Qonaq Kitabı
XATİRATIM

- Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!

Molla Nəsrəddin bunu bilir ki, müsəlman qardaşlar çox da qəzet və jurnal oxumağa həvəsli deyillər. Və Molla Nəsrəddin bilir ki, onun müsəlman qardaşları Molla Nəsrəddin əminin qəzetinə etina eləməyəcəklər, necə qeyri qəzet və jurnalları oxumağa da etina eləmirlər. Və həmin mömün müsəlman qardaşlar qəzet oxumaq əvəzində gedəcəklər fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ əməllərə. Hərçənd Molla Nəsrəddinin müsəlman qardaşları onun qəzetini oxumaqdan qaçandırlar, bununla bərabər Molla Nəsrəddin üzünü dindar qardaşlarına tutub deyir:

- Sizdən ötrü gəlmişəm, qeyrilərindən ötrü gəlməmişəm. Yəni qəzet və jurnala həris olanlar üçün gəlməmişəm, maarif dostları üçün gəlməmişəm, mədəni və elmli müsəlman qardaşlar üçün gəlməmişəm, fala baxdırmağı lazım bilməyənlər üçün gəlməmişəm.

Əlbəttə, elədir: əgər dünyada fala baxdıran və dərviş nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzet oxumağı it boğuşdurmağa tərcih verən adam olmasa idi, əgər yerin üzü mədəni və əhli-irfanla dolu olsa idi, o vədə dünyada heç “Molla Nəsrəddin”in özünə də lüzum görsənməzdi, çünki hükəma deyiblər: “Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar”.

Bu bir neçə söz birinci nömrənin baş məqaləsində dərc olunubdur. Çünki “Molla Nəsrəddin” məcmuəsi o vaxt birinci nömrədən başlayıb baltanı islam mövhumatının başından elə bərk yendirdi ki, adını müsəlman qoyan bəndə, barmaqları ilə qulaqlarını tutub “Molla”dan qaçmağa və bu mürtədin sözlərini eşitməməyə üz qoydular.

Vaqeən elə də oldu: “Molla Nəsrəddin”in birinci nömrəsinə nəzəri çatan əhli-imam müsəlman qardaşlar bu “dinsiz” məcmuədən qaçmağa başladılar. Ta o dərəcəyə ki, aradan bir-iki il keçəndən sonra məcmuənin tirajı əskilməyə başladı. Dini mövhumatla mübarizəyə çıxan bir cəridə, ətəbat müctəhidlərinin təkfir çomağına düçar olan bir cəridə, digər tərəfdən o zaman böyük hörmət və nüfuz sahibi olan bəy və xanların nifrətini qazanmış bir cəridə və bunlardan başqa hər küçə və bazarda dərviş, seyid və hacı-məşədinin düşməni olan bir cəridə, dəxi ümum kütlələr və hizblər[xlix] içində rövnəq tapa bilməzdi. Zira ki, o vədə bir tərəfdən qaranlıqda, savadsızlıqda qara ömürlərini sürən şəhmətkeş tayfaları maarifdən və qəzet-jurnala yavıq düşməkdən xeyli uzaq idi və digər tərəfdən də bu nüfuzsuz zəhmətkeşləri çıxandan sonra camaatın yerdə qalan ünsürləri haman Əli şiəsindən və sonra da bəy və xandan və bunların tərəfdarlarından ibarət idi.

Bununla bərabər, qulaqlarını tutub qaçanlar, qaçdığı yerdə uzaqdan durub məcmuəmizə hərdənbir baxırdılar da və orada yazılanları və orada karikatur surətində çəkilmiş öz şəkillərini görəndə qah-qah çəkib gülürdülər də. Hərçənd güləndən sonra lənət də oxuyurdular və hərçənd nifrət də eləyirdilər və bu lənət və bu nifrətdən sonra genə gülürdülər, amma nəyə gülürdülər və kimə gülürdülər? Bu barədə həmin baş məqalənin bir yerində o vədə yazmışdıq.

- Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə güman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız cəmalınıza...

 

MƏCMUƏMİZDƏ  DİL  MƏSƏLƏSİ

Necə ki, oxucularımıza məlumdur, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazışılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə, “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazırlar, dəxi qeyri türk sözlərini də habelə səbəbsiz yerə fars və ərəb sözünə dəyişirlər. Belə ki, “nəvə” yerinə “həfid”, “ehfad” yazırdılar və yazırlar. Və “ata-ana” sözünə çızıq çəkib “valideyn” yazırdılar və yazırlar. Hətta hər gün yediyimiz “çğrəyi” bəyənməyib “nan” yeyirdilər və indi də yeyirlər. Və necə ki, sözləri bir-bir dəyişdirirdilər və indi də dəyişdirirlər, habelə türk dilinin tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri və qanunlarını işlədirdilər və indi genə işlədirlər.

