Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Vər bağlayaydı bəndi-xəlxal,

Qeyd ilə ayağımı məhü sal,

Eyb ilə çəkilməsəydi adım,

Billah bu idi həmin muradım

Kim, sayə misalı səndən, ey nur,

Olduqca vücudum, olmayan dur!

Əmma nə edim? Əsiri-qeydəm,

Bir boynu, ayağı bağlı seydəm,

Bildirməyə mehnətü məlalım

Bu şer yetər bəyani-halım:

 

 

BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR

 

Eşq daminə giriftar olalı zar olubam,

Nə bəladır ki, ona böylə giriftar olubam?

 

Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim.

Künci-qəmxanəyə bir surəti-divar olubam.

 

Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil.

Öylə kim, arizeyi-hicrlə bimar olubam.

 

Həzərim tənədən ol qayətə yetmişdir kim,

Yarə əğyar olub əğyarım ilə yar olubam.

 

Deməzəm dəxi: "Sənə aşiqəm", ey gül! Zira

Sənə aşiqliyim izhar edəli xar olubam.

 

Əqlü-səbrü-dilü din getdi bihəmdillah kim,

Səfəri-sahili-dəryayə səbükbar olubam.

 

Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,

Valehi-nəqşi-xəyali-rüxi-dildar olubam.

 

 

BU, LEYLİNİN KÜNÇİ-QƏMDƏ GİRYANLIĞIDIR VƏ MƏCNUNUN VADİYİ-EŞQDƏ SƏRGƏRDANLIĞIDIR[47]

 

Zar ağlar ikən bu rəsmə ol mah,
Bir türfə səda eşitdi nagah.
Bir kimsə oxurdu şeri-Məcnun,
Bu nüktə ibarətində məzmun:
- "Key nəşəyi-eşqdən uran dəm!
Məcnunu saqınma Leylidən kəm!
Məcnun ilə Leylini bərabər
Gər kimsə deyərsə, qılma bavər!
Leylidə əgərçi dərd çoxdur,
Məcnuni-həzincə dərdi yoxdur.
Leyli əli iynədəndir əfkar,
Məcnuna qılınclar eyləməz kar.
Leyli istər ki, əksilə qəm,
Məcnun qəmin artırar dəmadəm.
Leylini edər hərir dilgir,
Məcnuna verər nişat zəncir.
Məcnundur olan qəmə giriftar,
Leyli kimə olmuş ola qəmxar?
Məcnuna yetər şikənceyi-təb,
Leyli kimədir təbib, ya rəb?
Məcnundur əsiri-dami-Leyli,.
Leyli kimə salmış ola meyli?"
Leyli tutub ol təranəyə guş,
Öz nəğməsin eylədi fəramuş.
Təhqiq ilə bildi bu hesabi
Kim, yox şərərində şölə tabi.
Əlbəttə, bəlavü dərdi gərdun
Məcnuna veribdir ondan əfzun.

 

 

BU, LEYLİNİN İBNİ SƏLAMA GİRİFTAR
OLDUĞUDUR VƏ YARDAN MƏHRUM
VƏ MÜQƏYYƏDİ-ƏĞYAR OLDUĞUDUR[48]

 

Memari-səraçeyi-ibarət
Böylə bu evi qılır imarət:
Kim, seyrdən olmayıb təsəlli
Öz mənzilinə dönəndə Leyli,
Vermişdi özünə dürlü ziyvər,
Hər ziyvərə bir nəticə müzmər.
Ta məhv ola gözdən axıdan xun,
Həm kömləyi, həm donuydu gülgyn.
Ta kim, ola dudi-ahə manənd,
Bağlanmış idi bənəfşə sərbənd.
Ta kim, ola sövti-nalə pamal,
Qullanmış idi sədalı xəlxal.
Ta olmaya əşk üzdə məlum
Rüxsarına lölö idi mənzum.
Rəna başa sərpübən ləçəklər,
Nazik belə sancıban ətəklər,
Pərvanəsiz eyləməzdi şəmin,

