Qonaq Kitabı
TAMAHKAR

Qalxıb istəyir ki, ağacına tərəf getsin, Qulu və Nabat qaçırlar. Hacı Murad da ayağının ağrısından ufultu ilə yerə yıxılır.

 

P ə r d ə

 

 

İKİNCİ  PƏRDƏ

 

Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvverdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib. İmran isə gəzinir.

 

İ m r a n. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı? Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim zad lazım deyil. İkicə gün ac qalsın, sappasağ olsun, ayağa dursun. Hamı azar, deyir, yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özgədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.

G ü l z a r. İmran, bir ata ki qızını bu mal-dövlətlə on iki il bacı evində qoya ki, xərc çıxmasın, daha ondan nə ummaq olar?

İ m r a n. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq.

G ü l z a r. Necə, atam sənə nə deyib?

İ m r a n. Nə deyəcək? Vaxtı ki, karvansaranı və dükanları satmamışdı, oğlumsan və qızım da sənindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onların hamısını satıb pul elədi və sandıqlara doldurdu, daha mənə ehtiyacı qalmadı. İndi sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm.

G ü l z a r. Yəni bu sözləri özü dedi?

İ m r a n. Xeyr, sən azarlı olan vaxtı bazarda Hacı Qəhrəmanın dükanında oturubmuş. Hacı Qəhrəman məni tərif edirmiş: deyirmiş ki, Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. O vaxtı, o da həmin cavabı vermişdi. Bundan əlavə, özüm də görürəm ki, məni çox incidir ki, təngə gəlib gedəm.

G ü l z a r. Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. Mən belə atanı necə sevim?

İ m r a n. İndiyədək mənim adım sənin üstündə olduğuna görə hər kəsin qabağı alınmışdı. Bundan sonra buradan elçilərin ayaqları kəsilməz.

G ü l z a r. İmran, səhv edirsən. Belə iş olmaz. Cəmi şəhər bilir ki, mən sənə ad olunmuşam, heç kəs cürət edib bu qapıya gələ bilməz.

İ m r a n. Gülzar, o səni mənə heç vaxt verməyəcəkdir. Onun fikri odur ki, səni bir dövlətli adama verə ki, ondan nəfbərdar ola.

G ü l z a r. İmran, buna heç inana bilmərəm. Yəni atamın fikri odur ki, mənlə alış-veriş edib qazanc eləsin?

İ m r a n. İnanmamağa haqqın var, çünki sən atanla az olmusan. Onu yaxşı tanıya bilməzsən.

G ü l z a r. İmran, atam o qədər zalım ola bilməz. Bizim məhəbbətimizə rəhmi gəlib bir-birimizdən ayırmaz.

İ m r a n. Gülzar, özün bilirsən ki, məni burada saxlayan məhz sənə olan məhəbbətimdir. Amma bunu atana qandırmaq mümkündürmü? Onun məşuqəsi puldur. Onun namazı sandıqdır ki, gündə beş dəfə durub baş çəksin. Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. Gülzar, çox çəkməz ki, atan səni bir dövlətliyə verməyi aşkar edər və heç bir qanlı göz yaşı onun qət etdiyini poza bilməz. O vaxtı mənim ilə getməyə razısanmı?

G ü l z a r. Əlbəttə razıyam. Sənsiz mənə dirilik yoxdur.

 

Nabat daxil olur.

 

N a b a t. Xanım, Dürrə xanım gəlib səni görmək istəyir. (Gülzar və Nabat çıxırlar.)

İ m r a n (yalqız). Zavallı qız, çox böyük müsibətdir ki, atan ola, özün yetim sayılasan. Dövlətin ola, kasıb kimi hər şeyə möhtac olasan.

 

Hacı Murad əlində əsa daxil olur.

 

H a c ı   M u r a d. Əhvalın necədir, İmran ağa? Nə qəm dəryasına batmısan?

İ m r a n. Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. Mən ağa olsaydım, sənin üçün nökər, dalandar olmazdım.

H a c ı   M u r a d. Acığın niyə tutur, adam özü üçün pul qazanmağa çoban da olar, arabaçı da olar, hətta hambal da olar. Görmürsənmi mən qoca kişi necə çalışıram? İndi bu saat bazardan gəlirəm. Ac-susuz, altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib borc yığıram. Bunların hamısı sənin işindir. Lakin sən əlini ağdan qaraya vurmaq istəmirsən. Deyirsən, qoy Hacı Murad zəhmət çəkib qazansın, axırda mənimdir. Əlbəttə, sənindir. Mənim daha kimim var? Amma yenə də lazımdır ki, özün də çalışıb qara gün üçün pul qazanasan.

