Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Ey möhnəti-eşqdən xəbərdar,

Gör, tanrı üçün, nə möhnətim var!

Qıl şöleyi-ahimə nəzarə!

Gər var isə rəhkin, eylə çarə!

Seyr eylə fəzayi-hər diyari!

Gəz cümleyi-dəştü kuhisari!

Gör qandadır ol mənim pənahim!

Şahim, mahim, ümidgahim!

Hali-dilim ona ərz eylə!

Billah, necə gördün isə söylə!"

Ta vəqti-səhər bu idi hali,

Təşvişdən olmaz idi xali.

Mürği-səhəri çəkəndə avaz,

Eylərdi bir özgə növhə ağaz: -

"Key vay, tükəndi mayeyi-ömr!

Xurşidə irişdi sayeyi-ömr!

Dəmdir dəri-firsət ola məsdud,

Müşkül görünə bəyani-məqsud.

Dəmdir oyana yuxudan əğyar,

Şərhi-qəmi-dərdim ola dişvar.

Mən əxtəri-bürci-iştiyaqəm,

Mən şəmi-səraçeyi-fəraqəm.

Gündüz həbsim, gecə nəcatim,

Gündüz movtim, gecə həyatim.

Olmuş dünümə günüm mütabiq

Gün görməz imiş bəlalı aşiq!"

 

 

BU, LEYLİNİN  SƏBAYƏ PƏYAMİ-ƏHVALIDIR VƏ ÜMİD İLƏ DƏFİ-MƏLALIDIR[44]

 

Eylərdi səbayə dərdin izhar: -

" Key badi-səba, dur indi, zinhar!

El qafil ikən bu macəradən,

Sultanə səna yetir gədadən.

Gör munisü qəmgüsarı kimdir,

Bizdən ki, usandı yarı kimdir.

Könlü kimin ilədir təsəlli,

Yadına gəlirmi hiç Leyli?

Ərz eylə ki: "Ey gözəl şəhinşah!

Haqdır sənə bəndədən bu ikrah...

Əvvəl ki, bu dilfikarı gördün,

Bir tazəvü tər baharı gördün.

Hala ki, əsiri-dami-dərdəm,

Manəndi-xəzan, zəifü zərdəm.

Meyl eyləmisən məni-nizarə,

Döndisə iradətin, nə çarə?

Mən bərgi-xəzanəm, olmuşam xar,
Sən tazə bəharəsən tələbkar.
Hər necə ki, xarü xakisarəm,
Həm şəfqətinə ümidvarəm.
Tərk etmə əvatifi-əmimi,
Yad eylə məvəddəti-qədimi!”
Şəb ta səhər ol büti-səmənbər,
Bidar qalıb misali-əxtər,
Eylərdi bu suziş ilə şivən,
Ol dəm ki, olurdu ruz rövşən,
Nəğmə kimi pərdədar olurdu,
Bir pərdə içində zar olurdu.
Daim keçirərdi ol cigərsuz,
Övqatı bu rəsm ilə şəbü ruz.
Peyvəstə çəkərdi ol güləndam.
Əndişeyi-sübhü möhnəti-şam.

 

 

BU, LEYLİNİN BAHAR ƏYYAMİ SEYRİ-GÜLZAR ETDİYİDİR VƏ GÜLZARDA MURADINA YETDİYİDİR[45]

 

Bir gün ki, bahari-aləmaray
Zövq əhlinə oldu rahətəfzay,
Ayineyi-dövrdən gedib cəng
Dövr etdi zəmini asimanrəng.
Feyzi-şəbi-kimiya əsərdən, 
Təsiri-şəmameyi-səhərdən,
Açıldı xəmi-bənəfşədən tab,
Şəbnəm gülə saçdı lölöi-nab,
Gülzarə həva əbir tökdü,
Səhrayə ğübari-mişk çökdü.
Yağdırdı səhab calə daşın,
Ol daş ilə yardı ğönçə başın,
Zəxminə urub şükufə mərhəm,
Pambıq yenilər ona dəmadəm.
Səbzə gülə verdi mişk bacın,
Gül səbzəyə mülkünün xəracın.
Xoş rəng ilə yığdılar təcəmmül,
Firuzəvü ləlü səbzəvü gül.
Dərk eylədi qönçə rəmzü iyma,
Gül adına açdı min müəmma.
Məzmuni-rubaiyi-ənasir,
Feyz olduğu xəlqə oldu zahir.
Susən vərəqi uçub həvayə,
Hər səbzəyə kim, salardı sayə,
Ol səbzəyə uğrayıb axan cu,
Füladə əgər verəydi bir su,
Fulad dəmində can bulurdu.
Şəmşirsifət zəban bulurdu.
Arayişi-səbzədən zəmanə
Bənzətdi zəmini asimanə.
Xyrşid çiraği-çeşmi-aləm,
Göydən yerə düşdügündə hər dəm,
Təhqiq edibən çıxıb gümandan,
Bilməzdi zəmini asimandan.
Gülzarlar oldu işrətabad,
Hər yerdə olundu bəzm bünyad.
Hər guşədə hər kim aldı bir kam.
Hər büqədə hər kim içdi bir cam.
Leylinin anası gördü mütləq,
Yox Leyliyi-natəvanda rövnəq,
Meyli-gülü sərvü səbzə qılmaz,
Min qönçə açıldı, ol açılmaz.
Sərf etdi şükufə tək dirəmlər,
Cəm eylədi nazənin sənəmlər,
Səhrayə çıxardı ol nigarı,
Qıldı gülə ərz növbaharı,
Ta qüssəvü qəmdən ola azad,
Bir dəm gülə, oynaya, ola şad.
Ol bir neçə bikri-pakdaman,
Həmrah olub oldular xuraman,
Üzdən götürüb ədəb niqabın,
Rəf eylədilər həya hicabın.
Hər kim nə bilirsə ləb ya ləhv,
İzharə gətirdi etməyib səhv.
Gah eyləyibən sürudlər saz,
Bülbüllərə oldular həmavaz.
Gah göstərib oynamaqda halət,
Şimşadə yetirdilər xəcalət.
Lakin həvəs eyləməzdi Leyli,
Olmazdı bu ləhvü ləbə meyli.
Artırmış idi bahar dərdin.
Gül zövqi, rüxi-nigar dərdin.
İstərdi fərağət ilə bir dəm,
Tənha tuta bir bucaqda matəm.
Ayrılmayıb ol pəriliqalər,
Artırdı bəlasına bəlalər.
Çün eylədi kəsrət onu diltəng,
Neyrəng ilə verdi onlara rəng:
- “Key sərvlər eyləmən iqamət,
Ta evdə çəkilməyə nədamət!
Durun, qılalım tərəf-tərəf gəşt,
Seyr eyləyəlim həvaliyi-dəşt,
Sancıb belə nazənin ətəklər,
Cəm eyləyəlim gözəl çiçəklər!
Çox dərməyə hər kim olsa qadir,
Oldur bu sənəmlər içrə nadir”!
Bir yaniya getdi hər pərivəş,
Dağıldı şərər, tutuşdu atəş,
Tənha qalıb etdi naləvü zar,
Qıldı gözün əbrvəş gühərbar.

