Qonaq Kitabı
BİRİNCİ FƏSİL

- Bizi bu dərəcədən yuxarı qalxmağa, bir xalq kimi birləşməyə qoymayan imperialist dövlətlərdir. Onların Türkiyə, İraq və İrandakı nökərləridir - deyərdi.  1920-ci ildə Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə demokrat hərəkatı başlananda onun atası da aktiv mübarizəyə qoşulmuşdu. Hələ o zamandan İranın həqiqi demokratları üçün Rusiyada Oktyabr inqilabı bir günəş, Lenin bir peyğəmbər idi. Onun atası da sosialist inqilabına, Sovet dövlətinə belə inamlı əlaqə bəsləyən adamlardan idi. Hətta o bir çox mitinqlərdə odlu çıxışlar edərək, bolşevikləri tərəqqi yolunda getmək istəyənlərə bir nümunə göstərmiş, Urmiyadakı ingilis, Amerika və Türkiyə nümayəndələrinin fitnəkar hərəkətlərini ifşa etmişdi. Demokratlar onu hərəkatın məqsədlərini anlatmaq üçün Uşno kürdlərinin arasına göndərmişdilər. Oradakı qəbilə başçılarından Ziro bəy ingilislərlə olan yaxın əlaqəsi ilə məşhur idi. Kürd Əhməd atasının ora yola düşdüyü kəndlərdə Ziro bəyin Urmiyada ingilis nümayəndəsi ilə görüşüb, təcili qəbilənin içinə qayıtdığını eşitmişdi. Bundan beş gün sonra atasını yarımcan evə gətirmişdilər. Ziro bəyin adamları onu ağaca bağlayıb, bihuş olunca döymüş və yola salmışdılar. Bu hadisə baş verəndə onun on səkkiz yaşı vardı. Bu təhqirin intiqamını almaq üçün tüfəng götürüb, Ziro bəyin üstünə  getmək istəmişdi. Atası onu saxlayıb: 

- Oğul, onlar haqq yolundan azıblar. Sən niyə o yola düşürsən, - demişdi. - Sən elə yol tut ki, xalqa bir xeyir verəsən...

Kürd Əhməd Ziro bəyin üstünə getməkdən əl çəksə də Urmiyada qala bilmədi. Həyatını xalqın qurtuluşu yolunda mübarizəyə verəcəyinə and içib, Tehrana köçdü. O zaman Tehranda Qacar xanədanı son günlərini yaşayırdı, şəhərdə müxtəlif siyasi partiyalar, cürbəcür siyasi istiqamət daşıyan dəstələr vardı. Kürd Əhməd yavaş-yavaş bu dəstələrin məramını və əməli işini öyrənmiş, nəhayət demokrat təşkilatına üzv olmuşdu. Hikmət İsfahani ilə tanışlığı da həmin təşkilatda işlədiyi dövrə təsadüf edirdi. O, İranda demokratiya və respublika hərəkatının facianə aqibətini, Rza xan istibdadının yaranmasını səhifə-səhifə izləmiş, xatirəsində saxlamışdı. Həqiqi vətənpərvər və azadixah adamların məhbəslər və sürgünlər tarixini unutmadığı kimi, azadlıq yolunda mübarizədə ehtikar edən, çiyninə möminlik əbası salan hiyləgər, riyakar vətən xainlərini də yaxşı tanıyırdı. Həyat və mübarizələr təcrübəsi onda böyük bir istedad da tərbiyə etmişdi. İnsanları tanımaq istedadı!.. Buna görə də kəndbəkənd, şəhərbəşəhər İranı gəzdikcə xalq yolunda sədaqətli və namuslu adamlarla dostluq yaratmışdı. O belə düşünürdü ki, bu gün şahidi olduğu ağır hadisə sədaqətli dostları arasına yeni bir adam gətirmişdir. Onun nəzərində Fridun nəinki həyatın təbii axınında yetişən bir üsyankar, həm də mübarizəyə qabil olan bir döyüşçü idi. Bu döyüşçünü əldən vermək lazım deyildi. Belə bir nəticə Kürd Əhmədi xırmanları gəzə-gəzə, kəndlilərlə danışa-danışa Fridun haqqında, onu xilas etmək haqqında düşünməyə çəkirdi. Həm də elə bu gecə şəhər zindanına aparılmamış o xilas edilməli idi. Əks halda iş çox çətin bir cərəyan qəbul edə bilərdi. Bu məqsədlə o, Həsənalının xırmanına tərəf yollandı.

