Qonaq Kitabı
TAMAHKAR

Ə h m ə d. Mənim özüm burada olacağam. Dəyəndə yığaram.

H a c ı   M u r a d (kənara). Bunda yaxşı xəbər var. Deyəsən Şərəf çox qalacaqdır.

Ş ə r ə f   x a n ı m. Sizin dərdiniz öz dərdimi də yaddan çıxartdı. Əhməd böyüyübdür, oxumaq vaxtı keçir, dedim gətirim sizdə qoyum, həm məktəbə getsin, həm də Gülzara hayan olsun.

H a c ı   M u r a d (kənara). Mazandaranda çaqqal az idi, biridə gəmi ilə gəldi. (Şərəfə) Yox, yox, saxlaya bilmərəm. Özgə uşağını saxlamaq bir xata şeydir. Bunun korluğu var. Azarlaması var. Ağacdan yıxılması var. Anasız ona kim baxacaqdır.

Ş ə r ə f   x a n ı m. Əhməd dinc uşaqdır. Heç kəsə korluğu olmaz. O ki qaldı azarlamağı, ondan da arxayın ol. Gülzar ona analıq edər.

G ü l z a r. Bibi, arxayın ol. Onu özümdən yaxşı saxlaram.

H a c ı   M u r a d. Yox, yox, Gülzar bilmir. Uşağın tarpına dözmək olmaz. İmranda görmüşəm. Məni qocaldan o olmuşdur. Evimi dağıdan o olmuşdur.

G ü l z a r (kənara). Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm.

Ş ə r ə f   x a n ı m.A qardaş, bir uşağın yeməyi, içməyi nə olacaqdır ki, bu sənin evini dağıda.

H a c ı   M u r a d. Xülasə, mən razı deyiləm.

Ş ə r ə f   x a n ı m. A qardaş, bacının əli aşağı düşəndə köməyə qardaşı üstə yüyürər. İndi mən də qardaş adı ilə evimi yiyəsiz qoyub yanına gəlmişəm. Eybi yoxdur. Uşaq səni incidər, apararam. Ancaq səndən bir təvəqqəm var, məni ondan naümid qaytarma. Ərimin beş yüz manat borcü var, borc sahibi pis adamın biridir. Gündə qapımıza gedib-gəlməkdən bizi təngə gətiribdir. Kişiyə dedim ki, qardaşımı görməyə gedirəm, amma əsil fikrim o idi ki, səndən alıb aparıb verəm. Abrımız açılmasın.

H a c ı   M u r a d. A bacı, sən ki, özgəsi deyilsən, məgər mənim var-yoxumu bilmirsən? Məndə pul hardandır ki, sənə verim?

Ş ə r ə f   x a n ı m. Qardaş, burada xəsislik yeri deyil. Burada bacı namusu var. Razı olma ki, bacının paltarları bazarlarda tökülüb satılsın və bir də mən səndən borc istəyirəm. Sən gözləyə bilərsən. Amma özgəsi gözləyə bilmir.

H a c ı   M u r a d. Axı nə üçün inanmırsan, sənə deyirəm ki, özüm  pul üzünə həsrətəm.

Ş ə r ə f   x a n ı m. Atamdan qalan pul və özün qazandığın pullar necə olmuşdur ki, mənə beş yüz manat tapılmır. Sandıqların ağzını bərk bağla.

H a c ı   M u r a d. A kişi, bu zalım uşaqlarını inandırmaq olmaz ki, buyur, bu mənim ciblərim, bu da mənim sandığım. (Durub paltar sandığını açır.) Di gəl bax, gör burada əsgi-üsgüdən başqa nə var. (Qorxa-qorxa o biri sandığa baxır.)

Ş ə r ə   f x a n ı m. O biri sandığın ağzını aç.

H a c ı   M u r a d. Sən mənim evimə pristav gəlmisən? Asmotr edirsən? Çox da var, niyə verim. Çöldən tapmışam?

Ş ə r ə f   x a n ı m (ayağa galxır.) Daha sənə nə deyim? Qarğış etməyə də yerim yoxdur, çünki bura mənim atam evidir. Cəfər! Cəfər!

 

Cəfər daxil olur.

 

C ə f ə r. Nə buyurursan, xanım?

Ş ə r ə f   x a n ı m. Cəfər, bu saat faytonu qoşdur, gedəcəyəm.

C ə f ə r. Xanım, gün keçibdir, gedib çatmaq olmaz.

Ş ə r ə f  x a n ı m. Eybi yoxdur, harada gecələrik, orada qalarıq, burada qala bilmərəm. Gərək gedək.

C ə f ə r. Baş üstə, xanım. Ancaq faytonçunun pulu qalıbdır, istəyir.

Ş ə r ə f   x a n ı m. Özündə varsa ver, yox isə ala bu üzüyü apar sat ver. (Barmağından üzüyünü çıxarıb verir.)

