Qonaq Kitabı
XATİRATIM

Dəxi onda mən yəqin elədim ki, dayım oğlunun və ərusinin mabeynində həmişə ülfət əmələ gələcək və bunların evladı səlamət və saleh olacaqdır. Və bu nigah hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir.

Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. Və səbəbsiz yerə başladı təzə övrətini döyməyə. Az keçmədi ki, dəliliyi şiddət elədi və axırda öldü getdi.

Xülaseyi-kəlam.

O qaranlıq dünya ki, mən birinci dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən günün hər bir saatında, dəqiqəsində və saniyəsində mən ata və anamı, dayımı, qohum-əqrəbamı, qonşularımı və cəmi mömün vətəndaşlarımı namaz qılan görmüşəm: “A l l a h ü - ə k b ə r!”.

Bu saydığım Allah bəndələri namaz qılmağa iki babətdən giriftar idilər: məhəbbətdən və qorxudan.

Məhəbbət namazın sahibi pərvərdigari-aləmə idi ki, bu mömün bəndələri inandırmışdı ki, təyin olunan namazları vaxtı-vaxtında əda edənə axirətdə veriləcək cənnətlər; haman cənnətlər ki, “tücri min təhtihəl-ənhar xalidinə fiha”; nələr? Övrətlər və uşaqlar. Və hər növ ləziz meyvələr və şirin sular.

Qorxuları nədən idi? Qorxuları ondan idi ki, imam Museyi-Kazim buyurarmış ki, yetmiş peyğəmbəri qətlə yetirənin min dənə məshəfi[xx] yandıranın və həftad[xxi] dəfə zina eləyənin günahı o kəsin günahından azdır ki, təyin olunan vacibi namazların birini qəzaya qoyandan sonra vaxtını keçirib əda etməyə.

Və hər gün məsciddə əsnayi-moizədə Axund Molla Tağı deyərdi ki: “Həqq taala cəlli-cəlala buyurur ki, duzəxdə[xxii] bir ilan var ki, uzunluğu altmış fərsəxdir. Və o ilanın ağzına bir möhr vurulub ki, bir nəfər binamaz oraya gəlməyincə ağzını açmasın”.

Qorxuları ondan idi ki, namazların cümləsini cabəca etməyib Allah-taala yanında şərmsar olalar. Bu surətdə ki, namaz sahibi öz müqəddəs kitabında açıqca əmr edibdir ki, “tətəcafa cünubihim ənilməzaci”; yəni onların, mömünlərin qabırğaları isti rəxti-xabdan[xxiii] gecənin bir vaxtı şirin yuxudan ayılıb qalxacaqlar ki, namazlarını əda etsinlər, Allah-taalaya ibadət etsinlər.

Bəs sən necə namazını keçirə biləcəksən? Və nə cürətin var keçirəsən?..

Onunçün də hər növ ilə olmuş olsaydı, mənim haman vətəndaşlarım labüdd gərək namazlarını əda edə idilər. Əgər səhhət halında idilər, ayaq üstə gərək əda edə idilər, əgər bimar idilər gərək oturduqları yerdə namaz qıla idilər.

Və burada mənim yadımdadır ki, rəhmətlik dayım bir gün elə naxoş oldu ki, yerinin içində uzandığı yerdə istədi durub otura və zöhr namazını əda edə, durub otura bilmədi və oğlunu göndərdi Axund Molla Tağıdan məsələ eləsin ki, aya, onun təklifi nədir ki, otura da bilmir ki, namazını qılsın?

Axund Molla Tağıdan bir belə müxtəsər cavab gəldi ki, “Bir surətdə ki, otura da bilmir, caizdir ki, uzandığı yerdə namazını qılsın”.

Dayımın oğlu bu cavabı gətirəndə dayım uzanmışdı döşəyin üstündə və Axund Molla Tağının belə cavabını oğlundan eşidəndən sonra bir o tərəfə çöndü, bir bu tərəfə çöndü və oğluna dedi ki, saata baxsın görsün saat neçədir. Günortadan iki saat yarım keçirdi. Və oğlu dayıma belə də dedi. Dayım güclə akoşqaya tərəf baxdı. Mən gördüm ki, günün nə vaxt olmağını təhqiq eləmək istəyir. Sonra genə bir o tərəfə-bu tərəfə vurnuxdu. Bir stəkan su istədi ki, içsin. Suyu verdilər. Suyu içəndən sonra bir salavat çevirdi və oğluna həzin səslə dedi:

-     Oğlum, qorxuram, günorta namazını qəzaya[xxiv] qoyam, çünki yatdığım yerdə də deyəsən namazımı qılmağa taqətim yoxdur. Dur get, Hacı Molla Tağıdan mənim bu əhvalımı məsələ elətdir.

Dayım oğlu durdu getdi və övrəti Tükəzban, yəni mənim dayıcanım, gəldi çökdü dayımın yanında və kefini soruşdu və dayıma turşulu aş təklif elədi. Dayım bilmirəm nə dedi və dayıcanım yorğanı örtdü dayımın üstünə və durdu getdi. Ondan sonra yadımdadır ki, dayım övrəti Tükəzbanı çağırdı. Mən elə bildim ki, su istəyir, ya aşdan-yeməlidən bir şey istəyir. Amma bunlar deyilmiş. Tükəzban dayımın yanına yavıqlaşanda dayım övrətinə ancaq bunu dedi ki:

-     Ay qız, deyəsən namaz qıla bilməyəcəyəm.

Hələ məzəli dayım oğlumun Hacı Molla Tağıdan qayıtmağı və Hacı Molla Tağının cavabını dayıma yetirməyi və dayımın yatdığı yerdə namaz qılmağıdır ki, bunun tul təfsilini mən yadımdan çıxara bilməzdim, çünki yaddan çıxarmaq heç mümkün deyil.

Dayıoğlum gəldi, salam verdi və diz üstə çökdü atasının yanında və ərz etdi:

- Ata, Hacı Molla Tağı buyurur ki, bir surətdə ki, atan o qədər zəifdir ki, yatdığı yerdə də namazını qıla bilmir, onda sahibi-şəri-şərif bizə bu barədə müəyyən bir yol göstəribdir ki, o yol ilə əlbəttə biz də gedək. Axund Hacı Molla Tağı mənim öz yanımda Seyid Məhəmmədbağır Rəşti müctəhidin “Sual və cavab” kitabını açdı oxudu və hətta bir özgə müctəhidin də risaləsini açdı və baxdı və mənə belə bəyan elədi ki, hər bir məriz, bir surətdə onun yatdığı yerdə də namaz eləməyə taqəti olmasa, labüddür ki, başı ilə işarə eləyə-eləyə namazını qılsın. Əgər başı ilə də işarə eləməyə aciz olsa, o vaxt gözlərilə işarə eləyə-eləyə namazını qılsın gərək. Və əgər gözü ilə də işarə eləməyə imkan olmasa, o vaxt namazın ibarələrini kifayətdir ki, xatirinə gətirə və beləliklə namazı öz könlündə gərək qıla.

Dayıoğlum bu sözləri deyəndən sonra yazıq qoca dayım arxası üstə çökdü və gözlərini akoşqaya tərəf axıtdı və həzin səslə soruşdu:

-     Günün nə vaxtıdı? – Oğlu dedi ki:

-     Gün əyilibdir.