Hikmət İsfahaninin kəndlərində uzun illər ərzində yaxşı əlaqə yaratdığı kəndlilərdən biri də Həsənalı idi. Həsənalı az danışan, lakin çox iş görən adamlardan idi. O, kənd əhlinin həyatını və düşüncəsini yaxşı bilirdi. Zahirən bir az deyingən, əslində isə yumşaq ürək sahibi olan bir arvadı vardı. O tez qızışar, danışar, küsər, tez də soyuyar, yumşalardı. Onların başına gələn müsibəti eşitdikdə Kürd Əhməd sarsılmış və ürəyində çox təəssüf etmişdi. Mütləq onlara baş çəkmək fikrində idi. Bəlkə onların vasitəsilə Fridunla bir əlaqə yaratmaq, bir tədbir tökmək mümkün olaydı. Lakin bunun üçün Həsənalıdan qabaq arvadını görmək daha faydalı idi. Çünki Həsənalı yəqin indi öz dərdindən başqa bir şeyə qulaq asacaq halda deyil. Ona görə də birbaş onların xırmanına tərəf getdi.

Xırmana çatdıqda artıq günəş batmışdı. Üfüq qaralmaqda idi. Həsənalının arvadı sovuruq atırdı. Bir qız uşağı tayanın dibində oturub ağlayır, fikir verən olmadığını gördükdə səsini kəsib dayanır, yenə ağlayırdı. Bu, Həsənalının körpə qızı idi.

Kürd Əhməd yaxınlaşıb, salam verdi. Yaşmaqlı arvad salamı aldı. Kürd Əhmədi gördükdə qəhərləndi və yaşarmış gözlərini yan tutdu, işinə davam etdi. Kürd Əhməd:

- Bacı, uşağı niyə ovutmursan? - deyə soruşdu. Arvad acıqlı cavab verdi:

- Uşağı görüm ölsün, canım qurtarsın!.. Ona baxım, yoxsa iş görüm?

Kürd Əhməd ağlayan uşağa yaxınlaşdı. Başını sığalladı, qucağına aldı.

- Ağlama, gülüm, ağlama, - deyib oxşadı.

Uşaq səsini kəsdi. Kürd Əhməd cibindən iki on tümənlik çıxarıb, arvada uzatdı:

- Ay bacı, uşaqlara əyin-baş düzəldərsən.

Arvad yanakı ona baxdı və yenə sovuruq atmağa başladı.

- Sağ ol, sədəqəyə ehtiyacımız yoxdur, elə öz haqqımızı özümüzə versəniz, bəsimizdir.

Pulu onun ovcuna soxan Kürd Əhməd bu sözdən incimədi: 

- Bacım, - dedi, - mənlik bir iş yoxdur. Sahibkar mən olsam heç sizdən bir pay da almaram. Nə etməli, yenə də, mən çalışaram ki, heç olmasa sizin taxılınıza dəyməsinlər... Kişinin halı necədir?

Gülsüm, azca yumşalsa da eyni tənə ilə çəp-çəp Kürd Əhmədə baxdı:

- Necə olacaq, şikəst olub, düşüb evin küncünə. Nə ölür, nə sağalır. Nə dava var, nə dərman.

Kürd Əhməd Həsənalı söhbətini ortalığa atmaqla Gülsümün çibanına toxunduğunu anladı və susdu. Tayalara göz gəzdirdi. Bu zaman uşaq yenidən ağladı.

Kürd Əhməd keçib, şananı Gülsümdən aldı: 

- Qoy şananı yerə. Get, uşağı ovut.

Gülsüm şananı yerə atdı, gedib uşağı götürdü.

Kürd Əhməd onu söhbətə tutdu: 

- Bu qonşu xırman kiminkidir?

- Musa kişinin... O yazıqların dərdi bizimkindən də pis oldu. Ara yerdə gül kimi oğlan düşdü bu əmniyyə yezidlərinin əlinə.

- Fridun yaxşı adamdırmı? 

-  Pis olsaydı, o da mübaşir olardı, əmniyyə olardı. Yaxşıdır ki, qalıb yerin tərkində.

Kürd Əhməd diqqətlə ona baxdı. Yavaşca soruşdu:

- Sən onun qurtarmasını istərsənmi?

