Qonaq Kitabı
HEKAYƏTİ-XIRSİ-QULDURBASAN

Z a l x a. Aldatmaz, Bayramı tanımırsan? Onun kimi gözəl, sözü bütün oğlan tamam obada varmı?

N a m a z. Yaxşı oldu, mən özüm də istirdim ki, Tarverdini bir xataya salam. Atası Məşədi Qurban mənə borc verdiyi pulunu üstümə yasavul qoydurub aldı, mən də ona bir hayıf çəkməsəm ürəyim dincəlməz.

Z a l x a. Dəxi niyə durursan? Belə fürsət olurmu? Həmi at alarsan, həmi hayıf çəkərsən. Tarverdi yaxındadır, get çağır gəlsin bizdə çörək yeməyə, sonra mən hamı işi düzəldərəm.

N a m a z. Əcəb deyirsən. Vallah gedirəm (Gedir).

Z a l x a (yalqız). Vallah, əgər Tarverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə oğurluqdan, quldurluqdan ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamın ki, qurd qoyun ilə otlaya!

 

Bu halda Namaz Tarverdi ilə içəri girir.

 

N a m a z. Ay  arvad, nəyin var, gətir, acmışıq!

Z a l x a. Bıy, nəyim olacaq? Acmışdınız, niyə Tarverdigildə gedib çörək yemədiniz, mənim üstümə gəldiniz?

N a m a z. Hər nəyin var, gətir, uzun danışma! (Gedir, evin bucağında yarağlarına baxmağa məşğul olur).

Z a l x a. Axşama dəxi bir zad qalmayacaqdır.

T a r v e r d i. Ay  Zalxa, nə qayım olubsan?!

Z a l x a. Niyə qayım olmayım? Səndən mən nə xeyir görmüşəm? Barı bir dilinə gətirəsən  ki, toyumda sənə bir zad bağışlaram.

T a r v e r d i. Necə toy?

Z a l x a. Toy  bilmirsən? Toyunda de görüm mənə nə bağışlayacaqsan?

T a r v e r d i. Yaxşı, onda sənə bir cüt başmaq bağışlaram; görürəm çoxdan ayaqyalın gəzirsən.

Z a l x a (üzün kənara tutub). Necə mırdar, saqqat adamdır! {Qaim səslə) Sağ ol, çox razıyam! Toyun tezmi başlanacaq?

T a r v e r d i. Payızda.

Z a l x a. Niyə belə gec?

T a r v e r d i. Pərzad yubandırır; deyir, hələ cehizi hazır deyil.

Z a l x a. Doğrudanmı? Bəlkə başqa səbəb var?

T a r v e r d i. Nə başqa səbəb olacaq?

Z a l x a.  Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır?

T a r v e r d i. Eh, bu nə danışır! Qız məni sevmir, qəribə söyləyirsən! Necə qız məni sevməz!

Z a l x a. Yəni sən deyəndə, çox zadsan! Niyə gərək səni sevə? Sən ömründə nə bir iş tutubsan, nə ad çıxarıbsan ki, qızlar səni sevsinlər?

T a r v e r d i. Nə ad çıxarmışam?

N a m a z. Arvad, nə danışırsan, nə işin var?

Z a l x a. Səsin kəs, sənlik zad yoxdur!

T a r v e r d i. Namaz, sənlik zad yoxdur, doğru deyir. Yaxşı, Zalxa, söylə görək, mən nə ad çıxarmışam, yəni nə ad çıxardacağam?

3 a l x a. Heç oğurluğa gedibsənmi?

T a r v e r d i. Xeyr, oğurluğa getdiyim yoxdur. Nədən ötrü oğurluğa gedəcəyəm? Özümün dövlətim, malım azdırmı?

Z a l x a. Dövlətin çoxdur, amma qoçaqlığın yoxdur. Heç bir adam soyubsanmı, heç bir adam vurubsanmı?

T a r v e r d i. Xeyr, nə adam soymuşam, nə adam vurmuşam. Sibirə gedənləri, dara çəkilənləri gözüm görmür?

Z a l x a. Qoçaq adam heç zaddan qorxmaz! Çəkinmək qorxaq adamın işidir. Axır odur ki, Pərzad bacarmır sənə gedə. Hamı deyir: sən qorxaqsan, təciksən!

T a r v e r d i. Kim deyir?

Z a l x a. Hamı deyir. Arvadlar, qızlar, kişilər, hətta balaca uşaqlar da! Hamı hayıfsılanırlar ki, Tarverdi necə gözəl oğlandır, heç tayı yoxdur, amma çifayda, qorxaqdır, yassardır!

T a r v e r d i. Kim deyir mən qorxağam? Heç vaxt qorxaq deyiləm. Bir az çəkinən, ehtiyatlı adamam... yoxsa məndə qorxaqlıq harda idi?

N a m a z. Ay  arvad, bəsdir, az danış!

Z a l x a.  Sən kəs səsini, işin yoxdur!

