Qonaq Kitabı
XATİRATIM

Başladığın işi yarıda qoy.

Birinci nömrəmizin məqalələrinin biri də “Lisan bəlası” sərlövhəsi altında yazılmış məqalədir ki, bunun rəvayəti belədir:

Necə ki, qabaq səhifələrdə zikr olundu, haman zamanlarda Bakı axundu Əbutürab Axund oğlunun “Həyat” qəzetində gah-bir yazıları dərc olunurdu. Məcmuəmiz nəşrə başladığı günlər, haman qəzetdə Əbutürab axundun bir məqaləsi də çap olunmuşdu. İndi bu işlərdən iyirmi üç il keçir və məqalənin məzmununun təfsilatı yadımda qalmayıbdır. Ancaq axundun məqaləsinin bizi danışdıran hissəsi belə bir məsələ idi ki, aya dünyada, ümumiyyətlə, insan üçün danışmaq lazımdır, ya danışmamaq? Və axund həzrətləri öz məqaləsində açıqca bu suala belə cavab verirdi ki: “danışmamaq lazımdır və mümkün olan qədər də az danışmaq lazımdır”. Hətta Axund Əbutürab öz sözlərinin təsdiqi üçün “İsayi-ruhullah”ı da şahid çəkirdi ki, guya bu peyğəmbərdən bir gün soruşublar ki, aya çox danışmaq lazımdır, ya az danışmaq lazımdır? Və guya peyğəmbər az danışmağı çox danışmağa tərcih veribdir. Mənim yadımdadır ki, Axund Əbutürab öz məqaləsinin bir yerində deyir ki: “ hər kəs danışsa, özünü xar və naciz edər və insanın heç bir üzvündən ona o qədər zərər yetişməz, nə qədər ki, dilindən yetişər”.

Az danışmaq köhnə tərbiyələrin bir iqtizasıdır[lviii]. Avam camaat içində qədimdən az danışmaq ədəbin bir şərti hesab olunur. Necə ki, xeyir və şər məclislərində, camaat diz üstə oturub ya ixfadan öz könlündə dua və səna zikr edir, ya da heç danışmır və könlündə xəyalı Allahı yada salmaq olsa, zahirdə sakit və samitdir. Onunçün bizlərə də uşaqlıqdan kişilər məclisinə daxil olmağa icazə verilməzdi. Və daxil olanda da böyüklər yanında danışmağı uşaqlara rəva görməzdilər.

Bu məsələ gərək qadınların “hicab”[lix] məsələsinə yapışıqlı ola. Müsəlman arvadı kişiyə görsənə bilməz, kişi yanında danışa bilməz, müsəlman uşağı da danışa bilməz. Əgər müsəlman arvadını kişilərdən kənar tutmaqdan murad budur ki, arvadları haram işlərdən, yəni yad kişilərlə naməşru əlaqədən məhfuz saxlasınlar, haman səbəbdən də uşaqları da yad kişilərdən Şərq aləmində qorumaq lazım gəlibdir. Bir surətdə ki, qadına olan cinsi zövq bizim Şərq dünyamızda uşaqlara da o dərəcədə ola bilər, uşaqları böyüklər məclislərindən uzaq saxlamağın batini səbəbi həmin bu ola bilər. Və bu növlə uşaqlıqdan kişilər içindən qaçan uşaqlar yekə oğlan olanda da, adət etmədiyi böyüklər məclisinə düşəndə o qədər həya ediblər ki, bir söz danışmağa nə cürət ediblər və nə də danışmağa söz tapıblar. Və əgər danışan da olubsa, məclisin yuxarı başında əyləşən əmmaməli axundlar və varlı və təşəxxüslü əyan və əşraf olubdur. Birincilər, camaata özlərini göstərmək üçün ərəbcə oxuduqları və camaat üçün qaranlıq olan şəriət elmlərini göstərmək istəyiblər və ikinci qismi öz şən və şərəfli dövlət və sərvətindən rəvayət ediblər. Və məclisdə olan camaat huşguş və ehtiramla bunlara “bəli, bəli” deyə-deyə qulaq asıblar.

“Həyat” qəzetində Əbutürab Axund oğlunun dinməmək və danışmamağının fəziləti barəsində vəz və nəsihəti haman tarixi bir əsrdə heç kəsin xəyalına gəlməyən və yersiz nəsihət idi. Elə bir zamanda ki, Rusiya hökuməti yapon davasında sınandan sonra, öz laxlamış məqamında bir qıldan asılı idi və Rusiyanın əsrlərcə əzilmiş tayfaları vaxtdan istifadə edib, üsyana hazırlaşırdılar ki, özlərinə bir gün ağlayalar. Və digər tərəfdən Qafqazda hökumət nümayəndə və tərəfdarları əhalinin başını tutmaq məqsədilə erməni və müsəlmanları bir-birilə tutuşdurub kənardan bu iki tayfanın səfahətinə tamaşa edirdilər.

