Qonaq Kitabı
BİRİNCİ FƏSİL

Musa kişi ciddiyyətlə cavab verdi:

- Bu üçdən başqa biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim.

Hikmət İsfahaninin dodaqlarında zəhərli bir gülüş göründü:

- Azdır, çox azdır!.. Hələ gərək bir beş-altısı da olaydı. Qurumsaq kişi!.. Qarnına yeməyə bir tikə çörək tapa bilmir. İt küçüyü kimi dördünü düzüb yan-yana... 

Musa kişi vəziyyətini pozmadan:

- Allah verəndir, dədəm sənə qurban, - dedi, - allah verəndir. Uşağı verən çörəyini də yetirər... Sən bizə rəhm eləsən, birtəhər dolanarıq...   

- Bəs bu altısı kimindir? –

- Ağa, başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini ikicə gün əvvəl elə buradaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzisini kəsmə, ağa, rəhm elə! 

- İmam Rza yolçusu kimi zəhləmizi tökmə, kişi! Yana çəkil!

- Allahdan qorx, ağa!.. Fağır çörəyini yemə, allahdan qorx!

Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi və yenə nə isə pıçıldadı. Hikmət İsfahani ayağa durdu:

- Kişi, yəni sən allaha-zada inanmırsan? - deyə, Musa kişinin yaxasından yapışdı.

 - Əstəğfürulla elə, dədəm sənə qurban... Əstəğfürulla elə. Ağzın quruyar...

- Yox, inanmırsan deyirəm! Sən allaha inansan, gecə dəclənmiş buğdanı xırmandan oğurlayıb, evinə daşımazsan. 

Musa kişi heyrətlə camaata baxdı. Camaat yerində qurumuş kimi durmuşdu.

- Buyur, dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur.

Camaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahani və onunla gələn başqa üç nəfər gedirdi. Musa kişi balaca uşaqları da yadından çıxarıb, hamıdan qabaq xırmana tərəf qaçırdı. Basırıq və hay-küy içindən bir uşaq naləsi eşidildi. Kim isə:

- Ay Səriyyə bacı, gəl bu körpəni götür, ayaq altında qalıb əzilər, yazıqdır, - deyə səsləndi.

Səriyyə xala şikayətləndi:

- Nə edim əzilər. Allah hamısını qırsın, canımız qurtarsın!..

Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da piramida buğdanın dəci pozulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb, dağılmış buğdanı göstərdi:

- Hə, bu nədir?.. Bu nədir?

Musa kişi dəli kimi bir buğdaya, bir də mübaşir Məmmədə və Əli əmniyyəbaşıya baxıb qışqırdı:

- Camaat, inanmayın! Bu, buğdaların hamısını əlimizdən almaq üçün bir bəhanədir, yalandır!..

Hikmət İsfahani qızardı: 

- Deməli, sən dəci pozmamısan, hə?

- Xeyr allah bilir ki, mən dəci pozmamışam. 

- Yaxşı, onda yoxlayacağam. Qurana əl basdıracağam.

Kəndlilər arasında yenə bir uğultu dolandı. Hikmət İsfahani, bayaqdan bəri heç bir söz deməyib duran nazik, uzunboylu, qəribə uyğunsuz bir görkəmi olan adama döndü:

- Ağayi Sofi İranpərəst, qabağa buyur. Bunlara anlat ki, yalandan and içənə allah necə qəzəb edər. İrəli keç!

Sofi İranpərəst əlində meşin cildli bir kitab qabağa çıxdı:

- Camaat, budur quran, allahın əmri, Məhəmmədin vəsiyyəti budur. Buna yalandan and içən allah-taalanın qəzəbinə düçar olur. Yerindəcə quruyub, daşa dönür. Necə ki, dünən Sarabın Duzzan kəndində Məşədi Hüseyn, Məşhəd ona qənim olsun, qurana əl basanda dirsəkdən aşağı əli quruyub, döndü taxtaya. Kərbəlayı Məmməd yeddi addım atıb, Həzrət Abbasa and içib, torpaq qalağını dağıdan yerdə qaralıb, oldu bir tikə daş. Allah-taalanın qəzəbi belədir. İndi kimin hünəri var, buyursun meydana. 

