Qonaq Kitabı
LAÇIN YUVASI

P ə r i c a h a n   x a n ı m. Hə, indi başa düşdümki, Cənnətəlininoğlu Həsənqulu nə üçün yoldan çıxmayıb, mənə elə sərt cavab verirdi. Demək, Cənnətəlinin ailəsinin Cahangir ağa ilə əlaqəsi varmış.

H a d i   l ə l ə. Bəli.

P ə r i c a h a n   x a n ı m. Mən, başına qırmanc çəkdiyim Həsənqulunun evinə getmərəm. Ağan Cahangirin cürəti varsa, buyurub buraya gəlsin.

H a d i   l ə l ə. Cahangir ağanın cürətini sən məndən yaxşı bilirsən. Buraya gələrsə, ona heç bir xəta toxunmaz, çünki sizi əhatə edənlərin hamısı onun tərəfdarlarıdır. Başından bir tük düşməyə qoymazlar. Əmiraslan ağanın bu saat harada olduğu və atdığı hər qədəm bizə məlumdur. Baş üstə, cavabını Cahangir ağaya deyərəm, lazım bilsə gələr, bilməsə qoşuna hücum əmrini verər. Daha başqa əmrin yoxdur ki?

P ə r i c a h a n   x a n ı m. Yoxdur.

H a d i   l ə l ə (gedərkən). Pəricahan xanım, fikirləş. Son peşmançılıq fayda verməz. (Çıxır.)

P ə r i c a h a n   x a n ı m (tək). Ah! Bu gün başlanacaq müharibən xatırıma gətirməkdən qorxuram. Bütün bədənim titrəyir. Əmucəm yanında təslim adını çəkmək mümkündürmü? O öz əlləri ilə cəmi evini-eşiyini atəşə tutub yandırar, fəqət təslim olmaz. (Çağırır.) Əhməd! Əhməd! (Səs vermir.) Səməd! Səməd! Bunlar harada batmışlar? Səfər! Səfər!

 

Sənəm daxil olur.

 

S ə n ə m. Nə buyurursan, xanım?

P ə r i c a h a n   x a n ı m. A qız, nökərlər haradadır? Heç səsimə səs verən yoxdur.

S ə n ə m. Xanım, evdə heç kəs yoxdur.

P ə r i c a h a n   x a n ı m. Haraya getmişlər? (Sənəm başını aşağı salıb cavab vermir.) Niyə cavab vermirsən?

S ə n ə m. Xanım, qorxuram.

P ə r i c a h a n   x a n ı m. Kimdən?

S ə n ə m. Ərim Əhməddən!

P ə r i c a h a n   x a n ı m. Nə üçün?

S ə n ə m. Xanım, xidmətçilərin hamısı bolşevikləri gözləyirlər. Onlar tərəfə keçəcəklər. Nökərlər Cənnətəligilə getmişlər. Onun oğlu Həsənqulu bolşevikdir.

P ə r i c a h a n   x a n ı m. Sənəm, sən də onların tərəfdarısan?

S ə n ə m. Mən yox... Ancaq qorxuram. Əhməd deyir ki, bizim sirrimizi ağalara versən, səni öz əlimlə boğub öldürəcəyəm. Xanım, bir Hadi lələdən başqa, heç kimə bel bağlamayın. O da burada yoxdur.

P ə r i c a h a n   x a n ı m. Ah, safqəlbli, sadədil Sənəm, indi heç özümə də inanmıram. Qorxma, sirrini bir kəsə demərəm, ancaq Əhmədi buradan rədd etmək lazımdır. Başqalarını da o yoldan çıxarıbdır. Onu özüm kəndə göndərəcəyəm. Əmməm necədir?

S ə n ə m. Müdam böhran içindədir. Ayılanda da su istəyir. Xanım, izin ver mən gedim.

P ə r i c a h a n   x a n ı m. Yaxşı, sən get, yanında ol, bir azdan sonra mən də gələcəyəm. (Sənəm gedir.) Ey zavallı ana, heç bilirsənmi ki, yolunu gözlədiyin oğlun nə fikirdədir? Baba yurdunu tapdayıb, sən xəstə anasının başına güllələr yağdıracaq! Yox, yox, əgər indi buraya gələrsə, sağ buraxmaram. (Divardan asılmış zinətli xəncəri əlinə alır.) Babamın bu şanlı silahı ilə onun xain qəlbini yırtmalıyam. (Cahangir ağa daxil olur.) Ah, gəldi! (Xəncəri sıyırıb ona tərəf yönəlir.)