Bir belə əsrdə müsəlman camaatının ruhani rəhbəri, qəzetlər vasitəsilə camaatı dəvət edirdi nəyə? - Sükuta və danışmamağa. Nədir danışmamaq? Danışmamaq zaviyədə[lx] oturub Allahı çağırmaqdır. Nədir danışmamaq? Lal və kar oturub mövtə[lxi] və fövtə[lxii] müntəzir olmaqdır. Nə mənə azadlıq lazımdır, nə mənə hüquq lazımdır, nə mənim üçün qabağa çıxıb qonşularla ədavət əvəzinə ülfət və ittihad bağlayıb, ümumi hesab olunan düşməni, müstəbid hökumətini yıxmaq və sonra məmləkətdə qardaşlıq üsuli-idarəsi qurub yaşamaq lazımdır. Və bunların hamısının əvəzində Axund Əbutürabın vəz və nəsihətinə görə dinməmək və danışmamaq lazımdır.

Və mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbutürabın bu məqaləsini buraxıb keçə bilməzdi. Xah o səbəbə ki, məqalə sahibinin fəlsəfi nöqteyi-nəzərini ya biz anlamadıq, ya belə bir məqalə o günkü günlər bir damnan düşmə görsəndi. İkinci səbəb də bu idi: məqalə sahibi həqiqətdə də bir axund idi. Və xah bu məqaləsindən və xah bir neçə də qeyri məqalələrindən heç bir işarə tapa bilmədik ki, məzkur axundun əfkarı sair axundların əfkarına nisbətən bir qədər xilas olunmuş və azaddır.

Onunçün də Ədutürab Axund oğlunun məqaləsinə biz məcmuəmizin nömrəsində belə cavab verdik: “Hər kəs danışsa, əlbəttə öz-özünü xar və zəlil nə naciz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişər. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər: “Ya ruhulla, dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin”. Buyurdu: “Heç danışmayın”. Ərz elədilər: “Ya ruhullah, heç danışmamaq olmaz”. Buyurdu: “Əcəb olar”. Həzrət Süleyman əleyhüssəlam buyurdu: “Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır. Danışmamaq danışmaqdan yaxşıdır”.

Heç bir müsəlman gərək danışmasın. Xah cahil və axmaq ola, xah kamil və sahibi-mərifət. İnsan nə qədər ki, sakit və samitdir, o qədər gözəldir. Elə ki, başladı danışmağa, dəxi gözəllik itib gedir. Odur ki, Müsləhiddin Şirazi deyib:

 

Zəban dər dəhan, ey xirədmənd, çist? –

Kilidi-dəri-gənci-sahibhünər.

Çü dər bəstə başəd nədanəd kəsi

Ki cövhərfüruşəst ya piləvər.

 

Bu mətləbləri təsdiq edəndən sonra, Molla Nəsrəddin öz tərəfindən bunu da lazım bilir desin:

 

Ey dil, dəxi dinmə və sükut et, səni tari,

lal ol və danışma!

Sal başını aşağə və heç baxma yuxari,

mal ol və danışma!

Gər qeyriləri cəmdəyinə vursala, dinmə!

Gər başın əyib peysərinə vursala, dinmə!

Pamal elə düşməni sən, səbr et, bala, dinmə!

Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!

Ya ruzunu cəbr ilə əlinnən ala, dinmə!

Sal başını aşağə və heç baxma yuxari,

lal ol və danışma!

Gər qüssələnib eyləyəsən naləvü zari,

mal ol və danışma!

 

Və bundan başqa üç belə parça ilə həmin mənzumə tamam olur. Ancaq qalanlarının burada dərcini əhəmiyyətsiz görürük.

Məcmuəmizin birinci nömrəsinin mündərəcatı içində bir “Dəllək” sərlövhəli hekayə də vardır. Müxtəsər məzmunu budur ki, Sadıq kişinin on yaşında Məhəmməd Vəli adlı oğlu, tikanlı otu burnuna soxur və bununla burnunu qanadır ki, gözlərinin ağrısı şəfa tapsın. Qan, uşağın burnundan elə bərk axır ki, uşağın anası ehtiyat edir və Sadıq kişini göndərir ki, getsin dəllək Usta Hüseyni gətirsin, çünki arvaadın rəyincə, Usta Hüseynin həkimlikdə böyük səriştəsi var. Sadıq kişi qaçır dəllək Usta Hüseynin yanına və o vaxt yetişir ki, Usta Hüseyn bir kişinin başını qırxırmış.

