Qonaq Kitabı
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ

A ğ a   M ə r d a n.  Əlhəmdülillah, hamısı yaxşı adamalr imiş, amma həponun sənəti bir az töhmətlidir. Olar ki, ona gümani-bəd gedə.

H a c ı   R ə c əb ə l i.  Qorxma, həpo bir nadürüstdür ki, hər sifətə bə hər dona girə bilər. İstirsən bir-iki saatdan sonra bir mütəşəxxis tacir sifətinə girib yanına gəlsin ki, sən özün də onun haqqında müştəbeh olasan. Məgər bilmirsən ki, bu kimin nütfəsindən əmələ gəlib? Bu, dabanıkəsik Heydərqulunun oğludur ki, gündüz Əhərdə görünüb, gecə iki günlük yol piyada gəlib, Təbrizdə mərhum qaim-məqamın evində bir cavahir mücrüsünü aparıb, genə elə o gecə Əhərə qayıdıb; sübh çağı karvansara dalanında yatmış imiş. Aləm tamam heyran qalmışdı onun bu əməlinə, məhz onun bu hünərinə görə iş açılandan sonra onu öldürmüyüb ancaq dabanlarını kəsdilər.  

A ğ a   M ə r d a n.  A, bu dabanıkəsik Heydərqulunun oğlu imiş! Çox yaxşı, amma adını dəyişərik. Bular məsaili-şəriyyətlərinə arifdirlərmi?

H a c ı   R ə c əb ə l i.  xatircəm ol! Tamam əhli-savaddırlar. Sən öləsən, hamısı şeytana papuş tikərlər. Nə günə qalıblar dördü də hər gün məsciddə camaat namazı qılır.

A ğ a   M ə r d a n.  Çox yaxşı, indi bilirlərmi ki, gərək nə günə şəhadət etinlər?

H a c ı   R ə c əb ə l i.  Xeyr, gərək onu sən özün təlim edəsən.

A ğ a   M ə r d a n.  Bəli, gərək desinlər ki, Hacı Qafurun vəfatından bir həftə irəli biz dördümüz də axşamçağı əhli-qübur ziyarətinə gedirdik. Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq. Salam verib soruşduq ki, Hacı, bu uşaq kimindir? Dedi ki, mənimdir, üç hətfədir ki, təvəllüd tapıbdır. Bundan başqa dəxi övladım yoxdur.

H a c ı   R ə c əb ə l i  (şahidlərə üzün çevirib). Ay uşaqlar, eşitdinizmi?

H ə p o.  Bəli, eşitdik!

A ğ a   M ə r d a n.  Bu tövr deyə biləcəksinizmi?

H ə n i f ə.  Əlbəttə, nə çətin sözdür ki, demək müşkül ola!

A ğ a   M ə r d a n.  Çox razıyam, oğullarım, Allah sizdən razı olsun!

Ş e y d a.  Ağa Mərdan, belə işdən Allah məgər razı olar?

A ğ a   M ə r d a n.  Niyə razı olmur, əzizim! Əgər əsl işdən xəbərdar olasan, deyərsən ki, razı olar. Biçarə Hacı Qafurun arvadı on il ev və dövlət sahibi olubdur. İndi rəvadırmı evdən, dövlətdən məhrum olsun və bu dövləti bir qızmış qız götürüb bir cövməri əhli-sələmə oğlana yedirsin? Bu səbəbə ki, onu qucacaqdır? Əhli-zələmə bizim üləmamızın qövlünə gör dərgahi-ilahidən mərduddurlar.

Ş e y d a.  Bəli, doğru deyirsən.

H a c ı   R ə c əb ə l i.  Ağa Mərdan, uşaqların icrətini məlum elə.

A ğ a   M ə r d a n.  Məgər Ağa Kərim eyləməyibdir? Hər birisinə otuz tümən və sənə də məlumdur nə yetişəcəkdir.

H a c ı   R ə c əb ə l i.  Ağa Mərdan, uşaqların icrəsinin yarısı gərək pişəki yetişə.

A ğ a   M ə r d a n.  Əlbəttə, siz gedin, iki saatdan sonra Ağa Kərim sizə əlli tümən və uşaqların da icrətlərinin yarısını qulluğunuza gətirərə.

H a c ı   R ə c əb ə l i.  Çox yaxşı, xudahafiz

 

Hamısı gedirlər. Sonra qapı açılır, dörd nəfər sərbaz içəri girir Ağa Kərim ilə.

 

S ə r b a z l a r.  Səlam-əleyküm!

