Qonaq Kitabı
LAÇIN YUVASI

N ö k ə r l ə r. Baş üstə, ağa.

Ə m i r a s l a n   a ğ a. Haydı!

 

Nökərlər cəld çıxırlar.

 

S ə l i m   b ə y. Bu axır vaxtlarda kəndlilər lap yollarından çıxmışlar. Biz ağalarına əsla itaət etmirlər.

H e y d ə r   b ə y. Bizlərin cümləsindən ağıllı Ədil bəy çıxdı. Vaxtında cəmi mülkünü satıb, pullarını ciblərinə doldurdu. İndi asudə yeyib-içib gəzir. Nə mülk və nə də övlad dərdi çəkir. Bir arvadı var, o da özündən qocadır.

Ə d i l   b ə y. Mənə kəndlilər tərəfindən heç vaxt xata toxunmaz, çünki mülküm də olan zamanı, indi də onlarla ədalətlə rəftar etmişəm. Dar günlərində onlara kömək etmişəm. Onlarla bərabər hər fəsildə qan-tər içində işləyib torpaq becərmişəm, kəndlilər ilə dostluq edib evimə çağırmışam, evlərinə qonaq getmişəm. Mən onlarla belə rəftar edib mülkədar olmuşam. Siz nə cür rəftar etmişsiniz? Kəndlilər qırmancdan başqa sizdən bir mehriban söz eşitməmişlər...

Ə m i r a s l a n   a ğ a. Çünki sənin baban kəndli olmuş. Nəcabətdə sənin haqqın yoxdur.

Ə d i l   b ə y. Oraya əl atsaq, çoxlarınızın babalarının xanların qapısında nökər və mehtər olduğu meydana çıxar.

M e h r ə l i   b ə y. Ədil bəy, mənim silsiləmdə kimsənin qapısında nökər və ya mehtər olmuş şəxs yoxdur. Mənim ulu babam, Nadir şahın müqərrəb sərkərdələrindən olmuşdur.

M u x t a r   b ə y. Mənim əcdadım da elə alçaq vəzifə sahibi olmamışdır. Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir. Şübhən var isə tarixə bax.

Ə d i l   b ə y (rişxəndlə). İnanıram, əzizim, tarixə baxmağa lüzum yoxdur. Ancaq bilmirəm nə üçün Teymur xanda dayandın? Yuxarı qalxmadınız? Odu, Heydər bəy qurcalanır. Bu saat əcdadının ululuğunu aparıb Nuha çıxardacaqdır.

H e y d ə r   b ə y. Necə? Yoxsa mənim nəslimin qədimliyinə şübhə edirsən?

Ə d i l   b ə y. Xeyr, əstəğfürullah! Sənin familiyan İranın əski Kəyan mülkünün nəslindəndir. Səlim bəyinki daha qədimdir. Pişdadyan sülaləsindən Cəmşidin doğmaca nəvəsindən törəyibdir. Əmiraslan ağa isə o, Tütəng xanın övladından törəmədir, Tütəng xan da Nuh Nəbinin doğmaca nəticəsidir.

 

Bu halda Əhməd, Səməd, Səfər, Sənəm və bir dəstə arvad, uşaq, kişi qorxa-qorxa daxil olurlar.

 

Ə m i r a s l a n   a ğ a. İrəli gəliniz! Qulaq asınız. Bax bu gündən bəy, xan, ağa, nökər, qulluqçu aradan götürülür. İndi cümləmiz bərabər olduq. Daha siz ilə məndə heç fərq yoxdur. Buyurunuz, əyləşiniz. Biz bəylər ilə söhbət ediniz. Yeyiniz, içiniz, kef ediniz. Niyə dayanmısınız? Oturunuz (xidmətçilər durduqları yerdə diz üstə çökürlər.) Orada yox, buyurunuz bu divanlar üstə, bu sandalyalarda əyləşiniz! (Heç kəs yerindən qalxmır.) A gədə Əhməd! Qalx, buraya gəl. Sənəm sən də. (Qorxa-qorxa gəlirlər.) Sən burada, sən də orada oturunuz.

