Qonaq Kitabı
XATİRATIM

Həqiqətdə bir böyük xoşbəxtlikdir ki, əgər bir uca damın üstünə çıxıb təzə aya baxmaqla və bir neçə kəlmə dua oxumaqla sən zalimlərin zülmündən eymən olacaqsan. Ta bundan yaxşı şey nə ola bilər? Xalq, xalqların zülmünün qabağını almaq üçün dəstə tutub mübarizəyə çıxırlar, zalim hakimlərin üzünə biədəblik edib ağ olurlar, hiyləgər ruhanilərin fəsad toplarını yırtıb, o topdan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər, evladını məktəblərə göndərib fənni və ictimai biliklərə sahib olurlar, zalimlərin zülmündən xilas olmaq üçün çox-çox fədakarlıqları özlərinə rəva görürlər, amma sən bunların cümləsinin əvəzində təhsbehi al əlinə, çıx damın üstünə və hilalil-rəməzanül-mübarəki görməyə cidd-cəhd elə və elə ki, gördün, dəxi sahiblərin sehrindən bilmərrə xilas olacaqsan.

Bir bunu bilmək olmurdu ki, aya, builki şəbanül-müəzzəm ayı neçə gündür, kəmyekdir, ya tamamdır? İyirmi doqquz gündür, ya otuz gündür? Rəməzanın ğürrəsi sabahdır, ya birigündür? Bunu haradan bilmək olar? Təqvimdən. Kimin təqvimindən? Əlbəttə, Yevropa təqvimlərində elmi-nücumdan əxz olunmuş məlumatda həmişə ayın və günün hərəkatının əhvalı xəbər verilir və Avropa təqvimləri deyə bilərlər ki, şaban ayı, ya qeyri bir ayın əvvəli hansı gündür və axırı hansı gündür. Amma o müqəddəs əsrlərdə Yevropa təqvimlərinin cəmaəti-müslimin içində hörməti yox idi. Bu səbəbə ki, o təqvimləri yazanlar və çapa verənlər binamaz xaçpərəst millətləri idi. Və aşkardır o təqvimlər mənim mömün həmvətənlərimin əqidəsincə “itdən də mırdar”dırlar. Tək bircə pak təqvim Hacı Nəcmüddövlənin Tehrandan gələn təqvimi idi ki, orada mənim müqəddəs vətəndaşlarım hər bir məlumat əxz edə bilərdilər, savayı ayın əvvəli hansı günə düşməyindən və axırı hansı günlə qurtarmağından. Möhtərəm Hacı Nəcmüddövlənin təqvimi – ki, hal-hazırda Tehranda yenə nəşr olunmaqdadır – zənn edirəm möhtərəm qarelərin nəzərinə çatmamış ola. Hər kəs möhtərəm hacının təqvimindən xəbərdardır və onun məzmunu ilə aşinadır, ondan xahişim budur ki, burada bir neçə söz ki, mən o təqvimin barəsində danışmaq istəyirəm, bu bir neçə sətirləri buraxıb oxumasın. Məlum olan mətalibi də dübarə oxumağın mənası yoxdur.

Hacı Nəcmüddövlənin müqəddəs təqvimi o vədələr hər bir mömün Allah bəndəsi yanında onun yomiyyə ibadəti üçün bir rəhnüma[xxxiii] idi. Bir bu ki, dindar vətəndaşlarım saat xoşlanmamış heç bir qədəm qoymazdılar. Və bir ilin müddətində ayda, hansı gündə, hansı bir saatın əhvalı haman təqvimdə dərk olunardı. Başlamış o yerdən ki, bu üzümüzə gələn ildə və hansı ayda nələr vüqula gələcək, orada yazılardı. Padşahlar dava edəcək, ya etməyəcək; bahalıq, ya ucuzluq olacaq; qışda hava nə dərəcəyə qalxacaq; misri azarlar şiddətmi edəcək; ay və gün nə vaxt tutulacaq; zəlzələnin olmağı möhtəməldirmi[xxxiv], ya yox; insanlar dinəmi yavıq gələcəklər, ya gümrah[xxxv] olacaqlar. Sonra səfər ayının hansı günləri hansı ibadət üçün müsaiddirlər; səfərə çıxmaq hansı gün məsləhətdir; toy eləmək hansı günün hansı saatında xoşdur; hamama getmək və hətta tənvir etmək hansı bir saatda rəvadır; bu gün həcəmət almaq caizdir, bu ayın nəhs günləri hansıdır, həna qoymaq üçün hansı saat xoşdur.

Burada bir haşiyə çıxmaq gəlir.

Şəhərimizdə Hacı Səməd xan bir gün ziyarəti-imam Rza qəsd eləmişdi. Çün xan həzrətləri qeyri xanlardan müstəsna olaraq xeyli dindar və əhli-təqva idi, onunçün də qəsd etdiyi bu qiymətli səfərini labüdd gərək bir xoş saata müvafiq tuta idi və bu barədə də, təbii, ruhanilərə müraciət etdi. Hacı Molla Tağı Quranla istixarə etmişdi və xanın şəhərdən hərəkət gününü rəbiüssaninin on yeddisinə təklif etmişdi. Amma nədənsə Hacı Nəcmüddövlənin təqvimində rəbiüssaninin on yeddisi əzmi-ziyarət üçün yox, ticarət qəsdi üçün xoş yazılmışdı. Və yadımdadır ki, bu səbəbdən xan həzrətləri bir neçə həftə təxirə düşdü. Sonra, Hacı Molla Əlinin istixarəsi mocibincə xanın səfəri rəbiüssaninin səlx gününə təyin olundu. Amma burada yenə bir maneə ortalığa gəldi, çünki Hacı Nəcmüddövlənin təqvimində yazılmışdı ki, bu il rəbiüssaninin səlxi yoxdur, yəni bu ay otuz gün yox, iyirmi doqquz gündür. Rəbiüssaninin iyirmi doqquzu əyyami-səkkiz ulduzun, yadımda deyil, hansı gününə düşdü və məlumdur ki, əyyami-səkkiz ulduz günlələri səfərə çıxmaq üçün nəhs hesab olunurlar. Sonra Hacı Səmədxan yenə qeyri mollaya müraciət elədi. Ondan sonra yenə bir qeyrisindən məsləhət istədi.

Axirül-əmr Hacı Molla Tağı, Hacı Səməd xanın səfərini cəmadiyəl-əvvəlin altıncı gününə təyin eləmişdi. Amma məlum oldu ki, haman gün cümə gününə düşür.

Amma məlumdur ki, həzrəti imam Rza cümə günlərini səfərə çıxmağı rəva görməz imiş, o səbəbə ki, cümə gününün namazına mane olur.

Beləliklə, hacı xanın səfəri genə yubandı. Hacı Nəcmüddövlənin təqviminə genə pənah apardılar. Orada yazılmışdı ki, cəmadiyəl-əvvəl ayının dördü, beşi, on üçü, on altısı, iyirmisi, iyirmi dördü, iyirmi beşi və iyirmi altısı səfərə çıxmağın kərahəti var. Hacı Molla Əli də xana sifariş eləmişdi ki, ayın səkkizinci və iyirimi üçüncü günü səfər eləmək məsləhət deyil. Hacı Kərim də xana ərz eləmişdi ki, məbadə ay əqrəbdə olanda səfərə çıxa.

Biçarə Hacı Səməd xan axırda təsmim eləmişdi ki, cəmadiyəl-əvvəl ayının on səkkizində şəhərdən çıxsın. Amma burada yenə böyük maneçilik üz verdi. Çünki haman gün düşənbə gününə düşürdü və məlumdur ki, düşənbə günü Həzrəti-rəsulun vəfat günü olduğu üçün, səfərə çıxmaq o gün heç bir vəchlə caiz deyil. Sonra bədbəxt Hacı Səməd xan, yadımda deyil, ayın iyirmi birindəmi, ya iyirmi ikisində Rəvan şəhərinə tərəf yola düşdü. Və yadımdadır ki, haman gün bütün şəhər xanın müşayiətinə çıxmışdı. Amma...

İki gün ondan sonra dedilər ki, Hacı Səməd xan yoldan qayıdıb gəlir. Məlum oldu ki, xan fayton ilə Xok qəryəsindən ötüb Qıvraq adlı kəndə daxil olur və fayton kəndin ortasından keçən vaxt bir kəndli arvadı damın üstündə paltar sərdiyi yerdə asqırır. Xan faytonu saxlayır və arvada tərəf üzünü tutub deyir:

- Görüm sizin toxumunuz yer üzündən kəsilsin!

Xan haman yerdən faytonu geri qaytarır. Və şəhərə xəbər düşdü ki, yolda səbir gəlib və Hacı Səməd xan ziyarətə getdiyi yoldan qayıdıbdır. Və sonralar küçə uşaqlarının dilində zəbər oldu: “Səbir gəldi, xan qayıtdı”.