T a r v e r d i. A kişi, sənlik nə var? Dinməsənə, görüm bu arvad nə danışır? Bəs belə, hə? Pərzad onun üçün mənə gəlmək istəmir? Deyirlər ki, mən qorxağam? Vallah, acığım elə tutur ki, istirəm bu saatda yola düşəm, gedəm, adam soyam; hamı-ya bildirəm ki, mənim haqqımda nahaq güman ediblər.

Z a l x a. Hünərini göstər görək, adam dilində çox zad deyər.

T a r v e r d i. Sən bir yer nişan ver, mən bu saatda yola düşüm.

Z a l x a. Düş Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin, ikisin soy, malın gətir, görək ki, doğrudan qoçaqsan, ya lovğalıq edirsən?

T a r v e r d i. Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır, ya elə bomboş?

Z a l x a. Belə tutaq ki, yaraqlı-əsbablı olarlar, sən ki ağacla qabaqlarına çıxmayacaqsan? Əlbəttə, sənin də yaraq-əsbabın olacaq.

T a r v e r d i. Məlum ki, olacaq. Amma tək getmək bir az çətin deyilmi?

Z a l x a. Sən də yoldaş götür. Bizdə azmı qoçaq oğlan var. Eh, sən hara, belə iş hara?!

T a r v e r d i. Mən hara, belə iş hara? Vallah görərsən ki, doğru deyirəm. Namaz, bura gəl! Sən Allah, mənə yoldaş tap!

N a m a z. Yoldaşı neyliyirsən?

T a r v e r d i. Gəzməyə gedəcəyəm.

N a m a z. A kişi, boş-boş danışma, səndən karvan vuran olmaz!

T a r v e r d i. Vallah, doğru sözümdür, yoldaş tap!

N a m a z. Sarsaq söyləmə! Mən səlah görmürəm; sənin işin deyil!

T a r v e r d i. A kişi, nə tövr adamsan? Sənin nə vecinə? Sən mənə yoldaş ver, sonra gör ki, işimdir ya yox?

N a m a z. Çünki əl çəkmirsən, Vəli Xatun oğlunu, Oruc Nəsib oğlunu çağırrıq, apararsan.

T a r v e r d i. Elə ikicəsini?

N a m a z. İkisi bəsdir.

T a r v e r d i. Doğrudan   bəsdir.   Olsun.   Di   adam göndər, oları çağırsın!

N a m a z. Zalxa, get oları bura çağır!

Z a l x a.  A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq eləyir.

N a m a z. Kəs səsin. Tarverdi kimdən əskik igiddir? Əli-qolumu özgələrinkindən kiçikdir?

Z a l x a.  Mən onu tanıyıram, o heç vaxt bu işə girişməz.

T a r v e r d i. Mən girişmənəm? Görərsən, necə girişərəm! Get oları tez çağır, sonra məlum olar.

Z a l x a. Yaxşı gedirəm. (Üzün kənara tutub) Axmaq, hamı sözümüzə inandı. İnşallah gedəcək. (Gedir).

N a m a z (ahəstə). Bax, Tarverdi, əgər bəxtin yar olsa, hər nə gətirsən gərək özün bərabəri mənə də pay verəsən ha! Ayıbdır məndən gizləmək! Gətirdiyiniz şeylərin başın batırmaq, izin itirmək mənim boynuma, bəşərti ki, hər zaddan mənə yarı pay olsun.

T a r v e r d i. Eh, məçit tikilməmiş kor əsasın dayadı. Hələ qoy görək nə olur!

N a m a z. A kişi, sənin əlindən nə gəlməz? Mən axmaq arvad tayfası deyiləm ki, səni tanımayam. Məgər sən ayı qıran Əmiraslanın nəvəsi deyilsən?

T a r v e r d i. Namaz, sən allah onun işlərindən eşidibsən ki, nələr edibdir?

N a m a z. Necə eşitməmişəm? Səfər dayım onun dostu deyil idi? Onun işlərin birbəbir mənə nağıl etməyibdirmi? İnşallah biz də olar kimi bir-birimizi sevəcəyik. Ümidim  budur ki, əlinə düşən ovu məndən gizləməyəsən.

T a r v e r d i. Olsun, təki bir para adamlar mənim haqqımda çürük sözlər danışmasınlar. Mən elə hamısını sənə verrəm, mən ki, pul, mal dərdində deyiləm.

N a m a z. Hamısını mənə verərsən? Vallah əcəb deyirsən! Barakallah! İndi bildim ki, damarında Əmiraslan qanı var. Vədini unutmayasan!

T a r v e r d i. A kişi, sən yoldaş ver, axırına bax!

N a m a z. Odur, yoldaşların gəlirlər.

 

Bu halda  Zalxa,  Vəli  Xatun  oğlu  və  Oruc  Nəsib  oğlu  daxil olurlar.

 

V ə l i  və  O r u c. Salaməleyk!

N a m a z. Əleyksəlam!

V ə l i.  Namaz, nə var, xeyir ola, bizi nə əcəb çağırdıbsan?

