Qonaq Kitabı
ANAMIN KİTABI

M i r z ə   M ə h ə m m ə d ə l i (hirsli, camaata). A balam, hələ bizi başa salın görək, niyə çəpik çalırsınız?

R ü s t ə m    b ə y (kağızları aralayır). Ağalar, qaldı iki məsələ: biri elmi-ilahi dərsləri barəsində, biri də acların ərizəsi. Elmi-ilahi barəsində uşaqların bir parasının ataları tərəfindən ərizə gəlib ki, məktəbin üçüncü sinfində müəllim cənabları ki, ibarət olsun Mirzə Bəxşəli və mənim kiçik bəradərim Məhəmmədəlidən,- oktyabr ayında xüsuf və küsuf barəsində, yəni ayın və günün tutulmağı barəsində bir moizə başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf və xüsuf dərsləri nəinki azalmır, hələ bəlkə altı ay da bundan sonra qurtarmayacaq....

M i r z ə    B ə x ş ə l i. Xeyr, ağa, elə deyil, əfv buyurasınız. İndiki dərslər məhz xüsuf barəsindədir ki, dörd aydır oxunur. O ki, qaldı küsuf dərsləri, bəli, həqdir, bir altı ay da küsuf dərsləri təhsil olunmalıdır.

R ü s t ə m   b ə y (Mirzə Bəxşəliyə, zəng çala-çala). Cənab, Mirzə, məni bağışlayasınız, xahiş edirəm sözümü qurtarmamış sözümü kəsməyəsiniz. Bəli, heç eybi yoxdur, danışmaq istəyirsiniz, izahat veriniz. Amma xahiş olunur bəyanatınızı müxtəsər söyləyəsiniz.

M i r z ə   B ə x ş ə l i (Durur ayağa və əlində bir yekə, dəridən cildi, köhnə müsəlman kitabı. Gülbahar diqqət ilə qulaq asır). Əzayi-giramdan üzr istəyirəm ki, zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərdi-sərinə şayəd səbəb ola. Ağama ərz olsun ki, elmi-ilahi dərsləri, elmi-nücum dərsləri, heyət dərsləri və xülasətül-hesab dərsləri məktəb proqramlarında, - necə ki, şayistə və əlzəmdir, - arayişt olunmuyub ki, aya xüsuf və küsuf məsələləri bu saydığınız fünunun hansı birisinin dairəsində təhsil olunasıdır və fövqəzzikr fünun hansı müəllimin öhdəsində və təhti-cəvabdehliyindədir. Bəndəyə mühəvvəl olunan elmi-əqdəsi-ilahi dərsləri dövri-ibtidasından - necə ki, məlumdur, - bisti həştümi-rəbiüssani, yövmi-cəharşənbə, qütrün əsəblərinin iki dangı və şəmsin qürsünün tamam səhifəsinin dang yarımı rəs üqdəsinin həvalisində mütəkəssif olub, yəni bəistilahi-türk, gün tutulub və həmin küsuf gün çıxandan beş saat on üç dəqiqədə vaqe olub. Əzayi-əncümən həzrətlərinin hüzuri-mübarəklərinə ərz olsun ki, küsufun keyfiyyəti və onun övzaı küreyi-ərzin cəmi biladlarında müxtəlif surətdə zühr edibdir və məhz küsuf nəqşəsinin naziri-möhtərəmlərinin ittilaından ötəri, bəndeyi-həqir o fikirdə oldum ki, bir tərəfdən əsəri-pürsəməri-cənab fəxamətnisab, Mirzə Həsən xan Nəcmülmülk, əxəvizadeyi-cənab Hacı Nəcmüddövləni dəsturil-əməl mənziləsində tutub, digər tərəfdən heyət elmindən əxz və Şərq üləması tərəfindən təsdiq olunmuş  kəvakibi-səyyarənin hərəkatının  bəyanatından müstəfid olub, millət balalarına həmin ülumun fəvaidini ixtisar edibən növcavanların nəzəri-diqqətlərinə təbliğ edim.

 

     Camaatdan və üzvlərdən çoxu mürgüləyir; Zəhra bəyim və Gülbahar da mürgüləyir.

 

M i r z ə   B ə x ş ə l i (Mirzə Məhəmmədəliyə). Buyur, ağa, növbət sizindir.