Hələ “pədər” və “madər” və “nan” kimi sözlər səhldir. Ərəb və fars dilindən elə bir xoruz səsi eşitməmiş kəlmələr və ibarələr lüzumsuz yerə işlədirdilər (necə ki, indi də işlədirlər) ki, dəxi onları ərəb və farsca az savadlılar oxuyub başa düşmürdü. Və bu icad etdikləri qatış-bulaş dilin adını “ədəbi dil” qoyub ana dilini “çoban dili” adlandırırdılar.

Məlumdur ki, bu ibarəli yazmaq şivəsi bizə Türkiyədən keçibdir və osmanlı ədəbiyyat tarixinə aşina olanlar bilirlər ki, Türkiyədə qədimül-əyyamdan osmanlıların yazıları ərəb dilinə o qədər yavıqdır ki, əgər orada “iştə”, “şu” və “dır”, “lar” olmasa, osmanlı dilini ərəb dilindən seçmək olmaz. Osmanlının məşhur və müqtədir şairlərinin qəliz yazmağı, ibarəli yazmağı zərbülməsəl olubdur. Qəliz və ibarəli yazmağın mənası budur ki, sözlərin cümləsi ərəb sözləri və tərkiblər ərəb tərkibidir. Və hətta ərəb dilinin nəinki o sözləridir ki, bizlər onu azdan-çoxdan Quranda və ərəb kitablarında görmüşük. Ərəb dilini qurtdalayıb, ərəb lüğətlərindən elə bir az eşidilən və az işlənən sözlər tapıb işlədirdilər ki, çox vaxtda lüğət kitablarında da o sözlər işlənmir.

Biz, mollanəsrəddinçilər dil barəsində yuxarıda bir neçə ibtidai sözlər deyib buna iktifa etmirik və dil barəsində ümumiyyətcə fikrimizi bir bu qədər müxtəsər bəyanatla məhdud etmək istəmirik. Biz bu əqidədə deyilik ki, o dil ki, onunla “Molla Nəsrəddin”i meydana gətirib və onunla da məcmuə yazmağa iqdam etmişik – bu dil ümum türk xalqı üçün arzu etdiyimiz bir dildir. Bizim türk tayfaları üçün ümumi bir dil, ədəbi bir dil mühüm məsələlərin biridir və hətta – elə zənn edirəm ki, – ümum türklər üçün ümum bir dil yaratmaq və bir imla yazmaq onlar üçün təzə əlifba yaratmaqdan çətindir. Vaqeən necə olsun? Bu ola bilərmi ki, Naxçıvandan birisi çıxıb başlasın Naxçıvan şivəsinə yavıq bir dildə yazsın, məgər bu dili naxçıvanlılardan başqa uzaq bir ölkələrin türk camaatı oxumayacaq? Habelə qeyrilərin şivəsi. Hələ tək bircə Qafqaz türkləri üçün ümum bir dil məsələsinin həlli genə səhldir, bəs osmanlı türkləri, bəs Krım və Qazan tatarları, bəs Türküstan və Özbəkistan, bəs İran azərbaycanlıları? Bəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dil və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir. Və lakin bunu gərək heç bir insaf əhli unutmaya ki, gec-tez Türkiyədən bizlərə gəlib çatan qədim ədiblərin dillərindən lüzumu olmayan, çətin ərəb və əcəm sözlərini, ibarələrini çıxardıb tullamaq çox da vacibdir. Bundan o çıxmır ki, biz avama məxsus bir dil və bir ədəbiyyat istəyirik. Xeyr, biz ancaq onu deyirdik ki, indiyədək qəliz ərəb sözləri ilə zibillənmiş bədbəxt türk dilini təsfiyə etmək lazımdır.

“Molla Nəsrəddin”in dilinə gəldikdə, burada məsələ bambaşqadır.

“Molla Nəsrəddin” min doqquz yüz altıda Tiflisdə təşkil olundu. Tiflis Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mərkəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur. Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və oradan Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir.

Bu saydığımız cəmi ölkələr və şəhərlərdə yaşayan türklərin danışdığı, haman biz danışdığımız türkcədir. Və həmin min doqquz yüz altıda, aprelin altısında “Molla Nəsrəddin”in açıq ana dili ilə yazdığımız mətalibi onlar açıqca başa düşdülər. Elə asand vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Və atalarımız deyən kimi:

 

Ağıllı ağıl eləyincə

Dəli vurdu Kürü keçdi.

 

Və bizim dilçilərimiz ədəbi, fənni, akademik dili axtarınca “Molla Nəsrəddin” də açıq və sadə türk dili ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türküstana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübütumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı. Bu cavablar bizim üçün tək bircə həqiqəti təsdiq etməkdə idi ki, yazdığımız dil “Molla Nəsrəddin” məcmuəsi üçün haman sadə və açıq dil olmalıdır. Bu haman dildir ki, iyirmi üç ilin müddətində biz haman “Molla Nəsrəddin” dilini tutub gedirik. Və bu 23 ilin təcrübəsi bizə bunu göstərdi ki, əgər məcmuəmiz türklərə çox asanlıqla dağılıb öz sözünü onlara çox açıq vəchlə yetirə bildi, bunun səbəbi məhz məcmuənin asan dilidir. Onunçün də bu yolda biz bərk-bərk durmuşuq və tərəddüd və şəkk-şübhə etmirik.