İ m r a n (kənara). Görəsən yenə nə kələyi var. Xeyr, hiyləsinə aldanmam. (Hacı Murada) Xeyr, məni əfv edəsiniz. İndiyə kimi çalışdığım bəsdir.

H a c ı   M u r a d. Oğlum, ağlını başına cəm elə, yenə irəliki kimi işə-gücə get. Yoxsa səni danlayıb nəsihət etdiyimdən inciyirsən? Mən sənin xeyrindən ötrü çalışıram. İstəyirəm ki, ağıllı, kamallı adam olasan ki, mən də öləndə bu dünyadan arxayın gedim.

İ m r a n (kənara). Ay ilan, dilin baldır, dişin zəhər. (Hacı Murada) Təəccüb edirəm ki, bazarlarda mənə nökər adı verib dükanlarda danışırsan. Amma evdə olduq da oğlumsan, malım, canım hamısı sənindir deyirsən.

H a c ı   M u r a d. Nökərimsən? Əstəğfürulla, belə söz mənim ağzımdan çıxmamış. İnanma, oğlum, bunlar düşmən böhtanıdır. Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb ondan nəfbərdar olsunlar.

 

Bu halda Məhərrəm bəy daxil olur.

 

İ m r a n (kənara). Zalım oğlu nə pis yerdə gəldi.

M ə h ə r r ə m   b ə y.Salaməleyküm, hacı. Kefin necədir? İmran oğlan, xoş gördük.

H a c ı   M u r a d. Salaməleyküm, Məhərrəm bəy. Buyur, buyur, nə əcəb biz tərəflərə də qədəmi-şərifinizi basdınız. Qədim dostunuzu yada saldınız?

M ə h ə r r ə m   b ə y. Ay hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evimi dağıdır. Hanı keçən vaxtlar, hanı qədim adamlar? Etibar, hörmət, izzət, insaniyyət, hamısı onlarnan getdi.

İ m r a n (kənara). Yaxşı tapışmıslar. Xəsislikdə bir-birlərindən qalmazlar.

H a c ı   M u r a d. Bəli, bəli, çox yaxşı buyurursan. Zəmanəmiz çox pis zəmanədir. Qocalar ömür çürüdür, pul qazanırlar, cavanlar isə əllərini bellərinə qoyub ver yeyim, ört yatım deyirlər.

M ə h ə r r ə m   b ə y. Ay hacı, sənin nə dərdin var? İmran kimi işləyən, can yandıran köməkçin var. Dərd mənim dərdimdir ki, heç kəsim yoxdur. Özüm də gün-gündən geri gedirəm, kənd-kəsəyi dolandıra bilmirəm.

H a c ı   M u r a d. Doğru buyurursan, İmran çox canyandıran oğlandır. Ancaq bu axır vaxtlarda əlini ağdan-qaraya vurmaq istəmir. İndi sən gələndə onun üstə danışıq edirdik. İmranın atası rəhmətlik Şeyx Əli çox yaxşı, rəhmli adam idi. Ölən zaman Təbrizdə çox pulları batdı. Ələ bir şey gəlmədi. Çox adama pulu kağızsız vermişdi. Kağızı olanlar da fağır adı ilə yedilər getdi. Tacirbası Hacı Əlinin o zaman bir pirkeşiyi vardı, Məmməd Sadıq adlı. Şeyx Əli vəfat edəndə iki min manatı o şəxsdə qalmışdı; pulu olmadı ki, versin. Ondan bəri, o pul onda qalıbdır. Öldü-qaldısından da xəbərim yoxdur. İndi istəyirəm İmranı onun dalınca İrana göndərəm, həm özü ücün səyahət etsin, həm də pulları alıb gətirsin.

İ m r a n (kənara). Hə, indi bildim ki, mənə etdiyi bu qılıqlar nə üçün imiş. Məni Gülzardan ayırmaq fikrindədir.

M ə h ə r r ə m   b ə y. Çox yaxşı fikirdir. (kənara) Deyəsən işim əvvəldən yaxşı gətirir. (Hacı Murada) İndi, ay hacı. Evdə sandığı açıb köhnə kağızlara baxırdım. Atamın siyahi dəftəri əlimə düşdü. Baxıb gördüm ki, cümlə borcların üstünə öz xətti ilə qələm çəkilmişdir. Ancaq mərhum atanıza yüz manat borcu var imiş. Onun üstə qələm cəkilməmişdir. Dərhal durub gəldim ki, o borcu sizə verib atamın boynundan saqit edəm. Buyurunuz.

 

Hacı Murad alıb sayır.

 

İ m r a n (kənara). Burada bir sirr var. Onsuz deyil, yoxsa xəsislikdə bu ondan qalmaz.

