Qonaq Kitabı
TAMAHKAR

Ə l i q u l u. Cənabınızın hüzurunda əyləşməyi bəndə özünə cürət edə bilməz.

H a c ı   M u r a d (kənara). Bax, nökər belə olar, nəinki Qulu kimi, zalım oğlu üç saat çərənnəməsə, adamdan əl çəkmir. (Əliquluya) Buyur əyləş, izin verirəm. Əliqulu ədəbanə diz üstə əyləşir.

Ə l i q u l u. Bəndənizi sərkar Ağa Məhərrəm bəy göndəribdir ki, cənabınıza xidmət edəm.

H a c ı   M u r a d. Pulsuz-zadsız, dünən bəy özü belə buyururdu.

Ə l i q u l u. Bəli, məvacibim Məhərrəm bəydən çatacaqdır.

H a c ı   M u r a d. De görüm, yeməkdə pərgarsan ya yox?

Ə l i q u l u. Xeyr, ağa, çox kəmxörəyəm. Bir neçə xurma ilə dolanmış adamam.

H a c ı   M u r a d. Çox yaxşı. Mənim çox yeyən adamdan acığım gəlir, çünki adamın gərək heyvandan fərqi olsun. O da ancaq az yeməklə olar. İndi de görüm, əlin-zadın təmizdirmi?..

Ə l i q u l u. Ağa, bəndə uşaqlıqdan böyüklər evində tərbiyə almışdır. Üst-başım həmişə təmiz olar.

H a c ı   M u r a d. O mənada demirəm. Yəni oğurluq-zad əlindən gələrmi?

Ə l i q u l u. Ağa, əlhəmdüllah, mən müsəlmanam, müsəlman olan şəxs də oğurluq edərmi?

H a c ı   M u r a d. Bəs onda bizim Quludan xəbərin yoxdur. İndi qulaq as, gör işin nə olacaqdır. Bu otağı ki, görürsən, buraya səndən başqa qeyri nökər, qulluqçu girməyəcəkdir. Ocaqları qalamaq, samovarı qoymaq, nahar bişirmək, bunların hamısı sənin işindir. Xülasə, qulluğuna baxaram, yaxşı olsan evimin hər ixtiyarını sənə verəcəyəm.

Ə l i q u l u. Ümidvaram ki, can-dillə qulluq edib əmrinizi yerinə yetirəm.

H a c ı   M u r a d. Adın nədir? Özün haralısan?

Ə l i q u l u. H a c ı M u r a d. Adım Əliquludur, özüm də Tehran əhliyəm.

H a c ı   M u r a d. Səni bu şəhərdə tanıyan varmı?

Ə l i q u l u. Xeyr, buraya iki həftədir ki, gəlmişəm və Məhərrəm bəydən başqa heç kəsi tanımıram.

H a c ı   M u r a d. Çox əcəb. Bu gündən sən öz işində ol. (Çağırır.) Qulu! Qulu!

 

Qulu daxil olur.

 

Q u l u. Nə buyurursan, ağa?

H a c ı   M u r a d. Qulu, bu gündən sənin ev işinə qarışacağın olmayacaqdır. Onların hamısını Əliqulu görəcəkdir. Sənin işin su daşımaq, bağçanı sulamaq, həyəti süpürmək, bazara getmək olacaqdır. Xülasə, bayır işi sənnəndir, ev işi ilə Əliqulu məşğul olacaqdır. Daha bundan sonra qab-qacaq ilə, qənd-çay ilə, pendir-çörəklə, mətbəxlə bilmərrə işin olmasın, qandın, ya yox?

Q u l u. Bəli, ağa, qandım.

H a c ı   M u r a d. Elə deyirsən ki, başa düşdüm, amma işi tutanda tərsinə edirsən. Təkrar et görüm, nə edəcəksən?

Q u l u. Məsələn, elə ki, gördüm it girib içəri çörəyi yeyir, gərək gedib Əliqulu əmini tapam gəlsin onu qovsun. Ya da ocaqda süd daşır...