Dayım burada öz-özünə bir-iki dəfə “Allahü əkbər” dedi və başladı öz-özünə dodaqlarını tərpətməyə. Dayıcanım qorxa-qorxa istədi ərinin yanına gələ, amma dayım acıqlı səslə “Allahü əkbər” deyib arvadı geri qaytardı. Burada məlum oldu ki, kişi Hacı Molla Tağının təliminə müvafiq öz könlündə namaz qılır.

Burada bunu lazım bilirəm deyəm ki, mən o vaxtlar ancaq altı-yeddi yaşında ola bilərdim. Xalaoğlum Əhməd də mən yaşda idi. Biz hər ikimiz dayıoğlunun Hacı Molla Tağı tərəfindən gətirdiyi cavabları və dayımın namaz qılmağını görürdük. Dayım dodaqlarını tərpədə-tərpədə və gözlərini axıda-axıda namaz qılanda mən diqqətlə oturub bu işlərdən təlim alırdım, çünki mənim atam da və anam da dayım kimi dindar idilər və məni bərk-bərk Allaha, məscidə və ibadətə yavıq saxlardılar, onunçün də mən dayımın öz uzandığı yerində, göz-qaşla namaz qılmağına ehtiramla tamaşa eləyirdim. Amma xalaoğlum Əhməd dayımın namaz qılmağına istədi gülsün və dayımın və dayıoğlumun qorxusundan burada özünü saxladı. Bir qədər ondan sonra həyətə çıxanda həyətə çıxanda başladı dayımın namaz qılmağını lağ eləməyə. Mən genə dinmirdim, çünki bilmirdim mən də gülüm, ya Əhmədə acıqlanım. Amma elə ki, bicəngə xalaoğlum yıxıldı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə və gözlərini axıtmağa və hərdənbir həzin səslə “Allahü əkbər” deməyə, burada, doğrusu mən də gülməyə başladım. Və sonra evimizə gedəndə anama Əhmədin cüvəllağılığını nağıl eləməyə. Anam çox hirsləndi və Əhməddən xalama (Əhmədin anasına) şikayət elədi. Sonra bildim ki, Zəhra xalam, oğlu Əhmədi belə qələtin üstündə bərk döyüb.

O vədə Əhmədin döyülməyini mən, yeddi yaşında cəhənnəmdən qorxan bir uşaq təsdiq eləyirdim. Ancaq çox sonralar həmin işləri yada salanda başa düşdüm ki, Əhməd, dayımın o cür namaz qılmağını istehza etməkdə çox və çox da haqlı imiş.

Elə güman etmək lazım gəlmir ki, yuxarıda rəvayət olunan əhvalat nüdrətən[xxv] ittifaq düşən bir işdir. Namazı belə səxtliklə əda etmək nə Hacı Molla Tağının ixtirasıdır, nə də dayımın fövqəladə dinpərəstliyidir. O kəs ki, o vədələr məscidlərdə Hacı Molla Tağı, Molla Əli, Molla Kərim və bunlar kimi həddü-hesabsız vaizlər tərəfindən binamazlar və namaza ehmallıq göstərənlər barəsində moizələr eşidirdi, labüddür ki, o adam mənim dayım kimi dindar və cəhənnəm əzabından qorxan bir müsəlman olurdu. Və haman rəvayət etdiyim əsrin mömünlərinin bir nümunəsi mənim haman rəhmətlik dayımdır ki, onun barəsində mən burada danışıram.

Mənim yadımdadır ki, o vədələr məscid moizələrinin əksəri namaz barəsində olardı. Namazı öz vaxtında əda edənlərə huri və qılman vədə verəndə vaizlər binamazları və namaza kəmetina olanları hər cür qorxu ilə qorxudardılar. Hətta bizim məktəbimizdə Molla Bağır bizə verdiyi dərslərin biri bundan ibarət idi. Molla Bağır bir gün bizdən sual etdi:

- O necə əzabdır ki, həqq-taala binamazları mübtəla edəcəkdir?

Yadımda deyil ki, biz nə cavab verdik. Amma Axund Molla Bağır bizə çox hirsləndi. Dəftərimizə belə yazdırdı, dedi yazın:

-     O şey ki, həqq-taala tərk-səlatları, yəni binamazları mübtəla edəcəkdir, onlar on beşdir: onların altısı bu dünyanın cəzası, üçünü ölənə yavıq çəkəcəkdir, üçünü qəbir evində çəkəcəkdir və üçünü qiyamətdə çəkəcəkdir. Diriliyində çəkdiyi altı cəzanın biri budur ki, binamazın üzündə nuri-Məhəmmədi olmuyacaqdır; ikinci, ömrü güdək olacaq; üçüncüsü, onun malı artmıyacaqdır; dördüncü, Allah-taala onun xeyratını etməyəcək. Xülasə, qəbir evində qiyamətədək əzab çəkəcək. Və onların hamısından pisi budur ki, duzəxdə bir əqrəb var ki, onun başı yeddinci göyə gedib çatır. Və onun ağzı məğribdən məşriqə kimidir. Qiyamət günü haman əqrəb duzəxdən bir şey axtaracaq. Ondan soruşacaqlar ki, nə axtarırsan? Əqrəb cavab verəcək ki, beş sinif adam var ki, mən onları axtarıram. Onların birincisi binamazlardır.

Bunu lazımdır nəzərə almaq ki, bu moizələrin məzmununu müdərris Molla Bağır öz xəyalından düzəltmirdi. Üləma və füzəlaların və müctəhidlərin kitablarından və risalələrindən əxz edirdi. Necə ki, cəmi məscidlərdə söylənən moizələr, habelə məşhur islam “üləma”sının təfsirlərindən və risalələrindən əxz olunmuşdu.

O vədə vaizlərin dilində söylənən üləmanın içində ən məşhuru Ağa Məhəmməd Bağır Məclisi müctəhidi-İsfəhani idi. Bunun adı məscidlərdə moizə əsnasında xeyli ehtiram ilə söylənərdi. Sonra şəriətdən söylənən moizələr çox vaxt Mirzə Əbülqasım Fazilin “Mürşidil-əvam” kitabına isnad verilərdi. Bunlardan da artıq mömün camaatımız içində şöhrət qazanmış şəriət kitabı Şeyx Bəhaəddinin “Cameyi-Abbas” kitabı idi ki, bu kitabdan o vaxt məktəblərdə bizlərə dərs də verilərdi. Genə haman yuxarıda adı zikr olunan müctəhid Məclisinin “Bist bab” və Seyid Məhəmmədbağır Rəştinin “Sual və cavab” kitabları dad-bidad eləyirdilər. Hər bir vaiz ki, əsnayi-moizədə toyuq səsi eşitməmiş, yəni xariqüladə (“damdan düşmə”) bir hədis söyləsə idi, bu kitabların nüfuzilə dediyi sözü bərkidib dəmir-daş eləyəcəkdi. O moizələrdən bir nümunə:

- Hə, ey Allahın bədbəxt bəndələri! Siz bu sözləri səhl sayırsınız. Amma qulaq verin görün, həmin “Şərhi-etiqad” kitabında kitab sahibi nə yazır? Yazır ki, bir gün olar ki, qiyam-qiyamət olar və cümlə namaz qılanlar məşhər ayağına dəvət olunarlar, orada hazır olarlar. Qiyamət gününün sahibi və Rəsuli-xuda və onun vəli-vəsisi və Cəbrail və İsrafil və Mikail namaz qılanları oraya çağırıb onları imtahana çəkərlər və qıldıqları namazın adlarını onlardan sual edərlər... Hə, bilirəm, sən o vədə qabağa yeriyib deyəcəksən: “Nəm[xxvi], mən cəmi namazlarımı öz vaxtında əda etmişəm. Hə, di söylə görüm. Bəli, sadalıyacaqsan: namazi-yomiyyə, namazi-cümə, namazi-eydi-rəməzan, namazi-meyid, namazi-sogənd, namazi-əhd, namazi-nəzr, namazi-icarə, namazi-ayat, yəni zəlzələ namazı, qara yel namazı, qırmızı yel namazı, xüsuf və küsuf namazı, namazi-eydi-qurban, namazi-zifaf, namazi-Cəfəri-təyyar, namazi-filan, filan və filan. Bilirəm, bunların hamısını sayacaqsan. Amma vay o kəsin halına ki, qiyamət gününün şahidləri görələr ki, siz dalınıza alıb gətirdiyiniz namaz yüklərinin içində “namazi-nafileyi-nuzdəhhüm mahi-mübarəki-rəməzan” yoxdur! Haman namaz ki, altı yüz qırx dörd rükətdən ibarətdir. Hə!.. qılmamışsınız? Bu namazı niyə qılmamışsınız? O səbəbə ki, o gecəni yatmısınız, rahat rəxti-xab içində yatmısınız, yuxuda olmusunuz, istəməmisiniz isti yerinizi soyudasınız. Amma heyhat! Nə böyük qəflət! Məgər siz bunu bilmirsiniz ki, həqqi-sübhan və taala öz məshəfi-şərifində buyurubdur ki, “tətəcafa cünubihim ənilməzaci”, yəni ey Məhəmməd, xəbər ver öz ümmətinə ki, gecənin yarısı olan zaman onların qabırğaları isti rəxtdən qalxsınlar və Allah-taalanın dərgahına üz çevirib ibadətə məşğul olsunlar.

 

GECƏ  NAMAZLARI

Gecə namazları içində ən məşhuru və ən möhtərəmi və ən çox rükətlisi mahi-mübarəki-rəməzanın nafilə namazlarıdır ki, bu barədə gələn səhifələrdə rəməzan ayının ibadəti dairəsində söhbət olunacaqdır.

Amma mahi-rəməzanın nafilə namazlarından başqa mənim vətənimin dindar müsəlmanlarını gecələr şirin yuxuya həsrət qoyan namazların biri də haman namazdır ki, hər kəs onu əda etsə, Həzrət rəsulu yuxuda görə bilər. Bu namazı mənim yanımda gecələr dayım və ata-anam və qonşularım o qədər qılardılar ki, uşaq vaxtı Molla Bağırın məktəbinə dərs oxumağa gedəndə, Molla Bağır bu barədə məni imtahana çəkərdi və mən bu namazın təfsilatını ona dərs vaxtı cavab verəndə, Molla Bağır mənə belə xeyir-dua edərdi:

- Xoşa sənin valideyninin halına ki, səni bu sində pak olan şəriətin ehkamına vaqif edirlər və səni bu sində ibadətə və razi-niyazə mötad edirlər! Xoşa sənin də halına!... – ha, bala, de görüm, peyğəmbəri yuxuda görməyin şəraiti nədən ibarətdir?

- Əvvəl mən yoldaşlarımdan həya edib istərdim cavabı müxtəsərcə qurtaram və qısaca deyərdim:

- Dörd rükət namazdan.

- Yox, yox! Bu olmadı. Sözü açıq söylə ki, yoldaşların görsünlər ki, sən necə qoçaqsan.

Və axund Molla Bağır məni məcbur edərdi ki, cavabı müfəssəl edim.

Mən də başlardım müfəssəl rəvayəti və atamdan və dayımdan və qohumlarımdan min dəfə eşitmişdim ki, Həzrəti-imami-Cəfər əleyhissəlamdan mənquldur[xxvii] ki, hər kəs istəsə Həzrəti-rəsuli-xudanı yuxuda görə, xiftə namazından sonra gərək qüsl eləyə və dörd rükət namaz qıla. Bu şərtlə ki, hər həmddən sonra yüz mərtəbə “ayətəl-kürsü” oxuya və namazdan sonra min dəfə salavat göndərə Məhəmmdə və ali-Məhəmmədə. Və yüz mərtəbə “sübhanallah, vəlhəmdülillah və lailahə-illəllah vallahu-əkbər” oxuya və “lahövlə vəla qüvvətə illa billahi əliyyül-əzim...” və yüz dəfə maşallah və genə min dəfə nə oxuya və genə yüz dəfə, genə neçə dəfə və ilax...

Əgər həmin namazı və bundan savayı də şam namazını, xiftə namazını və xüsusən mahi-mübarəki-rəməzanın gecələr qılınan nafilə namazlarını nəzərə alsaq, onda mənim bu sözümə heç şəkk eləmək olmaz ki, mən rəvayət etdiyim həmin əsrin dindar müsəlmanlarını mən həmişə gecələr namaz qılan görmüşəm. Xoşbəxt Allah bəndələri gecələri sübhədək dah qədr gecəsini axtararlardı, ya da Məhəmməd peyğəmbəri yuxuda görmək istərlərdi. O yerə də gəldikdə ki, aya görərdilərmi peyğəmbəri, ya tapardılarmı qədr gecəsini – bu barədə gələn səhifələrdə də danışacağıq.

Və o sözlərlə ki, mən namaz söhbətlərini başlamışam, o sözlərlə də namaz söhbətlərini burada tamam edirəm:

“O qaranlıq dünya ki, mən birinci dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm. Haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həmə vaxt gecə və gündüz namaz üstə görmüşəm. “Allahü əkbər”, “Allahü əkbər”... Gündüz “Allahü əkbər”, gecə “Allahü əkbər”.

İndi burada bir sual ariz ola bilər: aya, onlar pəs nə vaxt kəsbi-karə məşğul ola bilirdilər?

Nədən ibarət idi o vaxt mənim vətəndaşlarımın kəsbi-karı, məşğələsi? Bəndənin cəmi söhbətləri o vaxtın məhz şəhər əhlinin söhbətidir. Və rəvayət olunan əhvalat məhz şəhər dairəsindədir. Və yadımda qalan budur ki, gündüzlər hacı, məşədi və kərbəlayılar dükanlarında diz üstə, əli təsbehli, tərəzinin dalında oturub müştəri gələndə ona çəki çəkirlər və mal satırlar, arşın ölçürlər və parça satırlar. Elə ki, müştəri rədd olur, təsbehi götürüb Allahı çağıra-çağıra təsbeh çevirirlər, ta o vaxtadək ki, müəzzin minarədən azan çağıracaqdır: “Allahü əkbər”. Haman müqəddəs tacir, haman təkbiri təkrar edəcək: “Allahü əkbər” və duracaq ayağa, ya dükanın qapılarını bağlayacaq, gedəcək məscidə namaz qılmağa, ya namazını haman oturduğu yerdə dükanda əda edəcək. Əgər azanı eşidən vaxt dükanın qabağında müştəri vardır, bizim müqəddəs tacirimiz məhz “Allahü əkbər” deməyə iktifa edib[xxviii], müştəriyə məşğul olacaq ki, bunu yola salandan sonra namaza şüru etsin.

Azan – namaz dəstgahında ən möhtərəm və iman əhlinin hər gün və hər saat ən dərin qəlbinə daxil olan bir müjdədir. Azan – qəlbiqaraları dirildən bir sədadır. Azan cəmaəti-müslimini namaza dəvət edən təkbir və şəhadət kəlmələridir: “Allahü əkbər, allahü əkbər, əşhədüən lailahə-illəllah... Əşhədü...”.

