Qonaq Kitabı
BİRİNCİ FƏSİL

beytilə başlayan məşhur qəzəli idi. Həmişə Gülnazın aya oxşar üzünə baxdıqda bu qəzəl yadına düşürdü. Eynilə bu qəzəli oxuduğu zaman, Gülnazın ala gözləri, ay bənizi gəlib xəyalında canlanırdı. Sanki Saib Təbrizi öz qəzəlini Gülnaza həsr etmişdi.

O, Zabul segahı üstündə Saibin bu qəzəlini oxuduqca dərin bir zövq duyurdu. Ətraf da xəbərsiz kimi, öz xəyalına, öz daxili aləminə qapılmışdı. Birdən nə isə tayanın dalından bir cüt gözün onu təqib etdiyini duydu. Dönüb baxdıqda, dərzlərin dalından Gülnazın boylandığını gördü. Qızın iri ala gözləri ilk gəncliyə məxsus bir maraq və həvəslə Friduna dikilib durmuşdu. Qeyri-ixtiyari göz-gözə gəldikdə, gənc onun baxışları altında özünü itirən kimi oldu; qəlbində xəfif bir həyəcan duydu. Görünür ki, qız da həyəcanlı idi. Çünki öküzlər xırmanı dolanıb, ikinci dəfə tayanın tuşundan keçəndə Fridun onun qızardığını gördü. Bir anda “bu qız afət olacaqdır” deyə bir fikir başından keçdi. Onun dalınca da başqa fikirlər sel kimi axıb gəldi. Ah! Nə olaydı, kənddə məktəb olaydı! Gülnaz və onun kimi başqa kəndli qızları da oxuya idi! İmkan olsa idi, Fridun özü onu oxudar, Təbrizə göndərərdi. Nə xoş, nə gözəl bir əməldir! Gülnazı oxutmaq, onu həyatın kələ-kötür yollarında mətin addımlarla yeritmək! Bu fikir Friduna qəribə göründü. Doğrudan da, təqdirəlayiq və romantik bir hərəkət olmazmı? Bu şəraitdə hər hansı bir küncdə saralıb solacağı mühəqqəq olan kasıb, yoxsul, çıl-çılpaq bir kəndli qızını oxutmaq, insan içərisinə çıxarmaq, ona özünün necə yaxşı işlər görməyə qabil olduğunu göstərmək! Sonra da bu qızla əl-ələ verib, yazıq vətənin yaralarını sağaltmaq üçün çarpışmaq!..

O, artıq bunu qəti qərara almış kimi, Musa kişinin, Səriyyə xalanın razı olub-olmayacağını düşünməyə başladı, İki ay bundan qabaq, kəndə yenicə gəldiyi zaman o qədər də əhəmiyyət vermədiyi, lakin harada isə, daxilində gizlənib qalan bir hadisə xəyalında canlandı: gecə idi, o, axşamdan soyunub səkidə yatmışdı. Səriyyə xala da uşaqları yatırıb, Musa kişinin yasdığının yanında oturmuşdu. Fridun yarı-yuxulu halda onların danışığını eşidirdi. Səriyyə xala:

- Kişi, göz dəyməsin, Fridun nə yaxşı oğlan olub, heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır, ağırtəbiət və ağıllı bir oğlandır!

Musa kişi onun sözlərini təsdiq etdi:

- Onda körpə uşaq idi, arvad, doqquz yaşı ola-olmaya idi. O vaxtdan on beş il gəlib keçib. Böyüyüb, yekə kişi olub!..

- Onda rəhmətlik anası ilə gəlmişdi. Çox yaxşı arvad idi.

- Eh... Bibiqızının sən nəyini gördün. Ömründə bircə həftə qonağın oldu.

- Adamın pisini-yaxşısını bir həftədə yox, lap bir saatda da tanımaq olar. Oğlanın da bir suyu lap o rəhmətliyə oxşayıb.

- Sən də mənim kimi adam tanıyansan, arvad... Mən dünyada çox adamlar görmüşəm. Bu cür nəcibinə rast gəlməmişəm. Amma bu, anasından çox, rəhmətlik atasına çəkib. O da ağır və təmiz kişi idi. Öləndə bunun ancaq on yaşı olardı. Yetimçiliklə böyüsə də fərasətli çıxdı.