- Hansı Şümür istəməz!

- Onda xahiş edirəm, bu saat Musa kişinin yanına get. De ki, onu qurtarmaq üçün nə düşünür. Nə tədbiri var? Bir kömək lazımsa, öyrən, mənə de.

Gülsüm uşağı qucağında, dərhal yerindən durub, Musa kişinin xırmanına tərəf getdi. Xeyli sonra qayıdıb gəldi:

- Musa kişi deyir ki, mənim heç bir tədbirim yoxdur. Dövlət bilər, o bilər, - dedi və azca fikirdən sonra əlavə etdi: - Amma, deyəsən, qorxur, sənə inanmır...

Kürd Əhməd xırmanı gəzir, arvad tayanın dibində oturaraq, körpəni dizi üstündə silkələyib yatırırdı.

- Bəs bizə heç gəlməyəcəksənmi?

Kürd Əhməd tez cavab verdi:

- Mütləq gələcəyəm... Elə bu gecə gələcəyəm.

Yuxuya gedən körpə kəsik bir səslə ağladı.

Həsənalının arvadı onu silkələyə-silkələyə həzin bir səslə layla çalmağa başladı. O, yavaş-yavaş oxuyurdu. Bu həzin beşik mahnısında sanki ömrünün bütün dərd və qüssəsini, bütün solmuş arzularını nəql edirdi.

 

***

Fridunu xaraba bir həyətdə bacasız tövləyə salaraq, qapını bərk-bərk bağlamışdılar. Köhnə qapının balaca çatından başqa heç bir yerdən işıq gəlmirdi. O, inək axurunun üstündə oturub, fikrə getmişdi. Bütün olub-keçənləri düşünür və mərdanə hərəkət etdiyi üçün, qarşıda onu nə gözləsə də, peşman olmurdu. Ona elə gəlirdi ki, nə isə müqəddəs bir duyğu ürəyinə yol tapmaqdadır. Sanki ömründə ilk dəfə olaraq əhəmiyyətli bir addım atmışdı. Xırmandakı hadisəni xatırladıqca İsfahani, mister Harold, mübaşir Məmməd, Kürd Əhməd bir-bir gəlib gözündə canlanırdı. Bunları tanıyırdı. Lakin bircə nəfər haqqında, Kürd Əhməd adlanan adam haqqında o müəyyən bir fikrə gələ bilmirdi. Bütün mübahisə zamanı o, dönə-dönə bu adamın üzünə baxmış, hərəkət və ya gözlərindən onun necə adam olduğunu müəyyən edə bilməmişdi. Kürd Əhməd İsfahaninin vəkili idi. Lakin bu hələ onun yaxşı və ya pisliyi üçün qəti bir dəlil ola bilməzdi. Düzdür, belələri əksərən rəzil və çirkin adamlar olur. Lakin Kürd Əhmədin heç bir hərəkəti bunu sübut etmirdi. Əksinə, onun ağır bir ittihamla da olsa Friduna camaat qabağında, Gülnazın qabağında döyülməkdən qurtarması, ancaq minnətdarlığa layiq bir hərəkət idi. Doğrudan da o, Fridunu nə böyük bir biabırçılıqdan qurtarmışdı. Yüz çubuq altında əzilmək, sonra da qaranlıq zindan! Fərq etməz, o qaranlıq zindandan qurtara bilməyəcəkdi, lakin döyülmək kimi bir biabırçılıqdan qurtarmışdı. Onu qurtaran adam da bu ərbab vəkili Kürd Əhməd idi. Bircə bunun üçün qəlbən o adama nifrət edə bilmir və surətini yadından çıxartmırdı. Yalnız ürəyi bərk darıxırdı. Tezliklə buradan çıxarılmasını arzu edirdi. Çünki getdikcə nəfəs almaq da çətinləşirdi. Tövləyə salındığından bir müddət sonra qəlbində yenilməz bir həvəs oyandı: görəsən bayırda nələr olur. Eşikdə qarovul çəkən əmniyyənin ayaq səslərini eşitdi. O, yavaş-yavaş gəzir və boğazına salaraq zümzümə edirdi...

Fridun əli ilə qapını döydü. Əmniyyə cavab vermədi. Lakin ayaq saxlayıb, qulaq asdı. Fridun bir də qapını döydü. Çöldən yoğun və kobud bir səs gəldi. 