H a c ı   M u r a d. Dayan, kafir oğlu kafir. Demədimmi ki, hər şeyi tərsinə anlayırsan. A məsəl gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki, gördün it çörəyi yeyir, qov getsin. Burada nə Əliqulu, nə Vəliqulu. Daha nə?

Q u l u. Məsələn, elə ki, gördüm oğru evə girib sandıqları yarır, gərək gedib Əliqulu əmini durquzam ki, gəlib onu tüfəngləsin.

H a c ı   M u r a d. De eşit, a kişi, yeddi ildir ki, bu höcət ayını saxlayıram. Gör mənim səbrim Əyyub peyğəmbərin səbrindən artıqdımı, daha sənə nə deyim? Axırda o misal gətirdiyin oğru özün olacaqsan. Get şələ-şüləni yığışdır, bundan sonra bir saat da səni burada saxlamaram. Niyə dayanıbsan?

Q u l u. Ağa, getməyə hazıram. Ancaq bu neçə ildə mənə qəpik də verməmisən. Haqqımı ver, baş üstə, gedim.

H a c ı   M u r a d. Sənə nə verəcəyəm. Heç bir qara qəpik də vərməli deyiləm. Haqqın tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə borclusan.

Q u l u. Bəli, müftə qulluq etdiyimiz bəs olmadı, hələ borclu da çıxdıq. İndi ki, belə oldu, ya sən and iç əl çəkim, ya mən and içim haqqımı ver.

H a c ı   M u r a d. İndi də saqqalımın ağ vaxtında durub sənə and içəcəyəm. İtil cəhənnəmə. Yoxsa durub səni qolu bağlı qazamata göndərərəm.

Q u l u. (çıxarkən). Hacı Murad, xüdahafiz. Sənə göstərərəm mənə Qulu deyərlər. (Çıxır.)

H a c ı   M u r a d. Axırı zalım oğlunun əlindən qurtardım. Kişi, məni təngə gətirmişdi. Özün görürdün ki, mənə nə tövr cavab verirdi. İndi dur get mətbəxə, çay-zad hazırla və özün də hər şeydə qənaət gözlə. Hər vaxt çay-qənd lazım olsa gələrsən özüm verərəm. (Əliqulu gedir.) Hər əsərindən düz adama oxşayır. Amma yenə insanı tanımaq olmaz. Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. Yoxsa sonra peşmançılığını çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasını ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu!

 

Əliqulu daxil olur.

 

Ə l i q u l u. Nə buyurursan, ağa?

H a c ı   M u r a d. Mən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür.

Ə l i q u l u. Baş üstə, ağa can.

 

Hacı Murad çıxır.

 

Ə l i q u l u. (yalqız). Çox çalışdıın ki, Məhərrəm bəy məni kəndə göndərsin, orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan. Burada da mənə qulluq edəsən, ev işində qabilsən. Amma mən də şəhərdə qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula məlum edər, tutdurar, onda qolu bağlı Tehrana sürgün olub, həbsxanada çürüyəcəyəm. Yox, burada yaşamaq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb qaçmaq lazımdır. (Abbasını götürüb) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəqin Hacı Murad məni imtahana çəkib, onda da bu abbası ilə, ay qoca kaftar, mənə Tehran lotusu Səfdər deyərlər, belə abbası ilə mənim əlimdən qurtara bilməzsən. Pulların, qızılların yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun əlindən qurtarıb Əliqulunun çənginə düşdün.

H a c ı   M u r a d (daxil olur.) Otağı təmiz etdinmi?

Ə l i q u l u. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.)

H a c ı   M u r a d. Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxayın ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.

Ə l i q u l u. Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur.