- Atası, gərək ki, yatalaqdan öldü, hə?..

 - Tehrana gəldiklərinin üçüncü ili kişini yatalaq tutdu. Həmişə Azərşəhrdə olardılar. Sonra əlləri aşağı düşdü. Gedib Tehrana çıxdılar. O xaraba da bir qəbir kimi, atasını da, anasını da yedi. Qalan bircə bu oldu...

Musa kişi susdu. Deyəsən ikisi də nə isə düşünürdü. Fridun Səriyyə xalanın pıçıltısını eşitdi. Lakin sözləri ayırd edə bilmədi. Musa kişi:

- Çox yaxşı olardı, - dedi və azca keçməmiş əlavə etdi: 

- Fələyin işini nə bilmək olur. Bəlkə də, onu qismət çəkib bura gətirmişdir...

Bu sözlərin əsl mənasını Fridun indi dərk edirdi. Sanki Gülnazın həyəcanla qalxıb-enən sinəsi, onun maraq dolu və gəncliyin alovu ilə yanan ala gözləri bu mənanı aydınlaşdıran bir rəmz idi. Fridun bu fikirlərə dalaraq, tez-tez tayaya tərəf baxarkən, Gülnazın xəfif bir təbəssümlə çəkilib getdiyini gördü. Kuzə əlində bulaqdan qayıdan Musa kişinin səsini eşitdi.

- Maşallah, oğlum, görən deyər ki, yüz ilin rəncbərisən...

Fridun gözünü tayadan çəkərək, Musa kişiyə döndü:

- Nə zəhmət çəkirsiniz, - dedi, - mən özüm bulağa gedəcəkdim.

- Nə təfavütü var, ay oğul, ya sən, ya mən. Düş, get bir tikə çörək ye. Gülnaz pendir-çörək gətirib, düş...

Fridun cavab verməmiş Musa kişi vəlin üstünə çıxdı və öküzləri səslədi:

 Ha, ha, dədəm sənə qurban, ha...

Fridun Gülnazı görəcəyi ümidilə dərzin kölgəliyinə keçdi. Lakin qız orada yox idi. Hamar bir yerdə süfrə açmış, pendir və çörəyi səliqə ilə düzərək kənara çəkilmişdi. Friduna elə gəldi ki, o utandığından dayana bilməmişdir. Azca fikirdən sonra “kim bilir, bəlkə də həyəcanından?” deyə düşündü...

 

* * *

Günəş günorta yerində durmuşdu, istinin şiddətli zamanı idi. Hava insanın üzünü yandırır, qızmış torpaq və daşlar ayaqlarını bişirirdi. Günün altında dayanmaq mümkün deyildi. Bu sonsuz, bitməz-tükənməz hərarət və atəş mənbəyi insanları cana gətirir, təngnəfəs edirdi. Onun istisindən çöllərin otu quruyur, biçilib qurtarmamış zəmilərin sünbülləri vağanıyıb yerə tökülürdü. Mal-qara özünü kölgəliyə verib gövşəyir, quşlar budaqlarda gizlənir, itlər dilini bir qarış çıxararaq ləhləyirdi. Yalnız çəyirtkələr ora-bura uçuşur, cırcıramanın laübalı səsi kəsilmirdi.

Fridun vəlin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb, taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Fridun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyyə xala və uşaqlar da işləyirdilər. Onlar sovruq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdilər. Ayaz sovuruq atan atasına kömək edirdi. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona baxıb: “Düşmən toxmağıdır, allah saxlasın, - deyirdi. - Bu gün-sabah yekə oğlan olub, əlimdən tutacaq”. Bu sözləri eşidən uşaq daha ciddiyyətlə işləyir və atasının onu böyük yerində qoymasından sevinirdi.

Bir azdan sonra Fridun yorğun halda, tərdən islanmış öküzləri açaraq, ot tayasının kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü və:

- Ha, dədəm sizə qurban, - deyib, boyunlarını tumarladı.

