Qonaq Kitabı
ANAMIN KİTABI

R ü s t ə m   b ə y. İmla hərfidir və özü də özlüyündə sloqdur.

M i r z ə   H ə s ə n.  Yəni "heca" demək istəyirsiniz?

R ü s t ə m   b ə y. Bəli, "heca" gərək ola və lakin bəzi tayfaların dilində həmin "A" hərfi soqlasnı hərfləri cərgəsindədir.

M i r z ə   H ə s ə n. Bunu "soqlasnı" əvəzinə "hürufi-samitə" yazaq.

R ü s t ə m   b ə y.  Məsələn, necə ki, B, D, L və qeyriləri.

 

     Çöl qapıdan  Mirzə Məhəmmədəli  girir içəri, salam verib, başmaqlarını çıxardır və keçib oturur öz yerində.

 

M i r z ə   M ə h ə m m ə d ə l i. Dadaş, sənə mane olmuram ki?

R ü s t ə m   b ə y. Əleykəssəlam, mane olmursan, keç otur.

 

    Mirzə Məhəmmədəli oturur öz yerində dizi üstə və kitablarını açıb baxır.

 

R ü s t ə m   b ə y. İndi keçək "almas" ləfzinə. Yaz, "almas", latınca "atamas", pür qiymət daşlar cərgəsində ən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək  dünyada tapılmayıb; bərklikdə cəvahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və nə qeyriləri.

 

    Mirzə  Həsən  yazır.   

 

M i r z ə   M ə h ə m m ə d ə l i (başını qalxızıb, Rüstəm bəyə tərəf deyir). Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. Amma mənim qanacağıma görə sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəindən əxz olunmuşdur. Belə olan surətdə siz öz əlinizlə lüğətinizin dairəsini daraldırsınız. Mənə qalarsa haman ittilaatı ki, siz o zəhmətnən cəm edirsiniz, onları Şərq və islam  elmləri ilə tətbiq   eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə, "almasdan bərk şey dünyada yoxdur" demək özü bir səhv və qələtdir. Almasdan bərk şey dünyada çoxdur.

R ü s t ə m    b ə y. Məhəmmədəli, mən heç vaxt o fikirdə olmamışam ki, lüğətimi Şərq aləmindən uzaq tutum; nəinki o fikirdə olmamışam hələ bəlkə özüm sənə demişəm ki, mənim yadımda və siyahımda olmayan ləfzləri mənim yadıma sal ki, kitabımız nə qədər mümkündür, e ... e ...  e ...  e....

M i r z ə    H ə s ə n. Təkmil olsun.

R ü s t ə m   b ə y.  Təkmil olsun. İndi hər nə sözün var, de.

M i r z ə    M ə h ə m m ə d ə l i. Söhbət haman səxtlik üstədir ki, siz orada yazdınız. Amma mənim əqidəmcə bu barədə bizə bir əmr buyurulubdur, o əmrdən kənara çıxmaq hər ayinə səzavar deyil. Necə ki, məlumdur  və kərrat ilə eşitmişik və kitablardan təhsil eləmişik ki, həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir. Yəni ən əvvəli sonrakından boş və sonrakı qabaqkından bərk; ta gedir çıxır onuncuya ki, dəxi ondan bərk, ondan səxt bir şey dünyada yoxdur və ola bilməz.

 

     İçəri qapıdan  Zəhra bəyim   görsənir.

 

R ü s t ə m    b ə y   v ə   M i r z ə   M ə h ə m m ə d ə l i  (ikisi də əllərini qalxızıb birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq.

 

     Zəhra bəyim yox olur.

 

M i r z ə    M ə h ə m m ə d ə l i.  Haman bərk şeylərin əvvəlincisi  daşdır.

R ü s t ə m    b ə y. Yəni necə daş? Axır dünyada daş çoxdur, görək hansını deyirsən?

M i r z ə   M ə h ə m m ə d ə l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun.

 

     Rüstəm bəy və  Mirzə Həsən gülürlər.  

 

M i r z ə   M ə h ə m m ə d ə l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? Heç dəxli var?

R ü s t ə m    b ə y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmənik. Sonra? Daşdan sonra?

M i r z ə   M ə h ə m m ə d ə l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca bir-birinə vurur), aşkardır ki, dəmir daşı sındıracaq.

 

     Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər.

 

M i r z ə   M ə h ə m m ə d ə l i.  Hə ...  gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!...  Afərin lüğət yazanlar!

R ü s t ə m    b ə y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey hansıdır?

 

     Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun qabağını kəsir.

 

R ü s t ə m   b ə y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən. Allaha şükür, sən vaizsən, müəllimsən; sən baxma bizim gülməyimizə, sən sözünü de. Əgər bizə lazım olar, lüğətə də bir şey yazarıq, lazım olmaz, – olmaz.

M i r z ə    H ə s ə n. Mirzə Məhəmmədəli, mən səndən xahiş edirəm, hövsələ eləyəsiniz və bəyanatınızı başa yetirəsiniz.