 O, sözünü qurtarıb, kənara çəkildi. Hikmət İsfahani onu saxladı:

- Yeri, yeddi addım say, qoy gəlib and içsin. Sözüm yoxdur, o and içsin, mən də halal eləyim. Lap yüz xalvar da aparmış olsa, halal xoşu olsun!

Camaat kənara çəkildi. Sofi İranpərəst yeddi addım sayıb, torpaqdan küt bir qalaq qayırdı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Fridunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılığın izləri vardı...

Hikmət İsfahani:

- Hə, di buyur. And iç, sözü qurtaraq, - dedi.

 Musa kişi qıçları əsə-əsə üç addım atdı. Dördüncü addımda dayandı. Dönüb, Hikmət İsfahaninin ayaqlarını qucaqladı.

- Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür get, heç şey istəmirəm! 

Hikmət İsfahani ayağı ilə onu itələdi:

- Yox, belə dinsizləri cəzasız qoymaq özü allah yanında böyük bir günahdır, - dedi və üzünü Əli əmniyyəbaşıya tutdu: 

- Kəndir gətirin, bu dinsizi ağaca səriyin, iki yüz çubuq.

Əli əmniyyəbaşı o biri iki əmniyyəyə baxdı, qaşını tərpətdi. Əmniyyələr tez hərəkət etdilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Fridun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndiki hərəkətlərini də anlamaqdan aciz qalmışdı.

Əmniyyələr Musa kişini soyundurdular, qalın bir kəndirlə yoğun çinar ağacına sarıdılar. Fridun bir ona, bir də Hikmət İsfahaniyə baxdı. Hikmət İsfahani özü ilə şəhərdən gəlmiş və zahiri görkəmindən əcnəbiyə oxşayan adamlardan birisinə müraciət etdi:

- Mister Harold, sizə çətin olar. Gedin, biz işimizi qurtarıb gələrik. Bunlar müsəlmandır, döyülməsələr allaha bəndəlik eləməzlər. Mister Harold, bəlkə siz gedəsiniz?

Mister Harold soyuqqanlılıqla gülümsədi. Bir sirk oyunu gözləyən tamaşaçı marağı ilə:

- Xeyr, xeyr - dedi, - çox maraqlıdır. Buna Amerikada radikal tədbir deyirlər... Çox maraqlıdır! Belə olmasa məmləkətdə qanun-qayda qalmaz. Güc ədalətin yoldaşıdır, mister İsfahani, işinizdə olun.

Əmniyyələr Musa kişini ağaca bağlayıb, yaş söyüd çubuqlarını onun lüt bədəninə çırpmağa başladılar...

Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırdı. Fridun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. Səriyyə xalanın və körpələrin naləsi qulağına çatdı. Dönüb onlara baxdıqda, Gülnazın ala gözlərindən yanaqlarına doğru süzülən göz yaşlarını gördü və davam gətirə bilməyib özünü qabağa atdı:

- Dayanın, vurmayın! - dedi, - Onda günah yoxdur. O, bulağa su gətirməyə getmişdi. Mən vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi, buğdanın üstə yıxıldım. Dəc pozuldu. Onda günah yoxdur...

Kəndlilər, dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İranpərəstə tutdu:

- Yeri, yeddi addım say!

Sofi İranpərəst yenə yeddi addım saydı. Yenə əlində quran torpaq qalağının yanında durdu. Fridun qətiyyət və cəsarətlə yeddi addım yeriyib, torpağı dağıtdı, qurana əl basdı: 

- Bu quran haqqı düz deyirəm.

Camaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb, paltarını özünə verdilər. Fridun qayıdıb, Hikmət İsfahaninin qabağında durdu:

- Ağa, - dedi, - sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir - bir pay, su sizindir - iki pay, mal sizindir - üç pay, toxum bizimdir - bir pay, bax bu əl, bu zəhmət bizimdir - bu da bir pay, elədi iki pay. Deməli, beşdə üçü sizin, beşdə ikisi bizimdir.

Kiçik bir fasilədən sonra səsini ucaltdı:

- Ya öləcəyik, ya da bir ponza* artıq verməyəcəyik! 

Hikmət İsfahani qışqırdı:

- Xeyr, torpaq iki paydır! Mən hələ xışı, vəli, şananı demirəm... Məgər onlar yerdən çıxır? Onları üstünə gəlsən, gərək sizə beşdə bir yox, altıda bir verəm.

- Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malın üstündə gedir! Torpaq da bir paydır!.. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamdır!..

- Gədə, sən nəçisən? Deyəsən sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır?.. Bağlayın bunu o ağaca, yüz çubuq!

Bayaqdan bəri Friduna baxıb, dişlərini qıcıyan və mübaşir Məmmədlə nə isə danışan Əli əmniyyəbaşı bığlarını eşdi, əmniyyələr Friduna tərəf gəldilər... Fridun müqavimət göstərdi. İtələyib, onlardan birini yıxdı. Mübaşir Məmməd və Əli əmniyyəbaşı gəncin qollarını qatlayıb, dalında bağladılar və ağaca tərəf sürüdülər.

Hikmət İsfahani ilə gəlmiş adamlardan bütün hadisələri diqqətlə izləyən qartal baxışlı birisi irəli yeridi, Fridunu göstərərək, ərbaba müraciət etdi:

- Bu ağanın danışığından siyasət iyi gəlir, - dedi, - mən cəsarət edib, sizdən xahiş edirəm, onu döydürməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla, onu layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız.

Hikmət İsfahani ani bir fikirdən sonra:

- Yaxşı, ağayi Kürd Əhməd - dedi, - sənin sözün ağlabatan sözdür. Yəqin bu ağa, bolşevikdir.

Əli əmniyyəbaşıdan soruşdu:

- Mühacirdir. Bakıdan gəlib, hə?

Əli əmniyyəbaşı və mübaşir Məmməd, ikisi də birdən cavab verdi:

- Xeyr, ağa, Təbrizdən gəlib, kimliyini bilmirik.

- Kim olacaq, bolşevikdir. Gözlərini görmürsən necə işıldayır, lap bolşevik gözü kimi, az qalır adamın ürəyini deşsin. Mənim bu amerikalı dostum mister Harold deyir ki, bir torpağa ki, bolşevik toxumu düşdü, o torpağı yandırmaqdan başqa əlac yoxdur. Vallah, kişi düz söz deyir!

Sonra üzünü mister Harolda tutdu:

- Mister Harold, bu Azərbaycan bizim başımıza bir bəla olub. Nə toxum desən burda bitir. İnqilab, məşrutə, sovet, bolşevik... hamısı bu torpaqda göyərir.

Mister Harold soyuq bir əda ilə əlini şimala tərəf uzatdı:

- Mister İsfahani, heç də təəccüblü deyil. Belə qonşusu olanın, belə də ruzigarı olar. Şərqlilərdə yaxşı bir misal var: “Atı at yanında bağlarsan həmrəng olmasa da, həmxasiyyət olar”. Nə qədər Sovetlər var, Azərbaycanda, Gilanda, Mavəndaranda sizə çox başağrısı üz verəcəkdir. Çox belə üsyankarlara rast gələcəksiniz.

- Nə dedin, mister Harold, nə dedin!.. Eybi yoxdur, nə qədər canımız sağdır, biz də sizin kimi dostların köməyi ilə bunların kökünü qazıb atacağıq Arazın o tayına. Götür apar, atanın payı olsun!

- Yox, bunlar, bir-bir kökünü kəsməklə qurtaran toxum deyil. Birini kəsərsən, yerində yüzü bitər. Gərək daha radikal yollar tapılsın. İranın şimal sərhədləri keçilməz bir istehkama çevrilsin.

- Vallah ixtiyar məndə olsa bu sərhədlərə poladdan bir hasar çəkdirrəm, bir başı dəryanın dibinə, o biri başı yeddinci ərşə dayansın ki, heç o tərəfin küləyi də əsib bura keçməsin.

Fridun özünü saxlaya bilməyib:

- O küləyin qabağını almaq sizin işiniz deyil, - dedi. -  Qorxuram orada özünüz sətəlcəm olasınız!..

Hikmət İsfahani acıqlı-acıqlı ona baxıb, tüpürmək istədi. Lakin özünü saxladı. Camaata müraciət etdi:

- Xalis bolşevik toxumudur, külək qovub, gətirib bu taya! Eybi yoxdur, bizə də iranlı deyərlər, çox güclü toxumları zirzəmidə çürütmüşük. Götürün, götürün bu bolşeviki buradan!

