Qonaq Kitabı
ANAMIN KİTABI

Niyyəti çünki alidir çobanlar,

Qardaşlıqda vəfalıdı çobanlar.

 

Sürü kəndə dönəndə axşam-səhər,

Qoyun mələr, quzu mələr, hey mələr,

Səsə-küyə düşər, köpəklər hürər,

Billah, zövqü səfalıdı çobanlar,

Qardaşlıqda vəfalıdı çobanlar.

 

Z a m a n (tütəyi qoyur cibinə və deyir). Eh, xanımların canı sağ olsun.

G ü l b a h a r (Qənbərə). Qənbər, sən allah, o sözləri sən özün bir də de.

 

      Qənbər başını salır aşağa və bir də avazsız həmin sözləri deyir.

 

Q ə n b ə r. Biz çobanıq, dağdı, daşdı yerimiz ... (və axıra kimi).

 

       Qənbər qurtardıqda çöl qapıdan bir hambal girir içəri.

 

H a m m a l. Burdadımı Mirzə Məhəmmədəli ağanın kitabları? Məni göndərib aparam məscid hücrəsinə.

 

     Gülbahar hammala əli ilə işarə eləyir dinməsin və hammala yavuq gəlib qulağına bir şey pıçıldayır. Hammal çıxıb gedir, sonra gəlir anasının yanına.

 

G ü l b a h a r (anasına). Ana, dur səni aparım içəri otağa. Orada uzan, rahat ol.

 

 

     Zəhra bəyim hazırlaşır dursun ayağa, bir qədər fikir eləyir və qoltuğunu eşələyib bayazını çıxardır verir Gülbahara və deyir:

 

Z ə h r a   b ə y i m. Qızım, bu kitabı al saxla yanında. Qardaşların yola getməyəndə kitabın bir yerində atanın yazısı var, - öz əlinən yazıb, - onu axtar tap, ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu atan öləndən iki gün qabaq öz əlinən yazdı (durur ayağa) əli titrəyə-titrəyə yazdı; elə naxoş ola-ola yazdı. Dedi uşaqlar oxusunlar. Qız, yapış əlimdən, qalxa bilmirəm.

 

      Zəhra bəyim "vay-vay" eləyə-eləyə durur ayağa, Gülbahar kitabı qoyur qoltuğuna, yapışır anasının əlindən; yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vərəqləyir, bir yerini tapır, diqqətnən oxuyur. İkinci hambal  daxil olur içəri.

 

İ k i n c i   h a m m a l. Mən gəlmişəm Səməd Vahidin kitablarını və yatacağını aparam.

G ü l b a h a r. (bir qədər baxır). Bir qədər dur çöldə, bir azdan sonra gəl apar.

 

      Hammal gedir.

 

G ü l b a h a r (bir qədər fikirdən sonra, Qənbərə). Qənbər, bilirsən nə var?

Q ə n b ə r. Buyur, xanımcan.

G ü l b a h a r. Gərək mənə kömək eləyəsən.

Q ə n b ə r. Gözüm üstə, xanımcan, buyur. (Əlini qoyur gözünün üstə).

G ü l b a h a r. Qənbər, bilirsən nə var? Qulaq as, deyim. Qənbər, Məhəmmədəli dadaşım və Səməd dadaşım indi hammalları göndərmişdilər ki, kitablarını və yatacaqlarını buradan aparsınlar. Amma anam onların köçməyini eşitcək qurtaracaq; yəqin bil ki, haman dəqiqə keçinəcək. Qənbər, mənə kömək elə.

Q ə n b ə r. Xanımcan, hər nə buyurursan buyur. Hazıram.

G ü l b a h a r (fikirli). Vallah, məəttəl qalmışam.

Q ə n b ə r. Xanımcan, hər nə buyursan, əmələ gətirə bilərəm.

G ü l b a h a r. Vallah, heç bilmirəm nə qayırım? (Gülbahar gah gedir qapıya tərəf, gah girir içəri otağa, gah bir durur fikir eləyir, gah gedir qardaşlarının kitablarına diqqət ilə baxır.)

 

     Bu heyndə Rüstəm bəy içəri otaqdan başını uzadıb, Qənbəri və çobanları görüb deyir.

