Qonaq Kitabı
LAÇIN YUVASI

Ə m i r a s l a n   a ğ a. Bəs kimdən çıxmış?

C ə f ə r q u l u. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur.

B ə y l ə r. Ay binamus!

M o l l a   S a d ı q. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi, bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın.

H a c ı   İ m a m q u l u. Ah, oğlum sağ imiş, gəlib çıxdı.

M e h r ə l i   b ə y. Elə biqeyrət oğul heç gəlib çıxmayaydı.

Ə m i r a s l a n   a ğ a. İkinci səbəb?

C ə f ə r q u l u. Ağa, soruşma, deməyə cürət etmirəm.

Ə m i r a s l a n   a ğ a. Sənə əmr edirəm, de!

C ə f ə r q u l u. İkinci səbəb qırmızıların başında duran şəxs...

Ə m i r a s l a n   a ğ a. O kimdir?

C ə f ə r q u l u. Cahangir ağa!

H a m ı. Ah!

Ə m i r a s l a n   a ğ a (əlini xəncərin dəstəsinə qoyur ) Sus! Qorxudan gözlərinizə qaranlıq çöküb, kimi isə mənim oğluma oxşatmışsınız. Mənim nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz.

 

Ədil bəy və Hadi lələ daxil olurlar.

 

Ə d i l   b ə y. Bu partıltını, gurultunu eşitmirsiniz? Bu nə toplaşıb söhbət etməkdir?

M e h r ə l i   b ə y. Biz sənin kimi millətə xain olub, vətəni satmamışıq. Onun uğrunda canlar fəda etməyə yığışmışıq.

Ə d i l   b ə y. Mehrəli bəy, bu yalançı sözləri burax. Mən sizin əsil məqsədinizi gözəlcəsinə bilirəm. Nə üçün "vətən, millət" deyə bağıraraq, bu məzlum kəndliləri qırdırırsınız? Onların çoxu hələ öz mənfəətlərini anlamamışlar, onun üçün də qırmızılarla müharibə edirlər. Fəqət tezliklə anlayacaqlar. Onda süngünü bolşeviklərə yox, sizin üzərinizə çevirəcəklər. Siz, qəhrəman, tac-taxtları zəlzələyə salan Qırmızı Ordunun müqabilindəmi durmaq istəyirsiniz? Necə oldu kolçaqlar, yudeniçlər, denikinlər? Məni bölük komandiri axırıncı dəfə olaraq sizin yanınıza göndərmiş. Qan tökülməmiş təslim olmağınızı tələb edir.

S ə l i m   b ə y. Bizə birinci dəfədir ki, təslim təklif olunur. Amma siz axırıncı dəfə olaraq, deyirsiniz.

Ə d i l   b ə y. Birinci dəfə bu Hadi-lələ təslim əmrini gətirmişdir.

Ə m i r a s l a n   a ğ a. Elə təklif olmamış, ola da bilməz.

Ə d i l   b ə y. Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ?

H a d i   l ə l ə. Bəli.

Ə m i r a s l a n   a ğ a. Pəricahan mənə bir şey deməmişdir.

H a d i   l ə l ə. Xanım məktubu oxuduqdan sonra cırıb atdı.

Ə m i r a s l a n   a ğ a. Ah, nə gözəl cavab! Yaşasın qəhrəman qızım! (Qışqırır.) Pəricahan!

 

Pəricahan xanım çərkəs libasında, üstü əslihəli daxil olur.

 

P ə r i c a h a n   x a n ı m. Məni çağırırsan, əmücəm?

Ə m i r a s l a n   a ğ a. Bəli, səni, qeyrətli qardaşımın igid qızı! De görüm cırdığın məktub kimdən idi? (Pəricahan xanım başını aşağı salıb dinmir.) Qızım, niyə dinmirsən?

P ə r i c a h a n   x a n ı m. Məktub qırmızıların komandiri Cahangirdən idi.

Ə m i r a s l a n   a ğ a (yerindən cəld qalxıb). Ah! Cəfərqulu doğru deyirmiş! Ağalar, bu divarda çəkilmiş rəsmlərə baxınız. Bu, Rüstəm zalın, o da oğlu Söhrabın rəsmidir. Rüstəm müharibədə övladını tanımamış, onun sinəsini paralamışdır. Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl edəcəyəm. İndi Qırmızı Orduya hücumu mən başlayıram. Qalxın, haydı, ardımca!

