Qonaq Kitabı
ANAMIN KİTABI

Drama, dörd məclisdə

 

 

R ü s t ə m   b ə y – Rus intelligenti libasında: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazında qalstuk, nişastalanmış ağ qolları. Rus darülfünununda elm təhsil eləmiş və rus tərbiyəsi tərəfdarı. Hərəkəti ağır və təmkinli. Başı açıq, həmişə gözləri eynəkli (çeşmək). 40 yaşında. 

 

M i r z ə   M ə h ə m m ə d ə l i – İran ürəfası libasında, yəni uca İran börkü, uzun İran arxalığı, üstündən qurşaq, arxalığın üstündən uzun İrani  çuxa   (geymə), gen şalvar, ağ corab. Başmaqlarını qapının ağzında çıxardıb yerdə diz üstə oturur. Həmişə əlində təsbeh və gözündə eynək.  Acıqlı və gülməyən. İran tərbiyəsi tərəfdarı. 35 yaşında.   

 

S ə m ə d   V a h i d – İstanbulda ədəbiyyat  dərsi almış. Başında qırmızı fəs, əynində pidcak, jilet, ağ yaxalı köynək və qalstuk, gözlərində eynək. Təmkinli və sakit. Osmanlı tərbiyəsi tərəfdarı. 30 yaşında.  

 

G ü l b a h a r – surətdə gözəl. Ümumi müsəlman qızları libasında, başında çarqat. Müsəlmanca savadlı. Anasını nəhayət istəyən. 20 yaşında.

 

Z i v ə r   x a n ı m – Rus tərbiyəsi tapmış. Rus xanımları libasında. Boğazı və qolları açıq, müsəlmanca savadsız.   

 

Q ə n b ə r – Sifətdə göyçək. Əynində çərkəzi çuxa, belində qəmə və tapança. Əlində qamçı.

 

A s l a n   b ə y – hər cəhətdən Rüstəm bəyə oxşayır.

 

M i r z ə   B ə x ş ə l i – hər cəhətdən Mirzə Məhəmmədəliyə oxşayır.

 

H ü s e y n   Ş a h i d – hər cəhətdən Səməd Vahidə oxşayır.

 

S e n z o r   M i r z ə   C ə f ə r   b ə y – Rus çinovniki libasında. Gözlərində eynək.

 

 

M Ə C L İ S L Ə R İ N   Ə H A L İ S İ

 

Z ə h r a   b ə y i m – 60 yaşında.

 

R ü s t ə m   b ə y – onun böyük oğlu, intelligent. 40 yaşında.

 

M i r z ə   M ə h ə m m ə d ə l i – onun ikinci oğlu, elmi-ilahi müəllimi və vaiz. 35 yaşında.

 

S ə m ə d   V a h i d – onun üçüncü oğlu, türk dili  müəllimi (fəs qoyur) 30 yaşında.

 

G ü l b a h a r – qızı, müsəlmanca oxumuş. 20 yaşında.

 

Z i v ə r   x a n ı m – Rüstəm bəyin övrəti, rusca  tərbiyə tapmış. 25 yaşında.

 

M i r z ə   H ə s ə n – Rüstəm bəyin dilmancı. 30 yaşında.

 

T e y m u r   b ə y – Cəmiyyəti-xeyriyyənin dəftərdarı. 25 yaşında.

 

M i r z ə   Z e y n a l – millətpərəst. 30 yaşında.

 

S ə l i m ə   x a n ı m – müəllimə (danışmır). 25 yaşında.

 

A s l a n   b ə y – mal həkimi (rus intelligenti libasında). 30 yaşında.

 

İ s m a y ı l   a ğ a – cəmiyyəti-xeyriyyə üzvü (danışmır). 45 yaşında.

 

M ü n ə v v ə r   x a n ı m – onun qızı (danışmır). 20 yaşında.

 

H ü s e y n    Ş a h i d – türk dili müəllimi (fəsli). 30 yaşında.

 

M i r z ə   B ə x ş ə l i – elmi-ilahi müəllimi. 35 yaşında.

 

Q ə n b ə r – Rüstəm bəyin sərkarı. 45 yaşında.

 

Q u r b a n – çoban. 25 yaşında.

 

Z a m a n – çoban. 25 yaşında.

 

S e n z o r   M i r z ə   C ə f ə r   b ə y – 45 yaşında.

 

P o l i s    m ə m u r u (danışmır) – 35 yaşında.

 

İ k i    n ə f ə r    f ə r r a ş  (danışmırlar) – 30-35 yaşında.

 

M ə ş ə d i    C ə f ə r – ərizə sahibi, 40 yaşında.