 

R ü s t ə m   b ə y. Qənbər, sizin burada bir işiniz yoxdur, bu saat buradan rədd olun, bir də sizi mən burada görməyim!

 

      Qənbər və çobanlar çıxıb gedirlər, Rüstəm bəy də yox olur. Gülbahar dərin fikirdə o tərəfə - bu tərəfə var-gəl eləyir və axırda gedir durur pəncərənin qabağında və baxır çölə və birdən uca səs ilə çığırır: "Qənbər!" Çöl qapıdan içəri daxil olur  ikinci hambal.

 

İ k i n c i   h a m m a l. Xanım, mən məəttəl oldum, məni yola sal, gedim.

G ü l b a h a r (yenə bir qədər fikir edir, sonra gəlir yapışır onun əlindən, çəkə-çəkə aparır pəncərənin qabağına və deyir:) Ay hammal qardaş, bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir?

İ k i n c i   h a m m a l. Xanım, pəs hara getsinlər?

G ü l b a h a r. Necə hara getsinlər? Mən axır səndən söz soruşuram ki, niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir? Bax, görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir; mən bu işi başa düşmürəm. Yəqin ki, dəli olublar.

İ k i n c i   h a m m a l. Hərənin bir yanda işi var, hərənin evi bir tərəfdədi: biri evinə gedir, biri işinə gedir.

G ü l b a h a r (hövsələsiz). Eh, mən səndən söz soruşuram, sən bilmirəm mənə nə cavab verirsən. Nə səbəbə, axır, hamı bir tərəfə getmir? Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elə (oturur pəncərənin içində).

İ k i n c i   h a m m a l. Xanım, məni yola sal gedim. Hansı kitabları aparacağam, ver aparım.  

G ü l b a h a r (hirsli qalxır ayağa və uğadan). Axmaq-axmaq danışma! Mən səndən söz soruşuram, sən hələ məndən katab istəyirsən. Bu saat mənə de görüm ki, axır bu adamlar niyə hamısı bir tərəfə getmir? Niyə biri o tərəfə gedir, biri bu tərəfə gedir?

İ k i n c i   h a m m a l. Xanım, başına dolanım, axır mən nə bilim? Hər kəs hara istəyir gedir. Mən dəxi nə eləyim?!

G ü l b a h a r. Qələt eləmə, haramzada! Bu saat get onlara de ki, and olsun allaha, elə bir iş edərəm, bir dəqiqə içində, bax, bir göz yumub saatda (gözlərini yumur) quruyub daşa dönərlər. Onlar hamısı allahın yolundan çıxıblar. Yox, yox, sən onları xəbərdar elə! Yoxsa yazıqdılar, axırda özləri peşiman olarlar. Olarlar inşallah, olarlar inşallah!

 

     Hammal çönüb qapıya tərəf gedir.

 

G ü l b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gəl kitabları apar. Amma mən sənə necə ki, dedim, elə də camaatı başa salarsan.

İ k i n c i   h a m m a l. Baş üstə, xanım. Pəs mən hansı kitabları aparacağam.

G ü l b a h a r (Gülbahar gedir Rüstəm bəyin kitab şkafını açır, kitabları bir-bir çıxardır və cildlərini cıra-cıra, vərəqlərini dağıda-dağıda tullayır ortalığa və tullaya-tullaya deyir) Rus lüğəti. Slavyan lüğəti (hammal bu işi görcək yavaşca yox olur. Rüstəm bəyin kitablarını qurtarandan sonra Gülbahar Səməd Vahidin kitablarını haman minval ilə, yəni cırıb dağıda-dağıda atır yerə və ata-ata deyir): Elmi-qafiyə. Vəzni-şer. (Bu kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzə Məhəmmədəlinin sandığından kitabları yenə bir-bir çıxarır və cıra-cıra tullayır yerə və deyir): Xüsuf. Küsuf.