Bu vaxtadək çox az ittifaq düşübdür ki, cəmaəti-müslimin içində qəməri ayların hansı neçə gündür, 29-mu ya 30-mu, bəlli olsun və behər hal qabaqca bilinsin. Onunçün də şabanla rəməzanın sərhəddini müəyyən etmək mənim yadıma gəlir ki, mümkün olmazdı. Və onunçün də mənim biçarə vətəndaşlarım rəməzanül-mübarəkin hilalını axtarıb tapmaq yolunda çox-çox zəhmətlərə düşərdilər, çox-çox ruhani və cismani əziyyət çəkərdilər. Mən özüm ta yeddi yaşından başlamış böyüklərimlə bərabər damların üstündə rəməzan ayını axşam vaxtları, saatlarla axtarıb tapmamışıq: ya hava bulut olub və təzə ay bulutlar içində gizlənib ki, mömün müsəlman ümmətinin dərəcəsini mizana vursun, yaxud haman gün şabanın səlxi, ya bəistilahi-türk axırı deyilmiş.

Rəməzanın hilalı axtarılan günlər axşam zamanı, damların minarələrin və qeyri bu kimi uca yerlərin üstü mömün müsəlmanlarla dolu olardı. Və camaat gözlərini məğribə, gün batan tərəfə tikib, təzə ayın quyruğunu axtarardılar. Və tapmayanda kor-peşman pəjmürdə hal yenib gedərdilər evlərinə. Əgər təzə ay asanlıqla görüksə idi, müsəlmanlar salavat çevirə-çevirə təsbeh əllərində bir növ bəşarətlə evlərinə gedərdilər. Nə böyük səadət! Sabah rəməzanül-mübarəkdir, sabah haman aydır ki, mələklər ərşlərə düzülüb tamaşa edəcəklər ki, aya islam ümməti bu mübarək ayı nə surətdə başa çıxardacaq, onların ibadəti nədən ibarət olacaq? Tamaşa edəcəklər müqəddəs islam ümmətinin qeyrətinə, Allahı çağırmağına, gecələr yatmayıb ehya saxlamağına və qədr gecəsini cidd-cəhdlə axtarmağına.

Hansı qədr gecəsini? Burada, vaizlər demişkən, mətləb bir az tuldur.

İslam müfəssirlərinin və müctəhidlərinin təbirincə rəməzanül-mübarək ayının otuz gecəsinin biri qədr gecəsidir. Cəmi əimmənin rəvayətindən də belə anlaşılır ki, ilin üç yüz altmış altı gecəsinin biri qədr gecəsidir. Ancaq o gecə hansı gecədir? Məlum deyil və demək olar ki, o gecəni Rəsulu-xudadan sonra, bəlkə tapan olmayıbdır. Hər bir kəs o gecəni tapa bilsə və haman gecəni yatmayıb müəyyən ibadəti əda edə bilsə, o şəxs əbədəl-əbad özü də bağışlanır və onun cəmi qohum-əqrəbası və abavü əcdadı və cəmi günahlardan məğfirət tapıb[xxxvi] əbədəl-abad xudavəndi-aləmin şəfaətinə nail olurlar.

Bəs hansıdır o gecə? Bu barədə tək bircə işarə var ki, o gecə rəməzanül-mübarəkin gecələrinin biridir?

Bəs hansı gecəsidir? Bir rəvayət də bundadır ki, qədr gecəsi rəməzanül-mübarək ayının on doqquzuncu gecəsi ilə otuzuncu gecəsinin arasındadır.

Bu, on iki gecənin biridir.

Bəs deyəsən mətləbə yavıqlaşmışıq. Nə çətin şeydir qədr gecəsini tapmaq? Bir surətdə ki, o şərafətli gecə rəməzanın on doqquzundan axırının ərzindədir, dəxi burada nə qəm ola bilər? Mən bərayi-ehtiyat bu on iki gecəni elə bir əziz tutaram ki, bu gecələri ta axşamdan-sübhədək elə bir can-dil ilə etikafa əyləşərəm ki, bu on iki gecəni özümü Allah yolunda fəda edərəm və qədr gecəsi üçün cəmi təfsir sahibləri, cəmi şəriətmədarlar – Ağa Bağır məclisidir, Molla Əhməd ərdəbililər, Həsən cilanilər, Bəhaəddin Məhəmməd cəbəlilər və sair minlərcə şəriətmədarlar – təyin etdiyi dua və sənaları əda edərəm; ta ki, beləliklə qədr gecəsini tapmış olaram.

Və elə də mənim uşaqlıq əsrimdə mənim vətəndaşlarım edərdi. Və yadımdadır ki, rəməzanın on doqquzuncu gecəsindən ta axırınadək mən yeddi yaşında uşaq üçün gecə yuxusu haram olardı.

Onu ərz edim ki, mənim rəhmətlik dayım xeyli savadlı idi. Bir vaxt Təbrizdə ticarətə məşğul olan zaman orada mollalarla o qədər oturub durmuşdu ki, özü bir balaca molla dərəcəsində idi və Quranı oxuyub məna eləməyi yadımdadır. Və bu on iki gecənin oyaq qalmağı ilə işim yoxdur; gecəni səhərə kimi yatmaq da olar, yatmamaq da olar. Ancaq bircə şey məni o vədə doğrudan da o qədər təngə gətirərdi ki, mən cənnətə və cəhənnəmə bərk etiqad eləyən ola-ola Allahın qəzəbindən qorxan ola-ola yenə rəməzanın ehya gecələrini dayımın zərbindən o qədər təngə gələrdim ki, çox vaxt ağlardım və ağlaya-ağlaya bunu da bilərdim ki, günaha batıram.

Dayımın ibadət üçün səxtliyi, onun riyazətinin qəlizliyi hələ o vədələr nəinki tək bircə məni, hətta çox mömün olan anamı da təngə tutardı. Və hərçənd anam Allahın qorxusundan cınqırını çıxartmazdı, amma gündüz zəhməti və orucluq aclığı bu yandan, gecə ibadəti bir yandan, özü də bir gecə yox, on iki gecə yazıq arvadı əldən salardı və oturduğu yerdə çox vaxt qəşş edərdi və yıxılardı.

Burada haşiyə çıxmaq babətindən ərz etməyi lazım görürəm ki, insanın canı doğrudan da bərk olarmış. Anam hifz-səhhənin həmin rəvayət etdiyim şəraiti vücudilə genə əlli-əlli beş ilə kimi dünyada yaşaya bildi. Buradan mülahizə eləmək olar ki, biçarə arvadın gör nə dərəcədə canı bərk imiş.

Habelə də qeyriləri...

Naxçıvan və İrəvan vətənindən Tiflisə köçməyin ittifaqı oldu.

Tarixi-miladinin min doqquz yüz üçüncü ilinin dekabr ayında, İrəvanda övrətim şiddətli azara mübtəla olmuşdu; o dərəcədə ki, oranın təbibləri övrəti Tiflisə aparmağı lazım gördülər. Qış bərk soyuq idi. Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi. Və ilin belə bir münasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə gətirməyə məcbur olduq. “Olduq” deməkdə mən yeznəm Məhəmmədqulu bəyi nəzərə alıram. Məhəmmədqulu bəy Naxçıvan bəyzadələrindən və mənim haman azarlı övrətimin qardaşı idi və bacısını nəhayət istərdi; onunçün də onunla o da Tiflisə gəlmək istədi. Daha doğrusu azarlını Tiflisə gətirən bəlkə qabaqca o idi, çünki o, Tiflisi və Tiflisin həkimlərini məndən də yaxşı tanıyırdı və hər barədə bacarığı məndən artıq idi və yol məxaricini və müalicə məsələsini də öz öhdəsinə götürmüşdü.

Dekabrın axır günlərində azarlını gətirdik və o vaxtda təzə tikilmiş İrəvan dəmir yolu ilə Tiflisə tərəf yola düşdük.

Övrətimin əhvalı xarab idi. Onun sağlamlığına mənim gümanım çox az idi. Yeznəm də xeyli qəmgin görsənirdi və elə yadıma gəlir ki, İrəvanda ta o vədə Aleksandropol adlanan şəhərə kimi bircə söz də danışmadı. Azarlı da öz yerində uzanmışdı və bir söz danışmırdı. Yemək və içmək də istəmirdi.

Aleksandropoldan Tiflisə tərəf yola düşdüyümüz sübh vaxtı idi. Yeznəmin kefi bir qədər açılmışdı, buna da səbəb o oldu ki, bacısı da başladı az-az danışmağa. Oxşuyurdu ki, azarlının əhvalı nədənsə yaxşılığa tərəfdir.

Burada Məhəmmədqulu bəy bir qədər oyüzdən-buyüzdən söhbət edəndən sonra, mənim kefimi soruşdu və bunu da soruşdu ki, təzə yazı-pozudan yanında bir şey vardırmı? Mən dedim ki, bir şey yoxdur, amma burada yalan dedim. Bir ay bundan qabaq təzə yazdığım “Poçt qutusu” hekayəmin əl yazısı qoltuq cibimdə idi.

Dedim bir şeyim yoxdur. Ondan ötrü belə dedim ki, mən əsərlərini həvəslə ona-buna göstərən yazışıları dost tutmaram, bəlkə iyrənərəm. Və Allah şahiddir ki, mənim üçün ondan ağır bir təklif yoxdur ki, özün yazdığın bir yazını öz əlinlə çıxardasan və onun-bunun qabağına tutub nişan verəsən. Məni tanıyanların heç birisinin yadına gəlməz ki, mən asanlıqla öz əsərimi çıxardam bir kəsə göstərəm, ya bir kəsə oxuyam.

