Qonaq Kitabı
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ

A ğ a  H ə s ə n.  Xanım, nə təqsir məndən sadir olubdur ki, məni özündən uzaq edirsən?

S ə k i n ə   x a n ı m.  Qardaş, heç bir təqsir sadir olmuyubdur. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm! Mən səni sevmirəm! Könülə ki, güc yoxdur?

A ğ a  H ə s ə n.  Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma.

S ə k i n ə   x a n ı m.  Bilirəm nə deyirsən, hər nə bilirsən elə, əlindən gələni əsirgəmə! Əsirgəsən, namərdsən!

A ğ a  H ə s ə n.  Sonra peşman olarsan. Bir fikir elə ki nə sözlər mənə buyurursan...

S ə k i n ə   x a n ı m.  Fikir yeri deyil. Get, bildiyini elə! Eləməsən səndən əskik adam yoxdur.

A ğ a  H ə s ə n  (darılıb). Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin, ölənədək dadı damağından getməsin! (Ayağa durur.)

S ə k i n ə   x a n ı m.  Get, get! Səndən qorxan səndən əskikdir! Əlindən gələni beş qaba çək!

 

Ağa Həsən gedir. Səkinə xanım və Əziz bəy.

 

S ə k i n ə   x a n ı m.  Di, indi bir fikir elə, kimi vəkil edək? Bir düşmən də özümüzə artırdıq.

Ə z i z   b ə y.  Belə düşmənlərdən yüzü olsun. Yüz qarğaya bir sapan daşı! Bu saatda gedərəm, şahzadəyə bu əhvalatı müfəssələn bildirrəm. Özü də bu işə tədbir eləsin.

S ə k i n ə   x a n ı m.  Şəhzadə ki, mürafiəyə mane olmaz; genə gərək bir vəkil ola.

Ə z i z   b ə y.  Şəhzadə mürafiəyə mane olmaz, amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. Gərək bu işi şəhzadəyə bildirəm. Mənim atam yanında çox qulluq edibdir. Mənim xatirəmi istiyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin və atamın tiyul kəndlərin də mənə vagüzar etsin.

S ə k i n ə   x a n ı m.  Səlah budur ki, əvvəl bir vəkil tutaq, sonra bu əhvalatı şəhzadəyə məlum edəsən ki, o da haqqa kömək eləsin.

Ə z i z   b ə y.  Çox yaxşı. Vəkil kimi tutaq?

 

Bu halda Gülsəba içəri girir.

 

G ü l s ə b a.  Qapıda bir kişi durubdur; deyir ki, mən gərək Səkinə xanım ilə danışam. Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola, çox vacib əmr var.

S ə k i n ə   x a n ı m.  Əcəb oldu, Əziz bəy də burdadır. Get, çağır gəlsin, görək nə deyir.

 

Gülsəba gedir.

 

Ə z i z   b ə y.  Hər gələn məni gərək sənin yanında görə?

S ə k i n ə   x a n ı m.  Nə bilirlər ki, sən kimsən? Elə güman edərlər ki, sən mənim ən yaxın qohumumsan.

 

Ağa Kərim içəri girir, Səkinə xanım çadirşəbə bürünür.

 

A ğ a K ə r i m.  Səlam-əleyküm!

Ə z i z   b ə y.  Əleykəssəlam. Xoş gəlibsən. Buyur əyləş.

 

Ağa Kərim bir tərəfdə oturub Əziz bəyə mütəvəcceh olur.

 

A ğ a K ə r i m.  Məxdum, ismi-şərifinizi buyurun.

Ə z i z   b ə y.  Mənim adım Əziz bəydir.

A ğ a K ə r i m.  Mübarək addır. Əziz bəy, mən sizinlə göftgu edim, Səkinə xanım da eşitsin.

Ə z i z   b ə y.  Buyur, Səkinə xanımın özü ilə də göftgu edə bilərsən. Onu özgə qızlar ayağına aparma. Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil.

A ğ a K ə r i m.  Vallah, çox yaxşı eləyir. Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyirlər. Mən mərhum Hacı Qafur ilə çox dost idim. İndi bu saatda bir işdən ötrü Ağa Mərdan halvaçı oğlunun yanında idim. Birdən tacir Ağa Həsən içəri girdi, səlam verib dedi ki, Ağa Mərdan, eşitmişəm Hacı Qafurun arvadı Zeynəbin vəkilisən. Mənim bu işdə sənə çox köməyim dəyəcək. İstirəm səninlə xəlvət danışam. Mən gördüm ki, olar danışacaqlar, çölə çıxdım və bildim ki, oların tədbiri Səkinə xanımın ədavəti üçündür. Çün Hacı Qafur ilə duz-çörək yemişdim, o xatirə gəldim ki, bu işdən Səkinə xanımı xəbərdar edim.

S ə k i n ə   x a n ı m.  Çox-çox razıyam. Ağa Kərim ki, aşnalığı unutmuyub, öz dostunun bacısını belə vaxtlarda yad edirsən!