H a c ı   M u r a d. Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi?

M ə h ə r r ə m   b ə y. Ay hacı, indiki adamlarda halal, haram nədir? Borc vermək nədir?

H a c ı   M u r a d. Doğru buyurursunuz, bu saat bazardan gəlirəm. Səhərdən o dükanın, bu dükanın qabağını kəsdirib, müamiləsiz-zadsız verdiyim borcları ala bilmirəm. (İmrana) İmran, qadan alım, zəhmət çək Quluya de çay gətirsin.

 

İmran çıxır

 

M ə h ə r r ə m   b ə y. İndi de görüm, qardaş sən nə tövr gün keçirirsən?

H a c ı   M u r a d. Heç soruşma, mənim günüm it günü. Adamın bişirib-düşürəni gərəkdir, qulluq edəni gərəkdir, yoxsa nökər-qulluqçudan nə rahatlıq olacaqdır?

M ə h ə r r ə m   b ə y. Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün rahatlıq ilə keçsin.

H a c ı   M u r a d. Ay sağ olmuş. Mənim ömrüm keçmişdir, qocalıqda nə yorğalıq. Mən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha şükür, nəyin əskikdir? Altı-yeddi mədaxil gətirən göyçək qız al, gətir evinə qoy, gecə-gündüz başına dolansın.

M ə h ə r r ə m   b ə y. Hacı, doğru buyurursan. Özümündə xahişimdən keçir, ancaq hanı elə qız?

H a c ı   M u r a d. Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə necə qız alıram?

M ə h ə r r ə m   b ə y. Mən hazıram və səni də o işdə vəkil edirəm. Ancaq bəyzadələrdən olmasın. Özün bilirsən ki, mənim onlarnan qədimdən aram yoxdur.

H a c ı M u r a d. Yaxşı, bəylərə qələm çəkdik. Qaldı sövdəgər sinfi. Onlar da neçə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum?

M ə h ə r r ə m   b ə y. Sövdəgər qismindən hamıdan artıq həqiqi dostum sənsən. Mən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı. O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm nə tövr istəyirsən elə et.

H a c ı   M u r a d. Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, dəxi nə üçün özgə qapısına gedək? Əvvəl evin içi, sonra bayırı.

M ə h ə r r ə m   b ə y. Hacı, hərgah öz qızınızı buyurursunuzsa, mən onu İmrana nişanlı bilirəm.

H a c ı   M u r a d. A pir olmuş, aslan meydanına tülkü çıxa bilərmi? Tərlan yerini sar tuta bilərmi? Bir də öz qapımdakı gədəyə qız vermək mənə eyib gətirər.

M ə h ə r r ə m   b ə y (kənara). Kəməndimə yaxşı düşdü, bu gün-sabah təşrif aparar, pulları da mənə qalar. (Hacı Murada) Ancaq, hacı, bir iş var, bəlkə qız mənə gəlmək istəmədi?

H a c ı   M u r a d. Ne danışırsan, a kişi? Atanın xahişi olanda qızın nə ixtiyarı var razı olmaya (kənara). Yaxşı düşdü toruma, bu gün-sabah təşrif aparar, pulları mənə qalar.

M ə h ə r r ə m   b ə y. Hacı əmi, indi işi qət olunmuş hesab edək?

H a c ı   M u r a d. Bəli, bəli. Ancaq özünüz bilirsiniz ki, mənim heç zadım yoxdur, gərək hər bir xərc sizinlə ola və sonra da mən qocanı nəzərdən salma.

M ə h ə r r ə m   b ə y. Əlbəttə, hər bir xərci öhdəmə götürərəm və sonra da mənim evimin və qeyri şeyimin ixtiyarı sənnən olacaqdır.

H a c ı   M u r a d. Çox gözəl, çox yaxşı. Allah bu qohumluğu qayim-qədim etsin. (Qulu podnosda üç stəkan çay gətirir. Verəndə birini salıb sındırır.) Ay ayı oğlu ayı, üsullu tərpənə bilmirsənmi, istəkan niyə üçdü? Biz ki iki adamıq.

Q u l u. Ağa elə bildim ki, İmran ağa da buradadır.

H a c ı   M u r a d. Çox qələt etdin. Adam gəlib əvvəl qonağın hesabını bilər. Sonra da ona görə çay gətirər.

Q u l u. Baş üstə, ağa, bundan sonra buraya qonaq gəlsə, çayı qonağın sayına görə gətirərəm.

H a c ı    M u r a d. Bəs niyə qənd gətirməmisən?

Q u l u. Ağa qənd salmışam.