Onunçün də yeznəmə “yox” cavabını verdim. Amma gördüm ki, mənim bu cavabımdan sonra yazıq kişi başını saldı aşağı və genə qəm-qüssəyə getdi. Çünki bacısı da gözlərini yumub dəxi dinmirdi və digər tərəfdən də qatarların qaranlıq lağımlara gedib çıxmağı da yeznəmin və azarlının övrət-təlxliyini dəxi də artırırdı. Onunçün də doğrusu yeznəmə yazığım gəldi və bu səbəbdən qoltuq cibimdən dəftərçəni çıxartdım və uzatdım yeznəmə tərəf. O da ddeyəsən yuxuda idi və yuxudan ayılan kimi, guya xahi-nəxahi əlini uzatdı və dəftərçəni aldı və könülsüz, yavaşca açdı və istəyirdi oxusun, vaqon girdi qaranlıq lağıma.

Xülasə... Bir vaxt yadımdadır gördüm ki, Məhəmmədqulu bəy öz-özünə gülür. Baxdım ki, “Poçt qutusu”nu oxuyur. Burada mən gördüm ki, bu hekayəciyim qaynımın xoşuna gəlir və gülə-gülə mənə dedi:

- Sən bu hekayəni çox yaxşı yazmısan.

Bu sözləri deyəndən sonra genə oxumağında və oxuya-oxuya gülməyində davam edirdi. Və qatar qaranlıq lağımlara girəndə qaynımın acığı da tuturdu ki, qaranlıq onun oxumağına mane olur.

Mən burada “Poçt qutusu”nun barəsində bu bir neçə sözü ondan ötrü yazıram ki, mənim bu hekayəciyim söz yox, öz-özlüyündə elə də bir böyük əsər deyil ki, bu qədər tul və təfsilə layiq ola. Ancaq burada mən “Poçt qutusu”nu ondan ötrü oxuyucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm mənim ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə bu hekayəmin səbəbindən mən həmin bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum.

Bu da bu minvalla üz verdi.

Bir gün yol gedəndən sonra sabahısı günü varid olduq Tiflisə və düşdük İrəvan meydanının qabağında, məşhur Qafqaz mehmanxanasına. Haman gün də azarlını apardıq və qoyduq Mixaylovski müalicəxanasına ki, orada ona müalicə olunsun. Və ikimiz də - mən və yeznəm – müalicəxanadan çıxdıq şəhərə və nahar eləmək fikrinə düşdük və üz qoyduq o vədə Tiflisdə birincilik qazanmış məşhur yemək evinə. Burada camaatın içində möhtərəm Məhəmməd ağa Şahtaxtlı əyləşmişdi, çörək yeməkdə idi. Və bizi uzaqdan görən kimi durdu ayağa və bizi xoş-beş ilə apardı oturtdu yanında və bizim üçün də yemək sifariş verdi. Başladıq nahar eləməyə. Söhbət azarlıdan keçdi mətbuata və ədəbiyyata. Burada yeznəm cibindən “Poçt qutusu”nun dəftərini çıxartdı verdi Məhəmməd ağaya.

Genə deyirəm ki, belə işlər mənim məzaqımdan kənardır; necə ki, məni yavıq tanıyanlar bilirlər ki, nə deyirəm. Öz yazdığım yazını nə bir kəsə oxumaq istərəm, nə də ələlxüsus məclislərdə öz yazımı əl-əl göstərməyə razı olaram. Amma yeznəmin meyli və məramının qabağında heç vaxt etiraz etmək istəməzdim. Xüsusən bu günlərdə ki, bacısının babətindən onsuz o biçarə diltəng idi.

Məhəmməd ağa “Poçt qutusu”nu oxuya-oxuya elə bir qışqırıqla gülməyə başladı ki, burada qeyri çörək yeyənlərin diqqətini cəlb elədi. Mən yavıqdakı hovuzda üzən rəngbərəng balıqlara tamaşa eləyirdim. Və yaxşı yadımdadır ki, Məhəmməd ağa güldükcə balıqlar suyun içində elə atılıb düşürdülər ki, deyəsən o Allahın balaca heyvanlarının da Novruzəlinin avam və sadəliyinə gülməyi tutur.

Amma Allah şahiddir ki, mənim əhvalım heç yaxşı deyildi. Burada Məhəmməd ağa kitabçanı oxudu qurtardı, biz də naharı qurtardıq. Hamımız durduq və Məhəmməd ağa mənə təklif elədi ki, mən həmişəlik qalım Tiflisdə, dəxi İrəvana qayıtmayım və Tiflisdə qaldıqda, onun “Şərqi-Rus” qəzetində hekayənəvis, felyetonçu olum.

Hərçənd mən bir müəyyən söz demədim, çünki övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə gedəcəkdən xəbərim var idi və nə İrəvanda qalmaq fikrində idim, nə də Tiflisdə qalmaq istəyirdim. Məhəmməd ağa Şahtaxtlı Naxçıvan şəhərinin yavıqlığında Araz kənarında məşhur bir qəsəbədəndir. Məşhur onunladır ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətəni olubdur. Məşhur xanəndə və bütün Qafqaz müsəlmanları içində mərsiyəxanalıqda birincilik qazanmış Hacı Molla Abdulla da bu qəsəbənin övladındandır. Haman Hacı Molla Abdulladır ki, hali-həyatda olan indiki ən şöhrətli qələm sahiblərimizdən birisinin atasıdır.

Məhəmməd ağanı mən cavan vaxtımda bir dəfə də Naxçıvanda görmüşdüm. Min səkkiz yüz doxsan dörddəmi-beşdəmi, bilmədim, Məhəmməd ağa nədən ötrü Naxçıvana gəlmişdi. Mənim o vaxt yazmış olduğum “Məhəmməd Həsən əmi”nin hekayəsi yoldaşlarımın içində danışığa düşmüşdü. Və Məhəmməd ağa təkid etdi və mən hekayəni apardım qoydum onun qabağına. O da başdan bir neçə vərəq oxudu və bəyəndi. Hətta bunu qeyd eləmək istəyirəm ki, haman hekayənin birinci səhifəsi rus hərifləri ilə yazılmışdı. O vədə şərqşünas və misyonerlərdən qazanlı Radlov Azərbaycan üçün bir yeni əlifba təklif eləyirdi. Bu ibarət idi rus hərflərindən. Ancaq rus hərfləri içində olmayan bir neçə sövt üçün yeni bir neçə hərflər icad etmişdi. Bu hürüfatın nümunəsi o vaxtlar Qafqaz maarif idarəsi tərəfindən nəşr olunan “Qafqazı öyrənmə materialları” məcmuəsində hərdənbir çap olunardı. Mən, çün o vaxtlar cavan və rus siyasətindən bixəbər, haman Radlovun türklər[xxxvii] üçün yeni əlifbasını təsdiq etdim. Və hətta məndən savayı Naxçıvanda bir neçə türk maarifçiləri də təsdiq edirdilər. Onların içində ən döşünə döyən Mirzə Məhəmmədqulu, o vaxt qəza naçalnikinin dilmancı idi. Haman mənim hekayəm “Məhəmməd Həsən əmi”nin birinci səhifəsi Radlovun rus hərfləri ilə yazılmışdır. Altı-yeddi il bundan qabaq (sənə min doqquz yüz iyirmi birdə) qeyri hekayələrimlə, Bakıda Maarif Komissarlığına pişnəhad etmişəm ki, orada çap olunsun. Sonra bilmədim necə oldu və harada qaldı.

Bunu buraya yazmaqdan mən onu qeyd etmək istəyirəm ki, ərəb hürufatına nifrət və yeni bir asan hürufata həvəs məndə hələ o vaxtlardan var idi. Sonra da – necə ki, məlumdur – mən həmişə yeni türk əlifbasını arzu eləyən və köhnə hürufatın ziddinə gedənlərdən oldum.

Məhəmməd ağa Şahtaxtlı çoxdanın adamıdır. İndi möhtərəm ədibimiz Bakıda yaşayır və Şura höıumətindən təqaüd (pensiya) alır. Qoca yazıçımız Şahtaxtlının əyanındandır. Amma özü cavanlıqdan özünü təhsilə verdi və Şərq dillərini təhsil etməklə bərabər, Avropa lisanlarını da öyrəndi və xeyli vaxt Avropada da qaldı. Eşitdiyimə görə, həvəsi və məşğələsi həmə-vəqt yazıçılıq olubdur və necə ki, Avropada oranın qəzetlərində, habelə Rusiyada rus qəzetlərində həmişə iştirakı olubdur. Az vaxtda türkcə qəzet nəşr etmək əzmini qəbul etdi və illər uzunu bu yolda çalışdı və xeyli zəhmətlərdən sonra “Şərqi-Rus”u çıxartmağa nail oldu.