Və kim bilsin: bəlkə məcmuəmizin asan dilinin camaatımıza olan mənfəəti və xidməti biz güman etdiyimizdən də artıqdır. Bunu bilmək lazımdır ki, bütün islam aləmində ümumən və Qafqaz müsəlmanları içində xüsusən ərəb əlifbasının çətinliyi səbəbindən və habelə dəxi qeyri səbəblərdən savad işləri həmişə tənəzzüldə olubdur. Və əlinə qələm götürüb bir mətləb yazmaq istəyən bir Allah bəndəsi bilməyib yazını nə dildə və nə ləhcədə yazsın və dilin imla qanunlarına necə riayət etsin və müxtəlif sövtləri hansı hürufat şəklinə salsın. Onunçün də indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır.

Cəmi bu qisim “kəmcürət” savadlılarımıza “Molla Nəsrəddin” məcmuəsi bir nümunə və bəlkə bir dəlil və rəhnüma oldu. Paho! Belədəmi yazarmışlar?! Bu ki, asan iş imiş! Belə mən də ki, yaza bilərmişəm! Və yazdılar da. “Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü. Bunlar haman bədbəxt cavanlar idi ki, neçə il dərs oxuyandan sonra genə özlərini yazı yazmağa müqtədir hesab eləmirdilər. Səbəb bu idi ki, indiyədək yazı yazmaq İran türkləri arasında ancaq fars dilində olub. Türkiyədə məhz şəhərlərdə ərəbixan “bir qaç” ədib və şairlər tərəfindən “ərəblənmiş” türk dilində olubdur və bizlərdə də uzun illər müsəlmanca təhsilkərdələr qələm sahibi olublar. Əlbəttə, bu dil ki, biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik; bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də.

O vədə cəmi türk kütlələri üçün ümumi və ədəbi dil məsələsi bizi məşğul eləyə bilməzdi, çün hərənin bir məqsədi və şüarı olan kimi, bizim də şüarımız dil yaratmaq deyildi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi, necə ki, yetirdik. Yetirirdik də və cavab da alırdıq ki, sonra hədd və hesabsız müxbirlərin əks-sədası bu sözümüzə bir şahid oldu.

 

UTANMADIQ

Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq və şərt də budur ki, açıq yazmaqdan utanmadıq. Birinci nömrəmizin baş məqaləsində yazmışıq ki: “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir”.

Elə böyük cürətimiz o oldu ki, biz utanmadıq, çünki biz görürdük hər bir əlinə qələm alan türk bəndəsi “ana” sözünü bir yerdə yazmaqdan utanır, “ana” yerinə “madər” yazır. Ancaq biz “ana” yazdıq; səbəb də bu idi ki, bilmirdik niyə “ana” sözünü yazmaqdan utanaq?

Və xülaseyi-kəlam, yazımızı yazmaqda biz tək dünyada, yazı yazmağın ən birinci qanunu pozmaqdan qorxurduq: biz qorxurduq ki, yazımızı türk camaatı çətin başa düşə.

Biz çalışırdıq ki, yazımızı hər bir kəs asan və tezliklə başa düşsün və güman edirəm məqsədimizə də çatdıq. Dil barəsində bu bir neçə sətri də burada dərc edib keçək özgə mətləbə.

Məlum oldu ki, bu cür asan “Molla Nəsrəddin” dilini də yazmağı bacarmalıdır. Necə ki, bu sözü mən ilk dəfə ədibi-möhtərəm Əlibəy Hüseynzadədən eşitdim. Əlibəy Bakıdan axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. Tiflisə - idarəmizə də təşrif gətirdi. Xoş-beş... Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əlibəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bu sözü mən “havayı” danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əlibəy Hüseynzadə kimi bir yazı ustadı məntək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əlibəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb guya öz-özünə genə dedi: “Açıq yazmağı da bacarmaq lazımdır”.

Birinci nömrədə dil barəsində müqəddimədən sonra keçdik bu məsələlərə.

 

İSTİXARƏ

O vədə yazdığımız əsr istixarə əsri idi. Əhli-iman qardaşlarımız istixarə etməmiş bir işə qədəm qoymazdılar. Onunçün də “istixarə”yə gülmək, təhzil etmək[l] babətindən, müştərilərimizə üzümüzü tutub onlara etdiyimiz nəsihətlərin birinci bəndi budur: əvvəla məcmuəmizə müştəri olmaq üçün lazımdır istixarə etmək.

Söz yox bizim həmin ixtarımız[li] mömün qardaşlara xoş gələ bilməzdi. Çünki məlumdur ki, istixarəni adətən, mollalar Quran vasitəsilə eləyirlər.

Burada bir haşiyə çıxmağı lazım bilirəm.

