Qonaq Kitabı
ANAMIN KİTABI

 

           Köksündən qalqar, topuqdan salqar,

           Kəndini içə saqın, iç çəngələ taqar.

           Güc ilə əgər Misri,

           Varmı bu pəhləvanların qüsuri.

 

S e n z o r. Bunlar da deyəsən hamısı şerdi.

S ə m ə d   V a h i d. Əvət.

S e n z o r (bir kitabı da götürüb, yaxşı oxuya bilmir, verir Səməd Vahidə). Deyəsən bu da hamısı şerdi. Buyur buradan oxu görüm.

S ə m ə d   V a h i d (şairanə oxuyur, əl-qolunu ata-ata).

 

Fərda sənin, sənin bu təcəddüd, bu inqilab.

Hər şey sənin deyilmi ki, zatən sən, ey şəbab?!

Ey çöhreyi-bəhici-ümid, iştə məkəsin,

Qarşında bir səmayi-səhər safü bisəhab.

 

 

     Mirzə Məhəmmədəli başını bulayır.

 

S e n z o r. Mən, doğrusu, bunu başa düşmədim. Pəs bu qalan kitablar nə kitablarıdır?

S ə m ə d   V a h i d. Həpsi Türkiyə əş’arıdır.

S e n z o r (bir kitab da götürüb baxır). Mürəbbelər.

 

Təthiri-məcaz həml eqaq,

Bir eyşi-həziz nar xəndir.

Bir hiz visal töhfədəndir,

Aşüftə nihan xaki-müştaq. (Bu kitabı qoyur, o biri kitabı götürüb oxuyur).

 

Failatün, failatün, failatün, failat,

Şöləyabi, xaki-paki, inkişaki-təntəraq,

(Bu kitabı qoyur, o birini götürür, oxuyur).

 

Elmi-vəzi hamısı şerdir. Bu kitab da üsuli-qafiyədən danışır. Hamısı şerdir. Bu kitab sərbəst nəzm şerləridir. Bu kitab da müxəmməs şerləridir. Bu da təxmisdir. Hamısı şerdir. Bu kitab qəsidələrdir; yəni hamısı şerdi. Bu da saqinamə şerləridi. Bu da məsnəvi. Bu da qəzəllər. Bu nədir? Tərcibənd. Bu da tərkib-bənd. Genə hamısı şerdir.

 

         Mirzə Məhəmmədəli başını bulayır.

 

S e n z o r. Görüm dəxi nə var? Bu kitab görüm nədən danışır? Bu da sənəti-süxəndən danışır. Bu da şerdir. Bu da müsəddəs şerləridir. Ba-ba-ba! Cənab Səməd Vahid, bunlar ki, cümləsi şer kitablarıdır, özləri də hamısı İstanbul çapıdır. Pəs səbəb nədir ki, Osmanlıdan gələn kitablar hamısı şerdir?

S ə m ə d   V a h i d. Səbəb budur ki, Osmanlıda cəmi qələm sahibləri şairdi; cəmi doktorlar, mühəndislər, diplomatlar, hətta ministrlər də şairdi, həpsi şairdi.

S e n z o r. Bağışlayasınız, pəs sizin sənətiniz nədir?

S ə m ə d   V a h i d. Mən özüm də şairəm. Kəndim də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə dərsi diyorum.

M i r z ə   M ə h ə m m ə d ə l i  (öz-özünə). Allah bərəkət versin.

S e n z o r (üzünü polis məmuruna və fərraşlara tutub). Xub, biz getməli olduq. (Üç qardaşa) həzərat, bəndə bir saat bundan əqdəm sizin üçünüzün də barəsində bir özgə xəyalda idim. Amma kitablarınızı görəndən sonra, dəxi indi fikrimi bilmərrə dəyişdim. İndi nə fikirdəyəm, o da qalsın mənim öz yanımda; lakin özümə fərz bilirəm hökumətə ərzi-hal edib sizi ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsində hesab edəm. Məni əfv buyurasınız və səlamət qalasınız. (Senzor, polis məmuru və fərraşlar çıxıb gedirlər).

R ü s t ə m   b ə y,  M i r z ə   M ə h ə m m ə d ə l i   v ə   S ə m ə d  V a h i d  (birdən). Xoş gəldiniz.