M i r z ə   M ə h ə m m ə d ə l i (bir qədər fikir eləyib, oturur yerində və sonra başlayır). Dəmirdən bərk olan şey odur ki, dəmiri əridir və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir. (Rüstəm bəy və Mirzə Həsən  əllərini ağızlarına basıb gülürlər.) Sudan  bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan  səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir). Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir). Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli). Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı ... gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı ... gülərsiniz! (Dəxi də hirsli). Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?... Ölümdən bərk şey xudavəndi-aləmin əmridir ki, lazım olan yerdə ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdə vaqe olur bəlayi-nagəhanlar, misli-vəlvəleyi-səqf-asimanlar, zəlzəleyi-səthi-xakidanlar, xüsuf-küsuf, yenə xüsuf, yenə küsuf, ma-təaqəbəl-mələvan! (Əllərini yuxarı qalxızır və cuşə gəlir). Siz gərək xəcalət çəkəsiniz, adınızı müsəlman qoyub islam elmlərinə istehza edirsiniz (çığıra-çığıra durur ayağa). Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb deyil? (hirsli gedir qapıya tərəf).

  

     Rustəm  bəy və Mirzə  Həsən dururlar ayağa və Mirzə Məhəmmədəlinin qabağını kəsib deyirlər.

 

R ü s t ə m    b ə y   v ə  M i r z ə    H ə s ə n. Dayan bir, dayan bir!

 

     Çöl  qapıdan Səməd Vahid  girir içəri və qiylu-qalı görüb deyir.

 

 

S ə m ə d    V a h i d.  İştə erkəklər! Haydı arkadaşlar!

M i r z ə    M ə h ə m m ə d ə l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ bilmirəm bu nə deyir ey!...

 

     Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və Mirzə  Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmmədəli istəyir başmaqlarını geyə, gedə.  Zəhra bəyim   qapıda görsənib, Mirzə Həsəndən utanır və çəkinir. Mirzə Həsən bunu anlayıb, Rüstəm bəydən izin alıb çıxır, gedir. Zəhra bəyim yavaşca içəri girir və qorxa-qorxa gəlir çökür bir tərəfdə. Rüstəm bəy öz yerinə oturub kitaba baxır. Mirzə Məhəmmədəli qapının ağzında dayanıb, bir istəyir çıxa, bir istəyir qala.

Z ə h r a   b ə y i m (Mirzə Məhəmmədəliyə). Ay balam, bir dayan görüm, hara gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır min dərd-sərimiz, dost-düşmən var!

M i r z ə   M ə h ə m m ə d ə l i. Ana, sən Allah sən də əl götür bizdən!

Z ə h r a   b ə y i m.  Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, allaha şükür, yaxşı-yamanı bilənsən. Axır, o qızı hər yandan istəyirlər; qız uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli  bala! Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin.

M i r z ə   M ə h ə m m ə d ə l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz verin.

R ü s t ə m   b ə y  (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki, kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək.

M i r z ə   M ə h ə m m ə d ə l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm!

R ü s t ə m   b ə y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan, sən de görək kimə verək?

M i r z ə   M ə h ə m m ə d ə l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik.

R ü s t ə m   b ə y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi yüz il gözlətməyəcəyik ki?

M i r z ə   M ə h ə m m ə d ə l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı Mirzə Bəxşəliyə verərik.

 

         Rüstəm bəy gülür.

 

S ə m ə d   V a h i d. Necə Mirzə Bəxşəliyə? Müəllim Mirzə Bəxşəliyə?

M i r z ə   M ə h ə m m ə d ə l i. Bəli, haman Mirzə Bəxşəliyə.

S ə m ə d   V a h i d. Bən buna hərgiz razı olmam.

M i r z ə   Mə h ə m m ə d ə l i (təəccüblü). Necə yəni razı olmazsan? Hələ sən nəçisən?

S ə m ə d   V a h i d. Bana qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli.

M i r z ə   M ə h ə m m ə d ə l i (sağ əlini  fırladır). Pəh-pəh-pəh, buna bax sən Allah! Bu da bizə müştəri tapdı.

Z ə h r a    b ə y i m. Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə deyin görüm, o dediyiniz adamlar kimdilər? Yaxşımı adamdılar, nəcidirlər?

R ü s t ə m    b ə y. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən il yurist dərsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetə girdi. İndi istəyir mal həkimi olsun.

Z ə h r a    b ə y i m (Səməd Vahidə). Bala, sən dediyin adam kimdi, nəçidi? Bir qulluğu varmı?

S ə m ə d   V a h i d. Ana, Hüseyn Şahid bizim gənc ədiblərimizdəndir, özü də xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir.

 

     Mirzə Məhəmmədəli başını bulayır.

 

M i r z ə   M ə h ə m m ə d ə l i. Pəh-pəh-pəh! Elə bizim gənc ədibimiz əskik idi. Allah bəd nəzərdən saxlasın. (Hirsli). A kişi, mən bilmirəm ədib nədi, axır ey?