Necə ki, Tiflisdə “Molla”nın intişarı şəriətmədarların əlinə təkdir[lii] çomağı verdi, habelə min doqquz yüz iyirmi birinci ildə “Molla Nəsrəddin” Təbrizdə nəşr olunan zaman ilin birinci nömrəsində “istixarə” məsələsi genə gülüncə qoyulmuşdu. Söhbət Təbrizin fahişəxanaları barədə idi ki, bu məsələyə həsr etdiyimiz məqalədə yazmışdıq ki: “Keçən vaxtlarda Tiflisdə müsəlman məhəlləsində fahişəxanalar var idi. Və müsəlman camaatı qabaqca fahişəxananın məhəllədən kənar olmağı barədə “istixarə” elədilər. Bir dəfə istixarə bəd gəldi. Bu camaat fahişəxananı köçürməyi rəva görmədi. Amma bir az vaxt keçəndən sonra, yenə “istixarə” elədilər. Və bu dəfə istixarə xoş gəldi və məhəllə əhli qərar qoydu ki, fahişəxananın məhəllədən köçürülməsi yolunda hökumətə müraciət etsin. Etdilər də və fahişəxananı götürdülər də”.

Elə ki, birinci nömrəmiz Təbriz şəhərində intişar olundu, camaat bir-birinə dəydi və dükan-bazarı bağlayıb, məscidlərə cəm oldular. Vaveyla va şəriəta! “Molla Nəsrəddin” “istixarə”ni məsxərəyə qoyub! Va şəriata! Əgər fazili-möhtərəm Siqətil-islam ortalığa düşməsə idi və avamı başa salmasa idi ki, “burada Molla Nəsrəddinin məqsədi istixarəyə gülmək deyil, fahişəxanaların məzərrətini göstərməkdir”, bilmirəm axırda nə qiyamət qopacaq idi. Söylədiyim Siqətil-islam haman Siqətil-islamın doğma qardaşıdır ki, onu Şücaüddövlə məlunun əsrində Təbrizdə rus hökuməti, qeyri bir neçə azadixah mücahidlərlə bir yerdə dar ağacından asdırıb edam etdirirdi.

Haman ixtarımızda ikinci nəsihətimiz bu idi ki, camaat dəmir qələmlə və rus mürəkkəbi ilə idarəmizə kağız yazmasın, Təbriz mürəkkəbi ilə yazsın. Bunun mənası bu idi ki, o vədə iman əhlinin əksəri rus mürəkkəbini murdar hesab edib, ondan qaçırdılar və Təbrizdən gələn qara rəngə qəmişi batırıb diz üstə hıqqana-hıqqana yazı yazırdılar.

İxtarın üçüncü bəndi murdar və təmizlik məsələsidir. Biz belə yazmışdıq: “İdarəmizə göndərilən abunə pullarına gərək poçta qulluqçularının əli dəyməsin; çünki şayət qulluqçuların əlləri tərləmiş və yaş ola, belə olsa, o vaxt idarəmiz məcbur olacaq o pulları suya çəkib təmizləsin. Bu da ki, artıq zəhmətdir”.

“Murdar” və “təmiz” söhbətləri, indiki əsrdə hələ bir qədər köhnəlibdir və bir az da keçəndən sonra “Molla Nəsrəddin”in birinci nömrəsində yazılan murdar-təmiz nəsihətləri əfsanə kimi hekayə olar. Və lakin haqq və həqiqətdir. Və nəinki o vədələr, hətta indi də dindar müsəlman qardaşlar rus və erməninin yaş əlini murdar, müsəlmanın yaş əlini təmiz və rus, gürcü yağını və pendirini murdar və müsəlmanın yağ və pendirini pak hesab edirlər. Bu sözlər ola bilər ki, qəribə görsənə, amma belədir.

İxtarın dördüncü bəndi genə dil məsələsinə gəlib çıxır. Orada yazmışdıq və məsləhət görmüşdük ki, idarəyə göndərilən yazılarda bir kəlmə də türk sözü olmasın. Ondan ötrü ki, türkcə yazmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir.

Həmin dil məsələsi də, indi təzə məsələ deyil. Amma o vaxt bu məsələni qalxızan, bu məsələ üstdə danışan hələ yox idi. Hər kəs başını aşağı salıb öz bildiyini yazırdı. Və lakin həmin vaxt bizim nəzərimizə gələn bu idi ki, əhli-qələmlərimizin əksəri doğrudan da ibarəli yazmağa mayil deyil. Və ola bilər ki, asan və türkcə yazmaqdan o səbəbə qaçırdı ki, türkcə yazanlar az savadlılar idi. Aşkar bir mətləbdir ki, hər bir kəs qələmi əlinə alanda təhsil etdiyi ərəb və fars dillərindən mümkün olduqca və yeri gəldikcə çətin və asan, hansı olursa-olsun, ancaq ərəb və fars kəlməsi olsun, öz yazdıqlarını həmin bu dillərin ibarələri və kəlmələri ilə doldurardılar. Hərçənd belə bir yazıçılarımız həqiqi yazıçı və yazı ustadları deyil idilər, amma xalqın nəzərində alim görsənirdilər. Doğrudan da elə olurdu ki, bir kəs xüsusən savadı az olan bir kəs, çətin və ibarəli və anlaşılmayan belə bir yazını oxuyub qanmayanda da yenə buna “həp! pəh!” deyirdi. Və hərçənd bu yazıdan feyzyab olmurdu da, genə bu yazının sahibini “elmli” zənn edirdi.