Ə h m ə d. Ağa, mən ona cürət edə bilmərəm. Məni başına çevir, azad et. Mən ağaların hüzurunda necə əyləşim?

S ə n ə m (ağlar səslə). Ağa, məni o qırmancın ilə döy, amma bu işə əmr etmə.

Ə m i r a s l a n   a ğ a. (əlini xidmətçilərə tərəf uzadaraq). Bu dilsiz-ağızsız heyvanlardanmı hökumət qurulacaqdır? Deyirəm dünya dəli olub, mənə inanmırsınız. (Ayağını yerə çırpır.) Durun! Sürünün!

 

Xidmətçilər qaçırlar. Bir qədər sükutdan sonra.

 

Ə d i l   b ə y. Sizin bu imtahanınız mənə bir şey vermədi. Əmiraslan ağa, siz kəndli, işçi, yoxsul kütləsi ilə heç bir zaman oturub-durmamısınız, ona görə də təcrübəniz yoxdur. Qırmızı Ordu Bakıdan bu tərəfə yürüş edərsə, etməsinə də şübhə yoxdur, çünki Azərbaycan bir Bakıdan ibarət deyil, o vaxtı indi hüzurunuzda qoyun kimi diz üstə çökən xidmətçi əhmədlər, səmədlər, səfərlər və qeyriləri bolşevik tərəfinə keçib sizə düşmən olacaqlar; çünki sizin zülmünüzdən xilas olmaq yolu yalnız odur. Mənfəətləri də oradadır.

Ə m i r a s l a n   a ğ a. Heç vaxt! Kəndlilər bolşevik tərəfinə keçməzlər. Sübutum on səkkizinci il.

Ə d i l   b ə y. O başqa zaman və başqa hal idi. İndini onunla müqayisə etmə, yeni hökumətə tabe olmaqdan başqa yol yoxdur.

Ə m i r a s l a n   a ğ a. Heç vaxt! Onları Kürdən bu tərəfə keçməyə qoymarıq. Gürcüstan və Ermənistanı da unutma.

Ə d i l   b ə y. Baxarıq.

 

Çıxır, bəylər məyus, başlarını aşağı salıb sükuta gedirlər.

 

Ə m i r a s l a n   a ğ a. Nə sükuta getmişsiniz. Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz?

H e y d ə r   b ə y. Xofa düşməyə haqqımız var, çünki Şura hökumətinin qanununda torpaq kəndlinindir.

Ə m i r a s l a n   a ğ a. O niyə? Yer kəndlinin dədəsindən qalıb, ya babasından? Bu torpaqların üstündə babalarımız su yerinə qan axıtmışlar. Onun bir addımını kimsəyə vermərəm.

M u x t a r   b ə y. Şura hökumətinin qanunda nəinki torpaq, heç xüsusi mal-mülk yoxdur.

Ə m i r a s l a n   a ğ a. Deməli, bu ev də mənim deyil?

M u x t a r   b ə y. Bəli.

Ə m i r a s l a n   a ğ a. Daha kifayətdir. Bəs beləmi hökumətə tabe olmaq istəyirsiniz. Mülkümüzü, ev-eşiyimizi alıb özümüzü də Rusiya mülkədarları kimi güllə qabağına qoyub tələf etdikdə bizə nə yol qalır? Tabe olmaqmı?

M e h r ə l i   b ə y. Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. İndi də lazım gələrsə, qeyrətlə ölərəm.

Ə m i r a s l a n   a ğ a. Qəhrəman bəyin nəvəsindən başqa cavab gözləmək olmazdı. Siz necə?

M u x t a r   b ə y, S ə l i m   b ə y, H e y d ə r   b ə y. Bizdə bu fikirdəyik.