Məlumdur ki, o vaxtlar müstəbid Rusiya hökumətinin mənəm-mənəm bir dövründə ki, rus tayfasından savayı türk kimi kiçik bir millətə etina olunmurdu, türk dilində bir müstəqil cəridə intişarına yol vermək Peterburq hökumətindən heç gözləmək olmazdı. Xüsusən ki, İran və Osmanlı ilə həmsərhəd olan Qafqaz müsəlmanlarının maarifinin qüvvətlənməyinə ruslar heç bir vaxt yol vermək istəməzdilər. Bununla bərabər Məhəmməd ağa qəzetinin icazəsini aldı və nə tövr aldı, bu mənə məlum deyil. Ancaq mənə, Məhəmməd ağanın vətəninin evladına, bu məlumdur ki, o vaxtlar ədibimiz qəzet məşqinə düşəndə, mən eşitdim ki, Məhəmməd ağa atadan qalma mülkünün öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb gedib Tiflisdə qəzet nəşr etsin.

Mən Tiflisdə Məhəmməd ağanın qəzetinin idarəsinə daxil olanda bildim ki, Naxçıvanda danışılan bu söhbət əsl həqiqətdir. Və o vaxt mən görürdüm ki, bu on səkkiz min manat qəzet üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. Və bir az vaxtda mətbəə də düzəldi və “Şərqi-Rus” qəzeti – ki, qeyri mətbəələrdə çap olunurdu, – dəxi öz məxsusi mətbəsində çap olunmağa başladı.

Mən “Şərqi-Rus” idarəsinə daxil olan günlərdə də (təzə 1904-cü ilin ibtidası) qəzetdə “Poçt qutusu” hekayəm çap olundu.

Qəzetin baş mühərriri və müdiri Məhəmməd ağa özü idi. Mən idarəyə daxil olan zaman, onun idarədə əyləşən qələm şərikləri Ömər Faiq Nemanzadə və Səməd ağa Qayıbov idi. Ömər Faiq barəsində söhbət bundan sonra olacaqdır. Səməd ağa Qayıbov Qori darülmüəlliminini bitirmişlərdən və indi Bakıda otuz üçüncü şura məktəbinin müəllimlərindəndir. Mən idarəyə daxil olandan sonra qəzetdə məqalələr və felyetonlar yazmağa məşğul oldum.

“Şərqi-Rus” qəzetinin məsləkinə gəldikdə onu deyə bilərəm ki, məlum bir şeydir ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın; yaxud ehtiyatla da olmuş olsa, hökumət ilə oppozisiyada[xxxviii] ola bilsin. Və təbiidir ki, bir belə azadi-tələb cəridəyə heç bir vəchlə icazə də almaq mümkün olmazdı. Onunçün xah Məhəmməd ağanın, xah onun biztək qələm köməkçilərinin məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib eləməkdən başqa bir şey ola bilməzdi. Hətta dini mövhumat barəsində söz danışmaq belə mümkün deyil idi. Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmməd ağa tərəfindən qəzetdə yazılmış bir məqalədə “qadın azadlığı” kimi iki kəlmənin üstə müsəlmanlar içində böyük danışıq törədi. O ki, qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin sansorunun tələbatı o qədər səxt[xxxix] idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləməzdik.

Qəzet qabaq vaxtda, mən idarəyə daxil olan həftədə üç dəfə çıxırdı və sansor qorxusu elə ağır idi ki, həftədə bu üç nömrəni də ancaq sansordan çıxarda bilirdik. Çox vaxt sansordan izn hasil eləmək üçün oraya mən özüm gedərdim. O vaxt sansor idarəsində türk şöbəsində türklərdən bir kəs yoxdu. Ancaq iki nəfər şəxs idi: biri erməni Kişmişov, o biri genə erməni Qaraxanov idi. Bununla bərabər çün hər ikisi türkcə az savadlı idi və qəzetin materialını gərək hüccəliyə-hüccəliyə başdan-axıradək oxuyub məzmunundan xəbərdar ola idilər ki, çap olunmasına izn də verə idilər, bu da bir neçə saat çəkərdi. Nə qədər ki, qəzet həftədə üç dəfə çıxırdı, hələ bir tövr yola verirdik, amma elə ki, axır vaxtlarda qəzet gündəlik oldu, ondan dəxi gecələr yuxu yuxulamaq bizə haram olardı. Ancaq gecənin yarısınadək qəzetin sansorda oxumağı çəkərdi və ancaq gecə saat ikiyədək maşında qəzetin çap olunması başlana bilirdi.

“Şərqi-Rus” qəzeti barəsində xah o vaxtlar, xah son vaxtlarda Qafqaz müsəlmanları içində bəzi vaxt bir belə şayiələr qulağa çatardı ki, guya qəzetin sahibi Məhəmməd ağa həmin bu orqanı ilə Rusiya hökumətinin Şərq politikasına qulluq edir. bu söhbətlərin cümləsini mən əracif və əsilsiz, sübütsuz hesab edirəm. Belə bir danışıqlara səbəb qəzetin adı idi. “Şərqi-Rus” deyəndə, əlbəttə hər bir kəs buradan bir mətləb çıxarmağa haqlı ola bilər və qəzetin ruspərəstliyini zənn edə bilər. Və ola bilər ki, Peterburq hökuməti bu qəzetin nəşrinə icazə verəndə də bunun adını da mənzur tutubdur. Və lakin biz, o vədə qəzetdə iştirak edənlər qəzetin Şərqdə Rusiyanın nüfuzuna qüvvət verməyini görmədik və gahdan bir Qafqaz canişininin “əlahəzrət” ibarəsi ilə yad etməyini də o vaxtlar adi bir iş hesab edirdik.

“Şərqi-Rus” qəzetinin söhbətini mən burada ondan ötrü açdım ki, bu söhbətlərin “Molla Nəsrəddin” tarixinə çox yavıq rəbti var. Çünki yoldaşım Faiq Nemanzadəni mən birinci dəfə “Şərqi-Rus” qəzeti idarəsində gördüm və burada da onunla üns tutdum. Bu babətdən “Şərqi-Rus” qəzeti mənim üçün iki babətdən xoş, qiymətli yadigar olur:

Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə, məni qəzet dünyasına daxil etdi.

İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik. Elə bir məcmuəni ki, onun birinci nömrəsi nəşr olunan gündən mənim adım bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının, bəlkə yavıq Şərqdə cəmi türk tayfalarının içində şöhrət tapdı.

“Şərqi-Rus” qəzeti, çün Qafqazda o vaxtadək bircə dənə cəridə idi, bu səbəbdən də hörməti və şöhrəti az deyildi. Rus-Yapon davası başlanandan sonra tirajı bir neçə minə qalxdı. Amma axırda durduğu yerdə öz əcəli ilə vəfat etdi. Və həmin bu məsələ o qədər maraqlıdır ki, bu barədə burada bir neçə kəlmə dəxi yaddaş etməyi lazım görürəm.

Dünyada “hikmətə” inanan adam olsa idim, mən deyə bilərdim ki, “Şərqi-Rus” qəzetinin yox olmağında bir “hikmət” var. Məlum şeydir, cəridənin dalı kəsilməyinə ya onun maliyyəsinin zəifliyi, ya da hökumətin qərardadı, yaxud nadir vaxtlarda cəridənin sahibinin özünün fövtü ola bilər. “Şərqi-Rus”un bağlanmağında bu üç maneələrin heç biri üz vermədi. Qəzetin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi:

Necə ki, ərz olundu, Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir “Şərqi-Rus” idi. Bu da ki, məlumdur, Tiflisdə bina olunmuşdu və orada da çıxmaqda idi. Bakı şəhəri, o molyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Haşımbəy Vəzirov, Məmmədəmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik[xl] “Şərqi-Rus” qəzetinə həsrət aparırdılar. Bəs necə olsun? Belə məlum olur ki, o vaxtlar türk qəzetinə izn hasil etmək bə-hər-hal çox çətin bir məsələ imiş. İndi belə güman etmək olar ki, o vaxt Bakının birinci jurnalistlərindən Əhmədbəy Ağayev və Əlibəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxud bunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onunçün də bunlar belə məşqə düşdülər: mərkəzdən ki, təzə bir türk cəridəsinə izn almaq ümidi yoxdur, səlah buradadır ki, hal-hazırdakı “Şərqi-Rus” qəzetinə bir növ əl uzatmaq və şəriklikmi sifətilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək.

Axirül-əmr Məhəmməd ağa Bakıdan Əhmədbəy Ağayevin “Şərqi-Rus” qəzetinə yoldaşlıq sifətilə daxil olmağını qəbul etdi. Və niyə qəbul etdi və nə mülahizə ilə qəbul etdi, bunu mən o vədə bilmədim. Ancaq Əhmədbəyin qəzeti daxil olmağına Qafqaz hökuməti izn verə bilmədi. Onunçün də bu izni hasil etmək qəsdilə Məhəmməd ağa Peterburqa getməyə məcbur oldu və oradan icazəni də aldı. Və sənə min doqquz yüz beşinci ilin yanvar ayında qəzetin təzə il üçün abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmməd ağa qəzeti yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. Yanvardan fevraladək ancaq idarənin əşyasının qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan sonra haman yerdə qaldı ki, qaldı.