Burada hekayə “mabədi var” sözləri ilə yarımçıq qalır ki, mabədi də ikinci nömrədə dərc olunubdur.

Bu nömrənin mündərəcatı iki bənd “poçt qutusu” ilə tamam olur. Birinci bəndin məzmunu budur: “Badikubə, cənab Molla F.zadəyə. Sualınıza ancaq belə cavab verə bilərik: hərçənd senator Çerinvanskinin idareyi-ruhaniyyə barəsindəki layihəsi təsdiq olunmayıbdır, lakin bizə çatan məlumata görə müsəlmanların rəisi-ruhaniləri və qaziləri əvvəl gərək Tiflisdə “ekzarx”[lxiii] idareyi-ruhaniyyəsində mollalığa imtahan tutub, sonra polis qorodovoyları tərəfindən təsdiq olunalar...”

Poçt qutusunun ikinci bəndi: “İrəvanda cənab İsmayıl bəy Şəfibəyova. Məcmuəmizi təbrik etmək xüsusunda artıq dərəcədə məmnun olduq. Və lakin göndərdiyiniz şeirləri əvvəlinci nüsxəmizdə çap edə bilməyib, gələn həftə çap etməyi vəd edirik. Amma şeirimiz o qədər gözəldir ki, bir bəndini bərayi-xali-nəbudi[lxiv] lazım gördük yazaq:

 

Bir gün küçə ilə əlimdə səbət gedirdim,

Çıxdı birdən qabağıma yoldaşım.

Dedim: yoldaş, söylə hara gedirsən?

Dedi: Xəbər alma, sən Allah, kefim xarabdı mənim...”

 

Birinci nömrənin mündərəcatına dübarə qayıtmamaq babətindən, axırıncı söz olaraq, bunu da qeyd etmək lazımdır ki, qeyd olunan məzmundan başqa məcmuəmizdə abunə şərtləri də elan olunmuşdu. Üç aylığı (13 nüsxə) bir manat 60 qəpik, altı aylığı 3 manat.

Və çün məcmuənin nəşri aprelin yeddisindən başlanmışdı, onunçün illik abunə əvəzində doqquz aylıq abunə qiymətini dörd manat təyin etdik. Və doqquz ay keçəndən sonra o biri ilin təzə yanvar ayından, bir illik abunə qiyməti beş manat elan olunur.

Məcmuənin adresi belə idi: Tiflis, Voronsovski küçədə, nömrə qırx yeddi, “Molla Nəsrəddin” idarəsi.

Müxbir və məqalə yazanlar üçün də tək bircə bu şərt elan olunurdu ki, “idarəyə çap olunmaq üçün göndərilən məktub və məqalələri geri qaytarmaq mümkündür, əgər sahibləri marka göndərib xahiş eləsələr”.

Birinci nömrənin şəkillərinə keçdikdə, onların ikisi barəsində qabaq sətirlərimizdə söhbət olundu. Birinci sahifədə müsəlmanlar qəflət yuxusunda şirin-şirin yatmışdılar. Və dördüncü səhifədə cəmaəti-müslimin padşaha dua eləyir və qabaqda duran mollanın döşünə hökumət qorodovoyu nişan taxır.

Məcmuənin aralıq səhifələrində iki şəkil də var: biri rəvayət etdiyimiz “Dəllək” hekayəsində haman dəllək Usta Hüseyndir. Öz dəlləkxanasında bir müsəlman qardaşın başını qırxdığı bir vaxtda, Sadıq kişi gəlib onu, oğlunun burnunun qanını kəsmək üçün dəvət edir. Və dəllək Usta Hüseyn də aynanı Sadıq kişiyə uzadıb deyir: “ – A kişi bir yolluq adını qoy erməni, xalq da bilsin ki, sən ermənisən. Pəs utanmırsan başının tükünü bu qədər uzadıb qırxdırmırsan?”.

İçəri səhifələrin birində də qoşa şəkil çəkilib: üst şəkildə bir tüfəngli kişiyə bir müsəlman kəndlisi öz qara mallarını nişan verib və deyir: “Mən ölüm götür bu heyvanları, ver mənə o tüfəngi”. Altdakı şəkildə bir erməni kişisi əli tüfəngli bir rus saldatına bir yüz manatlıq kağız uzadır, rus dilində belə deyir: “ Pojalusta, vazmi denqi, davay rujyo”; yəni xahiş edirəm bu pulu alasan və o tüfəngi mənə verəsən.