Bu qəbil yazıçıların bir hissəsi, bəlkə az hissəsi dərin ərəb və fars dillərini təhsil etmiş mollalar idi. Amma Şərq və ərəb dərslərini oxumuş yeniyetmə intilligent türk cavanlarının da əksəri bu dərdə giriftar idi. O vaxt Bakı və Tiflis yazıçılıqda şöhrət tapmış yazıçılarımız asan və sadə türk dilindən qaçmaqda idi.

Və çün bu dil məsələsi barəsində biz qabaqlarda da xeyli yazmışıq və digər tərəfdən də məsələnin özü indi o qədər əhəmiyyət qazanıbdır ki, bu barədə uzun-uzun yazmaq və danışmaq lazım gələcəkdir, onunçün biz də burada hələlik bu qədər danışmağı kafi hesab edib keçirik o biri mətləblərə.

İxtarın beşinci və axırıncı məsələsi xeyli maraqlı bir məsələdir. Yazmışdıq ki:

“Aşağıda ad verilən günlərdə məcmuəmizə müştəri olmayınız; çünki bu günlər nəhsdir. Və hər kəs bu günlərin birində bir işə iqdam etsə, o işdən bir xeyir görməz”.

Hansıdır o günlər?

Belə nəhs günlər çoxdur. Çünki qorxaq və ruhu əzilmiş mütəəssib, fanatik, cahil müsəlmanlar öz işlərində və iqdamatında hər bir dəfə ki, başladıqları işdən zərər görüblər, elə biliblər ki, burada müqəssir haman gündür. Və o bədgüman günün adını “nəhs” gün qoyub onu təqvimlərdə də qeyd ediblər. Belə ki, axırda həmin nəhs günlər o qədər çoxalıbdır ki, az qalıbdır bir ayda otuz gündən də çox olsunlar.

Günlərin mənhus və məsud qismə bölünməkləri xüsusunda şəriət kitablarında və müctəhid risalələrində müfəssəl səhifələr həsr olunubdur. Və o qism mətbuatın və xüsusən Hacı Nəcmüddövlənin təqvimlərinin təsiri o olubdur ki, cahil müsəlman ümməti, bir işə iqdam etməmişdən və bir səfərə çıxmamışdan, dəfəatla təqvimlərə müraciət və axundlara istixarə elətdiriblər. Ta o yerə kimi, bu vadidə pak və dindar müsəlman ümməti içində elə bir məzhəkələr törəyibdir ki, onun hər bir parçasından neçə-neçə nüsxə “Molla Nəsrəddin” kimi məzhək məcmuələr yaradıla bilərdi. Vaqeən bu gülüncək Allah bəndələrinin belə-belə oyunbazlıqlarından bir yox, neçə-neçə “Molla Nəsrəddinlər”ə material tapıla bilərdi.

Vətən qardaşlarımın bu yolda başına gələn “nəhs saat” və “xoş saat” mərəkələri ilə nə işimiz var ki, bu növ mərəkə və iftizahlar[liii] həmişə hər birimizin öz başına gəlibdir.

Burada oxuculardan üzr istəyib öz qabağıma çıxandan bir şəmmə[liv] nağıl eləməyə icazə istəyirəm.

Miladi tarixinin min səkkiz yüz həştad səkkizində, avqust ayında Qafqaz maarif rəisinin qərardadı mocibincə, mən on doqquz yaşında bir cavan İrəvan qəzasında Uluxanlı qəsəbəsində birinci dərəcəli məktəbə müəllim təyin olundum. Mən o vaxt vətənim olan Naxçıvanda yaşayırdım. Üç ay ondan müqəddəm Qori darülmüəlliminini bitirmişdim və belə bir vəzifəni almağa müntəzir idim. Məlumdur ki, bu qərardad, mənim təzə müəllimlik mənsəbinə sahib olmağım xəbəri, məni xeyli həvəsləndirdi və cavanlıq şövqü ilə İrəvan səfərinə hazır olmağa başladım. Bir surətdə ki, rəisin hökmünün məzmunundan belə məlum olurdu ki, bir həftəyədək özümü məktəbə yetirim.

Bu söhbət təqribən avqust ayının ortalarında olardı və üç günün ərzində paltar-boxçamı bağlayıb istədim fayton danışam və yol yoldaşı axtaram.

Bunu da deyim ki, xeyli dindar ata və anam məndən bixəbər yola çıxmaq vaxtını xoşlamışdılar və Molla Əlinin göstərməsi ilə və istixarəsi ilə yola çıxmağımı bilmirəm o ayın neçəsinə təyin etmişdilər. Amma dayım haman günə qail olmadı. Çünki hərçənd elm və savadda dayım Molla Əliyə çata bilməzdi, amma fəzilətdə və dindarlıqda Molla Əliyə “peryod” verə bilərdi.