H a c ı   M u r a d. Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu çıxır.) Heç bu zamana adamına oxşamır. Amma Gülzar tərəfdən ürəyim rahat deyil. Görək nə təhər olacaqdır. Bu gecə də pis yuxu görmüşəm, allah axırını xeyir etsin. Məni o gördüyüm şeytanın şərindən hifz etsin. (Gülzar qorxa-qorxa içəri girir.) Qızım, niyə qorxa-qorxa girirsən? İrəli gəl, əyləş. Bir az ata-bala dərdləşək. Heç, qızım, gəlib əhvalımı soruşmursan. Demirsən ki, bir qoca atam var, qoy gedim dərdi nədir, səri nədir.

G ü l z a r (kənara). Xudaya, görəsən nə var. Bu məni əbəs yerə çağırmaz.

H a c ı M u r a d. Qızım, səni həmişə qəmgin, bikef görürəm, niyə dinmirsən? Danışmırsan? Nəyin əskikdir. De alım.

G ü l z a r. Ağa, hər şeyim var, şükür allaha, heç bir zaddan kəsirim yoxdur.

H a c ı   M u r a d. Bəs niyə heç qaşqabağın açılmır? Elə bil ki, gəmilərin dəryaya batıb, qərq olubdur. Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən?

G ü l z a r. Xeyr, ağa, bir qəmim yoxdur. Hərgah danışmıram, ona da səbəb yoldaşsızlıqdır.

H a c ı   M u r a d. Doğru deyirsən. Yoldaş lazımdır. Can yoldaşı. Axirət yoldaşı. Bəs elə bilirsən, atan sənin fikrini çəkmir? Sənə yoldaş axtarmır? Bu qoca atan sənə bir elə yoldaş tapıbdır ki, çıraq götürüb cəmi dünyanı axtarsan, tayı-bərabəri tapılmaz.

G ü l z a r. Xeyr, ağa, mən elə yoldaş demirəm.

H a c ı   M u r a d. Bilirəm, qızım, atan bir o qədər də qoca deyil ki, cavan qıza nə təhər yoldaş lazım olduğunu bilməsin. Ah qızardın. Ha-ha-ha! İndi tap görüm, kimi deyirəm. Tapa bilmirsən? Əlbəttə, elə şəxsdir ki, yatsan yuxuna da girməz. Dövləti, pulu həddən aşıbdır. Qapısında xidmətçinin sayı-hesabı yoxdur. Özü də şəhərimizin birinci bəyidir. Yenə tapa bilmirsən? Nökəri də qapımızda xanıma müntəzirdir.

G ü l z a r (təşvişlə). Məhərrəm bəy?!

H a c ı   M u r a d. Afərin, qızım, yaxşı tapdın, heç belə nişanlı ağlına gələrdimi? Özü gəlib mənə elçi düşdü.

G ü l z a r. Ağa, mən heç kəsə ərə getmək istəmirəm.

H a c ı   M u r a d. Bilirəm, qızım, məni çox istəyirsən. Məndən ayrılmaq istəmirsən. Doğrudur, mənim üçün də çətindir, ancaq görürsən ki, mən də günü gündən geri gedirəm. Bir ayağım burdadır, bir ayağım gorda. Səni belə qoyub getsəm, qəbrdə rahat olmaram. Amma indi arxayınam. Bilirəm ki, qızımı bir elə şəxsə vermişəm ki, hər böyük məclisdə hamı xanımlardan başda əyləşəcəkdir. Zərif paltarlar geyib, cavahirləri üstünə taxıb, yanında qul-qaravaşla qonaqlığa gedəndə cəmi arvadlar ona həsrət aparacaqlar. Hə, qızım, görürəm ürəyin tələsiyir, Məhərrəm bəy bu saat tədarükdədir. Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola.

G ü l z a r. Ağa, hərgah bunları mənə deməkdən qəsdin odur ki, məni onun malına, puluna aldadasan, onda səhvin var. Mənim dünya malında tamahım yoxdur.

H a c ı   M u r a d. Qızım, sən hələ cavansan, dünya görməmisən. Xoşbəxtlik ibarətdir maldan, dövlətdən.

