Qonaq Kitabı
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ

A ğ a K ə r i m.  Sənin canın üçün, bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim ki, əgər özün də orda olsaydın, öz haqqında müştəbeh olardın. Dedim ki, bu saatda hakimi-şər yanında Ağa Mərdandan mötəbər kimsənə yoxdur. Onun bir sözü iki olmaz. Dərxanədə də ancaq o mərufdur. Hətta şəhzadə hüzuruna da həmişə bir para işlər üçün gediş-gəlişi var. İş bilməkdə də Əflatuni-əsrdir. Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən ki, ancaq onun tədbiri ilə sən Hacı Qafurun dövlətinə malik ola bilərsən. Yoxsa sənin bu irsə heç haqqın yoxdur. Arvad özü də və qardaşı Ağa Abbas da razı oldular. İndi bu saatda gələcəklər sənin yanına ki, hər nə desən, ona əməl etsinlər.

A ğ a   M ə r d a n.  Çox yaxşı, Ağa Səlmanı da o tərəfə vəkil etdirə bildinmi?

A ğ a K ə r i m.  Bəli, bu saatda Ağa Səlman Səkinə xanımın yanındadır. Ordan qurtarıb bura gələcək.

A ğ a   M ə r d a n.  Mərhəba, Ağa Kərim, Vallah sənin dilində cadu əsəri var. Xub, hələ bir de görüm Hacı Qafurun arvadı göyçəkdirmi?

A ğ a K ə r i m.  Nə eyliyəcəksən?

A ğ a   M ə r d a n.  Nə eyliyəcəyəm, gəlsə allam. Mənə gəlməzmi?

A ğ a K ə r i m.  Nə bilim, gələrmi? Sənin bir az vaxtın keçibdir. Arvad cahıldır.

A ğ a   M ə r d a n.  Xeyr, Ağa Kərim, sən öləsən, mənim ondan çəndan vaxtım keçməyibdir. Mən indi düz əlli bir yaşındayam.

A ğ a  K ə r i m.  Belə bilirəm, yetmişdə olarsan.

A ğ a   M ə r d a n.  Xeyr, sənin canın üçün, bilirsənmi mən havaxt anadan olmuşam? Təbrizin böyük zəlzələsindən bir il sonra.

A ğ a  K ə r i m.  Sənin ki arvadın var.

A ğ a   M ə r d a n.  Mən ki arvadsızlıqdan istəmirəm onu alam. Deyirəm ki, Allah qoysa əgər bu dövləti o arvadın – Hacı Qafurun bacısının əlindən çıxacaq, dəxi arvad niyə özgəsinə getsin? Arvadı da mən allam, dövləti də mənim əlimdə olsun. Elə sənin səlahın da budur, özgəsindən sənə nə xeyir olacaq?

A ğ a  K ə r i m.  Əlbəttə, bu surətdə göyçək oldu, ya olmadı, nə təfavütü, qoy olsun ifritə, gəlsə algilən. Amma yaman deyil, ağlım kəsmir ki, səni bəyənə.

A ğ a   M ə r d a n.  Yəni mən necəyəm?

A ğ a  K ə r i m.  Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil.

A ğ a   M ə r d a n.  Ə kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). Ağa Kərim, sən Allah, mənim haramda sən eyib görürsən? Əgər dişlərimi tökülməyin deyirsən, nüzlədən tökülübdür, qocalıqdan deyil. Ovurdlarım bir az çuxura düşübdür, amma çəndan da məlum olmur, saqqal üstünü örtübdür.

A ğ a  K ə r i m.  Di, yaxşı, bəsdir, otur aşağı, indi arvad gələr.

A ğ a   M ə r d a n.  Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmi bürünüm, saqqalımı darıyım. (Başlayır dediklərini eləməyə.)

A ğ a  K ə r i m. A kişi, niyə lazımdır bu zadlar, otur aşağı.

A ğ a   M ə r d a n.  Xeyr, çox lazımdır! Bizim arvadlarımız həmişə üzlərini kişilərdən gizlərlər. Amma özləri kişilərə baxmağa biixtiyardılar. Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. Sözümün artıcaq təsiri olar. Bəlkə xoşuna da gəlim.

 

Ağa Mərdan libasını geyib, saqqalını darayıb oturur. Bu halda qapı açılır. Hacı Qafurun arvadı Zeynəb və qardaşı Ağa Abbas içəri girirlər.