 

Ədil bəy və Hadi lələdən başqa qeyriləri çıxırlar.

 

Ə d i l   b ə y. Bacım Gövhər əhvalatı bilirmi?

H a d i   l ə l ə. Xeyr, xəstəliyi cəhətincə deməyi məsləhət bilmədim və başqalarına da tapşırmışam ki, deməsinlər.

Ə d i l   b ə y. Yaxşı tədbirdir. Sən get vəziyyəti Cahangirə söylə, mən də bacımı yoxlayıb gəlirəm.

 

Çıxırlar.

 

P ə r d ə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

İkinci pərdənin səhnəsi. Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydərbəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.

 

Ə m i r a s l a n   a ğ a. Qeyrətli bəylər, bolşevik Cahangir bu məktubla bizi təslimə təklif edir. Yazır: "Sizdən, aldanmış kəndlilərin qanları daha tökülməsin məqsədi ilə, təslim olmağınızı tələb edirəm. Bizə məlumdur ki, o biçarələri "gürcü, erməni və türk köməkləri gələcəkdir" deyə aldadıb qırdırırsınız. Onu da bilməlisiniz, təslimi rədd edib qovğada davam etsəniz, sabah qala alındıqdan sonra, siz üsyançı bəylər güllə qabağına qoyulacaqsınız. İmza: Cahangir"

 

Bəylər başlarını aşağı salıb fikrə gedirlər.

 

Ə m i r a s l a n   a ğ a. Mehrəli bəy, fikrinizi bilmək istəyirik.

M e h r ə l i   b ə y. Məncə, düşmənə hiylə gəlməli. Guya təslimə hazırıq, lakin iki gün möhlət istəyirik. Düşmən buna razı olarsa, gecə ikən bir neçə adam qaçırıb ətrafdan kömək toplarıq. Sonra iki tərəfdən hücumu başlarıq. Birini burdan, o birini düşmənin arxasından.

M u x t a r   b ə y. Mən bu fikrə şərik deyiləm. Əvvəla, düşmən bizə möhlət verməz. Versə də bu az vaxtda düşmənin gözü qabağında kimdən qüvvə toplayacağıq? Məncə, özümüzdən başqa qeyri köməyə ümid bağlamamalı.

H e y d ə r   b ə y. Əlimizdə olan qüvvə ilə qalanı saxlaya bilməyəcəyik. Gec-tez onu boşaldıb çəkilməyə məcbür olacağıq. Belə olan surətdə mən qalanı vermək tərəfdarıyam.

S ə l i m   b ə y. Cahangir ağanm tələbi aydındır. O, təsüm olunuz deyir, qalanı veriniz demir. Bizi buraxıb bu boş qalanı ne edəcəkdir? Lakin testim şertinden bir şey yazmır, təslim olarsaq, bizle ne cür rəftar olunacaq? Melıım deyil.

C ə f ə r q u l u. Səlim bəy doğru buyurur. Təslim şərti aydın deyil. Məncə, biz də yazıb şərtimizi məlum etməliyik. Bəlkə, istədiyimizi qəbul edəcəkdir.

Ə m i r a s l a n   a ğ a. Qızım, sənin fikrin nədir?

P ə r i c a h a n   x a n ı m. Cahangir hərbi toxdadıb ortalığa təslim məsələsini atmışdır. Bu iki şeydən xali deyildir: ya budur ki, dogrudan da qan tökülməsini istəmir, ya da əlində olan qüvvə ilə "Laçın yuvası"nı almaqdan acizdir.

Ə m i r a s l a n   a ğ a. Afərin, qızım, bu son sözün düzdür. Cahangir təslim məsələsi ilə bizə hərbi hiylə gəlir. Mənə məlumdur ki, o, mərkəzdən qüvvə və top tələb edir, çünki, doğrudan da, əlindəki qüvvə ilə qalanı almaqdan acizdir. Bu fürsətdən istifadə etməli. Təslim tərəfdarları bilsinlər ki, istər zor ilə, istərsə öz ixtiyarımızla bolşeviklərə tabe olarıqsa, heç bir təfavütü yoxdur, hər iki halda güllə qabağına qoyulacağıq. Onlardan bizə nicat yolu yoxdur. Belə olan surətdə öz əllərimizlə başlarımızı qurbanmı verməliyik?