C a h a n g i r   a ğ a  (döşünü gərib). Vur!

P ə r i c a h a n   x a n ı m. Sən nə ixtiyarla buraya qədəm basdın?

C a h a n g i r   a ğ a. Bura mənim yurdum deyilmi?

P ə r i c a h a n   x a n ı m. Yox. İrəlidə sən bu sarayın,bu yerlərin sahibi Hidayət ağanın nəvəsi, Əmiraslan ağanın vahid varisi Cahangir ağa idin, fəqət indi vətən və millət xaini - bolşevik, yoldaş Cahangirsən.

C a h a n g i r   a ğ a. Dediklərinin hamısı düzdür, lakin bir şeydə səhv edirsən. Pəricahan, mən sən deyən kimi şanlı-şöhrətli bir ağa idim. Lakin indi qırmancın ilə döydüyün Həsənqulu kimi zəhmətkeş yoldaş Cahangirəm. Bəli, burası doğrudur, fəqət mən vətənimin, millətimin düşməni deyiləm. Onun məzlum, miskin, səfil, çılpaq əməkçilərini ən səmimi qəlblə sevən yoldaş Cahangirəm. Onları əsrlərcə zülm və cəhalətdə saxlayan zalımlardan azad etmək yolunda çalışan yoldaş Cahangirəm.

P ə r i c a h a n   x a n ı m. Vətənin o zalımları kimdir?

C a h a n g i r   a ğ a. Birincisi, belə saraylar sahibi ağalar.

P ə r i c a h a n   x a n ı m. Xeyr, sənin kimi vətenine xəyanət edən alçaqlar.

C a h a n g i r   a ğ a. Pəricahan, alçaq o şəxsə deyərlər ki, başqalarının zəhməti ilə yaşaya, zalım o kəsdir ki, öz mənfəəti üçün başqalarını sıxa, əzə, məhv edə. Bu saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür?

P ə r i c a h a n   x a n ı m. Millət və vətən üçün.

C a h a n g i r   a ğ a. Yalan! Mənim atam Əmiraslan ağa kimi mülkədarın ağalığını saxlamaq üçün. Torpaqlarını mühafizə etmək üçün. Məgər millət yalnız bəylərdən ibarətdir? Bəs bu milyonlarla kəndli, işçi, yoxsullar? Yoxsa onlar vətən övladları deyil? Pəricahan, ağalıq daha bitdi, çünki onu mühafizə edən, onun yolunda qanlarını sel kimi axıdan kəndli və fəhlə indi hüququnu daha anlamış. Buna sübut kəndlilərin bizim tərəfə keçməsidir. Bu gün iki qüvvə bir-biri ilə toqquşur. Biri haqqı müdafiə edir, digəri zülmü. Pəricahan, səni bu haqq yola dəvət edirəm.

P ə r i c a h a n   x a n ı m. Mən sən tərəfdə haqq görmürəm. Kəndlilərin sizing tərəfə keçmələri buna sübut ola bilməz. Onlar bəylərin torpağına, belə gözəl saraylarına sahib olmaq istəyirlər.

C a h a n g i r   a ğ a. Doğrudur. Buna da haqları var.

P ə r i c a h a n   x a n ı m. Hansı qanunla?

C a h a n g i r   a ğ a. Təbiətin qanunu ilə. İşləməyən yeməz. Torpaq, onu becərib zəhmət çəkənlərindir.

P ə r i c a h a n   x a n ı m. Mən elə qanun eşitməmişəm.

C a h a n g i r   a ğ a. İrəlilərdə mən də sənin kimi eşitməmişdim. Bu torpaqların sahibi olmağımı göylər təsdiq etmiş sanırdım. Rəiyyətləri özümüzün qulu hesab edirdim. Fəqət Karl Marksın əsərlərini oxuduqdan sonra anladım, haqq yolunu tapdım.

P ə r i c a h a n   x a n ı m. Sonra da bolşevik oldun. Özün kimi zalımlara qoşulub böyük Rusiyanı tarmar etdiniz. İndi də bu gözəl ölkəni o hala salmaq istəyirsiniz.