 

      Sonra o tərəf-bu tərəfə baxıb görür hambal yoxdur, gəlir kitabların tikə-parçalarını qucaqlayır və pəncərədən tökür çölə. Qaçır içəri otaqdan neft və spiçka gətirir, kitabların üstünə neft töküb od vurur. Kitablar çöldə alışır və Gülbahar durur otağın ortasında; qoltuğundan anasının kitabını çıxardır, bir səhifəsini açır və diqqət ilə baxır. Çöl qapıdan hövlnak daxil olur, Mirzə Məhəmmədəli, Səməd Vahid və dallarınca  birinci və ikinci hamballar. İçəri otaqdan hövlnak daxil olurlar Rüstəm bəy, Zivər xanım  və  bunların dalısınca Zəhra bəyim sürünə-sürünə özünü salır  qapının ağzına. Camaat hamısı kitabların yanmağını və Gülbaharın əhvalının dəyişməyini görüb mat qalır. Zəhra bəyim vayıldaya-vayıldaya deyir.

 

Z ə h r a  b ə y i m. Ax, yazıq canım!

 

     Qardaşlar gedirlər, pəncərədən kitabların yanmağına baxırlar, sonar çönüb Gülbahara tamaşa edirlər. Gülbahar əlindəki kitabın açıq səhifəsini yuxarı qalxızıb, qardaşlarına tərəf tutub baxır. Ara bir qədər sakit keçir və heç kəs dinmir. Axırda Gülbahar ucadan mütəəssiranə deyir:

 

G ü l b a h a r. Qaldı bircə kitab: bu da anamın kitabı! (Bir qədər hamı sakit durur baxır). Budur atam öz əli ilə yazdığı vəsiyyət (oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilində, rəbiüs-saninin on ikisində, çeşənbə günü, sübh əzanından yarım saat keçdikdə yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibarət olsun Rüstəm balamdan (barmağı ilə Rüstəm bəyə işarə edir; Rüstəm bəy atasının xəttinə diqqət edəndən sonra dəsmalını basır üzünə). Biçarə övrətin cisminin qalanından genə tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilində, ramazanın beşində, pəncşənbə günü, axşamdan üç saat keçdikdə genə bir parça ayrılıb qopdu. Haman gün oğlum Məhəmmədəli anadan oldu (barmağı ilə Mirzə Məhəmmədəliyə işarə edir; Məhəmmədəli də yavuq gəlir və atasının xəttini görür və dəsmalı basır üzünə). Yazıq Zəhranın qalan cismi genə bir dəfə parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilində, cəmadiəl-əvvəlin on beşində, çaharşənbə günü, günorta zamanı ki, haman gün balamız Səməd dünyaya gəldi (Səməd Vahidə işarə edir; Səməd Vahid dəsmalı basır üzünə). Bundan da bir neçə il sonra baxtı-qara övrətin qalan yarım canından genə bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilində, şəvvalın iyirmi birində, cümə axşamı, sübh vaxtı. Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın (əlini anasına tərəf tutur) ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq.

 

     Gülbahar qurtarcaq anası Zəhra bəyim bihuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturur pəncərənin qabağında, dizlərini qucaqlayır və baxır çölə tərəf. Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid  və Zivər xanım tökülürlər Zəhra bəyimin yanına. Mirzə Məhəmmədəli anasının əllərini soyumuş və can üstə görüb, qalxır durur övrətin başının üstündə və başlayır fatihə surəsini oxumağa. Hamı qalxır ayağa. Rüstəm bəy, Səməd Vahid və Zivər xanım dəsmallarını üzlərinə basıb, yavaşca ağlayırlar. Gülbahar mat-mat baxır gah anasına tərəf, gah çölə tərəf.

 

M i r z ə   M ə h ə m m ə d ə l i (avaz ilə). Əlhəmdülillahi-rəbbil-aləmin. Ərrəhmanir-rəhim, maliki yövməddin....

 

Pərdə salınır və Mirzə Məhəmmədəlinin oxumağını kəsir.

 

 

T a m a m

 


[i] Ağalar, iclası açıq elan edirəm.

[ii] Ağalar, başa düşmürəm bu nə vəhşilikdir?  Qoy kim hansı dili daha yaxşı bilirsə, o dildə danışsın. Buna nə var ki?

[iii] Ağalar, vallah belə mühakimə etmək olmaz.

[iv] Natiqlərin  nitqini ixtisar etmək olmazmı?

[v] Yəqin acdır.

[vi] Ağalar, yığıncağı bağlı elan edirəm.

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info