Eylərdi düri-sirişk cəmin.
Rəna-rəna yürürdü ol mah,
Bir şəkl ilə kim, təbarəkəllah.
Ol əsrdə var idi ərəbdə
Bir mötəbər əsldə, nəsəbdə,
Mənzuri-əazimü əali,
Məqbuli-əkabiri-əhali.
İdraki-büləndü hüsni dilkəş,
Ətvari xücəstə, siyrəti xoş,
Vermiş həq onun olan muradın,
Bəxt İbni Səlam qılmış adın.
Ol türfə hümayi-övci-iqbal,
Asudə zəmirü fariğülbal,
Ov qəsdinə eyləmişdi pərvaz,
Altında üqab, əlində şəhbaz.
Bir rahgüzərdə ol nigarə,
Uğraşdı və qıldı bir nəzarə,
Canü cigərində qalmadı tab,
Məhv oldu, necə kim, odda simab.
Tərk etdi əziməti-şikarı,
Gəldi evə, getdi ixtiyarı.
Tərh etdi binayi-rəsmi-peyvənd,
Tədbir ilə buldu bir xirədmənd
Kim, lütf ilə söz qılanda təqrir,
Təqriri verərdi daşə təğyir.
İnam edibən ona bəsi mal,
Leyli tələbinə qıldı irsal.
Şərt eylədi ol bülənd əxtər
Kim, olsa bu kami-dil müyəssər
Sərf eyləyə gəncü mali-aləm,
Cananə yolunda, bəlkə can həm.
Çün gəldi bu razi-dil bəyanə,
Oldu ona razı ata-anə.
Ol Müştəriyə verildi Zöhrə,
Şayəstə görüldü Mah Mehrə.
Çün İbni Səlamə yetdi peyğam,
Tənbihi-nişatü müjdeyi-kam,
Dəryayi-nişatü gəldi mövcə,
Baş çəkdi nihali-bəxti övcə,
Məxzən-məxzən cəvahir açdı,
Xərmən-xərmən nisar saçdı.
Açdı dəri-gənci-gövhərü zər,
Fəqr əhlini eylədi təvangər.
Ol sərvin ayağı bağlı oldu,
Azadə ikən adağlı oldu.

 

 

BU, NOVFƏLİN MƏCNUNLA MÜQƏDDİMEYİ-
İXTİLATIDIR VƏ OL CƏVAHİRİ-PAKDƏN
İNBİSATIDIR[49]

 

Saqi, yenə qəsdi-can edər ğəm,

Ver cam ləbaləbü dəmadəm!
Bikəs qalıbam məni-səbükray,
Sən eyləməsən mənə mədəd, vay!
Mən şiftənin pənahı olğıl!
Bikəslər ümidgahı olğıl!
Cəhd eyləvü qılma bir işə əhd,
Vər əhd eləsən vəfayə qıl cəhd!
Şəmşiri-mübarizi-fəsanə
Bu rəzmdə böylə batdı qanə
Kim, var idi bir xücəstəfərcam,
Ol əsrdə adilü nikunam,
Tiğilə müsaf müşküli həll,
Mərufi-zəmanə, adı: Novfəl,
Həm eşq yolunda çox yügürmüş,
Həm çox sitəmi-zəmanə görmüş.
Bəzmində misali-dürri-məknun,
Bir gün oxunurdu şeri-Məcnun,
Qayətdə bəyəndi tərzi-pakın,
Məzmuni-kəlami-suznakın.
Sordu sifətin, dedilər: - "Ey şah!
Aşüftə qılıbdır onu bir mah.
Rüsvalıq edib özünə pişə,
Damü dəd ilə gəzər həmişə".
Novfəl qılıb arizuyi-Məcnun
Əshab ilə qıldı əzmi-hamun.
Bir guşədə gördü zarü məhcur,
Halı nəsəqi-səlahdən dur.
Ətrafını teyrü vəhşi almış,
Vəhşət onu bir həsarə salmış,
Çün daireyi-sibaü-hail,
Qət etdi, süpəh görüb səlasil,
Məcnuna yetişdi ol vəfadar,
Asari-tələttüf etdi izhar:
- "Key xəstə, nədir bu çəkdiyin rənc,
Viranədə zaye etdiyin gənc?!
Vəhşi nə bilir sənin məqamın?
Həmcinslərindən istə kamın!
Hal əhlisən, istə əhli-hali,
Səhralarə düşmə laübali!
Dövlət diləsən, hümadən istə,
Gənc istəsən, əjdəhadən istə!
Qəm çəkmə ki, mən olunca ğəmxar,
Yarın sənə ənqərib olur yar.
Gər olsa zər ilə iş sərəncam,
Yük-yük tökəlim zər, alalım kam,
Vər olsa ğərəz müsafə möhtac,
Biz qan tökəlim, sən eylə tarac,
Ancaq ola gör mənimlə həmdəm,
Mən kim səninəm, sənindir ol həm".