C ə f ə r. Xanım, lazım deyil, məndə var, verərəm. (Çıxır.)

G ü l z a r (ağlaya-ağlaya). Bibi, başına dönüm, bu gecə vaxtı getmə.

Ş ə r ə f   x a n ı m. Yox, Gülzar, qala bilmərəm. Bu ev mənim üçün cəhənnəmdir. Dur, oğlum, gedək.

G ü l z a r. Bibi, məni də apar. Burada qoyub getmə.

Ş ə r ə f   x a n ı m. Səni hara qoyub gedirəm. Belə zalımın evində bir saat da qoymaram. Dur gedək.

H a c ı   M u r a d (Gülzarın əlindən tulub özünə tərəf çəkir.) Haraya aparırsan? Qoymaram.

Ş ə r ə f   x a n ı m. Çəkil kənara. Hörümçək kimi yazıq qızın qanını sorub bu hala salmısan. Belə kafir ataya gözəl balanı vermərəm.

 

P ə r d ə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.

 

İ m r a n. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa, gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar güclə Gülzarın nigahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən, qaraltı görünür. Arvaddır.

 

Nabat gəlir.

 

N a b a t. İmran ağa, başına dönüm, yavaş danış, hamı oyaqdır. Qoca kaftar yenə sandıqlarını yoxlayır. Qara köpək də sən gedəndən bəri hacının hökmünə görə nə mənə, nə də Gülzar xanıma göz verib, işıq vermir. Bir az səbir elə, görək bir yerə gedərmi ki, Gülzar xanımı qaçırdam.

İ m r a n. Yox, Nabat, daha təngə gəlmişəm. Səbir edə bilmərəm. Bu saat zor ilə də olsa, aparacağam.

N a b a t. Qurbanın olum, İmran ağa, məni xataya salma. Bu gecə nə tövr olsa, Gülzar xanımın əlini əlində görəcəksən. Ancaq bir az səbir elə. Gülzar xanım Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır...

İ m r a n. Dayan, xışıltı gəlir...

N a b a t. Odur, odur, Gülzar xanımın özüdür.

 

Gülzar qaçaraq gəlir.

 

İ m r a n (tez onun əlindən tutub).Gülzar, sənsən?

G ü l z a r. İmran, daha dayanmaq vaxtı deyil, qaçaq. Nabat, ala bu üzük məndən sənə yadigar olsun (verir.)

İ m r a n (Nabata pul verir.) Ala, Nabat, allah qoysa yenə bir yerdə olacağıq. Gülzar gedək. Nabat, xudahafiz.

N a b a t. Gedin, Allah sizi salamat etsin, xoşbəxt olasınız.

 

İmran və Gülzar gedirlər

 

N a b a t (tək). Qocanın murdar üzündən yaxşı qurtardılar. Qaldım mən bədbəxt. Bundan sonra şəksiz məni də qovacaqdır. İndi bir Allah bəndəsi tapılaydı, məni də bu ilanın ağzından qurtaraydı.

 

Qulu ağacın dalından çıxır.

 

Q u l u. Bu Allah bəndəsi mən.

N a b a t. Uy, kimsən?

Q u l u. Nabat xanım, deyəsən məni tanımırsan. Paltarımın dəyişilməsinə baxma. Ürəyim yenə sənnəndir.

N a b a t. Qulu, sənsən? Nə heybətli olmusan. Lap quldura oxşayırsan. Bu xəncər nədir?

Q u l u. Səfeh qızı hələ soruşur da. Görmürsən ki, səni göturüb qaçmağa gəlmişəm.

N a b a t. Heç zarafatdan əl götürməyəcəksən? Burax, gedirəm. Gülzar xanım məni axtarar.

Q u l u. A hilləmətənə, mənə kələk gəlirsən? İndi Gülzar xanımı İmranla qaçırmadınmı? Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun. Ancaq mən onlar kimi səfeh deyiləm ki, tədarüksüz gedəm. Gərək qabaqca gedib Hacı Muraddan yeddi illik məvacibimi alam, sonra səni aparam.

N a b a t. Qulu, sən allah doğru deyirsən, yoxsa məni aldadırsan?

Q u l u. Vallah, doğru deyirəm. Mən gedəndə sənə nə demişdim, niyə yadından çıxarmısan? Tez get, nə şeyin varsa yığ. Uçuq hamamın yanına get. Məni orada gözlə.

N a b a t. Bəs sən nə edəcəksən?

Q u l u. Mən də gedib Hacı Muradı qorxudacağam, pullarımı alacağam. Di vaxtı itirmə, tez get. (Nabat qaçaraq gedir.) Arvadın ağlı, ya uşağın ağlı, hər şeyə o saat inanır.

 

Fit ilə yoldaşlarını çağırır. Bu səsə Niyazla Qurban, üstlərində əsləhə[1] gəlirlər.

 

Q u r b a n. Qulu, nə çox ləngidin?