N a m a z. Tarverdi təvəqqə edir ki, onunla gəzməyə gedəsiniz.

O r u c. Necə gəzməyə?

N a m a z. Dəxi nə soruşmaq? Gəzmək deyəndə özün bilmirsən?

V ə l i. Mən ömrümdə gəzməyə getdiyim yoxdur. Qoyun-quzu oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz. Orucu bilmirəm.

O r u c. Mənciyəz... yeyərəm. Mənim havaxt quldurluğa getdiyim var? Mən heç qoyun-quzu oğurluğu da bacarmanam.

N a m a z. Olan, nə danışırsınız? Məgər igid deyilsiniz? Tüfəng atmaq bilmirsiniz?

V ə l i. Tüfəng atmaq bilirik, o da ova, quşa. Adama tüfəng, atmaq nə bizim işimizdir?

N a m a z. Kim sizə deyir ki, adama tüfəng atın? Atlanarsınız, çıxarsınız gəzməyə, düşərsiniz poşt yoluna; birdən qabağınıza dəvə karvanı, ya erməni bəzirganları rast gələr, guya qorxutmaq üçün başlarının üstündən tüfəng boşaldar-sınız. Bunda heç bir zərər yoxdur, olar qorxub hərə bir tərəfə qaçacaq. Malları, pulları tökülüb qalacaq, yığışdırıb, götürüb qayıdarsınız. Nə çətin işdir?

V ə l i. Eh, biz hara, belə iş hara? Biz bir çoban adamıq, bizə quldurluq nə yaraşar?

T a r v e r d i. Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə. Görürsən ki, qorxurlar, dəxi niyə qısnıyırsan? Hamı mənim kimi ki, olmayacaqdır?! Burax getsinlər!

N a m a z. Xeyr, qoy görüm, Vəli, ayıb deyil baş qaçırırsınız? Artıq tikə məgər baş yarar? Əvvələn, malınız, pulunuz artar, ikinci ad-san çıxardarsınız.

O r u c.  Mənciyəz... yeyərəm! Mənim nəyimə gərəkdir ad-san?

V ə l i. Bəli, bu keçəl Oruca ad-san çox lazımdır!

N a m a z. A gədə, nə qeyrətsiz adamsınız! Tarverdi ilə heç duz-çörək dadmıyıbsınızmı? Məgər siz bilmirsiniz ki, bizim obamızda bundan dövlətli adam yoxdur? Sizin həmişə vecinizə gəlməzmi? Az adammı ondan xeyir görüb?

T a r v e r d i. Namaz, niyə qısnıyırsan? Qoy görək, mən özüm də hələ bir az fikir eləmək istəyirəm.

N a m a z. Xeyr, nəməkbəhramlıq edirlər. Kiçik olan gərək böyüyün sözünə baxa!

V ə l i.  Oruc, nə deyirsən? Gedəkmi?

O r u c. Nə bilim, vallah, gedirsən, gedək!

V ə l i. A kişi, olar ki, bir at bahası əlimizə düşə. İki ildir ki, at istəyirəm alam, pul tapmıram.

N a m a z. Əlbəttə, at bahası da əlinizə düşər! Belə xeyirdən adam qaçarmı?

V ə l i. Dəxi nə eyləmək, çünki Tarverdi çarəsiz xahiş edir, onun sözü sınınca, düşmənin boynu sınsın. Mən hazıram!

O r u c. Mən də hazıram! Yoldaşdan ayrılmaq ki, olmaz.

T a r v e r d i. Amma bir dürüst fikir edin...

N a m a z (onun sözün kəsib). Tarverdi sizdən razılıq edir və təvəqqe edir ki, fürsəti fövtə verməyib, gedib yaraqlanıb gələsiniz. Gəzmək üçün belə yaxşı vaxt ələ düşməz.

V ə l i. Oruc, gedək!


Gedirlər.

 

T a r v e r d i. Namaz, bilirsənmi, bir zadı lap unutduq. Mənim atam bir məşədi kişidir. Heç razı olarmı ki, mən quldurluğa gedəm?

N a m a z. A kişi, atandan rüsxət al, get!

T a r v e r d i. Əcəb danışırsan! Atama deyim ki, mənə rüsxət ver, quldurluğa gedim?

N a m a z. Elə niyə deyirsən? De ki, aranda taxıl sulamağa gedirəm. Əlbəttə, rüsxət verəcəkdir; sonra çıx poşt yoluna. Dəxi nə var bunda?

T a r v e r d i. Necə bunda nə var?

N a m a z. Yəni bundan asan nə var?!

T a r v e r d i. Əcəb asan zad tapmısan? Mən, vallah, ancaq atamdan qorxuram, o cəhətdən bu iş mənə çox çətin gəlir.

N a m a z. Adam ki, qorxaq oldu, bu tövr ilə bəhanə gətirər. Getmirsən, özün bil.

 

Bu halda Z a l x a daxil olur.

 

N a m a z. Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi.



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info