Qonaq Kitabı
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ

 

(Ş ə h r i – T ə b r i z d ə)

 

Təfsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir

 

 

ƏFRADİ-ƏHLİ-MƏCALİS

 

 

Səkinə xanım – mərhum Hacı Qafurun bacısı, on səkkiz yaşında, qız.

Gülsəba – onun qaravaşı.

Əziz bəy – onun sevgilisi və adaxlısı.

Zeynəb – Hacı Qafurun mütə siğəsilə olan arvadı.

Yeddi aylıq tifil – onun oğlu.

Ağa Abbas – onun qardaşı.

Zübeydə - Səkinə xanımın bibisi

Ağa Həsən – tacir.

Ağa Mərdan – vəkil-mürafiə, halvaçı oğlu.

Ağa Səlman – vəkil-mürafiə, ələkçi oğlu.

Ağa Kərim – miyançı, dəllalbaşı.

Dörd nəfər sərbaz – Bədəl və Qəhrəman və Qəffar və Nəzər adlı.

Hacı Rəcəbli – darüğeyi-bazari-Təbriz, dörd nəfər əmələsi ilə Həpo və Şeyda Qurbanəli və Hənifə adlı.

Hakimi-şər

Haşiyənişinani-məhkəmeyi-mürafiə - Ağa Rəhim və ağa Cabbar və ağa Bəşir və ağa Səttar adlı.

Şəhzadənin fərraşı – Nəsir.

Hakimi-şərin nökəri – Əsəd.

Şəhzadənin fərraşbaşısı.

 

 

 ƏVVƏLİNCİ  MƏCLİS

 

Əvvəlinci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində Hacı Qafurun imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbanı çağırır.

 

S ə k i n ə   x a n ı m.  Gülsəba, Gülsəba, huy!

G ü l s ə b a  (daxil olur). Nə buyurursan, xanım?

S ə k i n ə   x a n ı m.  Gülsəba, heç bilirsən ki, mənim bu buhəya qardaşım arvadı başıma nə iş gətiribdir?

G ü l s ə b a.  Xeyr, xanım, bilmirəm.

S ə k i n ə   x a n ı m.  Hakimi-şərə adam göndərib bildiribdir ki, qardaşımdan qalan pulları mənə verməsin ki, mənim ilə onun davası var; o pul gərək ona yetişə. Gülsəba, belə iş olurmu? Vallah, mən bilmirəm ki, tarı yanında nə günahın sahibiyəm ki, həmişə bir səbəb düşər, mənim bəxtim bağlanar.

G ü l s ə b a.  Xanım, nə cəhətə belə güman edirsən?

S ə k i n ə   x a n ı m.  Gülsəba, özün bilirsən ki, mən Əziz bəydən ötrü biixtiyaram. Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin; vermədi ki, əhli-zələmə oğludur. İndi ki qardaşım ölüb, ixtiyarım düşüb öz əlimə; istərdim ki, qardaşımdan qalan pulu alıb, tədarükümü görüb arzuma çatam. Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb, pulun yetişməyini təxirə saldı. Gərək indi dava çəkməyə məşğul olam.

G ü l s ə b a.  Xanım, qardaşın arvadının məgər irsdə payı var?

S ə k i n ə   x a n ı m.  Xeyr, heç payı yoxdur. O qardaşıma kəbinli arvad deyildi ki, irs apara. Övladı yoxdur ki, irsə şərik ola. Heç bilmirəm ki, nə səbəbə mənə müddəi çıxıbdır?

G ü l s ə b a.  Xanım, İnşallah, bir iş bacara bilməz. Mənə bir nəzir elə, dua edim, Allah tez sənin bu işinə feysəl versin, arzuna yetirsin.

S ə k i n ə   x a n ı m.  Nə nəzir edim?

G ü l s ə b a.  Nəzir elə ki, işin tamam olub pul yetişsə, mənim də toy xərcimi çəkib ərə verəsən.

S ə k i n ə   x a n ı m.  Çox yaxşı, dua elə, davamız tez qurtarsın, səni də ərə verrəm. İndi dur, get Əziz bəyi çağır, görüm bu işə nə bina qoyur. Hakimi-şər adam göndərib mənə xəbər ediblər ki, vəkil tutub mürafiəyə göndərim. İndi Əziz bəydən başqa mənim bir adamım yoxdur. Biz Təbrizdə qəribik, əgərçi bir bibim var; amma arvad tayfasının əlindən nə iş gələcək?