 

 

BU, MƏCNUNUN NOVFƏL İLƏ DƏRDİ-DİL

ƏDASIDIR VƏ ŞƏRHİ-TƏFSİLİ-MACƏRASIDIR[50]

 

Məcnun dedi: - "Ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər cəhd,
Çox əhli-əzaim etdi tədbir,
Olmadı pəri bu divə təsxir.
Topraqlərə töküldü çox zər,
Olmadı bu kimiya müyəssər.
Səndə bilirəm ki, lütf çoxdur,
Nə sud, çü məndə bəxt yoxdur,
Sürmə bilirəm ki, artırır nur,
Nə faidə, göz əgər ola kur?
İqbalıma yoxdur etimadım,
Müşkül görünür mənim muradım.
Ah ər qılasan bu şüğlə iqdam,
Rəyincə iş olmaya sərəncam,
Həm dustum olmaya mənə yar,
Həm düşmən ola nə dust kim var.
Bəxtim, bilirəm, mənim yamandır,
Sud istədiyin mənə ziyandır.
Bəxtim sifətində bir qəzəl var
Daim qılıram mən onu təkrar:

BU QƏZƏL MƏCNUNİ-ZARİNDİR

Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm,

Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.

Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,

Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm.

Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin.

Səfadən dəm uran həmdəmləri əhli-riya gördüm.

Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,

Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.

Ayaq basdım dəri-ümmidə sərgərdanlıq əl verdi,

Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm.

Mənə göstərdi gərdun, tirə bəxtim kövkəbin yüz gəz,

Məni-bədbəxt ona hərgah kim baxdım, qara gördüm.

Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,

Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.

 

 

BU, NOVFƏLİN MƏCNUNA ÜMİDVARLIQ
VERDİYİDİR VƏ HÜSNİ-MÜSAHİBƏTLƏ
RİZASINA GİRDİYİDİR[51]

 