B ə y l ə r. Heç vaxt!

Ə m i r a s l a n   a ğ a. Təslim tərəfdarı varmı?

B ə y l ə r. Xeyr.

M o l l a   S a d ı q. Əmiraslan ağa, mən də, hacı da sülh tərəfdarıyıq.

Ə m i r a s l a n   a ğ a. Siz bizim işimizə qarışmayın. Sizin vəzifəniz buraya qoyun sürüsü kimi tökülən arvad-aşaqları sülh ilə saxlamaqdır.

H a c ı   İ m a m q u l u. Biz də onu istəyirik ki, qurdlar gəlib bu sürünü yırtmasınlar.

Ə m i r a s l a n   a ğ a. Qorxmayın, o canavarların müqabilində belə aslanlar durmuşlar. (Kağız götürüb yazır, sonra oxuyur.) Qulaq asın, yazdığım cavabı oxuyum.

B ə y l ə r. Buyurunuz.

Ə m i r a s l a n   a ğ a. "Laçın yuvası"nı almağa laçın kimi igidlər lazımdır. Sizin kimi bayquşların hünəri deyil". Bu cavabı bəyənirsinizmi?

B ə y l ə r. Bəyənirik.

Ə m i r a s l a n   a ğ a. Cəfərqulu, al, elçiyə ver.

 

Cəfərqulu alıb gedir.

 

Ə m i r a s l a n   a ğ a. İndi planımızı çəkək. Bolşevik Cahangir sabah qırmızı bayrağını "Laçın yuvası"na taxmaq arzusundadır. Bu işi sabaha qoymaqdan belə məlum olur ki, o, sabah kömək gözləyir. Bu fürsəti ona verməməli, onu qabaqlamalıyıq. Biz hücumu bu gün başlamalıyıq.

M e h r ə l i   b ə y. Əmiraslan ağa, madam ki, bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.

M u x t a r   b ə y. Necə?

M e h r ə l i   b ə y. Düşmənə hücumu qəflətən, onun gözləmədiyi bir vaxtda etməli. Biz bunun əksinə eməl etdik. Düşmənə xəbər verdik ki, hazır ol, üstünə gəlirik.

H e y d ə r   b ə y. Biz elə cavab yazmamışıq.

M e h r ə l i   b ə y. Mənası elə çıxdı.

S ə l i m   b ə y. Sizin fikriniz möhlət istəmək idi. Ondan da vaz keçdiniz.

M e h r ə l i   b ə y. Doğru,çünki bu gün hücum edəcəyimizi bilmirdim.

M u x t a r   b ə y. Bilsəydin nə təklif edərdin?

M e h r ə l i   b ə y. Sabaha kimi möhlət istəyib bu gün qəflətən hücum edərdik.

Ə m i r a s l a n   a ğ a. Heç təfavütü yoxdur. Bolşeviklər biz tərəfdən hücum gözləmirlər. Onlar inanmışlar ki, biz hücumdan qorxub qaladan çıxmayacağıq. Hər halda cavab vermişik.

M e h r ə l i   b ə y. Doğru. İndi hücum planını buyurunuz.

Ə m i r a s l a n   a ğ a. Cəmi qüvvə dörd yerə bölünəcəkdir. Bir qismi Mehrəli bəylə Pəricahanın ixtiyarında olub "Laçın yuvası"nı müdafiə edəcəkdir. Yerdə qalan üç hissənin birinin başında Muxtar bəy, o birinin başında Səlim bəy və üçüncüsünün başında Heydər bəy duracaqdır. Muxtar bəy, sənin dəstənə böyük əhəmiyyət verirəm. Əgər mən çəkdiyim planı əmələ gətirə bilsən, şəksiz düşmənə qalib gələcəyik. O da budur: dəstəni "Laçın yuvası"nın arxasında duran "Keçi dağı"ndan endirib, "Yaşıl orman" deyilən meşəyə keçirsən. Sonra orman içi ilə gizli yürüş edib, Qayadibi kəndinin arxasında pusquya yatarsan. O zaman Səlim bəy Uçurum dərəsindən, mən də Heydər bəylə Qayadibi keçidindən hücumu başlaram. Düşmən qüvvəsini bizim üstümüzə atar. Sən, Muxtar bəy yenə də pusquda qalıb müharibəyə girməzsən. Elə ki, gördün düşmənin arxasında qüvvə qalmadı, cümləsi hücuma başladı, qəflətən arxadan soxularsan. Bu plana etiraz varmı?