- Bəçeşm...

Əli əmniyyəbaşı əmniyyələrə nə isə tapşırdı, onlar Fridunu götürüb getdilər. Hikmət İsfahani üzünü kəndlilərə tutdu:

 - Beşdə biri sizindir, dördü mənim, vəssalam! Danışıq qurtardı. Ağayi Kürd Əhmədi də burada qoyub gedirəm. Mənim vəkilimdir.

Kürd Əhməd ağır nəzərlərlə, sükut içində durmuş kəndlilərə baxdı. Kəndlilər qaya kimi lal, etimadsız, davamlı və yoxlayıcı baxışlarla onu süzürdülər.

 

***

Musa kişi ilə Səriyyə xala xırmanda tayanın dibində oturmuşdu. Gülnaz ayaq üstündə dərzlərə dirsəklənib, hara isə uzaqlara baxırdı. Niyaz onun ətəyindən tutub durmuşdu. Solmaz və Araz başını Səriyyənin dizi üstə qoyaraq mürgüləyirdi. Yalnız Ayaz xırmanın ayağında nə isə eşələnir, gah xəlbiri götürür, gah şanaya əl atır, xırmanın ətəyini təmizləyirdi. Qalan hamısı günün ağır təsiratı altında fikrə getmişdi. Yeyilməmiş bir neçə çörək tikəsi və soyumuş ət suyu arada qalmışdı. Musa kişi də, Səriyyə də Fridunun tutulmasında özlərini günahkar və bais görürdülər. Bu barədə açıq danışmırdılar, lakin hərəkət və baxışlarında bu ifadə aydın görünürdü. Xırmana tökülmüş taxıl dərzləri, indi onlara oğru və talançılar üçün ayrılmış bir şey kimi görünürdü. Bircə gün əvvəl bu bol məhsulun oyatdığı sevinc və arzulardan indi heç bir əsər qalmamışdı. Buna görə də nə Musa kişinin, nə də Səriyyənin əli işə getmirdi. Bir qorxu uşaqların başsız qalacağı qorxusu olmasaydı Musa kişi bu tayaları yandırardı. Bunu da, o arvadından gizlətməyərək dedi:

- Bu uşaqlar olmayaydı, vallah bu gecə hamısına od vurardım. Baş götürüb, ayağım gəldikcə gedərdim. Əl-qolumu bağlayan bunlardır.

- Kişi, yaxşısı budur o bədbəxtin halını düşün, sabah şəhərə aparsalar daha zindandan qurtarmaq olmaz.

Musa kişi heç bir söz deməyib, sızıltı ilə ayağa durdu. Arxasına vurulan çubuqlardan belinin şiddətlə ağrıdığına baxmayıb, demisini tüstülədərək, qonşu xırmana getdi. Səriyyə onun eyni məyusluqla əl-qolu işdən soyumuş başqa kəndlilərlə nə isə pıçıldaşdığını eşitdi. Lakin nə danışdıqlarını anlaya bilmədi. Azca sonra Musa kişi geri döndü:

- Arvad, çörəyi yığ bağla, ət suyunu qoy, Ayaz aparsın, Fridun şamsızdır.

Səriyyə yatmış uşaqların başını dizi üstündən yerə qoymaq istəmədi. Gülnaz tez gəlib çörəyi yığışdırdı, səliqə ilə ət suyu olan mis kasanın ağzına qoydu. Süfrə kimi yerə sərilmiş bezə bağladı. Musa kişi Ayazı çağırdı:

- Götür, oğlum, Hüseyn kişinin xarabalığında tövləyə salmışlar. Küllüyün yanındadır. Tanıyırsanmı?

Uşaq cəld cavab verdi:

- Tanıyıram, ata...

- Əmniyyəyə deyərsən çörək gətirmişəm. Qoymasa yalvar, yarısını da ona ver. Birtəhər Fridunu gör. Soruş ki, nə fikir edir, neyləyək?.. Bildin?

- Bildim, ata...

Ayaz bağlamanı götürüb, yola düşdü. Musa kişi xeyli onun dalınca baxdı. Axşam qaranlığında uşaq gözdən itdikdən sonra dönüb, yenə demisini alışdırdı:

- Gülnaz, qızım gözün ətrafda olsun, gələn olsa mənə xəbər ver, - dedi və Səriyyənin yanında çömbəldi.