A ğ a K ə r i m.  Əlbəttə, xanım, dostluq belə vaxtlarda lazımdır. Çünki Ağa Mərdan yerin, göyün haramzadasıdır. Mən özümə vacib bildim ki, piş əz vəqt sizi onun hiyləkarlığından xəbərdar edim. Yoxsa iş işdən keçər, sonra çarə tapılmaz.

S ə k i n ə   x a n ı m.  Ağa Mərdan mənə nə eyləyəcək, Ağa Kərim?

A ğ a K ə r i m.  Nə eyləyəcək? Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o çox mahirdir. Onunla bacarmaq çox müşküldür.

S ə k i n ə   x a n ı m.  Mürafiəyə durub mənə nə eləyəcək? Qardaşımın övladı yoxdur ki, puluna varis ola; arvadı da ki, ona varis ola bilməz; çünki mütədir, belə işdə Ağa Mərdan və ya başqa düşmən mənə nə zərər yetirə biləcək?

A ğ a K ə r i m.  Xanım, sizin təcrübəniz belə işlərdə azdır. Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək.

S ə k i n ə   x a n ı m.  Necə edək ki, qəflət olmasın?

A ğ a K ə r i m.  Məsələn, vəkillərinizi mənə tanıdın ki, kimdir. Mən onu Ağa Mərdanın bir para hiyləsindən başa sallam. İşdə huşyar olar, qəflət eləməz.

S ə k i n ə   x a n ı m.  Bizim hələ heç vəkilimiz məlum deyil.

A ğ a K ə r i m.  Necə məlum deyil? Bəs bu işdə vəkil tutmuyubsunuz?

S ə k i n ə   x a n ı m.  Xeyr, bilmirik kimi vəkil tutaq. Elə özümüz də bu fikirdəyik.

Ə z i z   b ə y.  Doğrudan, Ağa Kərim, heç bir adam bilirsənmi ki, bizə tanıdasan, onu bu işdə vəkil tutaq?

A ğ a K ə r i m.  Xeyr, xatirimə bir belə adam gəlmir ki, Ağa Mərdana hərif ola. Bəs mən elə bilirdim ki, sizin vəkiliniz hazırdır.

Ə z i z   b ə y.  Xeyr, hazır deyil, axtarırdıq ki, bir kamil adam tapaq, vəkil edək. Bir fikir elə gör xatirinə bir adam düşürmü?

A ğ a K ə r i m.  Vallah, heç bir kamil adam fikrimə gəlmir. Adam çoxdur, amma Ağa Mərdana hərif ola bilməz. Ba! Bir adam fikrimə düşdü, əgər razı ola; çünki vəkil olmaqdan neçə zamandır əl çəkibdir. Ancaq məgər Ağa Mərdana o hərif ola bilər?!

S ə k i n ə   x a n ı m.  O kimdir?

A ğ a K ə r i m.  Ağa Səlman ələkçi oğlu. Əgər razı olsa, onu vəkil edin.

S ə k i n ə   x a n ı m.  Onunla kim görüşsün, danışsın?

A ğ a K ə r i m.  Başqa adam lazım deyil, xanım. Onu çağırdın bura, özünüz danışın. Olur ki, sizin nəfəsinizin təsirindən razı ola. Ünas tayfasının nəfəsində başqa təsir olur.

S ə k i n ə   x a n ı m.  Bəs olmazmı onu bura göndərəsən, Ağa Kərim?

A ğ a K ə r i m.  Xeyr, xanım, ayrı adam göndər. Mən bir cüzi işdən ötrü onunla küsülüyəm.

S ə k i n ə   x a n ı m.  Bəs ona sən necə bir para zad təlim edərsən?

A ğ a K ə r i m.  Özgə vəkil olsaydı, mənim təlimim lazım idi. Amma Ağa Səlmana mənim təlimim lazım deyil. O özü şeytana papuş tikər. Mən əgərçi ondan narazıyam, amma hünərini danmaq olmaz. Təki sizin işiniz əmələ gəlsin.

Ə z i z   b ə y.  Mənim özüm bu saatda gedərəm, onu çağırram.

S ə k i n ə   x a n ı m.  Çox yaxşı, bəs get.

 

Əziz bəy və Ağa Kərim ayağa durub getmək istirlər.

 

A ğ a K ə r i m.  Xudahafiz, xanım!

S ə k i n ə   x a n ı m.  Xoş gəldin, Ağa Kərim. Mən sənin bu yaxşılığını heç vaxt unutmayacağam!

 

Əziz bəy və Ağa Kərim gedirlər.

 

S ə k i n ə   x a n ı m.  Gülsəba, yerə bir döşək sal, dalısına bir püşti qoy!

 

Gülsəba tez döşəyi salır, püştini qoyur. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy və Ağa Səlman içəri girirlər. Yuxarıda Səkinə xanım oturub, Gülsəba böyründə ayaq üstə durubdur.

 

A ğ a   S ə l m a n.  Səlam-əleyk!

S ə k i n ə   x a n ı m.  Əleykəssəlam. Ağa Səlman, xoş gəldin, səfa gətirdin, buyur əyləş!

 

İşarə edir, döşək üstə Ağa Səlman oturur, ondan aşağıda Əziz bəy əyləşir.