Yuxarıda söylədiyim hikmət bu idi ki, nə “Şərqi-Rus”qəzeti Bakıya köçdü və nə Məhəmməd ağa Bakıya getdi. Axırda yüzlərcə abunə sahiblərinin abunə pulları sahiblərinə geri göndərildi və onlara bildirildi ki, “Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. Həmin müvəqqəti dayanmaq, axırda əbədi oldu.

Bu növ ilə “Şərqi-Rus” qəzeti öldü və Məhəmməd ağa da elə yadıma gəlir ki, Tiflisdən çıxıb getmək fikrinə düşdü. Elə yadıma gəlir ki, Bakıya getmək istəyirdi. Amma qəzet dayanandan sonra qəzetin o vaxta görə mükəmməl mətbəəsi də qaldı bikar və mətbəəçiləri də işsiz qaldılar, necə ki, idarənin xidmətçiləri həmçinin işsiz qaldılar.

Bunu nəzərə almaq lazımdır ki, Məhəmməd ağanın idarəsinin fəal qələm köməkçiləri Ömər Faiq idi və mən idim (o vaxt Səməd ağa Qayıbov idarədən çıxıb getmişdi). Digər tərəfdən də “Şərqi-Rus” qəzetinin iki min manata yavıq borcu var idi. Amma söz buradadır ki, Məhəmməd ağa Çahtaxtlı yenə bir qədər pula möhtac idi və digər tərəfdən də bizim də pulumuz yox idi. Onunçün biz mətbəəni ələ gətirmək, gələcəkdə ondan istifadə etmək niyyətilə biz başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o bir qədər pula malik olsun. Və tapdıq da. Bu üçüncü yoldaş naxçıvanlı möhtərəm Məşədi Ələsgər Bağırov oldu ki, o vədə də, indi də Tiflisdə ticarət əhlidir. Həmin yoldaş Məhəmməd ağaya bir qədər pul verməyi boynuna çəkdi və verdi də. Və həmin vaxtda ki, sənə min doqquz yüz beşinci ilin yaz fəslinə təsadüf eləyir, biz yəni mən, Ömər Faiq və Məşədi Ələsgər bir tərəfdən və Məhəmməd ağa o biri tərəfdən notarius vasitəsilə razılaşdıq ki, mətbəə qalsın bizim ixtiyarımızda, bu şərtlə ki, qəzetin və mətbəənin iki min manat borcunu biz öhdəmizə götürək.

Və mətbəəni bu şərtlə təhvilə götürəndən sonra onu haman “Peski” küçəsində qonşuluqda qeyri bir münasib evə köçürtdük və mətbəəni rəsmi surətdə “Qeyrət” mətbəəsi adı ilə adlandırıb başladıq onu müvafiq-qayda işlətməyə.

Və lakin, mətbəəçilik o vaxtlar asan bir iş deyil imiş. Xüsusən bizim üçün ki, bu yolda heç birimizin heç bir təcrübəmiz yox idi. Və bu səbəbdən mətbəəni sazlamaq yolunda çox-çox səhvlər də bizə çox zərər verirdi. Odur ki, mətbəəni Peski küçədən qonşuluqda olan Krasnovodski küçəsinə köçürməyə məcbur olduq. Təzə köçdüyümüz ev ikimərtəbəli böyük bir bina idi. Alt mərtəbədə geniş otaqlarda mətbəəni yerləşdirdik. Üst mərtəbədə mən özümə mənzil qərar verdim. Eyni zamanda da üst mərtəbədə bir müxtəsər “Leyli” məktəbi əmələ gətirmişdik. Burada on beş-iyirmi şagirdə kimi cəm edib, bunları məktəblərə daxil olmağa hazırlayırdıq. Haman məktəbin də - necə ki, “Qeyrət” mətbəəsinin də, - həmçinin rəsmi müdiri hökumət tərəfindən təkcə mən özüm idim. Buna da səbəb bu idi: həmin müəssisələri təsis etmək icazəsini o əsrin hökuməti bəlkə ancaq mənə verərdi və Ömər Faiqə verməzdi. Bu cəhətə ki, mən hökumət darülmüəllimini bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi və zənn edirəm ki, mətləb burada aşkar olur.

Xah mətbəə işlərimiz və xah məktəb işlərimiz bizə xeyli zərər verirdi. Çünki nə mənim və nə də yoldaşım Faiqin maddi qüvvəmiz var idi, onunçün məxaricin və zərərin cümləsini üçüncü yoldaşımız Məşədi Ələsgər çəkirdi. Həmin Məşədi yoldaşımı hədsiz təşəkkürlərlə yad edirəm və deyirəm ki, bu yoldaşımız məşədi məsləkiliyilə bərabər, o qədər ki, maarifə və maarif yolunda xərc qoymağa həvəsi var idi, az bir qeyri məşədidə də belə həvəs ola bilər. Bəhər hal, bizim “Qeyrət” mətbəəsinin möhkəmləşməyi yolunda da və pansionumuzun davamı yolunda da onun xeyli xərci çıxdı və bunlar hamısı onun üçün nəticədə zərərdən başqa bir özgə şey olmadı.

Mətbəəyə həmi kənardan sifarişlər qəbul edirdik, həmi öz əsərlərimizdən çap edirdik. Mən “Poçt qutusu”nu kitabça surətində çap etdirdim. Ömər Faiq “Qeyrət” adlı əsərini çapa verdi və bunlardan əlavə yomiyyə teleqrafları çap edib, əlahiddə vərəqələr surətində dağıdırdıq.

Bu vaxtlar Rus-Yapon davası axırda yetişdi. Amerikanın Port-smut şəhərində Rus və Yapon hökumətləri mabeynində sülh əhdnaməsi bağlanırdı və az qalırdı ki, əhalinin qulağı müharibənin top və tüfəng söhbətlərindən və tökülən minlərcə qanların müsibətindən xilas olsun. Bu heyndə erməni-müsəlman davası başladı. Dünya yenə bir-birinə dəydi və ələlxüsus ki, biz. Çünki mətbəəmiz, məktəbimiz və mənzilimiz erməni evində və erməni məhəlləsində idi, xeyli rahatsızlıq çəkdik. Qabaqlarda, – nə qədər ki, erməni-müsəlman toqquşması Qafqazın qeyri şəhərlərində idi, – ümid edirdik ki, bəlkə Tiflisə sirayət etməyə. Elə ki, Tiflisdə hökumət tərəfindən məxsus şeytanlar və provakatorlar bu misli olmayan səfahəti və bədbəxtliyi Tiflisə də gətirdilər, bizim halımız çox yaman oldu. Bir tövr şagirdləri və əhli-əyalımızı köçürtdük qeyri bir məhəlləyə və evimizdən çıxıb qaçdıq. Və lakin ermənilər tərəfindən mətbəəmiz zəbt olundu və olundu da, sabahısı azad olundu. İntəhasız təşəkkürlə yad edirəm haman iki nəfər erməni cavanlarını ki, erməni məhəlləsində bizə mühafiz oldular və mətbəəmizin özümüzə qaytarılması barəsində qərardad etdilər. Kim idilər onlar və hansı firqəyə qulluq edirdilər? Bizə məlum olmadı.

Çün məqsəd burada erməni-müsəlman davasından rəvayət etmək deyil, onunçün bu söhbəti burada qoyub keçirəm əsl mətləbə. Ancaq bir nöqtə barəsində ikicə sətir də burada əlavə etmək istəyirəm:

Erməni-müsəlman ədavəti, bu iki qonşunun tarixində qara səhifələrdir və qanlı bir yadigardır. Və keçmişdə hər nə olubsakeçib gedibdir, ən səmimi-qəlb ilə və etiqadı-tam ilə deyirəm ki, daha o qara günlər bizim məmləkətdə həmişəlik bir qəmli yadigar olar və ancaq yadigar olacaqdır. Və o bədbəxtliyi yaradan, ona ruh verən hökumət əbədi puç olan kimi, bu iki qonşunun və iki qardaşın dəliliyi də həmişə puç olub gedibdir. Ancaq məni nigaran edən nöqtə bu olur ki, erməni-müsəlman münaqişəsindən söhbət açdıqda mən erməniləri türk mətbəəsinə hücum edən və mətbəə sahiblərini öz mənzilindən qaçırıb, erməni sərkərdələrinə müti olan qələmə verdim. Və əhyana buradan ona işarə olmaya ki, erməni milləti hər bir nöqtədə hücum edənlər imiş və türklər ancaq ermənilərin hücumunu müdafiə edənlər imiş.

