdır, ixtiyarı məndədir, hər kəsə istərəm verrəm. Artıq-artıq söyləmə!

K ə r i m. Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən!

M ə ş ə d i  Q u r b a n. Mən sənə bildirrəm ki, böyüklük edə billəm, ya yox! A qız, gəl çıx çölə!

K ə r i m. Görüm necə bildirirsən! A qız, tərpənmə, yerində dur! Görüm səni divanbəyinin yasavulunun əlindən kim alıb aparacaq!

M ə ş ə d i  Q u r b a n. Divanbəyi ilə bizi qorxutma! Bağırsaqlarını ayağına dolaşdırram.

 

Xançalı siyirir, irəli yeriyir. Kərim də xançal çəkir, bir-birinin üstünə hucum edirlər. Qalmaqal düşür, tərəkəmələr aralığa düşüb ayırırlar. Bu halda Tarverdi başı sarınmış yetişir.

 

T a r v e r d i. Mənim adaxlımı kimin həddi var burda saxlasın? Hamını vallah burda qırram, tikə-tikə doğraram!

 

Xalq onun qabağını əyliyir.

 

T a r v e r d i. Qoyun məni, vallah, hamını tikə-tikə doğrayacağam!

K o x a. A Tarverdi, nə danışırsan? Divanbəyinin yasavulun istirsən doğrayasan?

T a r v e r d i. Divanbəyinin yasavulu nə böyük adamdır! Mən divanbəyidən də, qubernatordan da, naçalnikdən də qorxmuram! Of, yaranın yeri nə pis ağrıyır, deyəsən kəsirlər.

M ə ş ə d i   Q u r b a n. Ay arvadlar, dəxi qalmaqal eləməyin, çıxın çölə!

B a y r a m (yavaş Pərzada). Pərzad, hələ sən də get, görək necə edirik. Divanbəyi gələndə ərz edəcəyəm.

 

Bu halda  divanbəyi yetişir.

 

D i v a n b ə y i (qaim sövt ilə). Qılıncları qınından çıxardın, heç kəsi qoymuyun yerindən tərpənməyə!


Sükut olunur.

 

D i v a n b ə y i. Cənab Fok, yaxın gəl! Bax görək, o meşədə sənə rast gələn adamı buların içində tanıya bilərsənmi?

 F o k. Baş üstə, cənab divanbəyi, mən baxım görüm.

 

Başlayır adamların bir-bir üzünə baxmağa. Tarverdi dalısını ona çevirir. Fok onun qolundan yapışır.

 

T a r v e r d i. A kişi, məni niyə tutursan?

F o k.  Üzünü bəri çevir, çənəni niyə bağlayıbsan?

T a r v e r d i. Dişim ağrıyır.

F o k (onun üzünə baxıb). Ağa divanbəyi, bu haman adamdır!

T a r v e r d i. Ağa, yalan deyir! Mən iki aydır azarlıyam, üç ildir naçağam!

D i v a n b ə y i. Bu saatda məlum olar (Onun başından dəsmalı dartıb yerə salır). Üzündəki yara yerləri nədir?

T a r v e r d i. Ağa, mənim dişim ağrıyır, həcəmət qoydurmuşam.

D i v a n b ə y i. Xeyr, əzizim, bu, ayının dırnaqlarının yeridir. Kazaklar, bağlayın bunun qollarını!

T a r v e r d i (onun ayağına döşənib). Ağa, vallah, mən bundan əvvəl heç quldurluğa getməmişdim, dəxi bundan sonra hərgiz getmənəm.

 

Kazaklar Tarverdinin qolunu bağlamaq istəyirlər.

 

M ə ş ə d i   Q u r b a n. Ay aman, qoymayın! Mənim gözümün ağı-qarası bir oğlum var!

 

Tərəkəmələr,  arvadlar  yeriyirlər  Tarverdini  kazakların əlindən  almağa.

 

D i v a n b ə y i (tez tapançasın yuxarı qalxızıb). Hər kəs ayaq irəli qoysa, qarnın tüstü ilə dolduracağam.

 

Hamı tərəkəmələr, arvadlar geri çəkilirlər.

 

D i v a n b ə y i (kazaklara). Bağlayın  bunun  qolların!

 

Kazaklar Tarverdinin qollarını bağlayırlar.

 

D i v a n b ə y i. Bayram, sən azadsan!

B a y r a m.  Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!

D i v a n b ə y i. Necə, təqsirlisən? Nə danışırsan?

B a y r a m. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.

D i v a n b ə y i. Niyə?

B a y r a m. Ondan ötrü ki, mənim sevgilimi istəyirdi əlimdən alsın.



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info