Novfəl dedi: - "Ey ədibi-kamil!
Feyzi-nəzərimdən olma ğafil!
Lillahilhəmd qeyrətim var,
Qeyrət qədərincə qüdrətim var.
Sən cəhd elə ki, yar ola əhl,
Çün yardır əhl, kardır səhl".
Məcnun həm ümid ilə olub şad,
Tərk etdi təriqi-təbi-mötad,
Həm sildi ğübari-fərqi-geysu,
Həm eylədi qət naxunü mu.
Həm cisminə verdi ziybi-camə,
Həm başına ziyvəri-əmamə.
Bəzmi-tərəbi-məqam tutdu,
Meyli-tərəb etdi, cam tutdu.
Novfəl həm olub mülazimi-əhd,
İmdadına qıldı can ilə cəhd.
Aldı ələ müşkbar xamə,
Leyli həşəminə yazdı namə:
- "Key taifeyi-büləndpayə!
Biganəlik etmən aşinayə!
Edib məni iltifatə məmnun,
Leylini edin rəfiqi-Məcnun!
Ol lalə isə, bu nəstərəndir,
Şimşad isə ol, bu narvəndir.
Ol buna, bu onadır sazavar,
Ey əhli-ğərəz, nədir bu azar!?
Kam olsa nizasız müyəssər,
Ha, gənci-dürü xəzaneyi-zər!
Vər olsa bu xeyr işdə təxir,
Ha, təni-sinanü zərbi-şəmşir!"
Ol qövmə çü rövşən oldu əhval,
Oldu bu cəvab olardan irsal,
Kim: - "Bizdə cünun əlacı yoxdur!
Divanələr ehtiyacı yoxdur.
Gəncü dürə eyləmə təfaxür!
Bəsdir bizə gəncimizdəki dür.
Laf ilə qılıncdan urmağıl dəm!
Ki, var qılıncımız bizim həm!"

 

 

BU, NOVFƏLİN LEYLİ HƏŞƏMİLƏ RƏZM
ETDİYİDİR VƏ RƏZMDƏ QALİB OLMAYIB
SÜLHƏ ƏZM ETDİYİDİR[52]

 

Novfəl ki eşitdi bu cəvabı,
Tərk eylədi şahidü şərabı,
Çəm etdi sipahi-binihayət,
Çaldırdı nəfirü çəkdi rəyət.
Ol qövm həm oldular xəbərdar,
Çəm eylədilər sipahi-xunxar.
Rəf oldu iki tərəfdən azərm,
Həngameyi-rəzmi etdilər gərm

Bir sübh ki, qıldı xosrovi-Rum,
Şam əhlinə Hind fəthini şum;
Səyyarədən aldı mehr meydan,
Çaldı qılıcın, götürdü qalxan,
Gün xəncəri oldu aşikarə,
Gərdun zirehini etdi parə,
Şətrəncsifət ol iki ləşkər
Bir-birinə durdular bərabər.
Gəh nizə qılırdı cavsitanlıq,
Gəh navək edərdi xunfəşanlıq.
Ol bənzər idi qədi-nigarə,
Bu qəmzeyi-dilfiribi-yarə.
Eylərdi zəbani-təni-şəmşir
Əhvali-ədəm vücuda təqrir.
Əhvalına xalqın ağlayıb zar,
Çeşmi-zireh olmuş idi xunbar.
Gürz ilə olurdu xürd hər su,
Cövşənlərü üstüxani-pəhlu.
Rəzm oldu bəla yağışlı bir miğ,
Rədü bərqi tüfəng ilə tiğ.
Göstərdi güzar gürzü peykan,
Qalxanda zireh, zirehdə qalxan.
Məcnun olara qılıb nəzarə,
Çəkmişdi özünü bir kənarə,
Durmuşdu ələmmisal bibak,
Bir ərsədə şərmsarü qəmnak.
Çəkmişdi bu ləşkər içrə rəyət,
Ol ləşkər üçün dilərdi nüsrət.
Bunlar ilə hay-huy edərdi,
Fəth onlara cüstcuy edərdi.
Bu ləşkər ona müinü qəmxar,
Ol talibi-fəthi-ləşkəri-yar,
Gər öz sipəhində görsə məqtul,
Şükr eyləməyə olurdu məşğul.
Vər görsə qətili-qövmi-dildar,
Dərd ilə qılırdı naləvü zar.
Səbzə kimi, olsa gər müyəssər,
Öz ləşkərinə urardı xəncər.
Bir kimsə dedi ki: - "Ey siyəhruz!
Xəsmini dilərmi kimsə firuz?
Biz can qılırız yolunda pamal,
Sən düşmən üçün dilərsən iqbal?
Əqlə bu iş eyləməz dəlalət,
Gər aqil isən, nədir bu halət?"
Məcnun dedi: - "Mən fədayi-yarəm,
Vəslinə onun ümidvarəm.
Çün ləşkəri-yardır qılan rəzm,
Ol rəzmə nə layiq eyləmək əzm?
Çün dust sipahidir edən cəng,
Düşmənliyə xoş deyildir ahəng.
Xoşdur ki, bulam visalə fürsət,
Yarım tərəfində ola nüsrət.