H a c ı   M u r a d. Yenə də qələt etmisən. Bəlkə biri çayı şirin içməyəcəkdir. Dişləmə içəcəkdir.

Q u l u. Ağa, dedim yanında qonaq var, bəlkə salma içəcəksiniz.

H a c ı   M u r a d. Zalımoğlu, hər şeyə cavab verməsə olmaz. Di itil get.

Q u l u (gedirkən kənara). Deyəsən Məhərrəm əmi də ova çıxıbdır.

H a c ı   M u r a d. Görürsən bu zalım uşaqları mənim başıma nə iş gətirir?

M ə h ə r r ə m   b ə y. Bəli, yaxşı nökər adamın canını rahat edər, amma pisi ömrünü azaldar. Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür, nökər tutmuşam, bir düzgün, yaxşı qulluq yetirən fağırın biridir. Göndərim gəlsin pulsuz-zadsız sizə qulluq etsin.

H a c ı   M u r a d. Çox sağ olun. Mərhəmətin artıq olsun. Göndər gəlsin, ta Qulunun murdar üzünü görməyim. Məhərrəm bəy, buyur çay iç, ağzını şirin et. Çay özü də şirin kimi bir şeydir. A kişi, deyirlər ki, çayın əsli yerində ki, ibarət olsun Çindən, çayı qəndsiz içirlər. Amma bizim adamlar müəllimlərindən ağıllı çıxmışlar. Qəndi istəkana doldurub doşab edirlər. Nədi, nədi, mən çay içirəm. Yeni əslində bir şey deyil. Artıq xərcdir də...

M ə h ə r r ə m   b ə y. Ondan əlavə bədənə də zərərdir, ürəyi bişirib tərk edir. Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi.

H a c ı   M u r a d. Yox, onlar da dədə-babadan qalma adətlərdir. Tərk etmək lazım deyil. Ancaq bu kürsü, çəngəl-bıçaq və qeyri-izafə şeylər ki, yenilər adət etmişlər, qızın cehizində verilsin, bax bu bir şey deyil. Allah əl veribdir yeməyə, diz veribdir əyləşməyə.

M ə h ə r r ə m   b ə y (kənara). Bəli, işarəsini anladım. (Hacı Murada) Hacı,indi qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum.

H a c ı   M u r a d. Çox əcəb, get mən də vaxtında sənə məlum edərəm.

M ə h ə r r ə m     b ə y (qalxır.) Hacı, xudahafiz.

H a c ı   M u r a d. Xudahafiz. Get, allah amanında olasan. (Məhərrəm bəy çıxır.) Afərin sənə Hacı Murad, işi elə tutdum ki, Məhərrəm bəy özü gəlib qızıma elçi düşdü, amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan xəbəri yoxdur. İndi qaldı İmranın bir cür başını əkib İrana göndərmək. (Çağırır.) Qulu, Qulu!

Q u l u (daxil olur.) Nə buyurursan, ağa can?

H a c ı   M u r a d. Canına dərd buyururam. Məni Məhərrəm bəyin yanında biyabır etdin.

Q u l u. Ağa, mən nə elədim?

H a c ı   M u r a d. Hələ nə elədin? O nə cavab idi verirdin? Çay verməkdə də qabiliyyətin yoxdur.

Q u l u. Ağa, adam gərək doğru danışsın, sən soruşursan, mən də düzünü deyirəm. O ki qaldı çayın tökülməyi, onda da təqsirim yoxdur, çünki padnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. İçində istəkan da durmur.

H a c ı   M u r a d. Səsini kəs. Ayı oğlu ayı, hər şeyə bax belə cavab verirsən. Daha məni təngə gətirmisən. Sənə söz kar eləmir. (Ağacı götürür.) Ayını, bax, bunnan öyrədərlər.

 

Döyür, Qulu da qışqırır.

 

P ə r d ə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

Səhnə Hacı Muradın otağını göstərir.

 

H a c ı   M u r a d (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərgah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.

Q u l u (daxil olur.) Ağa, bir həmşəri gəlib səni soruşur.

H a c ı   M u r a d. De gəlsin. Məhərrəm bəy göndəribdir. Mənə qulluq edəcəkdir. Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm.

Q u l u. Ağa, mənim üzüm heç olmasa ağdır, amma onunku qap-qaradır.

H a c ı   M u r a d. Di itil get. Yenə çərənnəməyə başlama. (Qulu çıxır.) Görək Məhərrəm bəy göndərdiyi nökər necə adamdır. O da Qulunun tayı isə heç çörək vermək lazım deyil. (Əliqulu daxil olur və əllərini döşünə qoyub qayda ilə Hacı Murada təzim edir.) Buyur əyləş.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info