 

A ğ a  A b b a s.   Səlam- əleyküm!

A ğ a   M ə r d a n.  Əleyküm-səlam, xoş gəldiniz, səfa gətirdiniz! Buyurun, əyləşin.

 

Hacı Qafurun arvadı üzün bürümüş və qardaşı otururlar.

 

A ğ a   M ə r d a n.   Ağa Abbas, mən səninlə danışım, Zeynəb xanım da qulaq assın, yeri gələndə cavab versin. Hacı Qafur ölən indi altı aydır. Söz gərək bizim aramızda aşkar ola. Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. Amma mən bu keyfiyyəti bilib Ağa Kərimi sizin yanınıza göndərdim və məlum elədim ki, əgər siz mənim sözümdən çıxmasanız və mənim tədbirimə əməl eləsəniz, mən belə elərəm ki, bu dövlət Zeynəb xanıma çatar. Çünki Hacı Qafurun bacısının bir köməyi və əlindən iş gələn əqrabası yoxdur. Ancaq o qızın bir cavan namizədi var, o da mürafiə işində mənə hərif ola bilməz və siz də mənim rəyimə razı olub hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. Hakimi-şər pulu saxlayıb, sizə və Hacı Qafurun bacısına bildirib ki, vəkil tutub mürafiəyə əyləşib, davanızı teyy edəsiniz. İndi mən özüm sizin vəkilinizəm. Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa.

A ğ a  A b b a s.  Əlbəttə, onsuz ki, olmaz. Buyurun görək Zeynəb xanıma təklifin nədir?

A ğ a   M ə r d a n.  Əvvələn, Zeynəb xanım gərək bu saatda bir para məxaric üçün beş yüz tümən mənə pul verə ki, axırda hesaba daxil elərik. Özü Ağa Kərimə bildiribdir ki, Hacı Qafur öləndən sonra sandıqda min tümən var idi və heç bacısı da bilmirdi, onu götürübdür.

Z e y n ə b  x a n ı m.  Müzayiqə yoxdur, başqa təkliflərini bildir.

A ğ a   M ə r d a n.  İkinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan, yəni o dövlətdən ki, altmış min tüməndir, otuz min tümən sənin olsun və qalan yarısı otuz min tümən mənim və Ağa Kərimin və başqa yoldaş və köməkçimizin olsun.

Z e y n ə b  x a n ı m.  Vay aman, nə çox istəyirsən, Ağa Mərdan!   

A ğ a   M ə r d a n.  Hərgiz çox deyil, xanım! Bu irsə sənin heç haqqın yoxdur. Bu otuz min tüməni də mən ancaq sənə bağışlayıram.

Z e y n ə b  x a n ı m.  Necə haqqım yoxdur? Mən illər ilə zəhmət çəkib Hacı Qafurun evində oturmuşam. Tamam pul sandıqlarının haçarı mənim əlimdə olurdu. Hacı Qafurun sağlığında onun bacısının beş abbasıya ixtiyarı çatmazdı, amma mən hər nə qədər istəsəydim xərc elərdim. İndi necə oldu ki, mən, gərək qıraqda qalam. Pulları bu dilaram çəngi götürə, gedə bir qızıl-qırmızı oğlana, yiyə, içə, kef edə?

A ğ a   M ə r d a n.  Mürafiədə bu sözlərə qulaq asmazlar.

Z e y n ə b  x a n ı m.  Necə qulaq asmazlar? Mürafiə edənin məgər insafı yoxdur? On ildən artıq bu dövlət mənim əlimdə idi. İndi gərək mən ondan binəsib olam?

A ğ a   M ə r d a n.  Bəli, indi gərək ondan binəsib olasan. Sözümə qulaq as, yarısına qane ol! Yoxsa o dövlətin bir fulusuna da haqqın yoxdur. Ağa Abbas mətləbi başa düşər ki, mən dediyim söz haqdır.

A ğ a  A b b a s.  Yaxşı, razıyıq. Başqa təklifin nədir?

A ğ a   M ə r d a n.  Üçüncü təklifim budur ki, Zeynəb xanım gərək məclisi-mürafiədə hazır olub otura və hakimi-şər hüzurunda iqrar edə ki, Hacı Qafurdan bir yeddi aylıq oğlu var.