C a h a n g i r   a ğ a. Pəricahan, zülm yuvaları dağılmasa, məzlumlar azad olmazlar. İndi yıxarıqsa, sonra tikəcəyik. Nə etməli? Əmiraslan ağalar öz ixtiyarları ilə tabe olmurlar. Pəricahan, atamın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş, qartlaşmış ağa bunların hamısındaıı əl çəkib işçi-kəndli tərəfdarı olmaz, fəqət bizim müqabilimizə çıxıb qovğa etməsin niyyəti ilə sənə Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi. Sən niyə zülm tərəfdarı olursan? Biz o zülmü insanlar arasından götürmək istəyirik. Bax, gör bu nə böyük, nə yüksək bir idealdır ki, məni öz əlimlə bu mülkümüzü tapdayıb məhv etdirməyə məcbur edir, atamın müqabilinə çıxardır. Mehriban anamı unutdurur, tam üç il həsrətini çəkdiyim sən sevgili əmizadəmi mənə düşmən etdirir. Pəricahan, sevgilim, gəl mənimlə birlikdə vətənimizin məzlumlarını cəlladlar əlindən xilas edək.

P ə r i c a h a n   x a n ı m. Cəlladları mən, sən tərəfdə görürəm.

C a h a n g i r   a ğ a. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör, bizmi cəlladıq, yoxsa siz ağalar? Milyonlarla işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində didilir, çeynənir, ayaqlar altında tapdalanıb əzilir. Hamısı ac, çılpaq zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri incəlib üzülür. Bax bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək, onların fəryadına çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə atma. Şərq aləminin pərisi ol ki, əsrlərcə adın dünyada baqi qalsın. Qırmızı Ordu içində nə qədər nəcib qəhrəman qadınlar var. Sən də Şərq məzlumlarının qəhrəmanı ol.

P ə r i c a h a n   x a n ı m. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə. Mən isə bu gün ufaçıq bir vəzifə qəbul edirəm. O da "Laçın yuvası"nı sənin ordundan müdafiə edib, onun "Orlean xanımı" olmaq istəyirəm.

C a h a n g i r   a ğ a. Daha bitdi. Sən də atam kimi belə saraydan, belə cahcəlaldan öz ixtiyarınla əl çəkmək istəmirsən, fəqət mən zor ilə çəkdirərəm. Bu zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Çıxır.)

P ə r i c a h a n   x a n ı m (tək). Ah! Cahangirdə nə böyük təğyir! Sabiqdə mənim kimi, babalarımızın şan-şöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım deyib, nifrət edir. Mənim də qəlbimə şübhə saldı. Görəsən hansı yol doğrudur... (Əmiraslan ağa daxil olur.) Ah, əmücəm gəldi.

Ə m i r a s l a n   a ğ a. Qızım,bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat Mehrəli bəyin dəstəsi ilə vumşurlar. Ümidim budur ki, igid bəylər onları pozub bu tərəfə keçməyə qoymayacaqlar. Pəricahan, bu gün oğlum burada olmalı idi. Qəhrəmananə müharibə edib, "Laçın yuvası"nı düşməndən müdafiə edəydi. Onu fələk əlimdən aldı. Yerində sən qalmısan. İgidlikdə heç bir oğlandan geri qalmazsan. Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə həvalə edirəm. Bu gün bizim üçün başqa yol yoxdur. Ya zəfər, ya ölüm. Qızım, səni məyus görürəm, yoxsa düşməndən xof edirsən? Ona əsir olmaq istəyirsən?

P ə r i c a h a n   x a n ı m. Heç vaxtı. Məni məyus edən şey başqadır. Ah, Cahangir...

Ə m i r a s l a n   a ğ a. Qəm etmə, qızım, inşallah düşmənə qalib gələcəyik. Get hərbi libasını gey, hazır ol. (Pəricahan xanım çıxır.)

Ə m i r a s l a n   a ğ a. (tək). Pəricahan anadan olanda mərhum qardaşım Kamran çox məyus oldu ki, oğlan deyil, lakin mən bu igid qızı min oğula vermərəm.

 

Mehrəli bəy sol əli sarınmış daxil olur.

 

M e h r ə l i   b ə y. Əmiraslan ağa, sol cəbhəni düşmən aldı.

Ə m i r a s l a n   a ğ a. Nə deyirsən? Məgər sənə əmr etməmişdim ki, onu möhkəm saxla? Bir adamın qalıncaya qədər vuruşmada davam et?

