Qonaq Kitabı
HEKAYƏTİ-XIRSİ-QULDURBASAN

D i v a n b ə y i. Bəli, yaxşı danışırsan. İstəyirsən ki, bu sözlər ilə məni başdan çıxarasan? İş aşikardır, sən tutulubsan təqsir vaqe olan yerdə. Yaxşısı budur ki, yoldaşlarını mənə deyəsən!

B a y r a m. Mən həqiqəti ərz elədim.

D i v a n b ə y i. Oğlan, mənim sənə yazığım gəlir. Görükür ki, bir cavan, xoşsurət oğlansan. Bilirsən ki, yaraq və əsbabla tutulan quldura nə tənbih, nə nəsəq var?

B a y r a m. Əlbəttə, bilirəm! Tənbihi dar ağacıdır.

D i v a n b ə y i. Bəli, dar ağacıdır. Əgər özünə yazığın gəlmir, barı ata və anana yazığın gəlsin. Heç bir adamı dünyada sevirsənmi?

B a y r a m. Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa ki, bir sevgilim var.

D i v a n b ə y i.  Bəs boynuna götürürsən?

B a y r a m.  Mənim heç təqsirim yoxdur ki, boynuma götürüm.

D i v a n b ə y i. Mən belə münkir adam görməmişəm. Uşaqlar, bunun qollarını bərk dalısında bağlayın! Muğayat olun ki, qaçmasın, yoxsa siz cavab verəcəksiniz! Oğlan, obanız burdan nə qədər olar?

B a y r a m. Bir ağac.

D i v a n b ə y i. Biz ora gedirik. Gərəkdir tez işi isti ikən həqiqət eləmək; amma hələ gərək bir dəftərxanaya getmək. Allaha şükür, iş o qədər var ki, bilmirsən hansını qurtarasan. Dilmanc hardadır?

D i l m a n c. Burdayam, ağa!

D i v a n b ə y i. Gedək. Allah, bu necə qulluqdur? Gərək hamı zada cavab verəsən. Hər gün canından keçəsən. Amma bu axmaqlar genə anlamırlar ki, bulardan ötrü bu əzabı çəkirik. Yasavullar, gətirin bu oğlanı mənim dalımca!

 

Hamısı gedirlər. Bundan sonra məclis xali qalır. Meymun ağacdan enir, başlayır tullanmağa, bir azdan sonra gözdən itir.

 

Pərdə salınır.

 

 

 ÜÇÜNCÜ MƏCLİS

 

Üçüncü məclis vaqe olur Şəmsəddin mahalında, obada, alaçığın içində. T a r v e r d i  başı bağlı və koxa və Məşədi Qurban və Nəcəf və N a m a z və başqa tərəkəmələr oturublar.

 

N ə c ə f. Tarverdi, de görək sənin başına nə iş gəlib, kim səni yaralayıbdır?

T a r v e r d i. A başına dönüm, mən, Vəli, Oruc arana taxıl sulamağa çıxmışdıq. Tavus dərəsində arabaya rast gəldik. Vəli dedi ki, mən Oruc ilə bu arabanın adamlarını zarafat edib qorxudacağam; tüfəng atdılar, guya adamlar qaçdı, araba qaldı. Vəli, Oruc getdilər araba atlarını gətirələr, mən arabadakı sandıqlara yavuq gedəndə əvvəl qabağıma bir meymun çıxdı, sonra sandıqdan bir ayı qalxıb məni basdı, öldürürdü. Birdən tüfəng atıldı. Ayı məni buraxdı. Durub qaçdım. Sonra nə arabadan, nə atlardan bir əsər görmədik; bilmirəm bu nə sirdir?!

N ə c ə f. Nə sirr olacaq! Tavus dərəsi əcinnə yeridir, şəyatin yığınağına rast gəlibsiniz, başqa bir şey  deyil. Çahar-şənbə günümü yola çıxmışdınız?

T a r v e r d i. Bəli!

T ə r ə k ə m ə l ə r. Şəksiz şəyatin yığınağına rast gəliblər. Yoxsa, meymun, ayı arabada nə qayırır?

N ə c ə f. Amma, Tarverdi, sən yaralısan, dur  burdan  get,  divanbəyi bura gələcək, görək bizim ilə nə sözü var.

 

Tarverdi gedir. Bu halda divanbəyi yetişir. Hamı durur ayaq üstünə.