 

Gülsəba tez çölə çıxıb geri qayıdır.

 

G ü l s ə b a.  Əziz bəy özü gəlir.

 

Səkinə xanım pəncərəni salır, bu halda Əziz bəy içəri girir.

 

Ə z i z   b ə y  (tünd). Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin!

S ə k i n ə   x a n ı m  (təəccüblə). Əziz bəy, məgər nə vaqe olubdur acıqlanmısan?

Ə z i z   b ə y. Səkinə xanım, sən bilirsən ki, mən iki ildir məktəbdən çıxıb, sənin dərdi-eşqinə giriftar olub Təbrizdən ayaq bir yana qoya bilməmişəm! Nə qədər ki, sənin qardaşın mənə sitəm edib məni səndən uzaq eləməyə çalışırdı, o qədər mənim məhəbbətim artıb, onun cövr və cəfasına səbr edib dayanmışam; bu ümidlə ki, sənin vüsalın mənə müyəssər olacaq. İndi ki, vüslət zamanı yaxınlaşıb, arzuma çatmaq ümidilə xəyalımı xoş edib aram tutmuşam, istəyirlər ki, genə məni bədbəxt etsinlər.

S ə k i n ə   x a n ı m.  Nə danışırsan? Vazeh danış görüm mətləbin nədi? Anlamıram nə deyirsən?

Ə z i z   b ə y.  Necə anlamırsan? Məgər sənin xəbərin yoxdur? Dünən Ağa Həsən tacir, məlikütüccərın və kətxudanın və Molla Bağırın arvadını bibin yanına elçi göndərib səni xastkarlıq edibdir və bibin də söz veribdir ki, səni ona versin.

S ə k i n ə   x a n ı m.  Bibim boş söyləyibdir. Kimdir onun sözünə baxan?!

Ə z i z   b ə y.  Xüyr, bu sözlər ilə mən sakit olmanam. Ya gərək bu saatda bibini çağırdıb mənim qulağım eşidə-eşidə deyəsən ki, sən Ağa Həsənə getməyəcəksən, yainki gərək bu gün mən Ağa Həsəni öldürəm! Nə karədir ki, bir arşınölçən mənim adaxlıma göz tikə! Vallah, bu saat gedib bu xəncər ilə onun bağırsaqlarını ayağına dolaram!

S ə k i n ə   x a n ı m.  Çox yaxşı, mən bu saatda bibimi çağırdıb deyərəm ki, mən Ağa Həsənə gedən deyiləm. Bibim gələndə sən gir o biri otağa, öz qulağınla eşit. Gülsəba!

G ü l s ə b a.  Bəli!

S ə k i n ə   x a n ı m.  Gülsəba, get bibimi bura çağır! (Gülsəba gedir). Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq?

Ə z i z   b ə y.  Nə işdən ötrü?

S ə k i n ə   x a n ı m.  Necə işdən ötrü? Axır eşidibsən ki, qardaşım arvadı qardaşımdan qalan irsə müddəi çıxıb, məni mürafiəyə çağırır.

Ə z i z   b ə y.  Bəli, eşitmişəm! İndi ağlım başımda yoxdur, bibin gəlsin getsin, sonra mən vəkil taparam.

 

Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o biri otağa. Səkinə xanımın bibisi Zübeydə içəri daxil olur.

 

S ə k i n ə   x a n ı m.  Səlam-əleyk, bibi!

Z ü b e y d ə.  Əleykəssəlam, Səkinə! Nə qayırırsan, əhvalın yaxşıdırmı?

S ə k i n ə   x a n ı m.  Yaxşı deyil, bibi! Sənə mən nə zaman izin vermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm.

Z ü b e y d ə.  Utan, utan! Qız uşağına yaraşmaz ki, böyüyünün yanında belə danışa! Sənin nə vecinə? Sənə ər lazımdır, hər kəsə verirlər, ona gedərsən!

S ə k i n ə   x a n ı m.  Xeyr, danışacağam! Dəxi mən ixtiyarımı əldən verən deyiləm. Məni heç kəsə vermək olmaz.

Z ü b e y d ə.  Bəs, balam, ərə getməyəcəksən?

S ə k i n ə   x a n ı m.  Yox.

Z ü b e y d ə.  (təəccüb ilə). Çox sənin kimiləri yox dryibdir, amma genə gedibdir.