Azan demək, azan çağırmaq – namaz qılmağa bərabər savab bir ibarətdir. Azanın feyzi bəlkə dəxi də artıqdır. Zira azan ilə müəzzin min-min cəmaəti-müslimini namaza dəvət edir. Azanı ucadan və sövtlə çağırarlar. Onunçün də rəsmdir ki, müəzzin, səsi xoş şəxslərdən olur. Azanı çağırmaq hər bir mömün bəndə üçün savabdır. Onunçün də namazın vaxtı çatan kimi sübh vaxtı, zöhr vaxtı, şam vaxtı minarələrin və hətta damların üstündə müəzzin əllərini qulaqlarına qoyub, üzlərini asimana, Allah tərəfinə tutub azan çağırırlar. Azanı eşidən tək, cəmi müsəlmanlar həmin dəqiqə hərəkətə gəlirlər. “Lailahə illəllah, Məhəmmədün rəsulillah, Əliyyən vəliyüllah, həqqən-həqqa”.

Azanı eşidən müsəlman bəndəsi elə bir şövqə gəlir ki, özü də özünü həmin müəzzinə iqtida etmək, özünü ona oxşatmaq arzusunda olur. Ələlxüsus o kəslər ki, onların tilavət etmək, yəni ibarəni oxumağa onların səsləri vardır, çünki savabından başqa burada xalqın nəzərində özünü göstərmək də vardır, bəlkə loğalanmaq məsələsi də vardır.

Günorta (nisfün-nahar) olan kimi minarələrin və damların üstündə müəzzinlər səs-səsə verirlər. Azan verənlərin çoxu ən dindar məhəllələrdə olardı. Hətta bazar içində, çarsulardan da azan səsi gələrdi, çünki hər bir məkanda hər bir mömün Allah bəndəsi tərəfindən azanı tilavət etmək, həmə vaxt savabdır. Onunçün bu barədə İran məmləkətində, yəni Allah-taalanı yada salmaqda birincilik qazanmış mömün iranlılar içində necə ki, nəql edirlər və necə ki, bəndə özü şahid olubdur – müəzzinin “Allahü əkbər” sədasını eşidən tək bir yerdə, - xah evlərdə və xah küçə və bazarda, – hər bir müsəlman haman getdiyi yerdə dayanıb, bəlkə hərəkət edə-edə azan çağırır.

Buradan azanın cəmaəti-müslimin içində ehtiramı barəsində bir haşiyə çıxmağı lazım görürəm.

Tarixi-isəvinin min doqquz yüz iyirminci ilində, Təbriz şəhərində olduğum zaman orada bazar içində çursuda mən özüm görmüşəm ki, bir nəfər müştəri papaqçı dükanının qabağında durub papaq alır. Papaqçı taxçadan papaqları bir-bir götürüb və müştəriyə nişan verir. Günorta zamanıdır. Bu heyndə minarədən azan səsi gəlir. Papaqçı ələlfövr[xxix] oturduğu yerdən durur ayağa, üzünü dükanın içərisində qibləyə tərəf çevirir, sağ əlini sağ qulağına və sol əlini sol qulağına qalxızır və uca səslə başlayır azanı: “Allahu əkbər”. Müştəri də “Allahu əkbər” deyib oturur yerə və dükançının azanını qurtarmağına müntəzir olur, dükançı azanı axıra yetirir və “lailahə illəllah” deyib təsbehi cibindən çıxarır və saqqalını tumarlaya-tumarlaya öz ticarətinə şüru edir.

Mən Təbrizdən savayı İranın qeyri şəhərlərində olmamışam. Amma elə ki, danışırlar, hələ dünyanın indiki əsrində İsfahanda, Şirazda və sair böyük şəhərlərdə, nisfün-nahar zamanı – ki, günorta olur və zöhr namazının vaxtı gəlib çatır, – minarələrdən müəzzinlər azanı çağıran kimi küçə və bazarda əhali hər bir kəs oturduğu yerdə, ya küçə ilə getdiyi yerdə uca səslə azan deyir. Haman min doqquz yüz iyirminci ildə - ki, mən Təbriz şəhərində var idim, – Mirzə Məhəmmədəli Natiq nam mənim tanışım təzəcə Şiraz şəhərindən Təbrizə gəlmişdi. Əsnayi-söhbətdə Mirzə Məhəmmədəli Natiq Şirazın mömün müsəlmanlarının dindarlığından belə rəvayət edirdi: Mirzə Məhəmmədəli Natiq söyləyirdi ki:

- Bir gün mən Şiraz şəhərinin bazarında nəyəsə məşğul idim. Günorta vaxtları idi və çün bu şəhərdə olduğum birinci dəfə idi və buraların adətinə aşina deyildim, burada bazarda olduğum zaman bir mərəkəyə düşdüm və hətta xeyli qorxdum da: burada əvvəl qabaq uzaqdan azan səsi eşitdim və haman anda bazar əhli hər bir kəs fərdən-fərd dükanda oturduğu yerdə qalxdı ayağa və başladı azan deməyə. Beləliklə bazarda bir səs-küy qopdu ki, mən xeyli təəccüb elədim. Söz yox, belə camaat azana adət etmiş və mən görürdüm ki, məndən savayı bir kəs yoxdur ki, bu işə təəccüb edə. Yəni doğrusu təəccüb etməyə vaxtları ola bilməzdi, səbəb bu idi ki, haman azan deyirdi.

Hamısından məzəli budur ki, mənim gözümün qabağında bir hambal, dalında bir yekə və ağır tay, ikiqat əyilib başı aşağı azan çağıra-çağıra gedirdi. Azanı deyib qurtarandan sonra camaat, söz yox, başladı namaza hazırlaşmağa. Kimi öz dükanında və kimi başladı dükanını çəkib bağlamağa ki, gedib məsciddə namazını əda eləsin.

Şiraz müsəlmanlarının belə hirs[xxx] ilə namaza hazırlaşmağı, demək olar ki, indi gözümün qabağında hal-hazırda müşahidə olunur. Mənim də uşaqlıq əsrimin qaranlıq günləri bundan əlli il qabaq idi. Şirazın müsəlmanlarının dindarlığından bir-iki sətir rəvayətin bir böyük mənası var. Mənası budur ki, əlli il bundan qabaqkı müsəlmanlıq dəliliyilə əsri-hazırımızda haman Şiraz, ya qeyri bir islam camaatının dəliliyində heç fərq yoxdur.

Hər nə təfavüt görməli olsaq, genə bundan sonra görməli olacağıq. Və hər nə ümid varsa, bundan sonra olacaqdır. Əvvəl və axır ümidimiz genə sosializm inqilabınadır. Əvvəl və axır ümid  onadır ki, həmin sosializm bayrağı altında və sosializm şüarı təhtində islama sitayiş edən millətlər (və habelə qeyri dinlərə sitayiş edən millətlər) dünya elmlərini təhsil edib və cəmi din və dinçilərin mövhumat və xurafatından agah olub birdən-birə azandan da əl çəkələr, müəzzindən də əl çəkələr və namazların cümləsini – vacibi namazları da, sünnəti namazları da, ağ yel və qara yel namazlarını da – bir çuvala doldurub Araz və Kür daşan zamanı suya axıdalar, qoysun getsin işinə.

Bununlamı qurtarır namaz büsatı?