M i r z ə   M ə h ə m m ə d ə l i (durur ayağa). Fəsli-nozdəhhüm dər bəyani-küsuf və xüsuf; yəni ayın və günün tutulmağı....

Z i v ə r   x a n ı m  (yavaşca Rüstəm bəyə). Nelzya li sokratit reçi oratorov?[iv]

M i r z ə   M ə h ə m m ə d ə l i. Əhval ki, kövkəblərə ariz ola, haman övzada ki, bir-birinə nisbətləri var, əz on cümlə haman əhvaldır ki, qəmər şəmsə ariz ola və bir surətdə ki, qəmər bir kəsif cinsdir və afitabdan kəsbi-nur eləyir və çün....

T e y m u r   b ə y. Mənim qanacağıma görə, bu qədər təfsil verməyin lüzumu yoxdur.

M i r z ə    M ə h ə m m ə d ə l i (hirsli və ucadan). Necə yəni lüzumu yoxdu?

 

     Camaatın içinə danışıq düşür; bir neçələri  deyir: "lüzumu yoxdur", bir parası deyir: "qoy sözünü desin"

 

M ə k t ə b  ş a g i r d i  b a ş ı n d a  p a p a q.  Küsuf, yəni afitab giriftəgi on halət əst ki, qəmər miyani-afitab hail başəd və küsuf vaqe olanda həmin duanı oxuyurlar: bismillahir-rəhmanir-rəhim, rəbbəna atina fiddünya....

 

     Mirzə  Bəxşəli,  Mirzə Məhəmmədəli əllərini qoyurlar həmin şagirdin çiyninə.

 

R ü s t ə m   b ə y. (zəngi çalır). Ağalar, əzayi-məclis xahiş edir ki, bəyanatı tamam edək və dəxi danışmağa ixtiyar verməyək. Kim buna razıdır, dursun ayağa.

 

      Üzvlər təmamən durur ayağa, Mirzə Məhəmmədəli başını bulaya-bulaya gedir oturur yerində və bir neçə dəfə deyir: "necə lüzumu yoxdur?".

 

 

R ü s t ə m   b ə y (zəngi çalır və bir kağız alır əlinə). Camaat, xahiş olunur acların ərizələrinə qulaq verəsiniz. Ərizə müsəlman cəmiyyəti-xeyriyyəsinə Məşədi Cəfər usta Mehdi oğlu tərəfindən. Ərizədə yazılıb ki, "mən qoca və şikəst adamam və on iki nəfər külfətim var, yomiyyə çörəyinə möhtacıq; cəmiyyəti-xeyriyyədən beş-on manat çörək pulu istəyirik ki, nə qədər canımız sağdır, sizə duaçı olaq".

 

     Haman ərizə sahibi   Məşədi Cəfər yeriyir camaatın içinə və ağlaya-ağlaya pul istəyir.

 

R ü s t ə m  b ə y.  Ağalar, bu barədə sözü olan danışsın.

T e y m u r   b ə y. Mən elə bilirəm ki, cəmiyyəti-xeyriyyə bu məsələyə indi əl vura bilməz. Səbəb budur ki, keçən iclasda da acların ərizələrinə kifayət verilmədi və verilməməyinin də səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur.

R ü s t ə m   b ə y. Belə olan surətdə acların ərizələrini bu günkü məclisdə müzakirəyə qoymaq olmayacaq.

 

     Üzvlərin bir neçəsi deyir: "xeyr, olmayacaq"; bir neçəsi deyir: "gərək müzakirəyə qoyulsun"

 

R ü s t ə m   b ə y (zəngi çalır). Ağalar, acların ərizələrinə bu gün kifayət vermək istəyənlər dursunlar ayağa.

 

     Durur ayağa Zivər xanım və Münəvvər xanım.

 

R ü s t ə m   b ə y (Teymur bəy ilə pıçıldaşandan sonra). Camaat, cəmiyyəti-xeyriyyə belə qərar qoydu ki, acların ərizəsi mövcibincə acların halını yoxlamaq və onların həqiqətdə möhtac olmaqlarını təhqiq eləməkdən ötrü əlahiddə komissiya təyin olunsun və bu səbəbdən həmin məsələnin müzakirəsi bundan sonrakı iclasa qalmağı qərar verildi.