Gülnaz, onun anası ilə ikilikdə danışmaq istədiyini duyub, tayanın dalına keçdi. Musa kişi Səriyyəyə pıçıldadı:

- Arvad, Fridunu Kərim əmniyyəyə tapşırıblar. O da tamahkarın biridir. Dünya malına imanını satandır. Nəyin var?..

Səriyyə fikrə getdi. Evdə qiymətli bir şey yox idi.

- Bəlkə inəyi sataq?

- Bu keçəgözü inəyi kimə satacaqsan. Bir də belə iş eləmək olmaz. Şübhəyə düşərlər, sonra yaxamızdan əl çəkməzlər. Yüngül şey, qiymətli şey, nəyin var?

Səriyyə ancaq indi, Musa kişinin qəti fikrə gəldiyini və nəyə işarə etdiyini anladı:

- Olsun, kişi, boyunbağı da, qolbaq da, üzük də Friduna qurban olsun! - dedi və yaşarmış gözlərini yana çevirdi.

Musa kişi yavaşca əlini arvadının çiyninə qoydu:

- Can sağlığı olsun, işlərəm, yığarıq, ondan da qiymətlisini alarsan, - deyib ayağa durdu.

O, arvadının nə qədər fədakarlıq etdiyini anlayırdı. Bu üzük, qolbaq və boyunbağı Səriyyəyə anasından, ona da nənəsindən qalmış bir yadigar idi. Səriyyə də onları Gülnazın toyuna saxlamışdı. Qızına verəcəyi yeganə qiymətli cehiz olmaqdan əlavə bir də keçmiş nəslin ənənəvi yadigarı idi. Bu ənənənin Səriyyədə qırılması ona çox ağır gəlirdi. Lakin başqa çıxış yolu yox idi. Musa kişi arvadın fikrini dağıtmaq üçün:

- Dur, sən də uşaqları götür, get evə, - dedi. Burada oturmağın bir faydası yoxdur.

Səriyyə xala bərk yatmış Almazı qucağına aldı. Solmazı oyatmaq istədi. Gülnaz qoymadı, yavaşca götürüb, bağrına basdı, Niyazı yanlarına salıb, kəndə yollandılar.

 

***

Kürd Əhməd kəndlilərin çəp və acıqlı baxışları altında xırmanları gəzirdi. Tayaların dibindən qulağına gələn narazı və qəzəbli danışıqları diqqətlə dinləsə də zahirən özünü biganə və qeydsiz kimi göstərirdi. Ara-sıra ayaq saxlayır, bu və ya digər kəndlini müxtəlif inadlı suallarla söhbətə çəkir, hətta zarafatyana sözlər də deyib keçirdi. Bu isə onu yalnız bir ərbab vəkili kimi  tanıyan kəndlilərin daha artıq qəzəbinə səbəb olurdu. Dalınca:

- Bişərəf köpək uşağı hələ bir bizi ələ də salırlar, - deyə söyürdülər.

O bu söyüşləri eşidirdi. Lakin heç bir şey onun zahiri sakitliyi və qeydsizliyini pozmurdu. Əslində isə o, tamamilə başqa həyəcanlar keçirirdi. Onun qəlbində coşan nifrət bütün kəndin nifrətindən güclü və ağır idi!

Kürd Əhməd Urmiya gölünün kənarlarında doğulub böyümüş kürdlərdən idi. Cənubi Azərbaycanın mühüm strateji əhəmiyyətli və qədim şəhərlərindən olan Urmiyada ta uşaqlıqdan o, azərbaycanlı, erməni və aysorların həyatını müşahidə etmiş, Türkiyədən tutmuş, İngiltərə, Amerika və almanlara qədər müxtəlif xarici dövlətlərin burada millətlər arasında oynadığı alçaq fitnələrin şahidi olmuşdu. Lap yeddi-səkkiz yaşlarından bu əhvalatları anlatmaqda maarifpərvər bir adam və adlı-sanlı müəllim olan atası ona kömək etmişdi. O, həmişə kürdlərin ağır həyatından, əşirət dövrü adətlərinin, qəbilə qaydalarının kürdlər arasında hələ də hökm sürməsindən şikayətlənir, onların tarixi fəaliyyətini burada görərdi.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info