 

       Qardaşlar başlayırlar kitablarını yığışdırmağa. Rüstəm bəy kitablarını şkafa düzdüyü yerdə birdən üzünü çöndərir qardaşlarına və qah-qah çəkib başlayır gülməyə. Mirzə Məhəmmədəli və Səməd Vahid təəccüblü baxırlar Rüstəm bəyə. Bir dəfə də uğunub güləndən sonra Rüstəm bəy qardaşlarına deyir:

 

R ü s t ə m   b ə y.  Hələ indiyə kimi xalq bir şeyi başa düşmürdü. İndiyə kimi xalq deyirdi: mərhəba-Əbdüləzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm təhsil edib, biri İstanbulda, biri Nəcəfül-əşrəfdə. Üçü də, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimlərin biri (Mirzə Məhəmmədəliyə işarə edir) xüsüf-küsuf duası yazır; biri (Səməd Vahidə baxır) məfailün fəilatün; biri də ... (özünə baxır), vallah, mən özüm də heç başa düşmürəm ki, mən nəçiyəm. Qah-qah-qah! (Qah-qah çəkir).

M i r z ə  M ə h ə m m ə d ə l i (Rüstəm bəyə). Cənab Rüstəm bəy! Əksər üləma və füzəladan mütəvatir rəvayətdir ki, "əl-qəhqəhətü minəşşeytan" - yəni bilirsən bunun mənası nədir? (Bir az dayanır). Bilmirsən təfsir edim. Bunun mənası budur ki, qah-qah çəkib gülmək şeytan sənətidir (məşğul olur kitablarını yığışdırmağa).

R ü s t ə m   b ə y (çığırır). Biədəb!

M i r z ə  M ə h ə m m ə d ə l i (çığırır). Biədəb özünsən!

R ü s t ə m   b ə y (çığırır). Sənsən!

M i r z ə   M ə h ə m m ə d ə l i (çığırır). Sənsən.

S ə m ə d   V a h i d (çığırır). Bəradərlərim, nə qovğa?

       Zəhra bəyim  girir içəri və qoltuğundan bayazını çıxarıb tutur gah Rüstəm bəyin qabağına, gah Mirzə Məhəmmədəlinin qabağına. Bunlar da Zəhra bəyimi itələyib deyirlər: "Sən də cəhənnəm ol başımızdan!" İkisi də övrətin kitabını tullayırlar, vərəqləri dağılır. Gülbahar və Qənbər çobanlar ilə tökülürlər içəri. Mirzə Məhəmmədəli "sənsən!" deyə-deyə çıxıb gedir. Səməd Vahid "nə qovğadır!"  deyə-deyə çıxıb gedir. Zivər xanım gəlib yapışır Rüstəm bəyin qolundan, çəkib aparır. Zəhra bəyim yıxılıb bihuş olur. Gülbahar özünü salır arvadın yanına. Qənbər də yavuq gəlib, məəttəl qalır.

 

P ə r d ə  s a l ı n ı r

 

 

DÖRDÜNCÜ MƏCLİS

 

        Rüstəmbəyin və qardaşllarının haman kabinəsi. Zəhra bəyim azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.

 

R ü s t ə m   b ə y  (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!

Z ə h r a   b ə y i m  (həzin səs ilə). Nə deyirsən, Rüstəm bala?

R ü s t ə m   b ə y.  Ana mən sənin yanında müqəssirəm. Mənim günahımdan keç. Dünən səni mən incitdim.

Z ə h r a   b ə y i m.  Bala, sənin mən qadanı alım. Sənin nə bir günahın var ki, mən sənin günahından keçəm? Sən məni incitməmisən. Sən bircə qardaşlarından ayrı düşmə, mən öləndən sonra da, qəbirdə də sənə duaçı olum, ay Rüstəm bala!

R ü s t ə m   b ə y (bir qədər dinmir və sonra). Ana, ay ana, axır sən bəzi işləri bilirsən, bəzisini də bilmirsən. Bizim bir-birimiznən danışığımız məslək üstədir, mübahisəmiz kitab üstədir. Yoxsa sən dediyin söz bir gözəl sözdü. Məsələn, elə mən açığını sənə deyim. Ana, ana, eşidirsən nə deyirəm? Ana, qulaq asırsan ya yox?

Z ə h r a   b ə y i m (həzin səs ilə və güc ilə). Hə, hə, bala, sözünü de, eşidirəm.