 

D i v a n b ə y i (kürsü üstə oturub). Koxa, sən rus dilini bilirsən? De görüm, bu adamlar kimdir?

K o x a. Bular obanın adamlarıdır. Bu Namazdır, bu Nəcəfdir, bu da Məşədi Qurbandır ki, bir dövlətli, hörmətli kişidir.

D i v a n b ə y i. Çox lazımdır onun dövləti! Allah qoysa dövlətliləri tanıtmağı mən sizə tərgidərəm. (Üzün dilmanca tutub) Kamalov, bunları tərtib ilə hər kəsin mərtəbəsinə görə cərgəyə düz. Hansının mərtəbəsi artıqdır?

D i l m a n c. Ağa, gərək bular hamısı elə bir mərtəbədədirlər.

D i v a n b ə y i. Xub, hansı ağıllı hesab olunur?

D i l m a n c. Belə bilirəm ki, hamısı elə bir ağılda olmuş olalar.

D i v a n b ə y i. Pərvərdigara, axır birisi, əlbəttə, o birilərinə görə söz qanan, danışan olacaqdır ki, ona mütəvəcceh olub söz soruşam. Hamısı ilə ki, birdən danışmaq olmaz!

D i l m a n c. O surətdə gərək Nəcəf o birilərindən söz qanan, danışan olsun, çünki rusicə də bir az bilir.

D i v a n b ə y i. Xub, Nəcəfi başda qoy.

 

Dilmanc Nəcəfi başda qoyur.

 

D i v a n b ə y i. A kişi, sözün axırınadək qulaq as, sonra cavab ver.

N ə c ə f. Baş üstə, ağa!

D i v a n b ə y i (qoltuğundan bir kağız çıxardıb). Məmləkəti-xaricə əhlindən cənab Fok hafizi-canəvəran, mənə ərizə veribdir ki, o, israğa gün Tiflis yolundan öz canəvərləri ilə gəlirmiş; bir az arabadan geri qalmış imiş; ittifaqən arabanın üstünə bir neçə quldur tökülüb, arabada bir Yengi Dünya ayısı, bir Brazil meymunu, iki böyük kaftar və başqa canəvərlər dəxi varmış. Quldurlar atdıqları tüfənglərin gülləsindən araba atının birisi ölüb, Yengi Dünya ayısı yaralanıb, meymun qaçıb itibdir və güman gedir ki, arabada olan şeylər də qarət olubdur. Ayını yaralı kolluqdan tapdırmışam; quldurlardan birisi də tutulub, indi sərih xəbərlərə görə məlum olur ki, bu iş ittifaq düşən gündə üç atlını yaraqlı-əsbablı sizin obanızdan aşağı gedəndə görüblər. Bişək olar sizin uşaqlardandır. Gərək oları bu saatda mənə verəsiniz. Yoxsa sizi bədbəxt eylərəm.

N ə c ə f. Ağa, sən bir ağıllı adamsan ki, bu yekə mahalı sənə tapşırıblar. Düşmənlər sənin qulluğuna xilaf ərz ediblər. Sən gərək heç vaxtda belə quru nağıllara inanmayasan!

D i v a n b ə y i. Necə quru nağıl? Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır?

N ə c ə f. Ağa, həqiqəti məndən soruş, doğruluq ilə ərz edim.

D i v a n b ə y i. De, mən də elə onu istirəm.

N ə c ə f. Bizim obanın uşaqlarından bir neçəsi çahar-şənbə günü arana taxıl sulamağa getmişdilər. Şəyatin yığınağına rast gəliblər. Şəyatinlər arabada gedirmişlər; bular axmaqlıq edib, araba sarı tüfəng atıblar ki, cinlər qorxub qaçsınlar. Gərək idi bismillah deyəydilər; cinlərin acığı tutub, çün hər şəklə dönə bilirlər, ayı şəklinə düşüb, buların üstünə tökülüb dişləyiblər. İndi bizim düşmənləri-miz bunu bir nağıl qayırıb, cinlərin   böyügünə   Poq  adını qoyub, səni başdan çıxardırlar.

D i v a n b ə y i (acıqlanmış, rus dilincə). A kişi, nə qoz-qurursan?

N ə c ə f (üzün dilmanca tutub). Anlamıram, ağa nə buyurur?

D i l m a n c. Divanbəyi buyurur ki, sizdə qoz, fındıq çox olurmu?

