Qonaq Kitabı
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ

Ü ç ü n c ü   s ə r b a z.   Əşhədü-billah, mən də belə eşitdim.

D ö r d ü n c ü   s ə r b a z.  Əşhədü-billah, mən də belə eşitdim.

A ğ a   M ə r d a n  (kəmali-biltəngliklə).  Bəs o vaxtda onun arvadının qucağında balaca uşaq görmədiniz?

Ə v v ə l i n c i   s ə r b a z.  Xeyr, balaca uşaq özgə yerdə görmüşük. İstirsən onu da deyək.

A ğ a   M ə r d a n.   Yaxşı, sakit olun! (Hakimi-şərə mütəvvəcceh olub). Ağa, mənim şahidlərim var ki, bu sərbazlar deyən gündə Hacı Qafurun qucağında onun bir aylıq oğlunu görüblər və soruşublar ki, bu kimindir? Deyibdir ki, mənim oğlumdur. Şahidlər budur, hüzurda durublar. (İşarə edir öz şahidlərinə). Hər birisi sahibi-savad və mötəbər və dindar adamdır.

A ğ a   S ə t t a r  (təvvəccehi-tamam ilə).  Ağa Mərdan, zahirən bu cavan Hacı Şərifin oğludur?

A ğ a   M ə r d a n.  Bəli.

A ğ a   S ə t t a r.  Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır. Hacı Şərif çox saleh kimsənə idi.

H a k i m i – ş ə r  (şahidlərə üzün tutub). Bildiyinizi deyin!

Ə v v ə l i n c i   ş a h i d.  Həpo. Bildiyimizi deyək?

H a k i m i – ş ə r.  Bəli.

H ə p o.  Ağa, dünən Ağa Mərdan məni yoldaşlarım ilə evinə çağırdıb hər birimizə on beş tümən pul verdi ki, bu gün gəlib sizin hüzurunuzda deyək ki, vəba vaxtı biz Hacı Qafurun qucağında bir aylıq oğlunu görmüşük. Qumarbaz baba idim. Aldım, apardım; çünki nahaq işdən ötrü verilmişdi, bərəkəti də olmadı. Bu gecə on beş tümənin hamısını bir yerdən uduzdum. Bir yaman hərifə rast gəlmişdim ki, leylac onun əlinə su tökməyə yaramaz idi. Bundan başqa mən bir zad bilmirəm. Ağa, nə Hacı Qafuru görmüşəm və nə onu tanıram.

 

Ağa Mərdanın lap boğazı quruyur.

 

H a k i m i – ş ə r.  (o biri şahidlərə üz tutub).  Siz nə deyirsiniz?

O   b i r i   ş a h i d l ə r  (bir yerdə). Bəli, biz də elə bunu deyirik, necə ki, yoldaşımız təqrir edir.

H a k i m i – ş ə r  (haşiyənişinlərə). Siz məni inandırdınız ki, Ağa Mərdan dindar adamdır. Bu dəlalət edir sizin nadürüstlüyünüzə!

A ğ a  B ə ş i r.  Xeyr, ağa, dəlalət edir bizim saf və sadiqliyimizə ki, ona inanıb təqriratına görə onu dindar hesab edirdik.

A ğ a  R ə h i m  (yoldaşı Ağa Səttara ahəstə). Yalançının evinə od düşsün! Nadürüst Ağa Bəşir gör nə səbəb tapdı üzrxahlığa! Ağa da güman edəcək ki, biz vaqiən saf və sadiq imişik.

 

Bu halda şahzadənin fərraşbaşısı içəri daxil olur.

 

F ə r r a ş b a ş ı  (Hakimi-şərə). Ağa, şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu?

H a k i m i – ş ə r.  Bəli, sabitdir. Amma şahzadə bilirmi nə günə bu sübut hasil oldu?

F ə r r a ş b a ş ı.  Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Səlmanın niyyətini duyub şahzadəyə bildirmişdi və şahzadə oların əməllərinin bütlanına lazımeyi-tədbir görsətdi. İndi bu iki nəfərin təqsiri sübuta yetişibdir və mənə fərmayiş olunubdur ki, oları bu saatda şahzadə hüzuruna aparam.

H a k i m i – ş ə r.  Ağa Səlman da bu işdə hiylə edirmiş?

F ə r r a ş b a ş ı.  Bəli, batində o da Ağa Mərdanın şəriki imiş.

 

Ağa Mərdanı və Ağa Səlmanı götürüb gedir.

 

H a k i m i – ş ə r.  Əziz bəy, Hacı Qafurun bacısının adamı indi sənsən. Onu xəbərdar elə ki, iki saatdan sonra Hacı Qafurdan qalan məbləği mən özüm gətirib neçə nəfər şahidi-mötəbərin hüzurunda ona təslim edərəm.

Ə z i z  b əy.  Bəli, baş üstə, ağa, mürəxxəs olum (məclisdən çıxır.)

A ğ a  B ə ş i r.  Bə, balan ölsün kişi! Belə də yalan olurdu ki, bu qayırmışdı? Pərvərdigara, dünyada necə bidin adamalar yaradıbsan! Kişi yalandan elə istirmiş Hacı Qafura oğul sabit edə. A kişi, belə də cürət olarmı? Ağa Cabbar, sən mən axmağa de ki, bu mərtəbədə saf və sadiqlik olarmı ki, elə hər zada inanırsan?

A ğ a  C a b b a r  (üzün kənara tutub). Yalançının evi yıxılsın! Sən saf və sadiqsən! (Qaim sövt ilə). A kişi, durun gedək, ağaya çox zəhmət oldu. Dəxi çox danışmaq nə fayda verər?

 

Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. Sonra hamı ayağa durub gedirlər. Məclis tamam olur.

 

P ə r d ə   s a l ı n ı r

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info