Z e y n ə b  x a n ı m.  Vay, dədəm vay! Ağa Mərdan, bu çox çətin təklifdir. Mən yalandan necə deyim ki, mənim yeddi aylıq oğlum var?

A ğ a   M ə r d a n.  Heç çətin deyil. Hacı Qafurun sağlığında sən hamilə idin. Öləndən bir ay irəli bir oğlan doğubsan; indi yeddi aylıqdır. Bunu deməyə nə var?

Z e y n ə b  x a n ı m.  Ağa Mərdan, mən səni özümə ata bilirəm. Sənin heç sözündən çıxmağı bacarmanam. Amma bu təklif çox müşküldür. Mən uşaq doğmamışam. Deməzlərmi bəs uşağın hanı?

A ğ a   M ə r d a n.  Bu xüsusda qəm çəkmə! Uşaq hazırdır və sən hamilə idin, onu doğubsan. Uşağı sənin və Hacı Qafurun qucağında görənlər də var. Sən bu cəhətdən ehtiyat eləmə. Sən ancaq iqrar edərsən, özgələri təsdiq edər.

Z e y n ə b  x a n ı m.  Allahı sevərsən. Ağa Mərdan, bir ayrı təklif elə! Mən necə bu yalanı iqrar edim? Vallah, mənim üzümdən gəlməz ki, bu sözü deyəm.

A ğ a   M ə r d a n.  Qəribə söz danışırsan. Heç bilmirəm niyə üzündən gəlmir bu sözü deyəsən? Heç bilmirəm nədən utanırsan?.. Utanmaq nədir?.. Balıq istəyən gərək canın soyuq sudan qorumaya. Gərək bu iqrarı edəsən, başqa çarə yoxdur.

Z e y n ə b  x a n ı m.  Bu iqrardan qərəzin nədir, Ağa Mərdan?

A ğ a   M ə r d a n.  Qərəzim odur ki, Hacı Qafurun dövləti sənə yetişsin. Bu mətləbin əncamına bundan başqa əlac tapılmaz, ondan ötrü ki, sən onun varisi ola bilməzsən. Amma sənin oğlun onun şəri-varisidir. Oğlun vücudunu sübuta yetirəndən sonra, tamam dövlət ona yetişər. O vaxtda mən çox asanlıqla özümü ona qəyyum edərəm. Sonra ki, bir beş-altı ay keçər, şöhrət sallıq ki, sənin uşağın vəfat etdi. O surətdə tamam dövlət şərən sənə müntəqil olar. Yarısını sən götürərsən və yarısını mən.

Z e y n ə b  x a n ı m.  A başına dönüm, belə yalan işi yetirmək olarmı?

A ğ a   M ə r d a n.  Yetirmək olmazdı, əgər Hacı Qafurun bacısının köməyi olsaydı. İndi onun bir kimsənəsi yoxdur ki, bizim qabağımızda söz danışa. Əgər Ağa Həsən də və onun güclü əqrəbası da o qıza düşmən olublar. Hamısı istir ki, bu dövlət ona çatmasın. Qız qalıb yalqız, ancaq bir cavan namizədilə ki, əlindən heç bir iş gəlməz.

Z e y n ə b  x a n ı m.  Bəs o dediyin uşaq hardadır?

A ğ a   M ə r d a n.  Bu saatda görürsən. Ağa Kərim, uşağı o biri otaqda dayadan al gətir.

 

Ağa Kərim gedir.

 

Z e y n ə b  x a n ı m.  Uşağı daya əmizir?

A ğ a   M ə r d a n.  Xeyr, anası əmizir. Amma sənin dayandır dəxi.

 

Ağa Kərim uşaq əlində qayıdır. Ağa Mərdan uşağı alır, verir Zeynəb xanıma.

 

A ğ a   M ə r d a n.  al, budur sənin oğlun! Görürsənmi, gözü, qaşı lap Hacı Qafurun gözü, qaşıdır.

Z e y n ə b  x a n ı m.  Vallah deyəsən ki, elə oxşuyur, amma qorxuram mürafiə vaxtında dilim tutula, deyə bilməyəm.