Canım ola dust dilpəziri,
Ya küştəsi ola, ya əsiri.
Bu mərəkədə nişatməndəm,
Ol silsilədə əsiri-bəndəm.
Müşkül işə olmuşam giriftar,
Əğyarım yarü yarım əğyar.
Gər qətlimə dust çəksə şəmşir,
Yox məndə rizadan özgə tədbir.
Xoşnud deyilmiyəm bu halə
Kim, canı verəm, yetəm visalə".
Çün böylə cəvab eşitdi sail,
Ol fəzlü kəmalə oldu qail.
Gəldikcə olub ziyadə aşub,
Az qaldı ki, Nofəl ola məğlub,
Əlqissə, müyəssər olmayıb kam,
Ol gün cədəl oldu sübh ta şam.
Çün oldu əyan təliəyi-şəb,
Meydani-sipehri tutdu kövkəb
Asayişə hasil oldu fürsət,
Can almağa verdi mərg möhlət.
Hər səf bir arada tutdu mənzil,
Bir-birinə qondular müqabil.
Həmdəmlərə razın açdı Novfəl,
Kim: - "Müşküli-halımı, qılın həl!
Mən əşcəi-əhli-ruzigarəm,
Xurşidi-sipehri-karzarəm.
Yox kimsədə tabi-tiği-tizim,
Əndişeyi-taqəti-sitizim.
Bu rəzmdə bilməzəm nədir hal
Kim, fəthimə nüsrət eylər ehmal?
Əlbəttə ki, həq rizasıdır bu,
Bir əhli-həqin duasıdır bu".
Ərz eylədilər ki: - "Ey cəhandar!
Məcnundan olubmusan xəbərdar?
Biz can qılırız onun fədası,
Ədamızadır onun duası.
Biz qəsd edəriz onun muradın,
Ol düşmənə bağlar etiqadın".
Novfəl ki, eşitdi ol kəlamı,
Qalmadı ol əmrə ehtimamı,
Bilmişdi ki, sahibi-nəzərdir,
Əlbəttə, duası mötəbərdir.
Bildi ki, müyəssər olmaz ol kam,
Təsir qılır dua sərəncam.
Çün vəsl deyildi hökmi-təqdir,
Müşkül ki, əsər verəydi tədbir.
Vəhm etdi ki, münəkis ola hal,
Rəzmində mübarək olmaya fal.

Kirdarını görmədi münasib,
Nəzr etdi ki: gər olursa qalib
Zikr etməyə dəxi Leyli adın,

Tərk edə bu əmr üçün inadın.

 

 

BU, NOVFƏLİN İKİNCİ NÖVBƏT RƏZM EDİB
QALİB OLDUĞUDUR Və VƏFAYİ-ƏHDƏ
KAZİB OLDUĞUDUR[53]

 