Bu qədər var ki, bu yazı-pozular özü bir tarixdir və burada rəvayət olunan macəralar da, əlbəttə, tarixdir. Və çün burada qeyd olunan sözlər gələcəkdə müvərrixlər üçün bəlkə də xeyli lüzumlu bir material ola bilər, nə eyb edər ki, bəndeyi-həqir burada da bir mühüm məsələyə öz cavabımı səbt edəm. Aya, bu iki millətin bu ədavətdə bani hansı idi və müdafiəçi hansı idi və müqəssir hansı idi, məzlum idi? Biz bu suala xah camaat içində və xah mətbuat vasitəsilə öz vaxtında yeri düşəndə lazımi cavab vermişik. Və hətta “Molla Nəsrəddin” məcmuəsinin birinci nömrəsində də bu ən mühüm və nə birinci məsələ barəsində öz nöqteyi-nəzərimizi elan etməyi lazım gördük. Məcmuəmizi yadda saxlayanlar və birinci nüsxəsini qeyd etməyib yadigar üçün saxlayanlar bilirlər ki, birinci nömrəsinin bir səhifəsində, sənə min doqquz yüz altıncı ildə aprel ayının altısında erməni-müsəlman davasının qızğın vaxtlarında biz bir belə şəkil çəkmişik: bir müsəlman kəndlisi öz inəyini bir rus soldatına təklif edir və əvəzində onun tüfəngini istəyir. Buradaca bir erməni kişisi yenə haman tüfəngli soldata bir paçka əskinas pul təklif edir və onun tüfəngini istəyir. Bu şəkil özü erməni-müsəlman davasında, bu iki tayfanın bu davaya hazırlaşmaq həvəsini bərabər mizanda göstərir.

Və xah o vaxtlar, xah ondan sonra, illər uzunu bu iki qonşunun bir-birinə olan ədavətini və onların bir-birilə vuruşmağını tədqiq etdikdə bunu gördük ki, əgər burada bir qəbahət varsa, o qəbahətə bu iki millət müsavi surətdə şərikdir. Və əgər bunların birisi bigünah və məzlumdursa, o biri də habelə günahsızdır. Bəs niyə bunlar, qabaqlarda, əsrlər uzunu bir-birilə qardaşcasına dolanan iki qonşu birdən-birə yırtıcı heyvan olub, bir-birinin canına daraşdılar? Hər bir kəs ki, o vaxt Rus-Yapon davasının nəticəsində zəif düşən çar hökumətinin vəziyyətinə və politikasına vaqif idi, o vaxta görə bilərdi ki, erməni-müsəlman ədavəti Peterburq siyasətinə xeyli əlverişli bir məsələ oldu, çünki Qafqazın bu iki güclü millətləri öz içəri dərdlərinə mübtəla olanda, əlbəttə dəxi Rusiya hökumətinin politikasına qarışmağa vaxt tapa bilməzdi. Və sonralar erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurdalayıb oradan gizli və sirri materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, o sənədlər aşkar bir dəlillərlə sübuta yetirdi ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə küşkürən tək bircə Rusiya hökuməti idi. Onunçün də bu iki qonşunun ən sədaqətli insan-dust və tərbiyəli ünsürləri, nə qədər bu ədavəti söndürməkdə təlaş etdilərsə, arada hökmfərma olan gizli şeytənət və provakasiyanın bərəkətindən bu zəhrimar ədavət uzun illər müddətində davam etdi və minlərcə günahsız zəhmətkeşlərin müsibətinə səbəb bir nagəhan bəla oldu.

Sənə min doqquz yüz beçinci ilin müddətində biz ancaq mətbəədə xüsusi sifarişlər qəbul etməyə və bir az müddət də teleqrafları çap edib paylamağa məşğul olduq. Zəmanə gəldikcə qarışırdı. Bir tərəfdən erməni-müsəlman davası bizi camaat işinə qarışmağa və iki millətin ədavətini söndürmək yolunda əlləşməyə məşğul edirdi, bir tərəfdən də Rusiya hökumətinin yapon müharibəsindən zəif düşdüyü fürsət sayıb əzilmiş millətlər baş qaldırmağa başlamışdılar və hərə öz tələbatını ortalığa qoyub hökumətə ariz olmuşdu.

Bir qədər vaxt ruznaməyə sahib olmağa ümidimiz gəlmirdi. Çünki keçmişdə minlərcə zəhmətə düçar olub bağlanan türk cəridələrini nəzərə alıb, bu barədə tamamən naümid idik. Bilirdik ki, türk mətbuatını gözləri götürməyən sansorlar, Qaraxanov və kişmişovlar hələ ölməyiblər. Və nə qədər ki, onlar ölməyiblər və sansorluqda vardırlar, ruznaməyə izn ala bilsək də, bir şey yaza bilməyəcəyik. İzn almaq da çox çətin bir əmr idi. Bunu görürdük ki, Hacı Zeynalabdin kimi o əsrin pəhlivanı “Həyat” qəzetinə izn hasil eləmək üçün Peterburqa, padşah yanına Bakıdan xüsusi adam göndərməyə məcbur oldu. Və bunu da görürdük ki, icazə alsaq da, “Şərqi-Rus” kimi ya ruhaniləri təməllüq[xli] etməyə məcbur olacağıq ki, qəzetimizə prixod mollaları abunə olsunlar, ya da “Məzhər” qəzetinin sahibi Kamal Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun.

Bircə bunu bacara bilmirdik. Onunçün bir övqat teleqrafları çap eləməklə, gələcəkdə təzə bir qəzavü-qədərə müntəzir olduq.

Qəzavü-qədər də çox uzaqda deyil idi. Günü-gündən millətlər qımıldaşırdı və özləri üçün hökumətdən növ-növ azadlıq tələb edirdi. Hökumət də nə verə bilirdi, nə verməyə bilirdi. Onunçün də Rusiyada əmələlər və idarələr ümumi tətilə başladılar. Yollar bağlandı, tərəddüdlər kəsildi və Rusiya hökuməti 17 oktyabr manifesti ilə əhaliyə tamam azadlıq bəxş etdi. Həmin bu manifest əhalini bir növ sakit etdi.

Və çün məlumdur ki, həmin bu zamanda Qafqaz türklərinin mətbuatı ölü, bəlkə yox bir halda idi, onunçün biztək öz dərdlərini qələmlə meydana qoymağa həris olan yazıçılar – xah bizim millətdən, xah qonşu millətlərdən – hökumətdən qəzet icazəsi istəməyə başladılar. Biz türklərdən bu icazəni istəyən Bakıdan Əhmədbəy Ağayev idi, Tiflisdən belə icazə istəyən Məhəmmədbəy Vəkilov, Rəşidbəy İsmayılov idi və yenə bir Nuxa əhli idi ki, adı gərək Mustafayev ola. Batumidən Məhəmmədbəy Sancaqbəyzadə idi və Tiflisdən də mən idim.

Amma üç yüz illik Romanov hökumətinin istibdadı hələ polad kimi bərk idi. Elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində genə qəzetə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda dəb gəldi. Çünki, doğrudur, Balıda Əlibəy Hüseynzadəyə və Əhmədbəy Ağayevə “Həyat” qəzetini nəşr etməyə icazə verildi, amma mənim və saydığım istidaçıların[xlii] ərizələrinə hökumət tərəfindən bir xəbər çıxmadı.

Mən həmin min doqquz yüz beşinci ildə icazəni istədiyim qəzetin adını “Novruz” qoymuşdum. Və ümidim bu idi ki, bir surətdə ki, təzə bir zəmanə ortalığa gəlir, bəlkə bizim üçün də həqiqətdə təzə bir gün yazılıbdır. Və bəlkə də hökumət insafa gəlib bu qəzeti bizə şəfaət eləməklə bizim də “novruz”umuzun yavıqlaşmağına səbəb oldu.

Bunu da demək istəyirəm ki, hərçənd qəzet çıxarmağa hökumətdən izn istəmişdim, ancaq bir tərəfdən bu icazəni ələ gətirməyə ümidim çox az idi; necə ki, elə də oldu.

Doğrudur, Bakıda “Həyat” qəzeti min doqquz yüz beşinci ilin yay fəslində intişara başladı, amma bu qəzetin icazəsi Qafqaz hökuməti tərəfindən yox, ancaq Peterburqdan verildi. Haman vaxt ki, Qafqazın canişini Voronsov-Daşkovun Qafqaza təzə təyin olunmağını eşidib, Hacı Zeynalabdin birbaş Peterburqa Voronsovun yanına məxsusi adamla ərizə göndərmişdi. Onunçün, necə ki, yadıma gəlir, “Həyat” qəzetinə canişin Voronsov-Daşkov sənə min doqquz yüz beşdə, hələ Tiflisə gəlməmiş icazə verilmişdi.

Digər tərəfdən “Həyat”ın birinci nömrələrini oxuyanda elə yadımdadır ki, mən çox da artıq təəssüf eləmədim, qeyriləri bir belə ruznaməyə sahib olurlar, mən ola bilmirəm. Burada mən qəzet sahibləri Əlibəyi və Əhmədbəyin yazıçılıqda çox məharətli olmaqlarını təsdiq edə-edə onların qəzetlərini o yerdə xoşlamadım ki, birinci nömrənin baş məqaləsində möhtərəm qələm sahibləri çox da islamdan və müsəlmançılıqdan dəm vururdular və elə bilirəm ki, səhv eləmərəm əgər desəm ki, adi bir islam mübəlliği[xliii] kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində dəxi də sabit-qədəm və bərqərar olmağa dəvət edirdilər.