R ü s t ə m   b ə y.  Ana, bax, mən səni lap yaxşı başa salım: nə qədər ki, mən bu kitablara etiqad eləyirəm (öz kitabları tərəfə əlini tutur), Məhəmmədəli də bu kitablara (Mirzə Məhəmmədəlinin tərəfinə əlini uzadır) və Səməd də bu kitablara (Səməd Vahidə tərəf əlini uzadır) etiqad eləyirlər, dəxi biz nə təhər ittihad edib, mehriban yola gedə bilərik? (Rüstəm bəy yavaş-yavaş uzaqlaşır içəri otağa. Zəhra bəyim dərin ah çəkir, sonra Mirzə Məhəmmədəli gəlib çökür diz ustə anasının qabağında).

M i r z ə   M ə h ə m m ə d ə l i.  Ana, məni bağışla, dünən hirsli vaxtımda sənə tərk-ədəblik göstərdim.

Z ə h r a   b ə y i m. Bala, ayaqlarının altında ölüm, qardaşlarından ayrılma.

G ü l b a h a r. Dadaş, sən, atanın goru, ayrılma.

M i r z ə   M ə h ə m m ə d ə l i. Ana, ay ana, bir qulaq as, gör nə deyirəm. İşin əslkarı bir yerdədir ki, bax, mən səni bu saat başa salım. Bax, bu evdə üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir qismi budur  (Rüstəm bəyin kitablarını nişan verir). Bir qismi budur (Səməd Vahidin kitablarını nişan verir). Bir qismi də budur (öz kitablarını nişan verir). Əgər biz bu kitabları bir-birinin yanına qoysaq, diqqətnən baxsaq və zaiqəyə tapşırsaq, baxıb görərik ki, bu üç qism kitablar bir-birinə o qədər oxşayır, necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır. Bax, qoy səni qurtarım; qulaq asırsan, ana, ya yox? Bu kitabların cəmisi əş’ardı, özü də əş’ar deyirəm ha! Fikrin özgə yana getməsin. Xoruz səsi eşitməyən əş’ardı!

S ə m ə d   V a h i d. Pəki!

M i r z ə   M ə h ə m m ə d ə l i (əlini Rüstəm bəyə sarı tutur). Bu kitabların da cəmisi bilirsən nədir? Bilmirsən, deyim: cəmisi rus lüğətidir. Bu da elə bir cür naxoşluqdur. (Rüstəm bəy sağ əlini Mirzə Məhəmmədəliyə tərəf atır və gedir çölə.) O ki, qaldı mənim öz kitablarım (kitablarına tərəf baxır və bir qədər fikrə gedir), bunların biri xüsufdu, biri küsufdu. Di indi, ana, bizə bir tədbir tök, görək biz nə tövr yola gedə bilərik?! (Zəhra bəyim dərin ah çəkir.) Ana, sözün yoxdu? Məni bağışla, mən getməliyəm. (Durur, başmaqlarını geyir). Gülbahar, mən hammal göndərəcəyəm, mənim kitab sandığımı və yatacağımı verərsən gətirsin (çıxıb gedir).

 S ə m ə d  V a h i d (Zəhra  bəyimə tərəf gəlir). Validəm, bənə də bəradərlərim ilə yola getməyi təklif edəcəksən, bəni də əfv et, zira gərək gavur lüğətlərinin (Rüstəm bəyin şkafınaa işarə edir) və gərək fanatik kitablarının (Mirzə Məhəmmədəlinin kitablarına işarə edir) sahibləri ilə bir sırada bulunmaq bəndə üçün qabili-imkan deyil. Bəni əfv et. (Gülbahara) Bənim də kitablarım ardınca hammal gələsidir, ona təslim etməkdə müzayiqə göstərməzsən, zənn ediyorum. (Çıxıb gedir).

 

      Zəhra  bəyim  bir qədər fikir  eləyir və güc ilə o tərəf-bu tərəfə baxır və Gülbahardan savayı otaqda bir kəsi görmür.

 

Z ə h r a   b ə y i m. Qızım, bunlar hara getdilər?

G ü l b a h a r. Nə bilim, ana? Çıxıb getdilər.

Z ə h r a   b ə y i m (fikrə gedir). Ürəyim, ürəyim (əlini qoyur ürəyinə) üç yerə bölünə, üç tikə ola, hər tikəsi də bir tərəfə çıxıb gedə (yenə baxır otağa), onda dəxi ürəyim parçalanar, ölərəm. Qızım, pəs mənim ürəyim üç parça olsa, sən nə elərsən?! Qızım, anasız qalarsan (dərin ah çəkir və huşa gedir).