Çün tiğ çəkib mübarizi-Rum,
Şam əhlini etdi əmrə məhkum.
Fəth oldu sipahi-türkə mənsub,
Oldu ərəbin sipahi məğlub,
Adətcə yenə ol iki ləşkər,
Rəzm etməyi etdilər müqərrər:
Tiğ aldı əlinə pəhləvanlar,
Başlar kəsilib töküldü qanlar.
Can eylədi tərki-xaneyi-tən,
Ol çıxmağa açdı tir rövzən.
Başlarda bəlani çox görüb əql,
Bir özgə məqamə eylədi nəql.
Peykan zireh içrə oldu peyvənd,
Gül şaxələrində qönçəmanənd.
Əlqissə, xilafi-rəzmi-əvvəl,
Ədayə müzəffər oldu Novfəl,
Xəsm etdi qəbul hökmi-taət,
Başlandı təzərröü şəfaət.
Leylinin atası açdı başın,
Doldurdu gözünə qanlı yaşın,
Əcz ilə dedi ki: - "Ey xudavənd!
Şahənşəhi-adilü xirədmənd!
Gər Leyli üçündür iztirabın,
İkrah ilə verməzəm cəvabın.
Əmma rəhü rəsmdir müqərrər,
Bir övrətə eybdir iki ər.
Leyli bu həşəmdə namizəddir,
Əqd ilə müqəyyədi-əbəddir.
Çün hökmün edər bu rəsmi pamal,
Bari, onu ğeyrə vermə, sən al!
Gülbərgimizi həvayə vermə!
Namusumuzu fənayə vermə!"
Novfəl dedi: - "Ey güzidə əşraf!
Yox məndə xilafi-ədlü insaf!
Mən məhz mürüvvətü vəfayəm,
Gəncineyi-gövhəri-ətayəm!
Bidadü sitəm deyil şüarım,
Ədl içrə təmamdır əyarım.
Mən həm xəciləm bu macəradən,
Acizlərə qıldığım, cəfadən.
Həqqa bu deyildi etiqadım
Kim, hasil edəm mən öz muradım.
Bir sınmışa mumiya dilərdim,
Bir xəstə üçün şəfa dilərdim.
Gördüm görünür bu əmr müşkil,

Bimar deyil əlacə qabil.
Bidaddən olmuşam pəşiman,
Əfv edə məgər bu səhvi sübhan,
Gəlməz gözümə əyalü malın,
Malın sənin olsunü əyalın.
Var, indi sən eymən ol xətərdən,
Minbəd təvəhhüm etmə şərdən".
Bunu dedi, açdı aləti-rəzm,
Öz məmləkətinə eylədi əzm.
Məcnun dəri-etiraz edib baz,
Ol sərvərə tənə etdi ağaz:
- "Key bihudə qövlünü qərarın!
Əhdində bumudur etibarın?
Nə faidə sikkəsiz dirəmdən?
Nə sud nəticəsiz kərəmdən?
Sayən uludur, vəli, nə hasil?
Kim, feyz dəmində oldu zail".
Hər necə ki, etdilər müraat
Kim, "eyləyəlim buna mükafat,
Ondan yegin edəlim, sənə yar,
Asan işini gəl etmə dişvar!"
Mütləq əsər etmədi ona pənd,
Zənciri-həva qaçan tutar bənd.
Əfğan çəkib etdi xirqəsin çak,
Səhralərə düşdü zarü qəmnak.

 

 

BU, MƏCNUNUN ZƏNCİRƏ ÖZÜN MÜQƏYYƏD
ETDİYİDİR VƏ BƏHANƏ İLƏ LEYLİ
TƏRƏFİNƏ GETDİYİDİR[54]

 

Bir gün səhər ol mücaviri-dəşt,
Eylərdi güruhi-vəhşlə gəşt,
Bir piri-həzin göründü nagah,
Zəncirli bir əsir həmrah.
Məcnunun əsirə yandı canı,
Ol piri-həzinə sordu anı
Kim: "Bu nə əsirdir, bəyan et?
Cürmin məni-mücrimə əyan et!"
Sirri-dilin etdi pir rövşən
Kim:- "Dustdur, deyil bu düşmən.
Mən xəstəvü bəsteyi-əyaləm,
Fəqr ilə iyən[55] şikəstəhaləm.
Bu həm məni-zardən betərdir,
Avarəvü xarü dərbədərdir.
Bir ruzi üçün olub füsunsaz
Hər dəm qılırız füsunlar ağaz.
Ta hasil ola məaşi-ətfal,
Bir şöbədədir, bu gördüyün hal:
Bu qanlılığa qılıbdır iqrar,
Mən eyləmişəm bunu giriftar.
Sahib diyətəm mənü bu xuni,