 

      Aclar ağlaşır. Zivər xanım durur gedir. Məşədi Cəfərə bir gümüş pul verir.

 

Z i v ə r   x a n ı m. Doğrusu, mənim bu kişiyə yazığım gəlir. Kakoy on jalkiy! İ navernoye qolodnıy[v].  

 

     Qapıda  görsənir  Qənbər, Qurban və Zaman. Qurbanın və  Zamanın hərəsinin bir əlində uzun çomaq, bir əlində dəstmal bağlaması.

 

Z a m a n (kobud çoban səsi ilə). Burdadımı o mal həkimi?

 

     Camaaat üzünü çöndərir çobanlara tərəf.

 

Q ə n b ə r (Zamana). Ədə, heyvan, ədəbli danış. Ağalardan ayıbdı!

R ü s t ə m   b ə y (Qənbərə). Qənbər, bir az dayanın, məclis qurtarsın, sonra danışarıq. (Üzünü Aslan bəyə tutur, yavaşca). Aslan bəy, bu bizim sərkarımızdı, o ikisi də qonşu çobanlarındandı. Dünən gəlmişdilər, deyirdilər ki, qoyunlara bir azar düşüb. Cəmiyyət dağılandan sonra bir qədər ayaq saxla, bəlkə bunlara bir dava deyəsən.

A s l a n   b ə y. Yaxşı, qalaram.

Q u r b a n (acların ağlamağına diqqət salır və deyir). A balam, niyə ağlayırsınız?

M ə ş ə d i   C ə f ə r. Ay qardaş, vallah, acıq. Üç gündü dilimizə çörək dəyməyib.

 

     Bunu eşidəndən sonra Qənbər, Qurban və Zaman bağlamanın birini açırlar və üç nəfər acların hərəsinə bir çörək və çörək üstə yağ qoyub verirlər.

 

A c l a r (çobanlara). Ay qardaşlar, allah sizə kömək olsun, allah atanıza rəhmət eləsin.

Z a m a n. Nuşi-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genə verərik.

 

     Cəmiyyət durur ayağa və acların yeməyinə tamaşa edir. Gülbahar da diqqət ilə baxır çobanlara.

 

R ü s t ə m   b ə y. Qospoda, zasedaniye obyavlyayu zakrıtım[vi]

 

     Cəmiyyət əl-ələ verib istəyir çıxa gedə və sonra yenə qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca bir-birilə öpüşür və sonra hazırlaşır çıxmağa.  Hamının nəzəri çobanların aclara çörək verməyindədir.

 

R ü s t ə m   b ə y. Qənbər, Qənbər, yavuğa gəl, sözünü de.

 

     Qənbər, Qurban və Zaman gəlir qabağa, Aslan bəyin yanına.

 

A s l a n   b ə y. Yəqin ki, qoyunlarda yara görsənir.

Q ə n b ə r. Bəli, yaralananı da olur, amma yaranın dilini biz bilmirik; qara nöyüt sürtən kimi yaxşı olur. Amma qızdırmanın çarəsini bilmirik.

 

     Üzvlər çobanların danışağına qulaq verir.

 

A s l a n   b ə y (bir qədər fikirdən sonra). Yaxşı, bir mənə deyin görüm, qoyunun yarasını siz dezinfeksiya eləyirsinizmi?

Q ə n b ə r. Qanmadıq, həkim ağa.

Q u r b a n. Başa düşmədik, qurbanın olum.

Z a m a n. O nə sözdür, başına dolanım.

 

     Camaat gülüşür.

 

A s l a n   b ə y. Bir də mənə deyin görüm, qoyun yaralananda onun temperaturasını ölçürsünüzmü?

Q ə n b ə r. Qanmadıq, həkim ağa.

Q u r b a n. Başa düşmədik, qurbanın olum.

Z a m a n. O nə sözdü, başına dolanım?

 

     Camaat gülüşür.

