Qonaq Kitabı
TAMAHKAR

 

BEŞİNCİ PƏRDƏ

 

Səhnə Hacı Muradın otağını göstərir.

 

H a c ı   M u r a d (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur. Məhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən kol deyil. Elə hesab verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və qızılları yoxlayın. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazların şəfəqi gözlərimi qamaşdırır. Bu irilikdə mirvari, bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz.

 

Qulu, Niyaz, Qurban daxil olurlar.

 

Q u l u. Sənin kimi xəsis, tamahkar da dünyada tapılmaz.

H a c ı   M u r a d (sandığın qapağını salıb). A zalımlar, siz kimsiniz? Məndən nə istəyirsiniz?

Q u l u. Hacı Murad, nökərin Qulunu tanımırsan? Nə tez yadından çıxartmısan?

H a c ı   M u r a d. Qulu, sənsən? Buyur əyləş, yoldaşların da xoş gəlibdir. Mənə görə nə qulluğun var? Yəqin məvacibinin dalınca gəlmisən, mən özüm də səni axtarırdım ki, haqqını verəm.

Q u l u. Haqqım çox ağırdır, qorxuram öz ixtiyarın ilə verməyəsən. (Sandığa tərəf gedir.)

H a c ı   M u r a d (onun əlindən tutub). Nə istəyirsən? Qoymaram!

Q u l u. Demədimmi, öz ixtiyarınla verməyəcəksən. Qurban tut, Niyaz, qollarını bağla!

H a c ı   M u r a d. Ay aman, qoymayın! Məni öldürürlər!

Q u r b a n (xəncəri sivirib). A kişi, səsini kəs, yoxsa qarnına soxaram. (Əllərini bağlayır.)

H a c ı   M u r a d. Ay haray! Ay aman! Ay Əliqulu!

Ə l i q u l u (daxil olur.) Nə buyurursan, ağa can?

Yoldaşları gülüşürlər.

H a c ı   M u r a d. Tez get divana məlum elə!

Ə l i q u l u. Ağa can, indi sənin hakimi-şərin bunlardır, bu saat divan edəcəklər. Cəza-fəza etmək artıqdır.

H a c ı   M u r a d. Əliqulu, sən də bunların yoldaşı imişsən? Ay aman, qoymayın!

Q u r b a n. A kişi, qoysanız xəncəri soxum rədd olsun.

Q u l u. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzını bağlayın, səs çıxarmasın. (Hacı Muradın əl-ayağını bağlayıb yerə qoyurlar.) Qurban, gəl sandığın qapağını tut. (Qurban tutur, Qulu mücrünü çıxarıb Niyaza verir.) Niyaz, bunu al. İndi, yoldaşlar, gəlin buraya, Əliqulu əmi, de görüm bundan xəbərin var idi, ya yox? Niyaz, o döşəkçəni, palazı qaldır. (Niyaz qaldırır.) Qurban, gəl xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa mücrü çıxardır.) Əliqulu əmi bu sirri bilirdinmi?

Ə l i q u l u. Bəli, duymuşdum ki, orada bir şey var, çünki Hacı Murad oranı tez-tez yoxlayırdı.

H a c ı  M u r a d (başını qaldırıb xırıltılı səslə deyir.) Evim yıxıldı.

Q u r b a n. Sus!..

Q u l u. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar.

N i y a z. Eybi yoxdur, onu da hacının gününə salarıq.

Q u l u. Hacı Murad, xudahafiz. Hərgah Ağa Qulunu axtarsan, Şama gəl. Siz öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar.

 

Hamı gedir, pərdə bir müddət açıq qalır, sonra Məhərrəm bəy daxil olur.

 

M ə h ə r r ə m   b ə y. Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar? Bu palazı, döşəkçəni niyə buraya çəkiblər? Yoxsa, evə oğru gəlmişdir. Elədi ki, var. Bəs Hacı Murad haradadır? (Bucaqdan Hacı Muradın xırtltısı gəlir.) Budur burada. Bunun əl-ayağını kim bağlamış? (Açır.)

H a c ı   M u r a d. Məhərrəm bəy, evim yıxıldı...

M ə h ə r r ə m   b ə y. Hacı əmi, de görüm, sənə nə olub? Əl-ayağını kim bağlayıb?

H a c ı   M u r a d. Qulu zalım oğlu. Əliqulu da ona yoldaş idi. Evim yıxıldı, tarmar oldu. (Gedir sandığa baxır.) Hanı şəfəqin, gözəl cəvahir, haradasan zərif qızıllar?! Məhərrəm bəy, tez get divana məlum et. O quldurları tutdurub, mənim pullarımı qaytar.

 

Nabat təngnəfəs daxil olur.

 

N a b a t. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı.

 

Məhərrəm bəy və Hacı mat qalırlar.

 

M ə h ə r r ə m   b ə y. Əlimdən mal-dövlət çıxdı.

 

P ə r d ə

 



[1] Silah



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info