A ğ a   M ə r d a n.  Zeynəb xanım, səbəbi odur ki, özün inanmırsan ki, bunu sən doğubsan. Əvvələn, özün gərək inanarsan ki, bu sənin oğlundur. Yoxsa, əlbəttə, mürafiə məclisində karıxarsan, dilin tutular. Vahimə eləmə, söz ver ki, belə iqrar edəsən.

Z e y n ə b  x a n ı m.  Bəli, söz verirəm, əgər bacarsam.

A ğ a   M ə r d a n.  İnşallah bacararsan. Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığıburma oğlana yedirə.

Z e y n ə b  x a n ı m.  Doğru deyirsən. Səkinə xanımın vəkili yalanımı çıxarmıya.

A ğ a   M ə r d a n.  Xa-xa-xa!.. Gör kimdən qorxur! Ehtiyat eləmə! O heç bir kəlmə də sənin xilafına söz danışmayacaq. Durun gedin, vəkalətnaməni yazdırın, hazır edin. Sabah gərək mürafiə başlanıb tamam ola. Mənim də indi başqa işlərim var, yanıma adamlar gələcək və Ağa Kərimi də aparın, onunla beş yüz tümən pul göndərin.

A ğ a   A b b a s.  Pulları gətirmişik. Ağa Kərim bildirmişdi.

A ğ a   M ə r d a n.  Di, qoyun, gedin.

 

Ağa Abbas pulları kisədə Ağa Mərdanın qabağına qoyur.

 

Bacısı ilə ayağa durub getmək istəyir. Bu halda şahzadənin fərraşı Nəsir daxil olur.

 

N ə s i r   f ə r r a ş.  Səlam-əleyküm, Ağa Mərdan! Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacibi işim var, ona rücu edəcəyəm.

A ğ a   M ə r d a n.  Ərz elə ki, baş üstə!

 

Fərraş gedir, sonra hakimi-şərin nökəri Əsəd daxil olur.

 

Ə s ə d  (nökəri-hakimi-şər). Səlam-əleyküm, Ağa Mərdan! Ağa buyurur ki, bu gecə Hacı Səlmanın evində bizim ilə qonaqlığa gedəcəkdirmi? Vacibi iş var. Gərək onunla orada danışam.

A ğ a   M ə r d a n.  Ərz elə ki, gedəcəyəm.

 

Ağa Abbas bacısı ilə gedir, sonra Ağa Kərim.

 

A ğ a  K ə r i m.  Bu şahzadə fərraşı və hakimi-şər nökəri haradan tapıldılar?

A ğ a   M ə r d a n.  Mən bilirdim ki, arvad mənim təklifimdən vahimə edəcək. Buların hərəsinə iki sahibqıran verib, piş əz vəqt hazır eləmişdim ki, gəlib arvadın yanında bu sifarişləri mənə etsinlər. Arvad bilsin ki, mən şahzadə və hakimi-şər yanında müqərrəbəm. Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında qorxuram iqrara qadir olmaya, rüsva olaq.

A ğ a  K ə r i m.  Vallah, yaxşı fikirdir. Amma xeyr, biz mürafiə vaxtında mülahizə elərik, əgər müyəssər ola, arvadın iqrarını şahidlərdən sonraya sallıq, o vaxt vahimə eləməz.

A ğ a   M ə r d a n.  Di, dur, sən get Hacı Rəcəbəliyə de ki; şahidləri gətirsin, gəlsin. Beş yüz tümən onun özünə vədə elə. Əlli tümən nəqd, qalanı nisyə. Şahidlərin hər birisin də otuz tümən, on beşi nəqd, on beşi nisyə ki, iş tamam olandan sonra verilər. Hacı Rəcəbəli əldə olmasa, bu işi aşırmaq olmaz. Yoxsa işin üstün açar; çox şeytandır. Ondan iş gizlətmək mümkün deyil.

A ğ a  K ə r i m.  Çox yaxşı, gedim. (Ayağa durur.)

A ğ a   M ə r d a n.  Ey, sən Allah, bir söz deyirəm: Hacı Qafurun arvadını görəndə öz yanından bir tövr ilə işarə elə ki, danışıq arasında mənə ata xitab etməsin; sən öləsən, ürəyinə ayrı fikir gəlməsin! Elə xoşuma gəlməz ki, arvad taifəsi mənə xoşaməd üçün ata ləqəbi verə. Nə lazım olubdur? Adımı desin.