Məlumdur ki, hər bir şəkillər o əsrin aynası olan kimi, bu iki şəkil də erməni-müsəlman davasının övzaını göstərirdi. O zaman, haman günlərdə ki, məcmuəmiz nəşrə başlamışdı, iki qonşu tayfanın mabeynində[lxv] bir-birinə qarşı ədavət elə şiddət tapmışdı ki, bir-birini məhv eləmək üçün bu bədbəxtlər hər bir mal və dövləti qurban etməyə hazır idilər. Və pulu ermənilər bu yolda nəqd pul xərcləyirdilər. Maldar müsəlmanlar da haman yolda heyvanları satıb təsərrüfatlarını pozmaqda idilər.

“Molla Nəsrəddin”in birinci nömrəsinin materialı ancaq bundan ibarət idi.

Və elə ki, həmin materialın əl yazısı əlimizdə hazır oldu şüru etdik məcmuə surətində çap etməyə. Bu məsələ daha texniki cəhətdən bizə çətin görsənmirdi. Səbəb bu idi ki, təb işlərində ən birinci vəsilə, çapxana hazır idi.

“Qeyrət” mətbəəsi öz işində idi və yoldaşımız Faiq tərəfindən lazımınca idarə olunurdu. Və lakin tək bircə şey!.. Hər bir işə iqdam etmək onsuz mümkün deyil.

Pul məsələsi bizim boş cibimiz üçün ən ağır bir məsələ idi.

Məcmuənin karikaturalarını çəkdirmək üçün pul lazım idi. Bunu bu tövr həll etdik ki, möhtərəm nəqqaşımız Şmerlinq qabaqkı nömrənin şəkillərinin zəhmət haqqını nisyə çəkməyə razı oldu. Burada keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir-bir yada saldıqda, onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm.

Şəkil məsələsi bitdi və əziz nəqqaşımız öz vaxtında bu söylədiyimiz şəkilləri çəkib hazır eləməyə söz verdi.

Demək, şəkillər hazır, materialların müsvəddəsi[lxvi] hazır. Qaldı bir məsələ: kağız məsələsi.

Birinci nömrəni hələlikdən, gələcəyə əl uzatmaq istəməyib bərayi-ehtiyat artıq yox, ancaq min ədəd çap etməyi qərara aldıq. Və bu qədər az, bundan artıq çap etməkdən iki nöqteyi-nəzərdən ehtiyat etdik: biri necə ərz olundu, pul məsələsi idi. Pulumuz heç yox idi: heç bu min ədəd məcmuənin pulunu – ki, doqquz manat eləyirdi – tapa bilmirdik.

Yadımdadır ki, bu pulu mən yavıq dostumuzdan istədikdə o pulu verməyə bu şərti qoydu ki, mən onu məcmuənin məzmunundan hali edim.

Mən başladım əlyazmalarımı oxumağa. Baş məqaləni oxudum. Pullu dostumuz qulaq asdı və dinmədi. Elə ki, keçdim abunə şərtlərinə və o yerə gəldim ki, idarədən müştərilərə nəsihət verilir murdar poçt xidmətçilərinin rütbətli əllərindən ehtiyat eləsin, dindar dostumuz burada başını aşağı saldı. Mən duydum ki, iş xarabdır və dostumuz pul verməyəcək. Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızı saqqal rəfiqim məni bu yerdə dayandırdı və xahiş etdi ki, mən dəxi özümə zəhmət verməyim. Puldan da yana qəti cavab verdi ki, onun nə indi daxılında (bu söhbət onun dükanında idi) doqquz manat tapılar, nə də bu tez vaxtda cəm ola bilər.

Mən çox xarab oldum. Əvvəl o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. İkinci məni məyus edən, məcmuənin məzmunu oldu. Biz bu mətalibi burada yazmışıq ki, cəmaəti müslimin oxusun. Mənim bu rəfiqim həmin cəmaəti-müsliminin əfradının biridir. Bu ki, nəinki özü, heç mənim oxuduğuma da qulaq vermək istəmədi, vaveylə, kimdən ötrü biz bu sözləri yazırıq? Bu ki, oxumayacaq, qalan müsəlman qardaşlar da həmçinin, bəs dəxi bu nə zəhmətdir ki, çəkirik və dəxi niyə yazırıq və nədən ötrü yazırıq və kimdən ötrü yazırıq?..

Buradan naümid çıxdım və üz qoydum kağız mağazasına tərəf ki, bəlkə kağızı bir tövr nisyə alam. Burada da işim tutmadı. Kağız sahibi malını pulu almamış buraxmadı. Oradan gəldim yoldaşım Ömər Faiqin yanına.