N i y a z. Bir şey bildin, ya yox?

Q u l u. Yoldaşlar, işimiz çox rast gətiribdir. Evdə bir Hacı Muraddan və bir də Əliquludan başqa heç kəs yoxdur. Qızı bu saat İmrana qoşulub qaçdı. Qulluqçunu da mən aldatmışam ki, səni götürüb qaçacağam. İndi gedib yolumu gözləyir.

N i y a z. Bəs Əliquluya nə tədbir çəkmisən? Qulu, doğrusu, mənim ondan gözüm su içmir. Çox usta, hiyləgər adama oxşayır. Qorxuram bizi aldadıb, divana məlum edə. Hamımızı tutdura.

Q u r b a n. Niyaz doğru deyir, çox şübhəli adama oxşayır.

Q u l u. Yoldaşlar, mən elə iş tutmaram ki, ondan bizə xəta gələ. Əliqulu divandan elə qorxur, necə ki, it dəyənəkdən. Bu barədə arxayın olun. Əliqulu bu işdən qaça bilməz.

N i y a z. Söylə görək, onu haradan bildin?

Q u r b a n. Əlbəttə, söylə, yoldaşımızın necə adam olduğunu gərək biz də bilək.

Q u l u. Yoldaşlar, indi onun vaxtı deyil. Sonra sizə danışaram.

N i y a z. Bəs niyə dayanmışıq? Hacı Muradın qulluğuna gedək də.

Q u l u. Yox, gərək gözləyək. Əliqulu özü buraya gələsidir. Odur gəlir.

 

Əliqulu gəlib çatır.

 

Ə l i q u l u. Hacı Muradın əziz qonaqları, xoş gəlmişsiniz. Ancaq ərbabın bir balaca nəqahəti var. Sizi qəbul edə bilməyəcəkdir.

Q u l u. Əliqulu, zarafatı burax. Niyə belə gec gəldin. Bir şey var?

Ə l i q u l u. Yoldaşlar, gərək işi sabaha qoyaq.

Q u l u. Nə səbəbə?

Ə l i q u l u. Çünki Hacı Murad Məhərrəm bəygilə gedəsi olmadı. Özü Məhərrəm bəyi gözləyir və evdəkilərin hamısı da oyaqdır amma sabah axşam Məhərrəm bəyə qonaqdır. Otağın açarı da məndə olacaqdır.

Q u r b a n. Yoldaşlar, nahaq yerə vaxt itiririk. İndi Məhərrəm bəy gəlincə mən min ev yarmışdım. O ki qaldı Hacı Murada, boğazından elə basaram ki, bir də qiyamətdə oyanar.

Ə l i q u l u. Xeyr, mən buna razı deyiləm. İş gərək tədbirlə ola. Yoxsa içindən xata çıxar.

N i y a z. Görünür, Əliqulu işdən baş qaçırır. Amma Qulu bizə özgə cürə demişdi.

Q u l u. Niyaz doğru deyir, Əliqulu əmi başqa fikrə düşübdür, amma bilsin ki, baş tutası iş deyil. Onun fikri bu gecə Hacı Muradın pullarına yaxşıca qulluq edib Araz çayını aşmaqdır. (Üzünü Əliquluya tutub) Belədirmi, Səfdər əmi?

Ə l i q u l u (diksinmiş). Nə dedin, mən Səfdər...

Q u l u. Bəli, Tehran həbsxanasından qaçmış oğrubaşı Səfdərsən. Mən də Quluyam. Yaxşı tanı. Məni aldatmaq olmaz.

N i y a z, Q u r b a n. Oğrubaşı?!.

Q u l u. İndi, Tehran lotusu Səfdər, bizə yoldaşsanmı?

Ə l i q u l u. Yoldaşam, hər nə buyursanız əmrinizə tabəyəm.

Q u l u. Ha beləcə, Əliqulu əmi, yoldaş yoldaş ilə tən gərək, tən olmasa, gen gərək. İndi de görüm, Gülzarın İmran ilə qoşulub qaçmağından xəbərin varmı?

Ə l i q u l u. Bəli, var.

Q u l u. Bəs Nabat haradadır?

Ə l i q u l u. Göndərmisən gedib yolunu gözləyir.

Q u l u. Oda düzdür. Hərif olmağını bəyənirəm. İndi bir sual qaldı. De görüm, doğrudanmı Hacı Murad Məhərrəm bəyi gözləyir?

Ə l i q u l u. Bəli, gündüzdən məni göndərmişdi ki, Məhərrəm bəyi bu axşama məsləhətə çağırım. Ancaq bəy dedi ki, Hacıya de qonaqlarım var, gec gələcəyəm.

Q u l u. Bu daha yaxşı oldu. İndi, yoldaşlar, hazır olun, Hacı Muradın qulluğuna gedək. Əliqulu əmi sən ağsaqqalsan, qabağa düş.

 

Gedirlər.

 

P ə r d ə

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info