G ü l z a r. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşın. Mən heç vaxt Məhərrəm bəyə getməyəcəyəm.

H a c ı   M u r a d. Qızım, deyəsən şadlığından dəli oldun. Sən xeyir-şərini anlamırsan. Uşağa ata-anası acı dərman verəndə, onu özünə zəhər, ata-anasını da zalım hesab edər, vəhalonki, onlar balasını istədiyindən edirlər.

G ü l z a r. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, Məhərrəm bəyə getmərəm.

H a c ı   M u r a d. Bu sənin axırıncı sözündür?

G ü l z a r. Bəli.

H a c ı   M u r a d. Çox əcəb, mən sənin xoşbəxtliyini istəyirəm. Məhərrəm bəydə könlün yoxdur, bəs İmranla necə?

G ü l z a r (sevinclə). Ağa, mən səndən utanırdım, mənim ondan başqa bir kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim məhəbbətim ondadır.

H a c ı   M u r a d. Paho, siz mənsiz söz verib qurtarmışsınız, mənim xəbərim yox imiş! (Rişxəndlə) Xeyir işiniz mübarək olsun, Gülzar xanım. Siz, mən Hacı Muradı yaxşı tanımamısınız. Daha bəsdir, mən elə bilirdim ki, sən öz xeyrini başa düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol.

G ü l z a r (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığın gəlsin, məni bədbəxt etmə. Bu tökülən göz yaşıma rəhmin gəlsin. İki cavanın ahından qorx.

H a c ı   M u r a d. Yox, yox, mən dediyimdən dönmərəm. Arvadın göz yaşı, ya bir şeh, gün çıxar, qurudar.

G ü l z a r. Ata, Allahdan qorx. Məhəbbət yolunda tökülən göz yaşını heç zad quruda bilməz.

H a c ı   M u r a d. Çəkil. Məhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm, əmələ gətir.

G ü l z a r (ayağa qalxıb). Məhəbbət nədir? Məhəbbət oduna yanmayana onu qandırmaq mümkün deyil. Məhəbbəti dünya malına almaq olmaz. Məhəbbətə hökm yoxdur.

H a c ı   M u r a d. Məhəbbət odur ki, adamı dəli, axmaq edib, Allah göndərən neməti əlindən buraxır. Görürəm sən dəli olmusan. Amma dəlini də ağıllı etmək mümkündür. Sənə üç gün möhlət verirəm. And olsun allaha, heç bir şeylə dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə.

G ü l z a r. İndi ki, belə oldu, mən də and içirəm o məhəbbətə ki, daşı yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm.

H a c ı   M u r a d.İmran! Bir o qalmışdı ki, cəmi şəhərdə biyabır olub öz nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz.

G ü l z a r. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Çıxır.)

H a c ı   M u r a d (tək) Bilirdim ki, belə olacaqdır. Yox, İmranı qovmasam, iş düzəlməyəcəkdir. İmran gedəndən sonra ümidi kəsilib razı olar. Qızın dediyinə bax! Məhəbbət dünya malına aldanmaz. Məhəbbətə hökm yoxdur. Məhəbbət, bax, budur ki, üstündə oturmuşam. Bunsuz nə məhəbbət? Bu məhəbbət-məhəbbət deyənləri verələr dama salam, ağzını da bağlayam. Görəsən necə acından, suzundan bir-birinin ətini yeyib qanını içərlər.

N a b a t (təngnəfəs içəri yüyürüb). Ağa, muştuluğumu ver, Şərəf xanım gəldi.

H a c ı   M u r a d. Səfeh qızı səfeh. Elə yüyürür ki, deyəsən yanğın var. Çox böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir.

N a b a t. Ağa, doğrudan da dörd dənə qırqovul gətiribdir.

H a c ı   M u r a d. Tək gəlibdir, ya uşaqlarını da gətiribdir.

