Qonaq Kitabı
ANAMIN KİTABI

 

      İçəri otaqdan  Zivər xanım çıxır, Teymur bəyə  əl verir.

 

Z i v ə r   x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Temur bek!

T e y m u r  b ə y (Zivər xanımın əlini öpür). Zdrastvuyte, Zivar xanum!

 

     Teymur bəy də Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o da qol çəkib, verir Teymurbəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.

 

T e y m u r   b ə y. Sabahkı zasedaniyanın povestkasında smeta məsələsi barəsində bir şey yazılmayıb; bir az biqaidə oldu. Ola bilər ki, yenə Əfruz xanım çığır-bağır sala.

Z i v ə r   x a n ı m. Pajalsta, sən qorxursan qorx, amma mən heç də qorxmuram. Onlar özləri tutduqları iş guya çox qaydalıdı ki, bizimkini də bəyənməyələr? Hələ, sən Allah, o dünənki nə hərəkət idi, o nə çəmxəm idi? Vallah mən Əfruz xanımın yerinə xəcalət çəkirdim.

T e y m u r   b ə y  (saatına baxıb deyir). Deyəsən yubanırıq ha!...

Z i v ə r   x a n ı m  (durur ayağa). Rüstəm, bu gün cəmiyyəti-xeyriyyənin o qədər işi var ki, bilmirəm axşama kimi qurtara biləcəyəm, ya yox. Yaxşı olardı, sən də gedə idin, bizə kömək eləyəydin.

R ü s t ə m  b ə y. Eybi yoxdu, siz gedin, mən macal eləsəm, gələrəm. Harda olacaqsınız?

T e y m u r  b ə y. Qabaqca gərək teatra gedək, atçotun kopyasını alaq, sonra Markovun kağız mağazasına gedək, kağız seçək.

R ü s t ə m   b ə y. Ola bilər ki, mən də gələm.

 

     Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-acıqlı baxır bunların dalınca. Qənbər, uzun çuxalı və belində xəncər, yanında çoban Qurban, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala düyülü bir qab. İkisi də baş yendirirlər.

 

R ü s t ə m  b ə y. Qənbər, nə var, qoyunlar necədi?

Q ə n b ə r. Sağlığın, bir şey yoxdu.  Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə). Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu. (Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur). 

Z ə h r a   b ə y i m.  Qənbər, niyə çoxdandı görünmürsən?

Q ə n b ə r. Xanım bəyim, vallah macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb.

R ü s t ə m   b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə.

Q ə n b ə r. Baş üstə, gələrəm.

R ü s t ə m   b ə y.  Hə, yadıma düşdü, dəvə yunu tapşırmışdım, heç yerini eləyə bildin?

Q ə n b ə r. Ağa, axtarıram. Dəxi bizə görə qulluq?

R ü s t ə m   b ə y. Gedə bilərsiniz.

 

     Qənbər və çobanlar çıxırlar.

 

R ü s t ə m  b ə y (Gəlir anasının tərəfinə və gülə-gülə deyir) Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de yazım.

Z ə h r a   b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim?

M i r z ə   M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi maşallah kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin).

R ü s t ə m   b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək.

 

     Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.

 

Z ə h r a   b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmədəli, bir dayan. Bala, bir dayan, bir getmə.

 

Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda, içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.

 

S ə m ə d  V a h i d. Çocuq ağlamasın, bən şeir yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə). Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şeir deyim, yaz lüğətə.

R ü s t ə m   b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram.

S ə m ə d   V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur):

              Ənzari-şəbabımda pədidar olan, ey zill!

              Ey zilli-tüluat, oluyorsun yenə peyda!

 

R ü s t ə m    b ə y ("eh" eləyib, çönüb gedir öz stoluna tərəf). O dili  mən özüm qanıram ki, lüğətə də yazam?

S ə m ə d   V a h i d  (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim "Faust"dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki, bunu qanmıyorsun, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsun zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir).

 

     Rüstəm bəy təəccüblü baxır onun dalıyca.

 

Z ə h r a   b ə y i m  (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan! (Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə. İndi də Zəhra bəyim bayazını buna tərəf tutub yalvarır). Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.

R ü s t ə m   b ə y (acıqlı). Eh, ana, sən allah əl çək! (Rüstəm bəy də çıxıb gedir).

 

     Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab. Bir qədər fikirdən sonra qayıdıb oturur yerində, kitabın bir səhifəsini açır və diqqət ilə baxır. Bir qədər baxandan sonra başlayır haman səhifəni öpməyə.

 

P ə r d ə   s a l ı n ı r.

 

 

İKİNCİ MƏCLİS

 

     Rüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymur bəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal – millətpərəst, Səlimə xanım – müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvvər xanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhra bəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.

 

R ü s t ə m   b ə y.  Qospoda, zasedaniye obyavlyayu otkrıtım[i].

M i r z ə  Z e y n a l (durur ayağa və yumruğunu silkələyə-silkələyə, acıqlı). Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.

 

     Camaat çəpik çalır.

 

Z i v ə r   x a n ı m (durur ayağa). Ne ponimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeyet na tom i obyasnyayetsya, çto je takoye?![ii] 

M i r z ə   M ə h ə m m ə d ə l i (acıqlı). Haqq buyurur Mirzə Zeynal, islam məclisi hara, rus dili hara?!

 

     Qalan üzvlərdən də bəzi deyir: "eybi yoxdur"; bəzi deyir: "olmaz".

 

R ü s t ə m   b ə y. (zəngi çalır). Ağalar, mən təklif edirəm ki, hər kəs ki, mümkündür, müsəlmanca danışsın; çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxi çarə nədi....

M i r z ə    Z e y n a l. Xeyr, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir....