 

 

BU, LEYLİNİN ƏBR İLƏ İZHARİ-NİYAZIDIR VƏ EŞQ BABINDA KƏŞFİ-RAZIDIR[46]

 

Əbr ilə təkəllüm etdi ağaz:

- "Key ahim ilə həmişə həmraz!

Göz yaşın ilə göyə yetərsən,

Sanma məni-zardən betərsən!

Ərz eyləmə rədü bərqü baran,

Bəhs etmə mənimlə, ruzi-hicran!

Fəryad qılıb dəmi-səhərgah,

Əflakə çəkəndə şöleyi-ah,

Seylabi-sirişk edəndə cari,

Gəl, gör məni-zari-biqərari!

Ey əbr, hər əksiləndə suyin,

Dəryalərə tökmə abi-ruyin!

Al suyi bu çeşmi-xunfəşandan,

Dəryalərə həm bağışla ondan!

Ey əbr, mənə dəmi vəfa qıl!

Düşdü sənə hacətim, rəva qıl!

Var ol üzü gül nigarə məndən,

Zar ağla və söylə yarə məndən:

Key türfə nigari-nazəninim!

Vey arizuyi-dili-həzinim!

Gəl gör ki qəmində necə zarəm,

Sənsiz necə zarü biqərarəm!

Gəl gör ki, nədir qəmində halım,

Rəngi-rüxi-zərdü əşki-alım!

Can bari-bədən götürməz oldu,

Göz rəngi-vücudu görməz oldu

Canım canı, gözümün çirağı,

Rəhm eylə ki, gəldi rəhm çağı!

Mən bilməz idim, bəla imiş eşq,

Bir dərdli macəra imiş eşq.

Derdin ki: bəla yolunda fərdəm,

Eşq içrə sənə şəriki-dərdəm.

Saldın məni-xəstəyi bu halə,

Dərdə məni eylədin həvalə!

Hər dərd ki, var Leyli aldı,

Məlumdurur, sənə nə qaldı?

Ey, mərd mənəm, - deyə uran laf

İnsafmıdır bu? Qanı insaf!?

Tut kim xəsü xari-rəhgüzarəm,

Torpaq kimi yolunda xarəm,

Xurşidi-cəmalın, ey məhi-növ,

Toprağa nola buraxsa pərtöv?

Barani-vüsalın, ey düri-nab,

Qılsa xəsü xarı nola sirab?

Olma meyi-qəflət ilə məlhuş;

Həmsöhbətin eyləmə fəramuş!

Ey yari-müvafiqü vəfadar!

Ey mən kimi vü mənə səzavar!

Gəl yanıma kəsmə aşinalıq,

Yaxşımı olur bu bivəfalıq?

Derlər səni aşiq, ey niku ru!

Aşiqlərə böyləmi olur xu?

Hər kim gərək öz işində kamil,

Aşiq nə rəva ki, ola kahil?

Aşiq gərək olmayıb qərari,

Tövf edə müdam kuyi-yari.

Düşməz bu yana sənin güzarın,

Var ola məgər bir özgə yarın?

Yarın mən isəm? Mənə nəzər qıl!

Gahi bu yanaya bir güzər qıl!

Gər səndə olan fərağəti-dil,

Bir dəm mənə olsa idi hasil.

Geysuyi-müsəlsəlü girehgir,

Boynumda gər olmasaydı zəncir,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info