N a b a t (kənara). Zalım oğlu qabaqca adamın hesabına gedir. (Hacı Murada) Yanında bir oğlu Əhməddir, bir də nökəri Cəfər.

H a c ı   M u r a d (kənara). Öz yeyib-içənimiz az idi,bunlarda artdı. (Nabata) Sənin muştuluğun odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. Di get, dayanma.

N a b a t (gedərkən kənara). Mənə deyən gərək, ay axmaq qızı, bundan sən nə istəyirsən? O öz hayındadır ki, onlar burada qalıb çörək yeyəcəklər.

H a c ı   M u r a d (tək). İndi də işlər tərsinə gedir.

 

Şərəf xanım, Əhməd və Gülzar daxil olurlar. Şərəf xanım Hacı Muradın boynunu qucaqlayır.

 

Ş ə r ə f   x a n ı m. A qardaş, nə zəif düşmüsən, nə qocalmısan?

H a c ı   M u r a d. Niyə qocalmayım, niyə zəif düşməyim. Bu günü ki, mən çəkirəm, hər kəs olsaydı yeddi kəfən çürütmüşdü.

Ş ə r ə f   x a n ı m. A qardaş, sən niyə pis gün çəkirsən,nəyin əskikdir? Malın var, pulun var. Gülzar kimi qızın, qapında da xidmətçilərin. Sən otur, qoy sənə qulluq eləsinlər.

H a c ı   M u r a d. Elə ki onlar mənə qulluq edirlər, etməsələr ondan yaxşıdır. O ki İmrandır, əlini ağdan-qaraya vurmur. Az qalıbdır ki, məndən xanlıq iddiası etsin. Gülzar xanım da atam yoxdur deyir. Ağa, xanım belə olanda, nökər-qulluqçudan nə ummaq.

Ş ə r ə f   x a n ı m. İmran gərək elə oğlan olmasın. Onun tərifi hər yerdə söylənir. Gülzardan narazı olmağına təəccüb edirəm. Mən ona elə tərbiyə verməmişəm ki, atasının əmrindən çıxa, zəhmətindən incinə.

H a c ı   M u r a d. Görürəm, çox yaxşı tərbiyə vermisən.

Ş ə r ə f   x a n ı m. Heç vaxt inanmaram, sənin xasiyyətin pisdir. Mənim özümdə qız vaxtı nə qədər sənə yaxşı qulluq edirdim, yenə razı qalmırdın. Gülzar, bu nə işdir? (Gülzar başım aşağı salıb ağlayır.) Qızım, ağlayırsan? (Hacı Murada) Görürəm qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən, on səkkiz yaşında cavanı qocaldıb qarı eləmisən.

H a c ı   M u r a d. Mən ona nə edirəm ki, sarala. Durub təzədən ona nənəlik edə bilmərəm ki. Nökəri var, qulluqçusu var, yesin, içsin, geyinsin, gəzsin. O ki qaldı qocalmasına, ona da bais özüdür. Məhərrəm bəy kimi adam özü gəlib mənə elçi düşüb, qızımı istəyir, Gülzar xanım deyir ki, özümü öldürərəm, ona getmərəm. Daha mən nə deyim. Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi?

Ş ə r ə f   x a n ı m. A qardaş, nə danışırsan? Sən təmiz ağlını itirmisən. Dünya malı gözlərini pərdələmişdir. Məhərrəm bəy nədir, zad nədir? Qızının nişanlısı on iki ildir sənə zəhmət çəkib pul qazanıbdır. İndi nə olubdur ki, əhdindən dönüb qızını öz yaşında yoldaşına verirsən? Eşidənlər nə deyərlər?

H a c ı   M u r a d. Buyur, bu da ağıllımız. Yaxşı deyiblərki, arvadın ağlı olmaz. Eşidənlər mənə dəli deyər ki, qızımı İmrana verib Məhərrəm bəy kimi adamı əlimdən cıxaram.

Ş ə r ə f   x a n ı m. Eşidənlər sənə ağıllı deyərlər ki, qızını İmrana verib ata yurdunu abad edirsən.