Ə m i r a s l a n   a ğ a. Sağ olunuz! Ümidvaramki, sizlərin köməkliyi ilə babalarımızın yurdunu düşməndən müdafiə edə billəm. Qırmızı Ordudan əsla xof etməyin. O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış dəstədir. Bizim igid dəliqanlıların müqabilində əsla durmazlar, fəqət səy və qeyrət lazımdır. Siz bu gündən işə şüru ediniz. Dəstələr toplayınız, ləvazimat cəm ediniz. Kəndliləri hər vasitə ilə olmuş-olursa öz tərəfinizə çəkiniz. Onları bolşeviklərin vəhşiliyi ilə qorxudunuz. Deyiniz ki, bolşeviklər dini, məzhəbi, şəriəti aradan götürürlər. Nigahı ortadan qaldırıb, arvadlar hamıya məxsus olur. Ruhaniləri, ticarət əhlini köməyə çağırınız.

 

Bu halda Hacı İmamqulu və Molla Sadıq daxil olurlar.

 

H a c ı   İ m a m q u l u, M o l l a   S a d ı q. Salaməleyküm.

Ə m i r a s l a n   a ğ a. Əleyküməssalam. Buyurunuz əyləşiniz. Yaxşı vaxtda gəlmişsiniz.

H a c ı   İ m a m q u l u. Əmiraslan ağa, Bakıdan gələn xəbər səhihdirmi?

Ə m i r a s l a n   a ğ a. Hansı xəbər, hacı?

H a c ı   İ m a m q u l u. Bolşeviklərin Bakını almaq xəbəri.

Ə m i r a s l a n   a ğ a. Bəli, doğrudur.

M o l l a   S a d ı q. Hacı gördün ki, mən yalan deyən adam deyiləm?

H a c ı   İ m a m q u l u. Bəs onda fikriniz nədir?

M u x t a r   b ə y. Nə olacaq? İrana qaçmaq.

M o l l a   S a d ı q. Hacı eşitdinmi? Gördün ki, mənim məsləhətim bizi düşməndən xilas edər. Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edir, hifz-bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş.

M e h r ə l i   b ə y. Molla Sadıq, sizin buyurduğunuza görə şəriətimiz: "Düşmən vətəniniz üstə gəldikdə qoy qaç, canını qurtar" demişdir?! Bəs onda peyğəmbərimizin buyurduğu hübbil-vətən harada qaldı.

M o l l a   S a d ı q. Orası səhih, lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir ki, xudavəndaləm dutduğumuz əməlin cəzası üçün göndəribdir.

S ə l i m   b ə y. Bəs o cəza İran əhli üçün göndərilməmişdir? Yoxsa oradakıların hamısı əməli-saleh insanlardır? Əgər cəza varsa, bizi İranda da tutacaqdır, Turanda da.

H e y d ə r   b ə y. Molla Sadığın fikri budur ki, nə məsləhət olacaq isə olsun, fəqət içində Arazı keçmək olsun. Hacı, sizin fikrinizi də bilmək istəyirik.

H a c ı   İ m a m q u l u. Mənə qalsa, hökumətə itaət etmək. Biz hökm quluyuq, başda kim duracaqsa dursun.

Ə m i r a s l a n   a ğ a. Hec dediyini anlayırsan, ağlını itirmiş kişi? Məgər bilməyirsən ki, bolşeviklərin ən böyük düşmənləri biz xanlar, bəylər, siz sərvətdarlar və Molla Sadıq kimi ruhanilərdir? Onlar bu üç sinfi yer üzündən götürmək fikrindədirlər. Yoxsa fikrin odur ki, bolşevik zamanında da malı beşə alıb yüz beşə satacaqsan? Onlar alış-verişi bilmərrə aradan götürürlər. İndi anladınmı? Xəsis, malını yeməyən kişi?

M u x t a r   b ə y. Hacı, bundan əlavə pul da aradan qaldırılır.

H a c ı   İ m a m q u l u. Elə iş olarmı? Pulsuz da dünya yaşarmı?

M u x t a r   b ə y. Hacı, onu get bolşeviklərdən soruş.