Bəs namazın müqəddəmatı? Bəs vüzu (dəstəmaz) məsələsi? Bəs mütəhhirat məsələləri? Qüsl və təyəmmüm təfsilatı?!

O kəs ki, “Cameyi-Abbas” kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. Bunu o kəs başa düşə bilər ki, əlli il bundan qabaq “Came” kitabını mən biçarə tək mədrəsədə gündüzlər təhsil edəndən sonra axşamlar valideyni və qohum-əqrəbası tərəfindən həyata tətbiq etmək məcburiyyətində olubdur.

Tək bircə dəstəmazın (ərəbcə vüzuun) macərası “Şahnamə”dən tul və təfsillidir... Hər kəs Mirzə Əbdülqasım müctəhidin “Mürşidil-əvam” kitabından xəbərdardır, o, bircə o bilər ki, namazın müqəddəmatına iman sahibi müsəlmanlar nə qədər vaxt sərf edə idilər gərək (necə ki indi də edirlər).

Qüsl, təyəmmüm, abadi-təharətxana, nəcasatın qismləri, mütəhərratın qismləri, dəstəmazın adabı...

Ağlınıza nə gəlir, asandırmı, məsələn, dəstəmaz almaq? Əgər sən deyəsən asandır, mən səndən sual edərəm ki, əlləri nə cür yumaq lazımdır? Yəni mirfəq məsələsini (dirsək məsələsini) sən bilirsən, ya yox? Yoxsa bunu səhl sayırsan? Heç eşitmisənmi ki, bu barədə neçə-neçə məclislərdə, məhfillərdə, üləma və füzəla mabeynində qurtarmayan mübahisə və bəlkə münaqişələr üz veribdir? Asanmı sanırsan dirsək məsələsini?

Əgər yadıma gələn bir əhvalatı burada söyləsəm ola bilər ki, sən gülünc hesab edəsən. Amma bunu lazımdır bilmək ki, o vədə mömün vətəndaşlarımın ibadət və riyazəti həmin sən gülünc saydığın məşğələlərdən ibarət idi.

Bir gün gedirdim məktəbə dərsə. Şəhərimizin Zaviyə məscidinin qabağında bir neçə şəxs əyləşmişdilər. İkisinin ismi-şərifləri yadımdadır: Hacı Nəcəf və Hacı İmamqulu. Qalan iki-üç nəfər də mənim məhəllə əhllərim idi, amma adları yadımda qalmayıbdır.

Hacı İmamqulunun sol əli dirsəyə kimi çirməkli idi. Hacının qıllı qara əli bu saat yadımdadır. Qalan mömünlər Hacı İmamqulunun başına doluşub dirsəyinə baxırdılar. Mən də yavıq getdim. Məlum oldu ki, burada vüzu məsələsini həll edirlər ki, aya, barmaqları dirsəyin harasında qoyub yumaq lazımdır və əlin neçə barmağını dirsəyin üstə qoymaq lazımdır? Və Hacı İmamqulu sağ əlinin bilmirəm neçə barmağını qoymuşdu sol əlinin dirsəyinin üstə və özü də başını əymişdi diqqətlə öz dirsəyinə tamaşa edirdi. Mömünlərin biri deyirdi:

- Yox, yox! Hacı Ağa, səhvin var, Ağayi-Cəbəli belə fərmayiş etməyibdir. Gərək barmaqlarını belə qoyasan.

Bu sözləri deyəndən sonra həmin mömün, çün Hacı İmamqulu onun təklifinə əməl eləmədi, öz sol əlini çirmədi və sağ əlini dirsəyinin üstə qoyub dedi:

- Bax, belə lazımdır.

İndi də tamaşa edən mömünlər bunun başına doluşdular və bunun dəstəmaz təliminə qulaq asdılar. Mömünlərin bir-ikisi “bəli, bəli” deyirdi, amma o biriləri razı olmurdu.

Çün dərsimin vaxtı keçirdi, mən getdim məktəbə. Günortadan iki, ya üç saat keçmiş qayıtdım və gördüm ki, həmin mömünlər, yəni Hacı Nəcəf, Hacı İmamqulu və qalanları haman Zaviyə məscidinin səkisində, haman yerdə oturublar. Yenə yavıq getdim və indi də gördüm ki, Hacı Nəcəf dəstəmaz məşqi eləyir. Yəni sağ əlini çirmələyib, sol əlini qoyub dirsəyinə və dəstəmaz alan kimi dirsəyini sığallayır. Qeyri-mömünlərin yenə kimisi deyir: “Bəli, bəli, belədir”, amma qalanı deyir: “Xeyir, Ağa Bağır Məclisi belə fərmayiş etmir”.

Yadımdadır ki, mən məktəbə getməyimlə qayıdıb indi bura gəlməyimin arası olardı laəqəllən[xxxi] beş saat. Yəni tamam bu beş saatın ərzində mənim haman müqəddəs vətəndaşlarım burda əyləşib məhz bu məsələnin həllinə məşğul idilər ki, aya, dəstəmaz alan zaman sol əlin barmaqları sağ əlin dirsəyinin harasını yusun gərək. Və bu barmaqları beləmi tutmaq lazımdır, ya eləmi tutmaq icab edir?..

O vaxt mömün din qardaşlarımı həmin dini məşğələlərinə bir oturuma beş saat sərf edən görəndə və qeyri ibadət və riyazətlərinə genə çox-çox saatlar sərf edən görəndə, dəxi bir məsələyə diqqət verə bilmirdim ki, pəs onlar əmri-məişətləri üçün ruzi qazanmağa hansı vaxtlarını və günün və ya gecənin hansı vaxtını sərf edirlər.

Amma o vədənin işlərini indi, əlli il sonra yada salanda bu saat heç başa düşə bilmirəm ki, gecə-gündüzün iyirmi dörd saatını da cənnətin açarını axtaran mənim vətəndaşlarım o vaxtlar çörəyi haradan və nə vaxt qazanırdılar. İftar vaxtı o müsəmma plovları, yanındakı xuruşlar və həlviyyatı ilə haradan və nə zaman təhsil edirdilər?

Bəs o vədənin mömün hacı və məşədilərinin şəriətbazlıqlarının şahidlərinin biri də mən idim və məndən savayı, söz yox, cəmi məntək məktəb şagirdləri və küçə uşaqları idi. Və hərçənd mən on üç yaşında bu müqəddəs torpaqdan qopub qeyri millətlər içinə təhsil üçün göndərildim, amma on (üç) yaşa kimi orada ata və anamın vətənində, məscidlərdə və minbərlərdə, mədrəsələrdə və məclislərdə şəriət-mədarlardan və fazillərdən aldığım tərbiyə ona kifayət idi ki, on üç sində mən bəzi sirlərdən agah olam. Və elə ki, mən on üç sində buradan qopub getdim, getdim qeyri bir məmləkətə və bir ildən sonra yay tətili zamanı qayıdıb müvəqqəti olaraq vətənimə qayıtdım, o vədə on dörd yaşındakı yoldaşlarımın çoxunu təəhhül edən[xxxii] gördüm. Və heç də burada təəccüb yeri yoxdur. O səbəbə ki, məni və mənim sirdaşlarımı yeddi-səkkiz yaşından başlamış məscidlərdə vaizlər, məktəblərdə əmmaməli müdərrislər və evlərimizdə mömün dayılarımız cidd-cəhdlə şəriətin cəmi məhrəmani ehkamına vaqif ediblər.