Fridun da, Musa kişi də taxıl tayasının kölgəsinə keçdi. Musa kişi, kuzəni çiyninə ataraq, bulaqdan qayıdan Gülnazı səslədi:

- Ay qızım, o sudan bir-iki qaşıq əlimə tök...

Gülnaz kuzəni çiynindən endirib, sağ əli ilə alnının tərini sildi və gözaltı Friduna baxıb, atasının əlinə su tökdü. Musa kişi suyu üzünə çırpdı:

- Bəh, bəh!.. Bunun ləzzəti dünyaya dəyər, - dedi - Gəl, oğlum, sən də bir sərinlən.

Fridun qolunu çirmədi, kuzəni almaq üçün Gülnaza yaxınlaşdı. Nagəhani və yoğun bir səs eşidərək dayandı: 

- Ala gözlü xanım, o sudan bir az ver, içək!

 Onlar üçü də heyrətlə dönüb baxdı. Bu, bir ayağı atın üzəngisində, bir ayağı yerdə olan mübaşir Məmməd idi. Gözlərini Gülnazın üzünə dikmişdi. Fridun bu gözlərdə biədəblik, pis bir tamah gördü. Gülnazı, zəhərli bir oxdan qoruyar kimi, qabağa keçdi, mübaşir Məmmədlə onun arasında durdu. Mübaşir acıqlı-acıqlı ona baxdı:

- Su istəyirəm, Şümür deyilsiniz ki!

Musa kişi kuzənin suyundan mis kasaya töküb yaxaladı və kənara atdı. Sonra kasanı doldurub, mübaşir Məmmədə uzatdı:

- Ağa, acıqlanmaq niyə? Su istəyirsiniz, buyurun...

Mübaşir Məmməd kasanı alıb, suyunu atın yalına tökdü.

Sərin sudan diksinmiş tərli at qabaq ayaqlarını yerə döydü, başını silkələdi.

Mübaşir Məmməd Musa kişini yana itələdi:

- Qoça kişisən, zəhmət çəkmə. Qoy qız versin!

- Zəhməti yoxdur, sizə özüm qulluq eləsəm yaxşıdır.

- Mersi! Qızı pis yetirməmisən. Allah yaman gözdən saxlasın. Al, xanım, al kasanı doldur, ver içim. Su paylamaq savabdır.    

Mübaşir Məmməd kasa əlində Gülnaza tərəf yeridi. Fridun onun qabağını kəsdi:

- Ağa, su istəyirsiniz, buyurun, artıq danışmağa ehtiyac yoxdur, - dedi və kuzəni qaldırıb, başıaşağı əydi.

Mübaşir Məmməd kasanı kənara atdı. Su şırhaşırla yerə töküldü. Mübaşir:

- Eybi yoxdur, Musa kişi! Bir stəkan suyu da bizə çox gördün, eybi yoxdur, - deyib, atın cilovundan çəkdi və Həsənalının xırmanına getdi.

Musa kişi Gülnaza baxmadan:

- Allah kasıbı yaradınca başına bir daş salsın, - dedi.  - Yaxşı arvad da, gözəl qız da kasıbın başına bəladır!..