N ə c ə f (dilmanca). A başına dönüm, divanbəyiyə ərz elə ki, elə bu dərənin adına Fındıqlı dərəsi deyirlər. Qozun, fındığın mədənidir. Allah qoysa, qoz çırpılanda, fındıq dəriləndə çuval-çuval qulluğuna gətirrik. Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə.

D i l m a n c (divanbəyiyə rusicə). Ağa, Nəcəf ərz edir ki, qoz-fındıq vaxtı çuval-çuval qulluğunuza gətirəcəklər və layiqincə yolunuza baxacaqlar.

D i v a n b ə y i (acıqlı). Kişi, nə pərpuçat danışırsan?! Qoz-fındığı mən nə eyləyəcəyəm? Mənim yolumun nəyinə baxacaqsan? Mənim özüm, gəldiyim yola səndən də yaxşı baxmışam; bələdə ehtiyacım yoxdur, quldurları verin!

N ə c ə f. Necə quldur, ağa?

D i v a n b ə y i. Necə, necə quldur? Bir saatdır səninlə danışıram, genə soruşursan necə quldur?

N ə c ə f. Axır mən də qulluğuna ərz elədim, ağa ki, uşaqlar heç kimin üstünə tökülmüyüblər, ancaq şəyatin yığnağına rast gəliblər.

D i v a n b ə y i. Sən məhz cəfəngiyyat danışırsan.

N ə c ə f. Ağa, sən dünya görübsən, heç ayının, meymunun, kaftarın, çaqqalın arabaya minib şəhərdən-şəhərə səyahət etdiyini eşidibsənmi?

D i v a n b ə y i. Məgər mən dedim ki, ayılar, meymunlar arabaya minmişdilər.

N ə c ə f. Bəs sən necə dedin, ağa?

D i v a n b ə y i. Mən dedim ki, oların hafizi səyahət edirdi.

N ə c ə f. Arabada?

D i v a n b ə y i. Bəli.

N ə c ə f. Yalqız?

D i v a n b ə y i. Xeyr, öz canavarları ilə.

N ə c ə f. Məgər o canavarlar padşahıdır?

D i v a n b ə y i. Sənə lazım deyil hər sualı eləmək, ağlına zor vermək.

N ə c ə f. Mən ağlıma zor vermirəm, amma ayı və meymun arabaya minib səyahətə çıxmaz! Şəyatin imişlər, bu şəkildə görüküblər.

D i v a n b ə y i. Pərvərdigara, bunlar necə tayfadırlar! Di gəl, bulara mətləb qandır! Bayram boynuna heç zad götürmür, bular da məni aşkara istəyirlər müştəbeh etsinlər. Xub o şəyatin yığınağına rast gələn uşaqları mənə göstərin!

N ə c ə f. Nə eyləyəcəksən, ağa?

D i v a n b ə y i. Olar mənə lazımdır!

N a m a z.  Ağa, düşmənlərin sözü ilə bizi böhtana salma!

D i v a n b ə y i. Hansı düşmənlərin?

N a m a z. Dörd çevrəmizdəki Əmirli tamam bizə düşməndir.

D i v a n b ə y i. A canım, aşağı düşən atlıların xəbərin mənə tatarlar verməyiblər, malağanlar söyləyiblər.

N a m a z. Malağanlar bizə hamıdan çox düşməndirlər. Həmişə bizim ilə oların arasında yer üstə, torpaq üstə cənkü cədəl olacaq. İndi məlum olur ki, belə ustalıq ilə söz qayırmaq, şeytanlıq eləmək oların işi imiş. Müsəlman başında belə şeytan fikri olmaz. Bundan sonra malağanlara tov tutmaq -  baş üstə!

D i v a n b ə y i. Cəhənnəmə, hələ indi quldurları verin, sonra hər nə bilirsiniz edin!

N ə c ə f. Ağa, yox yerdən quldur ki, qayırıb verə bilmərik. Bizim uşaqlar bir adam soymuyublar!

D i v a n b ə y i. Kamalov, mən nə çarə edim? Doğrudan, bular mən dediyim sözlərə inanmırlar?

D i l m a n c.  Vallah, ağa, bir tük qədəri də inanmırlar.

D i v a n b ə y i (üzün kazaka tutub). Matvey, get yasavullara de ki, o ayını çəkə-çəkə bura gətirsinlər.