Mən onu bilirəm ki, o vədələr milli intibah dövrü idi və o vədənin əhli-qələmləri və jurnalistləri “millət, millət” deməyə bir növ haqlı idilər (Söz yox, deməyə də bilərdilər). Ancaq islam tayfalarının uzun əsrlər müddətində fəlakət və cəhalətdən qurtarmamaqlarına, tək bircə islam dinini bais hesab edən bir dinsiz üçün o vaxt “Həyat”ın moizələri əlbəttə genə xoş gələ bilməzdi. O səbəbə xoş gələ bilməzdi ki, qəzetdə bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim nə idi. Və əgər heç bir şey deyil idi, məxsus avam camaatı qəzetə rağib eləmək idi. Mən o vədə burada da qəzet sahiblərini haqlı birlmirdim. Və bu barədə məsləkcə hətta “Şərqi-Rus” və “Həyat” qəzetlərini bir-birinə şərik təbir edirdim. “Şərqi-Rus” qəzeti də tirajın artmağı mülahizəsi ilə ruhanilərə əlaqəyə girişməyi özünə rəva gördü.

Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm.

Və qələm götürdüm, ərzi-hal yazıb Tiflis qubernatoruna verdim və “Novruz” qəzetini nəşr etməyə icazə istədim. Bilmirdim veriləcəkmi bu icazə, ya yox. Və lakin ürəyimin dərdi çox idi.

Və Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi. Material o qədər idi ki, şairlərə deyən kimi:

 

Yaza-yaza dərdimi aləmdə kağız qoymadım,

Axırı bir guşeyi-divara yazdım dərdimi.

 

Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir bədbəxt müsəlman zəhmətkeşi – ki, onun adı Usta Zeynaldır,– o qədər dini cəhalətə cumubdur ki, bu cəhalətin bərəkətindən həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar. Təmiz odur ki, bitli-sirkəli də olmuş olsa, ancaq etiqadca müsəlman olsun, Əli şiəsi olsun və murdar odur ki, çox pakizə və təmiz də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan da çıxmış olsa, bir surətdə ki, o müsəlman deyil, ermənidir, rus və gürcüdür, o adam murdardır.

Mən də kağız tapa bilməyib divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bədbəxtliyini təsvir edim. Və haman min doqquz yüz beşinci ilin yay fəslində “Usta Zeynal” hekayəsini yazdım.

Yazmaq istəyirdim! Çox istəyirdim yazmaq! Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım?! Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağa hökumət izn verəcək. Və görürdüm ki, necə ki, qəzet icazəsini almaq mümkün deyil, habelə də əl yazısını da kitab surətində birdəfəlik çap eləməyə sansor idarəsi mane olur. Və çarə nədir? Yazırdım, görək nə vaxt bu yazıları çapa vermək mümkün olacaq.

Kim idi sansorlar? Elə bədbəxtliyin bir böyüyü də bu idi ki, bizim o vaxtın mətbuatının bir düşməni hökumət qanun və qərardadları ola-ola, o biri düşmənləri də Kişmişov kimi sansorlar idi.

Bir vaxt Tiflis sansor komitəsinin həmin iki nəfər sansorları – ki, ikisi də erməni idilər – Tiflisdə rus dilində nəşr olunan “Tiflisski listok” adlı bir qəzetdə türk mətbuatının ziddinə bir böyük kampaniya açmışdılar. Bu qəzet sahibi də Xaçaturov adlı bir erməni idi. Qəzet hərçənd rus dilində nəşr olunurdu, amma onun ikicə məsləki var idi: biri öz cibinə qulluq eləmək idi; digəri də erməni millətinin mənafeyini müdafiə etmək idi.

Və insafla danışsaq qəzetin sahibi bu iki məqsədin ikisinə də canü-dildən qulluq edirdi. Qəzet gündəlik idi və rəsmi “Kavkaz” qəzetindən sonra şöhrətdə ikinci qəzet idi. Amma şəhər içində o qədər böyük tiraja sahib olmuşdu ki, qəzetin iki axırıncı səhifələri kiçik və böyük elanlarla dolu olardı. Və bu elanlardan qəzet sahibi o qədər pul qazandı ki, Tiflisin mərkəzində ali bir binanı satın aldı. Və qəzetin mətbəəsini, idarə və kantorasını və öz mənzilini orada yerləşdirdi. Necə ki, birinci məqsədi belə bir müvəffəqiyyətlə ələ keçmişdi, erməni millətinin yolunda da canü-dildən işləməkdə idi və erməi-müsəlman ədavəti ortalığa düşəndən sonra, qəzet bu yolda çox həvəslə meydan sulamağa başladı.

Yuxarıda adları zikr olunan Kişmişov və Qaraxanov sansorlar “Tiflisski listok” qəzetində türk mətbuatı əleyhinə həmişə kampaniya aparırdılar. Və həmişə Rusiya hökumətinin nəzərinə bunu yetirmək istəyirdilər ki, Qafqazda cəmi türk ədib və jurnalistləri “panislamistdirlər” və türk jurnalistləri Qafqaz camaatını islam bayrağının altına çəkmək istəyirlər və bu ittihadi-islam bayrağının da osmanlı sultanının əlində olmağını arzu edirdi və buna da çalışırlar.

Xah “Tiflisski listok” qəzetinin bu kimi yazıçılarının məqalələrinin və xah qeyri bir yol ilə bu yolda təlaş edənlərin cidd-cəhdinin nəticəsi o oldu ki, axırda Bakıda “Həyat” qəzeti hökumət tərəfindən bağlandı.

Bununla bərabər Rusiya hökumətinin başı qarışdıqca, azadlıq axtaran millətlər də hökumətin zavalını arzu edən ünsürlər qəflətdə deyildilər. Bunlar cümləsi başalrını qalxızıb üsyana hazırlaşırdılar. Əmələlərin və idarələrin ümumi tətillərinin və hökumət məmurlarına qarşı başlanan sui-qəsdin arası kəsilmirdi. Və bu hal getdikcə o qədər şiddət elədi ki, Peterburq hökuməti məşhur “On yeddi oktyabr manifesti”ni elan etməyə məcbur oldu. Hərçənd bu manifestlə Rusiya təbələrinə növ-növ azadlıq əta olunurdu[xliv], ancaq bu boş vədələrə camaatın o qədər də eetimadı yox idi; necə ki, arasından bir az vaxt keçəndən sonra, manifest mürurla ləğv olundu getdi və çar istibdadı genə qabaqkı kimi öz dövranını sürməyə başladı.

Və lakin bu barədə çox ax bir müddətin fasiləsində mətbuat dünyasında xeyli bir nəfəs genliyi əmələ gəldi. Min doqquz yüz altıncı ilin radələrində, yadımdadır, hər bir kəs hər nə kefidir, yazmağa və nəşr eləməyə başladı. Və yadımdadır ki, qələm azadlığı o yerə çatdı ki, bir gün bazarda qəzet satan uşaqları “Kukureku” çağıra-çağıra şəkilli bir jurnalı satan gördüm. Bu jurnal rus dilində çap olunurdu. Adı “Kukureku” idi. Və jurnalın haman gün rast gəldiyim bir nömrəsində bir xoruz şəkli çəkilmişdi. Xoruzun başı əsrin padşahı Nikolayın başı idi. Boğazı və bədəni xoruz idi. Şəklin təfsilatı indi yadımda deyil. Ancaq haman jurnal nömrəsi mənim üçün xeyli bir qiymətli yadigardır.

Xudaya, yuxudurmu bu, ya eyni həqiqətdir?! Padşahı da mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb dünyaya nəşr etmək?

Şəkli alıb qaçdım yoldaşımın yanına.

- Faiq, hələ durmusan? Məgər durmalı əsrdir? Məgər dinməmək olar? Məgər fürsəti fövt etməkmi olar? Burada əsrin allahını şəkillərdə çəkirlər, onu xoruza oxşadırlar, amma bizi indiyədək qoymuyublar ki, nəinki padşahın şəklini çəkmək, qoymuyublar onun ismini dua və sənasız zikr edək. İndi padşahı istehza edirlər, amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxananın lotuluğunu tənqid edək. Qoymuyublar başımızın üstünü kəsən minlərcə zorbazorların zülmlərindən bəhs edək. Qoymuyublar islam millətini çürüdən və çürütməkdə olan milyonlarca müfsid[xlv] həşəratların eyblərini açıb camaatı mütənəbbih edək[xlvi]. Amma yoldaş Faiq, bu nədir, əsrin şahını gör nə günə salıblar!