A ğ a   M ə r d a n.  Əleyküməssəlam. Buyurun, oğlanlarım, əyləşin! Siz xoş gəlibsiniz. Sizə zəhmət verdim, bağışlayasınız!

S ə r b a z l a r d a n   b i r i s i.  Xeyr, ağa, sizin kimi hörmətli kimsələrin qulluğuna gəlmək bizə çox fəxrdir.

A ğ a   M ə r d a n.  Mərhəba, oğlum! Ədəbli adam dünyada həmişə əziz olar. Çaşt yeyibsinizmi?

S ə r b a z l a r.  Xeyr, bura gəldik, hələ məcalımız olmadı.

A ğ a   M ə r d a n.  Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanınca qəndabı çilov gətirsin.

S ə r b a z.  Nə üçün, ağa, zəhmət çəkirsiniz?

A ğ a   M ə r d a n.  Zəhmət niyə olur, əzizim?! İndi çaşt vaxtıdır. Rəvadırmı mənim evimdən ac gedəsiniz?

S ə r b a z.  Ağa, bizə qulluğunuz nədir?

A ğ a   M ə r d a n.  Oğlum, bir çəndan qulluğum yoxdur. Ancaq bircə kəlmə söz sizdən soruşacağam.

S ə r b a z.  Buyur, ağa, ikisin soruş!

A ğ a   M ə r d a n.  Mərhum Hacı Qafuru sizmi dəfn etdiniz?

S ə r b a z.  Bəli, ağa.

A ğ a   M ə r d a n.  Mərhəba, oğlanlarım, sizin cavan mərdliyinizə! Sizin vücudunuz qənimətdir. Nəinki islamın köməyisiz, bəlkə dar gündə xalqın vecinə də ancaq siz gəlirsiz. Vəba düşəndə bir mütünəffis Təbrizdə qalmamışdı, amma siz öz canınızdan keçib şəhri buraxmadınız. Cənabi-əqdəsi-ilahi sizə böyük əcr versin! Xub, oğlanlarım, Hacı Qafuru sağ gördünüzmü?

S ə r b a z l a r.  Bəli, gördük, ağa!

A ğ a   M ə r d a n.  O vaxt onun yanında qundaqda onun bir aylıq tifil oğlunu gördünüzmü?

S ə r b a z l a r.  Xeyr, ağa, görmədik.

A ğ a   M ə r d a n.  olur ki, o vaxtda anasının qucağında imiş.

S ə r b a z l a r.  Xeyr, ağa. Hacı Qafurdan biz soruşduq ki, oğuldan, uşaqdan nəyin var? Dedi ki, bir bacımdan başqa bir kəsim yoxdur.

A ğ a   M ə r d a n.  Bəli, olur ki, oğlu bir aylıq tifil olduğu üçün onu hesaba gətirməyibdir. Amma uşaq o vaxtda anasının qucağında imiş. Sizdən başqa özgələri uşağı onun qucağında görüblər. Mən elə bildim ki, bəlkə siz də görmüş olasınız. Eybi yoxdur, indi bu xüsusda necə şəhadət edəcəksiniz? Çünki vərəsə arasında dava bərmeyit vaqe olubdur.

S ə r b a z.  Biz bildiyimiz kimi şəhadət edəcəyik. Bu xüsusda Hacı Qafurun bacısının vəkili də bizdən soruşdu, bu qərar ilə cavab verdik.

A ğ a   M ə r d a n.  Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız; çünki o haramzadanın, o bidinin ağzı sizə dəyibdir. Onun üçün siz uşağın varlığına münkir olursunuz. Yəqin ki, bu xüsusda sizin hər birinizə iyirmi tümən vədə edib, yarısını da pişəki veribdir.

S ə r b a z.  Xeyr, ağa, o bizə bir həbbə də vədə eləməyibdir. Hətta biz ondan bir cüzi xarclıq istədik, dedi ki, şahid gərək biqərəz ola, əcrinizi Allahdan istəyin.

A ğ a   M ə r d a n.  Ax, məlun, gör nə mərtəbədə qayım və xəsis adamdır! Özündən başqa istəmir ki, bir kimsəyə bir həbbə xeyr yetişsin. Yaxşı, altmış min tümənin davasında nahaq işə şəhadət etdirir. Sizin kimi cavanmərd uşaqların hər birinə bir iyirmi ya otuz tümən cib xarclığı verməklə can çəkir. Vallah, beləcə məlun olmaz. Allah bəlasın versin. İşi nahaq, özü qayım və xəsis!

S ə r b a z.  Necə işi nahaqdır, ağa?

