Qonaq Kitabı
LAÇIN YUVASI

G ö v h ə r   x a n ı m. Gör nə zəif düşmüşəm. Bir mərtəbəni çıxmağa məndə taqət qalmayıbdır. Sənəm, Pəricahanın otağından bir yastıq gətir, bir az uzanıram rahat olum.

 

Sənəm yastıq gətirib divana qoyur, Gövhər xanım uzanır.

 

G ö v h ə r   x a n ı m. Sənəm, qaladan nə xəbər var?

S ə n ə m. Hələ davam edir.

G ö v h ə r   x a n ı m. Allah, sənə pənah aparıram. Bizi bu qan içici düşmən əlinə vermə! Sənəm, deyirlər bolşeviklər körpə uşaqları da qırırlar.

S ə n ə m. Xanım, hamısı yalandır. Mən onlardan heç qorxmuram. Onların böyükləri çox rəhmli adamdır. Neçə dəfə təklif etdi ki, mənə qan tökdürməyin, təslim olun. Hayıf ki Əmiraslan ağa qulaq asmır. Bu gün yenə təklif etmişdi, bilmirəm ağa razı oldu, ya yox.

G ö v h ə r   x a n ı m. Olmaz. Mən onun tərsliyini bilirəm, heç kəsə qulaq asan deyil. Sənəm, canım xəstə olmasaydı, gedib o böyüyün ayaqlarına yıxılıb öpərdim, yalvarardım, işə qansız əncəm edərdi. O, böyük Rusiyadan gəlmiş. Görəsən, mənim oğlumdan bir xəbər bilərmi?

S ə n ə m. Onu bilmirəm, ancaq Cahangir ağanın sağ olduğunu söyləyirlər.

G ö v h ə r   x a n ı m. Ay qız, onu kim deyir? Bəs niyə mənə xəbər vermirsiniz? O adamı tapdırıb doğru xəbər bilərdim.

S ə n ə m. O günü Əhmədgil deyirdilər ki, Bakıda bir adam söyləyirmiş ki, Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur.

G ö v h ə r   x a n ı m. Hər nə olursa-olsun, ta ki, sag-salamat olsun. Sənəm, pəncərəni aç, kürsü qoy, oturub bir az özümü havaya verim, nəfəsim təngiləşir.

 

Sənəm pəncərəni açır, kürsü qoyur. Sonra Gövhər xanımın qoluna girib aparır.

 

S ə n ə m. Qoy yastığı da qoyum, yumşaq olsun.

 

Yastığı qoyur, Gövhər xanım oturur.

 

G ö v h ə r   x a n ı m. Nə gözəl hava! Hər yan gül, çiçək! Nə üçün bu insanlar bir-birlərini qırırlar?

S ə n ə m. Xanım, izin ver, gedim, xörəyini hazırlayım.

G ö v h ə r   x a n ı m. Yaxşı, get.

S ə n ə m (gedirkən). Dərmanını gətirimmi, içəsən?

G ö v h ə r   x a n ı m. Yox, lazım deyil. Dərmandan heç bir xeyir görmürəm.

 

Sənəm çıxır. Səhnə bir müddət sükutda qalır. Sonra tüfəng, top səsləri gurultu salır.Gövhər xanım qalxır ki, pəncərəni örtsün, bu zaman ayaq üstə dura bilməyib yıxılır, Top, tüfəng səsi kəsilir. "Ura!" sədası qalxır. Bir azdan sonra o da kəsilir, Sənəm daxil olur. Gövhər xanımı yıxılmış görüb cəld üstünü alır.

 

S ə n ə m. Vay, xanıma nə oldu?

G ö v h ə r   x a n ı m. Sənəm məni qaldır. Divanın üstə apar...

 

Sənəm onu qaldırıb divanın üstə uzadır.

 

G ö v h ə r   x a n ı m. Sənəm, ölürəm, amma bu dünyadan nakam gedirəm... Oğlumu görməyib gedirəm... Onun toyunu etməyib gedirəm... Ah, Cahangirim, bir səni görəydim... Axirətə rahat gedəydim.

S ə n ə m (kənara). Ah, ürəyim davam etmir. İstəyirəm sirri açıb deyəm. Yox, qoy bilməsin.

G ö v h ə r   x a n ı m. Sənəm, gözlərimə qaranlıq çökür... sənəm, Pəricahana de ki, əmmən vəsiyyət etdi... Cahangiri axtarıb tapsın... Ona getsin. Nəslimiz kəsilməsin.