Məktəbdə aldığımız dərslərdən biz səkkiz-doqquz yaşında təharətxanaya daxil olub oranın emalını, heyz və nifas məsələlərini və hətta mücamiət qanunlarını əzbərləmişdik. Və mən ki, on (üç) yaşında bu müqəddəs torpaqdan çıxdım getdim, onunçün də həmin “ülum və fünunu” bir növ unutdum və ola bilər ki, müsəlmançılıqdan da bir qədər uzaq düşdüm. Və məndən sonra vətənimdə qalan mənim sirdaşlarım bir neçə il ondan sonra hərəsi on beş-on altı yaşında, bəlkə bir parası da ətəbati-aliyat ziyarətinə müşərrəf olmuş və bəhər-hal, hərəsi bir əhli-əyal sahibi, mömün, saqqallı və uca papaqlı bir mömün Əli şiəsi idi. Bunların ən zəkavətliləri, fitrətən pak qəlbliləri, dua və sənaye mailləri və Əli dostları idi; bunlardan da haman tələbə dəstələri təşkil olunurdu ki, Bağdad və Nəcəfül-əşrəf darülfünunlarına müşərrəf olub, bir neçə ildən sonra fiqh və üsul və qeyri şəriət elmlərini ikmali-təhsil edib, vətənə qayıdırdılar ki, balaca uşaqlara yeddi-səkkiz yaşında beytülxəla əhkamını və heyz və nifas məsailini və şəriətə mücamiət əhkamını əsnayi-vəzdə təlim etsinlər.

 

SÖVM – ORUCLUQ

Küfr, nasəza danışmaq hərgiz heç bir kəs üçün rəva deyil, amma mən bir yanda orucluq söhbəti düşəndə, çox mail oluram ki, küfr və nasəza danışam... Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. Haman günlər ki, mən yay fəslində üzü üstə zirzəminin rütubətli, amma sərin yataqlarına üzüquylu sərilib və dilimi ağzımdan bir qarış da çıxarıb axşam azanını gözləyirəm. Gözləyirəm ki, müəzzin “Allahü əkbər” sədası ilə camaata su içməyə və çörək yeməyə izn versin.

Bir yanda rəməzan söhbəti düşəndə mənim uşaqlıq günlərim yadıma gəlir. Haman günlərim ki, yeddi-səkkiz yaşında valideynim mənə oruc tutdurardılar.

Mən yeddi-səkkiz yaşında olan vaxtlar rəməzan ayı yay fəslinə düşərdi. Yay günləri on səkkiz saat olardı. Mənim vətənim isti yerdir, arandır və yay vaxtı mənim vətənimin xanları və əyanları yaylaqlara gedərdilər. Şəhərdə qalardı şəhərin əsnafı və füqərayi-kasibəsi. Və məlumdur ki, əsnaf və kəsəbə əhli – çün həmişə ruhanilərin itaətində olublar, – bu cəhətdən ibadətə də mail olublar.

Mən necə ki, bir kasıb ailənin uşağı, demək, uşaqlıqdan gözümü açıb ata və anamı din və şəriət içində görmüşəm, din və şəriətə qulluq edən görmüşəm, dinə və şəriətə qul görmüşəm...

Və xülaseyi-kəlam, uşaqlıqda, əlli il bundan əqdəm, yeddi-səkkiz sində olduğum vaxt, rəməzanəl-mübarək ayının on səkkiz saatdan ibarət olan günlərini oruc tutmuşam və məndən savayı şəhərimizin mən sində olan uşaqlarının çoxunu özüm kimi oruc tutan görmüşəm.

Nədir bunun mənası? Yəni necə oruc tutmuşam? Bunun mənası budur ki, mən biçarə, yeddi-səkkiz yaşında bir uşaq, yay zamanı, sübh açılmamış, azandan da qabaq, obaşdanlıq (sühür) minacatı verilən kimi, yuxudan ayılıb yerimdən durmuşam və az-çox çörəkdən, axşamdan qalmış pişmişdən xahi-nəxahi, könülsüz və iştahasız yemişəm və müəzzin sübh azanını çağıran kimi durmuşam ayağa, iki rükət sübh namazını qılıb yatmışam, ta günortaya bir saat qalanadək. Günorta azanı deyilib, genə dəstəmaz və namaza məşğul olmuşam.

Bunu da tamam elədim. Sonra dəxi nə eləyim? Yavaş-yavaş aclıq və susuzluq mənə kar eləyir. Nə eləmək? Bikarlıqdan götürmüşəm Quranı, bir qədər ondan oxumuşam, ta yorulanadək. Bundan da doydum və yoruldum. Dəxi nə eləyim? Hava çox isti, dodaqlarım susuzluqdan quruyubdur. Amma çarə yoxdur. Orucu yemək hiç fikrimə gələ də bilməz. Hələ saat dörddür, hələ axşama dörd saat qalır. Xahi-nəxahi gərək dözəsən və səbr edəsən. durub gedirsən məscidə ki, vaxt bir az sa keçsin. Orada Axund Molla Tağı moizə eləyir, rəməzanül-mübarək ayının şərafətindən danışır: sövmün şəraitindən və qəvaidindən danışır, mahi-mübarəkin əmalından danışır və axırda moizəsini belə tamam edir:

- Həzrət imam Cəfər Sadiqdən mənquldur ki, mahi-mübarəki-rəməzanda hər namazdan sonra bu duanı oxumaq fərzdir: “Ya Əliyyün ya əzim, ya ğəfurü ya rəhim, əntə rəbbiyyül-əzim... Əlləzi...”.

O minbərdən dedikcə camaat da onun dalıyca təkrar edir.

Məsciddən çıxıb gəlirəm evə. Gün hələ batmayıbdır. Hava o qədər istidir ki, nəfəs almaq mümkün deyil. Dodaqlarım yanır, boğazım quruyur. Hamamın qabağına “qırna”dan su axır. Suçular tuluğ dallarında oradan su doldurub aparırlar. Duru bulaq suyu dəmir lülədən şırıltı ilə axıb tökülür daşların üstünə. Amma heç kəsin cürəti yoxdur haman sudan içsin, çünki indi mahi-mübarəki-rəməzandır. İndi dodaqlar gərək quruya, onunçün mahi-mübarək-rəməzandır. İndi susuzluqdan boğazlar gərək quruya, səbəb bu idi ki, indi mahi-mübarəki-rəməzandır. İndi məntək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən-axşamadək “ləbbeyk” deyib susuzluqdan od tutub yana, o cəhətə ki, indi mahi-mübarəki-rəməzandır.

Nəyə, nə səbəbə? Və kimə lazımdır sənin bu susuzluğun?

O vədə heç kəsə bu sualı vermək olmazdı. O vədələr heç bir müsəlman bəndənin fikrinə gələ bilməzdi ki, yeddi yaşında bir uşağın on yeddi saat ac və susuz qalmağı bəlkə heç bir kəsə lazım deyil. O səbəbə gələ bilməzdi ki, yeddi yaşında uşağa oruc tutmağı vacib edən şəriət özüdür, necə ki, bu barədə Ağayi-Məclisinin “Bist bab” və qeyri müctəhidlərin risalələrində və hətta məktəblərdə dərs kitabı hesab olunan “Cameyi-Abbas”i Şeyx Bəhaəddində müəyyən olunubdur. Dəxi burada qeyri bir şəkk və şübhə yeri ola bilməzdi.