Fridun heç bir söz demədi. Halbuki ürəyi dolu idi. Çox söz demək, danışmaq istəyirdi. Lakin susdu və qeyri-ixtiyari olaraq gözaltı Gülnaza baxdı. Qızın yapaqları qızarmışdı. Lakin bu qızartı da, ala gözlərindəki kədər, dumanlı iztirabların ifadəsi idi. Sanki qız nədə isə özünü günahkar sayırdı. Amma bu günahı bir dürlü təsəvvür edə bilmirdi. O özünü nəinki yabançı gözlərdən, hətta öz yaxınlarından da gizlətməyə çalışırdı. O bütün varlığı ilə ailəsinə, yazıq ata və anasına xoş bir sevinc, balaca bir səadət gətirmək həvəsilə yaşarkən, əsl həyatda nə üçün onların dərdini, fikrini artırdığını heç cür anlaya bilmirdi. Bu vaxta qədər yaxşı bir nemət zənn etdiyi gözəlliyinin ailə üçün açdığı təhlükələri getdikcə daha artıq duymaqda ikən səbəbini aydınlaşdırmaqda acizlik çəkirdi. Bu da onun iztirablarını artırırdı. Anlaşılmaz bir gələcək qorxusu axşam qaranlığı kimi qəlbinə dolurdu. Nəyinsə peşmançılığını çəkirdi. Lakin nəyin? Belə gözəl bir yaradılışınmı? Bəlkə o, eybəcər, şikəst doğulsa daha yaxşı idi!.. Yox! Kim buna razı olar!.. Bəs nə üçün o, böyüdükcə atası qeydkeş və iztirablı görünür, anası həyəcanlı bir ürəklə başının üstündə titrəyir? Bunu duyduqca o, qəsdən insanlardan qaçır, tənhalığa meyl edirdi. Qəlbində isə başqa hisslər də baş qaldırırdı. Bu hisslər onu həyata çəkirdi. Qısıla-qısıla deyil, dik duraraq yaşamağa sövq edirdi. Yalnız ayaqlarının altına deyil, geniş üfüqlərə də baxmaq, köks dolusu nəfəs alaraq, yaşamaq istəyirdi. Bunun isə çox çətin və bəlkə də qeyri-mümkün olduğunu gördükcə nə edəcəyini bilmirdi.

Mübaşir Məmməd Musa kişini hədələyib, tərs-tərs ona baxaraq getdikdən sonra bu qarışıq həyəcanlar içərisində Gülnaza aydın görünən bir hiss vardısa o da nifrət hissi idi. Əslində isə bu hiss onların hamısının qəlbini eyni şiddətlə döyündürür və birləşdirirdi. Fridun da, Musa kişi də, Səriyyə də, Ayazdan tutmuş Almaza qədər səssiz dayanmış körpələr də bu hiss ilə yaşayırdı.

Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb, ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Onun içinə çörək, göy soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb, ovduq düzəltdi və Musa kişi ilə Fridunun qabağına qoydu. Onlar sükut içində ovduqdan bir-iki qaşıq yeməmişdilər ki, Həsənalının çığırtısını eşitdilər:

- Köməyə gəlin!. Kafir məni öldürdü.

Yerlərdən sıçrayıb, onun yanına qaçdılar. Həsənalı, balağı dizindən azca aşağı bez tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı.

- Gürzə çaldı, gürzə çaldı!

Gürzə onu yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında yatmış imiş, Həsənalı su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik içərisində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və altı uşağı bir-birinə qarışaraq, ah-fəryad qopardığından, kişinin vahiməsi getdikcə artırdı. Musa kişi arvada və uşaqlara təpinərək, tez vəlin kəndirini kəsdi, Həsənalının dizdən aşağı qıçına sarıdı.

- Qatıq, qatıq, - deyə uşaqlara döndü.

Qatıq yox idi. O, çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan mübaşir Məmmədi harayladı. Mübaşir çiyninin üstündən ona tərəf baxıb, atı məhmizlədi. Musa kişi ondan imdad olmayacağını görüb qayıtdı. Həsənalının qıçı şişməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək, onu eşşəyin belinə aşırmaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şişi artan qıçını göstərib, təcili əlac istədi. Arvad və uşaqlar baş-gözünü yola-yola nalə edirdilər. Fridun:

- Musa dayı, həkim, həkim tap! - deyib səsləndi, Musa kişi əlini havada oynatdı:

- Ay rəhmətlik oğlu, bu xarabada həkimin nə işi var!

Artıq şiş xeyli yuxarı işləmişdi. Bunu görən Həsənalı nə isə qəti bir qərara gəlmiş kimi, üzünü Musa kişiyə tutdu:

- Bircə xəncərdən-zaddan tap, dizdən qıçımı kəsmək lazımdır!

Heç kəsin əli gəlmədi. Həsənalı üzlərdəki donuqluğu görüb, təlaşla səsləndi:

- Nə qədər gec deyil, kəsin. Balta ilə də olsa kəsin! - dedi və əsəbiliklə arvadına tərəf səsləndi. - Nə şivən qoparmısan, kiri... O uşaqların da səsini kəs!