M i r z ə    B ə x ş ə l i (Rüstəm bəyə). Bağışlayınız, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxi bu məclisdə onun üzv olmağa nə haqqı?!

Z i v ə r   x a n ı m. Qospoda, tak  nelzya rassujdat, yey boqu[iii].  

M i r z ə   Z e y n a l   (durur ayağa və ucadan). Biz dübarə təvəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilmərrə qədəğən eləsin.

 

     Yenə səs-küy qalxır, yenə Rüstəm bəy zəngi çalır, camaat sakit olur.

 

R ü s t ə m   b ə y (Teymur bəyə). Xub, Teymur bəy, povestkada yazılan voprosları oxu, camaat eşitsin.

T e y m u r   b ə y (papkadan bir kağız  çıxardıb oxuyur). Əvvəlinci məsələ: il hesabı təsdiqi məsələsi; ikinci məsələ: məktəb proqramı barəsində; üçüncü məsələ: acların ərzi-halı barəsində; dördüncü məsələ: elmi-ilahi dərsləri barəsində, bunlardır.

R ü s t ə m   b ə y (durur ayağa). Həzərat, il hesabı barəsində keçən zasedaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktlarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik. Məsələn, biz ki, deyirik bal qonaqlığından gələcəkdə bu qədər mədaxil olacaq, əlbəttə, bu mədaxil biz yazdığmızdan ya bir qədər əksik olacaq, ya artıq olacaq və məhz bu səbəbdən smetada rədd-bədəl əmələ gəlir ki, onu toçno düz götürmək mümkün deyil. Kimin bu barədə sözü var, buyursun. Aslan bəy danışacaq.

A s l a n   b ə y (Durur ayağa. Gülbahar diqqət ilə baxır.) Heç belə deyil; bağışlayasınız. Zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetnıy statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir. Amma bizim smetanın poqreşnostları o barədədir ki, biz, naprimer, təyin eləmişik aclara ildə yüz manat paylayaq; amma biz yüz manat əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik.

 

     Camaatdan bir neçəsi gülür, bir neçəsi də çəpik çalır. Gülbahar neçə dəfə əsnəyir, bərk yuxusu gəlir; Mirzə Məhəmmədəli və Mirzə Bəxşəli başlarını bulayır.

 

R ü s t ə m   b ə y (zəngi çalır). Dəxi bu barədə genə söz danışan varsa, desin. (Bir səs gəlmir). Xub  (kağızları aralayır). İkinci məsələ məktəb proqramı barəsindədir. Məlumdur ki, keçən həftə reviziyonnaya komissiya....

M i r z ə   Z e y n a l. Təftiş komissiyası.

R ü s t ə m   b ə y. Keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutub ki, guya proqramlara, neçə ki, lazımdır, diqqət olunmur və dərslər bir növ süst keçir və ikinci klasda....

M i r z ə   B ə x ş ə l i. İkinci sinifdə.

R ü s t ə m   b ə y. İkinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətinləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə nəzərdən salınıb. Keçən zasedaniyada müəllim cənablarından xahiş olunub ki, bu barədə camaatın arzusuna hörmət qoyuban, məsələni mümkün dərəcədə nəzəri-diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir.

H ü s e y n   Ş a h i d (Durur ayağa. Gülbahar qulaq verir.) Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə köyümüzdə toprağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay çift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər! Az əvvəl alçaqca buraxıb savuşduğumuz topraqlar yetər! Hay və ya düşmənə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər! Akıl irməz tanrı hikmətləri ilə əvət, yarın qəddar və murdar əlləri qafalarımızı ənsəmizdən kəsərək bizi vəhşət şeytanlarına qurban edəcək, zənn ediyorum, əfəndim. Yetər, az əvvəl alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetər!

 

     Gülbahar və adamların çoxu əsnəyir.

 

Əvət, çocuqlar, qadınlar, erkəklər, yenilər bu topraqdan çıxıb, yavuqlusuna qovuşmuşdu. Qartlaşmış qollarını üç, beş mızraq boyu ötədəki binaların üstünə qadar salan bol kölgəli sokakların dibində gümləyən davulların səsi çocuqların düyününü bildiriyordu. Sağlam kökslərdə uyqudakı yavuzluq duyğularını qabartan bu gumbultu kəndi qılınclarımızın ərmağını xatırlatıyordu, əfəndim. Halbuki, əvət, bir takım ədəbiyyat ki, ikinci sinifdə təhsil olunmaqdadır....

                     İştə kələbəklər kibi qarlar düşüyor,

                     Sanki bir nur iniyor hər fidana,

                     Lakin əyləncə olurkən adana

                    Yavr çoçuqlar üşüyor!                                                                                                                                                                                                                                                                      

Ağalar, bu deyilmi milli ədəbiyyat?! Bu deyilmi milli turk lisanı?!

 

     Səməd Vahid çəpik çalır. Qalan çamaatdan gülən də var və tək-tək çəpik çalan da var. Gülbahar mürgüləyir.

 

M ə k t ə b   ş a g i r d i   b a ş ı n d a   f ə s:

 

           İştə kələbəklər kimi qarlar düşüyor,

           Sanki bir nur eniyor hər fidana,

           Lakin əyləncə olurkən adana,

          Yavru çocuqlar üşüyor!    

                                                                                              

      Səməd Vahid və Hüseyn Şahid əllərini qoyurlar həmin şagirdin çiyninə. Camaatdan gülən də var, çəpik çalan da var.

 

Z ə h r a    b ə y i m (Gülbahara). Qızım, bu adamlar nə danışırlar?

 

     Gülbahar cavab vermir, çünki mürgüləyir.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info