Ancaq yadımda qalan budur ki, uşaqların böyükləri ilə təfavütü bu idi ki, uşaqlara məhz rəməzan ayının orucunu tutdurardılar və neçə-neçə vacibi və sünnəti namazlardan biz uşaqlar azad idik. O ki, qaldı böyüklər, mən indi bu saat gözlərimi yumub yenə diqqəti-tam ilə huş-güşumu verirəm keçmiş günlərə, xəyalıma gətirirəm mənim uşaqlıq əsrimi cəmaəti-müsliminini və yenə artıq diqqət və huş-guşla qulaq verirəm keçmiş günlərə. Və hər bir kişi və övrəti, qohum və qardaşı, hacı, kərbəlayıları, – hələ mollaları demirəm, – mən o camaatın hamısını il uzunu oruc tutan yadıma salıram, orucağız yadıma salıram.

Bunun səbəbi bu idi ki, otuz gün rəməzani-mübarək ayından başqa o vaxtın mömün müsəlmanları şəriətdə təyin olunan nəinki vacibi ruzələri, bəlkə sünnətin oruc günlərini də oruc tuturdular.

Məlumdur ki, şəri-şərif mucibincə səkkiz ədəd vacibi ruzə təyin olunubdur və hədsiz sünnəti ruzə yazılıbdır. Hədsiz deyəndə həqiqətdə sünnəti oruclar o qədərdir ki, Bəhaəddin Amili öz “Cameyi-Abbas” kitabında sünnəti oruc günlərindən söhbət açıb yazır ki, bu qism oruclar o qədər çoxdur ki, onların adı “Cameyi-Abbas” kitabına sığışmadı. Bununla bərabər şəriətmədari-mərhum və Məhəmməd dininin qanunlarının ravii-möhtərəmi öz kitabında haman sünnəti orucların iyirmi qismini təfsilən sadalayır. Amma kitab sahibi fazil Bəhaəddin Amili ancaq bircə şeyi unudubdur və burada elə bir qələt edibdir ki, burada bir böyük məzhəkə törəyib. Söhbət burasındadır ki, “Cameyi-Abbas” kitabında rəvayət olunan vacibi oruc günlərinin üstünə sünnəti oruc günlərini qoysaq və ilin müddətini üç yüz altmış altı hesab etsək, o vədə baxıb görəcəksən ki, “Cameyi-Abbas”ın orucluq günləri üç yüz altmış altıdan da bəlkə artıq oldu.

Elə müxtəsərcə belə hesab edək: başı daşlı mömün islam ümməti otuz gün orucunu tutan zaman gedirdi məscidə və vaizlərdən orada eşidirdi ki, otuz gündən başqa müsəlman ümməti üçün dəxi də vacibi və sünnəti oruc yazılıbmış. Vacibi oruclar: 30 gün rəməzani-mübarək, bunların qəzası, meyitin icarə ruzəsi, atadan qalma qəza orucu, nəzir və and orucu, kəffarə orucu, etikaf orucu, dümahə orucu.

Bunlar vacibi oruclardır.

Qaldı sünnəti oruclar, mövlud orucu, məbəs orucu, eydi-qədr orucu, hər ayın üç günü orucu, ərəfə orucu, mübahilə orucu, təsəddük orucu, otuz gün şəban ayının orucu, dəhvələrz orucu, hər ayın əvvəlinin orucu, aşura orucu, hər pəncşənbə və hər cümə günlərinin orucu, mahi-zilhiccənin səkkizinci gününün orucu, eydi-rəməzandan sonra altı gün şəvval ayının orucu, filan, filan...

Necə ki, “Cameyi-Abbas” kitabı o orucları sayıb axıra çıxa bilmir, biz də “Cameyi-Abbas” yazdığı oruclardan üçdən bir hissəsini burada ancaq saydıq ki, oxuculara artıq dərd-sər olmasın.

Burada zikr olunan orucluq günlərini mənim mömün vətəndaşlarım cümləsi oruc tuturdular. Əlbəttə, o vədə bu camaatın oruc olmayan günləri də olurdu. Bu da o günlər olurdu ki, haman gün oruc tutmaq batildir; necə ki, eydi-mahi rəməzan günü, eydi-qurban günü və bir neçə belə-belə günlərdir ki, o gün müsəlman ümməti oruc tutsa, o oruc nəinki qəbul olunmaz, bəlkə belə orucun kərahəti də vardır.

Mənim o qaranlıq vətənimdə hələ rəməzan ayından qabaq, hələ rəməzan ayı daxil olmamış, mömün vətəndaşlarım bütün şaban ayını oruc tutardılar; o vədə mənim əhli-iman vətəndaşlarımın sövmü-səlata həvəsləri gör nə mərtəbədə idi ki, şəbanül-müəzzin ayını oruc tutmaq ilə, rəməzanəl-mübarəki tamam bir ay qabaq istiqbal edərdilər. Bütün şaban ayı dayımı oruc tutan yadıma salıram. Atam, anam, bibi və xalam, qohum-əqrəbam, qonşularım və rast gəldiyim şəhər əhli şəban ayından oruc tutmağa başlardılar. Hətta dayım məni və xala oğlum Əhmədi də oruc tutmağa dəvət edərdi. Mən, yadımdadır, bir neçə gün tutdum, amma Əhməd tutmadı. Sonra dayımın mənə rəhmi gəldi, ya nədənsə artıq təkid eləmədi. Amma atam şaban ayının bəzi günlərini oruc tutmazdı və onunçün də mənə bir söz deməzdi. Bununla bərabər şaban ayının ruzəsinin feyzi barəsində məscidlərdə vaizlər tərəfindən ciddi təbliğat aparılırdı. Və heç bir gün olmadı ki, dayım, ya atam məsciddən evə gələndə bizə və qeyri oruc tutmayanlara məzəmmət eləməsin.

Bir gün dayım Axund Molla Tağının moizəsindən evə təzəcə gəlib anama biz uşaqlara xəbər verdi ki, biz doğrudan da erməniyik, müsəlman deyilik. Və başladı nağıl eləməyə ki, bu gün Axund Molla Tağı deyirdi ki, şaban ayında oruc tutmayanlar sirat köroüsündən keçəndə məlum deyil ki, o körpü titrəyəcək, titrəməyəcək. Və şayəd xudavəndi-rəhimin o bəndəyə rəhmi gələ və şayəd rəhmi gəlməyə, səbəb budur ki, xudavəndi-ərrəhmanir-rəhim haman gün sənə deyəcək ki, necə insafın qəbul etdi ki, şəbanül-müəzzəm ayını sən oruc tutmaqdan özünü kənarda saxladın. Bir surətdə ki, bu ay, doğrudur, ruzə saxlamaq üçün vacib təyin olunmayıbdır və lakin bu imtahandır ki, xudavəndi-təbarək və taala öz mömün bəndələrini imtahana çəkmək istəyir. Onların zöhd və təqvasını mizana vurmaq istəyir. Vay, vay! Dəxi ermənidən sizin fərqiniz nədir?

Bir gün dayım – şaban ayının bilmirəm neçəsi idi, – gəldi bizə, dəstəmaz aldı və namazını qıldı və salamdan sonra başladı öz-özünə istiğfar etməyə: “əstəğfürullah və əsəlhüt-tövbə...”. Bir neçə dəfə bu duanı oxuyandan sonra, çevirdiyi təsbehinin bir yerində barmağını saxladı və anamı çağırdı və dedi:

- Bu gün Hacı Molla Tağı məsciddə moizə eləyirdi və deyirdi ki, “Müftahi-cinan” kitabında yazılıbdır ki, hər kəs şaban ayında yetmiş dəfə istiğfar duasını oxuya, nə qədər günah eləmiş olsa, cəhənnəm odu onu yandırmayacaq.