-     Faiq yoldaş, kağıza pul tapa bilmirəm, sahibi də nisyə buraxmır. Yoldaşımız məşədi... də doqquz manat borc vermir.

-     Necə vermir? Qələt eliyir vermir, gedək görək necə vermir?

Gəldik haman rəfiqimizin dükanına. Qabaqca Ömər Faiqə də dedi:

- Pulum yoxdur.

Ömər Faiq bir qədər hirsli tələb etdi və hətta tərizlə tələb etdi və bəlkə məzəmmətlə də başladı:

- Utanmırsan, doqquz manatı qızırqanırsan? Sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur?

Məşədi daxılın qutusunu çəkib qabağa, oradan üç dənə üç manatlıq kağız pul çıxartdı verdi və kağızın pulu düzəldi.

Sənə 1906, aprel ayının altısında tarixi-hicrinin min üç yüz iyirmi dördündə, səfər ayının iyirmi dördündə, axşam vaxtı şəkillər də Bıxov adlı bir yəhudinin baş mətbəəsində çapdan çıxdı, gəldi “Qeyrət” mətbəəsinə ki, burada da hürufat səhifələri çap olunsun. Dörd səhifə gündüzdən düzülüb hazır olmuşdu və ancaq axşam vaxtı səhifələr səliqəyə salınıb verildi maşına və başlandı çap olunmağa.

“Qeyrət” mətbəəsi müsəlman məhəlləsində, Voronsov küçəsində idi. Mətbəə üç otaqda sığırdı. Birində mürəttiblər işləyirdi, bir kiçik otaqda tək bircə çap maşını qurulmuşdu, bir otaqda da mətbəənin müdiri əyləşirdi. Necə ki, qabaqca söylənibdir, – mətbəəni Ömər Faiq idarə edirdi. Haman gün ki, məcmuənin çap olunmuş şəkilləri “Qeyrət” mətbəəsinə daxil oldu, o günü də hürufat səhifələrə düzülüb tamam olmuşdu. Ancaq səhifələri səliqəyə salmaq, maşına qoymaq, maşında səhifələri yerləşdirmək – bunların hamısı təzə bir iş olduğu üçün xeyli vaxt istədi və ancaq şam vaxtı maşın işə düşdü.

Maşın əl ilə işləyirdi. O vaxt Tiflisdə elektriklə işləyən çapxana maşınları məhz böyük mətbəələrdə vardı ki, onlar da, söz yox, böyük pullarda başa gəlmişdi. Altı-yeddi min manatla qurulmuş olan “Qeyrət” mətbəəsinə elektriklə işləyən böyük maşınları biz gətirə bilməzdik.

Xülasə, maşın işə düşdü. Maşını iki fəhlə hərəkətə gətirirdilər. Bunların vəzifəsi maşının qolunu hərləmək idi. Demək, elektrik qayışının işini bunlar görürdü.

Mürəttiblər gündüz saat üçədək işlərini görüb dağılmışdılar. Axşam mətbəədə iki fəhlədən savayı, bir də maşınçımız Cahangir idi. Bu köhnə türk maşınçısı hal-hazırda Bakıda mətbəələrin haman halal sənətindədir və bizdən çapxana dünyasında yavaş-yavaş qocalmaqdadır.

Bu Cahangir yoldaş “Molla Nəsrəddin”in haman birinci nömrəsini çap edən maşınçıdır.

- Hə, ya Allah, Cahangir yoldaş! Hı, ya Allah, fəhlə yoldaşlar! Ya Allah, hərrə görək!..

Amma elə güman eləmək lazım deyil ki, bir ağır maşını əl ilə hərlətməklə elektrik qüvvəsi ilə fırlatmağın təfavütü yoxdur. Məlum şeydir ki, elektrik yorulmaz, amma insan yorular; bu, bir. İkinci də budur ki, elektrik bir saatın ərzində min ədəd çapdan çıxartdığı bir vaxtda, iki fəhlə ancaq yüz ədəd çıxarda bilər. Onunçün gecənin yarısına qədər min ədəd məcmuənin yarısı olan beş yüzünü ancaq çapdan çıxarda bildik.

“Çapdan çıxara bildik” deməkdə oxucular bizi rus ədibi məşhur Krılovun milçəyinə oxşatmasın. Orda bir milçək bir kotanın dəmirinin üstünə minib və sonra öz rəfiqləri olan milçəklərə rəvayət eləyirmiş ki, “biz atlarla birlikdə filan qədər yer şumladıq”.