Faytonçu Mürsələ üç yoldaş hər birimiz bir manat beh vermişdik ki, filan günü atları qoşub gəlsin bizi aparsın, amma dayım sifariş elədi ki, ayın iyirmi doqquzu “təhtəşşüa”dır, o günü səfərə çıxmaq olmaz.

Haman günü getməyimiz baş tutmadı və faytonçunun haqqını hərəmiz on şahı artırdıq və binanı qoyduq ki, filan gün gedək. O günü valideynimiz də xoşlamışdı, qonşumuz Məşədi Məhəmməd də xoşlamışdı və hətta dayım da təsdiq eləmişdi. Və lakin yoldaşlarımızın birisinin atası gedib Hacı Molla Tağıya haman günü istixarə elətdirmişdi. Hacı Molla Tağı istixarə ilə yox, Hacı Nəcmüddövlənin təqvimindən bunu istinbat eləmişdi ki, o günü yola çıxmaq yaxşı deyil. Çünki hər ayın üçüncü günü nəhsdir və hər bir iş başlamaq kimi, yola çıxmaq da məsləhət deyil. Bu xəbəri anam da eşidən kimi dinməz-söyləməz marfacımı açdı və şeyləri bükdü qoydu yerinə.

Faytonçunu bu dəfə dilə tutduq və haqqının üstünə genə beş şahı-üç şahı qoymaqla razı elədik ki, iki gün də gözləsin.

Və üçüncü günü qonşularımız və cəmi dünyagörmüş hacı və məşədilərin məsləhəti ilə genə bir günü seçdik və faytonçuya xəbər elədik ki, ta “bu xına o xınalardan deyil”. Vaxt keçdi, sentyabr ayı gəldi yetişdi və mənə vüsul olan təyinnamədə göstərilən müddət gəldi çatdı.

Haman gün ki, sübh tezdən yola düşəcəkdik, atam gəldi evə və xəbər verdi ki, “sabah yola çıxmaq olmaz; çünki sabah qəmər əqrəbdədir”.

Xülasə, sabahı da qaldıq. Amma eşitdik ki, faytonçumuz üç nəfər erməni tələbəsini götürüb İrəvana gedibdir.

Sentyabrın səkkizində faytonçu Qulamhüseyn atları qoşdu, gəldi durdu qapımızda. Faytonda Məşədi Cəfər də əyləşmişdi. Bu da Şərur qəzasına Baş Noraşen qəsəbəsində alverə gedirdi. Şeylərimi də qardaşlarım bir-bir gətirib yığırdılar faytona. Mən anamla qucaqlaşıb çıxdım küçəyə. Bu heyndə Axund Molla Tarıverdi evlərinin tərəfindən çıxıb gəldi, bizlə bərabər oldu və bizi yol üstə görüb çox təəccüb elədi və üzünü atama tutub dedi:

- Məşədi Məhəmmədqulu dadaş, mən sənə təəccüb edirəm ki, sən nə səbəbə bugünkü gündə bu tifil uşağı (yəni məni) yola salırsan? Məgər bilmirsən ki, bu gün “əyyami-səkkiz ulduz” günlər qəbilindədir? Məgər qorxmursanmı ki, yolda ya at götürüb qaça, uşaqlar qala təkərin altında, ya tifil uşaq Şərurun şərir quldurlarına rast gələ?

Burada örtülü darvamızın dalından anamın ağlar səsini eşidib girdim dalana. Yazıq arvad gözyaşını sel kimi axıdırdı.

Və hərçənd o günü mən getdim və hərçənd yolda nə təkər sındı və nə “Şərurun şərir quldurlarına” rast gəldik, ancaq Uluxanlıda məktəb müdirini məndən rəncidə gördüm. Amma yubanmağımın səbəbini ona rəvayət eləməkdən çəkindim. Müdir xaçpərəst və ziyalı bir şəxs idi. İstəmədim biçarə vətənimin kərbəlayı və məşədilərini və hacı ilə mollalarını onun nəzərində gülüncə qoyam.

Hərçənd mən yenə gec də olsa çıxdım getdim, amma çoxlarını yadıma salıram ki, belə bir vacib müsafirəti ya “təhtəş-şüa” bəhanəsilə təxirə salıblar, ya “ehkami səkkiz ulduz” günləri mane olub, ya “qəmər əqrəb”də olub, ya da ki, ayın nəhs olan günlərinə rast gəliblər ki, ibarətdir ayın üçündən, beşindən, on üçündən, on altısından, iyirmi birindən, iyirmi dördündən və iyirmi beşindən.

Amma, elə də ittifaq düşüb ki, Əli şiələri bir yerə səfər etməyi əzm edib və lakin elə bir xoş gün tapa bilməyiblər ki, yola çıxa bilsinlər. Və çün tapa bilməyiblər, əzmlərinə əməl edə bilməyib, müsafirət xəyalından bilmərrə düşüblər.

Məcmuəmizin birinci nömrəsində müştərilərə bu növ nəsihətləri verəndən sonra keçirik teleqraf xəbərlərinə.