M e h r ə l i   b ə y. Mən nə edim? Tərəfdarlarımız kəndlilər fürsət tapdıqca bolşeviklər tərəfinə keçdilər. Bir də baxıb gördüm ki, ətrafımda az bir qüvvə qalıb. Yenə də vuruşmadan çəkilmədim. Bu vaxt güllə dəydi. O az qüvvə də pozulub dağıldı. Ancaq onu qənimət bildim ki, arvad-uşağı götürüb buraya qaçdım.

Ə m i r a s l a n   a ğ a. Qorxuram Ədilbəyin dediyi doğru ola. Kəndlilərin cümləsi bolşevik tərəfinə keçə. Sol cəbhənin alınması Səlim bəyin halını ağırlaşdırdı. Bu saat Kollu dərənin üstünü tutmaq lazımdır. Yoxsa qırmızılar Səlim bəyin arxasına keçib onu pozacaqdır.

 

Heydər bəy təngnəfəs daxil olur.

 

H e y d ə r   b ə y. Əmiraslan ağa, qırmızılar Kötüklü kəndini aldı. Bizimkilər qaçırlar.

Ə m i r a s l a n   a ğ a (qəzəbnak). Siz onlardan geriyə qalmazsınız. Dovşan kimi, bir səs çıxdıqda qoyub qaçırsınız.

H e y d ə r   b ə y. Mən nə edim? Allah arvad tayfasını müsəlman üçün bir böyük bəla yaratmışdır. Ağlaşma qurub, ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar. Başqa millətin qadınları tüfəng götürüb ərləri ilə bərabər düşmənlə vuruşur, bizimkilər isə şaxsey deyə üzlərini cırır, saçlarını yolurlar.

Ə m i r a s l a n   a ğ a. Bu onların təqsiri deyil. Siz kimi ərlərin, ataların təqsiridir. Ləzgi qadınları düşmən ilə müharibədə ərlərindən geri qalmır. Pəricahana mən tərbiyə vermişəm, hansınızdan qoçaq deyil?

 

Səlim bəy daxil olur.

 

S ə l i m   b ə y. Əmiraslan ağa, Güllücə kəndini düşmən zəbt etdi.

Ə m i r a s l a n   a ğ a. Nə pis xəbər! Onun alınması ilə yol buraya açıldı. Heydər bəy, mənim adamlarımdan otuz tüfəngli götürüb Uçurum dərəsinin keçidini kəs. Daha durma!

H e y d ə r   b ə y. (Cəld çıxır.)

Ə m i r a s l a n   a ğ a (Səlim bəyə). Söylə görüm. Nə tövr olduki, elə möhkəm yeri boşladın?

S ə l i m   b ə y. Heydər bəyin dəstəsi pozulduqdan sonra sol cəbhə açıldı. Mən Muxtar bəydən kömək istədim. Cavab verdi ki, özüm iki tərəfdən əhatə olunmuşam, tez Əmiraslan ağadan həm özün üçün və həm də mənim üçün kömək istə. Bu vaxt düşmən arxama keçib məni pozdu.

Ə m i r a s l a n   a ğ a. Kollu dərədə qüvvə qoymuş olsaydın, qırmızılar arxana keçə bilməzdilər.

S ə l i m   b ə y. Necə qoymamışdım? Qoymuşdum. Onlara ümid bağlayıb geri çəkilmədim. Atışmada davam etdim. Bir də xəbər tutdum ki, onlar da qaçıb dağılmışlar, düşmən də arxama keçmişdir.

Ə m i r a s l a n   a ğ a. Səlim bəy, onda dayanma, mənim atlılarımdan lazım bildiyin qədər götürüb Muxtar bəyin köməyinə get. Onu təhlükədən qurtar, sonar Qayadibi kəndinə çəkiliniz.

S ə l i m   b ə y. Baş üstə. (Çıxır.)

Ə m i r a s l a n   a ğ a. Mənim Qaya dibi kəndim nə qədər davam edərsə, buranın qorxusu yoxdur. Onun dar və gizli yollarını, ancaq oranın əhli bilir. Bələdçi olmasa, qoşun bir şey edə bilməz.

 

Molla Sadıq və Hacı İmamqulu daxil olurlar.