S ə k i n ə   x a n ı m.  Mən zarafat eləmirəm, bibi! Vallah, mən Ağa Həsənə gedən deyiləm! Bu niyyətlərdən düş!

Z ü b e y d ə.  Olmaz, əzizim qardaşım qızı! Təbrizin mötəbər adamlarını bizə düşmən elərsən.

S ə k i n ə   x a n ı m.  Cəhənnəmə düşmən olsunlar! Ağa Həsəndən mənim zəhıəm gedir!

Z ü b e y d ə.  Niyə?

S ə k i n ə   x a n ı m.  Nadürüst adamdır!

Z ü b e y d ə.  Nadürüst adamdır özgələrinə. Bizə görə yaxşıdır. Ticarətdə səriştəsi var, dövləti var. Pul qazanmaqda zirəkdir. Təbrizin tamam mötəbərləri ilə aşna və dost və qohumdur. Dəxi bundan artıq əri hardan tapacaqsan?

S ə k i n ə   x a n ı m.  Ağa Həsən istir məni başdan ayağadək cəvahirə də tuta, mən ona gedən deyiləm. Get ona bildir ki, bu niyyətdən düşsün!

Z ü b e y d ə.  Bu heç vaxt olan iş deyil! Sən nəkarəsən ki, mənim sözümdən çıxasan! Kişi Təbrizin mütəşəxxis adamlarının mənim yanıma göndərmişdi. Mən uşaq deyiləm. Mənim ağlım qəbul elədi ki, ona getmək sənin məsləhətindir. Ona görə söz verdim. İndi istəyirsən ki, məni Təbriz arvadlarının içində bir pulluq edəsən? Axır mənim də özümə görə adım, abrım var!

S ə k i n ə   x a n ı m.  Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü günlü edim? Qəribə təklif edirsən mənə, bibi! Vallah, istər aləm tufana gedə, mən Ağa Həsənə gedən deyiləm! Mən deyirəm ki, sən ona bildir ki, bu niyyətdən düşsün! Yoxsa Vallah, özüm onu çağırıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm!

Z ü b e y d ə  (ikiəlli üzünü cırıb). Bıy, zamananız çevrilsin, ay qızlar! Üzlərində bir tikə həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axır qızlıq zamanımız var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandır ki, Təbrizdən vəba və taun əskik olmur!

S ə k i n ə   x a n ı m.  Xeyr, vəba və taun haramzadə kişilərin nadürüstlüyündəndir. O nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur! Yoxsa o məni sevdiyindən ki, almaq istəmir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?

Z ü b e y d ə.  Qardaşın sağlığı bəlkə arvad almaq fikrində deyildi. Altmış min tümən nəqlin yaxşı yadıma saldın. Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar?

S ə k i n ə   x a n ı m.  Niyə batır?

Z ü b e y d ə.  Ondan ötrü ki, o da gedər qardaşın arvadına kömək elər. Dostları və qohumları ilə onun işinə çalışar, sənin haqqını itirərlər.

S ə k i n ə   x a n ı m.  Yaxşı imiş. dəxi mən bilmirəm ki, bir mütə necə gəlib mənə irsdə şərik olacaq. Məgər ölkədə haqq və hesab yoxdur?

Z ü b e y d ə.  A balam, xalqın hiyləsindən nə baş açmaq olur? Hacı Rəhim arvadının Hacı Rəhimin dövlətində nə haqqı var idi ki, on iki min tümən pul, bir həmmam onun oğlu Ağa Rzadan alıb o arvada verdilər? Vəkili hiylə ilə bir hibənamə dürüst edib göstərdi ki, Hacı Rəhim sağlığında arvadına on iki min tümən, bir həmmam hibə edibdir. Beş-altı nəfər də bu xüsusda şəhadət elədi. Biçarə Ağa Rzadan çığırda-çığırda o qədər pul aldılar; o arvada verdilər. Amma tamam Təbrizə məlum oldu ki, bu iş məhz hiylədir. Sən məgər Ağa Rzadan zorlusan ki, fəryadı heç bir yerə çatmadı? Təbrizin şeytanfikir vəkillərinin hiyləsindən heç baş çıxarmaq olmurmu?

S ə k i n ə   x a n ı m.  Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! Get, ona bildir ki, qız razı olmur!

Z ü b e y d ə.  Səkinə, nə danışırsan? Mən sənin fikrini bilirəm. Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə tamam ölülərimizin ruhunu özünə qarğadasan. Bizim qanımızı əhli-zələmə qanına qarışdırasan. Belə iş heç bizim ocağımızda görükübdürmü? Mömin və mütəqi tacirin qızı nədir, əhli-zələməyə getdi nədir?!