Söz buradadır ki, yazıq fəhlələrimiz yoruldular. Gecə yarıdan keçmişdi ki, bu yazıqlar lap dirəndilər. Əlbəttə, zəhmət haqlarını ona görə də ifa etdik. Amma zəhmət haqqının burada dəxi söhbəti ola bilməzdi. Yoruldular və haqlarını alıb işdən çıxıb getdilər. Qaldıq biz üçümüz: mən, Ömər Faiq və Cahangir yoldaş.

Nə eləmək? Məcmuəni aprelin yeddisində nəşrə qoymağa əzm eləmişik. Bunu yavıq adamlara da xəbər vermişik. İndi də min ədədin yarısını çapdan çıxarmışıq. İnsafdırmı ki, sabah açıla, başladığımız iş yarımçıq qala və bilməyək nə eləyək? Bu beş yüzü meydana çıxaraqmı? Söz yox, bəlkə heç bu beş yüzü də bir kəs almayacaq, bəlkə bu beş yüz də əlimizdə qalacaq. Amma kim bilir? Bəlkə beş yüzü də sabah camaat bizdən istəyəcək, bəlkə bundan savayı beş min də istəyəcək?!.

Xəyalımıza nə gəlirdi? Ümidvar ola bilərdikmi ki, məcmuəmizə camaat rəğbət göstərəcəklər? Xeyr, ümidvar ola bilməzdik və gələcək bizim üçün qaranlıq idi. Bu barədə öz dost və aşnamızdan da bizə elə bir ürək-dirək verən olmurdu. O qədər də təşviq eləyən görsənmirdi, çünki dost-aşnamız üçün də o növ materialla meydana atılmağımız qəribə bir iş nəzərə gəlirdi.

Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə, tamam məyusluq və naümidlik üz verirdi. Hətta bir gün məcmuənin birinci nömrəsi üçün hazır olmuş əlyazılarını bir ziyalı dostumuza oxudum. İndi haman dostomoz yoxdur, neçə il bundan əqdəm İranda vəfat edibdir. Haman dostumuz əlyazılarının məzmunundan xəbərdar olub heç bir vəchlə onları çapa verməyi məsləhət bilmədi.

- Heç bir mənası yoxdur – dedi. – Heç kəs onları oxumaz – dedi.

Amma necə ki, məlum oldu, rəfiqimiz durbinlikdən bu barədə xeyli kasıb imiş. Onunçün də mərhumun evladının xatirinə dəyməsin deyə, onun adını burada örtülü qoyduq.

Ondan savayı genə bir naxçıvanlı həmvətənimizə birinci nömrənin materialının bir neçə yerini oxudum. Bu da bir qoca teleqrafçı idi. Bu da materiallar barəsində belə rəy verdi, dedi:

- Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir, çifayda ki, müsəlmanları tərif etmir (mədh etmir).

Və söhbəti qurtarıb mənzilimizdən çıxıb gedə-gedə mənə tərəf çöndü və belə vəsiyyət elədi:

- Hər nə yazacaqsınız yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazınız.

Tamam gecənin yarısında bu iki fəhləni azad etdik və ikiqat zəhmət haqlarını verdik, çıxıb getdilər.

Qaldıq üçümüz: maşınçı Cahangir yoldaş, Ömər Faiq yoldaş və mən özüm. Heç çarə yox: maşını başladıq özümüz hərləməyə.

- Hı!.. Faiq yoldaş, maşını bas!

- Hı! Cəlil yoldaş, maşını bas!

Burada Molla Həmidin körük basmağı yadıma düşdü.

Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram.

Miladi tarixinin min səkkiz yüz doxsan üçüncümü-dördüncümü illərində, Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. Və bu oyunun mənfəəti kasıb məktəb şagirdləri üçün idi. O vədə Naxçıvanda teatr nümayişləri üçün tək bircə yerdə kiçik bir səhnə var idi: ermənilərin kilsə məktəbinin binasında idi. Və hər dəfə türk həvəskarları da orada oynayanda, söz yox, erməni məktəbinin nəfinə bir müəyyən kirayə verirdilər. Naxçıvanda o vaxt səhnədə göstərilən pyeslər Mirzə Fətəlinin “Hacı Qara”, “Məstəli şah” və “Xan Sərabi” komediyaları idi.

Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bu gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. Qərar qoyduq ki, tamaşanın qabaqkı günü pyesi məhz məktəb şagirdləri üçün oynayaq və elə də elədik. O günü Naxçıvanın şəhər məktəbinin və məhəllə məktəblərinin cəmi şagirdləri, tamaşanın müftə olmağını qənimət bilib gəlib dolmuşdular teatra. Belə ki, iki, bəlkə üç yüz şagirdi səhnənin zalına ancaq yerləşdirə bildik. Tamaşa günortadan iki saat keçəndə başladı və pis də keçmədi. Şagirdlərə böyük təsir bağışladı. Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu və zərif məzhəkələri uşaqlara o qədər xoş gəldi ki, nümayiş qurtarandan sonra, bunlar teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan virdi-zəban eləyib çığırışırdılar:

- Molla Həmid, körüyü bas!

Bir neçə dəqiqənin içində şəhər, küçə və bazarın hər yerində elə uşaq idi ki, çığırırdı:

- Molla Həmid, körüyü bas!

Papa Vaveyla! Naxçıvanın mollaları məscidlərdə namaz və ibadətə məşğul olduqları yerdə, uşaqların bu fəryadını eşidirlər: “Molla Həmid, körüyü bas!”. Balam, bu nə qiyamətdir? Necə Molla Həmid, kimdir körüyü basan Molla Həmid?

Axırda məlum oldu ki, körüyü basan Molla Həmid teatr nağılı imiş. Orada erməni kilsəsinin səhnəsində bir dəstə növcavan müsəlman müəllimləri teatr oyunu qurublar ki, ermənilərin və rusların içində mollaları lağa qoysunlar. Bu nə qiyamətdir, bu nə rüsvayçılıqdır?

Camaat bazar-dükanı bağlayır və şəhərin mötəbər mollası Axund Molla Tağının yanına cəm olurlar. Qərar qoyurlar Naxçıvan naçalnikinə şikayət edib belə nümayişlərin bundan sonra qadağan olunmağını iltimas etsinlər. Və belə də eləyirlər. Nəticədə naçalnik tərəfindən biz həvəskarlara bir növ nəsihət olundu ki, bundan sonra ehtiyatlı olaq və teatr nümayişləri ilə mollaları özümüzdən rəncidə salmayaq.

Fəhlələr gecə yarısı yorulub işdən çıxdılar, biz fəhlələr də sübh vaxtı yorulub işdən çıxdıq. Ancaq bir təfavütlə ki, biz işdən çıxanda “Molla Nəsrəddin”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu.

Bu tarix miladi tarixinin min doqquz yüz altıncı ilinin aprel ayının yeddisi və tarixi-hicrinin min üç yüz iyirmi dördüncü ilinin səfər ayının iyirmi dördü idi.

Bunu lazım bilirəm deyəm ki, o vaxtlar mən Tiflisdə gürcü məhəlləsində Şeyx Sənan küçəsində olurdum. Rusca haman küçənin adı Davud küçəsi idi. Çünki xaçpərəstlər istilahında müqəddəs Davud – Şeyx Sənan deməkdir. Bizim məhəllə dağ ətəyində idi. Və bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer haman yerdir.

Mən burada bir qıza aşiq olmadım. Ancaq mən aşiq olduğum bir şey haman mənzərə idi ki, buradan göz qabağında ayna kimi açıq görsənirdi. O mənzərə şəhərin aşağı tərəfindən görsənən Şeytan bazarı məhəlləsi idi. Belə məhəllə dünyada müsəlman aləminin hər bir şəhərində var. Qələ şəhərinin Şeytan bazarı, İrəvanın, Bakının və hətta Təbrizin və qeyri şəhərlərin və qəsəbələrin Şeytan bazarı bir şəkildədir: toz və torpaq, zibil, evlər və dükan-bazar, xaraba, küçələr dolu it-pişik və keçəl-küçəl müsəlman uşaqları. İki dükanın biri çayxana, tiryəkxana. Dar küçə və bazarda yük heyvanları qarışıb adamlara. Camaat cümləsi kişidir. Maarifin, səliqənin və nəzafətin[lxvii] burada iyi-əsəri görsənməz. Əhali cümləsi müsəlman camaatıdır. Və əgər buraya bir qəribin yolu düşsə, onu şüşəkiyə basacaqlar. Əgər bunu da eləməsələr, o adama dörd gözlə elə baxacaqlar ki, guya bir belə adam görməyiblər. Buraya varid olan təzə bir adam da həmçinin: o da buranın vəhşilik halına təəccüb edəcək və heyran qalacaq.

Hətta Qələ və Şəki-Şirvanı demirəm. Təbriz kimi bir paytaxtın Şeytan bazarını görəndə mat və məəttül qalmışam. Türküstanın mərkəzi hesab olunan Daşkəndin müsəlman məhəlləsinin bazar və məhəlləsini görəndə insanın xəyali hekayələrdə oxuduğu vəhşi hindilərin məişəti yada düşür.

