Qonaq Kitabı
BİRİNCİ FƏSİL

- Ya nəsib, ya qismət, - deyib onun əlini sıxdı. Hərarətlə yanan dodaqlarından və gözlərindən öpmək istədi. Lakin hisslərini boğaraq, sürətlə özünü küçəyə atıb, xırmana tərəf yollandı. Tinə dönərək, son dəfə onların evinə baxmaq istədi. Ay işığında başı çiynində taxta qapıya söykənərək durmuş Gülnaz ona bir xəyal, bir heykəl kimi göründü. Yol uzunu, niyə qıza bir ümidverici söz demədiyi üçün özünü danlamağa başladı. Xırmana çatdıqda gecə yarıdan keçmişdi. Ay sürətlə üfüqlərə doğru enirdi. Musa kişi yatmamışdı. O, xırmanda gəzişirdi. Hənirti duyduqda: “Adam, kimsən?” deyə səsləndi. Fridun yavaşca hay verdi. Musa kişi qaçıb onu qucaqladı və hönkürərək ağladı. Fridun onu sakit edib, taxtın kölgəsinə çəkdi.         

- Kəndlilər ərbabın sözünə razı oldularmı?

- Başına dönüm, ay oğul, rəncbərin əlindən nə gələr. Razı olmayıb neyləsin? Malının da, canının da sahibi ərbabdır. Gördün ki, bir kəlmə söz üçün başıma nə gətirdilər? Hələ allaha min şükür olsun ki, kənddən çıxarıb qovmadı. Elədi elədi. Kim nə deyəcək. Körpələri verər qoltuğuma, çıx hara gedirsən get. Onda dilənməkdən başqa çarə yoxdur...

Fridun, onu maraqlandıran suala qayıtdı:

- Musa dayı, bağışla məni, bir şey soruşum. Çünki heç inana bilmirəm. Özüm də məəttəl qalmışam. Buğdanın dəcini sən pozmusan?

- Yox, ay oğul, mən elə kişi deyiləm ki, oğurluğa, əyriliyə gedəm. Acından ölərəm. Haram mal yemərəm, bala, bunlar hamısı əvvəlcədən hazırlanmış oyundur. Özləri pozub, yıxırlar bizim  üstümüzə ki, hamısını əlimizdən alsınlar. Şərdir, bala, yaman şərdir. Mübaşir Məmmədin şəridir.

- Bəs niyə and içmədin?

Musa kişi fikrə getdi.

- Ay oğul, and içmək, qurana əl basmaq məgər asandır? Xofdan az qaldı ürəyim partlasın, bacarmadım...

Bir gün əvvəl küllüyün yanından keçərkən Fridunun beynində oyanmış fikirlər yenidən baş qaldırdı. “Hər şey çürümüşdür, hər şey iy verir” deyə düşündü. “Nəfəs almaq, yaşamaq mümkün deyil, bu şüurla, yaxşıdır ki, ərbablar kəndlinin belinə palan qoyub minmirlər!..” Bu fikirlər onu yüz il, iki yüz il bundan geriyə apardı. Elə bildi ki, iyirminci əsrdə yox, Şah Abbas və ya Nadir şah zamanında yaşayır. Kiçik xan dövründə mollaların fitvasilə “haramdır” deyə, ərbab torpaqlarını götürməkdən imtina edərək, acından ölən kəndliləri xatırladı. “Ah mövhumat, cəhalət nə dəhşətli canavardır! Nə qədər qorxulu bir kabusdur! - deyə düşündü. - İyirmi ildə dünya fırtınalardan keçmiş, hər şey alt-üst olmuş, Arazın o tayında, bizdən yüzcə addım o yanda insanlar yüzillik, minillik yolu iyirmi ilə keçmişlər. Amma biz elə hamanıq ki, haman!” Sədinin şerini təkrar etdi. “Haman xakəm ki, həstəm!”*. Lakin bu mülahizələr özünə də şübhəli göründü. Ona elə gəldi ki, daşları, qayaları yonub, şəklini dəyişən zaman Musa kişiləri insan tarixinin hərəkət edib keçdiyi böyük yoldan kənarda, bir kolun altında buraxa bilməz. Harada isə onların da həyatında bir dəyişiklik baş verməlidir. Yəqin ki, verir də. Bunu yoxlamaq istədi:

 Musa dayı, birdən deyərlər ki, ərbabın torpaqları sizin, bax siz kəndlilərindir... Götürün, bölüşdürün, onda nə edərsiniz?

Musa kişinin gözlərində bir ümid göründü, səsində şadlıq duyuldu.

- Necə yəni nə edərik, oğul?.. Allaha min şükür edə-edə bölüşərik.

- Birdən mollalar, Sofi İranpərəstlər əllərində quran gəlib durdular qabağınızda, fitva verdilər ki, ərbab yerini bölmək haramdır. Onda necə?

Musa kişi fikrə getdi:

- Yox elə şey olmaz. Niyə haram olsun? Torpağı allah xalq üçün yaradıbdı!.. Niyə haram olsun? Əslinə baxsan ərbabın əlində qalmağı haramdır. Torpaq gərək o adamın ola ki, o, gecə-gündüz üstündə əlləşir, can qoyur, zəhmət çəkir.

- Bu düzdür, belədir. Amma mollalar fitva versələr, haram buyursalar, bax, sən Musa kişi nə edərsən?