H a c ı   M u r a d. Əcəb buyurursan, Şərəf xanım. Məhərrəm bəy mənim atamın yurdunu tar-mar edər, amma gədənin biri abad edər. Arvadların ağlı belədir. Mən qızımın xoşbəxtliyini istəyirəm.

Ş ə r ə f   x a n ı m. Yaxşı, hərgah qızın könülü Məhərrəm bəydə yoxdur, onun malına tamah etmir, onda o necə xoşbəxt ola bilər?

H a c ı   M u r a d. Qız heç yediyini-içdiyini başa düşə bilmir. O xoşbəxtliyini nə anlayacaqdır? Arvad mal-dövlətin qədrini onda anlayır ki, uşaqları artıb, ana, mənə cörək ver deyəndə, təknədə olmaya.

Ş ə r ə f   x a n ı m. A kişi, sənin puluna, dövlətinə nə gəlibdir ki, qızın İmranda çörəksiz qala? Bundan əlavə İmran elə oğlandır ki, öz əlinin zəhməti ilə arvadını xandan, bəydən yaxşı saxlar.

H a c ı   M u r a d. Pulum haradadır, malım haradadır? Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. Bilmirəm pulu mənə kim qoyubdur. Atam qoyubdur, babam qoyubdur.

Ş ə r ə f   x a n ı m. Sənin ağlamaq qədim xasiyyətindir. Bir şeydən kəsirin olmaz, amma özünü dilənçi yerinə qoyarsan. Xülasə, Məhərrəm bəy fikrindən bilmərrə daşınarsan. Mən heç razı ola bilmərəm ki, Gülzarı bədbəxt edib altmış yaşında qocaya verəsən.

H a c ı   M u r a d. Buyur, bu da ağbirçək bibisi. Ağıl öyrətməkdən ağzına dil verir. Ay qız ey, raen dediyimdən dönmərəm, İmranı bilmərrə unudarsan. Bilmirəm bu mənə nə İmran oldu. And olsun allaha onu bundan sonra bir saat da evimə qoymaram, qoy getsin, gör onu da necə Qulu kimi qovaram.

Ş ə r ə f   x a n ı m. Elə bil o qalmışdı ki, qızını bir qoca, xəsis kaftarın puluna satasan.

H a c ı   M u r a d. Bilmirəm bu hardan gəlib çıxdı. Niyə qoca olur? Nökər dalında, qızılquş əlində atdanıb ova çıxanda elə bil ki, bir laçındır. Daha bəsdir. İndi de görüm, sən özün necə dolanırsan?

Ş ə r ə f   x a n ı m. Nə deyim. Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır. Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür. Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur.

H a c ı   M u r a d. Buyur, bu da sənin öz başına gələn. Daha Gülzara niyə razı olmursan? Rəhmətlik atama dedim ki, kişi, Şərəfi bu kasıba vermə, neçə dövlətli istəyir, onların birinə ver. Dedi yox. Bu ağıllı, kamallı adamdır. Bunda Şərəf xoşbəxt olar.

Ş ə r ə f   x a n ı m. Xeyr, atam səhv etməyibdir. Mən ərimdən çox razıyam. özüm də çox xoşbəxtəm ki, allah məni bu cür adama qismət edibdir. Dünya malı bir puç şeydir. Gedər də, gələr də. Ər odur ki, qara gündə arvadla yoldaş olub, bir-birinə can deyib, can eşidələr.

Ə h m ə d. Ana, bəs sən deyirdin ki, dayın sənə qənfet verəcəkdir, bəs niyə vermir?

H a c ı   M u r a d. Oğlum, qənfet pis şeydir. Adamın boğazını ağrıdır. Sən yekə oğlansan. Qənfeti neynirsən.

Ə h m ə d. Ana, Gülzar bacımgilin bağçasında elə çox alma var ki, gələndə gördüm.

H a c ı   M u r a d. Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info