Bir anda uşaqlar da, arvad da susdu. Haradansa iti bir balta tapdılar. Həsənalı qıçını xırman ayağındakı uzunsov daşın üstündən aşırdı. 

- Vur, bircə zərbə ilə üz!

Kim baltanı qaldırdısa “uf, əlim gəlmir” deyib, yerə qoydu. Şiş artıq dizə yaxınlaşırdı. Həsənalı, bir də ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib, üzünü kənarda durmuş bir kəndliyə tutdu:

- Qəssab Alı, niyə durmusan, mənim ölümümü ki istəmirsən, götür baltanı çırp bura!..

Qəssab Alı heç bir söz deməyib, adamları itələdi və baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə ilə Həsənalının qıçını dizdən üzüb, kənara atdı:

- Tez əsgi yandırıb basın, - dedi, yaşarmış gözlərini sıxaraq, dalına baxmadan çıxıb getdi.

Fridun da dayana bilməyib, qəmgin bir halda xırmanlarına döndü. Şikəst Həsənalının və onsuz da ehtiyac içərisində əzilən uşaqlarının gələcəyini düşündü:

- Bədbəxt millət, bədbəxt millət! - deyib, köksünü ötürdü, Öz-özünə:  - Kənddən qaçmaq lazımdır, qaçmaq lazımdır, - dedi. - Burada dərddən, qüssədən başqa bir şey yoxdur! 

-Yox, Fridun, getmə, heç yerə getmə!

Bu, yaşarmış gözlərilə dərzin ardından onu izləyən Gülnaz idi.

Fridun qətiyyətsiz və qeyri-müəyyən istəklərin dumanlatdığı gözlərini ona çevirdi. Qız yavaş-yavaş uzun kirpiklərini gözlərinin üstünə endirdi və dönüb, kəndə tərəf qaçdı...

 

***

Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırağında eyni sözü danışırdılar, Bir-birinə rast gələn kəndlilər ayaq saxlayır, durub dərdləşir, “nə etməli?..” deyə, bir-birinin üzünə baxır və ümidsizcə başlarını sallayıb gedirdilər. Heç kəs bu suala cavab tana bilmirdi. Nə etməli? Heç kəs nə etmək lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bu sual durmuşdu: nə etməli? Lakin ona cavab tapacaq bir adam yox idi.

Bu sual Fridunu da düşündürürdü. O, yeriyəndə də, yatanda da, su içəndə də bu suala cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə o nə böyük ümidlə gəlmişdi... Elə düşünürdü ki, qış xərcini özü ilə aparacaq, Musa kişiyə kömək etməklə özü də çörək dərdi çəkmədən darülfünunda oxuya biləcəkdi. İndi bu ümidlər hamısı boşa çıxırdı. Bununla belə o, özündən artıq kəndlilərin halına yanırdı. Çünki o, canına cəfa basıb, oxuya-oxuya tacir uşaqlarına dərs deyər, necə olsa güzəranını təmin edərdi. Onu düşündürən tanış olduğu, evlərinin içinə qədər, sandıq və xurcunlarına qədər bələd olduğu, qapısında bir sürü lümlüt körpəsi civildəşən kəndlilərin halı idi. O, bütün ümidini, bütün gələcəyini bu ilki məhsula bağlamış Musa kişilərin və Həsənalıların yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı bir qüssə və əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu ağır sual ortalığa çıxmışdı; nə etməli? Fridun bu suala cavab tapmaq üçün kəndlinin vəziyyətini, ərbabla kəndli arasındakı münasibəti, fikrən olsa da, özünə aydın etməyə çalışırdı. Kəndlilərlə söhbət etdikcə, bu barədə olan qanunları, onların ərbablara verdiyi sonsuz ixtiyaratı nəzərdən keçirdikcə fikri daha qızğın işləməyə başlayırdı. Ona elə gəlirdi ki, dumanlı, qaranlıq şəkildə də olsa, ictimai mühitdə bir şey kəşf etməkdədir. Sanki böyük bir çayın suyunu bulandıran bataqlığa gəlib çatmışdı. Məmləkəti bürümüş, xalqı əldən salan səfalət və aclığın yoxsulluq və ehtiyacın kökünü tapmışdı. Bu çürük kök kənd idi. Kənddəki ictimai münasibətlər idi. Artıq indi kənd ona mütəmadiyən zəhərli mikroblar yaradan üfunətli bir gölməçə qədər iyrənc və dəhşətli görünürdü. Bu gölməçəni qurutmaq, bu zəhərli yaranı kəsib atmaq haqqında onda ilk təsəvvür oyanmağa başlayırdı.