Və bunu deyəndən sonra gözlərini yumdu, üzünü göyə tərəf tutdu və başladı deməyə: “əstəğfürullah və əsəlhüt-tövbə, əstəğfürullah və əsəlhüt-tövbə...”. Dayım bu duanı oxuduqca anam da onun dalıyca deyirdi.

Bunlar bu duanı on-on beş dəfə ancaq oxumuşdu. Dayım birdən gözlərini açdı və anamdan soruşdu:

- Ay qız, bu gün orucsanmı?

Anam utana-utana qardaşına cavab verdi və üzr istədi ki, oruc deyil və orucu tutmağına bilmirəm nə səbəb gətirdi. Onu da ərz eləyim ki, anam bəlkə dayımdan da pəhrizkar idi. Və əgər o gün oruc deyil imiş, yəqin ki, şəri üzrü var imiş ki, o üzrü də indi dayımın yanında gətirdi. Buna baxmayaraq, qoca və hirsli dayım haman oturduğu yerdən durdu ayağa, bir söz demədi, təsbehini qoydu cibinə və dinməz-söyləməz acıqlı çıxdı qoydu getdi.

Şabanın on beşinci gecəsi – ki, farsca nimeyi-şəban adlandırırlar – mömün bəndələr üçün bir qiyamət gecəsi idi. Mənim yadıma gəlmir ki, yeddi yaşından başlamış, ta on üç yaşadək nimeyi-şəban gecəsini ta axşamdan səhərədək şirin yuxu yuxulamış olam.

Nimeyi-şəban gecələri evlər bir məscidə təşbih olardı. Ələlxüsus bizim evimiz, ələlxüsus dayım bizim evimizdə olan gecələr. Nimeyi-şəban... Necə ki, o vədlər habelə indiki əsrdə də, cəmaəti-müsliminin ən əziz ayı rəməzanül-mübarəkdən sonra şaban ayıdır. Çünki həzrəti-rəsuli-xuda özü buyurubdur ki, rəməzan ayı Allahın ayıdır, amma şaban ayı mənim ayımdır. Onunçün də bu mübarək ayın yarısı - əzbəs ki, rəməzanın yavıqlaşmağına dəlalət edir – şaban ayının bir qiymətli günüdür. Onunçün də bu gecə etikaf gecəsidir, onunçün də füzəlanın rəyincə bu gecəni axşamdan sübhədək ibadət və riyazətlə keçirmək, hədd-hesabsız namaz və dualarla keçirmək lazım gəlirdi.

Nimeyi-şəbanın bir gecəsi yadıma gəlir. Dayım da bizdə idi, qonşu Axund Molla Kərim müəzzin də bizdə idi. Şam və xiftən namazlarını qılıb qurtardılar. Və Molla Kərim bir kitab açdı və oradan xəbər verdi ki, həzrət əmirəl-mömünin buyurubdur ki, hər kəs nimeyi-şəban gecəsi yüz rükət namaz qıla və hər rükətdə min dəfə “qülhüvallahü əhəd” zikr eliyə, qiyamət günündə yüz məlaikə təyin olunacaq ki, o bəndəyə məhşərdə köməkçi olsunlar. Və mömünlər başladılar namazı və bizim evimizin bütün böyükləri və kiçikləri başladılar namaz qılmağa. Mən özüm bilmirəm neçə rükət qılmışdım ki, elə oradaca yuxu məni tutur və oradaca elə paltarlı uzanıb yatıram. Amma yerə yıxılanda mübarək möhür, o müqəddəs ətəbatın mübarək torpaq parçası qalmışdı altımda, onunçün də dayım məni acıqlı-acıqlı və söyə-söyə oyatdı və anama dedi:

- Bu erməni oğlu ermənini buradan apar, gözümdən itilib getsin! Özü də cəhənnəm olsun, ibadəti də cəhənnəm olsun!

Amma məndən sonra mömünlər sübhə kimi oturmuşdular. O qədər dua və səna oxumuşdular ki, gözlərinə bir zərrə qədər yuxu gəlməmişdi. Və yazıq anam gündüz bizə bişmiş bişirəndə ocağın üstündə iki-üç dəfə kefli adam kimi yıxıldı, az qaldı odun içinə düşsün. Və bununla belə yenə orucağız, “ya Allah, ya Əli” dilindən düşmürdü. Amma elə ki, şaban ayı axıra yetişmək istədi, axır üç günü bütün şəhər yenə oruc tutmağa mollalar tərəfindən dəvət olundular. Və bu barədə Axund Molla Tağı minbərdən demişdi ki, hər kəs şəbani-müəzzəm ayının axır üç gününü oruc tuta, Allah-taala onu hər ayinə şeytanir-rəcimin şərrindən nigah saxlayacaqdır. Və elə ki, şaban ayı axırına çatmağa yavıqlaşardı, bütün şəhərə vəlvələ düşərdi ki, aya şabanın axırı hansı gündür və rəməzanın əvvəli hansı gündür və rəməzanül-mübarək hilalı, yəni təzə ay nə vaxt və hansı gün görsənəcəkdir.

Şaban ayının iyirmi doqquzunda bazarın çox hissəsi bağlı olardı, cəmaəti-müslimin məscidlərdə. Məsələ bu barədədir ki, bu gün hilali-rəməzan, təzə mübarək ay görünəcək, ya yox? Aya, bu gün şabanın axırıdır, ya sabah axırıdır? Şaban bu il kəmyekdir, yəni iyirmi doqquz gündür, ya otuz gündür?

Bu məsələ mühüm məsələlərdən biridir. Əgər bu gün bilsək ki, şabanın axırıdır, bu gün axşam hilali güdərik və harada olmuş olsa qaranlıq bulutların da arasından bir tövr quyruğunu görərik və gördükdə də röyəti-hilali-rəməzanül-mübarəkin şəraitini əmələ gətirərik.

Nədir bunun şəraiti?

Birinci – rəməzanül-mübarək ayını birinci dəfə görən gərək haman dəm salavat çevirə-çevirə gözlərini yuma və nə vaxt açsa, gərək birinci məqamda gözü şəmşirə sataşa.

Məlumdur ki, cəmaəti-müslimin arxasında hər dəfə təzə ayı görən gərək bir müəyyən şeyə baxa. Və bu da on iki ayın hər biri üçün müxtəlif şeylərdir. Məsələn, məhərrəm ayını təzə görən gərək qızıla baxa, səfər ayını görən aynaya baxa, rəbiül-əvvəl ayını görən suya baxa, o biri rəbii görən qoyuna baxa... və axıradək hər ay üçün bir şeyə baxmaq müəyyən olunubdur.

Rəməzanül-mübarəkin hilalını görməyin böyük fəziləti var. İmam Cəfəri-Sadiqdən bu barədə rəvayət olunubdur ki, hər kəs rəməzan ayının hilalını şabanın axır axşamı görə və bu duanı axıradək oxuya “Rəbbi və rəbbük-əllahü rəbbülaləmin...”, haman şəxs tamam bir ilin müddətində zalimlərin zülmündən, sahirlərin sehrindən və cünnü və ünsün şərrindən sübhanə və Taalanın pənah və hifzindən mühafizət olunacaqdır.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info