Pəs “Molla Nəsrəddin” dünyaya gələn vaxt mən Tiflisdə haman Davud küçəsində yaşayırdım. Necə ki, məcmuədə həmişə həmin ünvanımız elan olunubdur.

Müqəddəs Davud məhəlləsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi. Məlumdur ki, “Molla Nəsrəddin”in böyük nişangahı dini mövhumat və şəriət xurafatı idi. Əyan və əşrafla mübarizə və qolçomaqların qabağını almaq idi. Belə mübarizəni müsəlman camaatının içində otura-otura o vaxtlar aparmaq mümkün deyildi. Səni haman yerdə səngisar edərdilər. Onunçün gahdan bir məcmuədə arının yuvasına çöp uzadanda gürcü məhəlləsinin bir xəlvət yerində gizlənirdim və arıların hirsinin yatmağına müntəzir olurdum. Necə ki, məsələn Bakı qoçuları Bakıdan Tiflisə gəlib məni axtarıb tapa bilmədilər. Necə ki, arvad məsələsinə dair ikinci ilin nömrəsində bir məqalə dərc edən günü Ömər Faiqdən mənə müəkkid[lxviii] sifariş gəldi ki, küçəyə çıxmayım. Çünki Şeytanbazarda dükanlar bağlanıb və müsəlman camaatı küçələrə cəm olub məni axtarırlar.

Bu barədə müfəssəl rəvayət gələn səhifələrdə olacaqdır.

Bu gün aprelin yeddisində çapdan çıxmış təzə birinci nömrənin yüz ədədini satmaq üçün “Qeyrət” mətbəəsində qoyub, qalan doqquz yüzünü apardıq Davud küçəsindəki təzə idarəmizə. Bu doqquz yüzün iki yüzünü poçtla Bakıya yola salıb Abbasqulu Kazımovun adına göndərdim və iki yüzünü də qeyri şərtlərə tanışların üstünə göndərdim ki, orada hər kəs bacardığı kimi satdırsın. Abbasqulu Kazımov sabiqdə “Şərqi-Rus” qəzetinin Bakıdakı vəkili idi və bu şəxsi də o vaxtdan qaibanə tanıyırdım. Ancaq idarədə qalan bir neçə məcmuə də elə haman gün, günorta zamanınadək Tiflisdəcə nəqd bir-bir satıldı. Onunçün də ikinci nömrəni dəxi iki min miqdarda çapa verdik.

Demək, birinci nömrəni bir min miqdarda çap etdirib, ikinci nömrəni iki o qədər, iki min ədəd sifariş verdik.

Burada kəmcürətliyimiz aşkara çıxıb. Əlbət ki, bir günün ərzində günortaydək beş yüz ədəd tək bircə Tiflis şəhərində intişar olan bir cəridə yəqin ki, bütün Qafqaz və Mavərayi-Qafqaz dairəsində gərək neçə minlərcə dağıl bilə idi. Və lakin belə kəmcürətliyimiz – necə ki, indi yadıma gəlir, – iki səbəbdən naşi idi: bir səbəbi bu idi ki, necə ki, ərz olundu, çox kasıb idik. “Allaha” şükür edirdik ki, hələ bu min ədədə də xərc qoymağa iqtidarımız çatdı. Bu bir min ədədi ki, belə müşkülatla düzəldə bildik, iki min ədədə gücümüz çatsa, genə min şükür eləməli. Kəmcürətliyimizə ikinci səbəb bu idi ki, müsəlman camaatına o qədər də bel bağlaya bilməzdik. Qeyri cəridələrin islam içində rəvan tapmağının tarixini və təcrübəsini mülahizə edəndə artıq ümidvar ola bilmirdik ki, məzhəkə şivəsi ilə danışan və mütəəssib dindar müsəlmanların dini əqaidini istehzaya qoyan “Molla Nəsrəddin” artıq tərəqqi eləməyə gərək. İki min ədəd ki, ikinci nömrədən ötrü sifariş verdik, bu özü də böyük bir tirajdı. Və bu miqdarda məcmuəmiz işə keçsə, genə şükür eləməlidir. Və birinci nömrəni poçt idarəsinə təhvil verib ikinci nömrə üçün mətbəələrə iki min ədəd sifariş edib hələ ki, buna iktifa elədik.



[i] Allhu əkbər – Allah böyükdür.

[ii] Müəzzin – azan verən.

[iii] Əməli-saleh – dinin əmrlərinə əməl edən adam.

[iv] Sövmü səlat – oruc-namaz.

[v] Mövt – ölüm.

[vi] Bu şərtlə.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info