- Bura bax, əzizim, de görüm saat neçədir?

- Bundan sonra sən saatsız da keçinə bilərsən.

- Yenə olsun da...

- Məni danışdırma!.. Məhbusla danışmaq olmaz.

-  Hər kəlməsinə bir tümən verərəm. Saat neçədir?

- Pulu ver görüm, çatdaqdan bu yana uzat, deyim...

- Nəqd yoxumdur, nisyə olsun...

- Nisyəni özünə saxla! Kara gələr.

- Nəqdə yaman öyrənmişsiniz, qoy bir dəfə də nisyə olsun...

- Kəs səsini! Oğlan, diluzunluq eləmə. Dilsiz qalarsan.

- De görüm gün batıb, ya yox?

- Sənin günün çoxdan batıb...

- Mənim günüm hələ çıxmayıb, oğul. Bəlkə batan səninkidir.

Qapı tüfəng qundağının zərbəsilə titrədi. Dalınca əmniyyə bərk bir söyüş söydü. Fridun söhbəti kəsib, yenə axurun üstündə oturdu. “Görəsən kəndlilər beşdə birə razı oldularmı?” deyə düşündü. Musa kişi, çılpaq uşaqlar və ala gözlü Gülnaz gəlib xəyalından keçdi. Bütün bu hadisələr içərisində Musa dayının nə üçün and içmədiyi fikrində anlaşılmaz bir sirr olub qalmışdı. Fridun heç bir vəchlə onun izahını tapa bilmirdi.

İnəklərin qərib-qərib mələməsi naxırın kəndə dolduğunu, günün batdığını xəbər verirdi. Bir az sonra itlər hürüşməyə başladı. Gecə düşmüşdü. Ay çıxmış, göy üzü işıqlanmışdı. Beləcə tövlənin köhnə qapısından içəri dolan ayrı-ayrı və kəsik səslərlə o, bayırda nələr olduğunu təsəvvür etməyə çalışırdı. Eyni zamanda bütün vücudunda bir yorğunluq hiss edirdi. Ancaq hava, ayaz gecə yadına düşdü. “Küləşin üstündə nə şirin yatardım” deyə bir fikir başından keçdi. Axur daşına söykənib mürgüləmək istədi. Lakin bacarmadı. Qalxıb, yenə qapını döydü, əmniyyəni çağırdı. Onunla söhbətindən pulagir olduğunu anlamışdı... Ayaq səsləri yaxınlaşdıqda dodaqlarını qapının çatdağına söykədi.

- Məni burax, qulluğunda borclu qalmaram.

- Heç sən başının qiymətini bilirsən? Bahası min tüməndir.

- Olsun, verərəm.

- Nəqd nəyin var?

 Fridun fikirləşdi, gümanı bir şeyə getmədi.

- Qapını aç, çıxan kimi istədiyini verərəm.

- Nisyə şeyə mən özümü belə oda ata bilmərəm.

- Nisyə deyil, sözüm həqiqətdir. - Əmniyyədən səs gəlmədi, O, nə isə fikirləşirdi.

- Hə, niyə dinmirsən?

- On min də versən qapıdan buraxa bilmərəm.

Fridun onun nə demək istədiyin anladı:

- Yaxşı, bir külüng tap, çıxmağa yer açaram. Həm mən qurtararam, həm sənin cibin dolar, özün də günahsız qalarsan...

Bu zaman bir hənirti duyuldu. Əmniyyə kənara çəkilib, “Gələn kimsən!” deyə qışqırdı.

- Mənəm, əmi, sənə də, Friduna da şam gətirmişəm.

Fridun Ayazın səsini tanıdı. Ürəyi sevinclə doldu. Əmniyyə uşağı yaxına buraxdı. Bağlamanı aldı. Açıb kasanı və çörəyi kənara, daşın üstünə qoydu. Oturub yeməyə başladı.

Ayaz:

- Əmi, bir tikə də Friduna saxla, - deyib əyildi. Çörəkdən bir az götürüb, tövlənin qapısına tərəf yollandı.

Əmniyyə heç bir söz demədi. Ayaz qapıya söykənib pıçıldadı:

- Fridun əmi, mənəm, atam deyir, nə edək?

Fridun cavab vermədi, əmniyyə uşağa yaxınlaşdı:

- Nə edəcək, de ki, pul göndərsin... yüzcə tümən. Bir də, külüng tapsın.