Bu qədər var ki, “Kukureku” jurnalında xoruz şəklində çəkilən Nikolay padşahla mənim işim yox idi. Və bu karikatura ilə artıq maraqlandığım ondan ötrü idi ki, dəxi qələmləri azad görürdüm. Bir surətdə ki, əsrin padşahını , əhalinin yüz illərcə ölüsünün və dirisinin sahibi və qibləgahını xoruz şəklinə salmaq mümkün imiş, elədə bəs niyə durmaq və niyə dayanmaq və niyə fürsəti fövtə vermək?! Hələ Nikolay padşah bir saatlığa kənarda qalsın, bəs biz öz qibləgahlarımızı nə eləyək? Bəs biz öz padşahlarımızın kefini nə səbəbə sormuyaq? Biz öz qibləgahlarımızın niyə dərdinə qalmayaq? Məgər bizim öz Nikolayımız yoxdur? Məgər Şərqin məhəmmədəliləri ölübdürlər? Məgər şahzadə məhəmmədəlilər tək bircədirlər? Bəs hədd-hesabsız prinslər, xanlar, sultanlar, hakimlər və məmurlar Nikolaydan geri qalırlar? Bunlar keçəndən sonra əmmaməli həşəratı nə eləyək? Bəs onlar nə vaxtadək cənnət, abi-kövsər vədəsilə bədbəxt islam camaatının qanını soracaqlar? Bəs nə vaxtadək avam camaatı məscid və imam mərsiyəsinə məşğul edə-edə elm-maarifdən və savaddan uzaq saxlayacaqlar?

Onunçün Nikolay padşahla o qədər işimiz yox idi, çünki bunu da görürdük ki, rus padşahı və Rusiya istibdadını bizdən də çox qüvvətli olan şimal və xaçpərəst qələm yoldaşlarımız iti qələmlərinin nişanəsinə qoymuşdular. Amma bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi, şah və sultan istibdadı idi və şəriət zülməti idi, vətənimizin İran tərəfində sultanların, şahların “keyfə-mayəşa”sı idi, müctəhid və şeyxül-islamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin bəyliyi idi. Və min-min bu qism həşərat ünsürlər meydanda özlərini tək görüb və camaatı cəhalət qaranlığında kar və kor görüb meydan sulamaqda idilər...

Hətta Nikolay səhldir. Bu bir padşahdır ki, bunu xoruza da oxşatmaq olar və hətta bunu vurub taxtından yendirmək də olar. Hətta şahlar da və sultan da qolaydır; bunları da yox eləmək olar. Digər əmmaməli şah və sultanlarımızı: bəs şəriətmədarları və fazilləri nə eləyək? Dindar camaatı hələ başa salmaq olar ki, şahsız və sultansız məmləkət şura üsulu ilə idarə oluna bilər. Bəs şəriətmədarlar və din mühafizləri barəsində avam camaata nə deyək? Və necə dindar avamı başa salaq ki, bunların vücudu nəinki lüzumsuzdur, hələ bəlkə məzərrətlidir.

Paho, nə danışırsan və kimin sözünü danışırsan? Sənin sözündən qan qoxusu gəlir. Kimin sözünü danışırsan? Mollaların? Axundların? Onlara bu min illərcə kimsə bata bilməyib. Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. Hələ “Şərqi-Rus” qəzeti əsrini demirəm ki, molla və axundların həmin cəridə ehtiramını da saxlamağı lazım görürdü. Hətta min doqquz yüz beşinci il oktyabrdan da sonra türk cəridələri mollaların nüfuzundan özlərini uzaq saxlaya bilmədilər və onların dindar ümmətlərinin və təbələrinin xatirəsi üçün əksər övqat özlərini dinpərəstliyə də vururdular. Bakıda “Həyat” qəzeti öz baş məqalələrində osmanlı xəlifəsini islam ümməti üçün qibləgah qərar verirdi; şəriət hamilərini və qaziləri “həzrət” adlandırıb, kəmali-ehtiramla onlara təməllüq edirdilər. Və haman oktyabrın manifesti camaata azadlıqlar müjdəsini elan edəndən də sonra “Həyat” qəzeti Molla Əbutürab Axund oğlunun “Bizə hansı elmlər lazımdır” sərlövhəli məqaləsini dərc edirdi. Və bu məqalədə müqəddəs əhli-qələmimiz yazırdı ki: “Bizim oxucularımız Avropa əhalisini insaniyyət və mədəniyyətdə dərəceyi-kəmala yetiriblər, amma mən deyirəm ki, Avropa əhalisi qanuni-siyasi-ilahiyyədən azad olduqlarına görə eyni vəhşətdədirlər... Hikməti-təbii bilməklə insan olmaq olmaz. Hikməti-ilahi ilə kamil olmaq insanı insan edər”. Girəm ki[xlvii], bu sözlərə “Həyat” qəzeti sahibi o zamanəyə görə kafi bir cavab veribdir. Ancaq bu məsələ barəsində mütəəssib və nadan islam camaatı mühitindəki Axund Əbutürablar məscid və minbərə iktifa etməyib hələ genə qəzet sütunlarında da onlara yuxarı başda yer verirdilər.

Genə deyirəm ki, on yeddi oktyabrın azadlıq suru çalınanda və Nikolay padşahın şəkli xoruz şəklində jurnallarda çəkilən zaman mənim zehnimi məşğul edən o qədər sultanlar və padşahlar deyil idi, nə qədər ruhanilər idi. Çünki mən bilirdim ki, islam millətləri içində nə qədər ki, şəriətin ehkamı caridir, nə qədər ki, şəriət sahibləri məscid və minbərlərdən camaatı behişt və huri vədələri ilə iğfal[xlviii] etməkdədirlər və nə qədər ki, avam müsəlman ümmətləri din mövhumatı içində çürüməkdədirlər, o qədər də onların gözü açılmayacaq ki, yaxşı ilə yamanı seçə bilsinlər və azadlığın qədrini bilə bilsinlər. Və bilməyincə də məlumdur ki, azadlıqların heç birindən istifadə edə bilməyəcəklər.

Vaqeən – necə ki, hal-hazırda – həmçinin o zaman, Şərqin qaranlığını təsəvvür edəndə insana elə bir təəccüb, heyrət üz verir ki, axırda əcayib bir şeyə gülən kimi burada da insana bir mayeyi-gülünc və məzhəkə üz verir. Vaqeən damın üstündə paltar sərən bir kəndli övrətinin dam üstündə burnu gicişib asqırmaqla xanın ziyarət müsafirətindən geri qayıtmağına məgər gülməməkmi olar? Yaxud rəxtabda uzanıb gözlərini axıda-axıda dodaqları ilə dua vird edən bir xəstənin namaz qılmağı məgər gülünc deyil? Və belə gülünc bir zamanda, belə quli-biyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər “Molla Nəsrəddin”in yaranmağı təbii deyil?

“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.

 

“MOLLA  NƏSRƏDDİN”İN  BİRİNCİ  NÖMRƏSİ

 

Və elə ki, fürsət ələ düşdü, o zamankı azadi-tələb firqələr müharibədən zəif düşmüş Nikolay hökumətinin üstünə hücum başladılar. O vaxt biz də vaxtdan istifadə edib özümüz üçün bir zəminə axtardıq ki, orada biz də öz dərdi-dilimizi deyə bilək.

Və lakin çar hökuməti ilə mübarizəni hələ ikinci növbəyə buraxdıq. Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci növbədə əziz və nadirülvücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxtiqara Şərqin yatmış millətlərin qəflət yuxusunu öz ustadanə fırçası ilə təsvir etsin. Və isəvi tarixinin min doqquz yüz altıncı ilində aprel ayının yeddisində səhneyi-intişara qoyulan birinci “Molla Nəsrəddin”in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onu haman tarixdə yaratdı.

Burada yatanlar haman bizim bədbəxt millətimizdir; hərçənd dünyada bədbəxt və lakin axirətdə cənnət sahibi müsəlmanlardır.

Həmin xoşbəxt Allahın bəndələri bərk yatıbdır. Hərçənd Nikolay, müharibədən sınmış və torulmuş Nikolay, inqilab ehtiyatı təsiri altında müvəqqəti olaraq camaata azadlıqlar elan edibdir, xoşbəxt müsəlmanlar yatıblar. Hərçənd Nikolay padşah bu manifesti min cür bəhanə ilə geri almaq istəyir, behiştliklər hələ yatıblar.

Gürcülərin hökumətə qarşı tulladıqları bombaların gurultusu hərdən bir yatmışları deyəsən yuxudan dəbərdir. Amma yenə yatıblar, çünki yuxu çox şirindir. Bu yuxuda yatmış xoşbəxtlər gecə şirin-şirin yuxular görürlər: budur cənnətin qapısı açılıbdır və cənnətin sahibləri peyğəmbərlər və imamlar özləri də orada səadətin içinə cummaqdadırlar və həmin mömün ümmətlərini də uzaqdan görüb öz yanlarına dəvət edirlər. Burada hər bir nemət mühəyyadır. Haman nemətlər ki, əvvəl Quran və sonra müctəhidlərin və fazillərin kitablarında bəyan olunubdur. Necə cənnət! “Tücri min təhtihəl-ənhar”, orada ağacların altında nəhrlər axacaqdır, “xalidinə fiha”. Bu nemətlər və bu səadət cənnətdə daimidir və heç bir vaxt olmayacaq ki, bu səadətin intəhası olsun...

Amma hamısı da yatmayıb: gərnəşənlər də vardır, oyanmaq istəyənlər də vardır.

Bu mənzərəni gördükdə “Molla Nəsrəddin” birinci nömrəsinin baş məqaləsində üzünü tutub həmin yarı-tuxulu, yarı-oyaq müsəlman qardaşlara və deyir:



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info