 

Q u r b a n. Həkim ağa, yaraynan sənin işin yoxdur, yaranın dilini biz özümüz bilirik. Keçən həftə qumral kərə qoyunu canavar yaralamışdı; bax, yarası belə kalafa kimi idi. Qara nöyüt sürtdük, iki gündə yaxşı oldu. (Camaat və Gülbahar diqqət ilə qulaq asır). Bənöyüş qaraüzü canavar iki həftə bundan qabaq yaralanmışdı; onu da qara nöyütnən yaxşı elədik. Keçən gün Hacı Əmrahgilin sürüsündən sarı əbrəş qoyunu genə canavar dağıtmışdı; ona da qara nöyüt sürtdülər. Sənin yaraynan işin yoxdu. Bilirik, sən yaxşı həkimsən; sən bu şoqərib qızdırmaya bir dava ver, ya bizə bir məsləhətli söz de. Bir də səni and verirəm allaha, biznən elə danış ki, başa düşək; yoxsa biz çöldə böyümüş çobanıq. Sən bir dava ver, qoyun qızdırmadan ölməsin. Odu, bir ayın içində bizim sürüdən iyirmi qoyun qızdırmadan qırıldı; sarı kərə dünən bizim sürüdən qızdırıb öldü. Zamangilin sürüsündən dünən yox, irəliki gün bir qara bənöyüş, bir də sarı qaraüz azarladı və murdar oldu. (Zamana). Ədə, Zaman, niyə dinmirsən? (Aslan bəyə). Sən bu qızdırmaya bizə bir dava ver, yoxsa belə getsə, evimiz yıxılar. Sən bizə rəhm elə, biz də sənin yolunu boş qoymanıq, hərdən bir yağdan, şordan gətirrik, uşaqlar yeyər; ağ yavannıq pis deyil. Bilirəm, şəhər yeridi, qonaq-qaranız olur.

A s l a n   b ə y (Rüstəm bəyə əl verib gedir və çobanlara deyir). Yaxşı, gələrsiniz retsept yazaram.

 

       Çobanlar  məəttəl  qalıb, bilmirlər nə eləsinlər. Camaat hamı başlayır gülə-gülə dağılmağa. Otaqda qalır Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid. Bunlar üçü də yavıqlaşırlar Gülbaharın yanına.

 

R ü s t ə m   b ə y. Hı, bacım, gördün Aslan bəy nə yaxşı danışır?

 

       Mirzə Məhəmmədəli narazı başını bulayır.

 

G ü l b a h a r. Xeyr, dadaş!

Z ə h r a   b ə y i m (Gülbahara). Ay qız, Aslan bəy danışanda sən yuxulamışdın. Maşallah, yaxşı danışdı.

 

     Rüstəm bəy çəkilir kənara. Səməd Vahid gəlir qabağa.

 

S ə m ə d   V a h i d. Gülbahar, gördün Hüseyn Şahid nə gözəl əş’ar söylədi?

 

      Gülbahar bərk gülür, buna baxıb Mirzə Məhəmmədəli də gülür. Səməd Vahid də çəkilir kənara və Gülbahar gülməkdən sakit olub deyir.

 

G ü l b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim. (Çıxır gedir içəri otağa).

R ü s t ə m   b ə y (gəlib durur Zəhra bəyimin qabağında və acıqnan deyir). Ana, dəxi bundan sonra qızını kimə istəyirsən ver. Mənim dəxi işim yoxdur.

M i r z ə  M ə h ə m m ə d ə l i (Rüstəm bəyə). Söz yox ki, Aslan bəy kimi əhməqlərə getməkdənsə, Gülbaharın evdə qalmağı məsləhətdir.

R ü s t ə m  b ə y (çox ucadan Mirzə Məhəmmədəliyə). Axmaq-axmaq danışma!

M i r z ə   M ə h ə m m ə d ə l i (bu da ucadan). Danışacağam!

S ə m ə d  V a h i d (bu da ucadan). Ədəbsizlər! Əvət, ədəbsizlər!

Üçü də bir-birinə çox hirslə baxa-baxa çıxıb gedirlər. Zəhra bəyim tez durur ayağa və oğlanlarının dalınca yalvara-yalvara.

Z ə h r a  b ə y i m. Sizə gələn qada-bala mənə gəlsin, ay balalarım, savaşmayın! (Qoltuğundan bayazını çıxardıb, qalxızır yuxarı. Oğlanları uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerində. Bayazını yenə qoyur qoltuq cibinə və dərin fikrə gedir).

 

P ə r d ə   s a l ı n ı r



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info