Ayaz çəkildi. Qabı bağlamaya bükdü. Əmniyyəyə “sağ ol, əmi” deyib, yola düşdü.

O, yalnız gecədən xeyli keçmiş qayıdıb gəldi. Onun əlində yaylığa bükülü bir şey görən əmniyyə “bəri ver” deyib, acıqlı-acıqlı üstünə yeridikdə, hasarın dalından Musa kişinin öskürməsini eşidib, hay-küydən qorxaraq, yerində dayandı. Ayaz ürəkləndi və onun yanından ötüb, qapıya yanaşdı. Qapı taxtasının arasından yaylığı Friduna uzatdı.

- Atam deyir ki, çox qiymətli şeylərdir. Bu da külüng.

Lakin külüng heç cür taxtanın arasından içəri keçmədi. Uşaq əyilib, astananı yoxladı. Qapının altında əl keçəcək bir boşluq tapdı. Eşib genişlətdi. Külüngün sapını içəri saldı. Yalnız bu zaman Musa kişi arxayınlaşaraq, səssiz addımlarla geri qayıtdı. Fridun külüngü çəkib götürdü.

- Sağ ol, Ayaz, sən burada durma, çıx get.

Ayaz çəkilib getdi. Əmniyyə qapıya yaxınlaşdı:

- İşə başlamamış pulu ver.

Fridun satqın təbiətli bu adamlara inanmaq mümkün olmadığını düşündü. Qızılı əlində cingildətdi:

- Bax, sənin payın budur. Deşiyi açıb, o tərəfə çıxanda verərəm.

Əmniyyə:

- Gələn olsa qışqıracağam “kimsən?”, eşidən kimi dayanarsan, - dedi və həyətin dərinliyinə çəkildi. Fridun qollarını çırmalayıb, tövlənin dal divarını yoxladı. Nisbətən zəif bir yer tapıb, külünglə sökməyə başladı. Külüng dəydikcə palçıq divar uçub tökülürdü. Azca sonra açılan deşikdən içəri sərin hava və işıq doldu. Fridun divarı adam çıxacaq qədər sökdükdən sonra külüngü yerə qoyub, əmniyyəni çağırmaq məqsədilə qapını döydü. Lakin həyətdən deyil, sökülmüş divar tərəfdən səs eşitdi:

- Tez çıx, burada səni gözləyirəm.

Fridun onun ehtiyatkarlığına heyrət edib, çölə çıxdı, qızılları ovcuna basdı. Getmək istərkən əmniyyə çiynindən çəkib saxladı:

- Külüngü də özünlə apar, - deyib tələsik həyətə, keşik çəkməyə getdi.

Fridun külüngü götürüb, iyirmi-otuz addım tövlədən ayrılmamış, Ayazın səsini eşitdi.

- Fridun əmi, bu tərəfdən gəl.

Fridun onun alnından öpdü, başını oxşadı.

- Ah, Ayaz, sən buradasan. Qoltuğundakı boğça nədir?

- Köhnə paltardır, ağam verdi, dəyişsin, kənddən çıxsın, dedi.

Ayaz qabaqda tez-tez gedirdi. Bir neçə döngə keçdikdən sonra bir xarabaya girdi.

- Fridun əmi, içəri keç, burada paltarını dəyiş.

Fridun paltarını dəyişdi, əynindən çıxanları boğçaya büküb, qoltuğuna vurdu. Külüngü isə  haman xarabadaca gizlədib, yerini Ayaza göstərdi.

- Ara soyuyanda götürərsiniz - dedi və azca durub, əlavə etdi: - Sən bu küçədən get, mən də başqa yoldan çıxaram.

Uşaq bir dost kimi onun əlini sıxıb, gözdən itdi.

Fridun kəndin sakit küçələrilə gedir, itləri ayıq salacağından qorxaraq, nəfəsini belə çıxarmırdı. Musa kişinin evinin yanından keçəndə qeyri-ixtiyari ayaq saxladı.