 

Y e n ə   ü ç    n ə f ə r     f ə q i r – 40-45 yaşında.

 

B i r i n c i    h a m b a l – 30 yaşında.

 

İ k i n c i    h a m b a l – 30 yaşında.

 

 

 

     Əhvalat vaqe olur tarixi-hicrnin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azərbaycan şəhərlərinin birində, Rusiya hökuməti əsrində.

 

 

BİRİNCİ  MƏCLİS

 

      Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi: bir tərəfdə böyük yazı stolu, üstündə qırmızı mahutdan örtük, yanında neçə dənə sandalya, kitab şkafı, stolun üstündə və şkafın içində kitablar. Stolun üstündə telefon, mürəkkəb qabı, qələmlər, kağızlar və qeyri yazı əşyası. Bu – Rüstəm bəyin yazı stolu. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. Bura Səməd Vahidin yeri. Bir tərəfdə qoyulub sandıq, içində və üstündə yekə və qara cildli köhnə müsəlman kitabları. Sandığın yanında döşək. Bu da Mirzə Məhəmmədəlinin yeri. Divarlarda çaharcubələr, içində şəkillər. Pərdə qalxan vaxt otaqda oturub tək Rüstəm bəy  öz yerində; gözlərində çeşmək, oxuyub yazmağa məşğuldur. Bir qədər sükutdan sonra içəri qapı açılır və Zəhra bəyimin  başı görsənir və yenə yox olur. Bir qədər keçəndən sonra yenə Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.

 

Z ə h r a   b ə y i m.  Bala, görəsən niyə uşaqlar yubandılar?

R ü s t ə m   b ə y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, lüğət yazıram.

     Zəhra bəyim dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. İçəri otaqda uşaq ağlayır. Rüstəm bəy qələm əlində tez durur ayağa və haman qapıya yavıqlaşıb deyir:

R ü s t ə m   b ə y. Ay uşaq səs eləməyin, mən lüğət yazıram. (Rüstəm bəy qayıdıb oturur və yenə yazıb oxumağa cumur; yenə bir dəqiqə keçir, çöl qapını taqqıldadırlar).

R ü s t ə m   b ə y. Kimsən? Gir içəri.

 

     Mirzə Həsən girir içəri.

 

M i r z ə  H ə s ə n. Səlam əleyküm.

R ü s t ə m  b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın?

M i r z ə  H ə s ə n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ bilmədim.

R ü s t ə m   b ə y.  Əyləş.

 

     Mirzə Həsən sandalyanı yazı stolunun yanına çəkib oturur, qələmi götürür, kağızları  aralayır və yerini rahatlayandan sonra üzünü Rüstəm bəyə tutub yazmağa hazır olur.

 

R ü s t ə m   b ə y. Dünən harda qaldıq?

M i r z ə   H ə s ə n (kağıza baxır və oxuyur). Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik.

R ü s t ə m   b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Yevropa və Asiya millətlərinin?

M i r z ə   H ə s ə n. Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının....

R ü s t ə m   b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin.

M i r z ə   H ə s ə n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik....

R ü s t ə m   b ə y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə xah Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin....

M i r z ə   H ə s ə n. Yunanların....

R ü s t ə m   b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində "əlif" ləfzi.  (Yenə qabaqkı kimi içəri otaqdan uşaq səsi gəlir. Rüstəm bəy). Səs eləməyin, mən lüğət yazıram (əlində kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir....

M i r z ə   H ə s ə n (yaza-yaza). Bəzisinin dilində....

R ü s t ə m   b ə y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin dilində az işlənir.

 

     İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb, qoyur qulağına və belə danışır.

 

Z i v ə r   x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? Salam əleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. Yaxşı, evdədi. Yaxşı, səlamət qal.... (Dəstəyi qoyur yerinə). Rüstəm, Səlimə xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur?

R ü s t ə m   b ə y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər?

Z i v ə r   x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib, yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir. Rüstəm bəy yenə kitaba baxa-baxa deyir).

R ü s t ə m   b ə y. Yaz, Mirzə, harada qaldıq?

M i r z ə    H ə s ə n. Bəli. Və lakin həmin "A" sövtü millətlərin   bəzisinin   dilində çox  işlənir, bəzisinin dilində az işlənir.

R ü s t ə m   b ə y (bir qədər fikir eləyir). Yaxşı, indi yaz: bunu da lazımdır nəzərə almaq ki, həmin "A" hərfi bəzi dillərdə qlasnı hərfidir....

M i r z ə   H ə s ə n. İmla hərfidir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info