B ə y l ə r. Xeyr.

M e h r ə l i   b ə y. Plan yaxşıdır. Lakin"Laçın yuvası"nda qalan qüvvəni də hücuma atmalı.

Ə m i r a s l a n   a ğ a. Yox. O qüvvə ehtiyat üçün olub, təhlükə zamanı hərbə atılmalı. Daha nöqsanı varsa deyiniz.

M e h r ə l i   b ə y. Xeyr, yoxdur.

Ə m i r a s l a n   a ğ a. İndi son sözümü dinləyiniz. Cümləniz şir-jəyan kimi hücuma atılmalısınız. Geri çəkilməni bilmərrə unutmalı, beyninizdə, fikrinizdə, xəyalımzda bu olmalı: - İrəli, irəli, irəli. Belə olursa, düşməni bu dağlardan, bu qayalardan geriyə atıb mülklərimizi əlimizdə saxlaya biləcəyik. Əgər bu taleyimizdə yox isə, ərlərə yaraşan mərdliklə ölüm şərbətini içərik. Bizim üçün başqa yol yoxdur. (Ayağa qalxır.) Haydı, igidlərim, gedək.

 

Molla Sadıqdan və Hacı İmamquludan savayı hamı gedir.

 

M o l l a   S a d ı q. Hacı, bu divanələrin oduna biz nə üçün yanaq?

H a c ı   İ m a m q u l u. Molla Sadıq, nə demək istəyirsən?

M o l l a   S a d ı q. Bolşeviklər bizə qalib gələcəklər, buna mənim şübhəm yoxdur.

H a c ı   İ m a m q u l u. Mənim də şübhəm yoxdur.

M o l l a   S a d ı q. Onda bizim halımız necə olacaqdır?

H a c ı   İ m a m q u l u. Yəqin bolşeviklər cümləmizi qətlam edəcəklər.

M o l l a   S a d ı q. Etməyə də haqları var, çünki Əmiraslan ağanın tərsliyindən hər iki tərəfdən çox qan tökülmüşdür, o indi bu uçuq qalaya pənah gətirmişdir.

H a c ı   İ m a m q u l u. Xeyr a! O cəngavərlərin müqabilində belə qalalar davam etməz.

M o l l a   S a d ı q. Cahangir ağa ədalətli bir hakim kimi qan tökmək tərəfdarı deyil, lakin ağlını qayib etmiş kişi, görmürsənmi, eşitmək belə istəmir. Hacı, bunların içində bir özümlə səni ağıllı görürəm. Aqil olan şəxs canım bihudə yerə güdəza verərmi?

H a c ı   İ m a m q u l u. Xeyr, verməz, fikrin nədir?

M o l l a   S a d ı q. Bolşeviklər tərəfə keçmək.

H a c ı   İ m a m q u l u. A kişi, nə deyirsən? Dəli olmusan nədir?

M o l l a   S a d ı q. Nə üçün dəli oluram? Biz öz ixtiyarımızla bolşeviklərə təslim oluruq. Qan tökməkdə də iştirak etmirik. Bundan əlavə mən Cahangir ağanın şəriət müəllimi olmuşam. Sənin də oğlun Həsən onun köməkçisidir. Onlardan bizə nə xəta yetişə bilər?

H a c ı   İ m a m q u l u. Bu doğru, fəqət nə yol ilə bu zalım ağalardan xilas ola bilərik? Qaladan çıxmaq imkanı varmı?

M o l l a   S a d ı q. Var. Mən ancaq sənin razılığını gözləyirəm.

H a c ı   İ m a m q u l u. Mən razıyam. Bəs arvad-uşaq necə olsun?

M o l l a   S a d ı q. Nə arvad-uşaq? Ölüm zamanı arvad-uşaqmı yada düşər? Gedək öz canımızı xilas edək.

H a c ı   İ m a m q u l u. Doğru deyirsən, gedək.

 

Çıxırlar, sonra Gövhər xanım Sənəmin köməkliyi ilə alt qatdan Əmiraslan ağanın salonuna gəlir. Divanın üstündə oturur.

 



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info