Gör vəchi-məaş üçün füsuni.
Ta kim, gəzib eyləyə gədalıq,
Bəndinə qıla girehgüşalıq;
Hər nə qazanır gəzəndə ev-ev,
Təqsim edəriz arada cöv-cöv.
Qismətdə həm etmişiz qərarı,
Mən yarıyamü bu şəxs yarı".
Məcnun dedi: - "Səhv edibsən, ey pir!
Divanələrə gərək bu zəncir.
Gəl hacətimi mənim rəva qıl,
Bənd eylə məni, bunu rəha qıl!
Sayən tək olub səninlə həmseyr,
Mən əhli-kərəmdən istəyim xeyr.
Hər nə yığılırsa biş, ya kəm,
Varın sənə eyləyim müsəlləm.
Qəsdim bu ki, eyləyəm məni-zar,
Evdən-evə seyr Müştərivar.
Şayəd ki, bir evdə ola mümkün,
Ol Zöhrəyə olmağım müqarin".
Pir oldu ümidi-nəf ilə şad,
Əvvəlki əsirin etdi azad...
Zəncirə girib rəmidə Məcnun,
Ərbabi-cünunə verdi qanun.

 

 

BU, MƏCNUNUN ZƏNCİRƏ ŞƏRHİ-QƏMİDİR

VƏ BƏYANİ-SİLSİLEYİ-ƏLƏMİDİR[56]

 

Ol silsiləyə olub həmavaz,
Ağlardı ki: - "Ey, mənimlə həmraz!
Sən gənci-bəlayə əjdəhasən!
Sərrişteyi-möhnətü bəlasən!
Şərhi-qəmə var min dəhanın,
Tərpəndikcə çıxar fəğanın!
Başdan-ayağa dəlik-dəlik tən,
Könlündəki razı etdi rövşən!
Ey müntəziri-nəzareyi-yar!
Nəzzareyi-yarə min gözün var!"
Gəzmək həvəsilə xanə-xanə,
Ol pir ilə oldular rəvanə.
Tovfiq olub onlar ilə həmrah,
Leyli həşəmi göründü nagah.
Məcnun rəsəni əlində ol pir,
Ev-ev həşəmi gəzərdi bir-bir:
Leyli evinə irişdi növbət,
Ol xəstəyə qalib oldu heyrət.
Sərgəşteyi-aləm oldu pabəst,
Meyxanə önündə düşdü sərməst,
Çün çəkdi bir ixtiyarsız ah,
Leyli ev içində oldu agah;
Bir ah ilə qıldı xeyməsin çak,
Məzlumuna açdı çeşmi-nəmnak.

Gördü ki, görünməz olmuş ol zar,
Olmuş qəm ilə zəifü bimar.
Qaşı kimi qaməti bükülmüş,
Yaşı kimi peykəri tökülmüş,
Cismi qəm içində can şəbihi,
Dərki, nəzəri, qəmi bədihi.
Didar ilə ol şəhi-lətafət,
Mehmanına eylədi ziyafət.
Razi-dili-zarın etdi ifşa,
Bu şeri bədihi qıldı inşa:

 

 

BU QƏ3ƏL LEYLİ DİLİNDƏNDİR

 

Yar rəhm etdi məgər naləvü əfğanimizə

Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə?

 

Əşk baranı məgər qıldı əsər kim, nagah

Bitdi bir şaxi-güli-tazə gülüstanimizə?

 

Bizə ah atəşinin yandığı ondan bilinir

Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə.

 

Bu visalə yuxu əhvali demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanimizə.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info