Ə m i r a s l a n   a ğ a. Daha bitdi. Hacı İmamqulu və Molla Sadıq, hər birinizin fikrini bildik. İndi bizim də fikrimizi bilin. Biz bəylər qət etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə edib babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmiz! Buna siz də tabe olmalısınız. Molla Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər nə əmr etsə, fori bitirəcəksiniz. Hacı İmamqulu, siz də Muxtar bəyin əmrinə tabesiniz. Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz.

H a c ı   İ m a m q u l u. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada idi ki, məsrəf edim?

Ə m i r a s l a n   a ğ a. Onu Muxtar bəy bilər. O, onun vəzifəsidir.

M u x t a r   b ə y. O, bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz.

Ə m i r a s l a n   a ğ a. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzını açıb camaatı bizim itaətimizə çağıracaqsınız. İndi cümləniz mürəxxəssiniz. Gediniz, iş dalınca olunuz. (Ayağa qalxırlar.) O da məxfi qalmasın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır.

M u x t a r   b ə y. Hacı İmamqulu, eşitdinmi?

M e h r ə l i   b ə y. Molla Sadıq, anladınmı?

B ə y l ə r. Əmiraslan ağa, xudahafiz.

Ə m i r a s l a n   a ğ a. Xudahafiz, qeyrətli bəylərim.

 

Çıxırlar.

 

P ə r d ə

 

 

İKİNCİ PƏRDƏ

 

Birinci pərdənin səhnəsi.

 

P ə r i c a h a n   x a n ı m (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fənabir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də etibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmışsan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucənin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmmənin fəryadına yetiş!

 

Hadi lələ daxil olur.

 

H a d i   l ə l ə. Uğurlar olsun, Pəricahan xanım.

P ə r i c a h a n   x a n ı m Ah! Hadi lələ! A kişi, haraya getmişdin? Bir aydan artıqdır ki, yox olmuşsan.

H a d i   l ə l ə. Bakıya getmişdim.

P ə r i c a h a n   x a n ı m. Nə işə?

H a d i   l ə l ə . Cahangir ağadan xəbər bilməyə. De görüm Gövhər xanımın xəstəliyi nədir?

P ə r i c a h a n   x a n ı m. Nə olacaqdır?! Cahangirin qəm-qüssəsini çəkməkdən biçarə əmməm şam kimi əriyir.

H a d i   l ə l ə. Gətirdiyim xəbərdən dirilər.

P ə r i c a h a n   x a n ı m. Cahangirdən xəbərmi gətirmisən?

H a d i   l ə l ə. Bəli.

P ə r i c a h a n   x a n ı m. Ah! Ürəyim necə atlanır, Hadi lələ, tez ol, söylə. Mən sənin barəndə nə fikirdəydim! Əfv et.

H a d i   l ə l ə. Yəqin fikir etmisən ki, mən bolşevik tərəfinə keçmişəm, beləmi?

P ə r i c a h a n   x a n ı m. Bəli, mən nə edim. Sən yox olmuşdun. Əlbəttə, şübhəyə düşmək olardı.

H a d i   l ə l ə. Xanım, fikriniz səhv deyil.

P ə r i c a h a n   x a n ı m. A kişi, nə deyirsən? Doğrudanmı onlar tərəfə keçmisən?

H a d i   l ə l ə. Bəli.

P ə r i c a h a n   x a n ı m. Yox, yox, inanmıram. Sən məni imtahan edirsən. Sən elə qaniçici, dünyanı oda tutub viran edənlər tərəfinə keçməzsən. Sən istəməzsən ki, belə gözəl yurdumuz tarmar olub qızıl qana boyana.

H a d i   l ə l ə. Bu son sözlərinə mən də şərikəm. Lakin bolşeviklər qaniçici deyillər. Bunlar düşmənlərin iftirasıdır. Bolşeviklər məzlumlar, yoxsullar, füqareyi-kasibə tərəfdarıdırlar. Onların fikri işçi-kəndli sinfini azad etməkdir. Bu yolda öz qanlarını tökürlər. Məgər bu pis bir hərəkətdir? Pəricahan xanım, istəyirsən ki, doğrudan da, əcdadının gözəl mülkü və belə binası sən deyən hala düşməsin, sənə həvalə olunan bir təklifi qəbul et. Mən onun üçün buraya göndərilmişəm.