A ğ a  K ə r i m.  Yaxşı, yaxşı, bilirəm mətləbin nədir! Xatircəm ol, dəxi sənə ata deməz.

 

Gedir, sonra Ağa Səlman daxil olur.

 

A ğ a  S ə l m a n.  Səlam-əleyk!

A ğ a   M ə r d a n.  Əleykəssəlam, necə oldu?

A ğ a  S ə l m a n.  Vəkil oldum. İndi fikrin nədir?

A ğ a   M ə r d a n.  İndi fikrim budur ki, şahidlər hazır edib mürafiəyə iqdam edək. De, görüm, sənə nə vədə elədilər?

A ğ a  S ə l m a n.  Mənə dedilər ki, beş yüz tümən sənə həqqülnəfəs verrik, çünki bizim şahidlərimiz hazırdır və iş vazehdir. Mən də razı oldum.

A ğ a   M ə r d a n.  Çox yaxşı elədin. İndi görürsən ki, haqq tərəfindən çəndan xeyir yoxdur. Amma Hacı Qafurun arvadı otuz min tüməndən keçir. Otuz min yümən sənə, mənə və Ağa Kərimə yetişəcəkdir. Şahidlərin adlarını, yerlərini öyrəndinmi?

A ğ a  S ə l m a n.  Öyrənmişəm. Dörd nəfər sərbazdır; Bədəl, Qəhrəman, Qəffar və Cabbar. Vərci küçəsində olurlar.

A ğ a   M ə r d a n.  Gərək mən oları bura gətirdib tovlayam ki, xilaf şəhadət etsinlər. Sən gərək gedib olara tapşırasan ki, sədaqət ilə öz şəhadətlərini eləsinlər. Çün sərbaz taifəsi biçizlikdən bir növ firqeyi-suala daxildir. Olar haman saat soruşacaqlar ki, ağa, sonra bizə nə şəfəqqət edəcəksən? Onda sən de ki, uşaqlarım, belə işlərdə muzd istəmək yaxşı deyil. Allah rizasına gərək şəhadət edəsiniz. Qiyamət günü sizə əcri-xeyir yetişər.

A ğ a  S ə l m a n.  Çox yaxşı!

A ğ a   M ə r d a n.  Heç bilirsənmi sərbazların şəhadəti nə qərar üzrədir?

A ğ a  S ə l m a n.  Bilirəm. Olar deyəcəklər ki, biz Hacı Qafurun evinə yetişdik iki saat vəfatından irəli. Bizə dedi ki, mən ölürəm, mənim dünyada bir kimsəm yoxdur, məgər bir bacım. Mən öləndən sonra məni dəfn edin.

A ğ a   M ə r d a n.  Çox yaxşı, gərək sərbazlar bu sözü dəyişib deyələr ki, bir aylıq oğlu var idi. İndi, dur, get!

 

Ağa Səlman durub gedir.

 

A ğ a   M ə r d a n  (yalqız).  İnşallah iş yaxşı gəlir. İndi Ağa Kərim şahidləri gətirən vaxtdır.

 

Qapı açılır. Ağa Kərim, Hacı Rəcəbəli daruğə və yanında dörd nəfər adam daxil olurlar.

 

 

H a c ı   R ə c əb ə l i.  Salam-əleyk!

A ğ a   M ə r d a n.  Əleykəssəlam, Hacı, tapdınızmı?

H a c ı   R ə c əb ə l i.  Tapdınızmı? Guya itirmişdik tapaq? Qəribə sual edirsən, Ağa Mərdan! Bəs məlum ki, məni hələ dürüst tanımırsan.

A ğ a   M ə r d a n   (Ağa Kərimə kənarda). Ağa Kərim, sən dur get, Ağa Səlman ilə görüş. O nişan verən sərbazları mənim yanıma gətir. (Sonra Hacı Rəcəbəliyə mütəvəcceh olub). Hacı, nişan ver, görüm ki, bular kimdilər?

H a c ı   R ə c əb ə l i.  Bu həpo qumarbazdır ki, dünən Ərdəbildən gəlibdir. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gələr, amma gündüzlər bazarda corab satar. Bu da mağaralı Hənifədir ki, gündüz qoltuqfüruşluq edər, gecələr mənim yanımda olur.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info