A ğ a   M ə r d a n.  Belə nahaqdır ki, aşkara Hacı Qafurun yeddi aylıq oğlunu istir dansın, batırsın və atasından qalan dövləti istir onun bacısına yedirsin. Lakin bu işi Allah götürməz. Uşaq bu saatda hali-həyatdadır. Bunu necə danmaq olar? Mən uşağın vəkiliyəm. Otuz tümən nəzr eləmişəm ki, hər kəs bu tiflin barəsində şəhadət etsə, onun qabağına sanıyam. Sizə çox gümanım gəlirdi. Belə bilirdim ki, uşağı görübsünüz, pulları sayıb hazır qoymuşdum. Amma çifayda, siz deyirsiniz uşaq yadınıza gəlmir; amma olur ki, görsəniz yadınıza düşər. Ağa Kərim, evdən o tifli anası Hacı Qafurun arvadından al, bir bura gətir.(Ağa Kərim gedir, cəld o biri otaqdan yeddi aylıq qundağı gətirir). Uşaqlarım, bir dürüst fikrinizə gətirin, olmaz ki, siz bu uşağı görməmiş olasınız! Allaha mürvətdir ki, bu yetimin atasının pulunu özgəsi yesin, bu yetim həsrətilə qapılarda qalsın? Amma olur ki, siz tələsikdə buna mültəfit olmamış olasınız, çünki o vaxt bir elə vaxt idi ki, adam öz başını da unudurdu. Ağa Kərim, bu uşağın nəzirini taxçadan al, bura gətir. (Ağa Kərim tez taxçadan dörd kağıza bükülmüş pulları gətirir. Ağa Mərdanın qabağına qoyur). Mənim əzizlərim, Allah-təalanın əcrindən başqa ki, bişəkk sizə yetişəcək idi, bu yetim bu kağızların hər birisinin içində sizə otuz tümən nəzr edibdir. Bu, o məlul Ağa Səlman kimi deyil ki, həmin nahaq işə təklif edə və həmi xissətdən heç bir zad vermiyə.

 

Sərbazlardan birisi yoldaşlarından birisinə üzün çevirib.

 

 

B ə d ə l.  Qəhrəman, mənim belə yadıma gəlir ki, biz Hacı Qafurun yanında olduğumuz saatda bir uşaq səsi gəldi.

Q ə h r ə m a n.  İndi mənim də fikrimə düşür ki, bucaqda bir arvad oturmuşdu, qucağında bir qundaq var idi.

Q ə f f a r   (sərbazlardan üçüncüsü). A kişi, deyəsən mənim də xatirimə gəlir ki, Hacı Qafur dedi ki, o mənim arvadımdır, o uşaq da mənimdir. Bir aydır anadan olubdur.

N ə z ə r  (sərbazlardan dördüncüsü). A kişi, necə bu iş bizim yadımızdan çıxıbdır. Doğrudan, o vaxt adam öz başını da unudarmış. Ay uşaqlar, Hacı Qafurzə demədimi ki, mənim evimdən, o arvadımdan və bu tifil uşağımdan muğayat olun? Şəhər xalqı yığılanadək oğru və əyri bulara əziyyət verməsin? (Əvvəlinci sərbaz Bədəl və o biriləri bir yerdə). Bəli, arvadını və oğul-uşağını doğrudan bizə tapşırdı.

A ğ a   M ə r d a n.  Allah sizdən razı olsun, oğlanlarım! Mənim də gümanım bu idi ki, bu işi sizin laməhala xatirinizdə olacaqdır. Alın bu yetimin nəzrini özünüzə xarclıq edin! İnşallah, mürafiə tamam olandan sonra genə sizin hər birinizə on tümən yetişəcəkdir! Doğruluq heç vaxtda itməz, oğullarım! Belə ki, mənə söylədiniz, məhkəmeyi-mürafiə dəxi bu qərar ilə şəhadət edin. Pulları götürün.

S ə r b a z l a r d a n   b i r i.  Ağa, axır biz Ağa Səlmana söz vermişik ki, onun tərəfinə şəhadət edək. İndi ona deyəkmi ki, biz ona şəhadət ola bilmənik?

A ğ a   M ə r d a n.  Xeyr, heç ona demək lazım deyil! O elə bilsin ki, siz ona şahidsiniz. Sizi aparsın məhkəməyə, orada necə ki indi söylədiniz, bu qərar ilə şəhadət edin. Ağa Səlmanın sizdə bir haqqı yox, bir tələbi yox. Desə ki, niyə belə şəhadət edirsiniz, deyin ki, biz belə bilərik. Götürün pulları çilov gəlibdir, gedin o biri otağa, çaştınızı yeyin, gedin. Amma sizdən bircə təvəqqəm var ki, gərək mən sizi bura çağırdığımı bir kimsənə bilməyə. Bu sirri saxlamaq üçün məhz rizaənlillah mən sizin hər birinizə özümdən bir Buxara börkü vədə edirəm.