 

        Gülbahar bir qədər baxır anasına və tez durur ayağa, qaçır qapıya və nə qədər səsi var, çığırır.

 

G ü l b a h a r. Səməd, Səməd!... Məhəmmədəli dadaş!... Səməd!...(Qənbər hövlnak girir içəri, dalınca Qurban və Zaman. Gülbahar qaçır Qənbərin yanına, yapışır əlindən və çəkə-çəkə gətirir anasının yanına və özü də çökür anasının qabağında, əlini götürür və çağırır.) Ana! Ana!

 

        Qənbər təəccüb edir və deyir.

 

 Q ə n b ə r. Xanımcan, nə var? Yoxsa xanım bəyim pis haldadır?

 

      Zəhra bəyim gözlərini açır və baxır Gülbahara və sonra da Qənbərə və güc ilə başını çöndərir və gözü ilə bir şey axtaran kimi çobanlara gözü sataşır.

 

G ü l b a h a r. Ana, necəsən?

Z ə h r a    b ə y i m (Qənbərə baxır). Qənbər, sənsən? Hələ getməmisən?

Q ə n b ə r. Xanım bəyim, qulluğunda durmuşam.

G ü l b a h a r. Ana, Qənbər və çobanlar gəliblər sənin kefini xəbər alırlar. (Qənbərə) Qənbər, bir az danış, anamın kefi açılsın.

Z ə h r a   b ə y i m (Qənbərə). Qənbər, bir az danış, danış. Nə olar, danış, qulaq asaq. Niyə danışmırsan? Mən istəyirəm qulaq asam. De gərək, indi qoyunların nə qayırır? Deyirdin axı azarlıyırlar.

 

     Qənbər utanır və başını salır aşağı.

 

G ü l b a h a r (gülə-gülə). Qənbər, hı, indi qoyunların səni gözləyir. İndi görəsən qumral bənöyüş qoyunu canavar dağıtmayıb ki? (gülür).

Q ə n b ə r. Xanım bəyim, qumral bənöyüş qoyun sənə qurban olsun.

G ü l b a h a r. Qənbər, hı, sən allah, bir nağıl elə görək, qoyunu canavar dağıdanda necə ağlayırsan?

Q ə n b ə r (utana-utana). Xanımcan, onu mən sənə nağıl eləmişəm, onu sən bilirsən. Bəlkə sən Zamanın tütək çalmağını görəsən, görəsən necə tütəyin səsi ilə qoyunları qaytarır?

G ü l b a h a r. Necə, necə? Sən allah, Qənbər, necə? Bir nağıl elə görək. (Anasına). Ana, qulaq asırsanmı, nağıl eləsinmi? Ana, qoy nağıl eləsin, qulaq as.

Q ə n b ə r. Xanımcan, and olsun allaha, bir dəfə mən özüm təəccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırdılar "Qızlar bulağına". Biz də yoldaşlarımıznan oturmuşduq kəklik təpəsinin yamacında, qoyunlara baxırdıq. Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda, tütək çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getməkdə idi. Birdən Zaman bizə qayıtdı ki, "nə verərsiniz, elə çalım ki, qoyunlar getdikləri yerdə dayanıb, geri qayıtsınlar?" Söz yox, heç kəs inanmadı. Xülasə, nə başınızı ağrıdım, xanımlar, Zaman başladı çalmağa. (Zamana). Ədə, çıxart tütəyini. (Zaman utana-utana tütəyini çıxardır). And olsun sizin əziz canınıza, qoyunlar tütəyin səsini eşidən kimi elə bil ki, bir şeydən ürkdülər. Eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpıtdılar. Elə bil, bir şeydən qorxan kimi geri döndülər və quyruqlarını ata-ata, mələşə-mələşə başladılar təpəyə tərəf geri qaçmağa. (Zamana). Ədə, Zaman, çal.

 

     Zaman başlayır tütəkdə çoban--bayatını çalmağa; bir qədər ona baxıb, Qənbər oxuyur.

 

Q ə n b ə r.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   

 Biz çobanıq, dağdı, daşdı yerimiz,

Yoldaşımız qoyun-quzu sürümüz,

Dərs almayıb, haqdı-ki, heç birimiz,

Amma zövqü səfalıdı çobanlar,

Qardaşlıqda vəfalıdı çobanlar.

 

Gözəl olur çöldə çəmənlər, çaylar,

Qışda arandayıq, dağda da yaylar,

Çoban südü sağar, hamıya paylar,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info