P ə r i c a h a n   x a n ı m. O nə təklifdir? Səni kim göndərmişdir?

H a d i   l ə l ə. Sənə məlumdur ki, Azərbaycanda Şura hökuməti qurulduqdan sonra bir neçə mülkədar, bəylər itaətdən boyun qaçırıb tabe olmaq istəmirlər. Ona görə də Qızıl Ordu hissələri bu tərəfə gəlib çıxmışdır. Hər yerdə kəndlilər Qırmızı Ordu tərəfinə keçirlər. Təklif budur ki, Əmiraslan ağa qovğasız təslim olsun. Səndən başqa da onu bu yola gətirən şəxs tapılmaz. Bizə məlumdur ki, bu saat Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir.

P ə r i c a h a n   x a n ı m. Mənə bu təklifi kim edir?

H a d i   l ə l ə. Cahangir ağa.

P ə r i c a h a n   x a n ı m. Kim? Cahangir, mənim sevgilim, nişanlım əmizadəm? Yox, yox elə iş ola bilməz, inanmıram.

H a d i   l ə l ə. Buyur, öz dəst-xətti ilə sizə yazdığı məktub. (Verir.)

P ə r i c a h a n   x a n ı m (məktubu açıb oxuyur.) Ah! Doğru. Cahangir bolşevik olub. Ordu başında durubdur, əcdadının yurdunu da tutmaq istəyir. Ah, ağlım çaşır! Otaq başıma fırlanır. Cahangir, Cahangir, hansı şeytana aldanıb belə alçaq, gədəyə yaraşan vəzifəni öhdənə götürmüsən?! Məni də, sevgili əmizadəni, məhəbbətin uğrunda atəşə yanan nişanlını da belə yola dəvət edirsən? Yox, yox, mən sənin kimi alçaq olmaq istəmirəm. Əcdadımın yurdunu, şərəfini sənin kimi düşməndən müdafiə etməyə hazıram. Onun uğrunda canımı fəda etməyə hazıram. Hadi kişi, ağan Cahangir məndən cavab istəyir. (Məktubu cırıb Hadi lələyə atarkən.) Bu mənim birinci cavabım. (Sonra boynundan qızıl medalyonu, içindəki Cahangirin rəsmi ilə bərabər çıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi ürəyim üstə sevə-sevə saxlamışam. Gecələr onu bağrıma basıb əzizləmişəm, öpmüşəm. Ta hicran oduna dözüb təsəlli tapmışam. Hadi kişi...

H a d i   l ə l ə. Pəricahan xanım, kifayətdir. Məni oda yaxma. Mən sənin lələnəm. Səni də Cahangir ağa kimi bu əllərim üstə bəsləmişəm. Mənə Hadi kişi demə.

P ə r i c a h a n   x a n ı m. Bolşevik tərəfinə keçmiş lələni mən istəmirəm. Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir?

H a d i   l ə l ə. Xeyr, xanım.

P ə r i c a h a n   x a n ı m. İndi görərsən, çıx, ey itlərcə qəlbimdə məskən etmiş ilan! Çıx, ey zəhərli, məni atəşə yaxan məhəbbət. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanın ürəyi onun üçün daha qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən.

H a d i   l ə l ə. Pəricahan xanım, belə etmə, gəl, sən qoca lələnin məsləhətinə qulaq as. Bu xanədanın dağılıb pərakəndə düşməyinə bais olma.

P ə r i c a h a n   x a n ı m. Bais olan sənin ağan Cahangirdir. Bu nəsihəti ona et. Daha bitdi. Gedə bilərsən!

H a d i   l ə l ə. Cahangir ağa, Cənnət əlinin evində sənin cavabına müntəzirdir. Onda buyurunuz gedək, mənə verdiyin cavabı onun özünə ver, yoxsa, mən bu ağır məsuliyyəti öhdəmə götürməkdən qorxuram.



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info