İçəri girib, onunla danışmaq, xırmandakı hərəkətinin sirrini öyrənmək istədi. Yadına düşdü ki, o xırmanda olar. Uşaqları oyatmağın da mənası yox idi. Elə beləcə çıxıb getmək, ilk həyat məktəbi olan, başında yeni, hələ yaxşı anlamadığı qəribə fikirlər oyadan kənddən birdəfəlik uzaqlaşmaq istədi. Ayaqları getmədi. Gülnaz, Səriyyə xala, Musa kişi ilə vidalaşmamış getsə, vicdan əzabı çəkəcəyini hiss etdi. Kim bilir, bir də onları görəcəkdimi? Yox, daxilində onları son dəfə görməyə, vidalaşmağa güclü bir ehtiyac duydu. Həm də Musa kişinin təəccüblü hərəkətinin səbəbini bilməyib getsəydi, həmişə bir sual başında hərlənib, ona rahatlıq verməyəcəkdi. Sola buruldu. Kəndin dar və sakit küçəsilə iki yüz addıma qədər gedib, bir xarabalığa keçdi. Qapını döyüb, səs qaldırmadan, bu xarabalığın damından Musa kişinin həyətinə düşmək olardı. O, uçuq-sökük palçıq divardan dırmaşıb dama çıxdı, əyilib həyətə baxdı. Uşaqlar səkinin üstündə yatışırdılar. Dumduru ay işığında onları bir-birindən aydınca seçmək olurdu. Körpələr gündüzkü dəhşəti unutmuş və şirin yuxu içində mışıldayırdılar: Səriyyə arvad, nə isə tərpənir və kəsik-kəsik sözlər deyirdi. Görünür gündüzkü dəhşətlər bir kabus kimi onu yuxuda da təqib edir, yatmağa qoymurdu. Arvad diksinir və sayıqlayırdı. Gülnaz uşaqlarla onun arasında arxası üstə uzanaraq yatmışdı. Kiçik bir ağ onun qıçlarını və bədənini örtmüşdü. Ayın işığı onların üstündə oynayırdı. Friduna elə gəldi ki, o yatmamışdı. Damın qırağından əyilərək yavaşca.

 - Gülnaz... - deyə çağırdı.

Qız dərhal qalxıb oturdu və yastığının altından qədək köynəyini götürüb başına keçirtdi. Fridun damdan həyətə atıldıqda artıq divarın dibinə gəlmiş Gülnaz qollarını uzadıb, onu tutdu. Fridun yıxılmamaq və qızı da ozü ilə bərabər yıxmamaq üçün qeyri-ixtiyari olaraq, onun yumşaq və hərarətli çiyinlərindən yapışdı. Qız onun qolları arasına qısıldı. Fridun bundan, nə isə, xoş bir ətir və istilik duydu. Qızın ay işığında qarışıb itən ala gözlərində bir qığılcım gördü.

 Səsə oyanmış Səriyyə xala:

- Adam, kimsən? - deyə soruşdu.

Fridun Gülnazdan ayrılıb, ona tərəf gəldi. Salam verdi:

- Gedirəm, Səriyyə xala, gəldim vidalaşam. Sağ olun, Sizə də əziyyətim dəydi. Bir pisliyim, bir günahım olubsa bağışlayın.

Qara ləçəklə başını örtməyə çalışan Səriyyə xala:

- Nə pislik, oğul, - dedi, - səndən yaxşılıqdan başqa bir şey görməmişəm. Sağ-salamat get. Allaha şükür ki, o əmniyyənin əlindən salamat qurtardın. Elə indicə yuxuda səni görürdüm. İraq candan, elə də ağır yuxu idi ki. Get, bala, allah səni pis gündən saxlasın! Bizi də yadından çıxartma.

Fridun əyilib, bir-bir yan-yana yatmış çılpaq uşaqların üzündən öpdü. Sonra, alnından öpmək istədiyini görərək, başını Səriyyə xalaya doğru əydi. Gülnaz kanarda durub baxırdı. Fridun onun ağır həyəcan keçirdiyini gördükdə əlini uzatdı:

- Sağ ol, Gülnaz, gedirəm.

Gülnaz qapıya qədər onu ötürdü. O qapıda dayanıb, bir də qıza baxdı. Qız, nə isə, bir söz demək istəyir, lakin bacarmırdı. Ay işığında, inci danələri kimi, yanaqlarına süzülən göz yaşlarını saxlaya bilmədi.

- Bir də gələcəksənmi?

Fridunun nə cavab verəcəyinin onun üçün heç bir əhəmiyyəti olmadığını andıran bir səslə əlavə etdi:

-  Yolunu gözləyəcəyəm, qiyamətə qədər gözləyəcəyəm!

Fridun:



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info