B i r i n c i   x ə b ə r  Peterburqdandır. Guya müxbirimiz oradan yazır ki: “Sakitlikdir, qurd quzu ilə otluyur”.

Bunun mənası budur ki, haman doqquz yüz altıncı ildə, ümumən bütün Rusiyada, xüsusən o vaxt imperatorun paytaxtı olan Peterburqda böyük rahatsızlıqlar və bəlkə ixtişaşlar vaqe olurdu. Azadixahlar və firqələr – necə ki, ərz olunubdur – başlarını qalxızıb üsyan edirdilər. Qurda oxşayan padşah hökuməti əhalini həmişəki kimi boğub yemək xəyalından düşmək istəmirdi. Və hər gün oradan Tiflisə növ-növ əmələlər tətili, sui-qəsd və bu qism təzə xəbərlər gəlməkdə idi.

İ k i n c i   t e l e q r a f   x ə b ə r i  Tehrandan idi. Oradan guya müxbirimiz teleqraf vasitəsilə xəbər verir ki, “şah həzrətləri Avropa səfərinə hazırlaşır”.

Bunun mənası bu idi ki, Qacar nəslinin şahları sair cürbəcür xəstəliklərdən savayı – necə ki, məlumdur – bir də Avropa səfərini dost tutardılar. Şübhə yox ki, bir padşahın öz məmləkətindən qeyri bir məmləkətə müsafirət etməyi öz məmləkəti üçün elə bir əskiklik deyil və bəlkə də, demək olar ki, məmləkətin səlahıdır. Bu şərtlə ki, hökumdar qeyri məmləkətlərə etdiyi müsafirətdən vətənə bir xidmət və mənfəət hasil ola. Orada gördükləri və öyrəndikləri təcrübədən vətənə də bir mənfəət hasil ola. Amma İran şahlarını Firəngistana çəkən əsla belə-belə fikirlər olmayıbdır. Nəsrəddin şahdan başlayıb ta o Müzəffərəddin və sonra Məhəmmədəli Mirzə Avropanı ziyarətdən məqsədləri tək bircə idi: zövqü-səfa və firəng qızları məclisində eyşü-işrət. Heç bir dəfə də olmayıb ki, bu nainsaflar, heç olmasa tək bircə dəfə bu xəstəlikdən şəfa tapmış olalar. Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. Belə ki, Qacar şahlarında qədimül-əyyamdan müşahidə olunan bu mərəz o qədər bu “taclı” lotuların bədənində yer elədi ki, axırda axırıncı Əhmədi səltənət taxtından salıb, həmişəlik onu Firəngistan fahişələrinə bağışladı.

Ü ç ü n c ü  x ə b ə r  İstanbuldandır. Yazılmışdı ki, “Osmanlı hökuməti küçə ilə gedən vaxt öskürməyi əhaliyə qədəğən edibdir”.

Həmin məzah[lv] teleqraf xəbəri Sultan Ədbülhəmidin o vaxtlar şiddət etmiş olan istibdadını istehza edir. Məlumdur ki, Sultan inqilabın yavıqlaşmasını hiss etdikdə əhalinin azadlığının qabağını almaq üçün elə səxt qanun və qərardadlar çıxarmaqda idi ki, onun istibdadı bir zərbül-məsəl olmuşdur. Ta o dərəcəyə kimi ki, hətta İstanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qədəğən etmişdi.

D ö r d ü n c ü   t e l e q r a f   x ə b ə r i  Təbrizdəndir. Yazılmışdı ki, Təbriz camaatına hürriyyət müjdəsi verildi. Belə ki, sərbazların cigərçilik, qassablıq və dilənçilik etmələrinə dövlət tərəfindən maneçilik yoxdur. Yəni “Molla Nəsrəddin” dilini ciddi mənaya çöndərsək, belə məlum olar ki, əvvəla Təbriz camaatına hürriyyət verilmək ehtimalı çox uzaq imiş və ikinci, İran sərbazları genə köhnə peşələrində imişlər; cigərçilik, qəssablıq və dilənçilikdə.

B e ş i n c i  t e l e q r a f   x ə b ə r i  Peterburqdandır. Orenburq müftiliyinə senator Çerinvanski təyin olunur və Orenburq müftisi cənab Sultanov jandarma qulluğuna keçir.

Bu məzhək teleqraf xəbəri az qalırdı ciddi qəzet xəbərlərinə oxşasın. O vaxt idareyi-ruhaniyyələrimizin işlərini senator Çerinvanski idarə edirdi və Orenburq müftisi Sultanov Peterburq hökumətinin misyonerlik əmrlərinə və qərarlarına o qədər müti idi ki, şübhə yoxdur ki, ona jandarmalıq vəzifəsi mühəvvəl olunsa idi, onu qəbul etməkdən boyun qaçırmazdı. Ruhani rəislərimizin padşahpərəstlik xəstəliyinə tək bircə Orenburq müftisi yox, sair müfti və şeyxül-islamlarımız və qazi və şəriətmədarlarımız da mübtəla idi; necə ki, birinci nömrəmizin axırıncı səhifəsində karikaturla bunu qeyd eləmişik. Burada müsəlman camaatı bir yerə cəm olub əl qalxızıb imperator həzrətlərinə dua edirlər və imperator qaradovoyu camaatın qabağında duran bir nəfər axundun döşünə nişan taxıb. Şəklin altında yazılıbdır:

 

Gürbə şirəst dər giriftəni-muş.