Bu dumanlı, ağır və əzablı fikirlərlə o xırmana tərəf gedirdi. Başıaçıq idi. Düşüncələrinə o qədər aludə olmuşdu ki, günorta yerində durmuş və hər şeyi yandıran günəşin istisini belə hiss etmirdi. Kəndin qırağındakı güllükdən keçib, çayı atdanmalı idi. Toyuq kimi küllükdə eşələnən, başları, qıçları açıq bir dəstə uşaq nəzərini cəlb etdi. Yolunu onların yanından saldı. Valideynləri xırmanlarda və zəmilərdə olduğundan, başsız qalmış bu uşaqlar külün içində qapqara qaralmışdılar. Bircə gözləri işıldayırdı. Lakin küllük, yeganə həyat əlaməti olan bu gözləri də tutmağa başlayırdı. Onların içində traxomadan kirpikləri batmış, gözləri bir çala qana dönmüş və çirk bağlamış iki tumançaq oğlan uşağı gördükdə Fridun başını yana çevirdi. Lakin dərhal özü də bu hərəkətindən utanan kimi oldu! Nə üçün o, həyatın bu çirkin, bu ürəkbulandırıcı səhnələrinə qarşı gözlərini yumur. Məgər başını yana çevirməklə bu fəlakətlərdən yaxa qurtarmaq mümkündür? Məgər şəhərdən tutmuş kəndə qədər hər yerdə on minlərlə belə uşaqların, kişilərin və qadınların gözlərini çirk və qan basmamışdır? Məgər traxomadan tamamilə kor olan minlərlə  insanların bədbəxtliyinə göz yummaq mərd adama yaraşarmı? O, bir həkim diqqəti ilə yenidən uşaqlara baxdı. Fikrində uşaqları şikəst və kor edən bu küllüklə kənddəki münasibətlər arasında bir eyniyyət yarandı. Başında: “Yox küllüklər məhv edilməlidir! Məhv edilməlidir! - deyə bir fikir dolandı. - Yoxsa bütün millət kor qalar, şikəst olar!” Bu fikirlərlə suyu qurumuş çaydan keçib xırman yoluna çıxdı. Uzaqdan gözünə nə isə çoxlu adam dəydi. Günəşin işığında parıldayan iki maşın gördü və addımlarının sürətini artırdı.

Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. Tayanın dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içinə kürsü qoymuşdular. Kürsünün də üstünə xalça döşənmişdi. Orada, zahirlərindən çox görkəmli ağalara oxşayan dörd nəfər oturmuş və mübaşir Məmmədlə Əli əmniyyəbaşı* qabaqlarında əmrə hazır durmuşdu. Yanlarında iki başqa əmniyyə də vardı. Kəndlilər on beş-iyirmi addım aralı, halay vuraraq onları əhatə etmişdilər.

Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Fridunu qarşıladı və yavaşca qulağına pıçıldadı:

- Ərbab özü gəlib! Ağayi-hikmət İsfahani.

- O burada nə edir. Tehranı buraxıb, bura niyə gəlibdir?

- Nə bilim... Deyirlər ki, qonaqlarını götürüb, yaylağa çıxıbdır. Səyahətə gəlibdir. Yolu buradan düşüb, mübaşir Məmməd çəkib gətirib kəndə.

Kim isə yavaşca pıçıldadı:

- Yanındakı amerikalıdır. Deyirlər ki, Azərbaycanı görməyib. Ağa gətirib həm Azərbaycanı gəzdirsin, həm də yaylaqda sərinləsinlər.