 

H a c ı   İ m a m q u l u. Bu nə bəladır? Bu nə tufandır?

M o l l a   S a d ı q. Tutduğunuz əməlin cəzasıdər ki, xudavəndi-aləm verir. Biz ruhanilərə qulaq asmayıb övladlarınızı rus məktəblərinə qoydunuz. İndi dindən, məzhəbdən çıxıb öz vətənlərini, ata-analarını atəşə tutub qırırlar. Dünyanın axırıdır. Üləma buyurmuşlar ki, vay o zamandan ki, aradan şəriət, din, böyük-kiçiklik, ağa-nökərlik götürülə. Bax, indi həmin zamandır ki, gəlmişdir.

Ə m i r a s l a n   a ğ a. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən?

M o l l a   S a d ı q. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm.

Ə m i r a s l a n   a ğ a. Çox xoş gəlmişsən. Gözüm üstə yerin var. Bu gün mənimlə bərabər tüfəng götürüb o dediyin dinimizi, şəriətimizi düşməndən mühafizə edəcəksən. Yoxsa, boş yerə nə vəz edirsən?

M e h r ə l i   b ə y. Əmiraslan ağa düz buyurur.

M o l l a   S a d ı q. Mən ömrümdə əlimə silah almamışam.

H a c ı   İ m a m q u l u. Mən də arşından başqa əlimə heç zad götürməmişəm.

Ə m i r a s l a n   a ğ a. İndi götürərsiniz.

M o l l a   S a d ı q. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir ağanın başına çevir, azad et. Mən də bu yolda ölənlərimizi dəfn edərəm ki, allah onların günahlarından keçsin.

H a c ı   İ m a m q u l u. Məni də arvad-uşaqların keşiyini çəkməyə təyin et.

 

Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar.

 

Ə m i r a s l a n   a ğ a. Səlim bəy, nə üçün qayıtdın?..

S ə l i m   b ə y. Heydər bəy qaytardı.

Ə m i r a s l a n   a ğ a. Heydər bəy? Nə üçün?..

H e y d ə r   b ə y. Muxtar bəyin dəstəsi qırmızılar tərəfindən əhatə olunub təslimə məcbur olmuşdur.

Ə m i r a s l a n   a ğ a. Ah, nə fəna xəbər?! Bəs Muxtar bəyin özü necə olubdur?

H e y d ə r   b ə y. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri onu yaralı halında Qayadibi kəndinə aparmışlar. Xülasə, onun barəsində heç bir düz xəbər yoxdur.

Ə m i r a s l a n   a ğ a. Uçurum dərəsini boşaltmamısan ki?

H e y d ə r   b ə y. Xeyr, lakin qırmızılar cəmi qüvvəsini Qayadibi kəndinə atmış. Mənim müqabilimdə heç kəs yoxdur.

Ə m i r a s l a n   a ğ a. Ona baxma,vaxt ki,qırmızılar Qayadibini almaq fikrindədir, Uçurum dərəsinin böyük əhəmiyyəti var. İndi sənin qüvvəni daha da artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm.

H e y d ə r   b ə y. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb həlak edərəm, fəqət geriyə çəkilmərəm.

Ə m i r a s l a n   a ğ a. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy, sən yaralısan burada qal. Arvad-uşaqları "Laçın yuvası"na topla. Səlim bəy, biz də Qayadibinin köməyinə gedək.

 

Qalxırlar. Bu halda Cəfərqulu daxil olur.

 

C ə f ə r q u l u. Ağa, Qayadibi kəndini bolşeviklər aldı.

 

Qorxurlar.

 

M o l l a   S a d ı q. Buradan qaçmaq! İndi buraya gələrlər.

H a c ı   İ m a m q u l u. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq.

Ə m i r a s l a n   a ğ a. Sakit! Qorxaq yassarlar! Cəfərqulu, Qayadibi çox möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa, dönüklük olmuşdur?

C ə f ə r q u l u. Xeyr, ağa, bizimkilər çox mərdanə vuruşurdular, ancaq iki səbəb təslimə bais oldu. Biri, kəndin qaya tərəfi tutulub atəş açılması...

Ə m i r a s l a n   a ğ a. Qoşuna bələdçi olmasa, o yolu kimsə bilməz. Yəqin kəndçilərdən bir binamus çıxmışdır.

C ə f ə r q u l u. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış.



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info