K a z a k. Baş üstə. (Gedir).

D i v a n b ə y i (Nəcəfə). Mən indi isbat edərəm ki, dediyim sözlər doğrudur, malağanlar qayırmayıblar.

N ə c ə f. Ağa, əbəs yerə zəhmət çəkməyin! Yox zadın nəyin isbat edəcəksiniz?

 

Bu halda yasavullar ayını gətirirlər.

 

D i v a n b ə y i (dilmanca). Kamalov, de ki, budur dəlil ki, mən boş söyləmirdim.

D i l m a n c (ayı tərəfə işarə edib). Divanbəyi buyurur ki, budur şahid ki, mən boş nağıl söyləmirdim.

N ə c ə f. Xub, bu şahid ədayi-şəhadət eləsin görək.

D i l m a n c (divanbəyiyə). Ağa, ərz edir ki, ayı ədayi-şəhadət eləsin görək.

D i v a n b ə y i (tündləşib). Məgər ayı ədayi-şəhadət edə bilər? Fu, Kamalov, sən axmaq da bunu mənə deyirsən? Məgər özün cavab verə bilmirsən? Matvey, sən türkicə bilirsənmi?

K a z a k (qaim sövt ilə). Hərgiz bilmirəm, ağa!

D i v a n b ə y i. Kazaklardan bilən varmı?

K a z a k. Hərgiz bilən yoxdur. İyirmi birinci nomerin fövcündən kazak Sotnikov türkicə öyrənmək istir.

D i v a n b ə y i. Kəs səsini, çox lazımdır ki, o öyrənmək istir. (Üzün Nəcəfə tutub). A canım, ayı necə ədayi-şəhadət edə bilər?

N ə c ə f. Biz  ki, demirik,  ağa!   Siz  özünüz  ayını  bizim ilə üzləşdirməyə gətirdiniz. Şəmsəddinin meşələrində ayı çox: hər kəs birini tuta bilər. Bundan lazım gəlməz ki, ayılar, meymunlar arabaya minib ölkələr gəzsinlər.

D i v a n b ə y i.  İndi quldurları nişan verməyəcəksiniz?

N a m a z. Ağa, necə, quldur var ki, nişan verək?

D i v a n b ə y i. Quldurların izi açılıbdır, mən oları tutmağa çarə taparam. Amma sizin üçün çox yaman keçəcək.

N ə c ə f. Əlhökmü lillah, təqdiri-qəzadan qaçmaq olmaz!

D i v a n b ə y i. Di bəs itilin gözümün önündən. Bu qədər vaxt əbəs yerə siz ilə vaxtımı itirdim, mən özüm billəm ki, nə elərəm.

 

Hamısı çölə çıxırlar.

 

D i v a n b ə y i. Mən nə çarə edim? Zahirən görünür ki, Bayram müqəssir deyil, əgərçi güzariş onun təqsirinə çox dəlalət edir. Ey  koxa, sən o şəyatin yığınağına rast gələn uşaqları tanıyırsanmı?

K o x a. Tanımıram, ağa!

D i v a n b ə y i. Eşitməmisən ki, kimdirlər?

K o x a.  Biz tərəkəmə adamıq, ağa! Hardan eşidəcəyik.

D i v a n b ə y i. Oları axtarıb tapmaq olarmı?

K o x a. Hardan tapacaqsınız? Bizim uşaqlar tamam qaçıb gizləniblər.

D i v a n b ə y i. Əgər təqsirli deyillər, niyə qaçıb gizləniblər?

K o x a. Arvadlar tamam alaçığın dalısından qulaq asırdılar. Əlbəttə, xəbər veriblər ki, divanbəyi şəyatin yığınağına rast gələnləri tutmaq istir. Qorxularından qaçmazlarmı?

D i v a n b ə y i. Yaxşı, sən də get! Bu tövr danışmaq ilə heç bir zad açılmaz. Hamısı deyəcəkdirlər ki, bir zad bilmirik, bir zad anlamırıq, heç bir tərəfə getməmişik. Nə çarə eləmək? Kazaklar, dustağı bura gətirin! (Kazaklar Bayramı qolu bağlı hazır edirlər). Sənin təqsirsiz olmağına nə isbatın var?

B a y r a m. Ağa, siz vilayət görübsünüz, bir fikir edin ki, mən yalqız adam soymağa çıxa bilərəmmi?



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info