Leyk muşəst dər məsafi-pələng. 

 

Bunun mənası budur ki, axundlarımız avam camaatın başının sahibidir; amma bir naçiz qaradovoyun qabağında bir naçiz padşah nişanının xatiri üçün qul kimi dururlar.

A l t ı n c ı   t e l e q r a f   x ə b ə r i  Şamaxıdandır: Bir rus aptekçisinə izn verilib qiraətxana açsın. Bu şərtlə orada türkcə bir şey oxunmasın. Yəni orada qiraətxana müdirləri aptekçilər idi və qiraətxanada olan mətbuat türkcə yox, yəqin ki, rusca imiş.

Y e d d i n c i   t e l e q r a f   x ə b ə r i: Naxçıvan rus kazakları general-qubernatora ərizə verib xahiş ediblər ki, onlara patron əvəzinə çoxluca spiçka verilsin. Bunun mənası budur ki, o vədə erməni-müsəlman davasında, iki axmaq qonşu bir-birini qırmaqda ikən rus kazakları da bir tərəfdən şəhəri yandırmağa mübaşir olurmuşlar.

A x ı r ı n c ı   t e l e q r a f   x ə b ə r i  də Təbrizdən bu məzmunda idi: Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur. Burada Təbrizin və ümum İranın fabrika və zavoddan yana kasıblığı və sənaye və istehsalatının yoxluğu istehza olunur. Həmin bu teleqraf xəbərlərindən sonra “Molla Nəsrəddin” “Bilməli xəbərlər” sərlövhəsi altında bu bir neçə sualları dərc edir;

B i r i n c i   s u a l: O hansı şəhərdir ki, qlava divanxanasının on iki nəfər müsəlman vəkilinin cümləsi bisavaddır və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir. “Molla”nın birinci ilinin tarixində də belə bir sual o əsrdə divanxanalarda xidmətdə olan müsəlman işçilərinin savadsızlığının yadigarıdır.

İ k i n c i   s u a l: Bir qabdan ki, sünni məssəb su içə, o qabdan şiə məssəb su içə bilər, ya yox? O qabı yuyub təmizləmək lazımdır, ya yox? Bu sual, haman tarixdə sünnilərlə şiələrin bir-birinə olan nifrətinə işarədir.

Ü ç ü n c ü   s u a l: Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana? Bu da vazehdir.

D ö r d ü n c ü   v ə  a x ı r ı n c ı   s u a l: Yas evinə plov yemək üçün zorla hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd etməyin çarəsi nədir? Bu hal – necə ki, haman əyyamda, habelə indi də hökmfərmandır və bu barədə təəssüf olsun ki, İslam ümməti bir qədər də dəyişilmək istəyib.

B e ş i n c i: Harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola?

A l t ı n c ı: Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarında çıxar?

Y e d d i n c i: Nə səbəbə İrandan qutu içində gələn ilanlar İran əhlindən savayı özgələri sancır?

S ə k k i z i n c i: Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri ilə şiddətli azara mübtəla olurdular ki, təbiblər onların çölə çıxmağını rəva görmürdülər?

D o q q u z u n c u: İranda teatr məclisində “Uşu” camaatı üçün cəm olunan dörd yüz manat hara təşrif apardı?

 

ATALAR  SÖZÜ

Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olub gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın[lvi], şüəranın[lvii] sözləri hələ baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsələlərindən “atalar sözü” namı ilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəstürül-əməl etsinlər.

Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə.

Ata malı olan yerdə, özün qazandığın haramdır.

Adamın ölümü bekarın bayramıdır.

Ata və arvada etibar etmə, hər ikisini qat tövləyə və qapısını bağla.

Ac toyuq yuxusunda plov görər.

Aclıqdan kimsə ölməz, qələt eləyir, çörək vermə.

Açıq ağız ac qalmaz: küçələrimizin tozuna Allah bərəkət versin.

Axşamın işini sabaha qoy, sabahın işini axşama.

Adam yata-yata alim olur.

Adama sözü min kərrə deyərlər, qanmasa eybi yoxdur.

Anlayana da qul ol, anlamayana da.

Olacağa çarə yoxdur, qoy hər nə olacaq olsun.

Ölüdən şeytan da əl çəkər, əgər arvadlar əl çəksə.

Ölmə eşşəyim ölmə; yaz gələr, hürriyyət bitər.

Uşağın şüurlusu dərsdən qaçar.

Plovun yağlısını yeyən yaxşı fatihə oxuyar.

At at ilə boğuşar, hökumətin işi rast gələr.

Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır.

İşləmək adamı puça çıxardar.

İşsizlik dövlətlilik açarıdır.

İkiarvadlı ev bərəkətli olar.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info