R ü s t ə m   b ə y. Qardaşlarım, mən sizdən xahiş edirəm ki, hər nə eləmək istəyirsiniz, məsləhətnən və ağıl ucuynan eləyin. Onu siz gərək bilmiş olasınız ki, o şey ki, mehribançılıqnan və məsləhətnən aşar, dava-qalmaqalnan aşmaz. Genə də deyirəm ki, Gülbahar bizim bacımızdı, gərək biz üçümüz də səy, təlaş edək ki, bacımız bədbəxt olmasın. O axı heyvan deyil ki, yapışaq əlindən, kimə ki istəyirik- - verək. Sən bir söz deyirsən, mən bir söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliknən bir mətləb hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı (əlini içəri qapıya uzadır), çağıraq bu saat özündən sual eləyək ki, görək meyli kimədi? Aslan bəyə istər, Aslan bəyə gedər, Mirzə Bəxşəliyə istər, Mirzə Bəxşəliyə gedər, Hüseyn şairdi-nədi, onu istər, ona gedər.

S ə m ə d   V a h i d. Belə məsləhətə qarşı bən bir söz söyləməm.

R ü s t ə m   b ə y (Mirzə Məhəmmədəliyə). Niyə dinmirsən, Məhəmmədəli?

M i r z ə   M ə h ə m m ə d ə l i. Özünüz bilin, mənim işim yoxdur.

 

     Rüstəm bəy  durur, qapıdan Gülbaharı çağırır. Gülbahar  girir içəri.

 

Z ə h r a   b ə y i m (Gülbahara). Bala, Gülbahar, gəl otu yanımda, durma ayaq üstə.

R ü s t ə m   b ə y. Gülbahar, keç otu və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırdıq. Sözün açığı budur ki, səni üç adam istəyir: biri  Aslan bəydi, biri Mirzə Bəxşəlidi, biri də Hüseyn Şahiddi.... İndi sən də fikirləş, allaha şükür, yekə qızsan, dəxi səni öyrətmək lazım deyil. Qəlbin kimə yapışır, ona da get; bizim heç sözümüz yoxdu. Aslan  bəy mənim dostlarımdandı, özü də intelligentdi; bəlkə görmüş, ya eşitmiş olasan. Mirzə Bəxşəli və Hüseyn Şahid də müəllimdirlər, amma mən onlara yaxşı bələd deyiləm. Özün bil, fikirləş və cavab ver.

 

     Gülbahar dinmir.

 

Z ə h r a  b ə y i m (Gülbahara). Bala, niyə dinmirsən?

G ü l b a h a r  (Rüstəm bəyə). Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm və qaldı ki, sizin mənim barəmdə çalışmağınız əbəsdir; çünki mən bilirəm ki, mən bir kəsi xoşlasam da, sən razı olsan, Məhəmmədəli dadaşım razı olmayacaq; Məhəmmədəli dadaşım razı olsa, sən izin verməyəcəksən; hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın, görün indiyə kimi mənim üstümdə siz üç qardaşın neçə dəfə dava-mərəkəsinə qonşular yığışıb tamaşaya. Yox-yox, mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-biriniznən yola gedin. (Durub çıxır gedir).

 

     Mirzə  Məhəmmədəli gəlib oturur yerində.

 

R ü s t ə m   b ə y. İş belə olan surətdə mən məsləhət görürəm ki, bir surətdə ki, Gülbahar biz dediyimiz adamların  heç birinə bələd deyil, sabah axşam gərək ki, cəmiyyəti-xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim evə yığışalar. Aslan bəy – necə ki, üzv zasedaniyaya gələcək. Gərək hesabnan müəllimlərdən də olalar; çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülbahar da istəyər, çıxar onlarnan tanış olar.

M i r z ə  M ə h ə m m ə d ə l i (sağ əlini oynadır). Bəli, istər, çıxar, onlarnan tanış olar....

R ü s t ə m   b ə y. Nə eybi var, çıxmaz, qapının arasından baxar, hamısını görər.

S ə m ə d  V a h i d. İzdivaci-niyyət edib, doğrudan-doğruya mülaqatda bulunmaq, zərrə qədər eyb törətməz zənnindəyim.

M i r z ə   M ə h ə m m ə d ə l i (hirsli, Səməd Vahidə). Allah xatirinə, öz dilində danış, peyğəmbər xatirinə, öz dilində danış!

 

     Çöl qapı taqqıldayır.

 

R ü s t ə m  b ə y. Kimsən? Gəl!

 

     Daxil olur  Teymur bəy,  qoltuğunda papka; Zəhra bəyim üzünü tutur o tərəfə ki, Teymur bəy   görməsin.

 

T e y m u r   b ə y. Səlam əleyküm.

R ü s t ə m   b ə y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş.

T e y m u r   b ə y. Yaxşıdı, gedəcəyəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info