Başqa birisi:

- Elədir ki var, həm ziyarət, həm ticarət, - deyə səsləndi.

Fridun adamların arasında özünə yer elədi. Belə ki, o, həm kəndliləri, həm də ağaları rahatca görə bilirdi. O, uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. Ərbab qaya kimi susub durmuş kəndlilərə baxırdı. Bu sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. Qaşqabağını sallamışdı. “O, kəndlilərdən qorxur, bu lal kütlənin hərəkətə gələndə sel kimi, yolu üzərindəki hər şeyi yuyub aparacağını hiss edir” deyə bir fikir Fridunun başından keçdi.

Hikmət İsfahani ağır sükutu pozdu. Aramla və böyükyana danışmağa başladı. O, farsca danışırdı. Tələsmir, hər sözü ayrılıqda ölçüb-biçir və şübhəsiz bir dəlil kimi ortalığa qoyurdu. Heç bir vəchlə kəndlilərin daş kimi ağır baxışlarını yumşaltmaq mümkün olmayacağını gördükdə sözünü qurtarıb öskürdü və ipək yaylığını çıxarıb, alnından, boğazından axan təri sildi. Ağır və  dərin bir sükut içində kəndlilər bir-birilə baxışdılar. Kim isə:

- Ağa nə buyurdular, qanmadıq, - dedi, - bizi də başa salın.

Mübaşir Məmməd əyilib, Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani üz-gözünü bir az da turşudub, mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzünü camaata tutdu:

- Ağa buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək beşdə birini siz, beşdə dördünü ağa özləri götürsünlər. Çünki ağanın özünün də xərci çoxdur. Dövlətin vergisi var, məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir.

Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi, hər yerdən bir səs gəldi:

- Bəs əvvəlki söz nə oldu?

- Bizim balalarımız torpaq yesin?

- Ölsək də beşdən iki götürəcəyik.

Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasındakı dairə xeyli daraldı. Hikmət İsfahaninin əsəbiləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə camaatı geri oturtdular. Mübaşir Məmməd camaata qışqırdı:

- Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin!

Kim isə:

- Sən səsini kəssən yaxşıdır! - deyə cavab verdi.

Mübaşir Məmməd nə qədər boylandısa bu sözü deyənin kim olduğunu ayırd edə bilmədi. Kütlənin içindən başqa bir səs eşidildi:

- Ay camaat, ay camaat, bir yol verin!

Bu səsdə bir həyəcan, bir inilti və qəzəb vardı. Kəndlilər bir-birini sıxışdıraraq, aralığı açıb onu qabağa buraxdılar. Fridun, Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü. O öz üç uşağını sağ tərəfinə, Həsənalının altı yetimini də sol tərəfinə düzmüşdü. O, Hikmət İsfahaninin qarşısında ikiqat əyilərək:

- Ağa, dədəm sənə qurban, - dedi, - bu tifillərə bax, bizə yazığın gəlsin. Bax, görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan, çirkli su içməkdən! Əyinlərini də ki, allaha şükür, görürsən, çıl-çılpaqdır. Bizə yazığın gəlsin, ağa! Hamımız bu gündəyik.

Mübaşir Məmməd yenə əyilib, Hikmət İsfahaninin qulağına nə isə pıçıldadı. Hikmət İsfahani Musa kişinin üstünə qışqırdı:

- Heç utanmırsan, kişi! Üç ildir su pulunu vermirsən, bir söz demirəm. Bu da yaxşılığın əvəzidir?

Musa kişi yalvardı:

- Ağa, dədəm sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır.

- Birdəfəlik ver, müamiləsi üstünə gəlməsin!

- Neyləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə, bu tifillərin boğazını kəsmə, biz də borcundan çıxarıq. Allah kərimdir.

Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı:

- Yenə var, yoxsa hamısı budur?..

Musa kişi sualın mənasını başa düşmədi: 

- Qanmadım, dədəm sənə qurban, nə buyurdun?

Mübaşir Məmməd dilləndi:

- Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bunlardır?



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info