S ə r b a z l a r.  Ağa, bu xüsusda xatircəm ol!

 

Pulları götürürlər.

 

 

A ğ a   M ə r d a n.  Ağa Kərim, uşaqları o biri otağa apar, çilov yesinlər, yola sal getsinlər.

 

Ağa Kərim sərbazları götürüb o biri otağa aparır.

 

 

A ğ a   M ə r d a n  (yalqız). Hələ buratan yaxşı gəlir. İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. (Durub gedir).

 

P ə r d ə   s a l ı n ı r

 

  

ÜÇÜNCÜ   MƏCLİS

 

Üçüncü məclis vaqe olur məhkəmeyi-mürafiədə. Sədrdə əyləşibdir hakimi-şər, onun sağ tərəfində Ağa Rəhim və Ağa Cabbar, sol tərəfində Ağa Bəşir və Ağa Səttar ki, daima məhkəmeyi-mürafiədə haşiyənişindirlər və başqa səmtdə oturubdur Ağa Mərdan – Hacı Qafurun arvadının vəkili.

 

A ğ a  B ə ş i r  (hakimi-şərə rücu edib). Ağa, maşallah sizin zehninizə və fərasətinizə! Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? O özü ərinin cibindən üç tümən çıxarıb sonra ərini döyüb, yalandan üzünü qanadıb, başının tükün yolub, ərindən şikayətə gəlmiş imiş.

H a k i m i – ş ə r.  Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtançı gəlir? Bunun şikayətini dürüst təhqiq etmək gərək?

A ğ a  B ə ş i r.  Axır mən də onu əra edirəm ki, maşallah sizin fərasətinizə! Vallah, sizin nəzəriniz kimyadır. Əhli-məclisdən heç kim o zəifənin haqqında gümani-bəd aparmadı. Amma siz bir dəfə nəzər salmaqla buyurdunuz ki, mən o zəifənin əməlində şübhəliyəm. Vaqiən, elə belə imiş.

H a k i m i – ş ə r.  Mükərrər, mən belə işlərdə müvafqi-vaqe hökm etmişəm.

A ğ a  B ə ş i r.  Doğru demişlər ki, “ərbabüddüvəli mülhəmunə”, bu növ bəsirət əgər ilham deyil, bəs nədir?

A ğ a   R ə h i m.  Ağa Bəşir, nə çox təəccüb edirsən? Cənabi-əqdəsi-ilahinin ki, bir bəndəsinə lütfi-xassı ola, onu fəzilətdə bərgüzidə və səramədi-əhli-zəmanə edər. Ağaya, cənabi-əqdəsi-lütfi-xassı var iş bilməklə. Sən adın ilham qoy, mən deyirəm bu Allahın lütfi-xassıdır.

A ğ a   C a b b a r.  Bəli, ixtiyarın var, hər birisini demək caizdir. Belədirmi, Ağa Mərdan?

A ğ a   M ə r d a n.  Əlbəttə, əlbəttə!

A ğ a   R ə h i m.  Ağa Mərdan, Hacı Qafurun uşağı necədir?

A ğ a   M ə r d a n.  Allaha şükür, indi hər adamı tanıyır, çağıranda gəlir.

A ğ a   C a b b a r.  Gərək indi onun yeddi ayı tamam ola?

A ğ a   M ə r d a n.  Bəli.

H a k i m i – ş ə r.  Necə, Hacı Qafurdan uşaq qalıbdır? Bəs mən eşitmişəm ki, onun heç övladı qalmayıbdır?

A ğ a  B ə ş i r.  Xeyr, ağa, sizə yalan ərz edibdirlər. Bir balaca tifil qalıbdır, ay parçası kimi! Dünən biz namazdan qayıdanda qapı ağzında Ağa Mərdanın qucağında gördük; guya ki, Hacı Qafur ilə bir almadır ikiyə bölünübdür.

A ğ a   S ə t t a r.  Ağa, Hacı Qafurun gözü, qaşı ki, sizin xatirinizdədir.

H a k i m i – ş ə r.  Bəli, Hacı Qafur ki çoxdan ölmüyübdür.

A ğ a   S ə t t a r.  Bu uşağın da göz-qaşını müayinə edəsən, Hacı Qafurun göz-qaşıdır.