 

S ə k i n ə   x a n ı m  (nazik səs ilə).  Ağa Səlman, mən Hacı Qafurun bacısıyam. Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən.

A ğ a   S ə l m a n.  Xanım, buyur görüm mətləbin nədir.

S ə k i n ə   x a n ı m.  Ağa Səlman, özünüzə məlumdur ki, altı-yeddi ay bundan irəli Təbrizə vəba düşmək səbəbilə tamam xalq qaçıb dağılmışdı. Qardaşım Hacı Qafur bir təvəkküllü adam idi. Dedi ki, mən heç tərəfə gedən deyiləm. Amma bərayi-ehtiyat tamam pulunu ki, altmış min tümən idi, sandıqlar içində aparıb çahid və sübut ilə hakimi-şərə tapşırdı ki, əgər əhyana mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri-varisim qalsa, ona rədd elə. Hakimi-şər haman məbləği götürüb, sair xalq kimi, o da şəhərdən çıxıb başqa yerə getdi. Bizim qonşularımız da tamam uzaqlaşdılar. Bizim evdə qaldı bir qardaşım, bir onun mütəsi və bir də mən. İttifaqən qardaşım naxoş oldu, bir kimsə yox idi, məgər şəhərdə divan tərəfindən bir dəstə sərbaz qoymuşdular ki, hər evi yoxlasınlar, ölənləri qəbristana nəql etsinlər. O gün sərbazlardan dördü bizim evə gəldi. Qardaşım olara dedi ki, mən ölürəm, mənim bir bacımdam başqa dünyada bir varisim qalmır. Mən öləndən sonra, məni qəbristana nəql edin. Qardaşım Allahın rəhmətinə getdi. İndi qardaşımın arvadı ki, mütədir və ona heç bir irs yetişməz, istəyir ki, mənim qardaşıma varis ola, mənim ilə mürafiəyə dura. Ağa Mərdan halvaçı oğlu ona vəkil olubdur. Təvəqqə edirəm ki, zəhmət qəbul edib bu işdə də mənə vəkil olasan.

A ğ a   S ə l m a n.  Səkinə xanım, mən vəkil olmaqdan əl çəkmişəm. Dəxi bir kimsənəyə vəkil olmuram.

S ə k i n ə   x a n ı m.  Ağa Səlman, bu iş çox tez qurtarası işdir. Az müddətdə mürafiəsi tamam olur. Əgər qardaşımın dilindən şahid lazım olsa, o sərbazları şahid göstərə bilərsən. Təvəqqə edirəm ki, mənim xatirim üçün bu işi boynundan tullamıyasan.

A ğ a   S ə l m a n.  O sərbazların adı və məkanı sizə məlumdurmu?

S ə k i n ə   x a n ı m.  Bəli, Əziz bəy kağızda oların adlarını və yerlərini yazıb sənə təslim edər.

A ğ a   S ə l m a n.  İndi ki təvəqqə edirsən, qəbul edərəm. Ümidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil.

S ə k i n ə   x a n ı m.  Xeyr, İnşallah bir gündə qurtaracaqdır. Ağa Səlman, həmin bu bir gün zəhmətin üçün sənə beş yüz tümən həqqülnəfəs vəz edirəm.

A ğ a   S ə l m a n.  Onsuz da olar. Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. Tamah ucundan deyil.

S ə k i n ə   x a n ı m.  Bilirəm, Ağa Səlman, bu məbləği mən ancaq sənin uşaqlarına cib xərci verirəm.

A ğ a   S ə l m a n.  Xanım, indi məni mürəxxəs buyur, gedim sərbazları görüm. Əhvalat xəbər aldım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər və siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin.

S ə k i n ə   x a n ı m.  Çox yaxşı, hazır edib göndərrəm. Amma, Ağa Səlman, deyirlər ki, Ağa Mərdan çox mühil adamdır. Onun hiyləsindən qafil olmayasan.

 

A ğ a   S ə l m a n.  Xatircəm ol, onun hiyləsi mənə kar eləməz. Əziz bəy, o sərbazların adlarını və yerlərini yaz, mənə göndər.

Ə z i z   b ə y.  Çox yaxşı, bir saatdan sonra yetişər.

 

Ağa Səlman durub gedir. Əziz bəy və Səkinə xanım.

 

Ə z i z  b ə y.  Mən də durub gedim, əhvalatı şəhzadəyə bildirim.

S ə k i n ə   x a n ı m.  Otur, sərbazların adların, yerlərin kağıza yaz, Ağa Səlmana göndər, sonra get.

 

Əziz bəy oturur yazmağa.

 

P ə r d ə   s a l ı n ı r

 

 

 İKİNCİ   MƏCLİS

 

İkinci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində.

 

 

A ğ a   M ə r d a n  (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyləyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pulla çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdülillah ki, mənim bu xüsusda qüsurum yoxdur.

 

Bu halda qapı açılır. Ağa Kərim içəri girir.

 

 A ğ a K ə r i m  (bəşaşət ilə). Səlam-əleyk! İşləri bitirdim, muştuluğumu ver!

A ğ a   M ə r d a n  (təbəssüm ilə). Yəqin?



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info