 

Səsi kəsilir.

 

S ə n ə m. Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü. Yaxşı insane idi, heç kəsi incitməzdi. Bu uzun müddətdə ondan bir acı söz eşitmədim. Başqa xanımlar kimi olmayıb, bir kəsə əziyyət verməzdi. Çox cəfa çəkdin, indi rahat yat.

 

Gedib yorğan gətirib üstünə salır. Pəricahan daxil olur.

 

P ə r i c a h a n   x a n ı m. Sənəm, qala alındı. İndi buraya gələcəklər, qaçmaq lazımdır. Əmməm də yatmış. Onu durquzmaq lazımdır.

S ə n ə m (ağlar səslə). O daha durmaz...

P ə r i c a h a n   x a n ı m.Nə deyirsən? Əmməmə nə olmuş?

 

Sənəm ağlayır.

 

P ə r i c a h a n   x a n ı m. Ah, yazıq əmməm! (Gedib divanın önündə diz çökür.) Yat, rahat ol! Sən bizdən xoşbəxtsən, sən bəlaları görməyəcəksən.

S ə n ə m. Xanım vəsiyyət etdi ki, Pəricahan Cahangiri tapıb-ona getsin. Ondan ayrılmasın.

P ə r i c a h a n   x a n ı m. Ey biçarə əmməm! Pəricahan onu tapdı, Sözlərinə baxmadı, yenidən itirdi. Nə etməli? Qəzanın istədiyi bu imiş.

 

Əmiraslan ağa başı açıq, tükləri pərişan, dəli halda daxil olur.

 

Ə m i r a s l a n   a ğ a. Mən haradayam?.. Hə, bildim. Bayquş yuvasında. Mən Rüstəm Zalam... Ey igid bəylərim! İrəli! Vur! At!

P ə r i c a h a n   x a n ı m. Ah, bəla üstə bəla! Əmücəm dəli olmuş.

Ə m i r a s l a n   a ğ a. Yenə qırmızı! Ora qırmızı, bura qırmızı. (Pəricahana.) Sən kimsən? Hə, sən də qırmızı, o yatmış da qırmızı, cəmi cahan qırmızı!.. Mən qırmızı sevmirəm. (Divara baxır.) Çəkil, sənə deyirəm, çəkil, çəkil! (Tavana baxır.) Oradan ilan sallanmışdır. Ah, düşdü! Necə oldu? Haraya girdi? (Arayır.) A, budur, girdi (Döşünü cırıb baxır.) Hə... ürəyimə girmək istəyir... Qoymaram... (Qəməsini çıxarıb ürəyinə soxarkən.) Öl, müzürr heyvan!..

P ə r i c a h a n   x a n ı m. Ah! Əmücəm özünü öldürdü!.. Cahangir, Cahangir! Şan-şöhrətli xanədanın viran etdin, gəl tamaşaya.

 

Cahangir əlində qırmızı bayraq, Ədil bəy, Hadi lələ, Həsən, bir dəstə qoşun əhli və birdəstə arvad-uşaqla daxil olur.

 

P ə r i c a h a n   x a n ı m. Bax, gülləndən ölmüş anana! Bax, dəli olub xəncəri ilə özünü öldürmüş atana, tutduğun əmələ tamaşa et! Ürəyin şad olsun!

C a h a n g i r   a ğ a. Pəricahan, zülm ilə qurulmuş bina, ziilm ilə qurulmuş xanədan - axırda fot olar. Heç kəs önünü ala bilməz. Mane olanlar belə fot olarlar. İndi yeni dünya zühur etmiş. Əski dünya əski qanunları ilə gerek yıxılsın. Pəricahan, nə üçün bu əski, zülmkar, tökdüyü qanın içində boğulan dünyadan əl çəkmirsən? Bu ölülər içində qalmaqmı istəyirsən?

P ə r i c a h a n. Yox, istəmirəm.

C a h a n g i r. Bu inqilab bayrağı altına gəlirsənmi?

P ə r i c a h a n. Bəli, gəlirəm! (Onun tərəfinə keçir.)

C a h a n g i r. Bu şanlı bayrağı al, ona and iç.

P ə r i c a h a n (alır.) Ey qırmızı inqilab bayrağı! Bu gündən bütün ömrümü sənin yolunda çalışmağa, qurban verməyə and içirəm.

H a m ı. Yaşasın Pəricahan!

 

P ə r d ə

 



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info