H a k i m i – ş ə r.  Mən belə bilmirdim. Xub, Ağa Mərdan, çünki Hacı Qafurdan oğlan qalıbdır, dəxi nə mürafiə lazımdır? Aşkardır ki, Hacı Qafurun malı gərək ona yetişə, başqa əqrəbasına bu surətdə yol yoxdur.

A ğ a   M ə r d a n  (qayət fürutənliklə).  Ağa, keyfiyyəti əgər mən qulluğunuza ərz eləsəm, qərəz görünür. Ağa Bəşir ərz eləsin ki, bu necə işdir.

A ğ a  B ə ş i r.  Ağa, keyfiyyəti mən qulluğunuza ərz edim. Hacı Qafurun bir bacısı qalıb Səkinə xanım adlı və əhli-zələmədən bir cahıl oğlan sevibdir, Əziz bəy adlı ki, ondan ötrü biixtiyardır. İstər ona getsin. Oğlan yaxın durmur ki, malsız, pulsuz səni mən nə eyləyəcəyəm. İndi qız çalışır ki, bəlkə Hacı Qafurun malına varis ola, bu səbəbə oğlan onu ala. Bibisi istədi ki, onu Ağa Həsən tacirə verə ki, mütəşəxxis və dövlətli adamdır, getmədi. İndi özünə vəkil tutub və şahid hazır edib ki, guya Hacı Qafurdan övladı qalmayıbdır və gərək ondan qalan altmış min tümən mənə yetişə. Arvad taifəsi naqisül-əql belə xəyal edir ki, bi hiylə və tədbir ilə Hacı Qafurun dövlətinə sahib ola bilər. Amma xeyr, bica fikirdir, nahaq yerə özünü zəhmətə salır.

H a k i m i – ş ə r.  Xub, bu iş çox çəlpəşik və uzun çəkəsi iş deyil. İki saatın içində bu işi qət eləmək olar. Hər iki tərəfdən iddiaları xüsusunda şahid və isbat lazımdır.

A ğ a   M ə r d a n.  Bəli, ağa, bu saatda şahidlər hazır olar.

A ğ a   S ə t t a r  (hakimi-şərə). Ağa, dünən ki qulluğunuza iki yetim uşaq gətirdilər ki, bisahibdirlər; buyurdunuz ki, bir dindar Allah bəndəsi taparıq, buları tapşırrıq. Mən belə səlah görürəm ki, oları Ağa Mərdana tapşırasınız. Öz övladı kimi mütəvvəcceh olar; çünki həmişə həsənata talib adamdır.

H a k i m i – ş ə r.  Çox yaxşı, Ağa Mərdan, qəbul edirsinizmi?

A ğ a   M ə r d a n.  Baş ilə, can ilə, ağa! Övladım kimi mütəvvəcceh olaram!

H a k i m i – ş ə r.  Pərvərdigari-aləm sənə əcri-xeyir versin!

 

Bu halda qapı açılır, içəri girir Ağa Səlman, yanında dörd nəfər sərbaz və Əziz bəy və onlardan sonra daxil olur Ağa Abbas, Hacı Qafur arvadı Zeynəb xanım və dörd nəfər şahid. Zeynəb xanım bir tərəfdə çadirşəbə bürünüb oturur, Ağa Səlman, Əziz bəy, Ağa Abbas da bir tərəfdə dururlar.

 

H a k i m i – ş ə r.  Ağa Səlman, deyirlər Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı?

A ğ a  S ə l m a n.  Ağa, mənim şahidlərim var ki, Hacı Qafur öləndə iqrar edibdir ki, mənim bacım Səkinə xanımdan başqa bir varisim yoxdur.

H a k i m i – ş ə r.  Şahidlər ədayi-şəhadət etsinlər.

A ğ a  S ə l m a n  (sərbazlara mütəbbəcceh olub). Şəhadətinizi edin!

S ə r b a z i - ə v v ə l.  Ağa, mən yoldaşlarım ilə Hacı Qafur öləndən bir gün irəli onu yoluxmağa gəldik və soruşduq ki, oğuldan, uşaqdan nəyin var? Dedi ki, bir bacım Səkinə xanımdan başqa bir kəsim dünyada yoxdur.

H a k i m i – ş ə r.  De ki, əşhədü-billah belə eşitdim!

S ə r b a z.  Əşhədü-billah belə eşitdim.

 

Ağa Mərdanın rəngi qaçır və təəccüb edir. Habelə Ağa Səlmanın.

 

H a k i m i – ş ə r  (o biri sərbazlara mütəvvəcceh olur).  Siz necə eşitdiniz, bir-bir deyin!

İ k i n c i   s ə r b a z.   Əşhədü-billah, mən də belə eşitdim.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info