Musa kişi qəti cavab verdi:

- Mən torpaqdan əl çəkmərəm. Ölərəm, əl çəkmərəm.

Fridun ayağa durdu:

- Sağ ol, Musa dayı, sən məndə böyük bir ümid oyatdın. Sağ ol.

Musa kişi Fridunun gələcəyi qayğısı ilə:

- İndi fikrin hara getməkdir? - deyə soruşdu və cavab gözləmədən əlavə etdi. - Nəbada Təbrizə qayıdasan. Orada tez ələ keçərsən. Bacarsan bir müddət Azərbaycandan çıx. Ya cənub, ya da Mazəndaran tərəflərə get.

Fridun ağzını açıb, Tehrana getmək, bir yolla darülfünuna girmək fikrində olduğunu ona bildirmək istərkən, ani olaraq doğan bir fikrin təsirilə susdu: onun yerini öyrənmək məqsədilə Musa kişini incidə bilərdilər. Onu yenə quran qarşısına çəkə bilərdilər. Kişi yalandan and içə bilməyəcək, onun yerini də deməyəcəkdi. Beləliklə də özünü əbədi işgəncənin əlinə vermiş olacaqdır. Bu fikir Fridunu hara getmək istədiyini Musa kişiyə bildirməkdən saxladı:

- Məndən nigaran olma, Musa dayı, - dedi, - başımı gizlətməyə bir yer taparam. Sən uşaqlardan muğayat ol, fikir eləmə, fürsət düşəndə özümdən bir soraq verərəm.

Musa kişi Kürd Əhmədin Gülsümlə göndərdiyi xəbəri Friduna bildirdi. Fridun heyrət içində fikrə getdi:

- Görəsən məqsədi nə imiş? - deyə söyləndi.

- Nə bilim, oğul, allah bilir nə yolun adamıdır. Amma deyirlər ki, bu heç o birilərə oxşamır. Gözü-könlü toxdur, rəhmdildir. Camaat belə danışır...

Əlini sıxıb ayrılarkən Musa kişi soruşdu. 

- Oğlan, bəs sənin taxıl payını hara göndərim? 

- Heç yerə, Musa dayı, heç yerə... Ver uşaqlara paltar al.

O, Musa kişini qucaqlayıb öpdü və xırmandan çəkilib, gözdən itdi. Əyilə-əyilə, yata-dura xırmanlardan tamamən uzaqlaşmağa çalışırdı. Budur, üç qonşu xırman artıq dalda qalmışdı. Buradan ucu-bucağı görünməyən dikli, təpəli çöllər başlayır. Belini düzəldib, sürətlə getmək istərkən adının çağırıldığını eşitdi. Tez mərzə yatıb, səsini çıxartmadı, Ay işığında bir kölgə ona yaxınlaşmaqda idi. Gələn adam:

- Fridun, - dedi, - ehtiyat lazım deyil. Mənəm.

Fridun Kürd Əhmədi tanıdı və ayağa durdu.

O yaxınlaşıb əl verdi:

- Salam... Mən Musa kişi ilə danışmaq üçün xırmana gəlmişdim. Sizi orada görüb çəkildim. Bizim görüşdüyümüzü heç o da bilməsə yaxşıdır.

Fridun hələ də təəccüblə bu adama baxırdı.

- Siz kimsiniz?.. Məni niyə təqib edirsiniz?

Kürd Əhməd mehriban bir səslə:

- Mən də sizin kimi bu ədalətsiz işlərə nifrət edirəm, - dedi. - Sizin kimi namuslu bir adamam. Namuslu adamlar bir-birinə kömək etməlidir. Fikriniz hara getməkdir?

- Tehrana...

- Mən də elə düşünürəm. Təbrizə qayıtmaq heç vəchlə yaramaz. Birbaş Tehrana gediniz. Bəlkə mən sizdən qabaq oraya çatdım. Məbada mehmanxanaya düşəsiniz. Şəhərin yoxsullar hissəsində bir otaq kirayə etməyə çalışın. Sonra baxarıq:

O, Fridunun əlini sıxdı, nə isə kağız parçasını ovcuna basdı:

- Yolda lazım olar. Xərclikdir, - dedi və şəhərdə görüşəcəkləri ünvanı ona söylədi: - Yadınızdan çıxmasın. Ehtiyat etməyin, o bizim əsas kontor deyildir. Çoxlu xırda anbarlarımızdan biridir. Ancaq həftənin bircə gününü orada oluram. Bazar günləri səhər saat səkkizdən on ikiyə kimi, xırda tacir və alverçilərə mal buraxdığımız yer oradır. Yaxşı yol.

Fridun bir söz demədi. Nə isə daxili bir inamla onun əlini sıxıb ayrıldı...

Qəlbində min həyəcan, biçilmiş taxıl yerlərindən, otu qurumuş mərzlərdən keçərək gedir, su arxlarının qırağında bitmiş yarpızların iyi ilə dərindən nəfəs alır, ara-sıra başının üstündəki mavi göylərə baxırdı. Hər tərəfə nur ələyən ay onun yolunu işıqlandırır, Savalandan əsən sərin meh saçlarını, üzünü oxşayırdı...



* Jandarm

* Çəki ölçüsü, təxminən üç yüz qram.

 

* Mən elə haman əvvəlki torpağam.

 

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info