S ə k i n ə   x a n ı m.  Hamı Allah bəndəsidir. Əziz bəyin dədəsi əhli-zələmə idi; özü ki hələ divan qulluğuna girməyibdir? Nə məlumdur ki, o da əhli-zələmə olacaq?

Z ü b e y d ə.  Nə təfavütü? Nütfəsi ki, əhli-zələmə nütfəsidir.

S ə k i n ə   x a n ı m.  Sənə nə məlumdur ki, mən Əziz bəyə gedəcəyəm? Nə ona gedirəm və nə başqasına; oturacağam evimdə. Sən dur get, mənim sifarişimi Ağa Həsənə yetir!

Z ü b e y d ə.  Sən qız uşağısan, ağlın başında yoxdur, öz xeyrini anlamırsan! Mən ona gedib deyən deyiləm ki, qız razı olmur. Səni vermişəm, gedəcəksən, artıq danışma! (Durur ayağa yola düşür.)

S ə k i n ə   x a n ı m  (suznak). Vay, dədəm vay, bu nə danışır!

 

Zübeydə qapıdan çıxır, uzaqlaşır. Əziz bəy o biri otaqdan içəri girir.

 

Ə z i z   b ə y.  İndi gördün mənim iztirabım yerində idi ya yox? Mən gedirəm.

S ə k i n ə   x a n ı m.  Hara?

Ə z i z   b ə y.  Gedirəm o nadürüst oğlu Ağa Həsəni cəzasına yetirməyə, dəxi məndə tab yoxdur!

S ə k i n ə   x a n ı m.  Nə söyləyirsən? Sən dayan, getmə, əlindən xata çıxar. Mən özüm bu saatda o nadürüst oğlunu çağırıb deyəcəyəm ki, bu xəyaldan düşsün. Gülsəba! (Gülsəba hazır olur). Gülsəba, get Ağa Həsən tacirə xəlvət de ki, səni çox vacib işdən ötrü ünas tayfasından bir şəxs çağırır. Adımı nişan vermə. (Gülsəba gedir). Əziz bəy, Vallah, sən hələ lap uşaqsan! Bir güzgüyə bax, gör gözlərin acıqdan qan çanağına dönübdür. Niyə belə kəmhövsələlik edirsən? Nadürüst oğlu ki, məni güc ilə alıb aparmayacaqdır!

Ə z i z   b ə y.  Hamı sözün doğrudur, amma çifayda ürək aram tutmur.

 

Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o birisi otağa. Səkinə xanım üzün bürüyür, oturur. Gülsəba və Ağa Həsən içəri girirlər.

 

A ğ a  H ə s ə n.  Səlaməleyk!

S ə k i n ə   x a n ı m  (ahəstə). Əleyküməssəlam. Ağa Həsən qardaş, bilirsən ki, mən kiməm?

A ğ a  H ə s ə n.  Xeyr, xanım, bilmirəm.

S ə k i n ə   x a n ı m.  Ağa Həsən, mən Hacı Qafurun bacısı Səkinəyəm.

A ğ a  H ə s ə n  (təəccüb ilə). Bəli, xanım, tanıdım. Fərmayişin buyur! Mən sənin bəndənəm, qulunam!

S ə k i n ə   x a n ı m.  Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan! Sən axirət dünya mənim qardaşım ol. Məndən əl çək! Səni bundan ötrü çağırmışam. Sözüm sənə budur.

A ğ a  H ə s ə n  (heyrətə düşüb). Xanım, niyə məni bəndəliyə qəbul etmirsən? Məndən nə xəta baş veribdir?

S ə k i n ə   x a n ı m.  Heç bir xəta baş verməyibdir. Söz açıq gərək; sən məndən ötrü bibimin yanına elçi göndəribsən, o da əbəs yerə razı olub, söz veribdir. Amma, əzizim, mən deyirəm ki, sənə gedən deyiləm! Bu xəyaldan düş, bundan sonra bu sözləri ağzına alıb danışma.

A ğ a  H ə s ə n.  Xanım, bir səbəbini bildirəydin ki, mən niyə sizin iltifatınıza və mərhəmətinizə layiq olmuram?

S ə k i n ə   x a n ı m.  Səbəbi öz yanımdadır. Ancaq sözüm budur ki, məndən əl çək!



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info